
Super User
Şəhidlər barədə şeirlər - Mətləb Cəfərov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Mətləb Cəfərov
Mətləb Cəfərov 19 noyabr 1977-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 9-cu sinfə qədər Sabirabad rayon Nərimankənd kənd tam orta məktəbində təhsil almış, 2 il sonra təhsilini davam etdirdiyi Bakı şəhərindəki liseylərdən birində təhsilini bitirmişdir. Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ali təhsil almışdır.
Mətləb Cəfərov ali məktəbdən məzun olduqdan sonra "leytenant" rütbəsi ilə hərbi xidmət qulluqçusu olmuşdur. Xidmətini ehtiyatda olan zabit kimi və "baş leytenant" rütbəsi ilə başa vurmuşdur.
Azərbaycan Ordusunun baş leytenantı olan Mətləb Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq həmin ilin 16 oktyabrından iştirak etmişdir. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mətləb Cəfərov 2 noyabr 2020-ci ildə Qubadlı istiqamətində ağır yaralanmışdır. 18 günlük koma vəziyyətindən sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mətləb Cəfərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Salam, müqəddəs şəhid.
Salam, yoldaş leytenant.
Düşmənə qan udduran,
Könüllü baş leytenant.
Şərəflə xidmət etdin,
Vuruşdun ordumuzda.
İndi şəhər salınır,
Tarixi yurdumuzda.
Keçəcəkdir yüz illər,
Bu zəfər üzərindən.
Gələcəkdə nəsillər,
Öyrənəcək dərindən.
Öyrənəcək sənin tək,
Qəhrəmanlar olubdu.
Könüllü vuruşaraq,
Öz yurdunu alıbdı.
Alıbdı Qubadlını,
Füzuli, Kəlbəcəri,
Şuşa qalası üstə,
Yazıbdı bu zəfəri.
Qəti olma narahat,
Qələbə qazanmışıq.
Məzarında rahat yat,
Könüllü baş leytenant.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
“ABAD" işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində işğaldan azad olunmuş ərazilərdə yaşayan yerli sakinlərlə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalına “ABAD”dan verilən məlumata görə,
görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat edilib. Həmçinin sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri diqqətə çatdırıb. Həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb.
Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.
Tədbirdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların “ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcəkdir.
Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Dünya boyda imarəti neynirəm...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenidən sizlərlə daimi müəllifimiz Əlizadə Nuridir. Bu dəfə şair “Dünya boyda imarəti neynirəm...“ söyləyir.
Xoş mütaliələr.
Dünya boyda imarəti neynirəm...
O söz məni ovsunlamaz, a şair,
Nə məcazı, nə ecazı yoxdusa.
Bir hecası əsir idi vətənin-
Və- tən olmur bir hecası yoxdusa...
Əl tutmuşduq, oynayırdıq ələmnən,
Bir ləl tapıb, böldüm onu lələmnən.
...O, özünü bir gün vurdu qələmnən-
Neynəyəydi tapançası yoxdusa?
Dağdan ağır bu minnəti neynirəm?
Sədəqətək sədaqəti neynirəm?
...Dünya boyda imarəti neynirəm-
Sənə baxan bir bacası yoxdusa?!
Ədəbiyyat və incəsənət”
(19.09.2024)
“Təsəllim şəkillərindi…” - Elçin İsgəndərzadənin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Elçin İsgəndərzadənin şeirləri təqdim edilir.
Vətən
Nəğmə də bitir,
şeir də,
yol da...
Hələ arzular da -
bircə sən,
bircə sən
bitmirsən,
Vətən!
Şuşam!
O bizim ağaclarıydı,
o bizim küləkləriydi,
o bizim yağışlarıydı...
Duruşundan tanıyırdım,
qoxusundan tanıyırdım,
yağmasından tanıyırdım.
Ağac da boynubüküydü
külək də qırıq-qırığıydı
bulud da cilik-ciliyiydi...
Ağacına qurban olum, dedim
buluduna qurban olum, dedim,
daş yoluna qurban olum dedim...
O qədər qurban oldum ki, -
gördüm anam da qurbandı,
gördüm balam da qurbandı...
Qurbanlarını qəbul elə, Şuşam!
Atam üçün rekviyem
Əkdiyin qələmlər
çinar oldu, söyüd oldu...
Nəvələrin çoxaldı,
böyüdü,
umud oldu...
Səndən sonra bu ömür də bulud oldu, Ata...
Evimizin damında quruldaşan qumrular
ovcun üçün darıxıblar,
ovcundakı dənlər üçün,
yemlər üçün darıxıblar.
Darıxıb sənin üçün
sabahlar da,
gecələr də...
Səninlə çəkdirdiyim şəkillər də!..
...mən təzə şəkillər çəkdirmirəm,
köhnə şəkillərlə ovunuram.
Səninlə çəkdirdiyim şəkillər
indi məndən xoşbəxtdilər.
Şəkillərdə nə gözəl varsan,
gözlərin gülür,
üzün gülür,
şəkillər gülür... mən ağlayıram.
Təsəllim şəkillərindi, Ata!
Amma,
şəkillərinə deməmişəm öldüyünü.
Cıdır düzündə etüd
Cıdır Düzünə düşən axşamların
aydınlığında qeyb oluram...
Qollarımı yana açıb ən gözəl uçuşunu
yaşamaq istəyirəm
geriyə qalan ömrün.
Bu uçuş bitsin, istəmirəm,
bu aydınlıq qaralsın, istəmirəm.
Bütün tərk edilmiş evlərin sevincini
yaşamaq istəyi var ruhumda, canımda.
Bütün qaranlıq yolları
işıqla doldurmaq həvəsim var,
bütün qırıq yolları
bir-birinə bağlamağım gəlir,
yenidən, yenidən qollarımı yana açıram,
uçuram, uçuram, -
unutmamaq üçün,
xatırlamaq üçün,
yaşamaq üçün.
Cıdır düzündə
Rəsul Rzanı xatırlarkən
Yaşılından sarısına düşürük ömrün,
ağından qarasına,
mavisindən qırmızısına.
Hər günü bir rəngə batır vaxtımız,
bir rəng boyayır bizi,
ya da biz bir rəngi boyayırıq
ovqatımızla,
halımızla..
sonra rəngləri qurtarır ömrün, -
bir göy qurşağı asılır göydən.
Xoşbəxtlik
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə...
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
...Üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli -
biri güləndə,
biri ağlamamalı.
Bir ovuc
Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki,
ayağımın altında yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
«Cəsarət qorxunun yoxluğu deyil, qorxuya dirənmək, qorxuya hökm etməkdir."
(Mark Tven)
Ruslan bəy hansı qorxuları “qorxuzub", oxucuları ilə bölüşər?
CAVAB
-İçimdəki qorxu əsasən doğmalarımla, əzizlərimlə bağlı olub həmişə. Onları itirmək qorxusu.
Ədəbiyyat və incəsənət”
(19.09.2024)
GÜLÜŞ KLUBUnda Ştirlis
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
“İnsan öz vaxtı ilə neynəmək lazım olduğunu bilməyəndə həyasızcasına başqalarının vaxtını alır” (Ceyn Ostin)
2.
Sovet kəşfiyyatçısı Ştirlis Paşinyana xeyli göz qoyub Moskvaya telefonoqram göndərir: Bu şəxs əgər saqqal saxlamağa başlaylbsa, ingiliscə də danışırsa və rus siqaretindən də imtina edibsə, demək həqiqətən Amerikaya işləyir. Üstəlik, deyəsən kostyumu da NATO ölkələrindən birinə aiddir, dəqiqləşdirirəm hazırda.
3.
Dədə Qorqud zaman maşını ilə günümüzə gəlir və Tarqovı ilə irəliləyərək adamlara göz qoyur, qopuzunu çıxarıb oxuyur:
Qadınlarda parça qıtdır,
Donlarının yanı yarıq.
Tüm gəncləri kasıb gördüm,
Hamısında şalvar cırıq.
4.
Operqrup icra başçısı Gülümalı Gülümalıyevin mənzilinə daxil oldu və azıb qaldı.
5.
Diqqət! İşıqlı gələcəyə olan yol müvəqqəti olaraq bağlıdır, təmir işləri gedir.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Can ətindən çölmək kababı
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Can ətindən çölmək kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR (nüsxə):
§ Can əti – 159 qr
§ Soğan – 32 qr
§ Pomidor – 45 qr
§ Bolqar bibəri – 30 qr
§ Acı bibər – 5 qr
§ Badımcan – 45 qr
§ Kərə yağı – 30 qr
§ Keşniş – 8 qr
§ Duz – 6 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Can əti lazımsız pərdələrdən təmizlənir. Dairəvi şəkildə qalınlığı 1,5 sm tikələrə doğranır. Tərəvəzlər yuyulur, təmizlənir, lay tikələrə doğranır. Badımcan duzlu suya qoyulur, acısı çıxarılır. Can ətinə duz, istiot vurulur, hər iki tərəfi qızardılır. Eyni çölməyə ət və tərəvəzlər qat-qat düzülür. Xırda doğranmış keşniş üzərinə səpilir. Duz, ədviyyat, yağ vurulur və qızdırılmış sobaya (kürə olsa, daha yaxşı olar) qoyulur. 200°C-də 25-30 dəqiqə müddətinə bişirilir. Gözəl tərtibatla boşqaba düzülür, bəzədilir və süfrəyə verilir.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
“Kəlağayı Festivalı'' keçiriləcək
Suraxanı Rayonu İcra Hakimiyyətinin dəstəyi ilə, Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü və təşkilatçılığı ilə 24 sentyabr, 2024-cü ildə, ''Sazlı Sözlü Kəlağayı Günləri''- layihəsi çərçivəsində “Kəlağayı Festivalı'' keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Mirvarid Dilbazi Poeziya Məclisindən verilən məlumata görə, festival Suraxanı rayonu, Hövsan parkında keçiriləcək.
Festivalın proqramı:
Saat 11: 00-dan 12:00 -yə qədər sərgi ilə tanışlıq olacaq. Saat 12:00 -da rəsmi açılış, sonra möhtəşəm konsert proqramı olacaq. Konsertdə dövlət qurumlarından nümayəndələr, KİV nümayəndələri, tanınmış müğənnilər, aşıqlar, şairlər iştirak edəcək. Elliklə el bayramı keçiriləcək. Sərgidə Şəkidən, İsmayıllıdan tanınmış kəlağayı ustalarının kəlağayılarının nümayişi və kəlağayıların satışı da təşkil ediləcək.
Kəlağayımız 2014- cü ildə, Azərbaycan Respublikasının birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Yuneskonun Qeyri Maddi Mədəni İrs üzrə Peprezentativ siyahasına daxil edilmişdi və beynəlxalq səviyyədə tanıdılmışdı. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə Azərbaycanın ali təhsil ocaqlarında, ümumtəhsil məktəblərində, rayonların İcra Hakimiyyətlərinin dəstəyi ilə ''Sazlı Sözlü Kəlağayı Günləri'' - layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir və ilin sonuna qədər də davam edəcək. Bakı şəhəri, Xətai rayonunda, Şuşa şəhərində, Gədəbəydə də “Kəlağayı Festivalı'' bu il keçirilib. Finalda isə ''26 Noyabr Azərbaycan Kəlağayısı Günü'' - günü olacaq. Dekabrda ilboyu keçirilən tədbirlərin hesabatını veriləcək.
Təşkilatçılar hər kəsi 24 sentyabr, 2024-cü ildə keçirilən möhtəşəm '' Kəlağayı Festivalı''- na dəvət edir.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub
Sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Milli Musiqi Günü münasibətilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub.
AzərTAC xəbər verir ki, əvvəlcə qonaqlar Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən filarmoniyanın foyesində nümayiş etdirilən “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bu gün dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümünün tamam olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür: “1995-ci il sentyabrın 18-də Ulu Öndər Heydər Əliyev dahi bəstəkar Üzeyir Hacıbəylinin “Azərbaycan musiqi sənətinin inkişafında misilsiz xidmətlərini nəzərə alaraq və böyük sənətkara xalq ehtiramını və məhəbbətini təcəssüm etdirmək məqsədilə” hər il sentyabr ayının 18-də “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında Fərman imzalayıb. 2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 16-cı dəfə gerçəkləşir”.
Nazir müavini vurğulayıb ki, sentyabrın 18-dən 28-dək keçiriləcək festival çərçivəsində Bakı, Şuşa, Gəncə, Şəmkir və Naxçıvanda irihəcmli tədbirlərin, eyni zamanda, bütün ölkədə silsilə tədbirlərin təşkili planlaşdırılır. Tədbirlər çərçivəsində açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri keçiriləcək. Budəfəki festivalda ABŞ, Almaniya, Xorvatiya, Avstriya, Türkiyə, Rusiya, Koreya Respublikası, İspaniya, Braziliya və digər ölkələrdən solist və bədii kollektivlər iştirak edir. İlk dəfə olaraq bu festival çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərəfindən UNESCO nəzdində fəaliyyət göstərən Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) Simpoziumu təşkil olunub. Simpozium çərçivəsində “Qədim mirasın əks-sədaları: Türk mədəniyyətlərində və ondan kənarda musiqi və rəqs irsinin tədqiqi” mövzusunda müzakirə və panellər keçirilir”.
Səadət Yusifova söyləyib ki, bu ənənəvi festivalın ən önəmli məqamı isə 2021-ci ildən festivalın xəritəsinə mədəniyyət mərkəzimiz olan Şuşa şəhərinin də əlavə olunmasıdır: “Builki festivalda da Şuşa şəhərində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ifasında Şərqin ilk muğam operası - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”u nümayiş olunacaq, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunan konsert təşkil ediləcək. Əminik ki, Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı uzun müddət musiqisevərlərin zövqünü oxşayacaq, onların qəlbində silinməz iz qoyacaq”.
Daha sonra konsert proqramı təqdim olunub.
Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Əməkdar artist Fuad İbrahimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Xalq artisti Gülbacı İmanova), Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor), İnarə Babayeva (soprano), respublika və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) çıxış ediblər.
Proqramda Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Firuzə” operasından “Firuzənin ariyası”, xor və orkestr üçün “Bahar nəğməsi”, bariton, xor və orkestr üçün “Kantata”, “Milli marş”, “Cəngi” rapsodiyası, Süleyman Ələsgərovun “Eşq olsun sənətkara” balladası, Musa Mirzəyevin “Böyük ustada ithaf” poeması, Ərtoğrol Cavidin Üzeyir bəyə ithaf olunmuş 9 variasiyası (orkestr üçün işləyəni Ayaz Qəmbərli), Fikrət Əmirovun “Üzeyir Hacıbəyliyə ithaf”, Vasif Allahverdiyevin “Aşıqsayağı” (əsər Üzeyir bəyə ithaf olunur) və Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi səsləndirilib.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)
PEN/Folkner mükafatı laureatları
Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
Ən müxtəlif ədəbiyyat ödülləri qazananlarla tanışlığınızı davam etdiririk. Bu günkü söhbətimiz PEN/Folkner mükafatı qalibləri barədə olacaq. 2023-cü ildə - ötən il kim bu mükafatı qazandı?
PEN/Folkner Fondu bədii ədəbiyyat üzrə 2023-cü il PEN/Folkner mükafatının qalibini xeyli tərəddüddən sonra elan etdi: Yiyun Linin “Qaz Kitabı”.
“Qaz Kitabı” münsiflər heyəti tərəfindən 2022-ci ildə ABŞ-da nəşr edilmiş 512 roman və qısa hekayələr toplusu arasından seçildi. İki münsifin dediyinə görə Yiyun Linin “Qaz Kitabı” göz qamaşdıran, konvensiyalara zidd, nüanslı bir romandır.“Bu, iki qızın bir-birinə tərəf əyildiyi və bir-birindən uzaqlaşdığı mürəkkəb dostluq hekayəsidir. Nəsr təkdir; mərkəzi personajlar, Agnes və Fabienne, radikal ixtiraçılıqları və cəsarətli, itaətsiz ambisiyaları ilə bizi təqib etdilər. Yiyun Liyə 2023-cü il PEN/Folkner Mükafatını Bədii Ədəbiyyat üzrə vermək şərəfdir”.
Li öz çıxışında "Mən bu mükafata görə çox qürur duyuram, həyəcanlanıram və minnətdaram" dedi. “Roman yazmaq, bilinməyənə bir şüşə içində mesaj göndərmək kimidir. Bu tanınmanı almaq kiminsə şüşəni tapdığını və mesajı oxuduğunun ürəkaçan təsdiqidir. PEN/Folkner Fonduna, münsiflərə və finalçı həmkarlarıma dərin təşəkkürümü bildirirəm: insanların ədəbiyyatı diqqətlə və düşüncəli oxuduqları gün həmişə yaxşı gündür”.
“Ədəbiyyat və incəsənət”
(19.09.2024)