İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Avqustun 18-də Oğuz rayon MKS-nin "Oğuz, qonağın var!" adlı ədəbi layihəsinə əsasən Oğuz rayon Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı, şair, publisist, ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Yazıçı Qadınlar Şurasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İLESAM-Türkiyə İlim və Ədəbiyyat əsəri Sahibləri Məslək Birliyinin üzvü,"İskit" Beynəlxalq İctimai Birliyin prezidenti, "İskit" jurnalının baş redaktoru, Azərbaycan Memarlıq və İnşaat universitetinin müəllimi Gülxani Pənah ilə oxucuların görüşü təşkil edilib.
Gülxani Pənah 60-dan çox elmi-nəzəri, ədəbi-bədii kitabların müəllifidir. 400 -dən çox elm məqalənin, 50- dən çox kitabın tərtibçisi, üç dərsliyin müəllifi, iki yüzdən çox kitabın redaktorudur. 35 cildlik "Seçilmiş əsərlər"inin 12 cildi çapdan çıxıb.
Görüşdə İsmayıllı - Qəbələ - Oğuz regional yazıçılar birliyinin sədri, rayon idarə və müəssisələrinin, mədəni maarif müəssisələrinin əməkdaşları, rayon ziyalıları, məktəblilər və gənc oxucular iştirak edib.
İlk olaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şairin şeirləri səsləndirilib, çıxış edənlər Gülxani Pənah yaradıcılığı haqqında və onları maraqlandıran sualları yazıçıya ünvanlayıb və maraqlı cavablar alıblar.
Sonda Gülxani Pənah oxuculara öz kitablarını hədiyyə edib. Müəllifdən imza alınıb və xatirə şəkli çəkilib.
“Ədəbiyyat və incəsənət”
(19.08.2025)