
Super User
Respublika Gənclər Kitabxanasında “Adil Cəmil - 70” adlı virtual kitab sərgisi istifadəçilərə təqdim edilib
Şair, tərcüməçi, ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Azərbaycanın əməkdar jurnalisti Adil Cəmilin 70 yaşı tamam oldu. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yubilyarın həyat və yaradıcılığına həsr edilmiş virtual kitab sərgisi hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, materialda Adil Cəmilin ədəbiyyatşünas, publisist, şair kimi özünəməxsus yaradıcılıq keyfiyyətləri təsvir edilir, müxtəlif xalqların ədəbi nümunələrini dilimizə çevirməsindən, uğurlu və təqdirəlayiq tərcüməçilik fəaliyyətindən bəhs olunur. Virtual kitab sərgisində Adil Cəmilin yaradıcılıq nümunələri ilə yanaşı, Xalq şairi Bəxtiyar Vahabzadə və Xalq yazıçısı Anarın şair haqqında söylədikləri dəyərli fikirlər, yubilyarın yer aldığı televiziya verilişlərindən fraqmentlər də təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual sərgidə Adil Cəmilin müəllifi olduğu “Manas”, “Anama layla”, “Qan borcu”, “Seçilmiş əsərləri” kimi kitabların qısa annotasiyası, “Alp-ərənlik tariximiz Qarabağda təkrarlandı”, “Manasdan Adil Cəmilin Manas dastan - poemasına”, “Ağa Laçınlını xatırlayarkən” kimi məqalələrin yer aldığı dövrü mətbuat nümunələri sərgilənir.
Şair Adil Cəmilin 70 illik yubileyi ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/adil-cemil-70 yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Anar, “Mən, sən, o və telefon”
Könül, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Sizlər üçün çağdaş yazıçı və şairlərimizin ən yaxşı ədəbi nümunələrini seçərək təqdim edəcəyik.
Azərbaycan Ədəbiyyat Fondu@
NƏSR
ANAR,
Xalq yazıçısı
MƏN, SƏN, O VƏ TELEFON
(hekayə)
Telefon nömrələri
Oxşamaz bir-birinə
amma hamısında
insan səsi...
...pis günlər
oxşamaz bir-birinə
birində özün susarsan,
birində telefon.
Vaqif Səmədoğlu
Dünən sənin telefonun öldü. Ölən yalnız adamlar olmur ki... Telefon nömrələri də ölür.
Ömrün boyu çox rəqəmləri unudacaqsan: pasportunun nömrəsini, axırıncı işində aldığın maaşını, dostunun avtomobilinin nömrəsini, Aya qədər olan məsafəni, yaşadığın şəhərin əhalisinin sayını. Başqa rəqəmləri. Hamısını unudacaqsan.
Bircə bu beş rəqəmdən savayı. Bu beş rəqəm, özü də məhz bu ardıcıllıqda səninçün ən əziz hədiyyə idi. Beş rəqəm, onun səsi və telefon dəstəyindən gələn bənövşə ətri.
Bəzən mən qara telefonun dəstəyini elə qaldırırdım, elə bil royalın qapağını qaldırıram. Bəzən bu qara dəstəyi elə qoyurdum, elə bil tabutun qapağını örtürəm.
İndi bu nömrə yoxdur. Yəni ki var, amma mənimçün yoxdur. Mənimçün bu nömrə indi yasaq ərazidir.
Barmağımın altında telefon dairəsində yerləşən bu beş rəqəm indi mənim üçün keçilməz bir məsafədir - kilometrdir, millər, parseqlər.
Mən bu məsafənin beşdə dördünü keçə bilərəm - dörd rəqəmi yığa bilərəm, amma heç vədə son rəqəmi - beşincini yığmayacağam. Sənin nömrən bağlı qapıdır - açarını itirmişəm.
Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: əzizim, əlin niyə belə soyuqdur? Səni görməyə də bilərdim, amma məsafədən belə duyurdum. Sahil kəndlərinin sakinləri dənizi görməyəndə belə onu duyduqları kimi. İndi isə dəniz qeyb oldu. Yoxa çıxdı.
Min dəfə təkrar olunan əhvalat mən, sən, bir də o, əlbəttə. Amma bir də telefon. Hər şey Rasimin toyundan başlandı.
Firuz tostunu davam etdirirdi:
- Biz beş yoldaş idik. Lap o filmdəki kimi, yadınızdamı: onlar beş nəfər idi.
Mən, Kamal, Murad, Rasim, Seymur. Bizi bir-bir fəth etdilər, bir-bir boyunduruğa saldılar. Bax, bunlar saldı - bizim xanımlar. Hələ evdə də bir çətən külfətimiz var - oğul-uşaq. Bəli, külfət bizi basdı, yaman basdı - hamı gülüşdü. - Bu gün də biz Rasimi itiririk. Heyf ondan. Əlbəttə, mən zarafat edirəm. Xoşbəxt olun Fəridə, Rasim. Mən sizə çoxlu səadət, cansağlığı, uzun ömür arzulayıram. Oğullu, qızlı olasınız. Amma sizin sağlığınıza içmişik, yenə içəcəyik. İndi bu badələri mən axırıncı igidin sağlığına - bizim canımız-ciyərimiz Seymurun sağlığına qaldırmaq istəyirəm. Subaydı-sultandı. Sağ ol, var ol, bülbül ol, qəfəsdə olma.
Hamı mənə baxırdı, gülüşlərin və badələrin cingiltisi arasından tanış üzləri görürdüm - dostlarımın üzlərini. Üzlərdə sevincli, bir qədər də təəccüblü ifadə vardı.
Qonaqlar dağılışanda biz hamımız - Firuz, Kamal, Murad arvadlarıyla, bir də mən tək, bir yerdə çıxdıq. Biz yatmış şəhərin gecə küçələriylə addımlayırdıq və birdən Firuzun arvadı mənim qoluma girdi:
- Yaxşı, Seymur, sənin toyunu haçan eləyirik?
- Uzaq gələcəkdə.
- Belə niyə? Yoxsa sən bu naqqalın sözlərinə inanırsan? - O, şıltaq bir nəvazişlə ərinin böyrünə qısıldı. - Elə bilirsən ki, ailə həyatı cəhənnəmdir?
Firuz: - Özünə layiq qız tapa bilmir, - dedi.
- Doğrudan? Uşaqlar, eşidirsiniz? Gəlin Seymura bir qız tapaq. Səninçün Bakının ən gözəl qızını tapsaq, evlənərsən?
- Mütləq, - dedim, - ancaq bir şərtlə. Gərək, bax elə bu saat, bu dəqiqə tapasınız. Yoxsa fikrimi dəyişərəm.
Kamal: -Gözümün işığı, - dedi, - gecənin bu vaxtında sənə hardan qız tapacağıq? Küçədən tapmayacağıq ki... həm də gecənin bu vaxtında küçələri gəzən qızı almazsan yəqin.
- Bəli, - dedim, - tamamilə doğru buyurursunuz. Odur ki, bu söhbəti xətm edək.
- Mənim bir təklifim var, gəlin Seymura telefonla qız tapaq. Budur, bax, avtomat da var, - Kamal əlavə etdi.
- Gözəl fikirdir, - dedim, - amma iki qəpikliyim yoxdur.
Hər tərəfdən mənə iki qəpikliklər uzatdılar. Budkaya girdim.
- Nömrəni deyin.
Firuz: - Əşi, ağlına gələn nömrəni çək, - dedi. - Məsələn... - birdən o, sözünü yarımçıq qoydu. - Yox, qardaş, keçəl suya getməz. Birdən qayınananla yola getmədin, yapışacaqsan mənim xirtdəyimdən.
- Qorxaq, - dedim, - məsələ də bundadır. Evlənmək ciddi işdir. Heç kəs məsuliyyəti boynuna götürmür.
- Mənim bir təklifim var, - deyə Firuzun arvadı sözə qarışdı. Onun həmişə bir təklifi olurdu, - heç kəs boynuna məsuliyyət götürmək istəmir. Gəlin onda məsuliyyəti bölüşək. Hərə bir rəqəm desin.
Firuz: - Əla, - dedi. O həmişə arvadının təkliflərini bəyənirdi. - İki. Mən iki çəkdim.
Firuzun arvadı: - Doqquz, - dedi.
Kamal:- Sıfır, - dedi və arvadına baxdı, - Sən de.
- Mən? Nə deyim, bilmirəm... yaxşı, dörd.
Murad:- Beş, - dedi.
Bircə Muradın arvadı heç nə deyə bilmədi, çünki dəstəkdən artıq kəsik siqnallar eşidilirdi.
- Nişanlım yatıb, - dedim, hamı gülüşdü. Mən dəstəyi asdım.
Yolumuza davam etdik, yavaş-yavaş dağılışdıq, hərə öz evinə getdi və mən, nədənsə, özümü çox tənha hiss elədim.
Dəniz bağına qayıtdım, uzun müddət adamsız bulvarı dolandım, qaranlıq dənizə və uzaqdakı rəngbərəng işıqlara baxırdım, birdən zəng elədiyim telefon nömrəsi yadıma düşdü. Gecə saat iki idi.
Mən yaxındakı avtomat budkasına girdim, yarığa iki qəpiklik saldım və nömrəni yığdım.
Telefonun dəstəyindən qadın səsi eşidildi. Yuxulu səs də deyildi, belə - azacıq yorğun, azacıq da təəccüblü.
- Bəli.
- Salam.
- Salam. Kimdir?
- Mənəm. Gəlin tanış olaq.
Mən sillə kimi üzümə vurulacaq sərt cavab gözləyirdim. Ya da elə bilirdim ki, üzünə çırpılan qapı kimi dəstək də birdən asılacaq. Amma nə söydü, nə asdı. Səsi əvvəlki kimi sakit idi.
- Axı tanışlıq üçün vaxt bir az gecdir.
- Gecdir? Xeyr, əsla! Əsil vaxtdır. Mən bu saat ən yaxın bir yoldaşımın toyundan çıxmışam. Bu, mənim axırıncı subay dostum idi. Mənə elə gəlir ki, bu gün onun toyu yox, yası idi.
- Vay, vay, vay. Elə niyə deyirsiniz? Bəs siz özünüz evli deyilsiniz?
- Yox. Bəs siz ərdəsiniz?
O güldü.
- Tanışlığın elə birinci dəqiqəsindən hər şeyi bilmək istəyirsiniz?
- Bağışlayın, siz Allah. Elə bilməyin ki, mən telefon xuliqanlarındanam. Yox, nədənsə, təklikdən bağrım çatlayır. Odur ki, dedim zəng eləyim, bir adamla danışım.
- Bəs mənim nömrəmi hardan tapdınız?
- Təsadüfən. Ağlıma gələn rəqəmləri yığdım, vəssalam.
- Əcəbdir.
- Bilirsiniz, bir az içmişəm, odur ki, özümü çox yalqız hiss eləyirəm.
- Olur, eybi yoxdur.
- Sizinlə görüşə bilərik?
- Yox, bax, bu baş tutan iş deyil. Gəlin belə danışaq.İndigecdir. Gedin evinizə, yıxılıb yatın. Səhər duracaqsız, bütün dərdi-qəminiz uçub gedəcək. Görərsiz.
- Axı mən sizi görmək istəyirəm, heç olmasa danışmaq istəyirəm sizinlə.
- Telefonumu ki, bilirsiniz. Sabah ayılandan sonra yenə də görsəniz ki, mənimlə danışmaq istəyirsiz, zəng eləyin.
- Doğrudan?
- Doğrudan. Gecəniz xeyrə qalsın.
- Xeyrə qarşı. Sabah sizə zəng eləyəcəyəm.
Gülməlidir vallah, amma dəstəyi asıb boş, adamsız küçələrlə addımlayarkən mənə elə gəlirdi ki, daha mən də tək deyiləm. Mənim də kimimsə var.
Səhərisi gün, təbii ki, mən zəng eləmədim. Bütün günü yüz əlli iki min işlə məşğul oldum və hər şeyi unutdum. Bir neçə gündən sonra iş planının müzakirəsində laboratoriya müdirimizlə möhkəm toqquşduq. O həm də mənim elmi rəhbərim idi.
Müzakirədən sonra Firuz məni evlərinə apardı. Biz onunla bir institutda işləyirdik. Yolda o mənim başıma ağıl qoyurdu, deyirdi ki, cırtqoz olma, hər şey üçün partlama. Əgər haqlısansa da həqiqəti ifadə və müdafiə etməyin müxtəlif formaları var. Hamını özünə düşmən eləməklə heç kəsi inandıra bilməyəcəksən. Bir az rəftarın olsun, qılığın olsun. Görürsən ki, biri düz danışmır. Deynən ona ki, siz, görünür məsələyə hərtərəfli nəzər salmamısınız, mənə elə gəlir ki, bu məsələyə bir də baxsanız, mənimlə razılaşarsınız. Yoxsa sənin kimi: siz heç bir şey qanmırsınız, nadansınız, cahilsiniz. Ona görə də...
- Ona görə də, - dedim, - sənin bu siyasətçiliyin lap məni boğaza yığıb.
- Yaxşı, görürəm ki, səninlə adam kimi danışmaq olmaz. Gedək bizə çay içməyə...
Firuzun arvadı: - Bilirsən, - deyirdi, - heç birimiz onu öyrətməmişik. Bilmirəm heç bu sözləri hardan bilir, özü tapıb, deyir: anna, atta.
O bir yaşı təzə tamam olmuş oğullarından danışırdı. Firuz o biri otaqda ev paltarlarını, məstlərini geyinib gəldi.
- Doğrudan, - dedi, - qəribədir. Bilirsən mən təzə bir nəzəriyyə icad eləmişəm. Mənə elə gəlir ki, dili uşaqlar yaradıblar. Böyüklər yox, məhz uşaqlar. Biz - böyüklər də onların düzəltdiyi sözlərdən istifadə edirik. Seymur əmisi, de görüm, harda belə şirin bala görmüsən, kimin belə oğlu var, hə?..
Nə qədər eləyirdim, telefon nömrəsini yada sala bilmirdim. İkinci yarısı yadımda idi, əvvəlindəki iki rəqəmi də yadımda idi, üçüncü rəqəm sıfır idi, bəs ikinci - yadıma sala bilmirdim ki bilmirdim.
- Bura bax, Səmayə, o axşam sən hansı rəqəmi dedin?
- Hansı axşam? Nə rəqəm?
İzah etməli oldum. Bir yığın zarafata, gülüşə, fərziyyəyə, məsləhətə qulaq asmalı oldum. Ələ saldılar, doladılar, başıma ağıl qoydular. Amma hamısı bir yana - qapıdan çıxanda Səmayə dedi:
- Hə, yadıma düşdü: doqquz. Mənim trolleybusumun nömrəsidir.
- Allo. Salam. Mənəm.
- Salam. Kimdir?
- Nə tez unutdunuz. Yadınızda, mən sizə zəng eləmişdim. Üç gün bundan qabaq. Elə bu vaxtlar idi.
- Onda səsiniz başqa idi, - dedi və istehzayla əlavə etdi, - ya bəlkə bu səfər danışan başqa adamdır, keçən səfər evlənənin indi də başqa dostu təklikdən şikayət edir? Məşğulətçin telefon macəralarına qurşanmısız.
O, sərt və kəskin danışmağı bacarırdı.
- And olsun ki, mənəm. Yəqin keçən səfər səsim sərxoş səsi idi, onunçun tanımadız. İndi necə, tanıyırsınızmı?
- Hə, indi tanıdım. Mənə elə gəldi ki, başqa adamdır, bağışlayın, - o, arxayınlıqla güldü. - Deməli, bu gün ayıqsınız.
- Yüz faiz. Ayıq vaxtımda zəng elədim ki, mənim haqqımda yanlış təsəvvürünüz olmasın. Sonra elə bilərsiz içkibazam. İldə-ayda bir dəfə içirəm.
- Yaxşı ki, zəng elədiniz, yoxsa bu axşam mən də yaman darıxırdım. Radiom xarab olub.
- Siz həmişə belə gec yatırsınız?
- Hə, gecə yarısına qədər radioya qulaq asıram. Amma bu gün radiomun lampası xarab olub, lap dəli kimiyəm.
Dəstəkdən piano səsi eşidilirdi. Lap uzaqdan eşidilirdi.
- Siz suallara cavab verməyi sevmirsiz, amma deyin, kimdir bu keçə vaxtı piano çalan?
- Aa, - o güldü. - Bizdə deyil, qonşudadır. Bir zəhlətökən qızdır ki, səhərdən axşamacan çalır. Divarlar nazikdir, bu qammalar məni lap cana yetirib. Radiom işləyəndə heç olmasa eşitmirəm onun çalmasını.
- Radioyla nəyə qulaq asırsınız ki?
- Efir evimin içi kimidir. Bax burda həmişə gecə konserti var - elə bil mən onun radio-dalğaları üzərində gəzən barmaqlarını görürdüm - burda da kəsik-kəsik melodilərdir, uzaq okeanların üstündən uçub gəlir. Burda həmişə tufan uğuldayır, burda da anlamadığım bir dildə danışırlar. Burda həmişə səs-küy olur. Konferansye zarafat edir, camaat gülür, əl çalır, mən sözləri başa düşmürəm, amma hamı gülür, fit verir, əl çalır, mən də şənlənirəm. Burda da nə isə intim bir verilişdir. Kişiylə qadın lap yavaş, pıçıltıyla danışırlar, mikrofonda nəfəslərini də eşidirəm. Radio qəribə şeydir. Elə bil bütün dünya mənim otağımdadır. Dünyanın gecəsi. Göy, melodiyalar, dramlar, təyyarələr...
- Təyyarələr niyə?
- Qulaq asın, - dedi. Başa düşdüm ki, susub dinləyir. Mən də qulaq verdim və bir qədər sonra təyyarə uğultusu eşitdim. Görəsən bu təyyarə bizim evin də üstündən keçəcəkmi? Görəsən onun evi hansı səmtdədir, şəhərin hansı tərəfində?
- Radioyla təyyarələr qohumdurlar, eləmi? - deyə qəfilcəyə soruşdu.
-Hardan qohumdurlar ki?
- Səmadan, - dedi və yenə susdu. İndi dəstəkdən təyyarə uğultusu deyil, yenə də bayaqkı kimi yeknəsəq qammalar eşidilirdi.
- Mən elə hey danışıram, danışıram, siz isə susursunuz. Siz də mənə bir şey danışın.
Özüm də özümə təəccüblənə-təəccüblənə, bilmirəm heç niyə, mən bu yad adama heç kəsə danışmadıqlarımı danışmağa başladım. İşdəki çətinliklərimdən, köhnə dostum Firuzla günü-gündən uzaqlaşmağımızdan, elmi rəhbərimi neçin sevmədiyimdən, müzakirədə ona ağzımdan çıxanı dediyimdən və başqa-başqa bu kimi şeylərdən. Ona heç bir dəxli olmayan şeylərdən. Niyə mən bunları məhz ona danışırdım? Özüm də bilmirəm. Amma özümü saxlaya da bilmirdim.
Birdən özümə gəldim. Tələsik onunla xudafizləşib dəstəyi asdım.
Evimə tərəf addımlaya-addımlaya düşünürdüm. Düşünürdüm ki, bunu kimə danışsam inanmaz. Doğrudan da tanımadığın, üzünü belə görmədiyin adama qəlbini necə açmaq olar? Mən onun haqqında nə bilirdim? Heç nə. Bircə onu bilirdim ki, gecələr o, radio dinləməyi sevir, qonşusu isə pianoda qamma çalır.
Bu hekayənin iştirakçılarından biri - telefondur. Mən telefon haqqında bir neçə kəlmə demək istəyirəm. Son vaxtlar mən telefonlar barəsində çox düşünürdüm: onlar mənə qəribə və müxtəlif cür görünürdülər. Bizim laboratoriya müdirimizin otağında - masanın üstündə qara bir telefon aparatı var. Hər dəfə bu aparata baxanda mənə elə gəlirdi ki, onun xətti dinamik məftilinə oxşayır. Müdirin daima nigaran, daima təlaşlı, qorxu çəkən gözlərinə baxanda mənə elə gəlirdi ki, bu telefonu onun otağına gec partlayan mina kimi qoyublar. O, hər zəngdən, hər hərəkətdən diksinirdi. Yəqin ona elə gəlirdi ki, bu mina-telefon hər dəqiqə bəd bir xəbərlə partlaya bilər. Bir gün zəng eləyib ona deyəcəklər ki, səni işdən çıxarıblar, yaxud arvadın qaçıb...
Kanselyariyamızda da telefon vardı. Amma diski rəqəmsiz, bağlı, qara bir dairə idi, elə bil möhürlənmişdi. Mənə elə gəlirdi ki, bu telefon təkərsiz maşın, ünvansız məktub kimi köməksiz və acizdir. O, sanki mütiliyin, asılılığın, passivliyin, təşəbbüssüzlüyün rəmzi idi - sənə zəng vura bilirlər, amma sən heç kəsə zəng vura bilmirsən.
Bu tipli telefonların müqabilində telefon avtomatlar da mövcud idi. Telefon avtomatlar disksiz telefonların tam əksi idi. Sən zəng edə bilirsən, amma sənə cavab verə bilmirlər.
Zəng elə, ağzına gələni de, lap söy, kim səni tapacaq? Telefon avtomatlar - cəzasızlığın, məsuliyyətsizliyin, özbaşınalığın rəmzi idi. Onların üstünlüyü bombardmançı təyyarənin silahsız gəmi üzərindəki üstünlüyünə oxşayırdı.
Bilsəniz evimdə telefon olmamasına nə qədər hayıfsılanırdım? Əlimə keçən iki qəpikləri Hacı Qara kimi xəsisliklə yığır, gizlədirdim. Tanış-bilişdən iki qəpik toplayırdım, imkan düşən kimi ayrı pulu xırdalayıb iki qəpiklik alırdım.
Hər gecə ona zəng eləyirdim. Həmişə də gec zəng eləyirdim. Bu, vərdiş və adət halını almışdı.
Bu söhbətlərə alışmışdım - onun bir az yorğun, bir az istehzalı, bir az kədərli səsinə, divar dalından eşidilən yeknəsəq qammalara, radionun güclə sezilən nəfəsinə, təyyarə uğultusuyla dolu pauzalara.
Mən indi onun haqqında bəzi şeyləri öyrənmişdim, amma çox az şey. Bilirdim ki, adı Mədinədir, tək yaşayır. Bilirdim ki, gözləri qonurdu, çəkməsinin nömrəsi otuz beşdir. Bundan artıq heç nə bilmirdim.
Bir dəfə soruşdum:
- Neçə yaşındasınız?
- Eh, qoca qarıyam, nəvələrim, nəticələrim var, - dedi və mən onun cavan səsindən duydum ki, məni dolayır. Və bir də bildim ki, nə yaşından danışmaq istəyir, nə işindən, nə də ailə vəziyyətindən.
Mən də inad edib soruşmurdum. O özü də bu barədə məndən bir şey soruşmurdu, amma bilirdi ki, iyirmi doqquz yaşım var, subayam, elmi idarədə işləyirəm.
Bircə adımı bilmirdi. Nədənsə ona əsil adımı deyil, başqa ad demişdim: Rüstəm. Niyə? Bilmirəm. Bəlkə onun da əsil adı Mədinə deyildi, başqa idi.
- Axı biz haçan görüşəcəyik?
- Neylirsiz görüşməyi? - dedi. - Bəyəm belə pisdi? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə, yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır. Ondansa işinizdən danışın. O məsələ necə oldu? Davanızı deyirəm? Ötüşdü?
- Yox. Ərizə vermişəm, gedirəm ordan.
- Hara?
- Hələ bilmirəm. Siz nə məsləhət görürsünüz?
O, cavab vermədi və mən təyyarə uğultusunu eşitdim.
Yeni ili Firuzgildə qarşılayırdıq. Təzə bəylə gəlin - Rasimlə Fəridə də gəlmişdilər. On ikiyə on dəqiqə qalmış masanın arxasına keçdik. Masanı Firuzun arvadı, başqa arvadların iştirakıyla çox yaraşıqlı düzəltmişdilər.
Mən hamıdan gec gəlmişdim, soyuq idi, qarlı-çovğunlu küçədən sonra evin istisi, işığı adama daha xoş gəlirdi.
Saat on ikini vurdu, bir-birimizi qucaqlayıb öpdük, hamıya, hamıya xoşbəxtlik, səadət arzuladıq və Firuz dedi ki, bu il tarixi il olacaq - Seymur evlənəcək. Biz bir qədəh də içdik və Firuz məni kənara çəkdi.
O, axşamdan içmişdi, lap dəm idi və qədəhin böyründən tutub tək bir mənim sağlığıma tost deyirdi. Özü də ancaq mənə deyirdi.
- İçirəm sənin sağlığına. Həmişə belə olasan. Mərd, prinsipial, amma bir az da ülfətli, qılıqlı, rəftarlı. Həyata açıq gözlə baxasan. Bilirəm, ürəyində mənə gülürsən, bəlkə də nifrət edirsən. Elə bilirsən ki, mən də bax bütün bunlardan - o par-par parıldayan təzə mebelini göstərdi, - ya da Səmayənin şubasından ötrü mənliyimi satmışam. Yox. Mən heç bir vaxt vicdanımın əleyhinə getmərəm, heç vədə elə söz demərəm ki, vicdanım onu qəbul eləməsin. Buna əmin ola bilərsən. Amma... - o, pauza verdi, - amma gərək adamın ağlı başında olsun. Xoruz kimi atılmasın hər dəqiqə ortalığa. Elə yer var, gərək çəkiləsən, güzəştə gedəsən, elə yer də var ki, gərək qabarasan, sözünün üstündə möhkəm dayanasan. Bəzi xırda işlərdə güzəştə getmək lazımdır ki, böyük işlərdə getməyəsən.
- Bəlkə də sən haqlısan. Amma mənimçün bu haqq-hesab çox qəliz məsələdir, burda geri çəkil, orda irəli çıx, mən belə idmandan baş çıxara bilmirəm.
O, əlini yellədi: - Ay-hay. Yaxşı, gəl içək. Yeni ildən harda işləyəcəksən?
- Qəzetdə, - dedim. - Dünəndən əmrim verilib.
- Özün bilən yaxşıdır, amma məndən soruşsan, nahaq getdin.
O, royalın arxasına keçdi, çalmağa başladı, arvadı da oxudu. Bizim radionun son mahnılarından biri idi. Birdən mənim yadıma qammalar, sonra isə radio düşdü.
- Tost demək istəyirəm, - dedim.
Hamı təəccüblə mənə baxdı, bilirdilər ki, mən heç vaxt tost-zad deyən deyiləm.
- Bax, biz hamımız burdayıq, bir yerdə, kefimiz də sazdır. Gəlin amma fikirləşək görək bu axşam tək qalanlar neyləyir? Məsələn, növbətçilər, yol baxıcıları.
- Kim, kim? - deyə ordan-burdan səsləndilər.
- Yol baxıcıları deyirəm. Bəli, o yol baxıcıları ki, qatarların cədvəlini əzbər bilir, təpə-tənha daxmalarından gecə vaxtı, qarda-çovğunda yola çıxıb qatarları ötürürlər.
Rasim: - Dinməyin, deyəsən aşnamız dəmdir, - dedi, hamı bərkdən gülüşdü.
Firuz tez mənə baxdı və ayağa durdu: - Dayanın, dayanın, - dedi. - Deyəsən xətrinə dəydi. Xahiş edirəm gülməyəsiz, məsələ ciddidir. Deməli, yol baxıcılarının sağlığına, eləmi, Seymur?
Hamı qədəhləri qaldırdı.
- Yox, - dedim, - mən yol baxıcılarının sağlığına demək istəmirdim. Sözümü ağzımda qoyduz. Mən başqa bir adamın sağlığına içmək istəyirdim və bax, əgər dolayıb eləsəz, məndən inciməyin.
- Pah atonnan. Yaxşı, de gəlsin..., -yerbəyerdən səsləndilər.
- Mən bir adamın, bir tək-tənha, yalqız adamın sağlığına içmək istəyirəm. İndi o, oturub radionun qabağında. O, bütün radiostansiyaların proqramını, cədvəlini bilir. Yol baxıcısı qatarların qarşısına çıxan kimi o da efirdəki konsertlərin qabağına çıxır. Bütün dünya onun otağındadır, bütün bu dünyayla birlikdə o necə təkdir...
Mən bir qurtuma qədəhi başıma çəkdim.
Hamı səssiz-səmirsiz içdi, təəccüblə baxışdı, amma bir şey demədilər. Bir azdan sonra isə başqa şeylərdən danışmağa başladılar.
Mən dəhlizə çıxdım, nömrəni yığdım və dinləməyə başladım. Dəstək susurdu. "Bu da sənin yol baxıcın - deyə düşündüm. - Nahaq sən onun dərdini çəkirsən. O da yəqin hardasa yeni ili qarşılayır. Niyə də qarşılamasın axı?"
Sonra mən yenə zəng elədim. İstədim ki, yeni ilini Moskva vaxtıyla təbrik eləyəm. Cavab çıxmadı, bir saatdan sonra yenə zəng elədim, Praqa vaxtıyla yeni ilini təbrik etmək istədim, yenə hay vermədi. Bir saat da keçdi, yenə zəng elədim. Hansı vaxtla yeni il idi, bilmirəm, bəlkə Qrinviç vaxtıyla.
Nəhayət, səhər altının yarısında, küçədəki avtomatdan zəng eləyəndə cavab çıxdı.
- Sizi Atlantik yeni iliylə təbrik edirəm, - dedim.
Yəqin ki, nə demək istədiyimi başa düşmədi, mən də izah eləmədim.
- Sizsiz? İndicə girmişəm qapıdan.
- Bilirəm. Bütün gecəni sizə zəng vurmuşam.
- Rəfiqəmgildəydim.
- Dəxli yoxdur, - dedim, -yeni ildə mən sizə vacib bir şey demək istəyirəm. Mən sizi sevirəm. Özü də dəliçəsinə sevirəm.
- Belə de. - O güldü. - Əcəb şad xəbərdir. Yeni il pis başlamır.
- Siz mənim əzizim, gözümün işığısınız, bilmirəm hansı sözləri demək lazımdır, amma mən heç kəsi belə sevməmişəm. Bilirəm, sizə gülməli gəlir, axı biz heç bir-birimizi görməmişik. Amma neyləmək, bu belədir ki, var. Mən sizsiz yaşaya bilmərəm.
- Daha doğrusu, mənim telefonumsuz, - dedi. - Bilirəm, bu sözlər havayı söhbətdir, amma hər halda onları eşitmək xoşdur.
İlk dəfə idi ki, bizim söhbətimizi qammalar müşayiət etmirdi. Səhər açılırdı. Mən vaxtilə musiqi məktəbində oxuduğuma görə ağlıma belə bir bənzətmə gəldi - həyatın xromotik qamması - ağ və qara pərdələrin - gündüzlərin və gecələrin, yaxşı, işıqlı günlərin və pis, qaranlıq günlərin ardıcıllığı...
- Mən sizi haçan görəcəm axı? Amma siz düz deyirsiniz, görüşməyək. Bu, məhəbbətin ən gözəl formasıdır, bir-birimizə telefon xətləriylə bağlanmışıq. Gözəl əlaqədir.
- Birtərəfli əlaqədir, - dedi, - o, mənada ki, mənə zəng edə bilirsiz, amma mən sizə yox.
- Bəli, ona görə də mən sizi görməliyəm. Ünvanınızı deyin, bu saatca gəlim ora.
- Xahiş edirəm sizdən,- dedi və səsində ağrı duydum. Davam etdi: -Xahiş edirəm, bu sevinci məndən almayın. Belə təklifi mənə çoxları edir. Siz də etsəz, sizinlə də salam-kalamım kəsiləcək, - susdu, sonra əlavə etdi, - amma sizə mən çox isnişmişəm. Siz ilk adamsınız ki, ərimin ölümündən sonra özümə yaxın, məhrəm bilirəm.
Yanvarın ikisində təzə işimə gəldim. Bütün günü böyük bir materialı redaktə etdim, işin axırına yaxın makinaçıya verdim. Dedim ki, mütləq səhərə hazır edin. Kanselyariyanın qabağında böyük bir siyahı asılmışdı - işçilərin familiyaları və telefon nemrələri. Mən gözucu bu siyahıya nəzər saldım və birdən diksindim - elə bil tanımadığım adamlar içində tanış bir sifət görmüşdüm.
- Vəlizadə kimdir? - deyə xəbər aldım.
- Bizim makinaçıdır. İndicə material verdiz e, ona... Nədir ki?
Mən pəncərədən baxdım. Qonur gözlü makinaçı pilləkənlərlə aşağı düşürdü. Dikdaban çəkmələri - tuk-tuk-tuk, - pilləkəndə səslənirdi və mən bilirdim ki, onun çəkməsinin nömrəsi otuz beşdir.
Bu, lap nağıla oxşayırdı. Tale bizi bir idarədə rastlaşdırmışdı, amma o hələ bu barədə bir şey bilmirdi. İndi o, makinasında mənim verdiyim böyük materialı yazarkən heç ağlına da gətirmir ki, bu materialı ona mən vermişəm, yəni, bilir ki, mən vermişəm, amma bilmir ki, mən oyam, yox, daha doğrusu, necə deyim, mən - mənəm.
Mən özümü saxlaya bilmirdim, bu yeniliyi ona çatdırmaq istəyirdim, avtomatdan ona zəng elədim. İlk dəfə belə erkən zəng vururdum və telefon susurdu. "Zərər yoxdur, həmişəki vaxt zəng edərəm, qoy sürpriz olsun".
Gecə ona zəng vurdum.
- Salam. İki saat bundan qabaq sizə zəng eləmişdim.
- Belə tez niyə? Rəfiqəmgildə idim. Əlimdə işim vardı, onlarda işləyirdim.
Gülüşümü güclə boğaraq: - Nə işdi ki? - deyə soruşdum.
- Evə iş götürmüşəm. Təzə müdirimizin tapşırığıdır.
- Təzə müdir?
- Hə, bu gün idarəmizə təzə şöbə müdiri gəlib.
- Yox əşi, - mən yenə də gülməkdən özümü güclə saxlayırdım, - hə, necədir təzə şöbə müdiriniz?
- Nə deyim vallah. Nə isə məni açmadı. Çox təkəbbürlüdür. Düzdür, ilk təəssüratla çətindir demək, amma, hər halda...
Mən quruyub qaldım. Bu variant heç mənim ağlıma gəlməmişdi.
- Niyə xoşunuza gəlməyib ki?
- Əşi, heç. Birinci təəssürat çox vaxt səhv olur. Bəlkə də yaxşı adamdır. Hər halda, özünü belə tox tutur. Hündür, göyçək oğlandır. Sifəti də gözəldir, amma bir az forsludur deyəsən... Adama elə bil yuxarıdan aşağı baxır. Danışanda da belə əmrlə danışır: sabaha çap eləyin.
İlk dəfə olaraq o öz peşəsi haqqında ağzından söz qaçırtdı. Amma mən bu sözdən yapışıb, onun peşəsini soruşmadım, axı onsuz da bilirdim.
- Bəs sizin işiniz nə oldu? - deyə soruşdu. - Təzə işə düzəldiniz?
Onda mənim ağlıma da gəlmədi ki, qəribə bir oyun başlayıram, amma ani olaraq hansı daxili qüvvəsə məni saxladı və belə cavab verdim:
- Yox, bilirsiz, fikrimi dəyişdim. Köhnə yerimdə qaldım.
Səhərsə ilk dəfə Mədinəni, mənim Mədinəmi gördüm. Yəni dünən də görmüşdüm onu. Amma dünən bu sifət başqa sifətlərdən biri idi, xoş, yapışıqlı bir sifət idi, xüsusi bir şeylə ayrılarından fərqlənmirdi. Adi bir sifət... Bəlkə hətta ona gözəl də demək olardı, amma nə isə solğun, tutqun bir gözəllik idi bu. Bütün bunlar dünən idi. Bu gün isə hər şey bambaşqa idi. Onun çap etdiyi kağızlara baxa-baxa oğrun-oğrun özünə də nəzər salırdım. Onun mənə yad olan zahiri görünüşüylə bu qədər yaxın, dogma, məhrəm səsi arasında, real varlığıyla telefon varlığı arasında bir ahəng, uyğunluq axtarırdım.
Mən onunla çox mehriban, həssaslıqla davranırdım və çox maraqlanırdım, görüm o bu dəyişikliyi duyurmu?
Bunu bilmək üçün axşamı gözləyirdim. Telefon saatını.
- Deyirdim də sizə, ilk təəssürat çox vaxt aldadıcı olur. Sən demə belə mehriban, belə həssas adammış ki...
- İkinci təəssürata da çox inanmayın. O da aldadıcı ola bilər.
- Yox, yox, dünən onun gözlərinin içinə baxa bilməmişdim. Bu gün baxdım - "görəsən haçan baxıb ki, mən sezməmişəm", - deyə düşündüm. - Bilirsiz gözləri nə təmizdir, ağıllıdır.
- Qısqanıram sizi ha, - dedim.
Bu oyun belə başladı. Mən artıq bu oyunun qaydalarını da bilirdim. O isə hər şeydən bixəbər idi.
Artıq mən heç bir şey edə bilməzdim. Hadisələr mənim nəzarətimdən, ixtiyarımdan çıxmışdı. Poçt qutusuna atdığın məktub kimi. Bu oyunun öz çətinlikləri vardı. Gərək bütün sözlərini, ifadə, düşüncə tərzini dəyişdirəydin. Telefonda bir adam olaydın, işdə başqa. Hərəsinin də öz aləmi, öz davranışı, öz psixologiyası.
İşdə mən tamam başqa adam idim. Xeyirxah, amma arada pərdə saxlayan, bir qədər özünü çəkən. Telefonla o mənə mənim barəmdə danışırdı, hər hərəkətimi, hər addımımı, üzümün hər ifadəsini təhlil edirdi.
Çox vaxt söhbəti mən özüm salırdım, amma axır vaxtlar hiss edirdim ki, mənim söz açmağıma heç ehtiyac qalmır. O özü həvəslə Rüstəmlə uzun-uzadı telefon söhbətləri zamanı Seymur müəllimdən danışırdı. Amma Seymurla heç vaxt Rüstəm barəsində danışmırdı. Ümumiyyətlə, onun telefon həyatı haqqında heç kəsin təsəvvürü yox idi.
Mən bilmirdim sevinim buna, ya kədərlənim. Bəzən mənə elə gəlirdi ki, onun bu barədə heç kəslə danışmamasına səbəb tam bir laqeydliyi, biganəliyidir. Bəzən də əksinə düşünürdüm. Düşünürdüm ki, o bunu ən titrək, ən əziz, ən sirli bir hiss kimi gizlədir, heç kəsə açmaq istəmir. Qəribə şey idi - elə bil duyğularım qatmaqarışıq düşmüşdü.
Təsəvvür edin, Seymur kimi mən onu telefon həyatına qısqanırdım. Gecə telefon söhbətlərində isə məni - Rüstəmi onun Seymur haqqında uzun-uzadı söhbətləri əsəbiləşdirirdi.
Bir dəfə ona: - Gəlin, - dedim, - bir-birimizə "sən" deyək. Axı çoxdan tanışıq.
- Yaxşı, gəl, - deyə telefondan cavab eşitdim.
- Sağ ol, gecən xeyrə qalsın, - dedim və uşaq kimi sevindim ki, indi Mədinə mənimlə "sən" deyə, onunla isə "siz” deyə danışır.
Birdən ağlıma gəldi ki, ilk dəfə özüm haqqında, özümün ikinci "Məni" haqqında özgə bir şəxs kimi düşünürəm.
- Mənə elə gəlir ki, sən bir balaca ondan kəsirsən?
- Nə bilirsən? - deyə işvəylə cavab verdi, - bəlkə o məndən bir balaca kəsir?
Mən hirslə dəstəyi asdım. Üç gün ona zəng eləmədim. İşdə isə o gün həvəslə mırt vururduq. İdarənin köhnə işçilərindən biri mənə yanaşdı:
- Əbəs yerə özünü yorma, - dedi və gülümsündü,- hələ heç kəs bizim bu balaca xanımın qəlbini fəth eləyə bilməyib.
Hər üçümüz güldük, Mədinə gedəndən sonra müsahibim dedi:
- Rahibə kimi bir şeydir. Heç kəs onun ürəyinə yol tapa bilmir. Vəfalı arvad imiş. Əri neçə il bundan qabaq həlak olub.
Öyrəndim ki, əri təyyarəçi imiş, göydə həlak olub.
O gün işdən gec çıxmışdım. Qapıdan çıxanda eşitdim ki, Mədinə makinada nə isə yazır. Onun uzun, nazik barmaqları vardı və o, makinada yazanda adama elə gəlirdi ki, pianoda çalır.
Gecə ona zəng elədim.
- Salam.
- Salam. Deməli, sənin özündən çıxmağın da varmış. O gün niyə dəstəyi çırpdın? Sənin açığına bu gün Seymur məni evə ötürdü.
- Necə? - deyə mən təəccüblə soruşdum və təəccübümün səmimiyyətinə inana bilərsiniz.
- Elə, işim çox idi. Gec çıxdım. O da məni ötürdü. Çünki mərifətli adamdır.
"Daha doğrusu, mərifətsiz, gicin biridir" - deyə düşündüm. Kül ağlıma, elə gec qalmışdı, mən də vidalaşıb getdim, fikrimə gəlmədi ki, ötürüm".
Ancaq mən başqa şeyi də anlamışdım. Başa düşmüşdüm ki, onu ötürmək istəsəm, “yox” deməz, hətta bəlkə ona xoş gələr. Bəlkə də acıqla deyirdi, telefonu çırpdığım üçün məni - Rüstəmi hirsləndirmak üçün deyirdi.
Deməli, o mənə - telefon tanışına da laqeyd, biganə deyildi. Ancaq bunu necə biləsən? Bunu bir vaxt bilə biləcəyəmmi?
Gümanlar, fərziyyələr içində çaşıb qalmışdım. Amma bircə şeyi dəqiq dərk etmişdim və odur ki, gələn səfər o, işdən gec çıxanda nə etmək lazım olduğunu bilirdim.
Biz gediş-gəlişi azalmış, adamları seyrəlmiş küçələrlə keçirdik və mən ondan soruşdum:
- Bəs işiniz olmayanda axşamlar neyləyirsiz?
- Evdə otururam, - dedi.
- Elə tək-tənha oturursunuz evdə?
- Bəli, nədir ki? Oxuyuram, radioya qulaq asıram.
Görəsən radio haqqında danışdıqlarını indi də danışacaqmı? Amma tamam başqa məsələdən söz saldı və mən bununçun ona minnətdar idim.
- Bu da mənim pəncərəm, - deyə üçüncü mərtəbəni göstərdi.
- Bəlkə pilləkən qaranlıqdır, qoyun sizi yuxarıyacan ötürüm.
- Yox, - dedi.
Amma mən geri çəkilmək istəmirdim,
- Bəlkə məni evinizə dəvət edəsiz?
- Məmnuniyyətlə. Amma indi gecdir, - o, saatına baxdı və mən hiss elədim ki, əsəbiləşir.
- Gecdir? Siz belə tezdən yatırsınız?
- Yox, amma... - o, narahat idi, söz tapa bilmirdi.
- Yaxşı, indi ki mənə bir stəkan çay vermək istəmirsiniz, gəlin bir az da gəzişək, hava alaq.
O dinmədi. Biz bir neçə dəfə onların evlərinin başına hərləndik. Mən yaman getmək istəyirdim onun evinə. Telefon söhbətlərindən mənə bu qədər tanış olan bu ala-işıq mənzili, radionu, yumşaq kürsünü görmək istəyirdim.
Bəlkə də o gün məni evinə dəvət etsəydi, hər şeyi ona deyəcəkdim. Ancaq dəhliz qapısının qarşısında ayrılarkən o, əlini tələsik mənə uzatdı.
- Yaxşı, hələlik Seymur müəllim. Çox sağ olun. Gecəniz xeyrə qalsın.
Gülümsündü, cəld çevrilib qaçdı.
Mən onun addım səslərini dinləyirdim və birdən hər şeyi başa düşdüm. Başa düşdüm ki, o niyə tələsir, əsəbiləşir, tez-tez saata baxırdı. O, telefon zənginə gecikməkdən qorxurdu. Mənim zəngimə.
Bir neçə gündən sonra bizim məsul katib istehsalat müşavirəsində axmaq bir çıxış elədi. Mən söz aldım və onu birtəhər elədim. O mənə cavab vermədi və birdən mənim yazığım gəldi bu kişiyə. Neçə ildir qəzetdə işləyir, yəqin hələ heç kəs onunla bu tonda danışmayıb. Özü də adam içində.
Müşavirədən sonra mən özümü narahat hiss elədim, əvvəla ona görə ki, tamamilə haqlı deyildim, ikincisi, ona görə ki, Firuzun məsləhətlərini xatırladım, üçüncüsü də ona görə ki, bu işdən də getmək istəmirdim. Axı Mədinə burda işləyirdi. Nə isə, məsul katibin otağına getdim, üzrxahlıq elədim.
Gecə Mədinəyə zəng eləyəndə bilirdim nədən danışacaq.
- Bilirsən, Rüstəm, - onun səsində bir canlanma, həvəs vardı, - bizim Seymur bilirsən necə mərd adamdır? Bu gün mən olmamışam, amma hamı danışır ki, müşavirədə durub məsul katibi birtəhər eləyib. Yaş yuyub, quru sərib. Ağzından çıxanı deyib. Bilirsən, hamı bundan danışır. Axı hələ indiyə kimi onun bir sözünü iki eləyən olmayıb. Özü də bu qədər adamın içində kişini biabır eləyəsən.
- Bilirəm, - dedim, - bu tipdə adamları mən yaxşı tanıyıram. İclaslarda alovlu nitqlər deyirlər, adamların içində basıb-kəsirlər, amma sonra təklikdə gedib üzr istəyirlər. Yəqin sənin Seymurun da iclasdan çıxıb, gedib o kişinin yanına, şahidsiz-zadsız yıxılıb ayağına, başlayıb yalvarmağa.
O, kədərli səslə: - Axı belə niyə danışırsan? - dedi. - Niyə sən onu sevmirsən?
- Ona görə ki, sən onu sevirsən. Mən də səni sevirəm.
- Çox gözəl. Hamımız bir-birimizi sevək də.
- Əlbəttə, sən zarafat elə. Bəla ondadır ki, onunla sən görüşürsən, üzbəüz danışırsan, kinoya gedirsən.
- Kinoya? Nə bilirsən ki, onunla kinoya gedirəm.
- Niyə də getməyəsən?
O güldü. Görünür bu fikir ona xoş idi.
- Mənimlə isə ancaq telefonla əlaqə saxlayırsan.
- Axı biz səninlə danışmışdıq.
- Sən mənim haqqımda ona bir şey demisən?
- Nə danışırsan? Mən bu barədə heç kimə, heç vaxt bir kəlmə də deməyəcəyəm. Mənimçün bu, necə deyim, - o bir an susdu, söz axtardı, - müqəddəs bir şeydir.
Səhərisi günü biz onunla kinoya getmişdik. Film sınaqçı pilotlar haqqında idi və Mədinə qəhərlənmişdi. Bəlkə buna görə onda qəlbini boşaltmaq ehtiyacı vardı və biz bulvarla evə qayıdarkən o mənə həlak olmuş ərindən danışırdı.
Deyirdi ki, bizim bütün ömrümüz göydə keçdi. Göydə tanış olduq. O pilot idi, mən adicə sərnişin. Sonra mən stüardessa işləməyə başladım ki, həmişə onunla olum. Evləndik. Bakıdan - Moskvaya, Moskvadan - Bakıya uçurduq və təyyarədə xəlvət guşə tapıb öpüşürdük. Sonra boynuma uşaq düşdü, məzuniyyətə çıxdım. Axırıncı dəfə onu trapa qədər ötürdüm.
Ayrılanda onların dodaqları arasında məsafə yox idi, amma bilmirdilər ki, bu məsafə həyatla ölüm arasındakı məsafədir. Əbədi göylə, onun heç bir vaxt qayıtmayacağı əbədi göylə yer arasında, Mədinənin onu daim gözləyəcəyi yer arasındakı məsafə.
Təyyarə yerindən tərpənəndə Mədinə onun arxasınca su atdı. Yəqin aviasiya tarixində ilk dəfə idi ki, müasir hava laynerinin ardınca, min il bundan qabaqkı adət üzrə su atırdılar. Sonra o, göyə qalxdı. Sonra yağış yağdı.
Mədinə ayaq saxladı, nəyəsə qulaq verməyə başladı. Bir qədərdən sonra bu uğultunu mən də eşitdim və başa düşdüm ki, o bu səsi hamıdan qabaq eşidir. Biz göydə hərəkət edən rəngbərəng işıqlara baxırdıq və Mədinə dedi:
- Onun qəbri ordadır. Arvadlar ərinin qəbri üstə qəbiristanlığa gedir, mən də göyə baxıram.
Sonra Mədinə mənə danışdı ki, bəzən axşamlar aerodroma gedir, elə-belə bir kənarda dayanır, düşən, qalxan təyyarələrə tamaşa edir.
Sonra dedi ki, uşaq da ölü doğuldu, ərinin bu yadigarı da qalmadı.
Mən əlimi onun üzünə çəkib yanaqlarındakı göz yaşlarını sildim, sonra dəli kimi onu öpməyə başladım.
O: - Yox, yox, yox, lazım deyil, - deyirdi və mən hiss edirdim ki, get-gedə o bu sözləri daha böyük çətinliklə deyir.
Mən onu ötürdüm və dərhal zəng elədim.
Səsi həyəcanlı və hətta bir qədər şən idi və mənim bütün romantiklərə - havada, yerdə, dənizdə həlak olmuş bütün biçarələrə yazığım gəldi.
- Bilirsən, - dedim. - İndi işdə də onunla "sən" deyə danışırdıq, - dünən biz ayrılan kimi sənə zəng elədim, telefonun məşğul idi. Gecənin o vaxtında kiminlə danışırdın belə?
Mən heç gözləməzdim. Onun rənginin qaçdığını, sifətinin gərginləşdiyini duydum. Amma tez özünü ələ aldı və dedi:
- Yəqin ayrı yerə düşmüsən. Mən gələn kimi yatdım...
- Dünən səni yuxumda görmüşəm.
- Qəribədir, həyatda heç bir vaxt görmədiyin adamı yuxuda neçə görmək olar?
- Səsini görmüşdüm yuxuda. Bir də "Nerinqa" radionu.
- "Nerinqa"nı yenə təsəvvür edə bilərəm, amma səsimi necə görmüsən, heç ağlıma sığışdıra bilmirəm. Səncə, mən necəyəm? Heç məni təsəvvür edə bilirsənmi?
- Əlbəttə. Hündür boylu, uzun qıçlı, uzun saçlı - mən onun əsil görkəminə uyğun olmayan şeyləri deyirdim.
- Afərin sənə, - dedi. - Lap düz təsəvvür edirsən. İndi mən hər gecə sənin yuxuna girəcəyəm.
- Yəqin sən tək mənim yuxuma girmirsən...
- Yenə başladın?
- Yox, bilirsən, deyirlər, Məhin Banu hər gecə yüz kişinin yuxusuna girirmiş. Sənin tirajın neçədir?
- Mən bircə nüsxəyəm və ancaq sənin yuxuna girirəm. Sən mənim gözümün işığısan.
- Hədsiz dərəcədə minnətdaram.
- Bura bax, gözümün işığı, bir məsələni səninlə məsləhətləşmək istəyirəm. Amma, xahiş edirəm, özündən çıxma, hay-küy salma, telefonu da atma.
Mən bu söhbəti üç gündü gözləyirdim. Üç gündü təəccüblənirdim ki, niyə bu barədə danışmır.
- Qulaq as. Amma əvvəl yanına gətir validol qoy.
- Yaxşı, ürəyimi çəkmə.
- Yaxşı. Üç gün bundan qabaq Seymur mənə təklif elədi ki, ona ərə gedim. Ürəyin getmədi ki?
- Yox, - dedim. - Nə cavab verdin ona?
- Hələ heç bir cavab verməmişəm. Səninlə məsləhətləşmək istəyirəm. Axı sən mənim ən yaxşı, ən əziz dostumsan. Ən əziz adamımsan.
"Qadın psixologiyası qəribədir. Başqasına aşiq olan kimi sən ən yaxşı dost, ən yaxın adam olursan".
- Lazım deyil - dedim və ən qəribəsi bu idi ki, mən səmimi deyirdim - heç kəsə getmə. Ya da mənə gəl. Mən səni sevirəm. Ay allah, kaş telefonla evlənmək olaydı.
O qəhqəhə çəkdi. Bir qədər əsəbi və süni gülürdü.
- Ağıllı oğlan ol. Axı sən hələ lap balaca uşaqsan.
- Mən? Nə bilirsən, sən ki, məni görməmisən.
- Mən hiss edirəm. Hər şeydən hiss edirəm, sənin səsindən, xasiyyətindən, mənlə əlaqəndən. Yalvarıram sənə, həmişə belə qal, böyüməyə tələsmə.
- Nə bilirsən, bəlkə mən sənin Seymurundan böyüyəm?
- Yox, yox əzizim. Qadın hissləri heç vaxt aldatmır.
Bu lap məzhəkəyə oxşayırdı, amma mənim gülməyə həvəsim yox idi. Nə isə doğrudan da ağrı, kədər, intizar duyurdum.
- Lazım deyil, Mədinə, - deyirdim. - Bəs mən nə edəcəm? Axı ərin icazə verməyəcək ki, gecə sənə zəng vurum.
- Fikirləşib bir şey taparıq. Telefon əlaqəsi xəyanət deyil, günah deyil. O vaxta sənin də evində telefon olacaq, mən özüm sənə zəng eləyəcəm.
Axı ona necə başa salaydım ki, bu heç bir vaxt mümkün olmayacaq.
- Məni başa düş, - deyirdi, səsi ciddi və kədərli idi, - bax, siz kişilər hərdən təklikdən, tənhalıqdan şikayətlənirsiz. Mənim lap gülməyim tutur, çünki siz əsil təkliyin nə demək olduğunu heç vaxt başa düşə bilməzsiniz. Elə təklik ki, onu yalnız qadın başa düşə bilir. Gecə ayılırsan, divarlar üstünə gəlir... nə isə, qəmli şeylərdən danışmayaq. Sən nə desən, onu edəcəm. İstəyirsən “yox” deyim.
Mən ona nə deyə bilərdim? O susdu, sonra mən təyyarə uğultusu eşitdim və başa düşdüm ki, bu özü elə cavabdır. Heç bir vaxt bizim heç birimiz - nə mən - Rüstəm, nə də mən - Seymur onun həlak olmuş ərinin yerini tuta bilməyəcəyik.
O axşam işdən sonra ilk dəfə məni evinə dəvət etdi. Mən dəhlizi və mərtəbəni bilirdim, amma mənzil qapısını tanımırdım. Qaranlıqda başqa qapını döydüm. Açan olmadı.
Kibrit çəkdim və qapının üstündə not vərəqində yazılmış "Açar qonşudadır" sözlərini oxudum. Not kağızını görən kimi qammalar yadıma düşdü və bildim ki, qapını çaşdırmışam. Çönüb qarşıdakı qapını döydüm.
"Nerinqa" radiosu, yumşaq kürsü, torşer - hər şey eynilə mən təsəvvür elədiyim kimiydi.
- Bu saat, Seymur, sənə əntiqə musiqi tutacam, - dedi. - Sən qulaq as, mən də çay qoyum.
Sonra mən onu öpürdüm, qucaqlayır, oxşayırdım. Hiss edirdim ki, ona qadınlığı xoş və çətin bir ağrıyla qayıdır.
Divar dalında lap yaxınlıqda qamma çalmağa başladılar, birdən o mənim əllərimin arasından çıxdı və nəyəsə qulaq asmağa başladı.
Mən də dinləyirdim. Bilirdim ki, bir neçə saniyədən sonra mən də bu uğultunu - təyyarə uğultusunu eşidəcəyəm. Amma heç bir təyyarə - filan yox idi. Birdən başa düşdüm ki, Mədinə nəyə qulaq verir. Mədinə telefonu dinləyirdi. Bu vaxtlar o zəng edərdi.
O - yəni mən.
Bilirdim ki, o daha zəng eləməyəcək, daha heç bir vaxt zəng eləməyəcək, amma bir an mən də şübhələndim, mən də gözlədim və mən də möcüzə arzuladım - istədim, telefon səslənsin.
Telefon susmuşdu.
(1967)
“Ədəbiyyat və incəsənət”
(27.08.2024)
MÜTALİƏ MƏDƏNİYYƏTİ –36.Mütaliə etməyin faydalarının xülasəsi
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI?
“Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr edilir.
Azərbaycan Ədəbiyyat Fondu@
36.
MÜTALİƏ ETMƏYİN FAYDALARININ XÜLASƏSİ
Biz kitab boyu sizlərə mütaliə etməyin faydaları barədə bəhs etdik. Sonda isə bütün sadalananları bir yerə cəmləyib ümumi mənzərə yaratmağa çalışacağıq.
Beləliklə, mütaliənin ən əsas faydaları aşağıdakılardır:
Üfüqlərinizi genişləndirəcəksiniz
Kim biliyin güc olduğunu söyləyirsə, tamamilə haqlıdır. Həyat bizi təklif olunan şərtlərə uyğunlaşmağa məcbur edir və çox vaxt yalnız illərlə qazanılmış bacarıq və biliklər onların öhdəsindən gəlməyə kömək edir. Müasir dünya bizə bir çox alternativ məlumat mənbəyi təklif etsə də, kitablar hələ də ən yaxşısıdır. Onların sayəsində yalnız yeni bir şey öyrənmirsiniz ki, həm də müəyyən bir fenomenin keyfiyyətcə təhlilini öyrənə bilirsiniz.
Yeri gəlmişkən, ingilis alimləri zehni qabiliyyətlərimizin ömür boyu oxunan kitabların həcmindən birbaşa asılı olduğunu aşkar etdilər. Təəccüblüdür ki, həqiqət budur: oxu bacarıqları ilə insanın idrak qabiliyyətləri arasında aydın bir asılılıq var.
Təsəvvürünüzü inkişaf etdirəcəksiniz
Kino sənəti fantaziyamızı tam gücü ilə işləmək imkanından məhrum edir — rejissorlar və prodüsserlər mətni bizim üçün vizuallaşdırmağa diqqət yetirirlər. Kitablara gəldikdə, mətnlə oxucu təxəyyülü birləşdirilməli və sözün əsl mənasında müəllifin təklif etdiyi şeylər əsasında oxucu öz dünyasını yaratmalıdır. Beləliklə, oxumaq yalnız müxtəlif sahələrdə biliklərimizi genişləndirmir, həm də yaradıcılıq və Yan düşüncənin inkişafına imkan verir və bu bacarıqlar çox faydalı ola bilər.
Söz ehtiyatınızı artıracaqsınız
Yüksək keyfiyyətli ədəbiyyat nitqinizi gündəlik həyatda rast gəlinməyən yeni sözlər və ifadələrlə şaxələndirməyə imkan verəcəkdir. Xüsusən əcnəbi dillərdə oxumaq hədsiz fayda verəcək. Azərbaycanlı oxucu əsasən ana dilindən başqa türk, ingilis və rus dillərində mütaliə edir. Təəccüblü deyil ki, belə bir deyim var, rus dilini öyrənmək üçün, hətta rusun özünə belə bir ömür lazımdır. Və bu zarafat deyil. Rus dili haqlı olaraq dünyanın ən çətin dillərindən biri hesab olunur. Oxumaq ideala yaxınlaşmağa kömək edəcəkdir.
Stressdən qurtulacaqsınız
Böyük şəhərlərin sakinləri daim stres altında olmaq məcburiyyətində qalırlar: işdəki tıxanma, əsəb gərginliyi, daimi yorğunluq. Kitablar bizi başqa dünyalara sürükləmək, aktual problemlərdən yayındırmaq üçün demək olar ki, sehrli qabiliyyətə malikdir. Hiyləgər bir şəkildə bükülmüş bir süjet məkanına dalmaq, ən azı bir müddət öz şəxsi və iş çətinliklərinizi unutmaq üçün hər şans var. Bundan əlavə, keyfiyyətli ədəbiyyat bəzən bu qədər çatışmayan əla ilham mənbəyi ola bilər.
Emosional zəkanızı inkişaf etdirəcəksiniz
Bu və ya digər kitabı nə qədər tez-tez əlimizə alsaq, ətrafımızdakı dünya haqqında bir o qədər çox şey öyrənirik, amma əldə etdiyimiz bilikləri real həyatda tətbiq etməyi öyrənmək yaxşı olardı. İntellektual baza yaxşıdır, lazımi anda istifadə etmək imkanı əvəzsizdir. Mütəmadi oxumaq öz düşüncələrinizi daha yaxşı formalaşdırmağa imkan verir. Kitablar sayəsində ünsiyyət dairəsini genişləndirmək, maraqlı bir həmsöhbət olmaq və dünya ilə qarşılıqlı əlaqədən zövq almağa başlamaq mümkündür. Söz yox, oxuduqlarımız şüurumuza müsbət təsir göstərir, nitqi cilalayır və şeylərə öz baxışımızı formalaşdırır.
Uzun illər beyninizin tam işləməsini təmin edəcəksiniz
Beyin mütəxəssisləri əmindir: oxumaq qocalıqda demansın qarşısını almağın ən asan yollarından biridir. "Yaşsız beyin" kitabının müəllifi Dale Bredesenə görə, yaşlı demans beynin ayrı-ayrı hissələrinin tədricən yavaşlaması ilə əlaqədardır, ancaq həyatınız boyunca mütəmadi olaraq oxuyursanızsa, şüurunuz və zehniniz davamlı inkişafda olacaq və oxumaq vərdişi olmayan bir insanınkından bir neçə dəfə daha yaxşı işləyəcək. Bu fenomen çox sadə bir şəkildə izah olunur: işləməyən şey ölür və beynimiz də istisna deyil.
Düzdür, hər dəfə kitab götürəndə beyin inkişaf etmir. Məlum olur ki, hər iki yarımkürənin işə qoşulması üçün özünüzü bir növ "oxucu transına"qərq etməlisiniz. Yəqin ki, heç olmasa bir dəfə diqqətinizi tamamilə mənimsəyən bir əsər oxumusunuzsa, bu vəziyyət sizə yaxşı tanışdır. Məhz bu anda beyniniz fəaliyyət və inkişaf mərhələsində olur.
Xoşbəxt olacaqsınız
Bu yaxınlarda Liverpool sosioloqları dünyaya qeyri-adi bir araşdırmanın nəticələrini təqdim etdilər: belə çıxır ki, oxuyan insan nəinki xarici stimul və streslə daha uğurlu mübarizə aparır, həm də daxili harmoniyanı daha asan tapır.
Həm də məlum oldu ki, oxuyan insanlar demək olar ki, klinik depressiya riski altındadır, pessimist düşüncələrə meylli deyillər və ümumiyyətlə bütün həyatları boyu kitab oxumayanlardan daha xoşbəxtdirlər. İndi bütün bu sadalananlar yerli ədəbiyyatla və dünya ədəbiyyatı ilə tanış olmağa başlamaq üçün bir səbəb deyilmi?
Növbəti: 37.Yekun
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Fərqli “genekoloji trillerlər” yazan Anni Ernonun Nobelə yolu hamarmı olub?
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Bildiyiniz kimi, bu gün Ədəbiyyat üzrə 2024-cü ilin Nobel mükafatçısının adı bəlli olacaq. Nobel mükafatına sahiblənmək üçün nədən və necə yazmaq lazımfır? Məsələn, 2022-ci ildə isə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Anni Ernonu trofeyə doğru aparan yollar hansılar olmuşdu?
İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat üzrə mükafatın laureatı açıqlananda çoxları təəccübləndilər. Niyə? Əlbəttə ki, mükafata əsas namizəd fransalı yazıçı və şair –dünyaşöhrətli Mişel Uelbek idi. Laureat kimi də hamı məhz onu görürdü. Bu yandan başqa fransız - Anni Ernonun sanki göydən düşərək trofeyi aparması gözlənilməz oldu.
ANNİ ERNO KİMDİR?
82 yaşı var, ən məşhur əsərləri “Hadisələr”, "Boş şkaflar" və "Xarici həyat"dır. Xatırladaq ki, Nobel Akademiyasının təqdimatında deyilirdı: “ Anni Erno bu mükafatı “xatirələrinin mənşəyini, yadlaşma və kollektiv məhdudiyyətlərini aşkara çıxarmaqda göstərdiyi cəsarət və klinik dəqiqliyə görə” alıb. 1940-cı il təvəllüdlü Erno “Qadın”, “Hadisələr”, “İllər”, “Qızın yaddaşı” və s. əsərlərin müəllifi və bir çox ədəbi mükafatın laureatıdır”.
Beləliklə 10 milyon kron (təqribən 1 milyon dollar) Anni Ernoya qismət oldu.
Əvvəla ondan başlayaq, Anni Erno Azərbaycanda çox məhdud sayda oxuculara tanış olduğu kimi, elə dünyada da az tanınır. Yağlı tikə niyə çox tanınana deyil, az tanınana qismət olsun ki?
FEMİNİZM
Ən sadə məsələ - "Qadın", "İllər", "Adi ehtiras" kimi avtofiksional romanların müəllifinin laureatlığını yüksək bədii dəyərlərdə axtarmaq düzgün olmazdı, onun yaradıcılığının qızıl xətti ən yaxşı halda feminizm sayıla bilər, qadın mövzusuna vicdanlı yanaşma sayıla bilər. Nəzərə alaq ki, Anni Ernonun ən məşhur romanı – rejissor Odri Divan tərəfindən ekranlaşdırılmış “Hadisələr” romanı abortlar barədədir. Amma məsələ, əlbəttə ki, heç bunda da deyil.
ABORT QADAĞASI
Anni Erno ekzistensial, sərt, yaralayan və tamamilə qeyri-müəyyən nəsr yazır. Onun əsas qəhrəmanı - ənənəvi oriyentasiya və baxışları olan, gözəl Avropa qadınıdır, amma bu qadın sosial seçimin girovuna bənzəyir. Onun seçimi dəyişmək hüququ da yoxdur.
Məsələn, "Hadisələr" in əsas personajı Anna tələbədir, hamilədir və tam dalana dirənib: 1963-cü ildir, abortlar qadağan edilib, uşağın dünyaya gəlməsi onu təhsilini tərk etməyə məcbur edəcək, sonra isə çətin ki, təhsilə qayıtmaq mümkün olsun. Uşaqdan imtina üçün kifayət qədər gec müddətdə qız imalə və kanyulinin köməyi ilə gizli abortlar edən həkimin ünvanını ala bilir. Venesiyada sərəyan edən növbəti hadisələr Odri Divanın çəkdiyi filmdə xüsusən qabardılıb: qışqırmaq qadağandır, anesteziya yoxdur, hətta ağızda bir parça əski də yoxdur, sifət ağrdan deformasiyaya uğrayıb, ətrafda çoxlu qan var...
"Ginekoloji triller" janrında ənənəvi qadın romanlarından fərqli olaraq Erno soyuq intonasiyaya tərəfdardır. Anna yaxşı iş əldə etməyə və layiqli sosial statusa iddia etməyə imkan verən təhsil almaq, yaxud sadə qayğıların dövrəsinə məhkum edilmiş yoxsul fərd olmaq arasında seçim etməlidir. Əlbəttə ki, uşaq dünyaya gətirmək onu ikincilər sırasına yuvarladacaq. Seçim qəddardır, amma qız buna məhkumdur.
UELBEK HARA, ERNO HARA
"Qadın" romanının qəhrəmanı olan yazıçı qadınsa müti, səliqəli, zəhmətkeş və dərindən bədbəxtlik duyan evdar qadındır. Oxucu onu Paris ətrafındakı xəstəxananın geriatrik şöbəsində ölüm ayağında tapır. Amma "Hadisələr"ə qayıdaq. Gizli abort Annanı analıq şansından məhrum edəcək, amma təhsil almağın bədəli belə ağır olmalıdır.
Əslində, qismən də Uelbekin mesajlarını xatırladan Ernonun bədii mesajı məhz bundan ibarətdir. Bəli, söhbət Nobelə əsas iddiaçı olan Uelbekdən gedir. Mükafatsa ona deyil, ona oxşamaq istəyən Ernoya verildi. Təəssüf.
Müasir sosiallıq insanı tənhalığa, kökdən ayrılmaya, öz təbiəti və mənəviyyatı ilə qlobal münaqişəyə sürükləyən ağır patriarxal dünya düzəninin arxa tərəfidir. Feminizm - titanlı qabıqdır, ən azı səni yeməsinlər deyə lazımdır.
KÖHNƏ-YENİ TENDENSİYA
Ernonun mükafat alması, çox yəqin ki, Nobel komitəsinin diqqətini cəlb edən tendensiyadan xəbər verir. Dünya nə qədər sərsəm olsa da, ənənəvi burjua Avropası insan faciələrinin əsas səhnəsidir. Fransızlar müvəffəqiyyətli Anqlo-Sakson sxemini yenidən kodlaşdırırlar - onu qladiator arenasında, süngüyə keçirilən talelər və bədənlər şəklində göstərirlər. Mövzunun davamı 2021-ci ildə Kannda "Qızıl palma budağı" ilə taclanmış Cülya Dyukurnonun "Titan" əsəri sayıla bilər, orada cismanilik asta təsir edən bombadır, onu zərərsizləşdirmək də mümkünsüzdür.
SİYAHININ SUÇU
Ernonun qələbəsini proqnozlaşdırmaq çətin idi, təkrarlayırıq. Adı çəkili kateqoriyadan danışsaq, Erno daha çox mediada rəqiblərinin kölgəsində qalırdı. Yenə də Mişel Uelbekə qayıdaq. Qonkur mükafatı laureatı, ümumi vətənləri Fransada bir kult yaradan ədib. Hətta İslam dünyasının qatı düşməni Salman Ruşdi öz baxışlarına görə ciddi zərər çəkmişdisədə belə, Ernodan daha şanslı idi. Həmçinin siyahılarda dəhşət kralı Stiven Kinq və postmodernist-virtuoz Vladimir Sorokin də yer alırdı. Favoritlər arasında kanadalılar Enn Karson və Marqaret Etvudla Mariz Konde də var idilər. Sırada ən sonda 82 yaşlı Anni Erno dayanmışdı.
Deyəsən, münsiflər siyahını tərsinə tutub oxudular.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
Ağdam Cümə Məscidi - Tarix, Mədəniyyət və Yenidənqurma
Nemət Tahir, “Ədəbiyyat və incəsənət”, Qarabağ bölməsi
Ağdam Cümə Məscidi XIX əsrin sonlarında tikilib və Qarabağ regionunun mühüm dini və memarlıq abidələrindən biri hesab olunur. Məscid 1868-1870-ci illərdə məşhur memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.
Ağdam şəhərinin mərkəzində yerləşən bu məscid Azərbaycan memarlıq irsində xüsusi yer tutur. Ağdam Cümə Məscidi o dövrün ənənəvi memarlıq üslublarını özündə əks etdirən abidədir və Cənubi Qafqazda inşa edilmiş digər məscidlərlə ortaq cəhətlərə malikdir. Memar Kərbəlayi Səfixan Qarabaği Azərbaycanın Şuşa, Gəncə və digər şəhərlərində də bir çox dini abidələr inşa etmişdir. Ağdam Cümə Məscidinin memarlıq üslubu onun digər əsərlərinə bənzəyir. Bu da Azərbaycan memarlığının Qafqaz regionundakı İslam memarlığı üslubunu əks etdirir.
Məscidin əsas hissəsi ibadət zalından və iki minarədən ibarətdir. Minarələr məscidin ən hündür və diqqətçəkən hissələridir. Onların spiral şəklində yuxarıya doğru qalxması bu dövrün ənənəvi Qafqaz memarlıq texnikalarını əks etdirir. Minarələrdən bəzəkli naxışlar və memarlıq detalları xüsusi incəliklə işlənmişdir, bu da onun əhəmiyyətli bir dini məkan olmasına işarədir. Məscidin interyeri də memarlıq baxımından zəngindir. Yüksək tavanlı zal və geniş ibadət sahəsi insanların rahat şəkildə toplaşmasına imkan verirdi. Həmçinin, tavan və divarlarda İslam memarlığının əsas xüsusiyyətləri olan mürəkkəb naxışları və oyma işləri də görülüb.
Təəssüf ki, Qarabağda yerləşən digər tarixi və dini abidələrimiz kimi, 1993-cü ildə Ağdamın Ermənistan tərəfindən işğalı nəticəsində şəhərin infrastrukturu ciddi şəkildə dağıdıldı və Cümə Məscidi də böyük zərər gördü. İşğal illərində məscid məhv edilməklə yanaşı, həm də mədəni və tarixi irsinə hörmətsizlik edilib. Məscidin minarələrindən erməni qüvvələri müşahidə məntəqəsi kimi istifadə edirdi. Bu illər ərzində məscid baxımsız vəziyyətdə qaldı və ağır dağıntılara məruz qaldı. Ağdamın işğaldan azad olunmasından sonra məscidin vəziyyəti bir daha diqqət mərkəzinə gəldi.
Azərbaycan hökuməti və UNESCO kimi beynəlxalq təşkilatlar bu tarixi abidənin bərpası ilə bağlı müzakirələrə başladılar. Məscid yalnız dini mərkəz kimi deyil, həm də Azərbaycan xalqının Qarabağ müharibəsindəki itkilərinin simvolu kimi qəbul edilir. 2020-ci ilin noyabrında Ağdamın azad edilməsindən sonra məscidin yenidən qurulması və bərpası ilə bağlı planlar reallaşdırıldı. Prezident İlham Əliyev tərəfindən Ağdamın yenidən qurulması və şəhərin mədəni irsinin bərpası ilə bağlı strateji planlar açıqlanıb. Ağdam Cümə Məscidi bu layihələrin mərkəzindədir. Məscidin orijinal memarlıq üslubunu qorumaqla, onun bərpası üçün mühüm addımlar atılıb. Yenidənqurma işləri həm yerli mütəxəssislər, həm də beynəlxalq memarlar tərəfindən aparılır ki, bu da məscidin tarixi əhəmiyyətinin və memarlıq dəyərlərinin qorunmasına yönəlib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
"Mən nə yazdım, siz nə fəhm etdiniz, qəribə əfsanədir" -ÖMƏR FAİQ NEMANZADƏNİN ANIM GÜNÜNƏ
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bu gün milli mətbuatımızın görkəmli nümayəndəsi, böyük maarifçi, publisist, pedaqoq, ictimai xadim Ömər Faiq Nemanzadənin anım günüdür.
Ömər Faiq Nemanzadə 24 dekabr 1872-ci ildə Gürcüstanın məshəti türklərinin yaşadığı Axalsıx qəzasında, kəndli ailəsində anadan olmuşdur. O, bir neçə il molla məktəbinə getmiş, amma dinə maraq göstərməmiş və yeni açılmış rus məktəbinə daxil olmuşdur. 1882-ci ildə anasının təkidi ilə İstanbulda "Fateh" məktəbində təhsil almışdır. Lakin o, burda da dinin əsaslarını öyrənməkdən, cansıxıcı tədris üsulundan imtina etmiş, nisbətən dünyəvi elmlərə meylli olan "Darüş-şəfəq" adlı yetimlər məktəbində təhsilini davam etdirmişdir.
Ömər Faiq Nemanzadə 1891-ci ildə İstanbulda təhsilini başa vuraraq Qalata poçtxanasında işləməyə başlamışdır. Bu vaxtdan etibarən o, inqilabçı gənclərə qoşulmuş, bir müddət onlarla əməkdaşlıq etmiş, onların gizli fəaliyyətinin üstü açıldıqdan sonra çətinliklə qaçıb vətənə gəlmişdir. Azərbaycanın demokratik ruhlu vətənpərvər ziyalılarından biri olan Ömər Faiq Nemanzadə 1892-ci ildən ömrünün sonuna qədər bütün qüvvəsini, bilik və bacarığını xalqının azadlığı uğrunda mübarizəyə yönəltmişdir.
O, 1894-cü ildə bir müddət Şəkidə təzə açılmış ilk üsuli-cədid məktəbində dünyəvi elmlərdən dərs demiş, şəhərin ictimai və mədəni həyatında fəal iştirak etmişdir. Eyni zamanda yeni milli məktəbin açılması, şagirdlərin yeni ruhda tərbiyə olunması sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Ömər Faiq Nemanzadə həmçinin camaatı yeniliyə alışdırmaq, onları qəflət yuxusundan oyatmaq məqsədi ilə mədəni tədbirlərin təşkilinə teatr tamaşalarından başlamışdır. Xüsusən M.F.Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasının tamaşası bu mənada böyük müvəffəqiyyət qazanmışdır.
O, daha sonralar fəaliyyətini Şamaxı, Bakı və Gəncə şəhərlərində davam etdirmişdir. Ömər Faiq Nemanzadə 1903-cü ildə Azərbaycan dilində nəşr olunan yeganə mətbuat orqanı olan "Şərqi-Rus" qəzetinin redaksiyasında Cəlil Məmmədquluzadə ilə tanış olmuşdur. Bu dövrdə qəzeti Mirzə Cəlil idarə edirdi və qəzetdə Ömər Faiq Nemanzadənin imzalı və imzasız bir çox məqalə, şeir və hekayələri dərc olunurdu. Ömər Faiq bu yazılarında maarifçi kimi çıxış edir, köhnəliyə, dini təəssübkeşliyə, "ikiüzlü, pula satılan" ziyalılara qarşı çıxır, milli dərdləri, milli ehtiyacları və onların aradan qaldırılması yollarını öz dünyagörüşü dairəsində göstərməyə cəhd edirdi. 1905-ci ilin yanvarında qəzet borca düşüb bağlanır və Ömər Faiqlə Mirzə Cəlilin birgə fəaliyyətinin yeni mərhələsi – “Molla Nəsrəddin” dövrü başlayır. Yeni mətbəə "Qeyrət" adı ilə 1905-ci ilin mart ayında fəaliyyətə başlayır. Bununla da Azərbaycanın ədəbi-mədəni həyatında yeni bir mərhələ başlayır. Molla Nəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz “Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoyur. Mətbəə geniş fəaliyyətə başlayandan sonra Ömər Faiq Cəlil Məmmədquluzadə ilə birlikdə yeni mətbuat orqanı yaratmaq fikrinə düşmüş və 1906-cı ilin aprel ayının 7-də Azərbaycanda məktəb yaratmış ilk satirik jurnal olan "Molla Nəsrəddin” jurnalının nəşrinə nail olmuşdular. Jurnalın rəsmi redaktoru Mirzə Cəlil, əsas yazarı isə Ömər Faiq Nemanzadə olmuşdur.
Bundan sonra Ömər Faiq Nemanzadənin publisistik fəaliyyətinin çiçəklənmə dövrü başlayır. O, redaksiyada Mirzə Cəlilin əvəzsiz köməkçisinə çevrilir. Ömər Faiq yazılarında 40-dan çox gizli imzadan istifadə etmişdir. Bunların əksəriyyəti onun publisistik fəaliyyətinin ən geniş və sərbəst meydanı olan "Molla Nəsrəddin” səhifələrindədir. Lakin indiyə qədər onlar seçilmədiyindən bir hissəsi ya Cəlil Məmmədquluzadənin əsərlərinə daxil edilmiş, ya da müəllifi müəyyənləşdirilməmişdir. Amma indi tam inamla və cəsarətlə deyə bilərik ki, məşhur "Erməni və müsəlman övrətləri", "Qafqaz Şeyxülislamına iki dənə açıq məktub" kimi mühüm əhəmiyyətə malik yazılar Ömər Faiqindir. Ömər Faiq həm karikaturalarda, həm də yazılarda ictimai, sinfi ziddiyyətlərə xüsusi fikir vermişdir. O, "Lağlağı", "Mozalan", "Dərdmənd", "Çəhrəçi xala", "Dəli", "Çoban", "Ömər Faiq Nemanzadə", "Faiq Nemanzadə", "Heyrani, "Məşrutəçi" və s. imzalarla külli miqdarda felyeton yazmışdır. Onun jurnalda dərc olunan bir sıra kəskin siyasi çıxışları hakim dairələrdə kin, qəzəb oyatısa da, kütlə arasında, demokratik ziyalılar içərisində ona qarşı böyük rəğbət yaratmışdı. Onun "Bilməli xəbərlər", "Cavablar", "Fatma xala", "Xortdana məktub", "Məktub", "Məktəb", "Qorxuram", "Axır çərşənbə", "Sirkə", "Nə deyim", "Təşəkkür", "Bir neçə günlüyə" və digər felyetonları qadın azadlığı, təhsilsizlik, cahillik, dini gerilik, sinfi ziddiyyət kimi ictimai-sosial mövzularda həsr olunmuş və insanları düşünməyə vadar etmişdir. Təbii ki, Ömər Faiqin publisistik fəaliyyəti təkcə "Şərqi-Rus" və "Molla Nəsrəddin” jurnalları ilə məhdudlaşmamış, dövrünün ən nüfuzlu jurnallarında tez-rez onun məqalələri dərc olunmuşdur. Bu məqalələrdə o, bir sıra ictimai-siyasi və milli məsələləri aydın şəkildə şərh edir, özünün demokratik fikirlərini yayırdı. "Şərqi-Rus"dan sonra ilk tutarlı çıxışlarından biri 1906-cı ildə Əbuturab Axundoğlunun "Həyat" qəzetində dərc etdirdiyi "Bizə hansı elmlər lazımdır?" məqaləsi ilə əlaqədar yazılmışdır. Əbuturab bu məqalədə hər kəsi inandırmağa çalışırdı ki, müsəlmanlara dünyəvi elmlər yox, ancaq şəriət elmləri lazımdır. C.Məmmədquluzadə, Ə.Hüseynzadə və Ö.F.Nemanzadənin ona yazdığı cavablar axundun məqaləsi ilə bir yerdə 1907-ci ildə "Qeyrət" mətbəəsində kitab şəklində çap olunaraq "Molla Nəsrəddinə əlavə kimi abunəçilərə göndərilmişdir. Əbuturab dünyəvi elmləri oxuyanları yoldan azmış, pozğun, millətinə düşmən hesab etdiyi halda, Ömər Faiq göstərirdi ki, o adam ki, dünya elmlərinə maraq göstərir, ona yiyələnir, bəşəriyyət üçün ondan istifadə edir o, ən kamil insandır.
Bu illərdə siyasi toqquşmalarda şəxsən iştirak edən, siyasi təbliğatlar aparan Ömər Faiqi Gürcüstan hökumətinin rəhbərləri aradan götürmək üçün müxtəlif fitnə- fəsadlardan istifadə edirdilər. Onlar 1918-ci ildə kəndlilər arasında siyasi təbliğat üstündə onu üç dəfə həbs etmiş, Tiflisin mərkəzi qazamatında saxlamış, olmazın əzablar vermiş, yalnız ictimaiyyətin, xüsusən Gəncə və Tiflis ziyalılarının mətbu etirazından sonra həbsdən buraxmağa məcbur olmuşdurlar.
Ömər Faiq Nemanzadə 1920-ci ildə "Zəhmətkeşlərin gözü" jurnalının redaktoru, daha sonra "Yeni fikir" qəzetinin redaksiya heyətinin üzvü, 1921-1922-ci illərdə Gürcüstan inqilab komitəsinin üzvü olmuş və komitənin nəzdində yaradılmış müsəlman sektorunun sədri işləmişdir. 1920-ci illərin sonlarında Gəncə Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində işləmişdir. O, xalq maarifinin yenidən qurulmasında, yeni dərsliklərin və dərs vəsaitlərinin yaradılmasında fəal iştirak etmişdir.
1927-ci ildə Ömər Faiq Nemanzdənin xəstəliyi və xidmətləri nəzərə alınaraq ona ömürlük təqaüd kəsilmişdir. Lakin, o, yenə də boş dayanmamış, ara-sıra mətbuatda məqalələrlə çıxış etmiş, xalq maarifinin inkişafına yardım göstərmiş və yeni dərsliklərin hazırlanmasında iştirak etmişdir.
O, ömrünün son illərini xatirələri üzərində işləmiş, XIX əsrin 80-ci illərindən başlayaraq 1906-cı ilə qədər olan dövrü əhatə edə bilmişdir. Buna baxmayaraq "Xatirələrim" iki əsrin (XIX-XX) qovuşuğunda baş vermiş bir sıra mühüm hadisələrin salnaməsi kimi oxuculara qiymətli məlumat verir, bəzi naməlum hadisələrin açılmasına kömək edir. Təəsüf ki, Ömər Faiq xatirələrini bitirməyə macal tapmamışdır. 1937-ci ilin yayında Axalsıxdə öz ata yurdunda dincəlirmiş, iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə böyük ziyalı həbs olunmuş, üç ay sonra oktyabrın 10-da Gürcüstan SSR Xalq Daxili İşlər Komissarlığının nəzdindəki "üçlüyün" qərarı ilə güllələnmişdir.
Yalnız 1958-ci ildə Gürcüstan SSR Ali Məhkəməsi ona bəraət vermişdir.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
SÜLH ƏLİ... - Əkbər Qoşalı yazır
“Ədəbiyyat və incəsənət” portalı tanınmış şair, publisist Əkbər Qoşalının Hadrutun işğaldan azad edilməsi münasibətilə yazdığı yaızsını təqdim edir.
Dünən Hadrutun (Ağoğlanın) azad edilməsinin 4-cü ildönümü idi. Hadrut II Qarabağ müharibəsinin 13-cü gününündə işğaldan qurtuldu.
Hadrutun qurtuluşu işğalçıların dirənişinin əsas çözülmə məqamlarından biri oldu. Təsadüfi deyil ki, Füzulinin gecikən qurtuluşu Hadrutdan sonra – 17 oktyabrda gerçəkləşdi. Hadrutun qurtuluş gününü 9 oktyabrda bayram edirik, bununla belə, bu qəsəbəmiz uğrunda döyüşlər 7 oktyabrda başlamış, qəsəbəətrafı kəndlər, ərazilərlə birgə saysaq, 15 oktyabrda tam yekunlaşmışdı.
II Qarabağ müharibəsinin hələ 3-cü günü Silahlı Qüvvələrimiz Hadrutda işğalçıların komanda-müşahidə məntəqəsini sıradan çıxarmışdı. Oktyabrın 1-də düşmən tərəfi Hadrutun Azərbaycan artilleriyası tərəfindən atəşə tutulduğunu bildirdi. – Bu, həm doğru idi həm yalan: doğruydu – hərbçilərimiz Hadrutdakı hərbi obyektlərə - 18-ci motoatıcı diviziyanın qərargahına, habelə diviziyanın 1-ci motoatıcı alayının infrastrukturuna zərbələr endirmişdi. İnformasiyanın yalanlığı ondaydı ki, bizim mülki əhali ilə, mülki infrastrukturla işimiz yoxuydu... Ayrıca, bir ölkənin işğal altında olan ərazisini azad etmək istəməsindən doğal nə ola bilərdi? – Azərbaycan Prezidentinin dillər əzbəri olan sözünü xatırlayaq: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından”! Rədd olmaq istəməyən işğalçı başına od ələnəcəyini bilməliydi, bu azıydısa, görməliydi – gördü də!
Bəli, Ağoğlanın 4 il öncə ağgünə çıxmasının sevinci, qüruru içindəyik. 44 günün bizə bəxş etdiyi o möhtəşəm qurtuluşların 4-cü ildönümündə də dünya çox rahatsızdır, təlatümlər ara vermir ki vermir. Hər belə təlatümlərdə deyirəm, nə yaxşı, nə yaxşı, biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək bugünlərə gəlib çıxdıq. Rusiya-Ukrayna, İsrail-Fələstin və zatən bitmək bilməyən bir xeyli digər savaşlar varkən, üstəlik, yaxın-uzaq təlatümlərin (Yer kürəsinin mərkəzi deyə biləcəyimzi) Qafqazlara da illa təsiri olursa, bütövlük, suverenlik apayrı bir nemətdir, apayrı! Təlatümlər: ABŞ-dan ölkəmizə sanksiya “hədə”si gəlir; Fransa yeni hoqqa arayışları içindədir, Ermənistan açıq, gizli silahlanmadadır, atəşkəsi pozur və s... Digər yandan, İsrail Tehranı hədələyir, Tehran da İsraili və bu hədələr sözlə deyil, hərbi aktlarla davam edir... Gürcüstan, Moldava, Ukrayna ərazi bütövlüyünü, suverenliyini bərpa etmənin dəyişik yollarını düşünür-daşınır... Bunlar, çevrəmizdə olub-bitməyənlərin hələ çox az bir bölümüdür, çox az...
Prezidentin Cəbrayıl Şəhəri Günündə dediklərinə diqqət edək: “Bizi ittiham edirlər, bizə qarşı sanksiyalar tətbiq edilir. Ermənistana qarşı 30 il ərzində bir dənə də sanksiya tətbiq edilməmişdir. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini pozmuşdur, torpaqlarımızın təxminən 20 faizini işğal etmişdir, etnik təmizləmə siyasəti aparmışdır, Xocalı Soyqırımını törətmişdir, bütün şəhər-kəndlərimizi viran qoymuşdur. Hansısa Qərb dövlətinin rəsmi nümayəndəsi bir dəfə onlara irad tutubmu? Xeyr. Onlar hətta dünyanın bir nömrəli təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə də məhəl qoymurdular. Halbuki Təhlükəsizlik Şurasının qətnamələri mütləq icra edilməlidir. 1993-cü ildə dörd qətnamə qəbul edilmişdir. Kimsə 2020-ci ilə qədər onlara bir söz dedi ki, sən o torpaqları işğal etmisən, oradan çıxmalısan? Xeyr. Minsk qrupu nə ilə məşğul idi - ancaq bu işləri malalamaqla, erməni işğalına müəyyən dərəcədə bəraət qazandırmaqla və bizi alçaldıcı sülhə təhrik etməklə”...
Bax, hazırkı təlatümlər dönəminə ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa edərək daxil olmağımızın ona görə qeyri-adi dərəcədə yüksək dəyəri var ki, biz yaman beynəlxalq gücləri yaxşı tanıyırıq, çox yaxşı və çox yaxından... Yenə malalayacaqdılar, yenə alçaldıcı sülhə çağıracaqdılar. Buyurun, baxın, indi nə görürük? – Tarixi ədalət bərpa olunduqdan dərhal sonra, bütün olanların üzərindən Ermənistana sülh əli uzatmaq ərdəmi göstərən biz, sülhdən yayınan Ermənistandı amma yenə bizi “ittiham” edirlər... Özü də, bu “ittiham”çıların bir parası da pasportunda azərbaycanlı yazılan, Azərbaycan Respublikasının vətəndaşı olanlardır... Belə də işmi olar?
Bəyəm yarımçıq sülh süldürmü? Əgər Ermənistana və havadarlarına sülh lazımdırsa, bu, 100 fazilik bir Anlaşma ilə mümkün ola bilər, biz yarım-yapalaq Anlaşmaya qol çəkəcək qədər gücsüz, iradəsiz dövlət deyilik! Bunu bilə-bilə, görə-görə, at kimi şiniməklə deyil axı; Zəngəzur dəhlizi açılmalı, sınır xətti razılaşdırılmalı, işğal altında tutulan Azərbaycan Respublikasına məxsus kəndlər qaytarılmalı və Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları Ana Yasa düzeyində aradan qaldırılmalıdır. Bu Anlaşmadan irəli gələrək, Ermənistanda bizə nifrət nitqinə, ermənilərin dərsliklərində, təlim-“tərbiyə”sində ant-Azərbaycan, anti-türk ritorikasına qəti şəkildə son qoyulmalıdır. Bunlar çətindirmi? – Əslində, yox! Sülh istəyirsənsə, bəs belə olur də, sülh necə olur? – Çuvalda cida gizlətməklə, “tabut”da avtomat daşımaqla?.. O dönəmlər bitdi, bu coğrafiyada yeni - əsl gerçəkliyi biz yaratmışıq, bizimlə qeyri-ciddi davranışı qəbul edəcək halımız, həvəsimiz yoxdur. Yox, əgər Ermənistan 17 əsas bənddən 14-ü razılaşdırılmışkən, Sülh Anlaşmasından geri duracaqsa, əsassız əvəzçıxma eyləmi içində olacaqsa, onun-bunun həvəsləndirməsi ilə çaşacaqsa, o zaman, “günah” bizdən getdimi getdi! Zəngəzurun, Göyçənin doğma nəfəsə, səsə, ayağa özləminin bitirilməsinə, öz dədə-baba torpaqlarımıza qayıtmağa yalnız mənəvi haqqımız deyil, qüdrətimiz də çatır. ƏvəlAllah! Sülh üçün uzanmış ərdəmli əli tutmaq ərdəm işidir!
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Azərbaycan nağılları” adlı kitab koreyalı uşaqlara təqdim olunub
Bu ilin aprel ayında Koreya Respublikasında Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Koreya dilində 1300 nüsxə tirajla “Azərbaycan nağılları” kitabı nəşr olunub. Kitab həmin ölkənin ibtidai məktəblərinə, Seul və İnçeon şəhərlərində, eləcə də Jeju adasında yerləşən kitabxanalara hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət” portalına komitədən verilən məlumata görə, Koreyanın “Stream and Forest” adlı kitabxanası həmin nəşri bəyənib və “Azərbaycan nağılları” aylığı keçirib. 24 avqust-21 sentyabr tarixlərində baş tutan aylıqda kitabın tərtibçiləri – Koreyanın İNHA Universitetinin məzunu, fəlsəfə doktoru, Azərbaycan icmasının fəal üzvü Leyla Məsimli və yazıçı Yu Su Jin də iştirak edib. Onlar koreyalı uşaqlara nağılların qısa məzmununu danışıb, Azərbaycanla bağlı geniş məlumat verib. Sonra uşaqlar öyrəndikləri məlumatlar əsasında rəsmlər çəkib.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Remzi” - Derviş Ali Büyükkartal
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Türkiyənin “Genç Yürekler” jurnalının təqdim etdiyi 51 türk müəllif inin yazıları yer alır. Türkiyə türkcəsində yayılan əsərlərin əsas qayəsi budur: “Dildə, fikirdə, işdə birlik!”.
“Remzi”
Derviş Ali Büyükkartal
Hava puslu. Sert bir rüzgara esir olmuş. Dışarıdayım. Ne yapıyorum dışarıda? Hah, aklıma geldi. Tabi ki, de otobüs bekliyorum. Sabahın yedisi iş başı olursa, havayı yadırgamamak lazım; normal.
Geliyor! Ne geliyor? Otobüs geliyor, Remzi, otobüs! Bu alışkanlık da başlamış bende. Kendi kendime sorular soruyorum. Şoför amca kızmadan binelim otobüse. Biniyorum. İlk işim boş bir koltuk bulmak. Evet, aradığımı buldum. Boş bir koltuk, hem de cam kenarında... Hemencecik oturdum. Kafamı cama yasladım ve hayal kurmaya başladım. Daha bir saat yolumuz var.
“Efendim!” diye bir ses... Bana diyor sanırım. “Buyurun!” dedim. “Şu dosyaları da imzalar mısınız?” dedi. “Tabi ki” dedim. İmzayı attım ve kahverenkli odama geçtim. Masamda incelemem için bırakılan dosyalar... Hepsini inceledim, onaylanması gerekenleri onayladım. Ardından şirket içinde dolaşmaya başladım. Çalışanların başını boş bırakmamak lazım. Malum, kaytarma ihtimalleri yüksek. Yavaş adımlarla dolaşırken bir anda yere düştüm.
Şoför amca, o nasıl bir fren? Ne güzel hayaller dünyasına girmiştim. Fevkalâde bir hayale dalmıştım. Hayalimdeki mesleği yapıyordum normalde. Ne normalde? Normalde işin ne, Remzi? Bir yayın kuruluşunda çaycıyım. Gene kendi kendime sorular sorarak vakit geçiriyorum. Dayak yemeden ineyim otobüsten. On dakika sonra şirkette olmam lazım.
Tam yolda yürüyorum, bir de ne göreyim? Sağımda bir köpek. Hadi, Remzi, yağla tabanları! Koştur, koştur, şirkete geldim. İçeri girdim, çay ocağına vardım. Tam ortada büyük bir masa, sağ tarafta ocak ve lavabo... Ocağın altını yaktım. Çay 15 dakika içerisinde hazır olur. Şurada birazcık kestireyim.
“Evladım, dosyaları getir! Siz neden çalışmıyorsunuz? Çaycı, kahvem nerede kaldı? Bunlar hep böyle mi çalışıyor, Hasan Müdür?”
“Efendim, bir dakika, bakın sağ taraftaki masada kahveniz ve dosyalarınız hazır. Her şeyi telafi edeceğiz. Siz sadece kitabın yayınlanması için onay verin. Okuyucularımız kitabı bekliyor, geç bile kaldık.”
“Tamam, Hasan, tamam!”
Bana hazırlanan masaya geçtim ve tam çayı yudumlarken bir ses: “Remzi, ne yapıyorsun? Dikkat etsene!” Yandın, Remzi, yandın gene, saflığını yaptın! Hayal dünyasında gezerken Müdür Bey’in üzerine çay dökmek ne demek?
“Remzi, yarım saat sonra odama gel!” dedi Müdür Bey. Şimdi hapı yuttun, Remzi, geçmiş olsun! Yarım saat bir dakika gibi geçti. Gittim Müdür Bey’in odasına. Kapıyı çaldım ve içeri girdim. Müdür Bey doğrudan söze girdi:
“Remzi, senin hayal kurma yeteneğine hepimiz şahit olduk sayende. Şimdi sana iki haberim var: birincisi, işten kovuldun. İkincisi, yeni işin hayırlı olsun. Kardeşin sayesinde evde kaleme almış olduğun hikayeleri okuduk. Ben çok beğendim ve yayın kurulumuza arz ettim. Onlar da çok beğendi ve yayın kurulumuzun bünyesinde yazar olarak çalışabileceğini düşündüler. Yeni işin hayırlı olsun! Tebrikler!” dedi. Ben havalara uçtum. Bir anda üzerim ıslandı; ama etrafta hiçbir şey yoktu. Kafamda bir acı... Yere yığıldım.
Gözümü hastanede açtım. Çevremde ailem vardı. “Ne oldu?” diye sordum. Babam, “Oğlum, çay ocağından bir ses gelmiş, yanına geldiklerinde seni yerde bulmuşlar” dedi. Vay be, bu sefer durum daha vahim. Hayal içerisinde hayale dalmak ne, Remzi? Sen bu gidişle başına bela açarsın.
Neyse, hastane de bayağı konforluymuş. İki kişilik lüks mobilya... Bir adet LCD televizyon... Bunlar herkes için normal belki; ama benim için çok değerli ve ulaşılması zor şeyler...
Küçüklükten bu yana yoksulluk içinde büyüdüm. Babam, ben on yedi yaşımdayken trafik kazası geçirdi, iki yıl çalışamadı. O zaman ben çalıştım. Bundan dolayı hayallerime kavuşamadım. Ailem beni hep zeki sandı; ama çevremdekiler dışladı. Ne yapalım, Remzi, senin sınavın da buymuş. Allah beterinden saklasın!
Odamın kapısı çaldı. Muhasebecimiz hastaneye kadar beni ziyarete gelmiş. Bana bir zarf verdi ve çıktı. Zarfı açtım. Yirmi gün izin vermişler ve bir miktar da avans para...
Hastane odasının penceresinden dışarıyı seyre daldım. Yine hayal kurmaya başladım: iyi bir yazar olacağım ben; kitap fuarlarına katılacağım, imza günleri düzenleyeceğim. Hayallerime kim engel olabilir ki?
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)
“Aşıq Ələsgərin yaradıcılığında dini motivlər” mövzusunda fikir ayrılıqları nədən qaynaqlanır?
“Ədəbiyyat və incəsənət” portalı bu mövzuya artıq bir neçə dəfə müraciət edib, ələsgərşünas alimlərin, ümumən filoloqların fikirlərinə yer ayırıb. O cümlədən Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərovanın bir məqaləsindən fraqmentlər dərc edib. İndi sizlərə “Aşıq Ələsgər yaradıcılığında irfan məqamları və Həzrət Əli qüdrəti” məqaləsini tam olaraq təqdim edirik.
Azərbaycan ədəbiyyatının inkişafı prosesində aşıq ədəbiyyatı mühüm yer tutur. İslama qədər bu ədəbiyyatın mənəvi əsaslarını türk inancları, dərviş ənənələri və şaman ayinləri təşkil edib. Türk xalqları islamı qəbul etdikdən sonra şifahi xalq yaradıcılığından gələn aşıq ənənələri zəminində bu ədəbiyyatın nümayəndələri xalqın duyğu və həyəcanının tərcümanına çevrilmişlər. Onlar öz şeir və dastanlarını dildən-dilə, teldən-telə (saz dili), könüldən-könülə ötürməklə keçmişdən bugünə çatdırırlar.
Aşıq ədəbiyyatının özünəməxsus ədəbiyyat janrı kimi meydana çıxması və
formalaşması XVI əsrin sonlarına təsadüf edir. Azərbaycanda müsəlman ictimai-mədəni hadisəsi kimi ortaya çıxan, divan ədəbiyyatı mənsublarının bayağı kimi qələmə verdikləri aşıqlıq ənənəsi zaman keçdikcə öz klassik formalarını yaratmışdır. Yarandığı dövrdə əsasən, “gözəlləmə”yə üstünlük verən aşıqlar getdikcə milli vəznimiz olan hecalarla oxuduqları və sadə dildən istifadə etdikləri melodik şeirlərdə ictimai həyatın bütün sahələrindən mövzulara müraciət etmiş, özünəməxsus üslub yaratmış, təkmilləşmələrlə bu günə qədər yaşamağa davam edən bir sənət nümayiş etdirərək xalqın diqqət və rəğbətini qazanmışdır. Zaman keçdikcə yaşadıqları cəmiyyətin inanc və dəyərlərindən qidalanan aşıqlar bu mövzuları həmsöhbətlərinin marağına uyğun şeirləşdirmişlər.
Azərbaycanın milli aşıq ədəbiyyatı tarixində önəmli yеri olan ustad aşıqlardan biri də Aşıq Ələsgərdir. Sonralar Dədə Ələsgər adı ilə tanınan bu böyük sənətkar fitri istedadı ilə, şeirin dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani növlərində müxtəlif məzmunlu sənət nümunələri yaratmaqla aşıq sənətinin zirvəsini fəth etmişdir.
Bildiyimiz kimi, aşıq şeirində qapalı şəkildə bəyan edilən, içində adın, nəsnənin, dünyəvi və İlahi bilgilərin gizləndiyi sirlər var. Bəlkə də buna görədir ki, Aşıq Ələsgər də özündən əvvəlki ustadları kimi “Haqq aşığı” adlandırılıb. Çünki o da “vergili”, “buta verilən”, “badə içirilən” aşıqlardan biri kimi özünəməxsus unikal bir yaradıcılıq yolu keçmişdir.
Aşıq ədəbiyyatında yuxu motivinin izləri çox qədimlərə gedib çıxır. Yuxu motivi türk xalq ədəbiyyatında, xüsusilə xalq nağıllarında, dastanlarda yer alır. Bu motiv bir çox aşıqların, o cümlədən, Aşıq Ələsgərin də həyat hekayəsində görünür. O, özündəki bu vergini belə izah edir:
Şəhrin şöləsindən buldum bələdi,
Xoş gəldi xoşuma halı qabaqda.
Pir mana göstərdi şah məqamını,
Gördüm cəmdi çox calalı qabaqda.
Türk ədəbiyyatında yuxu motivi mürəkkəb quruluşa malikdir. Belə ki, yuxuda “buta verilən” adam, yuxuda öz vəzifələrini də öyrənir - saz çalmaq, söz qoşmaq, İlahi bilgilərdən hali edilmək, yuxuda görüb sevdiyi qızı axtarıb tapmaq və s. kimi xüsusi qabiliyyətlərlə sadə şəxsiyyətdən sənətkar şəxsiyyətə keçirlər ki, bu da onların ustad aşıq olmağa başlamasının, daha doğrusu, ifaçı aşıqdan yaradıcı aşığa çevrilməsinin ənənəvi elementi kimi görünən mühüm yoludur.
Aşıq Ələsgər “Pеyğəmbərin mеracı” şeirində yazır:
Yеtişdi hücrəyə əzizü əzim,
Şahi-Mərdan dеdi: “Mеracın qədim!”
Göstərdi almanı, еtdi təbəssüm,
Buyurdu: “Hər işin sirri-qüdrətdi”.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgərin özündə baş verən bu nirvana halını (hinduizm fəlsəfəsində arzulardan, iztirablardan azadolma anı) peyğəmbərin meracına bənzədir. Folklorda “vergi” şərbət, alma, nar, çörək, üzüm, bir cam su kimi istənilən qida da ola bilər, əsas olan verilənin və qəbul olunanın nəticəsində yaranan mənəvi dəyişiklikdir. Bu şeirdə Aşıq Ələsgər “pir”in ona alma uzadıb - şah məqamını göstərdiyini qeyd edir. Sənətkar
“Yüküm” şeirində yenə eyni məqama işarə edir.
Biçarə Aşıq Ələsgər,
Sığın Şahi-Hеydara;
Onun damənindən tutan
Məhşərdə yanmaz nara.
Pirim mana nüsrət vеrib,
Bu gün çıxdım bazara;
Sən sərrafsan, aç xırd еlə,
Bax gör, nə maldı yüküm!
Burada da sığınacağını “Pirim” dediyi “Şahi-Hеydar” adlandırır. Bir başqa şeirində əsli-zatı ilə şərəfli, ləyaqətli ad qazanan igidə xitabən yazdığı “Dəli Alı”şeirində deyir:
Gün kimi aləmi tutubdu adı,
İyidlər sultanı, xanı Dəli Alı.
Pirim – Şahi-Mərdan vеrib muradı,
Artırıb şövkəti, şanı Dəli Alı.
*
Dərs alıbdı o, Əliyyi-əladan,
Xof еyləmir Xеybər kimi qaladan.
Gəzən zəlzələdən, yaman bəladan
Hifz еyləsin kərəmkanı, Dəli Alı!
Və yaxud:
Oxuram inna-fətəhna,
Mətləb allam yuxuda;
Şahi-Mərdan nökəriyəm,
Dərsimi pünhan vеrir.
Qeyd etmək yerinə düşər ki, “Şahi-Hеydar”, “Şahi-Mərdan” İslamPeyğəmbərinin canişini və vəlisi Həzrət Əlinin ləqəbi kimi poeziyada çox işlədilib.Məlum olduğu kimi, Həsən Bəsri və Həllac Mənsurun bütün mənəvi aləmi Hz.Əlinin qüdrətindən qidalanır. Yazıb-oxumaq bilməyən Aşıq Ələsgər o qədər işıqlıvə pak idi ki, bu biliklərini ağızdan-ağıza əxz edərək onlardakı dərin mənaları açabilir və sadə şeir dili vasitəsilə müasirlərinə çatdıra bilirdi.
Yazıq Ələsgərəm, bir kəminə qul,
Əysik sözü hərgiz еtmərəm qəbul.
Bəndеyi-xudayam, ümməti-Rəsul,
Dost tutmuşam Şahi-Mərdan Əlini.
*
Dar günümdə yеtiş dada,
Ya Şahi-Mərdan ağa!
Nitq vеr, mеydan içində
Qoyma sərgərdan, ağa!
Həm Əlisən, həm Vəlisən,
Həm səxisən, həm səxa,
Həmi dildə zikrim sənsən,
Həmi əzbərdən, ağa!
“Vergi” aşıq ədəbiyyatında şeir demək (bir çox aşıqların, ozanların yazıb-oxuma savadları olmayıb) bacarığına yiyələnməkdə, dini bilikləri və lədun elmini öyrənməkdə, bir növü dərvişlik, ozanlıq xüsusiyyətlərini əldə etməkdə mühüm amildir. Yuxarıdakı nümunələrə əsaslanaraq demək olar ki, Aşıq Ələsgər “vergi”sini yuxuda Həzrət Əlidən alıb. İstisnalar olsa da, sözügedən “vergi” adətən böyük bir kədər və ya qorxudan sonra, 10-20 yaş arasında baş verir. Tədqiqatlara görə, Aşıq Ələsgər də təxminən 17-18 yaşlarında sevdiyi Səhnəbanudan ayrıldıqdan sonra, onun sevgisilə kədərlə “yüklənmış” və bədahətən şeirlər qoşmuş, məzmun, forma rəngarəngliyi, saf xalq dili ilə qoşma, bayatı, gəraylı ilə bərabər, irfan sirlərini özündə ehtiva edən, çətin şeir növü sayılan qıfılbəndlər söyləməyə başlamışdır. Bu, Ələsgərin aşiqlikdən aşıqlığa keçid yolu idi ki, gəlib “Haqq Aşığı” (aşiqi)ndə birləşirdi. Bundan sonra, bir çox şeirlərində “Quran”dan ayələrin, 12 imamın, xüsusilə İmam Əlinin adı keçir. “İmamlar” şeirini ““Bismillahir-rəhmanir-rəhim!” – dеyib, Sidq ilə çağırram Şahi-Hеydəri” misraları ilə başlayıb, sıra ilə hər bənddə bir imamın adını çəkməklə davam edir və:
Mеhdinin şəninə gəlibdi ayat,
İsminə möminlər vеrir salavat.
Yovmi-ərəsətdə еtmə xəcalət,
Yandırma odlara qul Ələsgəri! –
deyərək bitirir. “Qabaqda” şeirində:
Dünyada əl çəkmə sövmü səlatdan,
Təmiz vеr, qalmasın xümsü zəkatdan.
Ələsgər, xof еtmə puli-Siratdan,
İrəhbərdi Cənab Əli qabaqda. –
deyərək Hz. Əlini rəhbər tutduğunu diqqətə çatdırır.
Haşiyə: Ustad sənətkarın bəzi şeirləri məzmun etibarilə “Quran”la, şəriətlə, hədislərlə bağlı olduğuna görə, Sovet dövründə dərc olunması qadağan edilib. Eyni zamanda, “Qələm”, “Çəksən”, “Görünsün”, “Qaçaqaç”, “Məni”, “Düşdü” və başqa şeirləri isə o vaxt yaşanan inqilabdan və Azərbaycan türklərinin öz dədə-baba yurdlarından sürgün olunmasından bəhs etdiyi üçün məhz həmin dönəmdə dərc olunmayıb, sonralar el aşıqlarından toplanaraq kitaba salınıb.
Aşıq Ələsgərin Hz. Əliyə olan bağı “Ya Əli”, “Yaxşı hörmət ilə, təmiz ad ilə”, “Olmaz”, “Məhəmməd”, “Kеçmişəm”, “Rənc Ali-Əba”, “Qan ağla, gözüm, şahi-şəhidana bu gündə” (mərsiyə), “Sənsən”, “Şahi-Heydəri”, “Vardır” və s. şeirlərində daha aydın görünür. O cümlədən, “Baş еndirir” şeirində ustad, öz biliyinə, elminin dərinliyinə, inancının gücünə əsaslanaraq, başqa aşıqlardan üstünlüyünü bildirir, onları dərya, özünü ümman adlandırır:
…Ölməyincə bu sеvdadan
Çətin dönəm, usanam;
Həqiqətdən dərs almışam,
Şəriətdən söz qanam.
Şahi-Mərdan sayəsində
Еlm içində ümmanam;
Dəryaların qaydasıdı,
Ümmana baş еndirir.
Aşıq Ələsgər özündəki bu gücü – islam dininin həqiqətini, sufi təriqətinin mərifətini aşıq sənətinin – sözün və sazın (musiqinin) gücü ilə birləşdirirdi.
Ahəngər dеyiləm, naşı bəzirgan,
Gözüm dürdanədə, a yəməndədi.
…Bir sazım var, yox pərdəsi, nə simi,
Onu çalıb, kim tərpədər nə simi?
Firdovsi, Fizuli, Hafiz, Nəsimi -
Onlar da yazdığı, ayə, məndədi.
Ustad “naşı bəzirgan”lara bildirmək istəyirdi ki, o, suyun ahənginə uyub gəlmir, onun gözü dürrdə-dürdanədədir. Yəni, həyatda mücadilə etmək mübarizlər üçün hadisə deyil, həyat tərzidir. Burada, “özünü bilmə”nin ideologiyanı aşan tərəfi də var – bu inancdır. İnanc bir varlıq formasıdır ki, insanın həyata, insanlığa, təbiətə baxış tərzini, hətta arzularını da müəyyən edir. Bu fikir, Hz. Əlinin həyatı, şücaəti, mərdliyi, mərifəti ətrafında formalaşır, ona olan inancda, onun verdiyi “vergi” ilə açıqlanır.
Qeyd edək ki, bu sevgi təkcə Aşıq Ələsgər yaradıcılığında deyil, ümumiyyətlə, türk ədəbiyyatında bütün irfani düşüncələr, xüsusən də əksər məzhəblər və onların üzvləri Hz.Əlidə cəmləşmişdir. Təsəvvüf ədəbiyyatında ənənə halını almış Həzrət Əli və onun xüsusiyyətləri ilə məşğul olmaq bəzən onu ilahiliyə qədər yüksəltmişdir.
Bu şeirdə klassik Şərq şairlərinin adları təsadüfən çəkilməyib. Bu, onların da Hz.Əli haqqında dedikləri tərifləri diqqətə çatdırmaq üçündür. Şair demək istəyir ki, o, “Şahi-Mərdanı” elə-belə tərif etmir, ondakı simsiz-pərdəsiz Eşq sazını ona gör kim verib. Yeri gəlmişkən, adları çəkilən klassik şairlərimizin Hz.Əli haqqında dediklərini xatırlayaq:
Ş.İ.Xətai “Dəhnamə”nin “Dər mənqəbəti-şahi-mərdan Əli” bölümündə Adəm əleyhissəlamla Hz.Əlini müqayisə edir: “Həm səndə bulundu ismi-əzəm, Həm səndə göründü ruhi-Adəm. Tiğində yazıldı sətri-lövlak Lövlak ləma xələqtul əflak.” Sufilər İsmi-əzəmin (əsmaül hüsna) ancaq Allaha aid, peyğəmbərlərə agah olduğunu deyirlər. Ş.İ.Xətai (yəqin ki, şiəlik görüşləri səbəbilə) o adı Həzrət Əliyə də şamil edir.
Bir hədisə əsasən, Allah-Təala Məhəmməd peyğəmbərə meracda Cəbrail vasitəsilə deyir: “Əgər sən olmasaydın, mən fələkləri yaratmazdım”. Xətai bu kəlamın Hz.Əlinin qılıncında yazıldığını qeyd edir və bununla bir növ həmin sözlərin imama aid olduğunu da ifadə etmiş olur.
Xətai yenə başqa bir şeirində Hz.Əliyə xitabən “Həm səndə göründü ruhi- Adəm.” - deyir, M.Füzuli bu motivə başqa tərəfdən yanaşır. Hz. Əlinin axirətdə Adəmlə birgə olmağına, cənnəti - Kövsərdə Adəmi qonaq qəbul etdiyinə işarə edir: “Kövsəri-cənnət onun hökmündədir, ol vəchilə, Cümlə nəslindən həmin Adəm ona mehman olur.” Bu beytdə məhşər günü Hz.Əlinin Tanrıdan bəzi insanlara da şəfaət diləyəcəyi fikri də öz əksini tapır.
İ.Nəsimi şerində də tez-tez Hz.Əlinin “Özünü Tanıyan tanrısını tanıyar.” kəlamına rəst gəlirik. Ə.Firdovsi məhşur “Şahnamə” əsərində dəfələrlə imam Əlini xatırlayır. “Kimin ki, Əli ilə düşmənliyi var, Hər iki dünyada olacaqdır xar. Mən kiməm?
Nəbinin kiçik bir qulu, Yolumdur hər zaman Əlinin yolu.” İslam dini inancı Aşıq Ələsgər yaradıcılığının böyük bir hissəsini təşkil edir, - desək, səhv etmərik. Amma bununla yanaşı, elm-ifran körpüsündən keçən, sözün və sazın vəhdətilə inşa edilən şeirlərində sufi mətləblərindən də söz açılır. Bəlkə də Aşıq Ələsgər şeirinin məhz musiqi ilə vəhdətdə olması, sufilərin inanc və vəcdi birləşdirən musiqi anlayışları ilə üst-üstə düşməsindən irəli gəlir ki, bu da İlahi eşqi dərin bir sevgi və şövqlə yazdığı ölməz əsərlərləri ilə təkcə Azərbaycana deyil, bütün türk-islam dünyasına bəxş etmişdir. Əsrlər boyu ağızdan-ağıza, qəlbdən-qəlbə keçən bu əsərlər indi də eyni zövqlə, canlılıqla ifa olunur. Klassik xalq şeirini rövnəqləndirən şairin “Bax, bax” rədifli dildönməz gəraylısı Hz.Əlinin şəhadətinə yazılan ağıdır.
Əxi, biya, biya, bеqu,
Bеqu, biqof, ağa, bax, bax.
Həyyi, həqqü hakim sənsən,
Həyyə bax, bu bağa bax, bax.
Gözüm sağı, sübh ayağı
Gеyək ağı, gəzək bağı.
Hamı sеvib bu sayağı,
Qaymağa, həm yağa bax, bax.
Əziz ayə, müəmmayə,
Gərək sayə bu məvayə.
Səbəb sənsən bu qovğayə,
Böyük Ağa, sağa bax, bax.
Şeirin birinci bəndində işlənən “əxi” və ərəb sözlərini açsaq, şairin nə demək istədiyi anlaşılır. Əxi – XIII əsrdə Hacı Bektaşi Vəli tərəfindən qurulan türk-islam təşkilatının üzvlərinin bir-birinə müraciətidir – qardaş (əqidə qardaşlığı) anlamına gəlir.
Qardaşlar, gəlin, deyin ki, Həyyi (diri olanı - Allahı) həqqü hakim – həqq olanı hakim bilən, yəni Allahı tanıyan sənsən. * Bu arada qeyd edək ki, “biqof” sözünün doğru yazılışı “biqoft”dur. (tərcüməsi: demək). Həyyə bax - qalx, bax. (Əlinin ucalığına işarə edir), bu bağa bax, (bağ sözü burada böyüklüyü ifadə edir).
İkinci bəndın izahı: Ey sağ gözüm, sübh çağı (dan üzü, namaz vaxtı) geyək ağı (kəfəni), gəzək bağı (bağ – burada: cənnət) Hamı (burada: şəhidlərin hamısı) Allahı bu sayaq sevib, qaymaq, yağ yeyərcəsinə (xoşluqla, rahatlıqla) Allah yolunda can veriblər. Bu bənddə şair sübh namazında Hz.Əlinin qılınclandığını – şəhadətə yetirildiyini vurğulayır.
Üçüncü bəndin izahı: “Əziz ayə, müəmmayə” deyərkən, şair bəzi Quran təfsirçilərinə və hədislərə görə bir neçə ayənin, o cümlədən, Nəcm surəsinin (53) 14-cu “(Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında.” ayəsi 15-ci (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. ayəsinin və “Maidə” (5) surəsinin 3-cü ayəsinin Həzrət Əli ilə əlaqədar nazil olduğuna diqqət çəkir. Deyir ki, gəlin, biz də bu səsə - məlumata, bu guşəyə kölgə salaq (qoruyaq, inanaq). Bu səsin (xəbərin) səbəbi sənsən (Əli sənə inandı), Böyuk ağa (Məhəmməd peyğəmbər (s)) Əli sənin sağındadır (cənnətdə Mə’va bağında).
Tarixən türk toplumlarında hörmət ifadəsi olaraq, xalqa yol göstərən təcrübəli, bilikli şəxslərə, irfan sahiblərinə, ariflərə Dədə titulu verilib. Aşıq Ələsgərə “Dədə Ələsgər” deyə xitab olunması onun İslam dini ilə yanaşı, həm də Mövləvi və Bəktaşi təriqətlərinin təlim-tərbiyəsini örnək almasının, o kultun ənənəsini davam etdirməsinin göstəricisidir. Dədə Ələsgərin bu nizamı saxladığı qüdrətli sənətkarın bir çox şeirlərindən, eləcə də özündən sonrakı ustad aşıqların onun haqqında söylədikləri rəvayət və dastanlardan bəlli olur.
Adım Ələsgərdi, əslim Göyçəli,
Ələst aləmində dеmişəm “bəli!”.
Həm aşiqəm, həm dərvişəm, həm dəli,
Canım gözəllərin yol qurbanıdı.
Burada üçüncü misradakı “aşiq”, “dərviş”, “dəli” sözlərinin ardınca ifadə olunan “gözəllər” sözünün qadınlara aid olmasını düşünmək əlbəttə ki, absurd olar. Şairin bu ifadəsi onun Dədələrin – “gözəl əxlaqlı, nur üzlü, pak qəlbli, haqq-ədalət əməlli, şərəfləndirilmiş mübarək adamlar”ın yoluna can qoymasına, o yolun davamçısı olmasına işarədir.
Bundan başqa Ələvilər və Qızılbaşlar ruhanilərinə Dədə deyirlər. Ələvilər (şiələr) ümumiyyətlə, babalarının Hz. Əlinin nəslindən olduğunu qəbul edirlər. Dədələrin Ələvilərin və Qızılbaşların dini həyatında çox mühüm funksiyası vardır. Onlar dini, şəriəti təbliğ etmək üçün kənd-kənd, oba-oba gəzir, dini ayinləri icra edir, mərsiyələr və dualar oxuyurlar.
Tədqiqatlardan görünür ki, Dədə Ələsgər də eyni minvalla el-oba arasında hər hansı bir müşkül işin çözülməsində məsləhətlər verir, əhali arasında yaranan ixtilafların həllində arbitr kimi çıxış edir, günahkar olanları İlahi ədalətdən, cəhənnəm əzabından xəbərdar edirdi. “Bax, bax!” rədifli ikinci şeiri bu fikri əsaslandırır:
Şəriət oxuyan, təriqət bilən,
Haqlıq еyləyirsən, haqq dinə bax, bax!
Qalmayıb dünyada “mənəm” dеyənlər,
Həzrət Sülеymanın taxtına bax, bax!
Oxuduğun Quran hardadı, hanı?!
Hansı yola dəvət еdir insanı?!
Salıbsan zindana gözəl bir canı,
İqbalına bax, bax, baxtına bax, bax!
Dədə Ələsgərin yaradıcılığını ümumilikdə tədqiq etsək, görərik ki, bəzi şeirlərində indiyədək diqqət edilməyən kiçik anlaşılmazlıqlar da var. Məsələn,
“Kimi” şeirinə nəzər salaq:
Adı Tərlan, özü tərlan balası,
Cilvələnib tərlan tavarı kimi.
Üzün görən xəstə düşər müttəsil,
Turuncun novrəstə nubarı kimi.
…Bu gözəl Zеynəbin nışanasıdı,
Ləbləri qırxların pеymanasıdı,
Dəhanı şahlığın xəzanasıdı,
Düzülüb dəndanı mirvari kimi.
(Aşıq Ələsgər. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2004, 400 səh. s.58)
Göründüyü kimi, şeirdə Tərlan sözü böyük hərflə yazılıb, bu, xüsusi isim kimi sözün adam adı olmağını bildirir. Halbuki, şeirin davamı bu şeirin Tərlan adlı birinə ithafı olmadığını göstərir. Çünki tərlan - comərd, dağ qartalı, güclü, yüksək məqamlı, ucaboy və s. anlamlara gəlir ki, bu da Hz. Əlinin görkəmini, ləyaqətini ifadə edir. İkinci bənddəki “Zeynəbin nişanası” və “qırxların pеymanası” (bu barədə sonra) bunu təsdiq edir. Yəni, şeirlərdə bir hərfin yanlış yazılması belə Aşıq Ələsgər şeirinin yanlış anlaşılmasına gətirib çıxarır ki, bu da aparılan və gələcəkdə aparılacaq tədqiqatlarda öz nəticəsini göstərə bilər.
Xatırlamaq yerinə düşər ki, Hz. Əli İslamın ümumi çərçivəsində hansı məzhəbdən olmasından asılı olmayaraq, bir çox şair və aşıqlar tərəfindən imanlı və mübariz bir insan kimi işlənmişdir. Bu həqiqəti bir daha təsdiq edir ki, ədəbiyyat hər dövrdə ənənəvi inanclardan, onlar haqqında yaranan əsatirlərdən bədii məqsədlərlə istifadə edərək inkişaf etmişdir. Aşıq Ələsgər də poeziyasında həm dərin mənalar, maraqlı mülahizələr yaratmış, şair bir sıra dini-fəlsəfi fikirləri əks etdirmiş, özündən əvvəlkilərin dini baxışlarına toxunmuş, həm də poetik fikrin yüksək bədiiliklə tərənnüm olunmasına nail olmuşdur.
Dinə, təbiətə, vətənə, insana, Allaha məhəbbət hisslərini bir vəhdətdə aşılayan, doğma dilimizin saflığının hüdudsuz ifadə imkanlarını öz yaradıcılığında cəmləşdirən, milli poeziyamızı zənginləşdirən Dədə Ələsgəri bir başqa tərəfdən də araşdırmağa ehtiyac vardır. Əlbəttə ki, bir məqalədə geniş və hərtərəfli tədqiqat mümkün deyil, amma bir şeirinin - “Haraya qərəz” cığalı təcnisinin fonunda ustadın dünyabaxışına yeni rakrusdan boylanmaq olar.
Qırxlar məclisində dedim “bəlini”,
Sərdar gördüm Şahimərdan Əlini.
…Ələsgər, daməndən üzmə əlini,
Çəksələr nizaya haraya qərəz.
Şeirdən göründüyü kimi, Aşıq Ələsgər “vergi”sini “Qırxlar məclisi”də qəbul edib. “Qırxlar məclisi” hansı anlama gəlir? Təsəvvüf alimlərinə görə Haqq Aşıqlarını “vergi”dən əvvəl bu hadisəyə hazırlayan bəzi səbəblər var. Yuxarıda da qeyd etdiyimiz kimi, şəyirdlikdən, mühitdən, mənəvi sıxıntıdan və qəfil depressiyadan sonra yuxu görülür və “badə içirilir.” Bu “vergi” bir pir, üçlər, beşlər, yeddilər, qırxlar və ya Hz.Əli, Hacı Bektaş Vəli kimi ruhanilər tərəfindən verilir. Bəs “üçlər, beşlər, yeddilər, qırxlar” kimdir? Təsəvvüf alimlərinin
izahlarına əsaslanaraq qısaca izah edək:
Üçlər – Allah, Məhəmməd peyğəmbər, Həzrət Əli;
Beşlər - Məhəmməd peyğəmbər, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən;
Yeddilər – Məhəmməd peyğəmbər, Hz. Xədicə-Kübra, Həzrət Əli, Həzrət Fatimə, Həzrət Hüseyn, Həzrət Həsən; Salman Farisi (Pak)
Mənbələrə əsasən, yeddilər ən önəmlisidir, çünki yeddilər olmasa qırxlar da
olmazdı. Yeddilər dünyaya aid olan dörd, insana aid olan üçdən meydana
gəlmişdir. Dörd – od, yel, su, torpaq və üç – can, canan və uşaqdır. Burada can
kişi, canan qadın, uşaq gələcəkdir, bu isə soyun davamını, eyni zamanda, 12 imamı
təmsil edir.
Qırxlar – Allahın mübarək ruh olaraq yaratdığı, bütün dövrlərdə yer üzündə
var olan, adları heç vaxt heç yerdə açıqlanmayan 23-ü kişi, 17-si qadından ibarət dünyanın səmavi sahibləridir ki, onlar fərqli zamanlarda, fərqli surətlərdə yenidən gəlirlər. Təbii ki, bu inancın tam olaraq İslam dini ilə əlaqəsi yoxdur, sadəcə hədislərə və rəvayətlərə əsaslanır. Bir çox mənbələrdə isə bu inancın İslamdan əvvəl də var olması qeyd olunur. Xızır, İlyas, Nəbi və başqa isimlərlə adlandırılan bu kəslər dara düşənlərin köməyinə çatar, onların qəlbini sıxıntıdan qurtarıb paklayar və yüksək dərəcələrlə mükafatlandırmaqla yer üzündə haqq-ədalətin, xeyirxahlığın bərqərar olmasını təmin edərlər. Aşıq Ələsgər kimi əsil soydan gələn, duyğusal təbiətə malik, ruhunda şairlik olan insanlar bu mükafatlanmanı – “vergi”ni bir ehtiyac olaraq qəbul edərlər.
Bu ehtiyacı Aşıq Ələsgər şeirlərində də vurğulayır.
Onun bu gəlməyi, gör, nəyə bənzər,
Nə xana, sultana, nə bəyə bənzər,
Misirdən gəlmiş bir köynəyə bənzər,
Kənanda Yaquba dərman gəlibdi.
Şair bu “vergi”ni (və ya Hz. Əlinin onun həyatına “gəlişini”) Yaqub peyğəmbərin tutulan gözlərinə Hz. Yusifin göndərdiyi köynəyin dərman olmasına bənzədir. Yəni, Aşıq Ələsgərin düşdüyü kədər quyusundan çıxmasına vasitə olur.
Yuxarıda qeyd edildiyi kimi, Aşıq Ələsgər irsi ənənəvi sovet ədəbiyyatşünaslığında tam araşdırılmadığına görə onun irfani şeirləri büsbütün nəzər-diqqətdən kənarda qalıb. Dədə Ələsgərin şair, aşıq obrazı uzun onilliklər boyu xalqa birtərəfli təqdim edilmişdir. Amma buna baxmayaraq, ustadın yaradıcılığının böyük bir qolunu təşkil edən eşq, sevgi, vəsf şeirləri bu gün də Azərbaycan xalqının dillər əzbəri və məhəbbət nəğməsidir. Aşığın irfani irsinin ədqiqi və izahı onun təsəvvüf ədəbiyyatına verdiyi böyük töhfələri, eləcə də indiyədək anlaşılmaz qalan bir çox mənəvi məqamları oxuculara aça bilər.
“Ədəbiyyat və incəsənət”
(10.10.2024)