"Ulduz"lu görüşlər"in növbəti qonağı Aqil Abbas olub

"Ulduz" jurnalı ilə "Xalq qəzeti"nin birgə layihəsi olan "Ulduz"lu görüşlər" davam edir. Ənənəvi olaraq, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən tədbirin növbəti qonağı yazıçı və millət vəkili Aqil Abbas olub.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs Azərbaycan Universitetinin tələbələrinə qonağın ədəbi fəaliyyətindən söz açıb, onun Qarabağ mövzusunda yaratdığı  əsərlərin əhəmiyyətini xüsusi vurğulayıb. Azərbaycan Universitetinin baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Cəfərova, yazıçılar Təranə Vahid və Taleh Mansur öz çıxışlarında Aqil Abbasın xəlqi üslubundan və vətəndaş mövqeyindən bəhs ediblər. Tələbələrlə polemika şəraitində keçən tədbirdə Aqil Abbas səmimi cavabları ilə gənc filoloqlarda ədəbiyyata və kitaba maraq hissini gücləndirib. Müəllifi olduğu bir sıra nəşrləri tələbələrə hədiyyə edən yazıçı onlara gələcək karyeraları üçün məsləhət verməklə yanaşı, öz həyat təcrübəsini də bölüşüb.

"Ulduz"lu görüşlər"in növbəti qonağı akademik Nizami Cəfərov olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.