“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında”

 

26 fevral 2026-cı il tarixində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Respublika Uşaq Kitabxanasında Ankara Liseyinin şagirdlərinin iştirakı ilə anım tədbiri keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Anım mərasimi zamanı uşaqlara və yeniyetmələrə hadisələrin mahiyyəti onların yaş xüsusiyyətlərinə uyğun, həssas və diqqətli şəkildə izah olunub.

Tədbirdə çıxış edən uşaq yazarı Gülizar İbrahimova Xocalı soyqırımı haqqında məlumat verərək bu faciənin xalqımızın tarixində və milli yaddaşında tutduğu mühüm yerdən bəhs edib. O, mövzuya həsr etdiyi şeirini səsləndirərək uşaqlara sülhün, mərhəmətin və vətən sevgisinin əhəmiyyətini çatdırıb.

Daha sonra məktəblilər “Mən Xocalıyam” şüarı altında Xocalıya həsr olunmuş şeirlər səsləndiriblər. Şagirdlərin çıxışlarında vətənə bağlılıq, həmrəylik və gələcəyə ümid motivləri xüsusi yer alıb. Tədbirin sonunda hərbi geyimdə çıxış edən şagirdlər “Çəkil torpağından, ey yağı düşmən” mahnısını ifa ediblər.

Tədbirin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətləri gənc nəslə düzgün və yaşa uyğun formada çatdırmaq, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, eyni zamanda uşaqlarda və yeniyetmələrdə vətənpərvərlik, sülhə çağırış və humanist dəyərləri gücləndirmək olub.

Anım tədbiri gənclərin tarixi yaddaşının formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərin daha həssas, məlumatlı və məsuliyyətli vətəndaş kimi yetişdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.