
Super User
Planeti sürətli moda epidemiyasından necə xilas etməli? - SON DƏRƏCƏ AKTUAL
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bu yaxınlarda bir dostum İtaliyaya getmişdi. Əbədi şəhər olan Romanı, su üzərində bərqərar olmuş Florensiyanı gəzməklə yanaşı, təbii ki, modanın Parisdən sonrakı ikinci vətəni olan Milana da güzar etmiş, bol təəssüratla dönmüşdü. Təəssüratlarını mənə danışdıqdan sonra maraqlı bir məsələyə də toxundu.
O, yaşadığı otelin konfrans zalında maraqlı bir tədbirə şahidlik edibmiş. Modanı əsrin bəlası hesab edən aktivistlər cavabdehləri tez bir zamanda dünyanı başına alan atılmış köhnə paltarların yaratdığı cır-cındır qəbristanlıqlarının sürətlə böyüməsinin qarşısını almağa səsləyirdilər.
Düzü, dostumun bu söhbəti mənə olduqca təəccüblü gəldi. Şəxsən mən köhnə paltar təhlükəsindən xəbərsiz idim. O vaxtdan mövzunu gündəmimdə saxladım və bazaar günü Euronews xəbərlərində bu barədə süjet görəndə bu dəfə daha təəccüblənmədim.
Florensiya yaxınlığındakı Toskano əyalətində yerləşən Prato şəhəri bir zamanlar – daha dəqiqi, orta əsrlərdə qitənin tekstil paytaxtı olub. Bu gün isə Pratoda Avropanın ən böyük tekstil rayonu mövcuddur. Və burada təkrar parça emal edən ən böyük kombinat vardır, dünyadakı bütün təkrar papça emalının 15 faizi tək burda başa gəlir. Yəni, hər yerdən istifadəyə yararsız pal-paltar bura gətirilir, burda təkrar emal edilib yenidən istehlaka göndərilir.
Süjet Pratoda çəkilmişdi. İnsanlar kameralara danışırdılar. Bir qadın deyirdi:
-Biz daha çox paltar alırıq, amma bu paltarlar xidmətimizdə çox az dayanır. Səhər bunlar dəbdən düşür. Yeniləri dəbə minir. Biz də bunları atıb yenisini alırıq. Və bu səbəbdən də dünya cır-cındırla dolur, tekstil sənayesi isə ekologiyanı çirkləndirən əsas nəsnəyə çevrilir.
Bəli, ucuz paltarlar, tez-tez dəyişən moda daha çox zəhərli maddələrin ətrafa atılmasını təmin edir.
Prato kombinatının marketinq və kommunikasiya rəhbəri Aliçe Tezi söyləyir:
-Təkrar emala gəlmiş materialın ən yaxşı halda 60 faizi yararlı sayılır, qalanı atılır. Təkrar emaldan çıxanda daha 50 faiz itki olur. Yerdə qalan hissə ya atılır, ya termoizolyasiyaya məruz qalır. Beləcə, biz təkrar emaldan çıxan parçanı fabriklərə, zibilisə yerə gömürük.
Təkrar emaldan çıxan parçalar kimyəvi məhlullarla zəngin olduqları halda onları ekoloji təmiz, saf məhsul adı altında sırımaq da var.
Rifo kompaniyasının sahibi Nikollo Şipriani isə deyir:
-Biz təbii məhsula üstünlük veririk, sintetik məhsullardan qaçırıq. Təbii məhsul isə pambıq və ipəkdir. Biz təkrar emal keçmiş parçalardan əsla istifadə etmirik. Ona görə də vicdanımız təmizdir. Biz əksini edənlərlə tərəzinin eyni gözündə dayanmaqdan usanmışıq. Belə olmaz.
Bəli, biznesdə hamı qazanmaq istəyir, itirənsə təbiət və insanlıqdır. Və məşhur telekanalın süjeti də sonda bu ehtimalı ona görə ortaya atır ki, insanlar az da olsa ümidlənsinlər.
Yekunda deyildi ki, Pratoda gələn il ikinci təkrar parça emalı kombinatı da tikilir. İşbazlar böyük gəlirlər əldə etməkdə israrlıdır. Bununla belə, aktivistlər təbiətə ciddi ziyan vuran Prato kombinatının ikiqat vergiyə cəlb edilməsi məsələsini gündəmə çıxarıblar. Gəliri isə kimyəvi zəhərlənməyə məruz qalan insanların müalicəsinə sərf etmək nəzərdə tutulur.
Hansısa tamaşamızda belə bir fikir var.” Ah, moda, moda. Salmısan bizi oda”.
Orada qəhrəman yeni paltara pul xərcləməyin zülmünə acıyır. Amma indi həqiqətən də moda bizi oda salır. Çünki, tək büdcəmizə deyil, canımıza da ziyan edir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Quru meyvə, çərəz və paxla ilə balıq mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Quru meyvə, çərəz və paxla ilə balıq mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 200 qr
§ Kartof – 100 qr
§ Qırmızı soğan – 35 qr
§ Portağal şirəsi – 35 qr
§ Kərə yağı – 35 qr
§ Bitki yağı – 15 qr
§ Əncir qurusu – 25 qr
§ Badam – 25 qr
§ Müxəşşər – 25 qr
§ Axta zoğal – 17 qr
§ Cəfəri – 16 qr
§ Mərzə (quru) – 2 qr
§ Sarıkök – 0,1 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Balıq filesi 60 qramlıq tikələrə doğranır. Tikələrin qalınlığı 2 sm, eni, uzunu isə balığın öz ölçüsündə olduğu kimi doğranır. Tavaya yağ əlavə olunur, yağ əriyəndə duz, istiot vurulmuş balıq tikələri yağda qızardılır. Sonra başqa qaba yığılır, həmin tavada aypara şəklində doğranmış soğan qızardılır. Qızarana yaxın qaynar duzlu suda isladılmış, qabığı təmiz- lənmiş badam, əvvəlcədən bişirilmiş müxəşşər, yuyulub-təmizlənmiş axta zoğal, yarıya bölünmüş əncir qurusu, kvadrat şəklində doğranmış, qızardıl- mış kartof, duz, istiot, sarıkök, mərzə qurusu, xırda doğranmış cəfəri əlavə olunur və bişirilir. Daha sonra qızardılmış balıq düzülür, üzərinə portağal şirəsi əlavə olunur. Tavanın qapağı örtülür, vam odda 10 dəqiqə ərzində bişirilir, yağa düşənə yaxın ocaqdan götürülür. 5 dəqiqə ərzində ağzı örtülü vəziyyətdə yer dəmi alır. Sonra gözəl düzülüşlə buluda çəkilir və süfrəyə verilir.
Nuş olsun!
Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Üç addımlıq yol idi əslində, xoşbəxtliklə aramızdakı məsafə… - ESSE
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Dönə dönə tapşırırdı mürşid müridinə Şükür, pənah, təvkkül deyə..
1,2,3...
Mələklər xoşbəxtliyi insanın varlığına, ruhuna ən yaxın, ağlının gələ biləcəyi ən uzaq nöqtəyə qoymuşdular.
Xoşbəxtliyə gedən yol əslində bəşərin düşündüyü qədər uzaq və yorucu deyildi.
Üç addımlıq yol idi əslində, xoşbəxtliklə aramızdakı məsafə.
Birinci addım təşəkkür etməkdən keçirdi, minnətsiz təşəkkürdən.
Yumruqladığımız ovcumuzu açıb əllərimizi rahat buraxmalı idik. Və gözümüzü döyərək boş-boş baxdığımız ovcumuzun içindəki o toxumla nə etməli olduğumuzu artıq anlamalıydıq. Onu aid olduğu yerə gömmək lazım idi…
İkinci addımda dilimizin bağı çözülməliydi, biz danışmağı və ən nəhayət bununla bərabər istəməyi, fikrimizi ifadə etməyi öyrənməliydik.
“Əllərim palçığa bulaşacaq” dərdi olmadan barmaqlarımızla torpağı qazıb toxumu ora əkməliydik.
Və üçüncü addımda yorulmadan hər gün o toxumun cücərib cücərməyəcəyi təlaşına qapılmadan, səbrlə onu sulamalıydıq.
Düşündüyümüz qədər uzaq deyildi əslində xoşbəxtliklə aramızdakı məsafə, sadəcə üç kiçik addım ayırırdı bizi.
1,2,3...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
STATUS YAĞIŞI - Elşən Əzim ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını Mingəçevirdə yaşayan kəlbəcərli şair Elşən Əzim üçün açır. Buyurun.
Azad olmuş bölgələrdə kənd adlarına yer-yurd toponimlərinə, çayların, bulaqların adlarına toxunmaq olmaz. Göz açıb "Tutqu çayı" kimi eşitdiyim çayın adı indi bütün yazılı mənbələrdə "Tutqun çayı" yazılır, tv jurnalisti "Sarı yer" yaylağından hazırladığı reportajda yaylağın adını "Sarı yel" kimi işlədir. Kəndlərindən video çəkiliş edən gənc kəndin adını bəyənmədiyini deyir. Bu adların hər biri özündə bir tarixi yaşadır. Bunu unutmayaq. Yer-yurd adlarını dəyişə-dəyişə tariximizi itiririk.
Kəlbəcər doğumlu şair Elşən Əzim!
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
GÜLÜŞ KLUBUnda Don Juan
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Üzərək fiziki hərəkətdə olmaq, balıq yemək, çoxlu su içmək insanı formada saxlayar və kökəlməyə qoymaz. Bəs nədəndir bütün bunları edən balina div boydadır?
2.
Don Juanların hətta vicdanları da başqalarının arvadları ilə yatır.
3.
Əgər sənə cəmi bir sosiska lazımdırsa, bütöv donuzu ələ keçirməyinə dəyərmi, adam?
4.
Ən asan düşmən üstünə yumruqla gələn, ən çətini sənə sədaqət andı içəndir.
5.
Ağadadaş Ağayevin atdığı balta Trampın qulağına dəysəydi nə olardı?
6.
Tərcüməçilərin hesabına, Amerika filmi həiqətdə olduğu kimi səfeh deyil.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
QƏRBİ AZƏRBAYCAN ŞEİRLƏRİ – Hüseyn Arif, “Göyçəlilər, dağılmayın Göyçədən”
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün yağı əlində olan o ellərimizlə bağlı şeirləri təqdim edir.
Hüseyn ARİF
GÖYÇƏLİLƏR, DAĞILMAYIN GÖYÇƏDƏN
Göyçəlilər, dağılmayın Göyçədən,
Göyçə qədim, Göyçə ulu Göyçədi,
Göyçəlilər, dağılmayın Göyçədən.
Var-dövlətli, mal-qoyunlu Göyçədir,
Göyçəlilər, dağılmayın Göyçədən.
Toxulcada axdı bulud, ötdü çən,
Xəbər tutdum durnaların köçündən,
Atla keçdim Ağbulağın içindən,
Göyçəlilər, dağılmayın Göyçədən.
Göyçə eli şöhrətlidir ellərin,
"Göyçə gülü" əzbəridir dillərin,
Göyçə gölü göyçəyidir göllərin,
Göyçəlilər, dağılmayın Göyçədən.
Xoş ləhcəni, şirin dili saxlayın,
Həm sevinci, həm nisgili saxlayın,
Zodda zodu, Cildə cili saxlayın,
Göyçəlilər, dağılmayın Göyçədən.
Aləm bilir, hər hörmətim sizədir,
Dədə-baba məhəbbətim sizədir,
Mən Arifəm, vəsiyyətim sizədir,
Göyçəlilər, dağılmayın Göyçədən.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
BİR SUAL, BİR CAVAB Ramil Əhməd ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Səndən məcburi köçkün bədənimi
harada gizlədim,
Vətənim mənim?
Harada yoxa çıxsın bu canım ki
qurtulum bir kimsə olmaqdan?
Mən bu dünyada heç kim olmaq istəyirəm,
Bircə sənin nəyin olum, bilmirəm...
Ayaqlarımın gücü yox,
söykənmişəm səsinə...
Uzun gecələr
həsrətindən çəkilmir,
Söykənmişəm səsinə,
Səsinin dəydiyi sözləri
bir-bir öpmək istəyir könlüm.
O sözləri söz edən hərfləri
bir-bir bağrıma basmaq,
Hər kiçik zərrə qədəriylə
sevmək səni.
(Ramil Əhməd)
Ayrılığın nə olduğunu bilmək istəyirsən? Bil ki, ayrılıq aşiqlərin yoludur. Balıq olanın canı dənizdir. Buna görə də dənizdən ayrı düşən balıq daim dənizin həsrətin çəkər.. (Cəlaləddin Rumi)
Əziz Ramil bəy, həsrət yükü çiyinləri yerə çökdürməyi başarırmı?
CAVAB
Şeirdəki həsrətin iki istiqaməti var. Bir dünyəvi olana bəndəyə olan həsrət, bir də yaradana.
Bu çoxlu mənaları şair şeirində yazıb, sonra isə onu şərh edə bilməz. Şair mənanı yaradan adamdır. Şərhi başqaları verir.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib
“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib.
Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Qadınlar şöbəsinin müdiri, tədbirin təşkilatçısı Ulduz Əsgərovanın AzərTAC-a verdiyi məlumata görə, gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarının çıxışlarına - milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxmaq imkanı əldə ediblər, həmçinin Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.
Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb, Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.
Azərbaycan Mədəniyyəti Günü Rusiyanın müxtəlif mədəniyyətlərinin nümayəndələrini birləşdirən, onları bir araya gətirən, ölkəmizin adət-ənənələrini, mədəniyyətini nümayiş etdirən bayrama çevrildi.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
Cəsarətini toplayıb güzgüdə gözlərinə dərin-dərin baxmağa çalış… - ESSE
Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”
Kitablardakı cümlələrin, filmlərdəki epizodların, mahnıların, yaşanmış həyat hekayələrinin, səmanın, dənizin və mavinin təsirində xeyli qala bilirəm.
Və bir cümlə məni çoxca düşünməyə, təhlillərə, sorğulara və həyatla üzləşməyə doğru itələmişdi.
“Güzgünün qarşısına keç, gözlərinin içinə dərin-dərin bax və özünlə üzləş. Unutma ki, kimsə sənin gözlərinə sən qədər dərindən baxa bilməz və sən heç kimin gözlərində öz gözlərinin dərinliyinə endiyin qədər dərində ola bilməzsən”.
Çox düşündüm bu barədə. Cəsarətimi toplayıb güzgüdə gözlərimə dərin-dərin baxmağa çalışdım.
Baxdım da.
Həm də, maviyə baxmağa qıymadığım qədər dərin, mavidə boğulmaqdan qorxduğum qədər cəsur baxdım.
Məgər bir cüt göz danışa bilərmi?
Danışırmış sən demə.
Sətirlərə sığmayacaq qədər çox, özü də.
Susaraq danışırmış.
Mənalı və ya mənasız, bəzən uzun, bəzən qısa, hərdən ağlayaraq, hərdən gülərək, çoxca ya da boşca.
Amma danışırmış.
Gözlərimdəki mən ilə üzləşmək çətin oldu bir xeyli, ancaq bu günə kimi özüm üçün etdiyim ən böyük yaxşılıq gözlərimlə ruhumun söhbəti olmuş ola bilər. Düzü, bu günə kimi özümə neçə dəfə yaxşılıq etmişəm, bilmirəm.
Məsələn, neçə dəfə soyuqdan üşüməmək üçün qalın, istidən tərləməmək üçün nazik geyinmişəm?
Mmm… necə dəfə özüm üçün süfrə hazırlamış, çayımın ətrini alıb göy üzünə doyunca baxmışam ki?
Ya da neçə dəfə özümə baxıb gülümsəmişəm, xatırlayırammı heç?
Neçə dəfə sadəcə özüm üçün səsim pis olmağına rəğmən yüksək səslə mahnı oxumuşam ki?
Neçə dəfə qərarlarımın arxasında durub əmrlərə boyun əymək yerinə qəlbimin səsini dinləmişəm, ya da?
Mən özümü çılğın, sərt, əsəbi, tərs, bəzən xətalı, bəzən yalançı və günahkar ola-ola neçə dəfə sevmişəm?
Neçə dəfə yox deməyi bacarmış, başqalarının standart kriteriyaları, arzu və istəkləri əsasında formalaşaraq, qəliblərə uyğunlaşaraq yox, bütün varlığımla azadlığın qoxusunu burnumda hiss edərək yaşamışam ki bu həyatı?
Artıq çəkimə, boyuma, üzümdə ara-sıra yaranan sızanaqlara, uşaq vaxtı xəfif sınmış kəmərli burnuma baxıb ən son nə vaxt özümə gözəl olduğumu demişdim ki məsələn?
Bəs sən?
Sən ən son nə zaman özünə yaxşılıq etmisən bəs?
Sən nə vaxt saysız-hesabsız ayrılıqlar, uğursuzluqlar, standart olmayan gözəllik qavrayışları və imic, özünü tam doğrulda bilmədiyin ağlın ilə birgə keçdin aynanın qarşısına və gözlərinə baxacaq cəsarəti tapdın özündə?
Neçənci uğursuz müsahibəndə vaz keçdin özünə inanmaqdan və yıxıla-yıxıla qalxmaqdan?
Ya da neçənci dəfə qınaq obyektinə çevrildiyini görəndən sonra sən də hamılaşmağa qərar verdin?
Məsələn, oxuduğun kitabları oxumaq istədiyin üçün, faydalanmaq üçün oxudun, yoxsa müzakirə zamanı “mən filan qədər kitab oxumuşam" deyə bilmək üçün oxuyursan o kitabları?
Hə?
Sən kimsən?
Özünə neçə dəfə yaxşılıq edib, özünü bütün var oluşunla qəbul edib sevdin bütün sevgisizliklərə rəğmən?
Bəlkə hər gün, bəlkə də, heç vaxt..
Bəlkə keçən illər ərzində tanış olduğun bir sürü insan olsa da, özünlə tanış olmaq üçün gecikmisən və hələ də gecikirsən.
Bəlkə də tam zamanıdır.
Deyəsən çox danışdım yenə. Bəlkə danışdıqlarım susduğumun yarısı belə deyil. Kiminəsə görə boş söz yığını, kiminəsə görə motivasiya qaynağı oldum bəlkə də.
Bütün bəlkələr heç yoxmuşcasına əminliklə deyə bilərəm ki, insan özü özünün ən böyük şansıdır.
Bəzən ailəvi problemlərlə qarşılaşa bilərik, yanlış dost, yaxud sevgili seçmiş ola bilərik, axşam bir boşqab artıq yediyimiz yemək ucbatından pəhrizimiz da pozula bilər. Yetəri qədər flirt olmaya, marka geyinməyə, bahalı ətir və aksessuarlar istifadə etməyə bilərik.
Sağlamlığımız sınana bilər, əziyyətlərimizin cəmi məhv olmuş xarabalığa belə çevrilə bilər.
Qısacası həyatımızın bütün periodlarında istənilən yaşda həyatdan zərbə və yaralar ala bilərik.
Lakin bütün bunlar baş verərkən biz ən ağır dərd dediyimiz hər hansısa acıdan dolayı qıvrılsaq belə, yer kürəsinə heç nə maraqlı deyil.
O öz oxu və günəş ətrafında dövr etməyə cavabdehdir sadəcə.
Dünya səni bu qədər vecinə almazkən çox sevə və sənə keçici ev sahibliyi edə bilirsə, sən də eyni davran.
Dünyaya çox bağlanmadan sevgi ver ona.
Xəyallarını hədəflərin halına gətirib həyatının mərkəzinə qoy və addım-addım çat hədəflərinə.
Güzgünün qabağına keç, gözlərinin içinə ən dərinə kimi bax və özünü qəbullanaraq şükr et.
İndi isə gülümsə.
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)
“Stabilizator” – NAZİLƏ GÜLTAC
“Ədəbiyyat və incəsənət” portalı Nazilə Gültacın hekayələrinin təqdimini davam edir. İkinci oxuyacağınınz hekayə “Stabilizator” adlanır.
İki yüz manat pulu pəncərənin önündəki jurnalın arasından götürüb, çantasına qoydu. Evdə ən çox etibar etdiyi yer bu jurnalıydı, çünki evdə jurnalı ondan başqa kimsə oxumurdu.
Ucqar bir məhəllədə yaşayırdı. Əynini geyinib evdən çıxdı, Sədərək Ticarət mərkəzinə gedən avtobusa mindi. Fikirləşdi ki, 120 manata bir stabilizator, özünə də ucuz bir çəkmə alar. Artıq havalar soyumuş, ayağındakı yay ayaqqabısı çoxdan köhnəlmişdi.
Ticarət mərkəzinə gedən avtobusun oturacaqları didilib sökülmüş, kirdən rənglərini itirmişdi. İçəridə ayaq basmağa yer yoxuydu, adamlar bir-birinə pərçim olmuşdu. Yəqin ki, bu gedənlər istədiklərini ordan ucuz qiymətə ala biləcəklərinə ümid edirdilər.
Doğrudan da, ticarət mərkəzində nələr yox idi! Nə istəsən, tapmaq olardı. Gördü ki, iki manat əlli qəpiyə əl-üz dəsmalı var, yadına düşdü ki, təzə dəsmalı qalmayıb. Bir cüt aldı. Amma əsas məqsədi stabilizator almaq idi. Məhəllələrində işıq çox zəif idi. Kreditlə yenicə aldığı soyuducunu, kondinsioneri belə zəif işıqda işlədə bilməzdi. Qorxurdu ki, bir ətək pul verdiyi bu şeylərin motoru qəfil yanar, qalar yaman günə. Ona görə də son xərcliyi götürüb evdən çıxmışdı...
Avtobusdan düşüb təsərrüfat malları satılan tərəfə keçdi, qarşısına çıxan ilk mağazaya girdi. Satıcı oğlan nə istədiyini öyrənmək üçün ona yanaşdı. Bildirdi ki, ona beş min kilovatlıq stabilizator lazımdır. Oğlan, – onun qiyməti iki yüz iyirmi manatdır, – dedi.
Məəttəl qaldı. Narahatçılıq onu bürüdü.
– Başqa marka yoxdurmu? Bir az ucuz – deyə asta səslə soruşdu.
– Xala, ən yaxşısı budur, mis dolaqlı, iki motorlu. İşıq 150-yə düşəndə 220-yə yüksəldir. Sonra yalan-gerçək stabilizatorun bir sıra əlavə üstünlüklərindən də dəm vurdu.
– Qoy o biri mağazalara da dəyim, – deyib bayıra çıxdı.
İlahi, böyük mağazalarda nələr yox idi! Gözqamaşdıran çilçıraqlar, bahalı qablar, servizlər, güldanlar, televizorlar, qabyuyan maşınlar... Daha nələr, nələr! Bütün bunları gördükcə içində büzüşdü, balacalaşdı. Gözlərinə bir qəmginlik çökdü, kövrəldi. Yoxsul, kasıb evini gözləri önünə gətirdi. Ömrü boyu işlədi, hələ də çalışır. Başqaları 8 saat işləyəndə o, 18 saat işlədi, amma yenə də çox şeyləri ala bilmir. Əynindəki ucuz geyiminə nəzər saldı. Stabilizatorun qiyməti onu lap dilxor etdi.
İndi necə eləsin? Bir neçə mağazaya da baş vurdu. Yüzsəksən, iki yüz iyirmi manatlıq stabilizatorlara xeyli baxdı, dərin fikrə getdi. Qəti bir qərara gələ bilmirdi. “Alaram, birdən keyfiyyətsiz olar, birdən aldadarlar! Ən yaxşısı oğlumla gələrəm”. Mağazadan qanıqara çıxdı. Artıq yorulmuşdu. Cibindəki 190 manatı bərk-bərk tutub, avtobus dayanacağına tərəf yollandı. Qıyıb özünə çəkmə də almadı, – “o da baha olar, yəqin” –deyə düşündü. Bu zəngin bazarda özünü böyük bir ağırlıq altında hiss eləmişdi. Elə ki avtobusa mindi, xeyli yüngülləşdi. Aldığı iki dəsmalla avtobusun arxa qoltuqlarından birinə sığındı. Bir əyin-başı özü kimi olan sərnişinlərə, bir də əlindəki dəsmallara baxdı. Dəsmalları dolmuş gözlərinə sıxıb başını avtobusun şüşəsinə söykədi...
“Ədəbiyyat və incəsənət”
(24.07.2024)