Super User

Super User

Çərşənbə axşamı, 17 İyun 2025 16:00

BİRİ İKİSİNDƏ – Mübariz Cəfərlinin hekayələri

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün sizlərə nəsr nümunəsi təqdim edilir. Mübariz Cəfərlinin iki  hekayəsi yəqin ki, marağınıza səbəb olacaq. Elə onların milçəklərə və arılara (?) ithaf edilməsi özlüyündə orijinal və diqqətçəkəndir.

Beləliklə:                                           

 

Mübariz CƏFƏRLİ                            

AMADƏ

Milçəklərə

      

          Arı ilə milcək pəncərəsində xırda bir deşik olan balaca bir otaqda qalsa, arı bayıra yol axtara-axtara min kərə özünü şüşəyə, özü də az qala şüşənin eyni yerinə vurub tələf olacaq. Cünki bir xətlə, eyni cürə hərəkət eləyib azadlığa qovuşmaq istəyir. Loru dildə desəm, başı dəfələrlə divara, pəncərəyə dəysə də, inadından dönmür, yolunu dəyişmir. Milçəksə usanmadan, yorulmaq bilmədən dolanbac, ziqzaqlı şəkildə otağın hər tərəfində uçacaq, nəhayət, pəncərədəki balaca deşiyi tapıb bayıra çıxacaq. Bəzi adamlar da belədi. Ağıllı fikirləşincə dəli vurub çayı keçir. Dünyadan bixəbər, ancaq işbaz, çevik adam gecə-gündüz qapılar döyə-döyə, sağa-sola vurnuxa-vurnuxa, böyüklərin qabağında əyilə-əyilə, mənsəb sahiblərinin əlindən-ayağından öpə-öpə  özünə bir gün ağlayır, ətəkləri yalaya-yalaya öz ali məqsədinə, arzusuna çatıb sanballı bir vəzifə sahibi olur. Nadanların aqillərdən yaxşı, firavan yaşamasının səbəbi budu. Müdriksə ətalətə mübtəladı... Bunların hansı üstündü demək, sormaq, beləliklə də, müdriklə çevik nadanı eyni daş-tərəziyə qoymağın özü mizanı elə bəri başdan əymək deməkdi. Hərəsinin öz yeri, öz işi, öz yaşam tərzi var. Müdrik ona görə var-dövlət dalınca qaçmır ki, dünya malı adidən-adi görsənir ona. Həm də yanını yerdən qaldırmağa tənbəllik eləyir. Belə çıxır ki, tənbəllik özü də müdriklik əlamətidi. Amma sözsüz ki, müdriklik-nadanlıq, yaxşılıq-pislik nisbi anlayışdı. Ölçülər azca dəyişən kimi o anlayışlar da kəlləmayallaq olur, nadan müdrikə, müdrik səfehə, yaxşı pisə, pis isə əladan-əlaya çevrilir. Çünki heç nə dayanıqlı deyil, hər şey hərəkətdədi. Ona görə kənara çəkilib ağıllı-ağıllı hər şeyə qiymət verməyə tələsməyək. Onsuz da verdiyimiz qiymət düz, dəqiq olmayacaq. Bir də ayılıb görəcəyik ki, ya həddindən artıq baha dəyərləndirmişik lazımsız misi, ya da qızıla, lələ öz layiqli qiymətini verə bilməmişik. Qiymət qoyan nəinki heç nəyin əsl dəyərini bilmir, eləcə də özünün ən dəyərsiz varlıq olmağından xəbərsizdi. Necə deyiblər onu; ləldir, əşrəfdir, düşübdü nadan əlinə. Zər qədrini zərgər bilər. Zərgər də ki yoxdu, bəndələrdən əlini üzüb, məhşərəcən qalxıb göyün yeddinci qatına. Sözümün canı ondadı ki, məxluqun bütün dəyərləri dəyişkəndi. Bu günün qəhrəmanı sabahın qurbanlığıdı. Özünə dəyər verə bilməyən külli-kainatı necə qiymətləndirib aləmlərin sirrinə vaqif olacaq? Balaca bir cücünün, ağcaqanadın, milcəyin əlində aciz qalan başından çox-çox yekə işlər görmək istəyindədi. Əzəmətli fateh lövğa-lovğa necə demişdi kasıb müdrikə? “Ey böyük alim, ürəyindən keçənləri de, əmr eləyim bir göz qırpımında hüzuruna gətirsinlər”. Müdrik də cavab vermişdi ki, bacarırsansa, milçəklərin kökünü kəs, milçəklər məni çox incidir. Beləcə, fateh başından yekə qələt elədiyini anlamışdı. Məxluq milçəkləri yox eləmək xəyalına düşsə, öz nəsli qırılar. Bu dünyada neçə min növü olan milçəyin öhdəsindən fağır məxluq necə gəlsin? Sənə, sənin yaratdıqlarına inanmayana lənət, Xudaya! Demə, qidalanmayan milcəklər də varmış Yer üzündə. Əlbət ki, məxluq çox yazıqdı, qorxaqdı, bütün yaramazlıqları da elə qorxusundan törədir. Yox olanlar Yaradanın iradəsi ilə qeybə çəkilir. İnsan dağıdıcıdı, qırıcıdı, qan tökəndi, fitnə-fəsad törədəndi, şükür ki, tamam yox eləmək qüdrəti yoxdu onda. Yoxsa Yer üzü çoxdan məhv olmuşdu.

         O ki qaldı milçəklərin amadə yeməyinə, hazıra nazir olmağına, milçəklərin zəhmətkeş arılarla, qarışqalarla müqayisəsinə, mən bunu da düzgün saymıram, hər yaradılanın öz yeri var. Həm də Yer üzündəki bütün müqayisələr qüsurludu...

          Milçəklərin hazıryeyən olmağı da cəfəngiyatdı. Bağışla məni, hazıryeyən yalnız nəcis milçəkləridi, zibillik milçəkləridi. Dadlı xörəyə daraşan sapalaq arasında əzilib xurd-xəşil olmağı da gözünün altına almalıdı. Həmişə, hər yerdə belədi, havayı ləzzətin bədəlini gec-tez canınla ödəməlisən. Ölənlərin behiştlik, mənim rəhmətlik atamın yekə əlləri vardı. Yay vaxtı süfrə başında oturanda hərdən əllərini vurardı bir-birinə. Baxardıq ki, ovuclarının arasında əzilib içi çıxan milçəklərin sayı-hesabı yoxdu. Kişi heç əllərini də yumazdı bir şapalaqda qırx milçəyi əzəndən sonra. Başlayırdı heç nə olmayıbmış kimi Allah verəndən iştahla yeməyə. Özü də əllə, qaşıqsız, çəngəlsiz-filansız... Ancaq yavan çörəyi belə elə iştahla yeyərdi ki, baxanın ağzının suyu axardı. Yazıq iş-güc, əkin-biçin adamı idi. Səhərdən-axşamacan, gecə-gündüz torpaqla əlləşirdi, bel, kətmən əlindən düşmürdü. Çəkdiyi zəhmət onu iştaha gətirirdi, eynən maşın kimi də, məni sürmüsənsə, zəhmət çək, nöyütümü, benzinimi tök. Özü də qədd-qamətli, dimdik, şümal kişi idi rəhmətlik. İndiki kişilərin çoxunun qarnı ona görə hamilə arvadlara bənzəyir ki, zəhmət çəkməmiş, işləməmiş, tər dabanlarından axmamış bir ucdan yeyir. Bilmirəm, nə təhər deyim ki, Allaha-Tanrıya xoş getsin, elə bil həyətdə dayanıb sürülməmiş, üstündə milçəklər yatan maşına bir ucdan benzin tökürlər. O vaxt milcəkqıran-zad nə gəzirdi? Ya təzək yandırardıq ağcaqanadların, qara milçəklərin, uçan-qaçan min cürə qurdun, cücünün, həşəratın  əlindən, ya da ertədən girərdik miçətkənə. Bəzən şamını da elə miçətkəndə eləyənlər olurdu. İndi cürbəcür dərmanlar çıxıb, evə vurursan, milçək kandardan içəri girmir, ətirfason mayeləri bədəninə sürtürsən, ağcaqanad sənə yaxın durmur. Hamısı pul tələsidi. Adamlar gündə bir hoqqa çıxarırlar, odu söndürüb külü ilə oynayırlar. Xəbərləri yoxdu ki, zahiri bər-bəzəyə aludə olub min ildi nəinki yerlərində sayırlar, il-ildən geriləyirlər. Yuxudadılar hələ, dərin bir yuxuda, məhşər günü qəfil ayılıb görəcəklər ki, dərin, dibsiz, qaynar bir quyunun içinə düşüblər. Onda da gec olacaq, day əlləri heç yana çatmayacaq...

          Sənin işlərin nə təhər gedir? Evdə oturmağından belə başa düşürəm ki, bekarçılıqdı, iş gördürən yoxdu hələ ki... Neynək, darıxma, qismət Allahdan, verən də odu, alan da... Məxluqu da qınamalı deyil, qazancı qarnına güclə çatır, day svarka-mvarka işi heç kəsin yadına düşmür. Hərdənbir dincəlmək də lazımdı, gecə-gündüz işləyib dünya malından ötrü özünü öldürmək səfehlikdi.  Hara istəyirsən, fırla, milçək olmaq qarışqa kimi min bir zillət çəkməkdən yaxşıdı. Necə deyiblər onu, ağıllı olub yerin-göyün fikrini eləyinçə, özünü dəliliyə vur, qoy sənin  dərdini çəksinlər. Nə isə, sənə ləzzətli küftə-bozbaş gətirmişəm, dur qızdır, bu günlük onu ye, sabaha Allah kərimdi...

 

 

                                                  BAL

                                                             Arılara

     

Deyirlər, arıların beş gözü var. Necə gözü olur-olsun, mən arıların ifrat zəhmətkeşliyin divanəlik, səfehlik sayıram. Baxmayaraq ki, “Quran”da da bal arısına aid məxsusi surə var. Bununla belə, işləyə bilməyən, xəstə arının qanadlarını yolub yuvadan kənara ataraq tələf eləmək qəddarlığın son həddidi.  Yaratdığını, min bir dərdin dərmanı olan balını qədirbilməz məxluq yeyəcəksə, zillət çəkməyin mənası nədi? Düzdü, ayılar da meşədəki balı yeməyi xoşlayır, arının balından savayı südü də çox xeyirlidi. Amma bunun o xeyri yaradana, arılara nə dəxli? Gecə-gündüz zəhmət çək, gündə neçə kilometr uç, hər güldən bir qətrə toplayıb can dərmanı yarat ki, naşükür adamlar acından ölməsin. Artıb, çoxalıb qarışqa kimi düzü-dünyanı tutsun, güc toplayaraq hər yeri dağıdıb xarabazara çevirsin, məhşər gününü yaxınlaşdırsın. İnsan ruzi tapmayıb aclıqdan gəbərməliydi, kökü kəsilməliydi ki, bu dünya, Yer üzü rahat nəfəs alsın. Dağıdıcı üçün ruzi yaratmaq onunla əlbir  olub öz-özünə qənim kəsilməkdi. Qəddar arı ailəsinin kəskin qaydaları xəstə balasını yeyib heç olmasa fiziki birləşmək duyğusunu gerçəkləşdirən pişiklərin adətindən də qat-qat dözülməzdi. Pişik balasını aclıqdan yox, əlacsızlıqdan, istədiyindən  yeyir. Balası ilə bir yerdə olmaqdan ötrü... Qədim, antik dövrdə də təxminən belə rituallara rast gəlinirdi. Ad çəkmək istəmirəm, amma sevimli, bilikli sagirdləri, tələbələri ilə cinsəl yaxınlıq eləyən filosoflar vardı. Hər bir tələbə arzulayırdı ki, ustadı onunla yaxınlıq eləsin, çünki bu yaxınlıq həmin tələbənin seçilmiş olmasından, ən yüksək mərtəbəyə çatmasından xəbər verirdi. Bəzi antik filosoflar haqqında məhz buna görə ölüm hökmü çıxarılmışdı. Bu işin dinimizə zidd olduğu ilə, çox böyük günah sayılması ilə işim yoxdu. Hərçənd bunun tarixi  bizim dinimizdən çox-çox əvvəllərə gedib çıxır, elə İslamdan qabaqkı dinlər də bu işin ən bağışlanmaz suç olduğunu deyirdi. Bu öz yerində, əsas məsələ heyvanların,  həşəratların, insanların qoyduğu qaydadakı öləzik oxşarlıqdadı. Xəstə körpəni yeyib onunla birləşmək, işləyə bilməyən balasının qanadlarını yolub öldürmək, bir də ki öz oğlun qədər istədiyin ən istedadlı tələbənlə yaxınlıq eləmək... Şübhəsiz bu qaydalardan ən iyrənci adamlarınkıdı, ona görə ki, quramadı, nəfsə, şəhvətə xidmət eləməkdi. Hələ mən bunun dini tərəfini qoyuram bir qırağa. Beləcə, yenə eyni nəticəyə gəlirik; Adəm övladı yaranmışların ən yararsızı, ən murdarıdı... Yaradan belə murdar məxluqu yalnız dağıdıcılığına görə xəlq eləyə bilərdi.

          Nə gözlərini bərəldib diqqətlə qulaq asırsan? Başa düşürəm ki, heç nə qanmırsan. Səndə qəbahət yoxdu, hərdən mən özüm də öz fikirlərimin arasında dolaşıb qalıram, çıxış yolu tapa bilmirəm. Adamları da heyvanlarla, həşəratlarla müqayisə eləmək olar? Mən onları müqayisə eləmirəm, bərabər də tutmuram, mən balaca bir kəndin axundu kimi hökm verirəm özlüyümdə. Hökm verməyə ixtiyarım olmasa da, illərdi gəldiyim nəticəni dilimə gətirirəm: İnsan nəinki heyvandan, həşəratdan da aşağıdı. Əstəğfürullah, təkcə Qurbanolduğum tərəfindən seçilmiş müqəddəslərdən savayı... Əfsus ki, onların da, həyatlarını bu yolda fəda eləyənlərin də gücü yetmədi adamları düz yola gətirməyə...

          Mənə adi adam kimi baxma, nə dediyimi yaxşı bilirəm mən. Sənin başının tükü sanı kitab oxumuşam. Hərçənd, sənin də saçın seyrəlib. Keçəlləşirsən yavaş-yavaş... Mənim rəhmətlik dədəm də cavan vaxtından dazlaşmışdı. Yazığın yel xəstəliyi də vardı, sümüklərinin, oynaqlarının ağrısından səhərəcən yata bilmirdi rəhmətlik. Yazda cürbəcür arılar tutub soxurdu maykasının altına ki, vursun arılar onu. Arının zəhəri də xeyirlidi axı... Di gəl, arılar da neştərini sıxmurdu, batırmırdı onun bədəninə, vurmurdu onu... O qədər tənbəki çəkmişdi ki, təkcə üst-başından yox, bədənindən, qırmızımtıl dərisindən də tütün iyi gəlirdi kişinin. Arılar da sakitcə mürgüləyirdi, gəzirdi kişinin maykasının altında, azadlığa çıxmağa məqam axtarırdı, vəssalam. Dədəm də gözləməkdən bezikib axırda deyinə-deyinə, hirslə əynindəkini soyunurdu, əzilib xurd-xəşil olan arılar düşürdü yerə, qurtulanlarsa tez uçub gedirdi.

          Mən dədəmə oxşamamışam, dayılarıma çəkmişəm, saçlarım coddu, sıxdı, ancaq qar kimi ağappaqdı. Lap şaxta babaya oxşayıram. Saçım ağ, bığım-saqqalım ağ... Amma saçın ağarmağındansa elə tökülməyi yaxşıdı. Hərçənd, indi buna da çarə tapıblar, keçəl başa tük əkirkər, ağ saçı rəngləyib qapqara qaraldırlar. Bir növ, Allaha demirəm, zamana kələk gəlirlər indiki kişilər. Odey, Şirzadın oğlu çənə Bayram lap ağını çıxardıb; arvad kimi saçını saraldıb, eləyib sapsarı... Sən də görmüsən, yəqin. O abır-həya bilməz Bayram sarı başı ilə səhərdən-axşamacan şəstlə o yana gedir, bu yana gedir. Utanmaq-zad da qalmayıb adamlarda. Nə deyim, vallah, indi heç bilmək olur ki, kim hansı məzhəbə qulluq eləyir. Kimin əlinə nə gəlir, sürtür başına ki, belə moddu... Məxluq lap yolunu azıb. Əzəldən var idi hüsnü-cəmalı, indi də olub dəli Bayraməli...

          Arı dedim, yadıma düşdü, sənin üçün bir banka xalis bal gətirmişəm, acanda çörəyin üstünə yaxıb yeyərsən. İstəsən, bir az kərə yağı da  qatarsan. Yağnan balı bir-birinə qarışdıranda lap ləzzətli olur...

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Sonradan mənim sənətə gəlməyimdə bizim gözəl bəstəkarımız Şahid Əbdülkərimov əlimdən tutub.

                                        Nadir Qafarzadə 

 

Nəzakət Məmmədovanın ifasında bir mahnı vardı, "Heç küsməyin yeridirmi" — zamanında bu mahnı çox popular idi. Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazılmış mahnının bəstəçisi Şahid Əbdülkərimov idi.

Eləcə də daha bir neçə məşhur, dillər əzbəri lan mahnıları var idi. Ancaq sanki irəli getməsinə, inkişafına kimlərsə mane olur, imkan vermirdilər…

Əfsuslar olsun ki, uzun illər onun mahnıları xalq mahnıları kimi təqdim edilirdi. Bir mahnısı isə - “Təki sən səslə məni” Azərbaycan mahnı sənətinin tacı sayıla bilər, bu mahnının da bəstəkarının bu təvazökar, zəhmətkeş, istedadlı şəxsin olması danılırdı, mahnı xalq mahnısı kimi qələmə verilirdi…

 

 

Bu gün Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi Şahid Əbdülkərimovun anım günüdür.

1938-ci ildə o, Nuxa şəhərində (indiki Şəki) dünyaya gəlib. İncəsənətə həvəsi onu 1956-cı ildə Şəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyinə gətirib. Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil alıb və həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olub. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlayıb. O, M. Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlayıb.

100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub. Bir çox mahnıları AzTV-nin "Qırmızı Qərənfil" uşaq xorunun ifasında səsləndirilib. Mahnılarını ən çox mərhum müğənnimiz Nəzakət Məmmədova oxuyub.

Respublikamızın xalq artisti Abdulla Abdullayev qeyd edir ki, "Təki sən səslə məni" mahnısını mərhum prezidentimiz Heydər Əliyevin çox sevdiyini onun öz dilindən eşidib.

Əbdülkərimov bəstələdiyi mahnıların sözləri daha çox Əliağa Kürçaylı, Cabir Novruz, Ramiz Məmmədzadə, Arif Abdullazadəyə məxsus olub.

 

Bəstələdiyi mahnıların bəziləri

 

1.Təki sən səslə məni;

2. Azərbaycan;

3. Bala gəlin;

4. Biləydim kaş;

5. Dayağım ol;

6. Gözəlim;

7. Günüm keçməsin sənsiz;

8. Gecələr;

9. Hanı bəs vəfan sənin;

10. Heç küsməyin yeridirmi;

11. Ana torpağım mənim Bakı.

 

İlk dəfə onun mahnısı 1974-cü ildə Azərbaycan televiziyasında özünün adı ilə səsləndirilib. Həmin ildə Bakı rayonlararası xalq yaradıcılığı evində "Sən nəğmələr qoş" devizi ilə mahnı müsabiqəsi keçirilib. Şahid o müsabiqədə 1-ci yer tutmuşdu. 

 

1976-cı ildə o, Şəki şəhərinə dəvət alıb, Tibb işçiləri mədəniyyət evinin direktoru təyin edilib. Burada o, "Şəfa" xalq çalğı alətləri ansamblı və rəqs kollektivi yaradıb.

1988-ci ildə Abşeron rayonunda və Şəki şəhərində bəstəkarın 50 illik yubileyi qeyd edilib. 1988-ci ildən Şəki şəhərində yaşayan Əbdülkərimov, ömrünün son illərində musiqidən uzaqlaşıb, şəhərin Qışlaq hissəsindəki məşciddə din xadimi – yəni, molla kimi fəaliyyət göstərib.

O, 2003-cü ilin iyun ayının 17-də 65 yaşında vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Çərşənbə axşamı, 17 İyun 2025 15:35

Sonadək də onların iç üzünü görə bilmədi

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Bir vaxtlar bir İrəvan xanlığı vardı, Azərbaycanın ən böyük xanlıqlarından biriydi, Çar Rusiyası İranla müharibəni qazanıb Azərbaycanın şimalına sahibləndikdən sonra bura kütləvi erməniləri yerləşdirib özü üçün xristianlardan bufer zona düzəltdi. Sonra da bu ərazidə qondarma Ermənistan dövləti elan etdi. Sonra hakimiyyətə bolçeviklər gəldilər, Ermənistan SSR adlı müttəfiq respublika yaratdılar. O dönəmlərdə hələ aborogen əhalini – azərbaycanlıları tamamilə  oradan qovmaq ağıllarına gəlmirdi.

Həmin o Ermənistan SSR-in Yazıçılar İttifaqı vardı, onun Azərbaycan bölməsi fəaliyyət göstərirdi, bu bölməyə də Əkbər İrəvanlı başçılıq edirdi...

 

Əkbər İrəvanlı 1921-ci il iyunun 17-də İrəvan şəhərində anadan olub. Burada orta məktəbi bitirib. İrəvan Dövlət Universitetinin Filologiya fakültəsinin Şərq şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azərbaycan dilində nəşr edilən "Kommunist" (1939-cu ildən "Sovet Ermənistanı") qəzetinin redaksiyasında başlayıb, ədəbi işçi, məsul katib, tərcüməçi olub, Ağbabada, Basarkeçərdə müəllim işləyib. 1951-ci ildə Ermənistan SSR EA M. Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olub, 1954-cü ildə "Azərbaycan-erməni ədəbi əlaqələri tarixindən" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.

1950–1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olub, 1956-cı ildən X. Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləyib. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparıb, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. Onun erməni dilində "Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası", "Cəlil Məmmədquluzadə və erməni xalqı", "Nəsimi", "Xatabala" jurnalı Azərbaycan haqqında"  kitabları çap olunub.

İrəvan şəhərində Azərbaycan dilində "Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri", "M. Ə. Sabir və erməni xalqı", "Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı", "Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı" tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunub. Əkbər Yerevanlının Sabir Rzayevlə birgə yazdıqları 166 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1980-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunub.

Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər İrəvanlı 28 avqust 1982-ci ildə İrəvan şəhərində vəfat edib, valideynlərinin yanında dəfn olunub.

Və sonadək də bu gün anadan olmasının 104-cü ildönümü tamam olan bu elm və ədəbiyyat fədaisi erməni millətinin xain xislətindən, iç üzündən bixəbər olub. Ermənilərin iç üzünü isə bildiyiniz kimi, 1987-ci ildə başlayan miatsum hərəkatı – Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana verilməsi tələbləri açıb.

 

Əsərləri

 

Ədəbi

 

Mənim günəşli ölkəm

Gözəllik və səadət nəğmələri

Azadə

Yay gecəsində

Qəlbimin çırağı

Yeddinci övladın anası

 

Elmi 

 

1. Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası 

2. Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri.

3. M. Ə. Sabir və erməni xalqı

4. Cəlil Məmmədquluzadə və erməni xalqı

5. Azəri-erməni ədəbi əlaqələri (Qədim dövrdən XVIII əsrin sonuna qədər)

6. Nəsimi

7. "Xatabala" jurnalı Azərbaycan haqqında

8. Hovannes Tumanyan və Azərbaycan ədəbiyyatı.

9. Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı

10. Yunis Nuri

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Çərşənbə axşamı, 17 İyun 2025 07:31

Əli Dədənin nəfəsi ilə yaşayan rəqslər

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət”

 

Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” kitabı haqqında qeydlərim

 

Azərbaycan musiqi mədəniyyətinin yaddaşında iz qoyan ustadlar olur – zaman onların adını unuda, unutdura bilir bəlkə amma səsi, nəfəsi, melodiyası yaşayır. Bu səs – bəzən balabanın kövrək naləsində, bəzən zurnanın qürurlu nidasında, bəzən də ulusun öz könlündə daşıdığı bir ritmdə yaşamağa davam edir.

Rauf Bəhmənlinin “Ustad Əli Dədənin rəqs melodiyaları” adlı monoqrafiyası məhz belə bir yaddaşı oyadır – ulusun içindən çıxan, ulusun özü qədər saf, özü qədər yanğılı Əli Kərimovun yaradıcılığını. Bu tədqiqat bir kitabdan daha artıqdır – o, sanki bir ulusun musiqi yaddaşına sayğı duruşu dərəcəsini nümayiş etdirir. Kitabda yer alan 57 rəqs melodiyasının nota alınması, onların musiqi köklərinin, ifaçılıq gələnəklərinin, hətta bəzi havaların ermənilər tərəfindən saxtalaşdırılaraq mənimsənilməsi faktlarının ifşası ciddi elmi və ideoloji önəm daşıyır.

Ustad Əli Dədə – Şirvanın musiqi nəfəsini, dağların səsini, ulusun toy şövqünü öz nəfəs alətləri ilə tarixə hopduran bir sənətkar olub. Onun “Heyva gülü”, “Alça gülü”, “Bənövşə”, “Qəhrəmanı”, “Hicazi” və digər melodiyaları xalqın ruhuna hopmuş dəyərlər dəyərindədir. Bu havalar təkcə ritmik parçalar olmayıb - bir yaşam tərzinin, bir estetik dünyagörüşünün musiqi kodlarıdır. Bəhmənli bu kodları elmi dəqiqliklə açır, musiqişünaslıqla etnoqrafiyanın, sənətşünaslıqla milli kimlik yaddaşının qovuşduğu bir müstəviyə daşıyır.

Kitabda rast gəldiyimiz hər bir araşdırma — arxiv materialları, şifahi qaynaqlar, fonotekadan yazılmış səs örnəkləri, Əli Dədənin yetirmələrinin anıları və daha nələr — müəllifin illərlə davam edən fədakar zəhmətinin bəhrəsidir. Bəhmənli təkcə melodiyaları üzə çıxarmır, o, unudulmuş adları, musiqiçi nəslini, bir sənət məktəbini dirildir, elə bil...

Ən önəmlisi isə odur ki, bu monoqrafiya özlüyündə bir çağırışdır – ifaçılara, müəllimlərə, musiqi məktəblərinə. - Çağırışfır ki bu melodiyalar təkcə arxiv üçün deyil, səhnə üçündür; təkcə tarix üçün deyil, gələcək üçündür. Gənc nəslin bu musiqi irsini öyrənməsi, ifa etməsi, yaşatması təkcə estetik məsələ olmaqda qalmayıb, milli təhlükəsizlik məsələsinə dönüşüb – çünki mənimsənilən musiqi, mənimsənilən kimlik deməkdir.

 

Sənətşünas alim, ictimai və elm xadimi Rauf Bəhmənli bu kitabla həm Əli Dədənin adını əbədiləşdirir, həm də öz adını musiqişünaslıq tariximizin sanballı araşdırmaçılar sırasında möhkəmləndirir.

Bu gün - 17 iyun 2025-ci ildə Bakı Musiqi Akademiyasında keçiriləcək tanıtım törəni, bu anlamda, təkcə bir kitabın təqdimatı olmayacaq – milli yaddaşın bərpasının, musiqi ədalətinin təntənəsinə dönüşəcək deyə ümid edirəm.

Ustadın ruhuna, müəllifin şəxsiyyət və yaradıcılığına salam-sayğılarla!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

İyunun 18-22-də Pekində 31-ci beynəlxalq kitab sərgisi keçiriləcək. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Sivilizasiyalar irsinin və inkişafının təşviqi, qarşılıqlı faydalı əməkdaşlıq üçün mübadilə və qarşılıqlı öyrənmənin inkişafı” devizi altında keçiriləcək sərgidə 80 ölkə, o cümlədən Azərbaycan təmsil olunacaq. 

 

Təxminən 1700 iştirakçı 60 min kvadratmetrlik ekspozisiya sahəsinin müxtəlif bölmələrində 220 min kitab və digər nəşr vasitələrini nümayiş etdirəcək. 

Sərgi çərçivəsində forumlar, təqdimatlar, imza günləri, müəlliflərlə görüşlər təşkil olunacaq.

Xatırladaq ki, Azərbaycan ötən il Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə Pekin beynəlxalq kitab sərgisində milli stendlə təmsil olunub.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Çərşənbə axşamı, 17 İyun 2025 11:20

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

 Moskva Caz Festivalı çərçivəsində “Ermitaj” bağında tanınmış azərbaycanlı pianoçu və bəstəkar Riyad Məmmədovun çıxışı baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, musiqiçi tamaşaçılara öz müəllif kompozisiyalarını təqdim edib. Konsert proqramına şərq motivləri ilə Qərb musiqi formalarının sintezi olan muğam-hicaz üslubunda əsərlər də daxil olub.

Riyad Məmmədovla birgə səhnəyə baraban ifaçısı Ömər Səidov, kontrabasçı Mixail Dmitriyev və saksafonçu Mirhüseyn-xan Talışinski çıxıblar. Həmçinin, onun “East of Eden” və “East of Eden II” albomlarından parçalar səsləndirilib.

Konsertin xüsusi anlarından biri isə Rusiya xalq artisti, tanınmış saksafon ifaçısı İqor Butmanın səhnəyə çıxması olub. Onun iştirakı ilə Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Bana-bana gəl” əsəri səsləndirilib.

Gecənin fəxri qonağı isə multiinstrumentalist və bəstəkar Yuri Qinzburq olub.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

Çərşənbə axşamı, 17 İyun 2025 13:46

Piyada keçidinin cəhənnəmlikləri

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Biri var işıqfor, biri də var piyada keçidi. İndi izah edirəm. İşıqforda yolu keçmək istəyən piyadalar üçün yaşıl, maşınlar üçün isə qırmızı işıq yanır. Bu məlumatı daltoniklərin bilib, bəzən yanlışlıq etməsindən savayı, demək olar ki, hər kəs yerli yerində bilir. İndi gələk əsas məsələyə...

 

İşıqforun qırmızı işığının yandığını görən bəzi sürücülər, uzaqdan elə yüksək sürətlə gəlirlər ki, sanki bu sürət qırmızını yaşıla dəyişəcək. Nəticədə gəlib qırmızı işıqda elə tormoz edirlər ki, təkərlər asfaltla sürüşmə sürtünmədən pulsuz konsert verib, caz ifa edirlər. İşıqforlu keçidlərdən yolu keçmək, işıqforsuz keçidlərdən keçməkdən böyük ehtimalla rahatdır.  

 

İşıqforsuz keçiddən keçməmişdən əvvəl, bolluca düşünməlisən. İçində bol tərəddüd yaranıb, get gəl edirsən. Elə bil böyük bir biznesə risk edərək yatırım edirsən. Biznes– sənin həyatındı, yatırımsa 4-5 metrlik yoldu. Öz həyatını 4-5 metr yol gedərək yenidən qazanmalısan. Gələn maşınları bir-bir izləyirsən. Beyin düşünür, bu da keçsin keçərəm, yox o da keçsin sonra keçərəm. Uzun fikirlərdən sonra "bismillah" deyib ayağını qoyursan piyada keçidinə. Bu səfər piyada keçidi gözlərində aşağısı lava püskürən siraat körpüsünə çevrilir. 4-5 metrlik yol, sənə kilometrlik yol təsəvvürü bəxş edir. 

 

Yola başlayanda uzaqdan da maşın elə sürətlənib gəlir ki, deyirsən bəs, elə indicə məni cizgi filmlərindəki kimi asfalta şəkil edəcək. Bir gözün yolda, bir gözün maşında....

Qorxudan ayaqlar tutulur, donub qalırsan ki, bu da son, elə indi maşın vuracaq, başlayım kəlmeyi-şəhadət gətirim. Mənşəyi məlum olmayan bir nəsnəyə 5 manat nəzir niyaz deyirsən. Bu halda maşın gəlir düz dayanır yanında, cismin yerində qalsa da, ruhun səninlə çoxdan halallaşıb aradan çıxıb. Budur, yolun sonuna gəldik, dərin bir nəfəs çəkib yola davam edirik. Bu sevgidə isə udan tərəf nəzir niyaz sahibi oldu. 

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

Çərşənbə axşamı, 17 İyun 2025 14:44

Zeynəb Alıhüseynqızı "Qələm tutan incə əllər"də...

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

“Ədəbiyyat və incəsənət” portalı oxucularına "Qələm tutan incə əllər" layihəsində  Cəlilabad ədəbi mühitinin xanım yazarlarını təqdim edir. Həmin layihə çərçivəsində tanış olacağınız növbəti qələm əhli Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair Zeynəb Alıhüseynqızıdır.

 

Qısa təqdimat:

Zeynəb Alıhüseyn qızı Şahverdiyeva (Zeynəb Alıhüseynqızı) 1966-cı il dekabrın 13-də Astraxanbazar (indiki Cəlilabad) rayonunun Əliabad kəndində bir sadə və zəhmətkeş ailədə anadan olub.

Doğulduğu Əliabad kəndində 8 illik orta məktəbi bitirmiş və natamam orta təhsil haqqında Şəhadətnamə almışdır. Onun poeziya sahəsinə gəlişi 17-18 yaşlarına təsadüf edir. İlk əvvəllər müxtəlif mövzularda şeir yazsa da yalnız 46 yaşından etibarən dini mövzularda şeirlər yazmağa başlamışdır.

Zeynəb Alıhüseynqızı sərbəst, satirik, heca və məsnəvi tipli şeirlər qələmə alır. Hazırda onun şeirlərinin əsas hissəsini dini şeirlər təşkil edir. Dini şeirlərə daha çox xalq poeziyası şəkilində üz tutur və şeirlərində folklorun layla şeir şəklinə daha çox mürciət edir.

Doğma elimizin bu dəyərli xanım şairi 1990-cı ildə ailə həyatı qurmuşdur. Onun bu evlilik həyatından 2 övladı, 6 nəvəsi vardır.

Məlumat üçün qeyd etmək lazımdır ki, indiyədək Zeynəb xanımın bir çox şeirləri "Sözün işığı", "Region səs", "Sabaha inam", "Mustaqil.az" və digər mətbu orqan, qəzet, jurnal və internet portallarında yayımlanmışdır. Bundan əlavə, onun şeirlərindən ibarət iki kitabı da işıq üzü görmüşdür. Belə ki, 2017-ci ildə "Nə qədər sualım cavabsız qalıb", 2018-ci ildə isə "Allah, məni Əhli-Beytə dost eylə" adlı şeirlər toplusu çap olunmuşdur. Hal-hazırda Cəlilabad rayonunda evdar xanım olaraq yazıb-yaratmaqla məşğuldur.

 

Bədii ədəbiyyat nümunələri:

Zeynəb xanımın qələmi ilə yazılmış şeirlərdən bir neçəsi ilə tanış oluruq:

 

"Allah, sənə məxsusam"

 

İstədim özümə bir nəzər salım,

Görüm ki, kiməm mən nədir əhvalım.

Baxdım ki, mən deyə biri yox Allah,

Tam sənə məxsusam qurbanın olum.

 

Yediyim, içdiyim, gördüyüm sənin,

Aldığım, verdiyim, böldüyüm sənin,

Ruhum da, cismim də axirətim də,

Olub, yaşadığım, öldüyüm sənin

 

Ömr etdim savabım, günahım oldu,

Göndərdiyin Quran pənahım oldu,

Fərqi yox, itirib tapsam hər nəyi,

Bəsimdir sənintək Allahım oldu.

 

Onun digər şeirdə oxuyuruq:

 

Sevən sevə yarın gərək dərindən,

Nə dediyin oxuya gözlərindən.

Yar şirindi şirin olur şirindən,

İşarədən gərək yarın yar ana.

 

Sən ara yarını uzaq yaxından,

Gündüz aşikarda gecə yunundan.

Qəlbində dəlinsə sevgi oxundan,

Yar dediyin məlhəm olar yarana.

 

Söyləsin sevdiyin qoy sən deyəni,

Sipər elə çətinliyə sinəni.

Nə gözəldir sevən sevir sevəni,

Sevgi gərək iki candan yarana...

 

Həmçinin, Zeynəb xanımın digər şeirində oxuyuruq:

 

Nə gözəl yorğunluq, nə gözəl təmas,

Gözəlliyə yaman oldum aludə.

Şair olub gözəlliyi duyasan,

Vəsv edəsən gördüyün bu halıda.

 

Güllərin ətrini köksümə çəkdin,

Sanki behiştin bir nişanəsidir.

Çayların, quşların səsi başımda,

Cənnət cəlalının bir guşəsidir.

 

O qədər gözəllik görmüşəm ki mən,

Gözəllik canıma yığılıb dolub.

O qədər gözəllik çəkib ki gözüm,

Gözüm gözəlliyin rəssamı olub...

 

Son olaraq doğma elimizin tanınmış şairi Zeynəb xanıma uzun, sağlam, mənalı-məsud ömür, yaradıcılıq sahəsində yeni-yeni nailiyyətlər arzulayıram!

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

 

 

Çərşənbə axşamı, 17 İyun 2025 13:02

“Xiffət” - Xatirə Salahzadənin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının Nəsr saatında bu gün sizlərə Xatirə Salahzadənin “Xiffət” hekayəsi təqdim edilir.                                                            

 

“Kiçik uşaqların dərdini kiçik görməməli”.

                                              Əbülqasım Firdovsi

 

Elə bir öləm ki,

Elə bir öləm ki, uşaqlar,

Sizə heç ölüm qalmaya...

                              Əziz Nesin

 

          Qəbiristan yoluna çatanda hələ günorta olmamışdı. Yol boyu “qəbiristan mollaları” sıra ilə düzülüb iş gözləyirdilər. Ovçu şikarını gözləyən kimi, onlar da ölü sahiblərini dörd gözlə gözləyər, adətən, yoldan keçən maşının içindəkiləri süzərdilər. Səhər obaşdan ziyarətə gələn ölü sahibləri “son mənzil”i tərk edirdilər. Kimi üzündən çəkilməmiş iztirabı, kədəri ilə, kimi sanki bir ritual icra edib dönən kəsin baxışı ilə, kimi göz yaşlarını heç cürə saxlayaa bilmədən güclə yol gedirdi.

          Qəbiristan əvvəllər, hələ kiçik yaşlarımdan vahiməli bir yer bilirdim. Bilirdim yox, hiss edirdim. Yadımdadır, heç qəbiristana getməmişdim, heç görməmişdim də. Kəndimizdə yas var idi. Yaşımı xatırlamıram, amma yəqin ki, elə də böyük deyildim ki, anam olmadan gecəni kiminsə yanında qala biləm. Buna görə də məni də özləri ilə kəndə aparmışdılar. Azyaşlı əmim oğlunu kənd avtobusu vurmuşdu. Həyətdə evin önündəcə divara qısılıb qalmışdım. Kənd arvadlarının ara-sıra “şaxsey-vaxsey” sədalarını eşidəndə körpə ürəyim sıxılır, sanki kimsə məni dondurur, tərpənməyə qorxur, heç ağlaya da bilmirdim. Arvadlar sakitləşən kimi donum açılırdı. Sanki növbəti donma rejiminə keçməzdən əvvəl nəfəs almağa tələsirdim. Əl-qolum açılan kimi bu dəfə də nənəmin, əmim arvadının divara çəkdikləri mavi rəngli şirəni balaca dırnağımla qoparıb yerə tökürdüm. Arvadların təziyə məclisinin səsi gələn kimi yenə də divara qısılıb donurdum. Arada indi də pis yuxudan ayılanda elə o vaxtdakı kimi qorxudan donuram, o biri tərəfə çönmək nədir, heç nəfəs almağa belə ürək edə bilmirəm. Ta ki, öz-özlüyündən yuxuya gedənədək qorxu məni ağuşuna alır. Başımın üstündə yerdən bir qədər hündürlükdə göy rəngdə taxtası və şüşəsi olan ikiqat açıq pəncərələr vardı. Uşaq düşüncələrimlə sanki pəncərədən ölən uşağı virtual olaraq görür, elə bilirdim ki, arvadlar “şaxsey-vaxsey”lərlə onu incidərək harasa yola salırlar. Özümü tanıyandan rejissor Cerri Zukerin 90-cı illərdə çəkdiyi “Ruh” filminə hər dəfə baxanda ölən artistləri qara əcaib şeylər aparan epizod eynilə bu səhnəni gözümdə canlandırırdı. Elə bil həmin qorxulu günü yenilənmiş kimi hiss edir, yenidən yaşayırdım. Hələ bu arada yerə düşən qopuntuların da fikrini edirdim. Evin kandarına şirə çəkiləndə ta onun qurumasını gözləyənədək nə içəri, nə də çölə çıxa bilərdik. Əks halda yerdəki şirə ayağımıza yapışar, yeri də korlamış olardıq. O zamanlarda kənd evlərində boya əvəzi istifadə olunan gilə oxşar bu maddə məni özünə cəlb edirdi. O qədər sevirdim ki şirəni. Kənddə tətillərimi keçirərkən vedrənin içinə quru gili töküb, su əlavə edib onu əllərimlə həll etmək ən sevdiyim məşğuliyyətlərimdən biri idi. Bir az böyüyəndə hətta özüm də çəkmişdim, baxmayaraq ki, şəhər uşağı idim. Yerə düşən şirə qopuntularını görcək “hadisə yeri”ndən aramla, üsulluca uzaqlaşırdım. Özümü başqa divara sıxılan tapırdım. Mən həqiqi qəbiristan görmədim, amma kənd həyətindəki o yası qəbiristan bildim. Hətta bir qədər böyüyəndə, kənd qəbiristanına sərbəst gedib ziyarət edəndə də, gündüz olmasa da, gecə “son mənzil”in xofu məni basırdı. Ancaq öz atam dünyasını dəyişəndə “son mənzil” mənə o qədər doğmalaşdı ki, elə bilirdim, atamın yeni mənzilidir. Qorxu sanki yoxa çıxmışdı... bəlkə, böyümüşdüm. Bəlkə də, acı qorxumu üstələmişdi, ona qalib gəlmişdi. Bilmirəm. Nə vaxtsa eşitmişdim ki, başqasının acısını öz vücudumuzda hiss etmək üçün eyni acını yaşamış olmamız lazımmış. Yaşadım, gördüm, bildim...

          Dərin düşüncələrə daldığımı görən Türkan – “Bax burda saxla, bulağın yanındadır onun qəbri. Sən düşmə!  Bir az tək qalım” – deyib tələsdi. Maşından enmədim. Uzaqdan daşdan kəsilmiş ağappaq barelyef görünürdü. Aralıda da olsam, qızılı haşiyədə yazılmış ... böyük adı açıq şəkildə görünürdü. Qəbrinin üstündəki çox uzun yazı isə heç görünmürdü. Çox güman ki, şeir idi. Atası şeirə aşiq idi. Evlərində Nazim Hikmətdən tutmuş, müasir şairlərə qədər kimin kitabını axtarsan, tapa bilərdin.

          Maşının şüşələrini açıq saxladım. Gedişini izlədim. Qəbrə aram-aram yaxınlaşdı. Dünəndən buz kəsmiş rəfiqəmin sanki bir parçasını yerə atıb sındırdılar. Naləsi yeri-göyü titrətdi. “Nifrət”i od püskürdü. Biz qəbiristana girəndə yenicə başlayan çiskin gur yağışa çevrilmiş, dayanmadan yağırdı. Türkanın göz yaşları yağışa qarışmışdı. Yağış onu, o, yağışı ağladırdı. Beləcə yerə çöməlib dədəsi ilə “dalaşdı”. İndiyədək boğazında düyünlənib qalan sevgiqarışıq nifrətinimi deyim, nifrətqarışıq sevgisinimi deyim, dilə gətirirdi. Heç vaxt üzünə deyə bilmədiyi, görmək istəmədiyi dədəsinə qəlbindəki bütün sözləri unudar, deyə bilməz, içində qalar qorxusu ilə tez-tez, təngnəfəs dilə gətirib bütün cümlələrini tamamlamağa çalışırdı. Yaxınlaşan molla çox qısa bir zamanda  əvvəlki yerinə- qəbiristanın mərkəzinə yön alıb gedirdi. Simasından surələri tez-tələsik, ala-yarımçıq oxuyub birtəhər yola verən mollalara bənzəyirdi. 

O vaxtlar mən kapsul dərmanları ilk dəfə onun atasında görmüşdüm. Hər axşam ərəb qorkasının rəfindən gözoxşayan, rəngarəng dərmanı götürərək açır, içindəki tozunu qəbul edib qabını atırdı. Uşaq idim, amma o kapsulların rəngarəngliyi məni necə cəlb etmişdisə, evimizdə görüb alışdığım, sovetin ağ, bəzən sarı rəngli tabletlərindən çox fərqli gəldiyi üçün onları oyuncaq da zənn edirdim. Arada o ərəb qorkasından bizim üçün Türkiyədən gətirdiyi – o zaman nadir tapılan – türk saqqızlarını da çıxarıb uzadaraq – xüsusi bir zəhmlə “di gedin oynayın” deyirdi. Mən onun atasından çəkinirdim, hətta qorxurdum da. Uşaqları sevməyən bir tövrü vardı. Amma qızını çox sevirdi. Hər işdən qayıdanda “nazım-quzum” deyib o üzündən-bu üzündən öpərdi. Daha doğrusu, Türkan özü atasından öncə tez onun önünə atılardı. Türkanın atasına qarşı böyük sevgisi vardı. Ona dədə deyərdi. Atası özü belə öyrətmişdi. Dolanışığa görə bir-iki yaxın məsləkdaşı ilə o, böyük qardaş Türkiyəyə pənah aparmışdı. Uzun müddət Türkiyə universitetlərinin birində Şərq ədəbiyyatından dərs demiş, orada yaşamışdı. Türk ləhcəsinə o qədər alışmışdı ki, öz Qarabağ ləhcəsini də ona qatıb danışırdı. Türkan ona dədə deyəndə elə bilirdim, atası daha da yaşlıdır. Hər dəfə Türkiyədən qayıdanda özü ilə çoxlu “Çocuk” uşaq jurnalları gətirərdi. Yaxşı xatirimdədir, o jurnalları necə böyük sevgi ilə vərəqləyər, xəyallara dalar, gündüzü axşama qatardıq. O zaman necə dostluqlar, necə qonşuluqlar vardı. Yatmaq vaxtı çatanda evimizə gedərdik. Qonşuluqda bu qədər narahatlıq da böyükləri heç incitməzdi. Qəlbimdəki ilk Türkiyə sevgisi də elə o evdəki abu-havadan yarandı. Evin divarlarında müxtəlif rakurslardan çəkilmiş Ayasofiya məbədi olan şəkillər lap çox idi. Ərəb mebelinin üzərində göz oxşayan, eyni zamanda qəribəliyi ilə düşündürən sənət heykəlcikləri vardı.

Aradan bir qədər zaman keçdi. Atasını evdə artıq çox az-az görməyə başladım. Zaman-zaman da heç görmədim. Beləcə onun valideynlərinin həyat yolları ayrıldı. Onlar – ata-qız artıq bir-birini görmür, unutmağa çalışırdılar. Artıq o böyük sevgi incikliyə, kiçik nifrətə qədər gedib çıxırdı. Atasından söz açılanda hər zaman nifrət püskürürdü. Amma mən nədənsə bu nifrətə heç vaxt inana bilmirdim. Valideynləri boşanan Türkanın həmişə özünü boynubükük, sıxıntılı, əskik hiss etdiyini dərindən duyurdum. Az-çox tanınan atası haqda heç vaxt heç kimə söz açmazdı. Ətrafında olan dost-tanışı heç onun atasının kimliyini bilməzdi. Bəzən məcbur qalanda “boşanıblar” deyib mövzunu dəyişərdi, vəssalam.  Həyatının hər bir dönəmində boşanmış valideynlərin övladı olmağın iztirabını içində çəkir, nifrəti, qəzəbi daha da artırdı. Biz bir-birimizdən az-çox fərqli olduğumuz üçün rəfiqəmin bu halı mənə onun düşündüyü kimi acınacaqlı gəlmirdi. Mən onu anlamırdım. Daha doğrusu,  onun vəziyyətini acınacaqlı  hesab etmir, atasına olan nifrətini isə heçə sayırdım, inanmırdım. Çünki atasına böyük sevgisi olan bir qızcığazın böyük nifrəti heç cürə ola bilməzdi. Mən ki, axı mən ki bu sevgini görmüşdüm. “Sevgidən nifrətə bir addımdır” ifadəsi onun bu vəziyyətində bir külliyyatlıq yalandır. Bu od püskürmə nifrətdən başqa hər şey idi. Nəsə, nəsə adını qoya bilmədiyim, nifrət pərdəsi arxasında gizlənən başqa bir şey idi. Onun öz vəziyyətini dünyanın sonu imiş kimi düşünməsini isə heç anlamırdım. Axı nə vardı ki burda, bir-birinə zidd iki insan nəticədə bir-biri ilə yollarını ayırırlar. Bu qədər bəsit. Birlikdə gəldikləri yolu yarıda qoyub yeni bir yola addım atırlar. Ayrı dildə danışan, bir-birini məsxərəyə qoyan, çox zaman kinayəli davranan, daşıması qeyri-mümkün dərdləri yaşayan cütlüklər bu əzablara sinə gəlib niyə zülmlə yaşamalıdır ki?.. Mənə hər zaman elə gəlirdi ki, bir-birini səmimi, təmiz, ülvi hisslərlə, təmənnasız sevən cütlükləri həyatda heç bir çətinlik ayıra bilmir. Ən ağır sınaqlardan belə üzüağ çıxırlar. Birtərəfli, nəyinsə naminə yaradılan sevgi zənciri günün birində qırılmağa məhkumdur. Niyə birgə yaşayıb, ömürlərini bir-birinə diksinərək baxıb cürütməlidirlər?! Güzəşt edən tərəf birtərəfli qalırsa, o da geci-tezi təslim bayrağını qaldırır. Di gəl, sən bunu rəfiqəmə anlat. Əslində, o nə vaxtsa anasını başa düşüb anlamağa da çalışıb. Hətta onun yanında da olub. Amma ürəyinə hökm edə bilməyib. “Boşanmış ailənin qızı” yükü onun zərif çiyinlərinə ağır gəlib həmişə. Yaxından tanımaq istəyən oğlanların ailəsi barədə gerçəkliyi biləndən sonra ondan uzaqlaşdıqlarını mənə etiraf edərkən necə həyatdan, insanlardan küsür, ağlamsınırdı. Üzündəki sakit qəzəbi insanı bugünkü kimi lərzəyə gətirirdi. Amma Allahdan olan kimi, çox mərhəmətli, rəhmli qız idi Türkan. Şeytana uymurdu. Bitib gedən münasibətlərin sonunda sakitliyini qoruyub saxlaya bilirdi ən azı. Mən o vaxt belə düşünürdüm. Türklərsayağı da “Allahın təqdiridir” deyər, nəyə isə sığınardı. Bir Məlikməmmədin onu divlərin əlindən xilas edib quyudan çıxaracağı günə, simurq quşunun lələklərini yandırdıqda onu bu qaranlıq dünyadan işıqlı dünyaya aparacağına cani-könüldən inanar və o günü böyük səbirlə gözləyərdi.

Keçib maşına əyləşdi. Göz yaşlarını kağız salfetlə silərək – “Tez ol, tez sür gedək burdan... Qurtuldum, qurtuldum... İndi soruşan hər kəsə rahatlıqla “atam yoxdur”, “atam yoxdur”... deyə bilərəm” sözlərini deyə bildi...

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

Çərşənbə axşamı, 17 İyun 2025 12:38

Bir pəncərə açılmadı, vicdanlar bağlandı - AKTUAL

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Alt yazı:

Avtobusda baş verən adi bir hadisə, cəmiyyətin yaşlı nəslinin gənclərə olan münasibətini, zorbalığın susqun dəstəyini və ictimai laqeydliyi üzə çıxardı.

 

Gündəlik həyatımızda elə anlar yaşanır ki, təkcə bir insanın davranışı deyil, bütöv bir cəmiyyətin aynası kimi çıxış edir. Əxlaqın, hörmətin, anlayışın və şəxsiyyətin yoxluğunu bir nəfəsdə göstərən bir səhnə. Bu dəfə o səhnə adi bir ictimai nəqliyyat vasitəsində – marşrut avtobusunda yaşandı.

Hava isti, avtobusda nəfəs almaq müşkül. Pəncərələrin bir neçəsi açıq deyil, sərnişinlərin tərlədiyi hiss olunur. Və bu mənzərənin içində yaşlı bir qadın – xalq arasında “xala” deyə çağırılan biri – ətrafına hökm edir:

"Ay qız, aç da o zibili, mən ölürəm axı burda!"

Əlbəttə, insanın halı pisləşə bilər. Amma səs tonu və yanaşma – əmr, təhqir və kobudluqla dolu. Pəncərə yanındakı gənc bir qız nəzakətlə cavab verir:

"Ay xala, qulağım ağrıyır, o biri dayıya deyin, o açsın."

Burada bir anlıq susqunluq olmalıydı. Lakin bu susqunluğu bir neçə “şəxsiyyətini itirmiş” sərnişin pozur. Ədəbsiz sözlər, təhqir, qızın zahiri ilə bağlı alçaldıcı ifadələr – "eşşəyə oxşayırsan" tipli qeyri-insani çıxışlar.

Sanki cəmiyyətin yaşlı təbəqəsində bəzi şəxslər gənc nəsli linç etməyi özünə borc bilir. Halbuki tərbiyə nə yaşla ölçülür, nə də saçın ağarması ilə.

Gənc qız, bütün bu təhqirlərə baxmayaraq sakitcə ağlamağa başlayır və deyir:

 "Onda mən keçim, xala gəlsin otursun burda."

 

Sözün qurtardığı nöqtə bəlkə də budur. Sanki bu torpaqda anlayış və empatiya deyil, kobudluq və zorakılıq hörmət sayılır.

Hadisəyə şahid olan biri kimi sükut edə bilmədim. Həmin anda səsləndim:

 "Utanmırsız? Bir qızın üstünə bu qədər kişi və qadın yığışıb təhqir edirsiz? Əgər doğrudan da xalanın halına yanırsızsa, durun, siz yer verin. Niyə pəncərəni digər sərnişinlər açmır?"

Hadisənin gedişində sürücü də maşını saxladı, vəziyyəti soruşdu. Sağ olsun, düşüb yaşlı qadına su aldı. Amma qadının cavabı bu dəfə də özünü ələ verdi:

"İçmirəm dəə. Belə tərbiyəsizlərə nə deyəsən axı..."

Mən isə son olaraq həmin qıza dedim:

 "Sən niyə ağlayırsan bunlara görə? Gərək sən ağlayasan, yoxsa bu cəmiyyət?"

 

Nəticə: Nəfəs almağa pəncərə açmaq lazımdır əlbəttə.

Amma biz cəmiyyət olaraq fiziki pəncərələri deyil, mənəvi pəncərələri bağlamışıq. Nəfəs alan, düşünən, hiss edən insanlara yer dar gəlir. Xüsusən də qadınsan, gəncsənsə və itaət etmirsənsə.

 

Bu hadisə təkcə bir qızın pəncərə açmaması ilə bağlı deyil. Bu, cəmiyyətin dəyişməyə dirənməsi, nəsillərarası dialoqun pozulması və kobudluğun normal hala çevrilməsinin faciəsidir.

Əgər bir pəncərə açmaq bu qədər çətinləşibsə, bəlkə də əvvəlcə vicdanlarımızı havalandırmalıyıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

94 -dən səhifə 2345

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.