
Super User
Məşhur lətifə və aforizm müəllifi Knışevdən 20 seçmə
Lətifələr adətən şifahi xalq yaradıcılığı hesab olunur, amma onların hər birinin arxasında konkret şəxs dayanır. Bizim şimal qonşumuz lətifəsevəndir, yəni, ruslar üçün vodka necə önəmlidirsə lətifə də eyni dərəcədə önəmlidir. Rus lətifələrinin xeyli qismini Andrey Knışev yazıb, məlumatlısınızmı? 64 yaşlı bu şəxs günü bu gün də insanlara təbəssüm bəxş edir, özü də əsla qocalmır.
“Ədəbiyyat və incəsənət” portalı onun 20 qara lətifəsini və aforizmini sizlərə təqdim edir:
Bir oğlan qoca qarı ilə evləndi. O öləndə, onun bütün sərvəti qarıya qaldı.
Sovet insanının dünənki günə ümidi yoxdur.
Hərdən “Əl çək” demək istəyirəm. Ancaq kimə deyəsən?
Onun təmiz olan şeylərə meyli çirklənmişdi.
Mən özümə vurğun deyiləm. Sadəcə, özümdən xoşum gəlir.
Bütün dahiyanə işlər sadədir, amma zövqlə işlənib.
Brakonyer Potapov intihar edəndə özünü gözündən vurdu ki, dərisi korlanmasın.
Bütün işləri başda duranından başlayın. Qalanları özləri düz-qoş olacaqlar.
Köhnə çarpayının paslanmış dəmir döşəyini tullamağa tələsməyin. Bunu yavaş-yavaş, həzzlə eləyin. (“Faydalı məsləhətlər” silsiləsindən).
İnsan xoşbəxtlik üçün doğulub, necə ki, toyuq bulyoncun doğulub.
Dayan, inkişaf! Sən çox gözəlsən.
Haçansa bəşəriyyət “skleroz”, “infarkt”, “morazm” sözlərini unudacaq. Çünki həkimlərin səyi ilə insanlar cavan və sağlam öləcəklər.
Yalnız həyat bizim başımıza yaxşıca ilişdirəndə içimizdəki xırdaçılıqlar tökülür.
Bir dəqiqə gülüş ömrə bir il əlavə edir. Amma şərti il.
Hara tüpürmək istəyirsənsə, ora səndən əvvəl, özü də dəfələrlə tüpürüblər.
Statistikaya görə, saqqallı kişilər saqqallı qadınlara nisbətən daha çox xəyanət edirlər.
Nə qədər şiddətlə qapımı döysəniz bir o qədər şiddətlə mən evdə olmayacağam.
Qonağa çay verəndə stəkanı ağzına qədər doldurun ki, şəkər töküb qarışdıra bilməsin.
Müsbət keyfiyyətlərdən o şəxsdə təkcə rezus-faktor var.
Həyat yaxşı keçirsə, demək o, haradasa çat verib.
Hazırladı: Kənan Məmmədli
Time təqdim edir: Mühacir qadının əzabları
Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən növbəti foto ilə tanış olun: Doroteya Lanj: “Mühacir Ana". 1936-cı il.
Reportyor işləmiş Doroteya Lanj bu məşhur fotonu 1936-cı ildə, Böyük Depressiya illərində Amerikada - San-Fransisko şəhərində çəkmişdir. Sonradan o, bu foto barədə 1960-cı ildə danışmışdır: "Mən hər cür ümidini itirən ana gördüm, məni o maqnit kimi çəkdi, mən hər dəfə ona yaxınlaşanda, cəmi beş dəfə şəklini çəkdim, amma heç onun adını da soruşmadım. O, 32 yaşında olduğunu və uşaqlarıyla atılmış donmuş tərəvəzlərlə, habelə sapandla vurduqları quşlarla qidalandıqlarını söylədi. Həmin gün o, ənənəvi yollarla qida əldə edə bilmədiyi səbəbindən bir az yemək almaq üçün avtomobil şinlərini satmışdı".
10 mart 1936-cı ildə “San Francisko xəbərləri”ndə bir məqalə getdi və bu foto dərc edildi. Məqalədə qeyd edilirdi ki, mühacirlər ac və ümidsiz halda yaşayaraq San-Fransisko ətrafında məhsul yığımında iştirak edirlər.
Bu naməlum qadının şəkli dərhal bütün ölkədə, tezliklə isə bütün dünyada yayıldı. Və orijinal fotoşəkil 2005-ci ildə auksionda çəkicdən $296 min dollara satıldı.
Şəkil: 100photos.time.com
Azərbaycanlı vokalçı Teymur Kazımov ABŞ-da keçirilən beynəlxalq müsabiqənin qalibi olub
AzərTAC xəbər verir ki, Teymur Kazımov “Klivlend mədəniyyət bağları”nda keçirilmiş “The Stars od Summer” Vokalçıların və Pianoçuların II Beynəlxalq Müsabiqə-Festivalında onlayn formatda iştirak edib və “Akademik vokal” nominasiyasında Qran-Pri mükafatını qazanıb. Müsabiqədə Azərbaycandan olan iştirakçılardan başqa, ABŞ, Kanada, Avstriya, Rusiya, Almaniya, Yunanıstan, Ukrayna və Çinin pianoçu və vokalçıları iştirak ediblər. Müsabiqənin sponsoru “Geauga West Rotary Club” Teymur Kazımova pul mükafatı təqdim edib. O, həmçinin münsiflər heyətinin üç üzvü tərəfindən onların ölkələrində keçiriləcək festival və tədbirlərə dəvət alıb.
T.Kazımovun laureatların qala-konsertində də onlayn rejimdə çıxış edib. Teymur Kazımovun müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova iştirak ediblər.
Qeyd edək ki, Teymur Kazımov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xüsusi musiqi məktəb-studiyasının şagirdi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır.
Müsabiqədə Azərbaycanı həmçinin beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova təmsil edib, o, “Akademik vokal” nominasiyasında birinci yerə layiq görülüb və iki münsifdən dəvət alıb.
Bu gün Dahi Teodor Drayzerin 150 illiyi qeyd olunur
Dünya ədəbiyyatı nəhəngləri sırasına adını yazdıran Drayzer ölməz irs qoyub gedərək min illər bundan sonra da aktual olaraq qalacaq, buna şübhə yoxdur. Dahilərin tərcümeyi-halını oxumaq çox maraqlıdır, mütləq nəsə əxz edirsən. Teodor Drayzer 1871-ci il avqust ayının 27-də ABŞ-ın İndiana ştatının Teppe-Xot şəhərində anadan olub. 1889-cu ildə İndiana universitetinə qəbul olsa da maddi vəziyyəti üzündən təhsilini yarımçıq qoyub. 1892-1894-cü illərdə Çikaqo, Sent-Lui, Pitsburq şəhərlərinin qəzetlərində jurnalist kimi fəaliyyət göstərib, 1894-cü ildə Nyu-Yorka köçüb və orada qardaşının təsis etdiyi «Every month» jurnalında 1897-ci ilədək redaktor kimi çalışıb. Teodorun qələmi çox itiydi, yazdıqları diqqəti cəlb edirdi. Səliqə-səhman da var idi yazılarında, üsyançılıq da, zövqoxşama da. İlk oçerk və hekayələri elə həmin 1897-ci ildə çap olunub. 1900-cü ildə ilk irihəcmli əsəri olan “Kerri bacı” işıq üzü görüb, dərhal Drayzerin şöhrəti Amerikanı bürüyüb. 1911- ci ildə o, “Cenni Herhardt” romanını çap etdirdi, hər iki romanında Drayzer sadə insanların mənəviyyatını pozan Amerika həyat tərzini tənqid etmişdi. 1912-ci ildə “Arzular trilogiyası” epopeyasına daxil olan “Maliyyəçi”, həmin ildə yazdığı “Dözümlü adam” və 1914-cü ildə “Titan” romanlarında bu dəfə Amerika inhisarçı kapitalizmi ifşa olundu. 1915-ci ildə Drayzerin qələmindən növbəti şedevr çıxdı - yazdığı “Dahi” romanında burjua cəmiyyətində sənətkarın mənəvi faciəsi göstərilirdi. Yazıçı ki xalqının məhrumiyyətlərinə biganə yanaşdı, o nə yazıçıdır? 1915-ci ildən sonra Drayzer ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirini əks etdirən hekayə və esselər yazmağa başladı. Bu ideya bir məhkəmə prosesinin protokoluna əsaslanan, Amerika ədəbiyyatında realizmin zirvəsi və ədibin ən məşhur əsəri olan “Amerika faciəsi”nin mövzusunu təşkil etdi. 1927-ci ildə dəvətlə SSRİ-yə gələn Drayzer solçu meyillərini gizlətmirdi, 1929-cu ildə “Ernita” povestində Amerika ədəbiyyatında ilk kommunist surətini yaratdı. 1930-cu ildə ədəbiyyat üzrə Nobel mükafatı almaq üçün namizədliyi irəli sürülsə də bu ona qismət olmadı. 1944-cü ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətlərinə görə Amerika İncəsənət və Ədəbiyyat Akademiyası yazıçını fəxri qızıl medalla təltif etdi.
Teodor Drayzer 1945-ci il dekabr ayının 28-də 74 yaşında Hollivudda vəfat etdi.
27 avqust. Ümumdünya Bağışlama Günü
Qərəz, xudpəsəndlik, kin, nifrət. İnsan ömrünü məhv edən, gününü qara boyayan nəsnələrdir. O gün bir gənc bir yaşlı insanı yıxıb sürüyürdü, deyirdi ki, xaindir, mənim Facebook statusumu like eləməyib. Deyirdi, ölənədək onunla düşmənəm. Bəli, eynən bu cür. Bəzən iki dost elə səbəbsiz düşmən olur, iki sevən elə sadə bir şeydən ötrü ayrılır ki. Səbəb bağışlamağı bacarmamaqdır. Bağışlama günü bağışlamaq və bağışlanmaq zamanını bildirmirmi, bildirir. Belə bir gün təqvimdə var idi, onu başqa bir təşkilat keçirirdi. Bugünkünü isə Christian Embassy of Chirts Ambassadors təşkilatı keçirir. Deyirlər, qoy insanların bir-birini bağışlamağa daha bir şansı olsun. Bu bayram Kanadada – Vankuver şəhərində doğulub. Bu gün mütləq kimisə bağışlayın, bu barədə qərarınızı da başqalarına açıqlayın, qoy bu nəcib hərəkətiniz ayaq açıb yerisin. Dünyanı bağışlamaq xilas edəcək.
27 avqust Səbəbsizliklər Günü
Çox maraqlı bir gündür. Günün adı “Sadəcə, elə-belə günü” kimi qeyd edilir. Məğzi odur ki, sizin səbəbsiz olaraq kiminçünsə yaxşılıq etmək, özünüzü sevindirmək şansınız yaranıb. Özünüzə növbədənkənar istirahət günü götürün. Uzun illər görmədiyiniz bir adamla gedib görüşün. Lazımsız bir şey alın. Tanımadığınız adamın qapısını döyüb qonaq olun. Yoldan keçən sevən cütlüyə çiçək alıb hədiyyə edin. Parkda otun üzərinə uzanıb səmaya baxın. Hətta daha cəsarətlilər uşaq kimi gölməçələrin üzərindən tullana, arxa-arxaya yeriyə bilərlər.
27 avqust. Marqaret Vulf günü və Ginnesin Rekordlar Kitabının yaranışı
Moldovanın müstəqilliyi günü, Rusiyada kino günü, İranda farmasevt, Ukraynada sala (donuz piyi yəni), Britaniyada burger, ABŞ-da milli banan günü. Və bir də Hersoginya günü. Bu gün İrlandiya yazıçısı, romançı Marqaret Vulf Xanqerfordun şərəfinədir, Vulf romanlarını ABŞ-da Hersoginya təxəllüsü ilə dərc etdirərmiş. Üstəlik, onun ən məşhur romanı da bu cür adlanır.
1977-ci ildə Çernobıl AES-in 1-ci enerji bloku fəaliyyətə başlayıb. 1959-cu ildə qərara alınıb ki, SSRİ məktəblilərinin əlaçı olanları məktəbi bitirəndə medal alsınlar. 1955-ci ildə Ginnesin rekordlar kitabının ilk nəşri işıq üzü görüb. 1576-cı ildə böyük italyan rəssamı Tisian doğulub.
(Varisin “21-31 avqustun təqvimi” yazısından)
“Antalya Fashion Week Digital 2021” defilesində Azərbaycana aid “Böyük Qayıdış” adlı kolleksiya təqdim edilib
Türkiyənin Antalya bölgəsində - açıq səma altında baş tutan “Antalya Fashion Week Digital 2021” moda defilesində Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.
Kolleksiyanın özəllikləri ondadır ki, tarixi zəfər noyabrda - 11-ci ayda qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü özündə əks etdirir.
Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xari Bülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır.
Əl ilə işlənmiş saç sancaqları isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.
Bu moda yeniliyini həm tarixi anlamına, həm də tərtibat gözəlliyinə görə tamaşaçılar coşqu ilə qarşılayıblar.
Time-ın elan etdiyi bütün zamanların ən yaxşı fotolarını təqdim edirik.
Oxucularımıza Time jurnalının versiyasında bütün zəmanələrin ən yaxşı fotolarını təqdim edirik. Tarixin ən müxtəlif anlarının əks olunduğu bu nadir fotoları toplamağa jurnalın əməkdaşları sərasər 3 illərini həsr ediblər.
Təqdim edilən ilk foto ilə tanış olun:
“Göydələndə nahar”
On bir kişi nahar edir, söhbət edir və siqaret çəkir. Hər şey adi olardı, əgər onlar bunu yerdə etsəydilər. Lakin onlar Manhattan üzərində 69-cu mərtəbə səviyyəsində polad balka üzərində oturaraq bunu edirlər. Naməlum fotoqrafın çəkdiyi və şərti olaraq "Göydəlındə nahar"
adlanan fotoda məhz bu səhnə əks etdirilib. Foto 29 sentyabr 1932-ci ildə heç bir quruluş olmadan, real işçilərlə hazırlanmışdır və bir neçə gün sonra Nyu-York Herald Tribune-da yayımlanmışdır.
Fotoqrafiya Böyük Depressiya zamanı çəkilmişdir. Ümidsizliyə düçar olan insanlar istənilən işə hazır olduqlarından heç bir sığorta olmadan bu nəhəng hündürlüyə qalxıblar ki, tikinti işləri ilə məşğul olsunlar.
Bu Amerikanın yaxın tarixinin bir reallığıdır.
Şəkil: 100photos.time.com
VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası oktyabrın 6-dan 10-dək keçiriləcək.
Oktyabrın 6-dan 10-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.
Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında müvafiq sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq builki sərgi-yarmarka dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunacaq.
Mədəniyyət Nazirliyinin yaydığı rəsmi məlumata görə, Cəmiyyətdə mütaliənin təbliğini, kitab işi sahəsində istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsini hədəfləyən sərgi-yarmarkanın zəngin proqramı var. Kitab bayramında kitab təqdimatları, yazarlarla görüşlər, işgüzar toplantılar və Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif tədbirlər sərgi ziyarətçilərinin marağına səbəb olacaq.
100-dək yerli nəşriyyat-poliqrafiya müəssisəsinin, kitab evinin, müxtəlif kütləvi və universitet kitabxanalarının, həmçinin Türkiyə və Rusiya daxil olmaqla, bir sıra ölkələrdən kitab işi sahəsində çalışan qonaqların sərgi-yarmarkada iştirakı gözlənilir.
Sərgi-yarmarka iştirakçıları təşkilatçılar tərəfindən 6 kvadratmetrə qədər ekspozisiya sahəsi və lazımi avadanlıqlarla ödənişsiz təmin ediləcək.
İştirakçıların və ziyarətçilərin sağlamlığının qorunması məqsədilə sərgi-yarmarkanın COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə tam uyğun təşkili planlaşdırılır. Sanitariya-gigiyena qaydalarının tətbiqi ilə yanaşı, sərgi-yarmarka məkanında sıxlığın yaranmaması üçün metronun müxtəlif stansiyalarının çıxışında ziyarətçiləri müəyyən fasilələrlə Bakı Ekspo Mərkəzinə daşıyan xüsusi avtobuslar ayrılacaq. Qeyd olunan tədbirlərlə bağlı əvvəlcədən kütləvi informasiya vasitələrində elanlar veriləcək.
Sərgi-yarmarkaya iştirakçı və ya ziyarətçi qismində qatılmaq istəyənlər ətraflı məlumat əldə etmək üçün sərginin rəsmi veb-saytına (www.bakubookfair.az), sosial media hesablarına daxil ola və yaxud telefon (+99412 404 10 00), e-mail (
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
) vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ilk dəfə 2009-cu ildə keçirilib.
Belarus ədəbiyyat portalında şair Əliağa Kürçaylı barədə yazı dərc edilib
Azərbaycan Tərcümə Mərkəzi ədəbiyyatımızın təbliği sahəsində növbəti addımını atıb. Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərini dərc edib, habelə şairin yaradıcılığı haqqında məlumata yer ayırıb.
Şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.
Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış Belarus portalı öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrini rus və belarus dillərində dərc edir.
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Təqvimdə elə günlər var ki, onları elliklə qeyd etmək zəruridir. Belə günlərdən biri də bu günə təsadüf edir. 26 avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Qərar Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi tərəfindən qəbul edilib. Və çox şübhəsiz ki, Beynəlxalq Azərbaycan Muğamı Gününün məhz avqustun 26-sı günü elan edilməsi səbəbsiz deyil, Azərbaycan muğamının dünyada təbliği sahəsində müstəsna rola malik Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məhz avqustun 26-da dünyaya gəlib.
Muğam Azərbaycanın qədim musiqisidir, 1975-ci ildə YUNESKO tərəfindən “Musiqi mənbələri” seriyasına daxil edilib. Azərbaycanın müstəqilliyi dövründə milli muğam ifaçılığı yeni inkişaf mərhələsinə qədəm qoyub. Yüzilliklərlə cilalanan, zaman-zaman üslub, obraz, məzmun, ifaçılıq mahiyyətini zənginləşdirən Azərbaycan muğamı müasir tarixində Heydər Əliyev Fondunun xətti ilə təbliğ olunaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq, “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının keçirilməsi xüsusi olaraq qeyd edilməlidir. Festival çərçivəsində keçirilən Muğam Müsabiqəsi və Beynəlxalq Elmi Simpoziumda muğamsevərlər, elmi tədqiqatçılar və dünyanın bir çox ölkələrindən dəvət olunmuş xarici qonaqlar iştirak edirlər. Son illərdə “Qarabağ xanəndələri” albomu buraxılıb, “Muğam” jurnalı, “Muğam ensiklopediyası” nəşr edilib. Muğama dair müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu ilk tədris vəsaiti kimi hazırlanıb.
Bəşəriyyətin şifahi və mənəvi irsinin bənzərsiz xəzinələrindən olan muğam ötən əsrin əvvəllərindən dünya mədəniyyəti məkanına daxil olmağa başlayıb. 1971-ci ildə YUNESKO 50 albomdan ibarət olan “Dünya ənənəvi musiqisinin antologiyası” kolleksiyasına “Şərqin musiqi antologiyası” seriyasından çıxan “Azərbaycan musiqisi” plastinkasını da daxil edib. Azərbaycan muğamı Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib. ABŞ Milli Kosmik Agentliyi (NASA) muğam musiqisini 1977-ci ildə peyklə kosmosa da göndərib. YUNESKO-nun qərarı ilə muğamın dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsinə bariz nümunədir.
Bu gün hər birimiz muğam dinləməyə borcluyuq. Bir gün bayağı musiqidən qopub muğam dinləməyin özü də savabdır.
26 avqust. Azərbaycan Pedaqoji Universitetinin 100 illik yubileyi
Sovetlər dönəmində APİ Lenin, indisə Azərbaycan Pedaqoji Universiteti adlandırılan bu təhsil ocağında oxuyub oxumamağımızdan asılı olmayaraq, gəlin, bu gün bu qocaman təhsil ocağını sürəkli şəkildə alqışlayaq. Tarixə nəzər salsaq görərik ki, 1921-ci il avqust ayının 26-da Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılıb. Onun ilk buraxılışı 1923-1924-cü tədris ilində olub. ADPU elə həmin gündən bu günə qədər ölkəmizdə yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərib, Gürcüstan, üzdəniraq Ermənistan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlayıb. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər də yetişdirib, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb və inkişaf edib. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlərə, ictimai-siyasi xadimlərə, yazıçı və şairlərə, bəstəkarlara rast gəlinir. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev və 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır.
Bu gün ADPU-nun bölgələrdə 5 filialı var, Azərbaycan Dövlət Pedaqoji Kolleci onun nəzdində fəaliyyət göstərir. ADPU-də indiyədək 100 mindən artıq ali təhsilli müəllim kadrları hazırlanıb. Hazırda universitetdə Filologiya, Tarix və Coğrafiya, Riyaziyyat və İnformatika, Kimya və Biologiya, Fizika və Texnologiya, Musiqi, Təsviri incəsənət, Fiziki tərbiyə, İbtidai təhsil, Məktəbəqədər təhsil, Psixoloji Xidmət və Korreksiyaedici təlim ixtisasları üzrə müəllim və tərbiyəçi kadrları hazırlayan 12 fakültə və 55 kafedra fəaliyyət göstərir. Universitetdə 730 nəfər müəllim, 330 nəfər köməkçi heyət çalışır. Bunlardan 59 nəfəri elmlər doktoru və professor, 329 nəfəri isə fəlsəfə doktoru və dosentdir. Hazırda universitetin əyani və qiyabi şöbələrində 21 minədək tələbə təhsil alır. ADPU-da 700 min nüsxədən ibarət kitab fondu olan kitabxana, qiraət zalları, hesablama-kompüter mərkəzi, onomastik laboratoriya, zoologiya muzeyi, tibbi xidmət mərkəzi və s. fəaliyyət göstərir. Belə bir təhsil ocağını, siz deyin, necə alqışlamamaq olar?
26 avqust. Ümumdünya itlər günü
Heyvanların Müdafiəsi Beynəlxalq Fondunun dəstəyi ilə hər il bu gün insanın ən yaxın dördayaqlı dostunun günü qeyd olunur. İtlər günündə nə etmək olar? Küçədəki sahibsiz itləri tumarlayıb yedizdirmək, evdəki itlərə əlavə yemək payı vermək. Yaxud yaxında-bərədə bir çinli görəndə yaxasından tutub demək ki, adamsan, adam balasısan, it əti yemə.
İtlər 30 min ildir ki, insanlarla yanaşı yaşayırlar. Onlar insan emosiyasını hiss edə bilirlər. İtlərin hissiyyatı insanlarınkından 100000 dəfə yüksəkdir. Onlar adam kimi tərləyə bilirlər. Hər bir it yüzə qədər söz əzbərləyə bilir. Ən sürətli it cinsi (borzaya) 72 km/saat sürət yığa bilir. İtlər yağışı sevmirlər. Ona görə yox ki, islanmaqdan qorxurlar. Ona görə ki, nədənsə məhz aramsız yağış səsi onların eşitmə orqanını iflic edir. İtlər depressiyaya da düşə bilirlər.
26 avqust. Daha nələr, nələr günü
Argentina aktyorlar gününü qeyd edir. Namibiya qəhrəmanlar gününü. Papua-Yeni Qvineya tövbə, Iran zəhmətkeşlər, ABŞ gilaslı dondurma gününü. Bu gün həm də Tualet kağızı günüdür. 1991-ci ilin bu günüdə SSRİ parlamentinin növbədənkənar sessiyası ölkə ərazisində kommunist partiyasının fəaliyyətinə qadağa qoyub. 1946-cı ildə Corc Oruelin məşhur “Heyvanlar kolxozu” satirik povesti işıq üzü görüb. 1728-ci ildə Asiya ilə Amerika arasındakı körfəzi Vitus Berinq kəşf edib, beləcə Berinq körfəzi yaranıb. 1980-ci ilin bu günüdə “Evdə tənha” filminin baş rolunu oynayan aktyor Makoley Kalkin doğulub. 1910-cu ildə Nobel sülh mükafatı laureatı Tereza ana, 1880-ci ildə ədəbi avanqardizm cərəyanının banisi, fransız şairi Qiyom Apolliner dünyaya gəliblər.
Varisin “21-31 avqustun təqvimi” yazısından fraqmentlər
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" layihəsini təqdim edir
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi "Avropa nağılları" sosial layihəsi çərçivəsində Aİ-nin 27 üzv dövlətinin nağıl və əfsanələrini Azərbaycan dilinə tərcümə edib.
Aİ-nin Azərbaycan Nümayəndəliyindən AzərTAC-a bildirilib ki, rəngarəng kitab formasında nəşr olunan nağıllar toplusu, ölkənin müxtəlif uşaq evlərində, sığınacaqlarında və uşaq kitabxanalarında olan uşaqlar arasında paylanacaq.
Bu kitab Azərbaycandakı uşaqlara Avropanın müxtəlif xalqları haqqında məlumat əldə etməyə, köklərini və ənənələrini və Avropa dəyərlərini kəşf etməyə kömək edəcək. Saysız-hesabsız müharibələrdən alovlanan bugünkü Avropa sülhə can atır. Bu sülh bir-birini başa düşməkdən, fərqlərə hörmət etməkdən, oxşarlıqlar tapmaqdan və əməkdaşlığı inkişaf etdirməkdən başlayır. Qoy bu kitab parlaq və dinc gələcəyə doğru nəcib bir yolda kömək olsun.
Daha geniş ictimaiyyəti Avropa nağıllarının sehrli dünyası ilə tanış etmək üçün, çap versiyası ilə yanaşı, Aİ Nümayəndəliyi quruma üzv dövlətlərin səfirləri ilə birlikdə, səfirliklərin digər əməkdaşları tərəfindən danışılan nağılların videoversiyalarını hazırlayıb ki, onlar peşəkar aktyorlar tərəfindən Azərbaycan dilində dublyaj edilib. Videonağıllar dünəndən etibarən nümayəndəliyin https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ facebook səhifəsində hər gün yayımlanmaqdadır.
Kitabın Azərbaycan dilində elektron versiyası Aİ Nümayəndəliyinin internet səhifəsində mövcuddur.