
Super User
Qəbələ Mədəniyyət Mərkəzində "Sənət inciləri" adlı sərgi keçirilib
Şəfa Vəli, “Ədəbiyyat və incəsənət” portalının Şəki-Zaqatala təmsilçisi
20 dekabr 2024-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində rayon və kənd yerlərində yaradıcı sənayelərin inkişafına dəstək məqsədilə "Sənət inciləri" adlı sərgi keçirilib.
İncəsənət sahəsində yaradıcı şəxslərin əl işlərindən ibarət təşkil olunmuş sərgidə müxtəlif üslublarda əl işləri nümayiş olunub.
Sərgidə çıxış edənlər iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, Mədəniyyət Mərkəzində mütəmadi olaraq keçirilən bu tip sərgilər yaradıcı və mədəniyyət sənayelərinə dəstək məqsədi daşımaqdadır.
Sonda sərgi iştirakçılarına Mədəniyyət Mərkəzi tərəfindən həvəsləndirici diplomlar təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Peşəkar jurnalist, alicənab insan - Nəsir müəllimin “Bakı”sı bir Məktəb idi
Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
Adı milli dövlətçilik tariximizə həkk olunan, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi öz məktəbini yaradan “Bakı”nı Bakının aynasına çevirən Nəsir Əsəd oğlu İmanquliyev 1911-ci il dekabrın 22-də anadan olub. Bütün həyatını ölkədə milli mətbuatın inkişafına, media və kommunikasiya məsələlərinin tədqiqi və təbliğinə həsr edib.
Milli dövlətçilik tariximizdə iki baş şəhərimizin - Təbrizin və Bakının adı ilə bağlı çoxsaylı əsərlər, şeir və poemalar yazıb, mahnı və nəğmələr bəstələsək də, müfəssəl tarixini yazmamışıq. Bu böyük xoşbəxtlik, səadət daha çox iki fədakar tarixçi alimə - tarix elmləri doktoru, professor Sara xanım Aşurbəyliyə və “Bakı” qəzetinin baş yazarı, professor Nəsir İmanquliyevə nəsib olmuşdu...
Qəzetin elə birinci sayından, 1958-ci il yanvarın 10-dan şəhərin qaynar həyatını, quruculuq işlərini işıqlandırmağa çalışan, «Qəzet yaxşı yazıları ilə hörmətlənir. Onu oxunaqlı edən həm də müəlliflərin nüfuzu, qələmlərinin kəsərliliyidir. Biz ilk növbədə qəzetin ətrafına güclü qələm sahibləri toplamağı, sənət adamlarının yazılarını verməyi vacib sayırdıq. Adlı-sanlı adamların, yazıçı və şairlərimizin qələmindən çıxan hekayələr, oçerklər, reportajlar oxucuların qəlbinə yol tapır, onlar tərəfindən rəğbətlə qarşılanırdı...» «Yazı yazın, səs salıb mis kimi cingildəsin» nidasına tapınıb «Bakı»nı «Əkinçi»nin, «Molla Nəsrəddin»in mənəvi varisinə çevirən, «jurnalistika elə nadir peşələrdəndir ki, orada peşəkar mükəmməlliyin son həddi yoxdur» deyib, Şamil Şahməmmədov, Cəmşid Əmirov, Qeybulla Rəsulov, Cabir Novruz, Şamil Qurbanov, Famil Mehdi, Fazil Rəhmanzadə, Nüsrət Kəsəmənli, Çingiz Ələkbərov, Rəfail Nağıyev, Adil Cavadlı, Əhməd Rəşidov, Səfər Məmmədov, Şakir Abdullayev, İsmayıl Kərimov, Şaban Şabanov, Oktay Atayev, Mark Peyzel, Kamil Hacıbəyli, Vladimir Matyuşkin, Kamil Rəhimov, Akif Ağayev, Dağbəyi İsmayılov, Ağahüseyn Hüseynov, Ənvər Məşədiyev, Zemfira Məhərrəmli, Hacı Babayev, Leonid Qerçikov, Vyaçeslav Sidorenko kimi neçə-neçə istedadlı qələm sahibinin, publisistin püxtələşməsinə, cəmiyyətdə mövqe tutmasına, özünü təsdiq etməsinə ömür əridən Nəsir İmanquliyev ustadlıq zirvəsinin birinci mərhələsini təməlinin qoyulmasında bilavasitə iştirak etdiyi jurnalistika fakültəsinin auditoriyalarında, ikinci mərhələsini isə «Bakı» qəzetinin redaksiyasında yaşayırdı.
Ömrünü bağışladığı, həm də bağlandığı iş yeri Nəsir müəllimin qazanc mənbəyi, çörək ağacı deyildi. Bura onun mənəvi ocağı idi. Həyatı, varlığı, ruhu, duyğuları sözdən ibarət olan Nəsir müəllim “Bakı” qəzeti ilə nəfəs alırdı. Yer üzündə millət, məmləkət yaddaş, məhəbbət, istək adına nəyi var idisə, o da «Bakı» idi. Çünki bu «Bakı» oduna, işığına uzaq-uzaq ellərdən kahinlərin gəlib səcdəsinə durduğu Odlar Yurdunun Atəşgahı, Yanar dağı idi. Bu odun, müqəddəs işığın başına zəmanəsinin söz adamları dolanırdı: Cəmil Əlibəyov, Hüseyn Abbaszadə, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Həsən Seyidbəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökümə Billuri, Balaş Azəroğlu, Rəsul Rza, Əbülhəsən, Mirzə İbrahimov, Şəfaət Mehdiyev, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Süleyman Rüstəm, Mikayıl Abdullayev və daha kimlər, kimlər…
Bu böyük istedad sahiblərinin yazılarını, müsahibələrini diqqətlə oxuyan, redaktə edib çapa hazırlayan Nəsir müəllim Həsən bəyin, Mirzə Cəlilin, Ömər Faiqin boy verdiyi dünyaya varmaqla gərgin iş rejiminə tablayırdı.
60-70-ci illərin məşhur Bakısı təkcə zahirən tikilib qurulmurdu. Yeraltı keçidlər, metro stansiyaları yerüstü dünyanın yeraltı aləminə körpü olmaqla yanaşı, zülmətləri yarmaq demək idi. Bu gün dünyanın maddi-mədəniyyət inciləri sırasına daxil edilən İçərişəhərin lal sükutu elə o illərdə pozulurdu. Bayır şəhərdə yeni yaşayış massivləri salınır, iri-iri komplekslər, mədəniyyət ocaqları tikilib istifadəyə verilirdi. Bir sözlə, XX əsrin əvvəli təkrarlanırdı. Tağıyevlərin, Nağıyevlərin, Əsədullayevlərin malikanələri «Ağ şəhər»i, əllərindən mazut daman yorğun insanların üzünü xatırladan yosmaca evlər «Qara şəhər»i yaratdığı kimi, 60-cı illərdən başlayan quruculuq işləri də Bakının ucqarlarını dirçəlişə qovuşdururdu. Neft daşlarının səsi-sorağı isə dünyanın o başına - Nobellərin, Rotşildlərin vətəninə belə gedib çatırdı.
Bu dirçələn, inkişaf edən şəhərin adına dastan bağlayan bəstəkar Tofiq Quliyevin silsilə mahnıları, ölməz Rəşid Behbudovun ifaları isə yeni bir aləm idi. Bu aləmin gücünü, məna tutumunu, ancaq «Bakı» ilə, onun məşhur baş yazarının yüksək təşkilatçılıq bacarığı və öz şəhərinə sıcaq münasibəti, içdən gələn istəyi ilə müqayisə etmək olardı. Bu, üç sənət, söz adamını - Nəsir İmanquliyevi, Tofiq Quliyevi, Rəşid Behbudovu isə bu şəhərdə nə tanımayan, nə də sevməyən var idi...
70-ci illəri milli-mənəvi dəyərlərin qorunması, yaddaşa qayıdış, milli özünüdərk ideologiyasının formalaşması kimi qəbul edənlər, bu uzaqgörən siyasətin ideya müəllifi kimi ümummilli lider Heydər Əliyevi etirafda bulunur. Onun xilaskarlıq və himayədarlıq missiyasını müasir, müstəqil Azərbaycanın nicat yeri bilir. Bu illər ərzində respublikamızda həyata keçirilən möhtəşəm quruculuq işləri iqtisadi, sosial, siyasi, elmi-mədəni dirçəlişə təkan verdi. İri-iri şəhərlər, yaşayış massivləri, elm-təhsil kompleksləri, zavod-fabriklər, sosial-səhiyyə ocaqları, idman qurğuları tikilib istifadəyə verildi. Ən ucqar dağ kəndlərinə belə maarif işığı gətirildi. Yeraltı keçidlər, metro stansiyaları tikildi. Vətənin o başını bu başına qovuşduran yollar çəkildi. İqtisadiyyatda əldə olunan uğurlar «ağ qızıl»ın, «qara qızıl»ın vətənini sərvətlər ökəsinə çevirdi.
Ümummilli liderin müdrikliyi nəticəsində Səfəvi hökmdarı Şah İsmayıl Xətainin 500 il öncə yazdığı tarix yenidən təkrarlandı, yeni konstitusiyada ana dilimiz dövlət dili elan olundu. Bu böyük şəxsiyyətin, dövlət adamının təşəbbüsü ilə Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Mirzə Fətəlinin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Səməd Vurğunun, Natəvanın, Bülbülün, Üzeyir bəyin abidələri ucaldıldı. Bir çoxunun ev-muzeyləri yaradıldı. Adlarına küçələr, xiyabanlar salındı. Əsərləri yüksək tirajla nəşr olunub oxuculara təqdim olundu.
Azərbaycanın birinci şəxsinin xidmətləri, fövqəladə quruculuq işləri bununla bitmədi. Əli qabarlı kolxozçuların, fəhlələrin haqqını mərkəzdən alıb, keçici bayraqları, orden-medalları Vətənə gətirən Heydər Əlirza oğlu Əliyev SSRİ səmasından ən parlaq ulduzları qoparıb, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Niyazi, Rəsul Rza, Mirzə İbrahimov kimi dühaların yaxasından asdı. Nizamilər, Füzulilər, Nəsimilər yetirən, fəqət sinəsinə repressiya, müharibə dağa çəkilən qüdrətli xalqın haqqını özünə qaytardı. Bəxtiyar Vahabzadə, Məmməd Araz, Adil İsgəndərov kimi haqq aşiqlərini himayə edib, KQB-nin caynağından aldı.
Bu xilas olunanların, üzdə görünməyən Şəxsiyyətin himayəsini hiss edənlərin içərisində Azərbaycan dilinə, Azərbaycan milli-mənəvi dəyərlərinə, ərazi bütövlüyünə, muğamlarımıza, xalq mahnılarımıza, sənət-söz adamlarımıza qarşı səlib yürüşü başlayanda Mircəfər Bağırovun, İmam Mustafayevin, Vəli Axundovun peşəkar kadr, vətənpərvər ziyalı, nüfuzlu dövlət xadimi kimi etiraf və etibar etdiyi Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərin təbliğatçısı kimi dəyər verdiyi Nəsir İmanquliyev – “Bakı” və “Baku” qəzetinin qurucusu, ötkəm bir redaktor da var idi. Fəqət bunu nə o, nə də yuxarılar üzə vururdu.
O, gözəgörünməz qüvvə şəhər qəzetini şəhərin, mədəniyyətin, milli-mənəvi dəyərlərin aynasına çevirmək üçün, nədən, niyə və kimin üçün yazdığını bilən redaktora - vaxtı, zamanı millətinin nəfinə işlədən, düz bir qərinə rəhbərlik etdiyi «Bakı» və «Baku»nu zamanın sərt sınaqlarından, quruluşun çərçivəsindən çıxarıb milli mətbuatın, ictimai-siyasi düşüncənin, ədəbi-mədəni mühitin nəfəsliyinə çevirən Nəsir İmanquliyevə bütün səlahiyyətləri vermişdi. Bu səbəbdən də «Bakı» özünün ab-havası, yazı manerası, dil-üslub xüsusiyyətləri, hadisələrə çevik münasibəti ilə digər mətbu orqanlardan seçilirdi. Mərkəzi Komitənin qərarlarından, beşilliyin planlarından yazan sovet mətbuatından çox müstəqil qəzeti xatırladan «Bakı»nın 70-ci illərdə söz-mətbuat, fikir və düşüncə azadlığının nümunəsinə çevrilməsinin başlıca səbəblərindən biri də bu idi.
Elə olmasaydı, iki dildə, həftədə 12 sayı işıq üzü görən, sənətin, mədəniyyətin himayədarına, şəhərin ictimai-siyasi, sosial-mədəni mühitinin aynasına, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin yaradıcılıq laboratoriyasına çevrilən «Bakı» qəzeti klassika ilə müasirliyin, ənənə ilə novatorluğun sintezində «Əkinçi»dən, «Molla Nəsrəddin»dən, «Füyuzat»dan sovet mətbuatına yol gələn milli mətbuat nümunəsinə çevrilə bilməzdi.
«Bakı» qəzetinin təməli qoyulanda Nəsir İmanquliyev Radio və Televiziya Verilişləri Komitəsində sədr müavini idi. İndi də ənənəsinə sədaqət hissini qoruyan Milli Radionun başında dururdu. Yetirmələri ilə efirə, ekrana yeni rəng, ahəng gətirir, milli-mənəvi dəyərləri, yaddaşa qayıdış ideyalarını təbliğ edirdi. Amma zaman ömrünün hər anını millətinin inkişafına, el və dil birliyinə bağışlayan bu haqq aşiqinin başqa bir amalını gerçəyə çevirməyə səsləyirdi. Ruhundan qida verdiyi «Bakı» qəzeti ilə o, təkcə yeni bir ədəbi nəsil formalaşdırıb, onlara istiqamət vermədi. Publisistikada, jurnalistikanın ən ağır janrı olan xəbərçilikdə, informasiyanın təqdimatında yeni cığır açdı. Qısa, lakonik xəbərləri ilə dünyanın o başını bu başına caladı. İdman şərhləri, reportajları ilə bayrağını bayraqlar üstə yapan millətin gücünü, qüdrətini sübut etdi. Felyetonları ilə zamanı, quruluşu, məsləkindən uzaq düşən məmurları, saxtakarları qamçılayan «Bakı» yeni ictimai-siyasi mühiti - yaddaşa, əski gələnəklərə qayıdış ideologiyasını formalaşdırdı. Könülləri ovsunlayan müsahibələri ilə insanla insanca, dostla dostca danışmanın yolunu göstərdi.
Hələ 70-ci illərdə ilk reklam bülletenlərinin, futbol təqvim-məlumat kitabçalarının nəşrinə nail olan professor Nəsir İmanquliyev Azərbaycan və rus dilində işıq üzü görən bu nəşrləri ilə təkcə milli mətbuat tariximizə yeni səhifə yazmadı. Bakı Nəşriyyat Poliqrafiya Birliyini formalaşdırdı. Reklam bazarının, menecment fəaliyyətinin təməlini qoydu.
Bu gün azad mətbuatdan, demokratik dəyərlərdən, reklamın mətbuata, cəmiyyətə təsirindən danışanlar, idmanı, futbolu həm də siyasi mübarizə meydanı hesab edənlər unudurlar ki, professor Nəsir İmanquliyev bu qənaətə düz 60 il bundan öncə gəlib, «Bakı»nı bu möhtəşəm ideyanın təməldaşına çevirib.
«Kommunist», «Gənc işçi», «Yeni yol», «Döyüşən Krım» qəzetlərinin əsas yazarı, məsul katibi kimi tanınan, «Radio proqramı»nın, «Bakı» və «Baku»nun təməlini qoyan professor Nəsir İmanquliyevin millət, məmləkət qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də birincisi «Vətənin səsi» qəzetini qurmasıdır.
Sonralar Vətən Cəmiyyətinin mətbu orqanı kimi fəaliyyət göstərən bu qəzetin təməlini qoymaq haqqı da peşəkarlığı, təşkilatçılığı, redaktorluq məharəti ilə ad çıxaran Nəsir İmanquliyevə verilir. Dünya Azərbaycanlılarının birliyinin, bütövlüyünün, diaspora məsələlərinin carçısı olan bu qəzetin ideya müəllifi Azərbaycanın I katibi Heydər Əliyev, onu gerçəyə çevirən isə Nəsir İmanquliyev idi: «...Heydər Əliyev I katib kimi fəaliyyətə başlayandan sonra hər sahədə inkişaf özünü büruzə verdi. Mətbuatda da azad fikirlilik hökm sürməyə, üstüörtülü olsa da, milli siyasət yürüdülməyə başladı. «Bakı» qəzetinə verilən xüsusi imtiyaz da I katibin - Heydər Əliyevin adı ilə bağlı idi. Onun diqqəti, xüsusi qayğısı və səyi nəticəsində «Bakı» və «Baku» milli mətbuat orqanına çevrildi, o dövrün qəzetlərindən fərqləndi. Belə bir zamanda onun tapşırığı ilə yeni bir qəzet təşkil etmək məsələsi Mərkəzi Komitədən mənə tapşırıldı. Müharibə dövründə əsir düşmüş, kənarda qalmış azərbaycanlılar üçün «Vətənin səsi» adlı bir qəzet işıq üzü gördü. Xarici Ölkələrlə Əlaqə Cəmiyyətinin orqanı kimi nəzərdə tutsaq da, ilk vaxtlar gizli çıxırdı bu qəzet, KQB imkan vermirdi. Bizdən uzaq düşənlərlə aramızda bir körpü yaratdı «Vətənin səsi». Neçə-neçə azərbaycanlının vətənə dönmək qeyrətini gücləndirdi «Vətənin səsi»!»
Bu gün ümummilli lider Heydər Əliyevin 70-ci illərdə, hakimiyyətinin ilk mərhələsində həyata keçirdiyi Azərbaycanın özgürlüyünə hesablanan möhtəşəm, genişmiqyaslı layihələrdən hər kəs ürək dolusu danışır. 90-cı illərdən sonra dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edən, Dünya Azərbaycanlılarının qurultayını çağıran, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsini(Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsini) yaradan Ümummilli Liderin danılmaz xidmətlərindən söz açanlar təsdiq edirlər ki, o müdrik insan, qüdrətli Dövlət Adamı bu ideyanın da təməlini 70-ci illərdə qoyub, onu gerçəkləşdirmək üçün də professor Nəsir İmanquliyev kimi peşəkar, vətənpərvər, əzəmətli, əyilməz kişilərə, cismi Bakıda, ruhu Təbrizdə dolanan, varlığında paralanmış Vətəni - Odlar yurdunu bütövləşdirən mühacirlərə, bütün həyatını Azərbaycançılıq məfkurəsinin inkişafına, təbliğinə həsr edən ictimai-siyasi xadimlərə söykənib.
II Cahan savaşı illərində bir qrup Azərbaycan ziyalısı ilə ön cəbhədə döyüşən Nəsir İmanquliyev dövrünün müqtədir qələm sahiblərilə birlikdə Güneydə qurulan Pişəvəri dövlətində - Güney Azərbaycan Cümhuriyyətində məhz mətbuat məsələləri ilə məşğul olmuşdu. 50-ci illərdə Azərbaycan dili məsələsini Ali Sovetin gündəliyinə çıxaran, Sovet İKP MK-nın, Xruşovun hədəfinə gəlsə də, vəzifəsini, yüksək titullarını itirsə də, Azərbaycan kişisinə xas qürurunu, qeyrətini qoruyan, 1941-ci ildə Mircəfər Bağırovun göstərişi, görkəmli dövlət xadimi Əziz Əliyevin rəhbərliyi ilə “Güney Azərbaycan missiyası”nın tərkibində Təbrizə gedən, Sovet ordusunun əsgərlərinin sırasında təbliğat – təşviqat qrupunun məşhur üzvləri Süleyman Rüstəm, Məmməd Rahim, Səməd Vurğün, Rəsul Rza, Qılman İlkin, Ənvər Məmmədxanlı, Cəfər Xəndan, Qulam Məmmədli kimi qələm sahibləri ilə xalq yazıçısı, akademik Mirzə İbrahimovun redaktorluğu ilə işıq üzü görən “Vətən yolunda” qəzetinin nəşrinə nail olmuşdu. Güneyli soydaşlarımıza, daha doğrusu, öz həmvətənlərinə ana dilinin badəsindən şərbət süzmüşdü. Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə kimi milli mətbuatımızın Güney Azərbaycan salnaməsini yaradan Mirzə İbrahimovla çiyin-çiyinə sözün səngərində dayanmışdı. Azərbaycanın birliyi, bütövlüyü üçün Qələmini Süngüyə çevirmişdi. Bununla həm də o, Rza şah Pəhləvi ilə görüşəndə Güney Azərbaycanda yürütdüyü milli siyasətə görə şahın etiraz notasını alan, görüş zamanı “Güney Azərbaycan bizim tarixi torpaqlarımız, burada yaşanlar qan qardaşlarımızdır. Onların ana dili, sağlıq, mətbuat məsələləri bizi qayğılandırır!” nidası ilə mənsub olduğu millətin və məmləkətin haqq səsinə dönən polkovnik – komissar Əziz Əliyevin başladığı möhtəşəm işələrə, ümummilli məsələlərə öz tövhəsini vermişdir.
Nəsir İmanquliyev qüdrətli pedaqoq, nüfuzlu şəxsiyyət, müqtədir qələm sahibi, ictimai-siyasi xadim idi. Bakı Şəhər Veteranlar Şurasının sədr müavini, Bakı Şəhər Sovetinin deputatı kimi ölkənin təbliğat-təşviqat məsələlərinə töhfələr vermişdi. Qurub təməlini qoyduğu mətbu orqanlarla milli-mənəvi dəyərlərimizin himayədarına çevrilmişdi. Şah əsəri hesab olunan “Bakı” qəzeti ilə Bakı şəhərinin aynasını yaratmış, formalaşdırdığı peşəkar kollektivlə adı ilə bağlı Nəsir İmanquliyev Məktəbinin təməlini qoymuşdu. 30 il rəhbərlik etdiyi “Bakı” qəzeti onun cismani yoxluğundan sonra da fəaliyyət göstərmiş, Şamil Şahməmmədov, Dağbəyi İsmayılov, Ağa Hüseynov ən böyük sənət müəllimlərinin yolunu davam etdirmişlər. 2020-ci il avqustun 26-dan “Bakı” qəzetinin irs və mirası olaraq onlayn rejimdə oxucularının görüşünə gələn “Bakı” Nəsir İmanquliyev ənənələrini davam etdirir. Nəsir müəllim də, onun “Bakı”sı da bir Məktəb idi. Onun müdavimləri bu gün də, müəllimlərinin hikmət dolu kəlamlarını dəyərlərin əyarına çevirib “Jurnalist dəqiq, qərəzsiz və vicdanlı olmalıdır!”, “Vicdan yaradıcı insanın qələminin ucundadır!”, “Çalışın imzanızın məsuliyyətini dərindən dərk edin, düşünün ki, sizi haradasa, bir nəfər oxuyur, bax, o oxucu naminə yalan yazmayın, saxtakarlıq etməyin!” nidası ilə qələm çalır, hər gün inkişaf edib dəyişən, gözəlləşən Bakının tarixini sözə köçürür, ölkənin media və kommunikasiya sisteminin inkişafına töhfələr verir.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
“Füzuli sevgisi” xalçasının təqdimatı olub
Azərbaycan Milli Xalça Muzeyində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli sevgisi” adlı tədbir keçirilib.
AzərTAC xəbər verir ki, tədbir dahi şairin yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil olunub.
Tədbirdə muzeyin Ənənəvi texnologiyalar şöbəsində yaradılmış “Füzuli sevgisi” adlı xalça təqdim edilib. Bu nadir eksponatda şairin portreti, onun əsərlərindən toxunmuş sətirlər təsvir olunub. Qədim, lakin unudulmuş texnologiya olan dolama texnikası ilə hazırlanmış xalçanın müəllifi Azərbaycanın Əməkdar rəssamı Taryer Bəşirovdur.
Təqdimat mərasimində çıxış edən muzeyin direktoru Əminə Məlikova deyib: “Bu gün muzeyimiz yeni nadir eksponatla - Ənənəvi texnologiyalar şöbəsində sənətkarlar Lalə Manafova və İlhamə Əhmədovanın üç ay ərzində yaratdığı xalça ilə zənginləşib”.
Əməkdar rəssam Taryer Bəşirov xalçanın yaranma tarixçəsindən söz açıb: “Xalçanın yaradılmasında istifadə olunan dolama texnikası çoxdan unudulub. Mən onu ilk dəfə filmlərdə görmüşdüm, sonra isə Türkiyədə səfərdə olarkən onun başqa bir variantını aşkar etdim. Bu nümunə məni ruhlandırdı və Bakıya qayıtdıqdan sonra biz dərhal bu layihə üzərində işə başladıq”.
O, eksponatın özünəməxsusluğunu da vurğulayıb: “Hətta muzeyimizin ən zəngin kolleksiyalarında belə buna bənzər heç nə yoxdur. Bu texnika keçmişin əsl yadigarıdır və biz onu canlandıra bilmişik”.
Rəssam daha sonra xalçanın tərtibat elementləri haqqında ətraflı danışıb, onların rəmzi mənasını və Füzuli irsi ilə bağlılığını vurğulayıb.
Tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə Cahangir Cahangirov adına xor kollektivinin konserti olub. Kollektivin bədii rəhbəri Azərbaycanın Əməkdar müəllimi Təranə Yusifovadır.
Proqramda Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cahangir Cahangirov və Əşrəf Abbasovun Məhəmməd Füzulinin yaradıcılığı əsasında yaradılmış əsərləri səsləndirilib.
Bundan əlavə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış pantomim tamaşasını təqdim ediblər.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Ruanda “ASAN xidmət” təcrübəsini öyrənir
Ruanda İnkişaf Şurasının Baş icraçı direktorun müavini Culiana Muqanzanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Səfərin əsas məqsədi Azərbaycanın “ASAN xidmət” modelinin Ruandada tətbiqi ilə bağlı konsepsiya ilə yaxından tanış olmaqdır.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev arasında görüş keçirilib.
Görüş zamanı qonaqlara “ASAN xidmət”, o cümlədən Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb.
Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.
Dövlət Agentliyinin sədri “ASAN xidmət” konsepsiyasının Ruandada tətbiqi istiqamətində ölkəmizin qabaqcıl təcrübəsinin qarşı tərəflə bölüşməyə hazır olduğumuzu diqqətə çatdırıb. Ruanda tərəfi öz növbəsində müvafiq istiqamət üzrə Anlaşma Memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib.
Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib.
Ruanda nümayəndə heyəti həmçinin Bakıda yerləşən “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin, “ABAD” publik hüquqi şəxsin, “Bilim Bakı” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN Radio/TV-nin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
“TÜRKSOY-un II Beynəlxalq simulyasiyası” reallaşdırılıb.
Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, açılış mərasimində iştirakçı dövlətlərin nümayəndələri çıxış edərək ölkələrində olan könüllülük fəaliyyəti, gənclər siyasəti və bu sahədəki təcrübələr haqqında məlumat veriblər.
Layihənin ilk günündə iştirakçılar üçün 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə məlumatlandırıcı tur, muzey və tarixi abidələrə səyahətlər təşkil olunub.
Layihənin ikinci günündə iştirakçılarla yerli və beynəlxalq platformada keçirilən könüllülük fəaliyyəti, əməkdaşlıq çərçivəsində keçirilə biləcək layihələr, təmsil etdikləri yerli təşkilatların iş prinsipi və görülən işlər haqqında müzakirə aparılıb.
Növbəti gün iştirakçılara Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Şəbəkə sənəti”, həmçinin “Taxta oyma” üzrə ustad dərsləri keçirilib. Eyni zamanda iştirakçılar tərəfindən ortaq fəaliyyətlər ilə bağlı yeni əməkdaşlıq imkanlarının müzakirəsi aparılıb, könüllülüyün müxtəlif sahələrdə inkişaf etdirilməsi və türk dünyasında gənclər üçün daha geniş perspektivlərin yaradılması barədə təkliflər irəli sürülüb.
Layihənin son günündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın zəngin mədəniyyətini əks etdirən sərgilər təşkil olunub. Sərgidə iştirakçı ölkələrin nümayəndələri öz milli mədəniyyətlərini xüsusi hazırlanmış stendlər vasitəsilə nümayiş etdiriblər. Hər bir stend ölkələrin ənənələrini və mədəni dəyərlərini tanıtması üçün imkan yaradıb. Daha sonra, "TÜRKSOY-un II Beynəlxalq simulyasiyası" çərçivəsində mədəniyyət gecəsi baş tutub. Gecədə iştirakçı dövlətləri təmsil edən gənclər öz milli musiqi və rəqs nümunələrini təqdim ediblər.
Layihədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı təmsil edən 40-dan çox gənclər təşkilatlarının rəhbəri və nümayəndə heyəti iştirak edib.
Layihə Bakı və Şəki şəhərlərində baş tutub.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Avstriyanın “Second Records” şirkəti cazmen Rain Sultanovun vinil diskini buraxıb
Avstriyanın məşhur “Second Records” leybl şirkəti Azərbaycanın caz ustası Rain Sultanovun görkəmli caz truba ifaçısı Kenni Uiler ilə birgə “Jazz Standards Live” qoşa vinil valını buraxıb. Onların kompozisiyaları caz standartları kitabına və “Real Book”a (caz standartları toplusu) da daxil edilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbət verir ki, AzərTAC-ın müxbiri ilə söhbətində Rain Sultanov deyib ki, bu layihənin reallaşdırılması onun həyatında böyük hadisədir.
“Kenni Uiler kimi görkəmli musiqiçi ilə eyni səhnəni bölüşmək, onunla ifa etmək mənim üçün böyük şərəf idi. Kenninin artıq aramızda olmadığı bir vaxtda indi vinil valının buraxılması xüsusilə dəyərlidir. Mən taleyə minnətdaram ki, musiqimiz olduğu valı əlimdə tuta bilərəm”.
Albomda Mr. P.C., “Body & Soul”, “Blue Monk”, “Don't Worry Baby” caz standartları, eləcə də Kenny Uillerin bəstələri yer alıb. “Jazz Standards Live” layihəsində Azərbaycanın Əməkdar artistləri Şahin Növrəsli (piano) və Ruslan Hüseynov (bas), həmçinin Pol Klarvis (baraban) iştirak ediblər. Bu, Rain Sultanovun Avropa leyblinin buraxdığı beşinci vinil valdır. Klassik vinil valların ənənələri Rain Sultanov tərəfindən 2017-ci ildə Azərbaycan təbiətinin qorunmasına həsr olunmuş “Inspired by Nature” layihəsinin buraxılması ilə ölkəyə qaytarılıb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri rəhbərlərinin Romada hesabat yığıncağı keçirilib
İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, toplantıda Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, direktor müavini Elgün Niftəliyev, Türkiyədəki mərkəzin direktoru Samir Abbasov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, mərkəzin direktor müavini Nadir Əlimirzəyev, Almaniyadakı mərkəzdən direktor müavini İsa Məmmədov, ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova və İtaliyadakı mərkəzdən direktor müavini Gülnar Tağızadə iştirak ediblər.
Yığıncağın məqsədi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2023–2024-cü illərə dair hesabatların dinlənilməsi və 2025-ci il üzrə fəaliyyət planlarının müzakirəsi olub.
Toplantıda qeyd olunan dövr üzrə hesabatlar dinlənilib, həyata keçirilən layihələr müzakirə edilib. Mərkəzlərin qarşıdakı ilə dair fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
NÖVBƏTİ "ULDUZ"LU GÖRÜŞ" - bu dəfə Maliyyə-İqtisad Kollecində
"Ulduz" dərgisinin və "Xalq qəzeti"nin ortaq layihəsi olan "Ulduz"lu görüşlər" davam edir.
“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından verilən məlumata görə, Xalq qəzeti TV-nin informasiya dəstəyi ilə gerçəkləşən layihənin ilk görüşü Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor, tələbə, müəllim heyəti ilə keçirilib. Növbəti görüş Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Maliyə İqtisad Kollecində reallaşıb.
Görüşdə "Ulduz" jurnalının baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs, baş redaktor müavini, yazıçı Təranə Vahid, şöbə redaktorları şair Dayandur Sevgin və Taleh Mansur, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza iştirak ediblər. İlk öncə qonaqları təhsil ocağının direktoru, h.f.d dosent Davud Davudov qəbul edib. Səmimi söhbətdən sonra kollecin akt zalında görüşün əsas hissəsi baş tutub.
Kollecin direktor müavini t.f.d Murad Muradov görüşü açaraq, qonaqları 90 illik tarixə malik təhsil ocağında görməkdən məmnunluğunu dilə gətirdi. Görüş zamanı Qulu Ağsəs, Xəyal Rza, Dayandur Sevgin və Taleh Mansur öz fikirlərini bölüşdülər, şeirlərini səsləndirdilər. Yazıçı Təranə Vahid tələbələrə öz tövsiyə və məsləhətlərini verdi, onları maraqlandıran sualları cavabladı. Səmimi ortamda keçən görüşün sonunda tələbələrə "Ulduz" jurnalının müxtəlif sayları hədiyyə edildi, xatirə fotosu çəkildi. "Ulduz"lu görüşlər" yeni ildə, yeni ünvanlarda keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
Nazim Hüseynlinin "Oğuzlu həkimlər- sağlamlığın sayıq keşikçiləri" kitabının təqdimatı oub
İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz Rayonunun Mərkəzi Xəstəxanasının akt zalında Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsü, "Oğuz yurdu" qəzetinin baş redaktoru Nazim Hüseynlinin oğuzlu həkimlərə həsr olunmuş, "Oğuzlu həkimlər- sağlamlığın sayıq keşikçiləri" kitabının təqdimatı oldu.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir. Oğuzlu yazar Nazim Hüseynli Oğuz həkimlərinə həsr etdiyi kitabda məhz belə həkimlərimizin həyat yoluna işıq salıb.
Tədbirdə Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov, baş həkim Şəlalə Tahirova, oğuzlu şair Yusif Rza, şairə Şükufə Ruhlu, Mərkəzi kitabxananın əməkdaşı M.Bəkirova, qonaqlar, xəstəxanada çalışan həkim və tibb personalı iştirak edib.
Əvvəlcə Vətən uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi zamanı şəhid olan həkim şəhidlərimiz xatırlanıb.
Sonra Oğuz rayon Mərkəzi xəstəxanasının direktoru Anar Əzizov tədbiri açaraq, tədbirin məram və məqsədi haqqında məlumat verib. Oğuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Şəlalə Tahirova kitabda yer alan mərhum həkimlərimiz haqqında yazılmış məlumatların olmasını alqışlayıb və məmnunluğunu ifadə edib. Sonra həkimlərdən, Akif Məmmədov, Vaqif Səbzəliyev, şairlərdən Yusif Rzayev, Şükufə xanım Ruhlu, kitabda atası Sabir həkim haqqında məlumat verilən Qaxdan gələn qonaq Sabir həkimin qızı Reyhan Mürsəlova, Mərkəzi kitabxananın əməkdaşı Mehparə Bəkirova və başqaları çıxış edərək, həkimlik peşəsinin sirlərindən , müasir dövrdə xəstə ilə həkim münasibətlərindən, qayğıkeş oğuzlu həkimlərdən və Nazım müəllimin yeni ərsəyə gələn kitabından danışıblar.
Sonda müəllif yeni kitabını tədbir iştiraskşılarına hədiyyə edib, xatirə şəkilləri çəkilib.
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)
“The Jerusalem Post”: Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq”
Bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən “The Jerusalem Post”da dərc olunmuş “Dinc yanaşı yaşama ölkəsi olan Azərbaycan yəhudilərə nə üçün lazımdır?” sərlövhəli məqaləsində yazıb.
“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yəhudilərin Azərbaycanda həyatına həsr olunan yazıda ilk dəfə eramızdan əvvəl VIII əsrdə Azərbaycana gələn bu xalqın həmin vaxtdan antisemitizmlə qarşılaşmadan sülh və harmoniya içində yaşadığı göstərilir. Xüsusilə ötən il Azərbaycan İsraildə Səfirlik açdıqdan sonra onların həyatı çiçəklənir. Antisemit köklü nifrət və dözümsüzlüyün tüğyan etdiyi dünyada multikultural Azərbaycan nümunədir. Yəhudilərin və müsəlmanların bir-birlərinin bayramlarını qeyd edərək dinc yanaşı yaşamağına və dostluğuna aşkar misaldır. Bakı, Quba, Oğuz, Gəncə və Azərbaycanın digər şəhərlərində məktəbdən evə qayıdan yəhudi uşaqlar təqib edilmir. Onlar öz mədəniyyətlərini və həyat tərzlərini Azərbaycanda yaşayan digər dini qruplarla bölüşməyə təşviq olunurlar.
Azərbaycanın İsrail ilə münasibətlərinə toxunan professor sonuncunun neftə olan tələbatının 40%-dən çoxunun ölkəmiz tərəfindən təmin edildiyini, burada 120-dən çox İsrail şirkətinin fəaliyyət göstərdiyini və digərlərinin də iş qurmaq niyyətində olduğunu diqqətə çatdırıb. Müəllif sonda qeyd edib ki, yəhudilərin Azərbaycan kimi ən çətin anlarda yanında olan dostlara hər zaman ehtiyacı var.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.jpost.com/diaspora/antisemitism/article-833559
“Ədəbiyyat və incəsənət”
(23.12.2024)