
Super User
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Vahid Əzizin şeirləri
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
POEZİYA
VAHİD ƏZİZ,
Xalq şairi
ZƏFƏR MİLLƏTİMİN ALTUN TACIYMIŞ
Zəfər millətimin altun tacıymış,
özü yetməliymiş qisas zamanı,
həm savaş xəmiri çox acıyıbmış,
həm də müharibə acıymış hamı!
Görəndə şəhiddi nə cür igidlər,
qanları coşurdu mərd oğlanların,
hərbi hissələrə yeniyetmələr cumurdu –
“bizi də əsgər aparın!”
Yaralı tanıdım şirin qanıynan
udaraq söndürür qəlb acısını,
nişanın qaytarıb əsgər yollanan
sevdim neçə-neçə tibb bacısını.
Qaçqın nənələrin əli qaşında,
Yollara baxırdı – “nə oldu Şuşam?”,
Qonşuda bir ahıl – Doxsan yaşında,
döşünə döyürdü – “topçu olmuşam!”
Bu Zəfər millətin altun tacıymış,
Qələbə yetişdi Qırx dördcə gündə,
həm “savaş xəmiri” çox acıyıbmış,
millət müharibə “acıymış” həm də...
SƏN MƏNİM ƏBƏDİ QARABAĞIMSAN...
Yetişdin zirvənə, üçrəngli Bayraq!
Qarabağ – qəlblərdə atəşsən, odsan,
Dözdük hicranına alovlanaraq,
Düşmən elə bildi – “Unudulmusan”.
Qələbə gətirdi Bayraq özüylə,
Günü başlamaqda – “Vətən” sözüylə,
Yağı elə bildi “Cıdır düzüylə”,
Keflənib, hallanıb yerimək asan.
Dirçəldin – qəfəsdə quş olsan belə,
Həsrətli gözlərdə yaş olsan belə,
Bir şeyi bilirəm – daş olsam belə,
Qarabağ, köksündə ərimək asan!
Qurtardıq – Sərsəngi, əsir Tərtəri,
Ordunun dizində millət təpəri,
İndi “Xarıbülbül” adlı gülləri,
Doğma öpüşlərə bürümək asan.
Qarabağ, yenə də bəxtəvər görün,
Közərir kül tutmuş közün, kömürün,
Ötəri olsa da cahanda ömrüm,
Sən mənim əbədi Qarabağımsan...
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağıtək qovmasın külək,
Gözlərim görsə də, ayağım - əlim
Əsalı olanda dayansın ürək.
Mən yüz il ömür arzulamayın -
Bu qədər yaşayan hansı çiçəkdir?!
Mən yaşda qalmırsa taytuşum-tayım,
Qurdnan qiyamətə qalmaq deməkdir.
Mənə -" Yüz il yaşa" - deməyin, dostlar,
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı - pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim.
Tanrıdan bir ömür diləyin mənə,
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.
Mənə yüz il ömür arzulamayın -
Ləyaqət, təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yüz il ömür arzulamayın...
HƏKİMƏ MƏKTUB
Həzin bir nəğmədir ürəyimdəki,
elə hey çağlayar, elə hey daşar,
yarsan-ürəyimdə asta gəz, həkim,
birdən bıçağına arzum dolaşar.
Ovcuna çilənsə, qorxma, qan deyil-
billur bir sevdadır axar sinəmdən,
mənim ki ürəyim damardan deyil,
asılmış bir qızın hörüklərindən!
Çətin ki qəlbimi görərsən, həkim,
bürünmüş guman ki, dumana, çənə,
guman ki, yaram da köhnəldiyindən
köhnə bir tanıştək yad gələr sənə.
Bəlkə ağlayarsan, həkim, yenə də,
doğrayıb-qırarsan barmaqlarını,
həkimlər-hər dəfə insan oləndə,
itirər əlinə etibarını…
YADIMA DÜŞÜR
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür.
Dibçəkdə soluxan qızıl gül kimi,
Səni gözlədiyim yadıma düşür.
İndi xatirələr qalxır eyvana
Soyuq varlığımı bürüyə bilmir.
Çiskindən, dumandan, qəmdən o yana
Sənli xatirələr yeriyə bilmir
Yerdən çox hündürdə keçdi illərim.
Qəlbinə gah uzaq, gah yaxın oldum.
Hələ də məhbusdur, xatirələrim.
Mən sənin bir eyvan dustağın oldum.
O, qədər giley var bu qapılarda.
Hər elçi bir təzə yar gətirərdi.
Bir çinar mən qədər dursaydı, burda.
Bəlkə də həsrətdən bar gətirərdi.
Payızın eyvana dəyir qədəmi.
Nəmli məhəccərdən əlim sürüşür
Dibçəkdən boylanan qızıl gül kimi.
Səni gözlədiyim yadıma düşür...
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ – 19. Kitabxana işi haqqında qanun
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
19.
KİTABXANA İŞİ HAQQINDA QANUN
Kitabxana işi haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə görə, kitabxanalar aşağıdakı vəzifələri həyata keçirməyə borcludurlar:
1.Cəmiyyətin hazırkı mənəvi təlabatını yaxşı bilmək, ona uyğun olaraq öz fondunu komplektləşdirmək.
2.Mövcud və yeni kitabxanaların varlığı haqqında əhaliyə müntəzəm məlumat vermək.
3.Bütün klassik və müasir təbliğat üsullarından istifadə etməklə kitab təbliğatını həyata keçirmək.
4.Əhalinin mütaliə səviyyəsini həm kəmiyyət, həm də keyfiyyət etibarı ilə tədqiq etmək və onun yüksəldilməsinə çalışmaq.
5.Kitabxanaya oxucu gəlişini, eləcə də kitabxanaların cəmiyyətin həyatında yaxından iştirakını artırmaq.
Növbəti: 20.Uşaq kitabxanalarına diqqət artır
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“İspan xalq nağılları” kitabı məktəblilər üçündür
Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi İspaniyanın seçmə folklor nümunələrinin toplandığı nəfis tərtibatlı, rəngli illüstrasiyalı “İspan xalq nağılları” kitabını nəşr edib.
Mərkəzin yaydığı məlumata görə, məktəblilərin mütaliəsi üçün nəzərdə tutulan kitaba dostluq, sədaqət, mərhəmət kimi mövzuları əhatə edən “Qara quzu”, “Xəlifə və çoban”, “Xuan Arrada”, “Yaralı aslan”, “Xilaskar torağay”, “Şahzadə və dilənçi”, “Şair və xəlifə”, “Xəsis dəyirmançı” kimi ibrətamiz məzmunlu nağıllar daxil edilib.
Nağılların ispan dilindən tərcümə müəllifi Mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, redaktoru Selcan Abasovadır.
Kitabı yaxın günlərdə kitab evləri və mağazalarından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
“Ədibin Evi” Bilik Gününü “üç əsrin şahidi” olan məktəbdə qeyd edib
Azərbaycanın görkəmli yazıçısı, alimi və pedaqoqu Mir Cəlalın İçərişəhərdəki yaşadığı ünvanda yaradılan “Ədibin Evi”nin təşəbbüsü ilə Bilik Günü Bakının ən qədim məktəblərindən biri- Sabunçu rayonunda yerləşən “üç əsrin şahidi” kimi tanınan 67 nömrəli tam orta məktəbdə qeyd edilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə “Balakhanı Operating Company LTD”nin dəstəyi ilə məktəblilərə Azərbaycan və dünya ədiblərinin klassik əsərlərindən ibarət kitab kolleksiyası ayrıca guşə şəklində hədiyyə olunub.
Guşənin açılış mərasimindən sonra yuxarı sinif şagirdləri ilə keçirilən açıq dərsdə bir sıra natiqlər biliyin gənclərimizə açacağı parlaq yollardan bəhs ediblər.
“Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva deyib: “Kitab yeganə hədiyyədir ki, verdiyi bilikləri ömür boyu içimizdə daşıyır, təkrar-təkrar istifadə edir, tükətmirik. Məhz onların hesabına hər bir insan istənilən arzu və xəyallarını gerçək edir”.
“Balakhanı Operating Company LTD”nin prezidenti Rövşən Rzayev isə təhsilin Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “67 nömrəli orta məktəb bunun təcəssümüdür, çünki məktəb XIX əsrin sonunda keçirilən Neft Sənayeçiləri Qurultayında Balaxanı-Sabunçu-Ramana neft mədənlərində işləyən fəhlələrin uşaqlarına təhsil vermək üçün 1897-ci ildə açılıb”.
Abşeronun ən qədim qara neft mədəni olan Balaxanı ilə məktəb arasında müqayisə aparan Rövşən Rzayev əlavə edib ki, hər iki təsisatın divarları Vətənimizin tarixini yaşadır. Onun irsini yaşatmaq isə təhsilli gənclərimizin üzərinə düşür.
Şirkətin prezidenti fəaliyyətlərinin “sosial məsuliyyət” istiqaməti çərçivəsində yerli icmaya xidmət edən bu məktəbə daim dəstək göstərəcəklərini qeyd edib.
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova isə “üç əsrin şahidi” məktəbinə Təhsil Nazirinin salamlarını çatdıraraq icmada fəaliyyət göstərən şirkətlərlə məktəblər arasında əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. O xatırladıb ki, şagirdlərimizin keyfiyyətli təhsil alması yalnız məktəbin üzərində düşməməli, icmanın da paylaşdığı öhdəlik olmalıdır.
Açıq dərs şagirdlərdən sual-cavab sessiyası ilə davam edib. Yuxarı sinif şagirdi Cəmil Şirinov ingilis dilində yazdığı “Old Chap Rudy” kitabını qonaqlara hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Musiqili Teatr Brestdə uğurla çıxış edib
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Aysedora” (Z.Saqalov) mono tamaşası Belarus Respublikasının Brest şəhərində keçirilən 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında uğurla nümayiş olunub. Belarus, Danimarka, Qazaxıstan, Rusiya, Tacikistan, Özbəkistan və digər dövlətlərin mədəniyyət, incəsənət və teatr nümayəndələrinin iştirak etdiyi ənənəvi festivalda ölkəmizi Musiqili Teatrın aktrisası Olqa Georgiyeva təmsil edib.
Bu barədə AzərTAC-a Musiqili Teatrdan bildirilib.
Brest Akademik Dram Teatrının səhnəsində sürəkli alqışlarla qarşılanan “Aysedora” festivalın təşkilatçıları tərəfindən laureat diplomuna layiq görülüb və həmin mükafat tamaşanın quruluşçu rejissoru Cavid İmamverdiyevə təqdim olunub.
Qeyd edək ki, bu beynəlxalq tədbirin ötənilki layihəsində Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev münsiflər heyətinin üzvü qismində iştirak edib, eyni zamanda, Əməkdar artist Şövqi Hüseynovun ifasında Musiqili Teatrın bir çox nüfuzlu beynəlxalq teatr layihələrində mükafatlara layiq görülmüş mono tamaşası – "Utancaq qız" (F.Dostoyevski, rejissor Cənnət Səlimova) oynanılıb.
“Ədəbiyyat və incəsəsnət”
(17.09.2024)
Mədəniyyət Nazirliyi əməkdaşları görkəmli pianoçu Elmira Səfərovanın məzarını ziyarət ediblər
Ötən gün görkəmli pianoçu, pedaqoq, Əməkdar incəsənət xadimi, professor Elmira Səfərovanın anadan olmasının 90-cı ildönümü tamam oldu.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə nazirliyinin rəsmiləri, mədəniyyət xadimləri, sənətkarın yaxınları II Fəxri xiyabana gələrək Elmira Səfərovanın xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov pianoçunun yaradıcılığından söz açıb, onu adının musiqi tariximizdə əbədi yaşayacağını deyib: “Elmira Səfərovanın yetirmələri bu gün konsert-ifaçılıq və pedaqoji fəaliyyətləri ilə onun yolunu davam etdirirlər. Tələbələri dünyanın bir çox ölkələrində çıxış edərək Azərbaycan musiqisinin təbliğinə öz töhfələrini verirlər”.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbinin direktoru Məmməd Quliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri Əməkdar artist, professor Samirə Aşumova və başqaları çıxış edərək Elmira Səfərova ilə bağlı xatirələrini bölüşüblər.
Sonda sənətkarın ailə üzvləri adından çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Elmira Səfərovanın xatirəsinə göstərilən ehtirama görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Xatırladaq ki, Elmira Səfərova 1934-cü il sentyabrın 16-da məşhur mühəndis-neftçi, iki dəfə Dövlət mükafatı laureatı Yusif Səfərovun ailəsində doğulub. Elmira xanım uşaqlıq dövründən musiqiyə həvəs göstərib. Bu sahədə ilk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) nəzdindəki musiqi məktəbində alıb. K.Səfərəliyeva, T.Qruşko, L.Yeqorova kimi görkəmli pedaqoqlardan ifaçılığın sirlərinə yiyələnib. Məktəbi başa vurduqdan sonra, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (professor M.Brennerin sinfi) qəbul olunub. 1957-ci ildən təhsilini P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında davam etdirib. Musiqi ifaçılarının I Zaqafqaziya müsabiqəsində (1960) laureat adını qazanıb.
1961-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyətinə başlayan E.Səfərova respublikamızda musiqi sənətinə və fortepiano ifaçılığı üzrə peşəkarların hazırlanmasına böyük töhfələr verib. O, sonralar məşhurlaşan və bu gün pianoçu kimi Azərbaycan musiqisini uğurla təmsil edən bir çox ifaçıların müəllimi olub.
E.Səfərova pedaqoji fəaliyyəti ilə yanaşı, konsertlərdə də solo və ansambl ifaçısı kimi çıxış edib. 1995-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil etdiyi klassik və müasir musiqi festivalı böyük maraqla qarşılanıb.
Görkəmli pianoçu 1997-ci ildə pedaqoji fəaliyyətinin və yaradıcılığının parlaq çağında dünyasını dəyişib.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Azərbaycan Vyanada keçirilən turizm tədbirində təmsil olunub
Azərbaycan Turizm Bürosu Vyana Ticarət Palatası tərəfindən Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş 13-cü səyahət agentlikləri günündə ilin seçilmiş destinasiyası qismində təmsil olunub.
Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, tədbirdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-ni təmsil edən “AVIAREPS” aviaşirkəti və Avstriyanın “Elite Tours” şirkəti Azərbaycanı önəmli destinasiya kimi tanıdan xüsusi turizm təklifləri ilə çıxış ediblər.
180-dək turizm sənayesi nümayəndəsini bir araya gətirən tədbirdə Azərbaycanın zəngin mədəni irsi və unikal turizm təcrübəsi haqqında məlumat verilib.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid tədbirdəki çıxışında Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, regionda digər hədəf ölkələrlə də turizm əlaqələrinin genişləndirilməsinə müsbət təsir edəcəyini bildirib.
O, Avstriyada mütəmadi olaraq keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini qeyd edib.
Tədbirin sonunda Azərbaycanın caz ifaçısı İsfar Sarabskinin musiqiləri dinlənilib.
Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza” elektron sistemi tətbiq olunur.
“Ədəbiyyat və incəsənət”
(17.09.2024)
Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək
Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı Forumu" layihəsi davam edir.
Birliyin başqanı İntiqam Yaşar “Ədəbiyyat və incəsənət” portalına bildirib ki, donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentiyi olan layihənin məqsədi Türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bu günü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin müzakirəsi, ortaq ideyalar və birgə fəaliyyətlərin artırılmasıdır.
Türk Mədəniyyəti və İrsi Fondu və Sosial Tədqiqatlar Mərkəzinin də tərəfdaşı olduğu layihə çərçivəsində 4 oktyabr tarixində Bakıda "Türk dünyası şeir günü - Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubiley törəni", 5 oktyabr tarixində isə Türk Dünyası Gənc Yazarlarının I Bakı forumu keçiriləcək.
Tədbirlərdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikasından olan nümayəndələr iştirak edəcəklər. İştirakçılara layihə çərçivəsində Türk dünyasının müxtəlif yerlərində yaşayan yazarların yaradıcılıq nümunələrindən ibarət çap olunmuş kitab təqdim olunacaq.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Şəki Dövlət Dram Teatrı yeni mövsümdə!
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”, Şəki-Zaqatala təmsilçisi
14 sentyabr 2024-cü ildə “Sən həmişə mənimləsən...” tamaşası ilə Şəki Dövlət Dram Teatrı yeni mövsümü naçılışını etdi.
Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa edirlər.
Qeyd edək ki, tamaşa İlyas Əfəndiyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Eyni zamanda, Şəki Dövlət Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli dramaturqu Altay Məmmədovun “Ulduzlar görüşəndə” əsəri əsasında səhnələşdiriləcək tamaşanın masaarxası məşqlərinə start verilib. Tamaşanın quruluşçu rejissoru Hüseyn Hüseynli, quruluşçu rəssamı Sahib Əhmədov, baletmeysteri Elvin Nuri, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Elvin Mabudov, Rəsul Məmmədrəhimov, Fərahim Fətəliyev, Nərmin Abbasova, İlkin Rüstəmov, Pərviz İsmayılov, Rəşad Rüstəmov, Rəşid Mirizadə, Qurban Rəsulov, Azad Məmmədov və digərləri ifa edirlər.
Həmçinin, məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP 29-a Azərbaycan Respublikası ev sahibliyi edəcək. Nazirlər Kabinetinin qərarına əsasən, COP 29 tədbirinin davam etdiyi müddətdə (11-22 noyabr) Azərbaycan məktəblərində payız tətili (12-22 noyabr) olacaq. Bu tətil günlərində Şəki Dövlət Dram Teatrında məktəblilərə “Ulduzlar görüşəndə” tamaşası nümayiş etdiriləcək.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)
Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub
“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan “Mir Cəlal "Nizami Gəncəvi dünyası" kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabıdır.
Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Nizami türk dünyası ədəbiyyatının sütun imzalarındadnıdr. Onun irsi yarandığı gündən əsərlərində tərənnüm etdiyi bəşəri dəyərlərlə yanaşı, Türk təfəkkürünü təbliğ etdiyinə görə Türk dünyasında nümunə, ilham və təlqin mənbəyinə çevrilib. Nizaminin əsərlərində yunan, hind və dünyanın digər Şərq xalqlarının tarixinə və fəlsəfəsinə yer verildiyi qədər qədim oğuz-qıpçaq ənənələri ilə bağlı atalar sözləri və məsəllər istifadə edilir. Belə bir vəhdətlə Nizami bizə XI əsrdən bu günə müasir azərbaycanlının və azərbaycançılığın simasını cızır.
Türk Mədəniyyəti və İrsi Fondu prezidenti Aktotı Raimkulova Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladaraq bildirib ki, təşkilat bu günə qədər türk mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində bir sıra layihələrə imza atıb. “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, Fond, həmçinin “Türk dünyasının ədəbi inciləri” və “Türk dünyasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir.
Aktotı Raimkulova, eyni zamanda, qeyd edib: “İnanırıq ki, bu nəşr kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacaq və Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi, həm də görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın elmi-bədii yaradıcılığına olan böyük marağı daha da artıracaq”.
Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseyn, Bakı Dövlət Universitetinin filologiya üzrə professoru Təhsin Mütəllimov, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov söz alaraq Nizami Gəncəvinin mənəvi dünyasının Azərbaycan ədəbiyyatında yaratdığı izlərin Mir Cəlal yaradıcılığında dərindən araşdırıldığını və gələcək nəsillər üçün ədədi miras kimi qalacağını qeyd ediblər.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə belə layihələrin Türk dünyasının ədəbiyyatına, mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb.
Yekun sözlə çıxış edən Mir Cəlalın oğlu, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev türk xalqlarının ədəbi şəxsiyyətlərinin yaradıcılığının tanıdılmasının əhəmiyyətini vurğulayıb və Türk Mədəniyyəti və İrsi Fonduna fəaliyyətində uğurlar arzulayıb.
Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının aparıcı solisti, Gəncə Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Ramil Qasımov dahi Nizaminin qəzəllərinə bəstələnmiş populyar ariyaları ifa edib.
Təqdimat mərasimin sonunda Lənkərannın “Yaşıl çay” Fermer Təsərrüfatında yetişdirlən çay sortlarından hazırlanan yeni “Turan” kolleksiyasının ilk nümunəsi Türk Mədəniyyəti və Irsi Fondunun prezidenti Aktotı Raimkulovaya təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(16.09.2024)