Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə esse və şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid İsmayıl Qəsəbov

 

İsmayıl Nəbi oğlu Qəsəbov (6 iyul 1991ÇaylıQazax rayonuAzərbaycan SSR – 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) - Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu, Vətən müharibəsinin şəhidi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsmayıl Qəsəbov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən İsmayıl Qəsəbov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

 

 Zamansəniatıbgetdi

Uşaqlığınortasına.

Sən gözlədin, o gəlmədi,

Nə toyuna, nə yasına.

 

Buna gəlmək demək olmaz,

Hamı gəldi, hamı getdi.

Bircə anan! Sənin üçün,

Ömrünün hər anı getdi.

 

Bircə anan, anan səni,

Hey axtarıb arayırdı.

Əllərinin qabarıyla

Saçlarını darayırdı.

 

Və beləcə illər ötdü,

Sənintək igid böyüdü.

Nə biləydi anan sənin

Evində şəhid böyüdür?

 

Nə biləydi, ona şəhid

Anası da deyəcəklər.

Məzarında qərənfillər

Lalə kimi bitəcəklər.

 

Nə biləydi, sinəsində

Bala boyda dərd olacaq?

Nə biləydi, təsəllisi

Uğur ilə Mərd olacaq?

 

Bilirik ki, şəhid ölmür,

Ölməmisən, yaşayırsan.

Sən əbədi ata, yoldaş,

Bala adı daşıyırsan.

 

Daşıyırsan bu vətənin

Hər daşını, torpağını.

Daşıyırsan qələbənin

Şuşa adlı bayrağını.

 

Sən vətənə, bu torpağa

Can deyərək vermisən can.

Sənin ilə fəxr eləyir

Çaylı, Qazax, Azərbaycan!

 

 “Ədəbiyyat və incəsənət”

(24.06.2024)

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfərə gedib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti Drezden Dövlət və Universitet Kitabxanasını ziyarət edib. Kitabxananın tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verilib.

Sonra nazir müavini Fərid Cəfərovun kitabxananın rəhbərliyi ilə görüş olub, sahə üzrə əməkdaşlığın perspektivləri barədə müzakirə aparılıb.

Nümayəndə heyəti kitabxanada qorunub saxlanılan Türk dünyasının ortaq ədəbiyyat və mədəniyyət abidəsi - "Kitabi-Dədə Qorqud" eposunun əlyazma nüsxəsi ilə tanış olub.

Qeyd edək ki, dastanın öyrənilməsi alman şərqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Bu əlyazma müqəddimə və 12 boydan ibarətdir. Dastanın ikinci nüsxəsi Vatikandadır. İtalyan alimi Ettore Rossi tərəfindən 1952-ci ildə nəşr edilmiş bu nüsxədə dastanın 6 boyu verilib. Son illərdə bu eposun yeni nüsxələri aşkara çıxarılıb. 1999-cu ildə ölkəmizdə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyi dövlət səviyyəsində qeyd olunub. Drezden və Vatikanda saxlanılan əlyazmaların faksimili ikicildlik "Kitabi-Dədə Qorqud ensiklopediyası"nda oxuculara təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

Mədəniyyət Nazirliyinin Beynəlxalq Çin kitab sərgisində təmsil olunan heyətinin Çin tərəfi ilə Pekin Dil və Mədəniyyət Universitetində toplantısı keçirilib. Görüş zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Mətbuat və Yayım Administrasiyası arasında 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna əsasən hər iki ölkənin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən xəbər verir ki, Milli Mətbuat və Yayım Administrasiyasının birinci dərəcəli müfəttişi, Mərkəzi Komitənin Təbliğat Şöbəsinin İdxal və İxrac Bürosunun direktor müavini Cao Hayyun nümayəndə heyətini salamlayıb və Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihəsinin önəmini vurğulayıb. Bildirib ki, layihə iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə öz töhfəsini verəcək.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin rəsmi nümayəndə heyəti Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın iştirakının təşkili ilə bağlı göstərilən dəstəyə, eyni zamanda, Azərbaycanın mədəni irsinə olan diqqətə görə təşəkkürünü ifadə edib. Çin tərəfinə tərcümə layihəsinin hazırkı vəziyyəti ilə bağlı məlumat verilib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində iki xalqın mədəni əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edilib. Çin tərəfi 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində bir neçə Çin nəşriyyatının iştirak edəcəyini bildirib.

 

Görüş Bakı Beynəlxalq Kitab Sərgisinin tanıtım çarxının nümayişi ilə yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət”

(24.06.2024)

 

23 iyun hər il ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.

 

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən  35 dövlət qulluqçusu and içib.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibliyinin birgə təşkilatçılığı ilə İnstitusional İslahatlar və Yaxşı İdarəçilik üzrə İşçi Qrupunun “Dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətin idarə edilməsi” mövzusunda vebinar keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlunata görə əsas məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində keyfiyyətli idarəetmə sistemləri, vətəndaş məmnunluğu, o cümlədən innovativ həllərin tətbiqi ilə əlaqədar təşkilata üzv ölkələrin dövlət qurumları arasında birgə təcrübə mübadiləsinin aparılması olub. 

Proqram çərçivəsində müxtəlif sessiyalarda Dövlət Agentliyinin nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrin müvafiq dövlət qurumlarının rəsmiləri tərəfindən geniş təqdimatlar edilib, suallar cavablandırlıb. QDİƏT-in Baş Katibliyi müvafiq vebinarın təşkilata üzv dövlətlər arasında səmərəli təcrübə mübadiləsinin təşviqində xüsusi rolunu vurğulayıb.

 

Xatırladaq ki, Dövlət Agentliyi müvafiq sahədəki qabaqcıl təcrübəsinə əsasən QDİƏT-in İnstitusional İslahatlar və Yaxşı İdarəçilik İşçi Qrupunun 2023 - 2025-ci illər üçün ölkə üzrə koordinatoru seçilib.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 18:36

Lənkəranda Füzuli anılıb

 

Bu gün - iyunun 21-də AYB Lənkəran Bölməsi və  Lənkəran Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi münasibətilə "Füzuli rindu şeydadır..." adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına AYB Lənkəran Bölməsindən verilən məlumata görə, kitabxananın akt salonunda keçirilən tədbirdə bölğə yazarları, kitabxana əməkdaşları, ziyalılar, məktəb şagirdləri iştirak ediblər. 

Tədbirdə Füzulinin şeir və qəzəlləri, ona həsr olunan şeirlər və şeirlərinə yazılan təxmislər səslənib. 

Məktəb şagirdləri tərəfindən Füzulinin səsləndirilən şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı şair, publisist, siyasi icmalçı Əkbər Qoşalının növbəti siyasi icmalını təqdim edir. 

 

Dünən Ümumdünya Qaçqınlar Günü idi. Qaçqınlıq, köçkünlük, didərginlik nədir? – biz bunu iliyinədək hiss edən xalqlardanıq.

Dünən ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Antoni Blinken Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmasının tezliklə baş verməsi çağrısına vurğu edib.

Dövlət katibi ilə Prezidentin dünənki telefon danışığında qarşıdan gələn COP29-a hazırlıq sürəcində ölkələrimizin səmərəli işbirliyinə də toxunulub. Əlbəttə, bu planda, iqlim dəyişikliyi və enerji sahəsində çoxillik uğurlu işbirliyi də unudulmayıb. 

Nə xoş təsadüfdür: dünən həm də Azərbaycan Qaz Sənayesi İşçilərinin Peşə Bayramı Günüydü. 

Məlumunuz: qaz – ucuz və ekoloji cəhətdən ən təmiz yanacaq növüdür. 2024-cü təqvim ilini “Yaşıl Dünya naminə Həmrəylik İli” elan etmiş və COP29-un evsahibi Azərbaycan, iri qaz ehtiyatlarına malik olan ölkələrdəndir. Dövlətimizin enerji sahəsində məqsədyönlü fəaliyyəti ölkəmizi regional enerji mərkəzinə çevirib. Dünyanın ən zəngin qaz yataqlarından biri bizim “Şahdəniz”dir. “Güney Qaz Dəhlizi” ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində gerçəkliyə çevrilməyə başlayıb. Azərbaycandan başlayan yaxud keçən xətlər, yollar, dəhlizlər qardaş Türkiyəyə Gürcüstan üzərindən davam edir. Öz işğalçılıq gerizəkalılığı üzündən dalana düşmüş Ermənistan, qarşı dönəmdə Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsə, dalan oğlu dalan qalacaq. Hətta o statusda belə qala biləcəksə...

 

Budur, biz dünənə üç dəfə vurğu etdik – bu günü yazsaq, bu gün hərəkət etsək və gələcəyə getsək də, istinadgah dünəndir ki, dünəndir. Yalnız özümüzlə, sözümüzlə dünəndə qalmamalıyıq; necə deyərlər, deyilənlər, edilənlər funksional olmalıdır, yaşarılı olmalıdır.

 

Gəlin 

yaxın dünənə vurğulardan çıxış edərək, Ermənistanla mümkün sülh müqaviləsi məsələsinə toxunaq. Ümumdünya Qaçqınlar Günü deyirik; bəs bu qaçqınlığın son bulması üçün nə lazımdır? – onların öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli qayıdışı! Azərbaycan dövləti, xalqı bununçün nə edə bilərsə, artıqlaması ilə edir. Lakin bizdən asılı olmayan məsələlər də var axı. Axı 1 milyon azərbaycanlını qaçqın-köçkün həyatına düçar edənlər, elə 1 milyon da mina basdırıb bizim torpaqlara... – O minaların tam xəritələrini vermirlər - 10 noyabr Üçtərəfli Bəyanatının 4-cü ildönümünə az qalıb, rəsmi İrəvan isə son və qəti addımı atmır ki atmır. 

 

Yaxşı, o xəritələri gizlətməklə nəyi hədəfləyir, nə qazanır Ermənistan? –

 

Mina qurbanlarının sayı artsın?

 

Qaçqın-köçkünlərin qayıdışı ləngisin?

 

Kütləvi məzarlıqlar daha gec aşkarlansın?

 

Və yaxud daha nə?

 

Bəs

bu bədniyyətliliklə Sülh müqaviləsi bir araya necə gələcək? Minalar üstündə Sülh olurmu? Üstəlik, Ermənistan azərbaycanlı əsir, girov və itkinlər haqqında yetərli bilgiləri də bölüşmür. Ermənistanın bu məzmunsuz, gərəksiz və perspektivsiz dirənişini, cığallığını ABŞ da bilir, Rusiya da, Fransa da (hələ başqaları da)... 

Bu üç ölkənin adını birgə çəkmişkən, yenidən Blinken-Əliyev telefon danışığına diqqət edək. Rəsmi bilgidə oxuyuruq: “Prezident İlham Əliyev artıq keçmişin qalığı olan münaqişə səhifəsinin tamamilə bağlanması üçün qeyri-funksional olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün institutların fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini əlavə edib”. Bax, bu fikrin alternativi varmı? – Əsla, yox! O zaman, sual yaranır – keçmiş həmsədrlər nə düşünür bəs? Keçmiş işğalçı mina xəritələrini verməsin, əsir, girov və itkinlər barədə bilgiləri bölüşməsin, keçmiş həmsədrlər də keçmiş olmaq istəməsin!?. – Belə olmur axı, olmur belə! Sonra da deyirlər tərəfləri tezliklə sülh müqaviləsi imzalamağa çağırırıq. – Nəymiş, əfəndim? – illa tezliklə, illa! Tezliklə olmalıdırsa, olsun – sülhpərvər ölkə nə istər? – sülh istər, əlbəttə. Əlbəttə, sülhpərvərin sülh istəyi ədaləti, səmimiyyəti, işbirliyi ruhunu daşıyır - sülh qalıcı olmalıdır, ötəri yox. Əgər sülhün tezliklə imzalanmasında maraqlılar da ədalətdən yana olsalar (qalıcı sülhü tərcih etsələr) – no problem! Yoxsa, qərinələr öncə, İrəvanı “güzəşt”ə gedək – daha bizdən torpaq istəməsinlər və beynəlxalq birlik də müstəqilliyimizi tanısın, sonrasına baxarıq – deməklə olmur indi. Sonrası Zəngəzur əldən getdi, başqa olanlar oldu və bütün bunlar yetməzmiş kimi, bir də, 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Xankəndidə bədnam “miatsum” bağırtısı başladı... Biz bu acı “təcrübə”nin üzərindən tələsib, “tezliklə” deyib, gələcək nəsillərə yeni başağrısı “miras” qoya bilmərik.

 

Bəs bizi sülh müqaviləsinə tələsdirənlərin ədaləti unudub-unutmadığını necə bəlli etməli? – Bununçün yeni bir Amerika açmağa ehtiyac yoxdur, əslində. Əslində, bunun formulu da Azərbaycan Prezidentinin ABŞ Dövlət katibinə dediklərində mövcuddur. Rəsmi bilgidə oxuyuruq: “ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib”. 

 

Bəli, budur, məsələ: 

sülhün tərəfi öz Əsas Qanununu sülhə kökləməlidir! Əksini düşünmək, keçmiş işğalçının ərazi iddialarına haqq qazandırmaq kimi alqılana bilər.

 

Regionda sülhün təmini üçün ilk addımı biz atmışıq. Beynəlxalq hüquq normalarına uyğun olaraq, Sülh müqaviləsinin baza prinsiplərini biz işləmişik. Yəni başımıza gətirilən danılmaz müsibətlərə baxmayaraq, gələcəyə baxmağın tərəfdarı biz olmuşuq, biz! İkitərəfli əsasda normallaşma prosesi və sülh gündəliyinin irəliləməsində töhfələri məhz biz vermişik. 

Biz qalib ədası yox, qalib ləyaqəti göstəririk; ərdəm bizim xarakterimizdən, ruhumuzdan gəlir, o, bizimçün sonradan qazanılmış nəsnə deyildir... Hələ bir də, qarşı tərəf ərdəm kateqoriyasına heç can atmamış ola...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlını qarşıdan gələn 55 illik yubileyi ilə bağlı təbrik edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, komitə sədrinin yubilyara ünvanladığı məktubda deyilir:

 

“Hörmətli Güllü xanım,

Sizi 55 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, ictimai və yaradıcı fəaliyyətinizdə yeni uğurlar diləyirəm!

Siz “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin qurucusu olmaqla yanaşı, “Aşıq Pəri Məclisi”nin sədr müavini (2015-2022), Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Aşıqlar Birliyinin üzvü, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi sədrinin müşaviri olaraq çoxşaxəli məhsuldar ictimai və yaradıcı fəaliyyətinizlə seçilirsiniz.

Siz Gürcüstanın Rustavi şəhərində doğulmusunuz. 1986-cı ildə Rustavidə 7 saylı orta məktəbi bitirmiş, Rustavidə orta ixtisas təhsili almış, uzun müddət Rustavi şəhər nəşriyyatında çalışmısınız. Rustavidə “Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin qurucularından biri olmusunuz. Şeirləriniz, publisistik yazılarınız Gürcüstanda, Azərbaycanda nəşr olunan qəzetlərdə yayınlanıb, Tiflis radiosunda səsləndirilib. Şeirləriniz özbəkcəyə uyğunlaşdırılıb və “Oşik Pori İnjilari” (“Aşıq Pəri inciləri”) kitabında yer alıb. “Aşıq Pəri Məclisi”, “Aşıq Pəri inciləri” antologiyalarının tərtibçisi və bir neçə kitabın redaktorusunuz. “Azərbaycan kəlağayısı – min illərin yadigarı”, “Kəlağayı əlvan qıyğacı”, “Nağıl kəlağayım, sirr kəlağayım” və b. kitablar sizin rəhbərliyinizlə nəşrə hazırlanıb.

Özünüzün şeirlər və publisistik yazılar kitablarınız gün üzü görüb.

2022-ci ildə Ərzincanda (Türkiyə) keçirilən Türk Dünyası Simpoziumunda, 2023, 2024-cü illərdə Bakıda keçirilən 2-ci, 3-cü Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında uğurla iştirak etmisiniz.

Sizi ictimai fəaliyyətdə, yaradıcılıqda əldə etdiyiniz uğurlar və 55 illik yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Poetik Qiraətdə bu gün yenə də Cəlilabadda yaşayıb yaradan ustad şair Əlizadə Nuridir. 

“Qarabasma” bir sevgi şeiridir, həyat sevgisi, ağrı, əzab sevgisi.

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan, -

 

deyən şair yenə də təkrarsızdır, yenə də mükəmməldir. 

Xoş mütaliələr!

 

 

Yaxınlıq uzaqdadır- daha qovuşmarıq biz,

Var olanlar içində indi bir "yox"da vardır.

Dünya bir dağ kimidi, ətəyində qarıq biz

Bir də baxdıq- əridik... bir də gördük bahardı.

 

Həm yandıran, həm yanan o nəğməni oxuma,

Bəlkə son mənzil özü elə mənzil başıdı?

Mən dünyaya gələndən bir qız girir yuxuma

Bəlkə elə o qızdı yaddaşımın yaşıdı?!

 

...Sən də qapı bağladın, qovdun məni bu axşam-

Uzaqdan əsib gələn yad küləklər kimiyəm.

Bir sevginin başına neçə dövrə vurmuşam-

Çiçəklərə aldanan kəpənəklər kimiyəm...

 

Təzə qəm istəyirəm nazını çəkmək üçün,

Təzə qəm isdəyirəm- əl çəkim bu boyatdan.

Min əzabın içində çətin imiş tək üçün

İndi ölümdən deyil, hamı qorxur həyatdan.

 

Məni nələr çəkdisə, mən də ondan çəkindim,

Tək sevdiyim ölümə yar olmağa gedirəm.

Bu dünyaya gələndə şəkil kimi çəkildim-

İndi torpaq-alboma saralmağa gedirəm...

 

Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Cümə, 21 İyun 2024 17:05

Afrika yığması Avropa çempionatında

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

-Ay bacı, siz nə qəşəng süfrə açmısız, bütün nazu-nemətləri düzmüsüz.

-Ona görə ki, sizin qonaq gələcəyinizi bilmirdim.

 

2.

Çin gəlinciklərə süni intellekt quraşdırıb. İndi gəlinciklər sizinlə söhbət edə, hirslənə, qazanı başınıza çırpa, küsüb anasıgilə gedə bilirlər.

 

3.

Avropa çempionatında çıxış edən Afrika yığması Fransa geyimində meydançaya çıxır. 

 

4.

Məşhur cibgir Səməd heç vaxt plyaja getmədi. Bilirsiniz niyə? Çünki cibsiz insanları həzm edə bilmirdi.

 

5.

Bizim deputatlar kardinal qərarlar qəbul etməkçün gözləyirlər ki, kardinal olsunlar. 

 

6.

Elə yaşa ki, öz nekroloqunu oxuyanda utanmayasan. 

 

7.

-Sizin vicdanınız var?

-Var. Amma istifadəyə yararsızdır. 

 

“Ədəbiyyat və incəsənət”

(21.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.