
Super User
BİR SUAL, BİR CAVAB Elvin İntiqamoğlu ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
Elvin bəy, bilirik ki, 44 günlük müharibədə Siz də xəsarət almısınız, tağımınızın giziri Həsrət Quliyev döyüş gedən ərazidən şəhid Mədinov Rəşidin nəşini çıxararkən düşmən snayperinə tuş gələndə boğazından yaralanıb, Həsrət bəyi hərbi tibb maşınına aparanlardan biri də siz olmusunuz.
Ölümlə üz-üzə gələn zaman özünüzə sualınız nə oldu? Ya da, həmin anlarda ürəyiniz ritmlərlə nəyi beyninizə nəql edirdi?
CAVAB:
-Orada hadisələr elə sürətlə cərəyan edirdi ki, çox vaxt özümə sual vermək bir yana, heç nəyi düşünmürdüm. Yadımda qalanlardan biri odur ki, Cəbrayılda təcili yardım maşınları var-gəl edirdi. Bəlkə də, yeganə o səhnədir ki, özümə sual vermişdim ki: "Görəsən, mən evə necə qayıdacam: təcili yardımla, ya yol maşınıyla?"
Ürəyimin ağlıma pas ötürdüyü yeganə bir cümlə bu idi: Hamımız evə sağ-salamat qayıtmayacağıq. Çünki, 2020-ci ilə qədər baş tutan lənətə gəlmiş müharibələrin heç birində hamı sağ qayıtmayıb. Çox təəssüf ki, yenə elə oldu.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Albom şəkilləri” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən daimi müəllifimiz Əlizaəd Nuridir. Bu dəfə şair “Albom şəkilləri”ndən danışacaq.
Xoş mütaliələr.
Albom şəkilləri
Qoyular evin ən məhrəm yerinə,
İtirməz şuxluğunu, şax qalar.
Sən hər gün bir buğda boyu böyüyərsən
Albom şəkilləri uşaq qalar.
...Bu, bir qardaşın şəkli
Hanı indi, o hanı?
Bəlkə heç böyüməzdik,
Dərdlər bizi böyütdü
Biz böyütdük dünyanı...
Bu da bir bacı şəkli,
Baxır qıyqacı şəkli...
Əlində də yaylığı
Elə bil çiçək tutub.
Gedib çox uzaqlara
Yaylığını unudub...
Bir darıxan şəkil var
Bir az mənə oxşayır,
Bu mənəmmi?- nə bilim.
Hər albom şəkilində
Bir xatirə ləpiri...
...Bu şəkili kim çəkib?-
Şahla şahmat oynadım,
Bir də gördüm şah itdi.
...Bu, bir əsgər şəklidi
İndi oğlu şəkildi,
İndi oğlu şəhiddi.
Albomun arasında,
Bir yarpaq da saralıb
İyi payız iyidi.
Bu albomdu, yoxsa ki
Şəkil şəhərciyidi?!
Muzeyə girən kimi
Girirəm hər alboma...
Hər albom varağında
Tarixin tozu qalıb
Özü hara daşındı?
Baxıram hər alboma
Şəkillər saralsa da,
Xatirəsi yaşıldı...
...Daha cavan deyilik
Albom şəkli çəkdirək
Torpaq çəkir, gedirik.
Ən yaxşı şəklimizi
Başdaşına çəkdirib
Şəkil- şəkil gedirik...
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
“Nurəngiz Günün nəsri” - Bahar Bərdəli
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə ədəbi təbqid mövzusunda Bahar Bərdəlinin “Nurəngiz Günün nəsri” məqaləsi təqdim edilir.
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi, dəsti-xətti olan şair, nasir, publisist Nurəngiz Gün keçən əsrin 80-ci illərinin ədəbi nəslinə mənsubdur. Onun yaradıcılığında nəsr əsərləri önəmli yer tutur. Yazarın baş mövzusu müharibələr və onun cəmiyyətə, insanlara vurduğu ağır, geri dönüşü olmayan zərbələridir. Müəllif göstərir ki, kimin qalib gəlməsindən asılı olmayaraq müharibə kimsəyə xeyir gətirmir. Çünki dağıdıcı, qırıcı, yıxıcı müharibələr insanları və insanlığı məhv eləyir.
Müəllifin ilk mətbu əsəri 1981-ci ildə "Ulduz" jurnalında çap olunan "Tanrı bəşər övladıdır" adlı povestidir. Povestin epiqraf yerində oxuyuruq: "Bu kitabı sizə həsr edirəm, mənim fatimələrim, kozettalarım, zoluşkalarım! Ruhunuza aramsız bir nəğmə oxuyuram!"
Əsərin baş qəhrəmanı gənc xanımdır. Bakıda yaşayır. Azyaşlı bir qızı da var. Povestin süjet xətti bu xanımın Bakıdan bölgəyə getməsi, qohumlarının evində qonaq qalması, uşaqlığının keçdiyi kənddəki xatirələri və s. üzərində qurulub. Bəlkə də bu gənc xanım, yəni Məryəm elə yazarın öz prototipidir. Əsərdə ən çox əxlaqi-mənəvi dəyərlər, keyfiyyətlər diqqət mərkəzindədir. Müxtəlif dünyagörüşlü insan obrazları qalereyasında həyata, cəmiyyətə, insanlara baxışların müxtəlifliyini görürük. Bibi, bibiqızı, bibioğlu, onun yeznəsi, dostu, kənd adamları - kasıb, amma gözütox, yetim uşaqlar, onların problemləri povestin əsas qayəsidir.
Nurəngiz Gün mənəvi-əxlaqi prinsiplərə söykənərək həm qəhrəmanı Məryəmin uşaqlıq illərini, onun düşüncələrini, gördüklərini, duyduqlarını, həm də Zərnigarın ev qulluqçusu Qınıqın başına gələnləri təsvir edir. Bir ailə fonunda baş verən hadisələr süjet boyu bir-birini əvəzləyir. Ata-anası sağ ikən Məryəmin bu kənddə uşaqlığı çox şən keçib. Ərköyün, nazlı bir qız olan Məryəmi atası "Tanrı", Tanrım" - deyə çağırardı. Bu tanrını yalnız özgələrinin dərdi, ağrısı ağladardı. Çalışardı kənddə olan yetim uşaqlara nədəsə kömək etsin.
Məryəmin uşaqlığı bu kənddə bağ-bağçası meyvə dolu bir qırmızı kərpicli evdə keçmişdi. Meşənin kənarında olan bu evdə o, atalı-analı, bibili, dayılı, qohum-əqrəbalı, qonşulu böyümüşdü. Amma indi o nəsil artıq dünyadan köçmüşdü. Yalnız bibisi yaşayırdı, bir də onun qızı və ailəsi. Bakıda olan Məryəm həmişə o qırmızı kərpicli evin həsrətilə yaşayıb: "Görəsən, o ev yerindəmi, ya söküb atıblar? Bütün ömrü boyu xəyalının və yuxularının rəngli bəzəyi olan bu kəndin qırmızı damlı evlərinin arasından daha vüqarla qızaran qıpqırmızı kərpicli ev..." Onu şəhər evlərindən fərqləndirən taxçalı, boxçalı guşəsinin həsrəti çəkib gətirmişdi kəndə. Amma yox, o kəndi indi ikimərtəbəli, ağ daş evlər bəzəyirdi. Həyətləri gül-çəmənlik deyil, asfaltdan idi. İnsanları da geyimi, görkəmi ilə dəyişmişdi. Mal-qara tövləsini maşın qarajı əvəzləmişdi.
Keçən əsrin 80-ci illərində kəndlərin siması doğrudan da, dəyişməyə başlamışdı. Çünki bu, sovet dövlətinin daxili siyasəti idi. Kəndlə şəhər arasında, əqli əməklə fiziki əmək arasında və s. fərqlər sosializm cəmiyyətinin ən yüksək mərhələsi olan kommunizmdə mütləq aradan qalxmalı idi. Povestdə təsvir olunan kənd 80-ci illərdə şəhərləşməkdə olan kəndin simasını çox dəqiq əks etdirir.Yazıçı buna təəssüflənir. Axı kənd həyatı təbiətinin zənginliyi ilə, havası, suyu ilə ilkinlik rəmzidir. Düzdür, kənd də qazı, işığı, mətbəx texnikası ilə şəhərə oxşasa, yaxşıdır. Ancaq o müqəddəs ilkinliyə toxunmamaq şərti ilə. Əsərin qəhrəmanı tez-tez müasir kəndlə uşaqlıq illərinin kəndini müqayisə edir və üstünlüyü köhnə kəndə - bağlı-bağçalı kəndə verir.
Əsərin mənfi qəhrəmanları meşşan tipli insanlardır. Lovğalıq, hamıdan üstün olmaq düşüncəsi, xudbinlik, şöhrətpərəstlik onların digər insani keyfiyyətlərini itirmişdi. Məryəmin bibisi qızı Zərnişan, onun qızı, həyat yoldaşı bu tip insanlardır. Müəllif ən çox Zərnişanın və onun ərinin psixologiyasını, dünyagörüşünü, kənd adamlarına olan münasibətlərini real boyalarla açıb göstərə bilmişdir.
Əsərin müsbət qəhrəmanları da az deyil. Onlar öz mənəvi zənginlikləri ilə, başqasının dərdini, ağrısını başa düşərək ona kömək etməsi ilə seçilir, fərqlənir. Baş qəhrəman Məryəm, polis Ədalət, şofer Dadaş, kəndin kasıb təbəqəsi və s. bu qəbildəndir.
Məryəm düşünürdü ki, kənddə yetim, kasıb uşaqlar çoxdur. Bu uşaqlar düzgün tərbiyə görməsələr, təhsil almasalar, bir kəndin deyil, bir xalqın ağrısına çevrilə bilərlər. Ədəbiyyatşünas M.Cəfərov "İki qurultay arasında" məqaləsində uşaq ədəbiyyatından bəhs edərkən yazır: "Çocuqluq ömrün ilk baharıdır. Uşaqlar üçün yazılan əsərlərdə hisslərin təbiiliyi, səmimiliyi, duyğuların təravəti və bədii formanın əlvanlığı ömrün ilk baharına uyğun olmalıdır".
Yazıçı baş qəhrəmanın diliylə uşaqlara böyük gözü, böyük sözü ilə yanaşsa da, onların mənəvi aləmini, arzu-xəyallarını, yaş xüsusiyyətlərini, danışıq tərzlərini nəzərə alaraq təsvir etmişdir.
Nurəngiz Günün 80-ci illərin əvvəllərində qələmə aldığı bu tip hadisələrin baş alıb getdiyi dövrdə Xalq yazıçısı Mirzə İbrahimov yazırdı: " ...min sifətlə hər yerə yol tapıb soxulan, öz şəxsi işlərini sahmana qoyan insanlar həyatda çox yaxşı şəkildə təsdiq olunduqları halda belə onlar zahirən nəzəri cəlb etməyən adamlardan, əsl mənəvi həyatla yaşayan, özü də haysız-küysüz yaşayan, çalışan adamlardan qat-qat aşağıda dururlar. Cəmiyyət üçün zərərli zümrəyə çevrilən bu cür obrazları nəsrimiz ardıcıl surətdə ifşa edir. Onların labül mənəvi məğlubiyyəti sənətin mötəbər vasitələri ilə əsaslandırılır".
Nurəngiz Günün digər povesti "Qırmızı gecə" adlanır. Əsərdə ölümlə həyat arasında çarpışan gənc ananın həyatı, düşüncələri təsvir olunub. O rəssamdı. "Otuz yeddidə" ata-anasını itirib. Həyatın ağırlığı, çətinliyi ilə təkbaşına üz-üzə dayanıb. Çəkdiyi rəsmləri müdiri bəyənmir, deyir ki, uydurmadı. Əri ona xəyanət edib, evdən gedib. Uşaqları körpədi. Yarıyuxulu, yarıxəyal ölməkdə olan ana Allahını köməyə çağırır.
Əsərin süjet xətti bu gənc ananın - Lilparın üzərində qurulub. Səhər-səhər ölməkdə olan ana kimsədən kömək, təskinlik ala bilmir. Valideynlərinin ruhuna sığınır. Ana ruhun mehribanlığına təslim olur. "Ana ruhun zərif örtüyünün altından əzablı hıçqırıq eşidilirdi: - dünya üşüyür. Heç bilirsən, dünya necə yazıqlaşıb? Xəyanət ediblər dünyaya, qızım! Əl qaldırıblar dünyaya!"
Nurəngiz Gün bu kiçik povestində üstüörtülü məlum həqiqətləri önə çəkərək çox mətləblərə toxunur. Uzaq tarixə qayıdır. Nuhun gəmisini təsvir edir. Yaxın keçmişi vərəqləyir. "37"-dən bəhs edir. Müəllifin təsvirində həyat haqqında retrospektiv bədii təhkiyə xüsusi rol oynayır. Gah müəllifin, gah da personajların diliylə söylənilən hadisələr real həyat həqiqətlərindən uzaq görünsələr də, yazıçı məqsədini həssas oxucusuna ötürə bilir.
"Ən hündür çiçək təpəsi və qar quyu" hekayəsi müharibə mövzusundadı. Daha dəqiq desək, müharibənin nəticəsini, onun vurduğu ağır yaraları əks etdirir. Hekayənin zaman kəsiyi 40-70-ci illərdir. Əsərin baş qəhrəmanı Bürhandır. Onun atasını İkinci Dünya müharibəsi uddu. Anası əzab-əziyyətlərə dözməyib öldü. Sığındığı qonşusu Həsən kişini də aclıq, soyuq-sazaqlar ölümə sürüklədi. Daha kənddə yaşaya bilməyən balaca Bürhan şəhərə üz tutdu. Min bir əzabla işlədi, böyüdü, evləndi. Bir cüt oğul atası oldu. Amma nə yazıq ki, sevdiyi qadını da ölüm çalıb apardı. Uşaqlarını tək böyütdü. İndi oğlanları başqa yerdə öz həyatlarını yaşayırdı. Bürhan ahıl yaşında yenə tək qalmışdı. Yaşamaqdan yorulan, çətinliklərdən bezən, sevdiyinin həsrətinə dözməyən kişi bir qış günü əvvəlcə arvadının qəbrini ziyarət edir, sonra da onun yanında qardan bir dar quyu hörərək özünü orada dəfn edir.
Müəllifin təhkiyəsində nağılvari söylənilən bu həyat hekayəsində yazıçı dövrün, zamanın Bürhanları yetim, kimsəsiz qoydu. Bütün həyatı boyu çalışan, çabalayan Bürhanlar müharibənin vurduğu yaraları heç cür sağalda bilmir, əksinə, onun qurbanına çevrilirlər.
Yazıçının bədii qəhrəmanı həyatı, insanları, təbiəti sevir, işgüzardır, hamıya kömək etməyə çalışır. Lakin həyatın, cəmiyyətin vurduğu zərbələri dəf etmək gücündə deyil. Son anda, hər şey tükənəndə gücü yalnız özünə çatır, qar quyuda intihar edir. Heç kimdən, heç nədən şikayət etmədən, kimisə günahlandırmadan öz canına qıyır. Çünki düşünür ki, onu daima izləyən, gözləyən dövrün bəlaları tükənən, bitən deyil.
Nurəngiz Günün yaradıcılığında müharibə mövzusu xüsusi önəm daşıyır. Ümumiyyətlə, yazarların müraciət etdiyi böyük mövzulardan biri, bəlkə də birincisi müharibə və onun törətdiyi genişmiqyaslı faciələrdir. İstər tarixi dönəmlərdə, istərsə də müasir dövrdə baş verən müharibə, münaqişələrlə bağlı istənilən qədər həm nəsr, həm də nəzmlə əsərlər yazılıb. Bu baxımdan, Nurəngiz Günün də bu mövzuya müraciət etməsi təbiidir. Yazarın poemalarının da əksəriyyəti bu mövzudan qaynaqlanıb. İstər nəsrində, istərsə də nəzmində insan amili, insan faktoru önə çəkilir. Uşaqlığı müharibə dövrünə düşən Nurəngiz Günün, yəqin ki, qırğınlara, döyüşlərə qarşı nifrəti də böyük, sonsuz olub. Ətrafındakı insanların bu dəhşətlərdən necə əziyyət çəkdiklərini öz gözləri ilə görüb.
Müharibə əhval-ruhiyyəsinin güzgüsü o dövr analarının yanaqlarında quruyub qalan göz yaşlarıdır. Onun mənəvi dünyasında, psixologiyasında baş verən fırtınaların sönməməsidir. Bu fırtınalar nəinki öləziyir, əksinə, oğlunu itirən anaları heç vaxt tərk etmir, onları son ana - ölümə qədər izləyir.
Müharibə mövzusunda yazılan əsərləri iki qrupa bölmək olar:
1. Müharibənin birbaşa özünü - döyüş səhnələrini, insanların igidliyini, qəhrəmanlığını və qələbənin şirinliyini yüksək pafosla tərənnüm edən əsərlər.
2. Müharibədən sonra onun vurduğu maddi və mənəvi zərbənin acı nəticələrini özündə əks etdirən, göstərən əsərlər.
Demək, yazar müharibənin özünü, yəni onu doğuran səbəbləri, qarşı-qarşıya duran dövlətləri, başlanan döyüşləri deyil, yalnız müharibənin doğurduğu nəticəni göstərir. Haqlı olaraq oxucusuna çatdırır ki, səbəb nə olur-olsun, qələbəni hansı tərəfin çalmasından asılı olmayaraq müharibə heç vaxt heç kimə xeyir gətirməyib. Əgər əsas insan amilidirsə, müharibəni başlayan da, qurtaran da insandırsa, demək, zərbəni də insan alacaq. Onsuz da, qısa olan insan ömrü yarıda qırılacaq. Sağ qalanlar da şikəst, əlil, zəlil gündə yaşayacaq. Maddi itkilər bərpa olunacaq, amma mənəvi itkiləri bərpa etmək mümkün deyil və bu neçə-neçə nəsli izləyəcək.
Beləliklə, Nurəngiz Günün nəsri öz dövrünü təsvir etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Real, təbii həyat hadisələrinə söykənən bu əsərlər ədəbiyyatımızda da özünəməxsus yer tutmaqdadır. Başqa sözlə desək, yazar sözdən elə bir qala hörüb ki, hələ çox-çox əsrlər bu qala yaşayacaq və ziyarətçilərini də sevə-sevə qəbul edəcək!
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
GÜLÜŞ KLUBUnda yatışanlar
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Riyaziyyatçı anketdə “uşaqlarınız” qrafasında yazır: 6/9
Ondan soruşurlar: -Necə, sisin 15 uşağınız var və 6-sı oğlan, 9-u qızdır?
O cavab verir:
-Yoldaşım 6 aylıq hamilədir.
2.
Arağı alıb yanında yeməyə sosiska alan dostlar satıcıdan soruşdular ki, sosiska halaldır?
3.
Rus lətifəsi:
263 il əvvəl, 1760-cı ilin 27 avqustunda İmperatrissa Yelizaveta qanun imzalayaraq dövlət məmurlarına rüşvət almağı qadağan edib.
Kim bilir, qanun nə zaman qüvvəyə minəcək?
4.
Xalq hər şeyə gözünü yumur, belə getsə, hamı bir nəfər kimi yatışacaq.
5.
Məmur fəhlələr qarşısında çıxış edir:
-Bir az səbirli olaq, biz mütləq bu iqtisadi tənəzzüldən itkisiz çıxacağıq.
Fəhlələr soruşurlar:
-Bəs biz?
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Taskabab mütəncəmi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Taskabab mütəncəminin hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Can əti – 159 qr
§ Şabalıd – 50 qr
§ Quyruq – 30 qr
§ Ərinmiş kərə yağı – 20 qr
§ Gilas və ya albalı (təzə və ya
quru) – 40 qr
§ Ərik qurusu – 20 qr
§ Mərzə qurusu – 5 qr
§ Sarıkök – 0,1 qr
§ Zəncəfil – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Can ətinin pərdəsi, quru damar hissəsi təmizlənir. Vətərlərin əksinə olaraq, dairə şəklində 2 sm ölçüsündə doğranır. Toxmaqla döyülür, duz, istiot vurulur. Quyruq nazik yarpaq şəklində doğranır, tasa yığılır, qı- zardılır. Qızarıb yağa düşdükdə ət- lər düzülür, hər iki tərəfi qızardılır. Fal-fal doğranmış soğan əlavə edilir, bir yerdə qızardılır. Sonra ardıcıl olaraq şabalıd, ərik qurusu, sürtkəcdən keçirilmiş təzə zəncəfil, duz, istiot, sarıkök, mərzə qurusu əlavə olunur. Sonda albalı və ya gilasın şirəsi sıxı- lır, dənələri ilə birlikdə xörəyə əlavə olunur. Qapaqla bağlanır, 10 dəqiqə ərzində vam odda dəmə qoyulur. Ha- zır olduqda boşqaba çəkilir, üzərinə xırda doğranmış göyərti səpilir və süfrəyə verilir. Plov və çilovlarla da verilə bilər.
QEYD: Albalı şirəsi az olduqda albalı və ya gilas turşusundan (mətindən, rubundan) əlavə olunur. İstəyə görə qızarmış quyruq sonradan çıxarıla bilər.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
YƏHUDİ ƏSİLLİ ŞAİRİMİZ - Simax Şeyda
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunda yaşasam da, adını dəfələrlə eşitsəm də, bir neçə kitabını oxusam da, şəxsi tanışlığım yox idi onunla. Həyatda cəmi bircə dəfə rastlaşmış və görüşmüşdük.
Yaxşı yadıma gəlir, 2007-ci ilin yazında Oğuz şəhərindəki istirahət mərkəzlərinin birində bir dostumun sayəsində onunla tanış olmuş, söhbətlərini dinləmişdim. Elə o vaxt Azərbaycanı, onun füsunkar guşələrindən biri olan göz açdığı Oğuzu və uzun illər yaşadığı və işlədiyi qədim Gəncəni nə qədər çox sevdiyini duymuşdum. Hiss etmişdim ki, zərurətdən xarici ölkələrdə yaşasa da, ürəyi həmişə doğma yurdu üçün çırpınır.
Dağ yəhudilərindən idi. Azərbaycan və İsrail Yazarlar Birliyinin üzvü, Azərbaycan-İsrail dostluğunun tərənnümçüsü sayılırdı. Əsərləri Azərbaycan oxucularına hələ 1950-ci illərin ortalarından tanış idi.
Simax Şeyda (Yuşbayev Simax Barux oğlu) 1936-cı il iyunun 20-də Oğuz şəhərində anadan olmuşdu. Şeyda onun təxəllüsü idi. Müsahibələrinin birində bu barədə deyirdi: “Şeyda vurğun deməkdir. Mənim soyadım Yuşbayevdir. Şeyda təxəllüsümdür. Tarixdə Şeyda təxəllüsü ilə yazanlar çox olub. Bir də dahi Hüseyn Cavidin "Şeyda" pyesi var. Bunlardan sonra Şeyda adı mənim təxəllüsümdə çəkilir. Yaddaşlarda da belə qalacam: Simax Şeyda kimi...”.
Sonralar ailəlikcə Gəncə şəhərinə köçmüşdülər. Orta təhsilini orada almışdır. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin məzunu olub.
Simax Şeyda əmək fəaliyyətinə də Gəncə şəhərində Rayonlararası Xalq Yaradıcılığı Evində teatr və təsviri incəsənət üzrə metodist kimi başlamışdı. Sonralar orada baş metodist və direktor işləmişdi.
1965-ci ildən sonrakı fəaliyyəti Bakı ilə bağlı olub. O, Bakıda Azərbaycan Teatr Cəmiyyətinin xalq teatrları kabinetinin müdiri (1965-1990) və paralel olaraq "Azərteatr" Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb. Azərbaycanda xalq teatrlarının fəaliyyətinin canlandırılmasında böyük əməyi olub.
1990-cı ildə Azərbaycandan İsrailə köçmüşdür. Gedişinin səbəbi xəstəliyilə bağlı olub. Ürəyində kəskin ağrılar başlamışdı. O zamanlar burada ağır ürək əməliyyatları həyata keçirilmirdi. Həkimlər xaricə getməyini məsləhət görmüşdülər. Əvvəlcə İsrailə getmiş və ilk dəfə burada ürəyindən əməliyyat olunmuşdur. Daha sonra Almaniyaya köçmüş, müalicəsini davam etdirmişdir. Vaxtaşırı müalicəyə ehtiyacı olduğuna görə,daimi olaraq orada (Münhendə) yaşamağa “məcbur”olmuşdur. Amma tez-tez Azərbaycana gələr, hər gələndə də birinci növbədə Bakıdakı, Gəncədəki, Oğuzdakı dost-tanışları ilə mütləq görüşərdi. Mətbuat və nəşriyyatlarla, azərbaycanlı yazarlarla möhkəm ədəbi əlaqələri vardı. Qeyd edək ki, əsərlərinin və kitablarının çoxu Azərbaycandakı qəzet-jurnallarda və nəşriyyatlarda çap olunmuşdur.
Azərbaycanın tanınmış yazarlarından N.Həsənzadə, A.Məmmədov, A.Tağızadə, M.Ələkbərli, Y.Günaydın və başqaları onun yaxın dostları idi. Hələ Gəncədə ədəbi dərnəyə gedəndən -13 yaşından N.Həsənzadə ilə dostluq etmiş və bu dostluq illər keçdikcə daha da möhkəmlənmişdir. N.Həsənzadənin onun “Məndən istər hər gözəl yar qəzəllər” kitabına yazdığı ön sözdə oxuyuruq: “Şairlik taledir. Taleyin xoş olsun, Simax Şeyda. Mən bir daha yəqin etdim ki, o nəinki gözəl şair, yeni təravətli qəzəllər müəllifi, həssas insan və nümunəvi ailə başçısı, həm də bir dar günün dirəyidir”.
Gənc yaşlarından poeziyaya maraq göstərmişdir. Onun ədəbi yaradıcılığı ilə tanış olarkən aşağıdakı mövzularla səsləşən şeirlərlə üz-üzə gəlirik: balaca oxucular üçün yazılan, vətən və el məhəbbətini tərənnüm edən, sevgi - məhəbbət şeirləri və Qarabağ məsələlərindən bəhs edən şeirlər.
O, universiteti bitirəndə artıq ölkəmizdə uşaq şairlərindən biri kimi tanınırdı. “Ədəbiyyat və incəsənət”, “Azərbaycan pioneri”, “Azərbaycan” qəzetlərində və “Göyərçin” jurnalında uşaq şeirləri, mənzum nağılları dərc olunmuşdu. Qısa zamanda Azərbaycan uşaq ədəbiyyatının əsas simalarından birinə çevrilmişdi.Özünün deməyinə görə, onda uşaq şeirlərinə həvəs Abdulla Şaiq yaradıcılığına vurğunluğundan yaranıb.
Uşaqlar üçün 5 mənzum pyesinin müəllifidir. Onun uşaq pyesləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Ağdam, Gəncə, Sumqayıt və başqa şəhərlərdəsəhnəyə qoyulub.
1961-ci ildən S.Şeydanın “Təyyarə” "Mən balaca kosmonavtam", "Yaxşı qız", "Kimin belə qızı var",“Tülkü, tülkü tünbəki", "Nəğməli meşə", “Yoxdur belə nənədən”, “Nağıl istəyən qız”, "Qızım qızlar içində", "Topçu Həsən", “Ovçu ayı”, “Padşah qız” və sair uşaq kitabları işıq üzü görüb.
Ümumiyyətlə, onun çap olunmuş kitabının az qala yarısı uşaq kitablarıdır. Bu kitablardakı şeirlər, öz sadəliyi, oynaqlığı, dadlı-duzlu deyim tərzi ilə bir-birindən fərqlənirdi. Eyni zamanda bu şeirlərin əksəriyyətində uşaqların həyatından alınmış maraqlı süjet xəttləri vardı. Tanınmış tənqidçi-alim Vaqif Yusifli Simax Şeydanı “mənzum nağıllar ustası” adlandırmışdı.
Uşaqlar üçün yazdığı şeirlərə bəstəkar O.Zülfüqarov mahnılar yazıb. Bunlara "Təyyarə", "Mən balaca kosmonavtam" şeirlərini nümunə göstərmək olar. "Bir xoruzum var" adlı şeirinə isə dramaturq Y.Əzimzadə mahnı yazmışdı. N.Əzimov və X.Qədirov da onun uşaq şeirlərinə mahnılar bəstələmişlər. Quba rayonundan olub, İsraildə yaşayan Qod Mixaylov adlı həvəskar bəstəkar isə onun 20-dən artıq şeirinə musiqi yazıb. Mahnıların sözləri həm yəhudi, həm də Azərbaycan dilindədir.
Uşaq şairi kimi tanınmış Simax Şeyda böyüklərin də əzəli və əbədi duyğularının, qayğılarının, arzularının tərənnümçüsüdür.
Orta və ali təhsilini Azərbaycan dilində alan şairin yaradıcılığında vətənə və xalqa məhəbbətdən bəhs edən şeirlərin öz yeri vardır. 30 ildən çox Almaniyada yaşamasına baxmayaraq, Simax Şeyda Azərbaycan vətəndaşlığından imtina etməmişdi, çünki özünü həmişə bu xalqın, bu torpağın övladı sayırdı. O, bir yəhudi olaraq hara getsə və harada olsa, mütləq “Azərbaycan” deyib haray çəkir, uşaqlar və böyüklər üçün yazdığı şeirlərində hər kəsə vətənpərvərlik hissi aşılayır, Vətəni, torpağı sevməyi öyrədirdi.
Uşaqlıq və gənclik illərini Oğuzda və
Gəncə şəhərində keçirən şair şeirlərində doğulduğu və ilk dəfə göz açıb gördüyü Oğuzdan dərin məhəbbətlə söz acır:
İlk dəfə gözümü Oğuzda açdım,
Xallı kəpənəklər dalınca qaçdım…
Yeridim, yüyürdüm, yıxıldım, durdum,
Baxıb ətrafıma sıxılıb, durdum.
Bağladım qəlbimi uca dağlara,
“Ana bulağı”nın gözündən içdim,
Xalxaldan, Bucaqdan, Padardan keçdim,
Uddum havasını gözəl Qışlağın,
Dolandım başına ana torpağın.
Əlvida deməsin qoy Oğuz mənə,
Neçə oğul mənə, neçə qız mənə.
Və yaxud:
Bir zaman beşiyim olmuş,
Oğuzda izim var mənim!
Dağlar ev-eşiyim olmuş,
Gülündə nazım var mənim
Göyündə mələklər uçar;
Göy qurşağı dağı qucar...
Yazda daş da çiçək açar;
Nə gözəl yazım var mənim!
Simax, bəxtəvər halına!
Yaşılın uyğun alına.
Oğuzun gül-camalına,
Hələ çox sözüm var mənim!
İlk duyğularını Gəncədə qələmə alan şair üçün bu torpağın hər guşəsi, hər neməti, hər sərvəti əzizdir. O, gəncliyinin oylağı qədim Gəncəyə-Nizami yurduna, onun təbiətinə və zəhmət adamlarına, xüsusilə gözəl-göyçək qızlarına onlarla şeir həsr etmişdir. Həssas şair qəlbinin tərənnümü olan “Gəncəli qız” şeirinə diqqət edək:
Günmü deyim, aymı sənə,
Hər gözəl qız taymı sənə?
Bu kamalı,
bu camalı
Tanrı verib paymı sənə?
Ay gül üzlü gəncəli qız,
Şirin sözlü gəncəli qız...
Onu da deyək ki, yerli bəstəkar
E.Cəfərov bu şeirə musiqi bəstələmişdir və Gəncə filarmoniyasında müğənnilər
bu mahnını tez-tez ifa edirdilər.
Göz açdığı el-obaya bağlılıq S.Şeydanın şeirlərində qırmızı xətt kimi keçir. Bu, onun “Əlvida deməyin", "Bu yerlər", "Oğuz", "Məndən yaz deyir", "Çinarlı şəhərim", "Göy göl" və bir sıra başqa şeirlərindən də məlum olur. Şairin “Qürbət gülləri”, “Düşmüşəm”, “Şüarım mənim”, “Qürbətdəyəm qürbətdə”, “Qocaldım” şeirlərində dərin bir Vətən nisgili hiss olunur. “Qürbət eldə qala-qala qocaldım”,- söyləyən şair “Şüarım mənim” şerində deyir:
Vətəndən uzaqlara düşüb güzarım mənim,
Çıxmır bir an yadımdan Bakım, Ucarım mənim.
Qəlbimdə yuva salmış Oğuz, Quba, Qəbələ,
Qazaxdır, Lənkərandır əhdim, ilqarım mənim.
Səsli-küylü Gəncədən könlüm ayrı düşəli,
Daim gəlir yadıma Göygöl, Qoşqarım mənim.
Gül-çiçəkli Ağdamı röyalarda görürəm,
Görən səndən harda var Şəkim, Qusarım mənim?
Füzuli, Şuşa üçün qəlbin göynəyir, Simax,
Laçındır, Kəlbəcərdir dildə şüarım mənim.
S.Şeydanın şeirlərinin bir hissəsi də məhəbbət mövzusundadır. Bu mövzuda olan “Oynar-oynar", "Ceyranım mənim", "Bir gözaltım var", "Deyə-deyə", "Bircə nazın olmayaydı", “Nə olar”, “Çal aşıq” və bir sıra şeirlərini həyəcansız oxumaq mümkün deyil. Onun 2004-cü ildə “Şirvannəşr”də çap olunmuş “Mahnılar, qəzəllər, şeirlər” kitabında həm Azərbaycan, həm də yəhudi dilində əsərlər toplanmışdır.
Müdriklik çağlarında şairin "Qəzəllər", "Məndən istər hər gözəl yar qəzəllər" və "Sevdalı gözlər" adlıyüksək bədii dəyərə malik üç qəzəl kitabı Bakının“Araz” nəşriyyatı tərəfindən nəşr olunub. Burdakı 300-ə yaxın bənzəri olmayan qəzəlləri oxuyanda adam özündə bir rahatlıq tapır. Çünki onların hamısı təmiz Azərbaycan dilində, ərəb-fars sözləri işlədilmədən yazılıb. Həm də əruzda yox, doğmaca heca vəznində yazılıb. Bu mənadaSimax Şeyda heca vəznində qəzəl yazan ilk Azərbaycan şairi sayıla bilər. Şair-ədəbiyyatşünas A.Abdulla onun qəzəllərini ədəbiyyatda yenilik adlandırmışdır. Şair kitabda məhəbbəti, eşqi, nazlı-işvəli, vəfalı gözəlləri tərənnüm etmək üçün özünü Nizami, Füzuli, Seyid Əzim və Vahid nəfəsli qəzəllər yazmağa çağırır. Qod Mixayılovun təbirincə desək, Simax Şeyda dağ yəhudilərinin Əlağa Vahidi idi. Nakam şairimiz M.Müşviqi çox sevərdi. Onun sevgi şeirlərinin məftunu idi. Müşviqə olan sevgisindən oğlunun adını da Müşviq qoymuşdu.
Onu da deyək ki, S.Şeydanın qəzəllərinin heç də hamısı məhəbbət mövzusunda deyil. Bu qəzəllərin bir hissəsində füsunkar təbiətinin gözəlliklərini və bu gözəlliklər içində qəm-qüssəyə batmış Qarabağ torpağının təsvirini şair ürək ağrısı ilə verir və bəzən ona elə gəlir ki, Münhen şəhərinin göylərindən qatar-qatar keçən durnalar ona bu torpağın azad olunduğu xəbərini verirlər.
S.Şeydada Azərbaycan, vətən sevgisi o qədər böyükdür ki, uzaq Münhendə oturub "Bakı-Şuşa qatarı" adlı əsər yazmışdır. O, həmçinin "Xocalıdan gələn oğlan" əsərinin müəllifidir. S.Şeyda torpaqlarımızın işğalı dövründə böyüklər və uşaqlar üçün yazdığı şeirlərinin hər birində torpaqlarımızın işğaldan azad olunacağına inam yaradırdı. Balaca uşaqlarda Vətənə, torpağa, xüsusi olaraq Qarabağa və Şuşaya məhəbbət hissi aşılayırdı. O, hələ 2014-cü ildə yazırdı:
Bu gün, sabah Qarabağda,
Ucalacaq bayrağımız.
Şuşada da, Laçında da,
Yanar onda çırağımız.
Onda köçüb gedəcəyik,
Ata-baba torpağına.
Düşmənimiz qalacaqdır,
Öz içindən yana-yana.
Şair harada olmasından asılı olmayaraq, Vətəni Azərbaycanın haqq səsini dünyaya yayırdı. Simax Şeyda 30 ildən çox xarici ölkələrdə yaşasa da, vətən sevgisini daim qəlbində yaşatmışdır. Hələ bununla kifayətlənməyərək bu sevgini misralara daşımışdır. Simax Şeyda İsrailə köçəndən sonra orada Azərbaycan Şairlər Birliyinin bölməsini yaratmışdı. O, birliyə üzv olan şairlərlə daimi fikir mübadiləsi apararaq Qarabağ həqiqətlərinin onlara çatdırılmasında böyük rol oynayırdı. 30-dan çox kitabın müəllifi olan şairin həm Azərbaycan, həm də ivrit dilində yazdığı şeirlərdə Qarabağ mövzusu əsas yerlərdən birini tutub.
Əsərlərini iki dildə - həm Azərbaycan türkcəsində, həm də dağ yəhudilərinin dilində yazırdı. Amma əsərlərinin çoxu Azərbaycan dilindədir. O, Azərbaycan ədəbiyyatının vurğunu, əski şeir-sənət fədaisi kimi Azərbaycan klassik ədəbiyyatını dağ yəhudilərinin dilinə tərcümə edir və bütün dünyaya yayırdı. Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib, antologiya şəklində çap etdirmişdir. Onun tərcümələri Amerikada, Kanadada nəşr edilib. Bu kitabda klassik Azərbaycan şairləri ilə yanaşı, müasir ədəbiyyatımızın nümayəndələrinin də (Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Söhrab Tahir, Musa Yaqub, Nəriman Həsənzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd İsmayıl, Cabir Novruz və b.) şeirləri vardır. Əlbəttə, bunu hər iki xalqın ədəbi-mədəni əlaqələrinin inkişafına layiqli bir töhfə saymaq olar.
Simax Şeyda 12 fevral 2024-cü ildə Almaniyanın Münhen şəhərində vəfat etmişdir.
Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfəyə görə 2015-ci ildə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
“Türk dünyasından hekayələr” adlı antologiya nəşr olunub
Azərbaycan Respublikası Gənclər Fondunun fərdi layihələr üzrə qrant müsabiqəsinin qalibi Məleykə Mirzəlinin həyata keçirdiyi “Türk dünyası hekayələrdə” adlı layihə çərçivəsində “Türk dünyasından hekayələr” kitabı nəşr olunub.
“Ədəbiyyat və incəsənət” portalının verdiyi məlumata görə, kitabda türk dünyasının müxtəlif ölkə və topluluqlarından olan çağdaş yazarların yaradıcılıq örnəkləri yer alıb. Türk inanc sisteminin, etnoqrafik ünsürlərinin, milli dəyərlərinin, tarixinin, ədəbiyyatının və s. əks olunduğu hekayələr seçilərək Azərbaycan türkcəsinə uyğunlaşdırılıb və kitablaşdırılıb.
Antologiya aşağıdakı hekayələrdən ibarətdir:
•Çağdaş ədəbiyyatımızdan Şəmil Sadiqin “Tanrının şeytan axtarışı” adlı hekayəsi;
•Güney Azərbaycan ədəbiyyatından Ümid Nəccarinin “Ucalan bayraqlar, susmayan şüarlar” adlı hekayəsi;
•Türk ədəbiyyatından Emre A.Aladağın “Qarğa lələyi” adlı hekayəsi;
•Özbək ədəbiyyatından Şəhadət Uluğun “Böyük tənhalıq” adlı hekayəsi;
•Qazax ədəbiyyatından Malik Otarbayevin “Son odun” adlı hekayəsi;
•Qırğız ədəbiyyatından Gülzadə Stanaliyevanın “Nəzər” adlı hekayəsi;
•Krım-tatar ədəbiyyatından Zera Bəkirovanın “Həyatımın ən ağır günü” adlı hekayəsi;
•Tatar ədəbiyyatından Leis Zülqərneyin “Əlvida” adlı hekayəsi;
•Türkmən ədəbiyyatından Toylu Canadovun “Təxəllüs” adlı hekayəsi;
•Uyğur ədəbiyyatından Mahmud Muhammədin “Doppa haqqında” adlı hekayəsi;
•Yakut ədəbiyyatından Arqafena Kuzminanın “Alaaci” adlı hekayəsi.
Kitabın 2024-cü il 28 sentyabr (15:00) tarixində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında təqdimatı planlaşdırılır.
Qeyd edək ki, layihə rəhbəri M.Mirzəli Bakı Dövlət Universitetinin “Türk dilləri” ixtisası üzrə doktorantıdır, həmçinin BDU-da müəllim olaraq fəaliyyət göstərir. Müəllifin tərcüməsində bundan öncə “Çağdaş tatar hekayələri antologiyası” da yayınlanıb.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Əli Cavadpurun “İtin balası da baladır” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Əli Cavadpurun şeirlərini təqdim edir.
Əli Cavadpur
Təbriz
İTİN BALASI DA BALADIR..
Bu qədər it balasına
Kimdir yal verən deyə?!
Beş küçükdən dördünü
Basdırdılar diri-diri!
Bir birindən gözəl və totuq idi
İt küçükləri.
Zingiltiləri yandırdı göyü-yeri
İt ürəyi dözmədi, ana ürəyi idi
Eşdi çıxartdı balaların.
Ağzından alıb yenə basdırdılar adamlar!
Ana itin başına hava gəldi
O havada bala səsi var idi
Dilin yelə verə-verə qudurdu
Küçüklərin anası!
Adamların balasına hürdü
Küçüklərin anası!
Havalar soyudu, qar yağdı
Hələ dünyanın üzü də ağardı.
Qancıqlar köpəklər uladı yana-yana
Hər şey qarın altında qaldı
Qaldı gün çıxana.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
Şəhriyarın şeirlərinin oğurlanması ilə Rüstəm Əliyevin Bakıdan onun görüşünə getməsi bağlılığı – ARAŞDIRMA
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizlərə güneyli yazar İbrahim Savalanın “Oğrular” başlıqlı araşdırma məqaləsini təqdim edir. Məqalə şeir oğruları barədədir, dahi Şəhriyarın şeirlərini oğurlayanlar barədə.
Mən bilən üç dəfə Şəhriyarın şeirləri oğurlanıbdır və o şeirlər Azərbaycan ədəbiyyat tarixindən silinibdir. İlk oğurluq, Şəhriyar evini dəyişmək məqsədilə əşyalarını yığışdırıb başqa iş üçün evdən çıxdığı zaman, baş veribdir. O yerdən ki, Şəhriyarın evində oğurlamaq üçün qiymətli bir şey yox imiş və Şəhriyar demişkən “Oğru bir at yükü qədər kitab-dəftər aparmışdı”. O oğurluq, planlı bir işə bənzəyir:
Oğru qaldırdı qazan qablamanı,
Kim əl atsın hacata? Bilməyirəm.
Bu kitablar özü bir at yüküdür,
Bunu kim çatsın ata, bilməyirəm.
Rza şah İrandan çıxandan sonra, ölkəm həm başsız qalır, həm də azad bir fəza yaranır.
Şəhriyar da o fəzadan faydalanıb həm Azərbaycanın dərdlərini dilə gətirir ki, ən məşhuru 1942-ci ildə yazılan “Əla Tehraniya” adlı farsca şeiri ilə öz dilimizdə yazan şeirləridir.
O illərdə Azərbaycanın başına bombalar yağanda Tehran radiosu toy tutur və bu Şəhriyarı titrədir.
Bir də ki, İranın ikinci dünya savaşında gücsüz davranışı və Türkiyənin iqtidarı, Şəhriyarda qürur hissi yaradır və Türklərin ordusuna farsca şeir yazır.
Bunlardan əlavə, yaranmış Azərbaycan Muxtar Dövləti, Şəhriyarın ilham qaynağına çevrilir ki, Şəhriyarın o dövlətdən aldığı təsirlər və ilham bir başqa müstəqil yazı olmalıdır. Amma oğrular o illərdə yazılan bir dolu divanı, səliqə-sahmanla aparırlar:
Səlqəli oğru tapılmışsa bu başsız yerdə,
Şəhriyardan da gərək bir dolu divan apara.
Amma 1971-ci ilin qışında, ya bəzi təxminlərə görə 1972-ci ilin bayramında baş verən üçüncü oğurluq, Şəhriyarın ədəbi irsinə və ədəbiyyatımıza daha ağır idi. Şəhriyarın əsas Türkcə şeirləri Rza şahın İrandan getməsi və yaranmış azad fəzada yaranmışdı və 1947-1948 illərində yazılan “Heydər Baba” şeiri Şəhriyara çoxlu şöhrət qazandırıb onu ədiblərin diqqət mərkəzinə çevirmişdi və Şəhriyar onlarla oturub-durduqda daha öz dil və ədəbiyyatımızla tanış olmuşdu və o 20 ildə yazdığı şeirlərinin çox hissəsi türkcə olmuşdu ki, o şeirlər bu üçüncü oğurluqda yoxa çıxır.
Bu hadisənin başqa səbəbi də Azərbaycanın şimali hissəsində Şəhriyara olana diqqətlər və İran rejiminin o diqqətlərdən rahatsızlığı idi. Örnək olaraq Azərbaycan yazarları 1968-ci ildə, Bakıda Molla Pənah Vaqifin anadan olmasının 250 illik münasibətinə qurulan mərasimə Şəhriyarı da dəvət etmişdilər, amma Pəhləvi rejimi Şəhriyarın dəvətnaməsini ört-basdır edib, ona verməmişdi.
Məşhur Azərbaycan şərqşünası, filologiya elmlər doktoru, Harvard universitetinin fəxri doktoru Rüstəm Əliyev hələ çox gənc vaxtları və 30 yaşında Moskva universitetinin şərqşünaslıq bölməsinin müdiri olmuşdu. Professor Əliyevin doktorluq tezi Şirazlı Sədinin “Gülüstan” əsəri haqda idi və ona görə, 1970-ci ildə Tehrana səfər etmişdi. Rüstəm Əliyev bir il öncəsi, Azərbaycan əməkdar elm xadimi ünvanını qazanıb, sonra Tehrana gəlmişdi.
Əliyev Tehranda Azərbaycanlı yazarları görüb Şəhriyarla görüşmək arzusunu onlara demişdi. Amma yazarlar ona deyir ki, Şəhriyar hazırda Təbrizdə yaşayır və kimsə ilə görüşmək istəmir. Hətta şair Səhənd Qaraçorlu, Əliyevə bildirir ki, neçə ay öncə doktor Şəmslə birlikdə Təbrizə gedib, onu Tehrana qonaq gətirmək istədik, amma gəlmədi. Rüstəm Əliyev deyir ki, “Mən gərək Şəhriyarı görəm, sonra öləm!”
Bu dəfə doktor Şəms və Rza Xamənei birlikdə Təbrizə gəlib və Şəhriyarla Rüstəm Əliyevin sözünü deyib, onu ailəsilə birlikdə götürüb, Tehrana aparırlar. Bulud Qaraçorlu (Səhənd) Tehranda öz evini onların ixtiyarında qoyub, onları bir ay hörmətlə saxlayır. Tehrana yetişən günün sabahısı, yəni azər ayının 12-ci günü Əliyev, Şəhriyarın görüşünə gəlir və “Heydər Baba”nın Bakıda misilsiz rəğbətlə qarşılanmasından və dəfələrlə çap olmasından xəbər verir, deyir ki, sizi dəfələrlə Bakıya çağırmışıq, amma xəbər olmayıb. Deyir, iki il öncə Molla Pənah Vaqifin mərasimində yolunuzu çox gözlədik. Bir halda ki, buradakılar belə bir dəvətnamənin olmasında xəbərsiz idilər.
Şəhriyar elə həmən o görüşdə “Döyünmə-söyünmə (sevinmə)” şeirini, o tay-bu tay ayrılığı haqda deyir:
Bir qərn də qardaşdan uzaqlaşmaq olurmuş?
Qardaş deyə bir ömr soraqlaşmaq olurmuş?
Birdən də bu qardaşla qucaqlaşmaq olurmuş?
Gör mən nə hal ollam bu qızıl gülləri tapsam
Rüstəm Əliyev tək gülü, bülbülləri tapsam.
Heyrətdə qalaq biz sizə bir qərn yarımdır,
Ağlar gözümün şahidi şerimsə tarımdır.
Sanki Bakını, Gəncəni verdin mənə qardaş,
Tapdım elimi, arxamı qurban sənə qardaş.
Yad qardaş olanmaz bizə, qardaş da yad olmaz,
Qəlbim sən ilə şad olur, sənsiz də şad olmaz.
Rüstəm ilə Şəhriyar Tehranda neçə dəfə də görüşürlər və bu Tehran ilə Moskva rejimlərinə heç də xoş gəlmir. Şəhriyar “Döyünmə-söyünmə” şeirinin əlyazmasını Rüstəmə verir və hətta öz səsi ilə onu oxuyub, lentə alıb bir hədiyyə kimi Bakıya göndərir. Bu səs faylı vaxtı ikən Bakıda səs salır və o çalışmaların nəticəsində Rüstəm Əliyevi müttəhim edib partiyadan ixrac edirlər, Şəhriyar bu xəbəri eşidən kimi, Rüstəmə xitab olaraq belə yazır:
Bir xəbər çatdı mənə Nuhi-Nəbi qarğışı tək,
İçərimdə biləsən qopdu nə tufan, Rüstəm?
Yandı bir ləhzədə xırman kimi arzum, ümidim,
Canım ol yanğıda yandıqca dedim: “Can Rüstəm”.
Şəhriyar, şeirin davamında Rüstəm ilə Şəhriyara zülm edən dövlətləri div kimi xitab edərək, Rüstəmin ittihamlarını o görüşlərin nəticəsi və iki qardaş arasında yaranmış körpünün yıxılması kimi düşünur:
Tilisim, çay dərələrdə nə qoçaq salmışdın,
Bir ümid körpüsü ki, yol sala karvan Rüstəm.
Div yatarkən iki qardaş qonuşurduq gecələr
O qonuş, el qəmini dərdinə dərman Rüstəm.
Divlər amma ayılıb duydular əhvalımızı,
Hələlik qaldı ümid körpüsü viran Rüstəm.
Şeirin qalan misraları o görüşün nəticəsində Şəhriyarın əziyyətlərindən söz açır:
Qalmışam mən də bu tayda qolu bağlı, asılı,
Səf çəkib qarşıda qəm, sanki verir san Rüstəm.
Qardaşın, qardaş ilə bir görüşü, bir qonuşu
Qadağan olmada bax zülmətə nə tüğyan Rüstəm.
Çünki Şəhriyarın Təbrizdə sahibsiz qalmış evindən bütün şeirləri və dəftərləri yoxa çıxır. Şəhriyar bu dəfə məhkəməyə baş çəkir, amma nəticəsi olmur:
Bu qədər dəftərü əsnadilə bir haqqa çatan yox,
Haqq verənlər pitiyi Mirzə qələmdan ilə getdi.
Türkü olmuş qadağan, divanımızdan da xəbər yox,
Şəhriyarın dili də, vay deyə divan ilə getdi.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
“Kölgədə bitən ağacın kölgəsi olmaz” – MİR CƏLAL PAŞAYEVİN İLK DƏFƏ YAYIMLANAN FOTOLARI
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” portalı üçün
Sentyabrın 28-i Mir Cəlalın xatırlanan günüdür.
Məqamı uca, məkanı cənnət olsun!
Yazıçı, müəllim, alim kimi üç zirvənin fatehi, Fətih dastanını kəlam və qələm müqəddəsliyi ilə yazan Mir Cəlalı ədəbiyyatşünas alimlər kiçik hekayələrin böyük ustadı, ciddi roman və povestlərin müəllifi kimi qəbul etməklə yanaşı, ədəbi-irsi aforizmlərlə, ata sözləri ilə zəngin olan mütəffəkir alim, fikr və düşüncə sahibi olaraq etirafda bulunurlar.
"Kölgədə bitən ağacın kölgəsi olmaz", "gərək elə yazasan ki, ya yazdıqlarına, ya da ünvan seçdiklərinə görə xatırlanasan", "ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır" kimi kəlamları ilə dəyərlərin əyarına çevrilən Mir Cəlalın milli mənlik, milli kimlik uğrunda mücadilədə mücahid dastanını yazan hər bir vətənpərvər insan üçün örnəyə çevirilən bir kəlamı da var: "İtə ataram, yada satmaram!"
Mir Cəlalın taleyinə təlatümlərlə dolu 20-ci yüzil düşmüşdü. İnqilabları, repressya və müharibələri çevrəliyən bu zaman kəsiyi hər bir ciddi qələm sahibinin imtahanı idi. Ondan üzüağ çıxmaq üçün isə Mir Cəlal təmizliyi və əyilməzliyi gərəkdi. Vaxtın, zamanın fövqünə qalxmaq, onu millətinin nəfinə işlətmək üçün mənindəki mənə tapınmaq, quruluşun, zamanın üstünə yerimək o qədər də asan deyildi. Mühiti, şəxsiyyəti, irsi və varisləri ilə bu gün də nümunəyə çevrilən Mir Cəlal dövrdaşlarından fərqli olaraq qələmlə kəlamın vəhdətində oxucusuna tarixin ən mühüm suallarını ünvanlayır. Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi hesab edən "yazarların" təntənəli kitab adlarının içərisində əsərlərinə kitablarının özü qədər əzəmətli adlar seçir Mir Cəlal. "Ad insanı bəzəmir, insan adı bəzəyir" hikmətinin fərqli biçimdə təqdimatını edir. Şura hökümətinin qılıncının dalının, qabağının kəsdiyi illərdə "Dirilən adam", "Yolumuz hayanadır?", "Bir gəncin mənafesti", "İnsanlıq fəlsəfəsi", "Səviyyə axtarışında", "Füzuli sənətkarlığı","Azərbaycanda ədəbi məktəblər" kimi monumental əsərləri ilə min illər boyu dünyanın maddi-mədəni irsi siyahısını incilərlə zənginləşdirən Odlar yurdu Azərbaycanın sıxıldığı məngənənin aynasına dönür.
1926-cı ildə təşkil olunan Türkoloji Qurultaydan sonra yasaq olunan, üst səviyyələrdə kargüzarlıq işləri özgə dildə aparılan, əlifbası dəyişdirilən bir millət tarixi sual qarşısında qalmışdı. O sualı "Yuxarılara" ünvanlamağa isə professor Nəsir İmanquliyev kimi az adamların cəsarəti çatırdı. Yazıçı kimi bu məsuliyyəti öz üzərinə unudulmaz Mir Cəlal aldı. Boy buxunu xartutu, palıd ağacını xatırladan, qalan deyil, qalın kitabların müəllifi olan məhşur yazıçıların sırasında Mir Cəlal batini əzəməti ilə fərqli göründü. "Leninləşir bütün bəşər, bütün ellər, qəbilələr", "Oxuma tar, səni sevmir proletar!" deyənlərin önünə çıxdı. "Yolumuz hayanadır?" əsərilə onlara və onların arxasında duranlara sərt "Osmanlı tokatı!" vurdu. "Kölgədə bitən ağacın kölgəsi olmaz!" nidası ilə hilallı, ulduzlu bayrağın qurucularına poetik nümunələrlə həqarət edənlərə tarix dərsi verdi. 1991-ci ildə Azərbaycanda Müstəqillik Aktı qəbul ediləndə yazıçı böyüklüyünün əzəməti özünü birüzə verdi.
Bir yazıçı kimi Mir Cəlalın dövrdaşlarından fərqli olaraq təntənəli adı, orden və medalları olmayıb, amma Mir Cəlal adı, imzası özü bir etalon olub. "Bir gəncin manifesti"ndə "Yazıçının manifestini" yaradan Mir Cəlal iki tarixi kəlam işlədib. Onun biri və birincisi əsərin başladığı məqamdı. Mərdan kəli sürür, öküz xışı çəkib apara bilmir, gün gəlib günortaya çatıb. Öküzü də, rəncbəri də tər aparıb. Rəncbər öküzün qabağında durub buynuzlarından tutub deyir: " Sür, sür, ay Allahın heyvanı! İndi mən nə edim, bunun ağzına söyüm? Axı söyə bilmərəm, Allah deyir!". Bu fikr ədəbiyyata gətiriləndə 30-cu illər idi. Məscidlər klublara, mədəniyyət evlərinə çevirilir, ciblərə "Allahsız knişkası" qoyulurdu. Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə Azərbaycanda atezmin aynası olan "Allahsız" jurnalı və qəzeti nəşr edilir. Yazıçı Mir Cəllal vətəndaş Mir Cəlalın da, türk və islam mədəniyyətini çevrələyən, o zamanlar SSRİ -yə aid olan dövlətlərin və xalqların da haqq səsinə dönür, "axı bunun ağzına söyə bilmərəm, Allah” deyir! Allah kəlamının yasaq olunduğu, panislamizmin, pantürkmizmin meydan suladığı bir dövrdə bu cümləni ədəbiyyata gətirmək Allahı inkar edənləri İnkarın özü idi. Mir Cəlal bunu edirdi, çünki o, bu dünyaya, ədəbi, elmi- mədəni mühitə, pedaqoji fikr tarixinə həqiqəti inkar edənləri, haqqı dananları İnkar üçün gəlmişdi. O, doğuluşdan paralanmış, yaralanmış Azərbaycanın haqq səsi olaraq var olmuşdu. Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycanın iri və paytaxt şəhərləri Təbriz və Bakı onun ömründən keçirdi. "Bir gəncin manifesti"ndə Azərbaycan anasının gələcəyə ünvanlanan sevgi məktubunun Azərbaycan xalısının "Yusif və Züleyxanın" dastanını yaradan Mir Cəlal Sonanın dili ilə ingilis zabitinə sərt şillə vurur: "İtə ataram, yada satmaram". Bu gün Azərbaycan xalısı Mir Cəlalın sevimli nəvəsinin, ölkənin Birinci vitse- prezdenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezdenti Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazılıb. Mir Cəlalın gözünün nuru akademik Arif Mir Cəlal oğlu Paşayev Milli Aviasya Akademiyasının qurucusu kimi Uçan xalçanın Arifanə dünyasını yaşayır. Milli aviatr kadrlarımız səmamızın şahini kimi həm də, Qarabağda, Şərqi Zəngəzurda cövlan edir.
Mir Cəlal bu dünyaya üç zirvənin fatehi - yazıçı, müəllim, alim kimi Fətih dastanını yazmağa gəldi. Mühitinin fövqündə dayanan şəxsiyyəti, irsi və varisləri ilə milli məfkurədən milli dövlətçiliyə yol gələnlərin ilham mənbəyinə çevrildi. Bu gün fizika və texnika sahəsində dünyada məhşur olan akademik Arif Mir Cəlal oğlu Paşayevi təkcə elmi məktəbi olan Böyük Müəllim kimi deyil, həm də ixtira və nəzərələri ilə elmin ümumbəşəri dəyərlər xəzinəsini zənginləşdirən, mütəffəkir alim kimi etirafda bulunurlar. Nüfuzlu diplomat, fövqəladə və səlahiyyətli səfir, ADA Universitetinin qurucusu və rektoru professor Hafiz Mir Cəlal oğlu Paşayev analitik təfəkkürü, ensiklopedik biliyi, genetik kodlardan gələn ziyalı müqəddəsliyi ilə təkcə Azərbaycanın deyil, Güney Qafqazın elm və təhsil tarixini yenidən yazan, yüksək texnologiyaları, ümumbəşəri standarları elm və təhsil sisteminə tədbiq edən mütəffəkir alim, elmin diplomatyadakı nüfuzu kimi dəyərlərin əyarına çevrilib. Moskva Dövlət Universitetinin rektoru, AMEA-nın vitse-prezidenti , Azərbaycan- İngiltərə dostluq cəmiyyətinin sədri, Beynəlxalq Nizami Mərkəzinin, ÜNS Yaradıcılıq Səhnəsinin qurucusu akademik Nərgiz Paşayeva ilə təkcə ölkəmizdə deyil, Avropanın bir çox ölkələrində də ilklərə imza atmış mütəffəkir alim, nüfuzlu ictimai xadim kimi iki və çoxtərəfli dialoqlar aparılır, Beynəlxalq humanitar forum və konfransların, dəyirmi masaların təşkili üçün məsləhətləşmələr aparılır. Sivilizasiyaların, mədəniyyətlərin, dinlərin dialoquna töhvələr verən akademik Nərgiz Paşayeva Şərq, Qərb dəyərlərinin sintezi, inteqrasiyası istiqamətində əldə etdiyi naliyyətlərlə müasir dünyanın çağırışlarına, elmin ədəbiyyatşünaslıq, Qafqazşünaslıq və Nizamişünaslıq istiqamətlərinə müəllim, alim, ictimai xadim kimi töhvələrini verir. Ölkənin Birinci vitse-prezdenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın beynəlxalq səviyyədə gerçəkləşdirdiyi genişmiqyaslı layihələrin icrasının məsuliyyətinin böyük bir qismini alim kimi üzərinə alan akademik Nərgiz Paşayeva bununla həm də, anası, ərəb-məhcər ədəbiyyatının ilk qadın tədqiqatçısı, AMEA-nın Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru, ərəb filologiyası üzrə dünyada məhşur alim Aida İmanquliyevanın ənənələrini yaşadır, yarımçıq qalmış arzularını gerçəyə çevirir. Adı pedaqoji fikr tariximizə yazılan pedaqoq Mir Cəlalın müəllim müqqədəsliyi iki istəkli varisi: Elmira xanım Paşayeva və Ədibə xanım Paşayevanın fəaliyyətində davam etdirir. Bakı Dövlət Universitetinin auditoryalarında mühazirələr oxuyan Ədibə xanım həm də, böyük ədibin, yazışı, müəllim, alim Mir Cəlalın cisminin və ruhunun davançısı olaraq ustad-şəyird müqqədəsliyini yaşadır. Mir Cəlalın insan sevgisi vətənpərvərlik ruhu, ədəbi-mədəni irsə sədaqət hissi, publisistikası Heydər Əliyev Fondunun vitse - prezdenti, "Bakı" jurnalının qurucusu Leyla xanım Əliyevanın, Bakı Media Mərkəzinin təsisçisi Arzu xanım Əliyevanın, Heydər Əliyev Fondunun Amerika bürosunun rəhbəri Cəmilə xanım Paşayevanın, Yarat Müasir İncəsənət Məkanının rəhbəri Aida xanım Mahmudovanın, Nərgiz jurnalının Baş redaktoru Ülviyyə xanım Mahmudovanın fəaliyyətində mənəvi bağlarla davam edir. Mir Cəlalın xeyirxahlıq, yaxşılıq dolu dünyasını isə unudulmaz Aqil Mir Cəlal oğlu Paşayevdən sonra bu gün Mir Cəlal və Mir Camal Paşayevlər genetik kodlardan gələn müqəddəsliklərlə nəsildən nəsilə ötürürlər .
Mir Cəlal bu dünyaya üç zirvənin fatehi kimi könüllərdə köç əyləməyə gəlmişdi. Ruhunu, duyğusunu, sevgilərini Şeyx Cəmaləddin Əfqani kimi doğmalarının və yetirmələlərinin beynlərinin şırımlarına dən kimi səpmişdi. Həmin müqəddəs Dəndən cücərib dirçələn, 44 günlük tarixi savaşdan, Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin, Qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Şuşa qalasında, Xüdafərin körpüsündə Bayrağa dönən Millət "kölgədə bitən ağacın kölgəsi olmaz", Vətən torpağının bir qarışını da yağıya, "yada satmaram!" nidası ilə tarix yaratdı. Dünyanın siyasi mənzərəsini, mizanını, düşüncəsini dəyişdi. Qarabağın, Şərqi Zəngəzurun, əslində isə "Kürəkçay"dan, "Gülüstan"dan, "Türkmənçay"dan sonra ikiyə bölünüb paralanmış Məmləkətin, o taylı, bu taylı Azərbaycanın, Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana, Zəngəzura bölünən Odlar yurdunun Fətih dastanını yazdı! "Ən böyük nəaliyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır!" nidası ilə qələm çalan, "Güney Azərbaycan missyası"nın rəhbəri, dağlar diyarı Dağıstanın, Dəmir qapı Dərbəndin xilaskarı kimi 1941-1945- ci illər müharibəsində tarix yaradan polkovnik komissar Əziz Əliyevin nəvələri, müasir Azərbaycanın memarı general Heydər Əliyevin varisləri bütün dünyaya sübut etdi ki, burada, Güney Qafqazda qüdrətli bir dövlət, qüdrətli bir xalq var. Ona təkcə bioresurslarına görə deyil, nüfuzlu dövlət xadimlərinə, sərkərdə - xaqanlarına, fikir və düşüncə sahiblərinə, Mir Cəlal kimi vaxtdan, zamandan uca durub vaxtı, zamanı millətinin nəfinə işlədən mütəffəkir şair və yazıçılara görə dəyər vermək gərəkdir!
20-ci yüzilin əvvəlində Mir Cəlal zamanın, quruluşun üstünə yeridi. "Dirilən adam"a "Yolumuz hayanadır?" sualını verdi. "Bir gəncin manifesti" ilə "Yazıçı Manifesti"ni, daha doğrusu, mənsub olduğu millətin milli mənlik və milli kimlik manifestini yaratdı! "Kölgədə bitən ağacın kölgəsi olmaz!" deyib, milləti, məmləkəti oyanışa, qurtuluşa səslədi. "20 yanvar", "Xocalı" dəhşətlərini yaşayan Azərbaycan xalqı Şuşa qalasında, Xüdafərin körpüsündə, Murovun zirvəsində, Ağoğlan qəsrində Bayrağa dönən gün Qılıncla Qələmin vəhdətində dövlətlər quran, paralanmış, yaralanmış Azərbaycanın əzəmətini dünyaya sübut etdi. O gün "Ata vəsiyyəti"nə əməl olunan gün idi. O gün həm də, narahat ruhların şad olan günü idi. O sırada unudulmaz Mir Cəlalın, sevgili Püstə xanımın, soyu, soy-kökü, şəcərə dəftəri ilə Qarabağın xanlıq səltənətinə, Köçərli və Mirmövsüm Nəvvab müqəddəsliyinə bağlı Gözəl nənənin ruhu da var idi. Firudin bəy Köçərli deyirdi: "Bir millətin varını, dövlətini, sərvətini əlindən alarsan məhv olmaz, dilini alarsan tərk olub gedər!" Mir Cəlal dilimizi, millətimizi qoruyanların, qeyrətimizi çəkənlərin sırasında yer alanlardan, taxtını, səltənətini könüllərdə quranlardan idi.
Ulu öndər Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi, bu ölkədə kimin, xüsusən də hansı fikr və düşüncə sahibinin, şair və yazıçının nə ilə nəfəs aldığını bilirdi. Canından əziz bildiyi Azərbaycanın sarayına Sultanı, ölkəsinə Birinci xanımı, nəvələrinə Nənəni, varislərinə Ananı seçəndə şüphəsiz ki, Övlad məhəbbəti ilə yanaşı, Nəsir İmanquliyev əyilməzliyini, Mir Cəlal təmizliyini, professor Aida İmanquliyevanın, akademik Arif Mir Cəlal oğlu Paşayevin alim müqəddəsliyini də nəzərə almışdı!
Qalın deyil, qalan kitabların müəllifi Mir Cəlal bu dünyaya mənsub olduğu millətin Əbədiyyət dastanını yazmağa gələnlərdən idi. Gəldi, yazdı, bütövlüyün, birliyin, diriliyin şərbətini içirib getdi!
Sentyabrın 28-i xatırlanan günüdü. Məqamı uca, məkanı cənnət olsun!
P.S.
Mir Cəlal Paşayevin bu iki fotosu ilk dəfədir ki, yayımlanır.
Fotolarda:
1) Mir Cəlal Paşayev, Püstə xanım Paşayeva, İrəvan Pedoqoji İnstitutunun Azərbaycan bölməsinin rektoru Əkbər İrəvanlı;
2) Professor Mir Cəlal Paşayev sıx əməkdaşlıq etdiyi Qərbi Azərbaycan ziyalıları arasında.
Fotolar Ermənistan SSR əməkdar, SSRİ Xalq müəllimi İbrahim Həsənovun şəxsi arxivindən götürülmüşdür.
“Ədəbiyyat və incəsənət”
(23.09.2024)
|