“Çeşmə” yenə çağladı

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bəli, süni intellekt dövrünə qədəm qoysaq da ədəbiyyat yaşamaqda, nəsr və nəzm yazılmaqda, hələ lap ədəbi dərnəklər də fəaliyyət göstərməkdədir.

 

Fevral ayının 28-də "Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan bir yerdə, onun ruhu gəzən məkanda keçirildi. Tədbiri giriş sözü ilə "Çeşmə" Ədəbi Məclisinin sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair- qəzəlxan Lilpar Cəmşidqızı açdı. O, tədbirdə iştirak edən qonaqları  salamladıqdan sonra, Vətənimizin azadlığı uğrunda canından keçən Vətən oğullarının ruhlarını məclis iştirakçıları ilə birlikdə bir dəqiqəlik sükutla yad edildi. Ənənə halını alan belə görüşlər hər ayın sonuncu istirahət günündə keçiriləcəyi nəzərdə tutulub. Tanınmış ədəbiyyat adamlarının bir arada olması poeziyaya olan sevginin bariz nümunəsi olduğunu məclis rəhbəri Lilpar Cəmşidqızı iştirakçıların bir daha nəzərinə çatdırdı.

Ardıcıl olaraq şairlərə bir- bir söz verildi. Öncə Lilpar xanım sözü AYB- nin Xəzər bölməsinin üzvü, tanınmış şair- qəzəlxan Əşrəf Pirşağılıya verdi. Ustad şair tədbir iştirakçılarına uğurlar arzuladı və belə ədəbi məclislərin ədəbiyyatımıza uğurlu töhfələr verəcəyindən danışdı və şeirlərindən, qəzəllərindən bir neçəsini səsləndirdi.

 Sonra söz şair İldırım Əlişoğlu Qəhrəmanova və sonra "Sarı aşıq" Ədəbi Məclisinin sədri Adil Cəfakeşə, daha sonra şair Vahid Çəmənliyə verildi. Beləcə şairlər- Əliyar Mərdiyev, gənc şair Azər Vahid, şair Bəradər Xanaliyev, şair Ziyadxan Budaq, "Qoşma" Ədəbi Məclisinin sədri Qəzənfər Məsimoğluna söz verildi. Onlar da "Çeşmə" Ədəbi Məclisinin əhəmiyyətindən danışıb, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdilər.

 Az sonra söz Azərbaycan Yazıçılar Birliyininin üzvü, tanınmış bəstəkar, bir "Divan" müəllifi, ustad şair Hüseyn Sözlüyə verildi.  Hüseyn Sözlü məclisə xeyir-duasını verdikdən sonra, belə məclislərin gənc şairlərin inkişafında xüsusi əhəmiyyət daşıyacağından danışdı, şeirlərindən və qəzəllərindən bir neçəsini səsləndirdi.

"Çeşmə" Ədəbi Məclisinin gənclərin inkişafında, formalaşmasında çox böyük əhəmiyyət daşıyacağını qeyd edən məclis rəhbəri ilk dəfə məclisdə iştirak edən bəndənizə - şair Ülviyyə Əbülfəzqızına da söz verdi. Mən ixtisasca müəllim olduğumu, ədəbiyyata bağlılığı bildirib,  yazdığım bir neçə şeirimi səsləndirdim. Məclisdə "Xarı Bülbül" jurnalının təsisçisi, yazıçı Camafər Əliyeva da iştirak elədi. Şairlərin səsləndirdiyi şeirlərdən sonra böyük həvəslə başlayan Ədəbi Məclis uğurla başa çatdırıldı.

Sonda "Çeşmə" Ədəbi Məclisinin sədri Lilpar Cəmşidqızı məclisin keçirilməsində göstərdiyi qayğı və dəstəyə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə öz adından minnətdarlığını ünvanladı və iştirakçılar adından təşəkkürünü bildirdi. Növbəti görüşü keçirmək ümidi ilə məclis iştirakçıları görüş yerindən ayrıldılar.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.