
Super User
BİR SUAL, BİR CAVAB Təranə Dəmir ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Mahatma Qandiyə görə: "Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir."
Sizcə, bu ifrat bataqlığını yaradan hansı əməllərdir?
CAVAB
Azadlığı bəzən barbarlıqla dəyişik salırıq. Azadlığın qapısını geniş açmaq olmaz. İfrat azadlıq meşşanlığa, ləyaqətsizliyə belə apara bilər adamı. Azadlığı anlamadan "mən azadam " demək olmaz. İnsan nəfsinə, şərəfinə, qeyrətinə sahib çıxmağı bacarmalıdır. Məsələn: "Azadam "- deyib hər düşündüyünü etmək və ya demək də olmaz. Azadlığın da sərhəddi var. Keçdinsə, özünü itirəcəksən.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
ƏN YENİ ŞEİRLƏR - Əlizadə Nuri, “Hamı sol yanını sağ istəyirmiş...”
“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:
Əlizadə Nuri
“Hamı sol yanını sağ istəyirmiş...”
Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində, qadın.
Tanrı bir "bağlama" göndərib mənə
Sənin adın yoxdu içində, qadın.
Sən hara çəkildin?- sən çəkiləndən,
Bir gün də nəşəm yox, min gün ahım var.
Mən sənə min dəfə ,,bağışla" dedim-
Sən elə bildin ki, min günahım var.
Bəlkə də bu dünya sənsiz başlayıb,
Amma bu dünyanın sonunda sənsən.
Hamı sol yanını sağ istəyirmiş-
Nə yaxşı, mənim də solumda sənsən.
Gəl, gedib oturaq öz küncümüzdə,
Bizim nə işimiz özgə masada?
Adam hərdən çıxıb getmək istəyir
Lap elə getməyə yer olmasa da...
...Sevinc əkiləndə mən də varıydım,
Yada salmadılar biçində, qadın.
Tanrı bir ,,bağlama" göndərib mənə-
Heyif, adın yoxdu içində, qadın...
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Bu gün “Qafqazlı qardaşqızı” operettası növbəti dəfə səhnədə olacaq
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, teatrın rus bölməsinin hazırladığı tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı iyulda çox maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Sənət ocağının bu ay üçün nəzərdə tutulan repertuar planını təqdim edirik.
5 iyul - “Qafqazli qardaşqızı”
6 iyul - “Beş manatlıq gəlin”
7 iyul - “999-cu gecə”
11 iyul - “Aysedora”
12 iyul - “Qadınım”
13 iyul - “Adanın adamı”
14 iyul - “Leyli və Məcnun”
18 iyul - “Paris Notr-Dama ithaf”
19 iyul - “O olmasın, bu olsun”
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
QƏRBİ AZƏRBAYCAN ƏFSANƏLƏRİ - Göyçə mahalındakı Ağlağan təpəsi
Zahirə Cabbar, “Ədəbiyyat və incəsənət”
Qədim zamanlarda uca və əzəmətli dağların, buz kimi bulaqların əhatəsində saf havalı, füsunkar təbiətli qəhrəman yurd yeri vardı. Bu yurdun sakinləri gur sulu çaylar, diş göynədən buz kimi bulaqları ilə məşhur olan yaşıl donlu təbiət qoynunda firavan yaşayırdılar. Yaylaqlarında obalar quran, məskənlər salan insanların sayı getdikcə artır, yurd yerlərini gülüstana çevirirdilər. Tanrı öz qələmi ilə burada möcüzə yaratmışdı. Bir tərəfdə əzəmətli dağlar, axar sular, digər tərəfdə sıx ağacları ilə zəngin meşə. Günlərini hədər keçirməyən zəhmət adamları yorğunluq bilmədən bütün günü torpaqda işləyirdilər. Təbiətlə təmasda olan bu insanlar elə təbiətin bəxş etdiyi bütün sərvətləri dəyərləndirir, faydalarını öyrənirdilər. Baldırğan, çaşır, min bir dərdə dərman çobanyastığı, kəklikotu, böyrəkotu, qantəpər, yarpız dəmləməsinin əvəzi tapılmazdı. İnsanlar dağlardan dərdlərin dərmanı olan bitkiləri toplayır, qurudur, qış uzunu işlədərdilər.
Ramazan bəylərin mal-qara sürüsünə çobanlıq edərdi. Dağlarda otlayan mal qaranı gözdən qoymaz, əlindəki çomaqla yerə vurub səs salar, qurd-quşu hürküdərdi. Onun sadiq atı sanki adam kimi dil bilirdi. Hansı tərəfə gedərdisə, Ramazan da sürünü o tərəfə haylayardı. Bir gün sürünü uca bir dağın ətəyinə tərəf qovanda çomağı daşa dəyib sındı. Özünə yeni bir çomaq düzəltmək istədi, bir möhkəm budaq tapıb cibindən bıçağı çıxartdı. Baxdı ki, bıçağı kütləşib. Atını bir ağaca bağlayıb bıçağını itiləmək üçün bülöv daşı axtarmağa başladı. Çox gəzdi, ipək kimi çəmənliklərlə dolaşdı. Dağlarda bitən yemlik, turşəng, qanqaldan yedi, nəhayət, çox axtarışdan sonra səpələnmiş bülöv daşları görüb sevindi, özünə lazım olan daşlardan irilərini seçib torbaya yığdı, çiyninə aşırıb çaya doğru getdi. Atını bağladığı ağaca yaxınlaşdı. At yox idi. Ramazan atın axtarışı ilə xeyli müddət gəzdi, yoruldu, arabir bir az dincini alıb yenə də sevimli atını tapmaq ümidi ilə yurd yerindən xeyli uşaqlaşdı. O, tamamilə tanış olmayan, amma bərəkətli, qeyri-adi mənzərəli, cənnət kimi bir yerə gəlib çıxdı. Meşə ilə örtülmüş vadi, təmiz, dupduru bulaq suyu ilə çayı kəsirdi. Gölün ətrafı boyu sahildə yamyaşıl, yumşaq, şirəli, qalın otlar vardı. Sakitliyi ancaq quşların ciggiltisi və çayın səsi pozurdu. Çəmənliyin rəngarəng çiçəkləri sanki təbiətin toxuduğu bir xalı idi. Birdən at kişnərtisi eşitdi. Ramazan min at səsindən öz atının səsini tanıyırdı. Köhlən atı güllə kimi sıldırım daşlığı enib, quş kimi uçub onun qarşısında dayandı. Ramazan atını tapdığına sevindi, başını, üzünü, yalını, belini, sağrısını tumarladı. Sonra sevinc içərisində öz-özünə dedi: -“ Bu yerləri Tanrı xoş saatlarında yaradıb. Mən kəndə gedib camaatı bura gətirəcəyəm”- sonra gölə baxıb - “Göyçək - deyib sevinclə qışqırdı. Ramazan öz obasından olan insanları bura gətirdi. Onlar da bu gölün “Göyçək” olması ilə razılaşdılar və burada köç saldılar, məskunlaşdılar. Dağın başından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı.
Yurd salan insanlar əkinçilik, maldarlıq, bağçılıq, xalçaçılıq, arıçılıq, balıqçılıqla məşğul olmağa başladılar. Göyçə mahalı az keçmədi ki, el şairlərinin vətəni oldu. Bu mahalda yaşayıb-yaratmış insanlar qopuzla, sazla şöhrət qazandılar. Onlar şad günlərdə, qəmli anlarda sinələrinə qopuzu dirəyib ürək çırpıntılarını, daxili sızıltılarını ifadə etdilər. Alaçıqlarda yanan lampalar, çöldə isə ay işığı onların həyat yollarını işıqlandırdı.
Bir gün Ramazan qopuz əlində, dağ döşündə ürəyindən gələn səslə oxuyub, ağı deyirdi. Öz bəxtindən, subaylığın daşını hələ də atmadığından şikayətlənirdi. Nəhayət, yorulub əlində qopuz yatdı. Yuxuda nurani bir qoca ona belə dedi:- “Bu göldə üzən yaşıl başlı bir ördək sənin qismətindir. Apar onu evinə. Hər gün səhərlər gətir bu göldə üzsün, axşam yenə qaytar. Beləcə düz yeddi il tamamında o dönüb qız olacaq.”
Ramazan yuxudan ayıldı. Göldə həqiqətən də yaşılbaş bir ördək üzürdü. Yaxınlaşıb ördəyi tutdu, ördək ona tabe olurmuş kimi çırpınmadı. Beləcə Ramazan hər gün ördəyi səhərlər gölə aparar, axşamlar isə evinə qaytarardı. İllər keçdi, bir gün Ramazan artıq öz bəxtindən küsən aşiq kimi gölün yanındakı təpədə əlində ördək Tanrıya üz tutub dedi: “Artıq mən yoruldum, belə bir imtahana dözə bilmirəm! İstəmirəm belə bəxti. Qoy elə subay qalım!” Elə həmin anda ördək gözəl bir qıza döndü, mələk kimi qanadlandı və - “Sənə qovuşmağıma cəmi üç gün qalmışdı, sən dözə bilmədin, indi səni həmişəlik tərk edirəm”- deyib uçub uzaqlaşdı, qayaların yarıqlarına çəkilib dumana döndü, gözdən itdi. Ramazan bu mənzərədən xeyli sarsıldı, təpənin başındaca oturub hönkür-hönkür ağladı. Həmin yerdə onun göz yaşlarının sakit axan şəlaləsi peyda oldu. Ramazan kor-peşman evinə qayıtdı. Yolda qanadlı mələyin səsin eşitdi: “Yolunla düz get, arxaya baxma, sənin göz yaşlarından yaranan şəlalə öz təmiz sularını obada yaşayan insanlara gətirər”. Amma Ramazan dözməyib arxadan səsi gələn yaşılbaş sonasına son dəfə baxmaq istədi. Və həmin anda şəlalə itdi, suları kəndə gəlib çatmadı.
Bu təpə oğuz türklərinin daş yaddaşına əbədi yazıldı. Göyçə mahalının insanları Ramazanın göz yaşı tökdüyü yeri Ağlağan təpəsi adlandırdılar.
Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
GÜLÜŞ KLUBUnda eynəklilər
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Balaca Səlma qapını açanda qapıda iricüssəli bir gənci gördü.
Gənc soruşdu:
-Balaca, bacın evdə?
Səlma arxaya qanrılıb qışqırdı:
-Sona, sənin boz üzlü not dəftərinin 22-ci və 28-ci, göy üzlü not dəftərinin isə 19, 24, 36 və 39-cu səhifələrində olan tip səni soruşur.
2.
-Ay arvad, bəsdir də hər şeyi şəxsiləşdirdin. Bizim nəyimiz varsa hər ikimizindir. Ev bizimdir, bağ bizimdir, maşın bizimdir. Eşitdin?
-…
-Axı mənə qulaq asmayıb o şkafda nə axtarırsan?
-Bizim büstqalterimizi.
3.
Döyüşdə qalib gəlmək üçün ən azı döyüşdə iştirak etməlisən, ay adam!
4.
Öz kasıbçılığı ilə qürrələnən çox adam gördüm, amma varlı olmasından utanan adam görmədim.
5.
Vallah nazirlikdə hamı ağıllı görünsün deyə eynək taxır, qara kürü yeyən binəvaların içində bircə gözü zəif adam yoxdur.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Misralara çevrilmiş zərif duyğular…
Ramilə Əliyeva, “Ədəbiyyat və incəsənət” üçün
Brilyant Atəş - bu ad mənim üçün çox doğma, çox əziz bir insanın varlığını ifadə edir. Brilyant Atəş mənim üçün adının, sözünün, əməlinin haqqını verən dəyərli bir söz adamıdır.
Onunla tanışlığımız 3 il öncə bir vatsap qrupu vasitəsilə oldu. Sonralar qrupumuz öz ətrafına bir çox dəyərli söz adamlarını toplayaraq "Nur ocağı "ədəbi-bədii məclisi kimi fəaliyyət göstərməyə başladı. Və beləliklə bizim Brilyant müəllimə ilə sıx dostluq və səmimiyyətimizin əsası qoyuldu.
Onu qeyd etməliyəm ki, Brilyant Atəş illərin zəhmətini çiyinlərində daşıyan fədakar bir ana, ailə başçısı, ziyalı bir Azərbaycan xanımı, zəhmətkeş bir pedaqoqdur. İllərini, ömrünün ən enerjili vaxtlarını ailəsinə, övladlarına, təhsil verdiyi yüzlərlə şagirdlərinə həsr etmiş bu xanım uzun illər yaradıcılıqdan uzaq qalmış, bir növ öz yaradıcı dünyasını arxa planda saxlamışdır. "Nur ocağı" ədəbi-bədii məclisində fəaliyyəti onun yaradıcılıq imkanlarının aşkara çıxıb geniş oxucu kütləsinə əlçatan olmasında önəmli rol oynamışdır.
Brilyant Atəş hal-hazırda Mirvarid Dilbazi poeziya məclisi ictimai birliyinin fəal üzvlərindəndir. Və birliyin bir çox tədbir və layihələrində yaxından iştirak edir və kəlağayımızın daha geniş təbliği sahəsində Güllü Eldar Tomarlıya yaxından dəstək olur.
İndi də keçək xəbərə.
27.05.2024-cü il tarixində Brilyant Atəşin Mirvarid Dilbazi poeziya məclisinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş "Nənəmin kəlağayısı" kitabının təqdimat mərasimi keçirildi. Kitab müəllifin sayca dördüncü kitabıdır. Tədbirin təşkilatçısı Güllü xanım Tomarlı Brilyant Atəş yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Tədbirdə Vaqif Osmanlı, Ötkəm Eltac, Səadət Buta, Sehran Süleymanova və bir çox yaradıcı insanlar öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb Brilyant Atəşin yaradıcı fikirlərini təhlil etdilər. Tədbirə "Nur ocağı "ədəbi-bədii məclisindən bir çox başqa məclis və təşkilatlardan yaradıcı insanlar dəvət olunmuşdu.
Brilyant Atəş yaradıcılığının sehrinə dalan insanlar ona öz duyğu və düşüncələrini ünvanlayıb təbriklərini çatdırdılar. Tədbirdə Brilyant Atəşə 'Nur ocağı" ədəbi məclisi tərəfindən gül buketi, Mirvarid Dilbazi poeziya məclisinin gözəl kəlağayı hədiyyəsi təqdim olundu.
Bu tədbirdə iştirak edib Brilyant müəllimə haqqında öz fikir və düşüncələrimi bölüşmək imkanını mənə yaratdığı üçün Güllü xanıma öz təşəkkürümü bildirirəm.
Və sonda Brilyant Atəş yaradıcılığından müəyyən məqamlara toxunmaq istəyirəm.
Brilyant Atəş öz şeirlərində bəzən döyüşkən əsgər, bəzən irəli komandası verən cəsur Azərbaycan komandanı, bəzən Şəhid tabutu qarşılayıb öz ciyərparasını məzara qoyan dərdli, amma eyni zamanda da qürurlu Şəhid anası, bəzənsə haqsızlığa qarşı çıxan haqq-ədalət carçısıdır.
Onun 44 günlük haqq savaşına həsr etdiyi şeirindən bir bəndi diqqətinizə çatdırmaq istəyirəm. Bu misralarda bu yaradıcı xanımın vətənpərvərlik duyğuları açıq-aşkar görünür:
Tarixlərin alt qatını yarıb üzə çıxandı,
Yağı düşmən sinəsini əməliylə yıxandı,
Ruhu haqqın dərgahında
haqdan bəri baxandı,
Mindi qeyrət köhlənini heyran qoydu cahanı,
44 gündə zəfər çalan bu ölkəyə tay hanı?
Brilyant Atəş öz yaradıcı fikirlərinin rəngarəng və zəngin olmasını "Haqq gerçəyi” şeirində də əhatəli və dolğun şəkildə ifadə etmişdir:
Mən şeir yazıram bərsiz-bəzəksiz,
Bənzəyir hər sözüm gül ləçəyinə,
Ətri, təravəti aləmi tutar,
Oxşayır əlçatmaz dağ çiçəyinə.
Yatır qoşmalarım Ozan dilinə,
Divanım güc gəlir dağlar selinə,
Təcnisim atdanır dəvə belinə,
Gəraylım naz satır qız göyçəyinə.
Qəzəlim ləngərli, yolu Füzuli,
Gəzəcək dillərdə neçə yüz ili,
Rübaim,məsnəvim, eşqim əzəli,
Ruhum sadiq qalır Haqq gerçəyinə.
Dodaqdəyməzlərim xəyala dalır,
"Qoşa yarpaq"larım cüt qanad çalır,
Qıfılbənd gücünü Atəşdən alır,
Müxəmməs güvənir ağ birçəyinə.
Onu sevən və yaradıcılığını dəyərlidirən dostları və oxucuları adından Brilyant Atəşə bol-bol uğurlar və yaradıcılıq sevincləri arzu edirəm.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
Dədə Qorqud bənzəri
Nəvai Mətin, “Ədəbiyyat və incəsənət” üçün
Və şair Rəfail incəyurd 70-ə çatdı. Həm də gözümüzün qabağında, addım-addım gəldi bizimlə birgə.
Rəfail İncəyurd yaddaşdı, adı çəkiləndə neçə-neçə dühalar yada düşür. Vaqifdən Akif Səmədə kimi. Çünki yaşadığı hər gün o dühaları içində gəzdirir və yaşadır.
Adı çəkiləndə insanın içində bir yurd sevgisi qımışır, götürdüyü təxəllüsün məsuliyyətini həssalıqla və ciddiliklə fərq edir.
Onun adı çəkiləndə göz önündə Dədə Qorqud canlanır. Nəsihətləriylə, məsləhətləriylə.
Məsləhət vermək hər yaşa dolan adamın işi deyil, onu qazanmaq lazımdı. Rəfail İncəyurd o məqamdadı.
Rəfail İncəyurda uzun, sağlam, yaradıcılıq dolu illər arzulayıram.
Ömrün bü ahıl və məhsuldar dövrünü onu sevənlərlə və özünün sedikləri ilə gözəl günlər qisməti olsun!
Rəssamın ən gözəl hədiyyəsi nə olar ki? Əlbəttə çəkdiyi rəsm. Bu rəsmimdə onu təsvir etmişəm.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
“Qanadsız mələk” - KİTAB BƏLƏDÇİSİNDƏ
Leyla Səfərova, “Ədəbiyyat və incəsənət”
“İkimizdən biri xoşbəxt olacaqdısa, qoy o olsun. Axı onu hətta özümdən də qoruyacağıma söz vermişdim...”
Son zamanlar kitab oxumağa nə səbrim çatmırdı, nə də istədiyim kimi axıcı bir kitab tapa bilmirdim ki oxuyum. Başladığım kitabları da ya yarıda qoyurdum, ya da heç yarıya da çatdırmırdım. Amma bu kitabda məni nə çəkdisə, 1günün sonunda baxdım ki, artıq kitabın son səhifəsini də bağladım. Kitabla bağlı internetdə rastıma çıxan alıntılar diqqətimi o qədər çəkirdi ki, kitabı oxuyarkən bu qədər içinə qapılacağımı, özümdən bir parça tapacağımı artıq hiss etmişdim.
Məndən kitabda nəyi ən çox sevdim deyə soruşsanız buna cavabım, hər halda Muradın saf və həqiqi sevgisi olar deyəsən. Hə, Mələk bunun fərqində belə deyildi, hə, Mələk başqa sevgilərin ardınca gedirdi. Amma Murad Mələyin başqasına olan sevgisindən belə xoşbəxt idi. Çünki, Mələyinin gözləri parlayırdı…
Kitab o qədər axıcı dillə yazılıb ki, başladıqdan sonra dayanmaq çox çətindir. Bir nəfəsə oxunacaq kitab axtaranlar üçün məncə idealdır.
Kitabın mövzusunu qısaca belə izah edə bilərəm: Mələk həyatında əsla varlığı və yoxluğunu ayırd edə bilməyəcəyi birinə aşiq olur və qapılarını dünyaya qapayır. Lakin gözünü açdıqda artıq çox şey üçün gec olur. O əsl sevgini, qanadsız mələyini bir bilinməzliyə qurban verir. Murad son nəfəsini Mələyi 3il sonra yenidən, son dəfə görməyə gedərkən, onun yolunda verir. Mələk isə özünü yenə bilinməzliyin qucağında, Ayxanın yanında tapır. O, Ayxanı bağışladımı, yoxsa artıq ağlı birdaha görməyəcəyi Muraddamı qalacaqdı, bu da oxucu üçün bilinməz qalır...
Hər kəsin həyatında, məncə, Ayxan kimi nə hislərinə sahib çıxan, nə də cəsarətini toplamağı bacaran insanlar var. Oxuduqca tanış obrazlarla rastlaşırıq kitabda. Və məncə, ən azı çoxumuz əsl sevgisini Mələk kimi vaxtsız itirmiş, qiymətini bilmədiyi üçün də sonralar peşman olmuşdur... Eybi yox, Murad demiş, bəlkə paralel diyarlarda onlara qovuşarıq.
Sonluğu daha başqa gözləyirdim, düzdür, xəyalımdakı kimi olmadı. Yarım qaldı... Həm kitab, həm də Muradla Mələyin hekayəsi. Olsun, həmişəki sözümü də deyib fikirlərimi yekinlaşdırım. Yarım qalam hər şey tamamlanmağa məhkumdur.
Uzun müddət sonra bir kitab oxumaq, fikirlərimi cəmləyə bilmək mənə də yaxşı gəldi. Deyəsən, qanadsız mələk mənə də ilham pərimi geri qaytarır və mən də yenidən Mələyin Ayxanı tapdığı kimi tapmaq istəyirəm itirdiyim qələmimi, ruhumu. Amma əmin deyiləm. Bəlkə elə mənim ruhum və qələmim Murad kimi artıq torpaq altında qalacaq? Bu da mənim bilinməzim olsun... Zamanla anlayacağım bir bilinməzlik.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
STATUS YAĞIŞI - Emin Piridən “At, yoxsa kişi?”
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını qazi şairimiz Emin Piri üçün açır. Buyurun.
Sosial şəbəkələri izləyirəm. Bəzən ailə dəyərlərindən danışan xanımların qəribə istək və dəyərləndirmələri olur. Bütün bunları isə onlar əxlaq meyarı, ailə dəyəri prinsipləri altında qeyd edirlər.
Bəlkə də ailə dəyərləri, ailə qurmaqçün önəmli olanlar bunlardır, bilmirəm...
İzlədiyim qədər təxminən belə olur:
Oğlanda əsas xarakterdi, amma yaxşı işi olsun.
Kişidə önəmli olan qəlbində xanımına yuva qurmasıdır, amma daşdan, divardan yuvası olsun.
Kişi meymundan fərqləndi bəsdi, amma yaraşıqlı olsun.
Kişidə önəmli olan cibi deyil, ruhudur, amma gəliri yaxşı olsun.
Ailə dəyərlərini sevsin, hər problemi həll etsin, amma mənə qadağa olmaz.
Münasibətdə hər çətinliyə dözmək olar, amma bu yaşdan sonra çətinlik çəkmək istəmirəm.
Kişi qadını qəlbində daşımağı bacarsın, amma daşımağa "təkərli dəmir" olsun.
Dəb-dəbəyə meylli deyiləm, amma qohum, qız dostlar var, onlara görə bəzi belə qaydalara əməl etsin.
Elə bil hansısa bankın riskli kreditlər üzrə hüquqşünas əməkdaşıdır.
Məncə bu azdı, oğlanın dişlərinə də baxmaq lazımdı. Axı, çapmağa at alanda dişlərinə baxırlar…
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində İçi tərəvəzlə doldurulmuş sıf baliğı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə İçi tərəvəzlə doldurulmuş sıf baliğının (sobada) hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ Şirin bibər – 25 qr
§ Acı bibər – 15 qr
§ Heyva – 35 qr
§ Soğan – 30 qr
§ Pomidor – 35 qr
§ Cəfəri – 10 qr
§ Mərzə (və ya qurusu) – 10 qr
§ Kərə yağı – 30 qr
§ Bitki yağı – 10 qr
§ Palçıq turşu – 10 qr
§ İstiot – 0,05 qr
§ Duz – 4 qr
HAZIRLANMASI:
Sıf balığı təmizlənir, yuyulur, duz, istiot, palçıq turşu, bitki yağı vurulur. 2-3 saat ərzində saxlanılır. Tərəvəzlər, heyva, göyərtilər yuyulur, təmizlənir, xırda doğranır və qarışdırılır. Içəri- sinə duz, kərə yağı, palçıq turşu vuru- lur və qarışdırılır. Hazırlanmış içlik balığın içinə doldurulur. Isidilmiş so- bada 180-200°C-də 30-35 dəqiqə ərzin- də bişirilir. Müxtəlif növ meyvələrlə bəzədilir və süfrəyə verilir.
QEYD: Bu xörək də közdə, təndirdə, kürədə, sobada hazırlana bilər.
“Ədəbiyyat və incəsənət”
(05.07.2024)