İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu yaxınlarda Bakı şəhərində yerləşən “Badamdar Hotel and Residences”də Türkiyəli və Azərbaycanlı yazarların birgə ərsəyə gətirdikləri “1 Şəhid, 1 Hekayə, 1 Şeir” kitabının IV cildinin təqdimat mərasimi keçirilib. Kitabda 62 azərbaycanlı şəhidin həyat hekayələri və onlara həsr olunmuş şeirlər yer alıb.
Tədbirdə Türkiyə və Azərbaycan yazarları ilə yanaşı, kitabda haqqında bəhs edilən şəhidlərin ailə üzvləri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri, incəsənət xadimləri və media təmsilçiləri iştirak ediblər.
Təqdimatda layihənin Azərbaycan üzrə koordinatorları İlhamə Müslümova və Namiq Müslümov çıxış edərək iştirakçılara layihə barədə məlumat veriblər. Bildirilib ki, layihənin əsas təşəbbüskarı Türkiyəli yazar Harun Yıldırımdır və bu təşəbbüs 5 il əvvəl başlanıb. Layihənin ilk üç cildi Türkiyə şəhidlərinə, dördüncü cildi isə Azərbaycan şəhidlərinə həsr olunub. 2024-cü ilin yanvar ayında hazırlıqlarına başlanılan IV cildin ərsəyə gəlməsində layihə rəhbəri Harun Yıldırımla yanaşı, Türkiyə və Azərbaycan yazarlarının, xüsusilə Birinci Qarabağ Müharibəsi qazisi Anar Əliyevin maddi dəstəyi böyük rol oynayıb.
Koordinatorlar vurğulayıblar ki, bu kitablar tamamilə pulsuz paylanacaq və şəhid ailələrinə, şəhidlərin təhsil aldıqları məktəblərə, yaşadıqları rayon və şəhərlərin mədəniyyət mərkəzlərinə və kitabxanalarına təqdim olunacaq.
Tədbirdə çıxış edən kitabın redaksiya heyətinin üzvləri - Zemfira Məhərrəmli, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin və Mənsurə Xələfbəyli layihədə iştirak edən Türkiyəli yazarlara Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafına verdikləri töhfələrə görə plaket təqdim ediblər.
Tədbirə qatılan Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri də çıxış edərək bu dəyərli layihənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər. Həm Azərbaycan-Türkiyə qardaşlığının möhkəmləndirilməsi, həm də şəhidlərin xatirəsinin yaşadılması baxımından layihənin əhəmiyyəti vurğulanıb.
Rəsmi hissənin sonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı, şəhid general Polad Həşimovun anası Səmayə xanım bütün şəhid ailələri adından təşəkkürlərini bildirib.
Tədbirin bədii hissəsində isə Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, bəstəkar-yazar Fərahim Sadiq vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Tanınmış qiraət ustaları kitabda yer alan şeirlərdən nümunələr səsləndiriblər.
Tədbirin sonunda iştirakçılar çay süfrəsi arxasında səmimi söhbətlərini davam etdiriblər.
“Ədəbiyyat və incəsənət”
(06.10.2025)