Super User

Super User

 

2021-ci ilin ən yaxşı fransızdilli ədəbi əsəri "Ən gizli xatirələr"" (La plus secrete memoire des hommes) hesab edildi. “Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, "Ən gizli xatirələr"ın müəllifi olan Seneqal yazıçısı Məhəmməd Mbuqar Sarrın Fransanın ən nüfuzlu ədəbi mükafatı - Qonkur mükafatı laureatı olması qərarı çərşənbə günü Qonkur Akademiyası tərəfindən elan edildi.

 

 

Bu roman 31 yaşlı yazıçının karyerasında sayca dördüncü romanıdır. Roman 1938-ci ildə Parisdə yaşayan, "Qeyri-insani labirintlər" (Le labyrinthe de l ' ınhumain) adlı uydurma kitabı tədqiq edən gənc seneqallı yazıçı xanımdan bəhs edir. Ədəbiyyat tənqidçilərinin sözlərinə görə, Mbuqar Sarrın bu romanı "Həqiqətlə uydurmanın iç-içə girməsi şəklində müstəmləkə dövrü, Birinci Dünya müharibəsi, xolokost barədə xatirələr kitabıdır".

 

 

Laureat Drouant restoranında ənənəvi təntənəli yemək zamanı Qonkur Akademiyasının 10 akademiki tərəfindən müəyyən olunub. Nizamnaməyə əsasən, mükafat fransızdilli müəllifə yalnız bir dəfə verilə bilər. Onun pul məzmunu rəmzi xarakter daşıyır - laureata cəmi 10 avro məbləğində çek verilir. Eyni zamanda, mükafat onu qazanan yazıçının populyarlığına və əsərlərinin tirajının artmasına ciddi şəkildə kömək edir.

 

 

Qonkur Akademiyasının baş katibi Filip Klodel jurnalistlərə bildirib ki, "Mükafatın laureatı artıq səsvermənin ilk turunun yekunlarına görə müəyyənləşdirilmişdi".

 

Mbuqar Sarr 1990-cı ildə Seneqalın mərkəzində - Diurbel şəhərində həkim ailəsində anadan olub. Fransız Kompienində liseyi bitirdikdən sonra o, sosial elmlər ali məktəbinə (EHESS) daxil olub. İlk romanını 24 yaşında yazıb. Bu işə görə o, Cenevrə Kitab salonunda mükafata layiq görülüb.

 

 

 

Mükafat haqqında

 

 

Ədəbi mükafat yazıçıları dəstəkləmək üçün Edmon və Jules de Qonkur qardaşları tərəfindən təsis edilib. Onun ilk laureatı "Düşmən qüvvəsi" romanına görə 1903-cü ildə Con-Antuan No olub. Qonkur Akademiyasının üzvləri olan 10 nəfər bir neçə yüz roman oxumaq üçün heç bir mükafat tələb etmirlər. Onların tərəfindən öncə müsabiqənin ilk dörd finalçısı, daha sonra isə qalib seçilir.

 

 

Uzun tarix boyu Akademiya bir neçə dəfə görkəmli müəllifləri gözdən qaçırdığı üçün tənqid olunub. Mükafat, hətta Fransa ədəbiyyatının klassiki Sidoni-Qabriel Kolettə də qismət olmayıb. Buna baxmayaraq, akademiklər fransız ədəbiyyatının korifeyləri Marsel Prust, Moris Dryüon və Andre Malro kimi laureatları seçərkən əsla yanılmayıblar. Və ən sonda onu deyək ki, ötən il yazıçı Erve le Telyenin "Anomaliya" romanı ilin ən yaxşı fransızdilli ədəbi əsəri kimi Qonkur mükafatına layiq görülmüşdü.

 

Budur, Nobel mükafatının ardınca Qonkur mükafatını da Afrika təmsilçisi qazanır. Bu nəyə işarədir? Afrika ədəbiyyatının triumfuna, yoxsa siyasi gedişlərə?

 

Noyabrın 1-də start verilən “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) üçüncü günü Mədəniyyət  Nazirliyinin məlumatına görə, festivalın art direktoru Emin Əliyevin giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, üçüncü günün proqramı haqqında məlumat verib. Sonra festivalın ikinci gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.
Festivalın 3-cü günündə Gəncə Dövlət Dram Teatrının “Şuşa, sən azadsan” (müəllifi  Həsən Cəfərov, rejissoru Elşad Əhmədov), “ Bir Səhnə” özəl teatrının “Biz böyüdük” (müəllifi Xəqani Əliyev, rejissoru Şəhriyar Camalbəyli), Şamaxı Mədəniyyət Mərkəzinin  “Savaş” (müəllifi və rejissoru Əbdül Məcidili),  Şəki Dövlət Dram Teatrının “Xain” (müəllifi və rejissoru Orxan Həmidli), Lənkəran Dövlət Dram Teatrının “Sonuncu görüş” (müəllifi və rejissoru Tərlan Abdullayev), Qusar Dövlət Ləzgi  Dram Teatrının “Xarı Bülbül” (müəllifi Ramiz Duyğun, rejissoru Faiq Qardaşov) tamaşaları nümayiş olunub.
Tamaşaların videoformatda nümayişindən sonra münsiflər və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə keçirilib. Müzakirə bitdikdən sonra isə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi professor İsrafil İsrafilovun, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin və  Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə “Müharibə və teatr”mövzusunda panel-müzakirə keçirilib.

On ikinci Bakı Beynəlxalq Qısa Filmlər Festivalının Yerli müsabiqəsində “Qızıl Nar” uğrunda yarışacaq filmlər müəyyənləşib.
Bu barədə Lent.az-a festivalın təşkilat komitəsindən məlumat verilib.
Müsabiqədən iştirak edən filmləri təqdim edirik:

BƏDİİ
1. ARTIQ – Rejissor: Fərid Hüseynov
2. ARZU – Rejissor: Rüfət Əlizadə
3. F63.2 – Rejissor: Müşfiq Mirzə
4. KÖMƏK EDİN! – Rejissor: Rüfət Hüseynov
5. QALDIRIN YELKƏNLƏRİ – Rejissor: Səbinə Haqverdiyeva
6. SATILIR – Rejissor: Aliyə Mollayeva
7. SƏSSİZ ÜSYANLAR – Rejissor: Tural Hacı
8. 28 – Rejissor: Elvin Əhmədoğlu
 
SƏNƏDLİ
1. BİR OVUC YUMOR VƏ CANSIXICI KƏDƏR – Rejissor: Lalə Əliyeva
2. MƏN GƏNCƏYƏM - Rejissor: Ramil Ağasıyev
3. MƏNİM AİLƏM - Rejissor: Afaq Yusifli
4. PAPNİN- Rejissor: Türkan Hüseynova
5. SƏMADA QALAN GƏNCLİK - Rejissor: Babək Abbaszadə
 
ANİMASİYA
1. EVƏ QAYIDIŞ - Rejissor: Ağarəhim İbrahimov
2. İNİLTİ – Rejissor: Ruslan Kərimov
3. TIQ- TIQLA MÖCÜZƏLƏR AXTARIŞINDA - QOBUSTAN – Rejissor: Sultan Abbasbəyli
4. +65 – Rejissor: Sevinc Quliyeva
 
SOSİAL ÇARX
1. AĞ ÖLÜM - Rejissor: Şəfa Həsənova
2. XOCALI NİŞANƏSİ - Rejissor: Elçin Elxanlı
3. İNTİHARA SON -  Rejissor: Cavad Nur  
4. KORONA İNCƏSƏNƏTƏ YARDIM - Rejissor: Cavid Səmədov
5. QARABAĞ - HƏR KƏSİN ORTAQ ARZUSU - Rejissor:  Nicat Qulam
6. NƏSİLLƏR - Rejissor: Ülviyyə Əhmədova
7. VƏTƏN BİZİK -  Rejissor: Rəhman Allahverdiyev
8. VƏTƏN SƏNƏ ƏMANƏT - Rejissor: Masər Həsənov
9. VƏTƏNİM AZƏRBAYCAN! – Rejissor: Kərim Rəhimov

Qeyd edək ki, "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən festivala hər il dünyanın müxtəlif ölkələrindən 2000-dən çox film göndərilir. Onların arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır.

44 günlük müharibədə Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin ildönümü qardaş Türkiyədə müxtəlif formalarda qeyd olunmaqdadır.
AzərTAC xəbər verir ki, Türkiyənin ən nüfuzlu musiqi festivallarından olan “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti də Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfərinə həsr edilib. “Azərbaycanın mədəniyyət paytaxtı Şuşa” adlı konsertdə korifey bəstəkarlarımızın əsərləri və xalq mahnıları səslənib.
Tanınmış fleytaçı, UNICEF-in xoşməramlı səfiri Şəfiqə Kutluerin adını daşıyan beynəlxalq musiqi festivalı 12 ildir təşkil edilir.
Ötən il festival çərçivəsində Qarabağ şəhid uşaqlarının xatirəsinə həsr edilən konsert baş tutmuşdu.
Doqquz yaşındaykən işğal zamanı Şuşadan helikopterlə xilas edilən, hazırda Münhen gənclərdən ibarət simfonik orkestrinin baş dirijoru olan Əməkdar artist Fuad İbrahimov bu konsertdə də orkestrə dirijorluq edirdi.
Musiqi korifeylərimiz Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Arif Məlikovun ölməz əsərləri, Azərbaycan və Türk xalq mahnılarının mahir ifası tamaşaçılarda unudulmaz təəssüratlar yaradıb.
Xaricdə yaşayan həmyerlimiz Anar İbrahimovun bəstələdiyi “Mənim ürəyim Şuşa” adlı əsər isə xüsusi rəğbətlə qarşılanıb.
Qeyd edək ki, “Beynəlxalq Şəfiqə Kutluer festivalı”nın açılış konserti Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, TİKA (Türk İşbirliği və Koordinasyon Agentliyi) və digər qurumların dəstəyi ilə keçirilib.
Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri, professor Aygün Attar və görkəmli musiqiçi Şəfiqə Kutluer Zəfər Günü və möhtəşəm konsertlə bağlı fikirlərini tamaşaçılarla bölüşüblər.
Azərbaycanın Şanlı Zəfərinin 1-ci ildönümü münasibətilə qardaş Türkiyədə rəngarəng tədbirlər davam edəcək.

Kamera və orqan musiqisi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində gənc vokalçılar üçün ustad dərsi keçirilib.
AzərTAC xəbər verir ki, Xalq artisti, Manhaym Dövlət Opera Teatrının aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə (tenor) gənc vokalçılarla öz təcrübələrini bölüşüb.
Ustad dərsində Bülbül adına orta ixtisas musiqi məktəbin XI sinif şagirdləri Nərmin Həsənli və Aydan Səfərli, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının X və XI sinif şagirdləri Jeyla Mövsümzadə və Məhəmməd Şəmmədov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində olan orta ixtisas musiqi məktəb-studiyasının X sinif şagirdi Teymur Kazımov iştirak edib.

İspaniyanın populyar “alquiblaweb.com” və “trabalibros.com” ədəbiyyat portalları “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin ispan dilinə tərcümə edilmiş “Yeddi gözəl” poemasından “Nağılın başlanğıcı və Bəhramın doğulması”, “Mərhəmətli Allahın adı ilə”, “Allahın elçisi Məhəmmədə mədhlər”, “Peyğəmbərin meracı” adlı hissələrə, şairin həyat və yaradıcılığı haqqında məlumata yer ayırıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, əsərin ispan dilinə bədii tərcümə müəllifi – tanınmış ispan tərcüməçisi Karmen Linaresdir.
Geniş oxucu kütləsi tərəfindən izlənən portallar müntəzəm olaraq səhifələrində Xuan Gil Albert, Gustavo Adolfo Becquer, Ceyn Ostin, Virciniya Vulf, Jan Pol Sartr, Emil Zolya, Xuan Rulfo, Tomas Mann, Vladimir Nabokov, Volfqanq Höte, Migel Delibes, Federiko Qarsia Lorka kimi dünya şöhrətli şair və yazıçıların yaradıcılığını işıqlandırır.
Qeyd edək ki, “alquiblaweb.com” portalının “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrini müntəzəm şəkildə işıqlandıracaq “Azərbaycan yazıçı və şairləri” adlı yeni bölümü fəaliyyətə başlayıb.

Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük filosof şairi Məhəmməd İqbalın Elxan Zal Qaraxanlı tərəfindən dilimizə tərcümə edilmiş “Seçilmiş əsərləri”nin təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edənlər, AMEA-nın vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitunun baş direktoru İsa Həbibbəyli, Pakistanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Bilal Haye, professor Bədirxan Əhmədli, Azərbaycanın Pakistanın keçmiş səfiri, tarix elmləri doktoru Eynulla Mədətli, Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı qardaş Pakistanın “mənəvi atası”, böyük filosof-şair Məhəmməd İqbalın “Seçilmiş əsərlərini”nin Azərbaycankı ilk nəşrini böyük tarixi hadisə adlandıraraq, bu nəşrin Azərbaycanda keçiriləcək “Zəfər günü”nə və Pakistanda keçiriləcək “İqbal günün”nə bir ərməğan olduğunu bildirmişlər. Nəşri səfir Bilal Haheyə təqdim edən akademik İsa Həbibbəyli təcümələrin yüksək səviyyəsini xüsusi qeyd etmiş, onun Pakistan-Azərbaycan ədəbi əlaqələrinin inkişafıda xüsusi rol oynayacağına inandığını bildirmişdir. Bilal Haye öz növbəsində konkret birgə ədəbi layihə ilə çıxış edərək bu sahədə əməkdaşlıq təklif etmiş və Ədəbiyyat İnstitutunun rəhbərliyi bu təklifi məmmuniyyətlə qəbul etmişlər.

Qərb mediası bu fotonu “Yuxulu Con” adı altında yayıb.
Euronews

Kitabsevərlər və kitab sənayeçiləri üçün xoş müjdə: Milli Məclisdə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Dinləmədə deputatlar, nəşriyyat və poliqrafiya mərkəzlərinin, kitab mağazalarının direktorları, media qurumlarının rəhbərləri iştirak ediblər.
Vergi Məcəlləsində ediləcək dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların, habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların istehsalı ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaq.
Daha sonra dinləmə iştirakçıları dövlətin kitab sənayesinin inkişafı istiqamətində atdığı addıma münasibət bildiriblər və öz təkliflərini səsləndiriblər.
Müzakirədə həmçinin oxucularda kitaba marağın artırılması, çap məhsullarının keyfiyyətinin artırılması və kitabın populyarlaşması üçün atılacaq addımlar da müzakirə edilib.
“Azərkitab” kitab mərkəzinin  direktoru Sabir Həsənov portalımıza verdiyi açıqlamasında qeyd edib ki, 2017-ci ildən bu mütərəqqi addımın atılması üçün fəaliyyət göstərib, əlaqədar qurumlara dəfələrlə bu yöndə müraciətləri olub. Sabir Həsənov bildirib ki, bu prosesin reallaşması kitab ticarətinin, ümumən kitabçılığın inkişafını şərtləndirəcək. Kitab isə milli inkişafın əsas sütunlarından hesab edilir.

 

Qardaş ölkə olan Türkiyədə ən çox satılan və oxunan kitabların reytinqini təqdim edən 1000kitap.com portalında oktyabr ayı üçün öndə gedən kitabların sıralanmasını “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edirik. Öncədən deyək ki, reytinq bizim ekspertlərin təəccübünə səbəb olub. Belə ki, orada ənənəvi olaraq ön sıralarda yer alan müasir tanınmış türk yazıçılarından nə Orxan Pamukun, nə də Əlif Şafakın adlarına rast gəlmək olar. Dünya ədəbiyyatından isə adətən bu sayaq reytinqlərdə daimi yeri olan Hüqo, Stendal, Balzak, Hemenquey, Markes kimi klassiklərin, Murakami, Kutzee, Beqbeder, Axern, Moyes kimi müasirlərin adları heç keçmir. Əksinə, reytinqlərdə adətən yer ala bilməyən Stefan Sveyq ardıcıl bir neçə romanıyla burada təmsil olunur. Nə deyə bilərik, demək, zaman zövqləri dəyişməkdədir.

 

Buyurun, 1000kitap.com portalının “Ən çox oxunanlar” reytinqi ilə tanış olun:

 

 (Qeyd: Sıra yeri. Kitabın adı. Müəllif. Oxunma sayı)

 

 

 

1.”Xəz paltolu madonna”, Səbahəddin Ali, 201600

 

2.”Balaca Şahzadə”,  Antuan de Sent Ekzüperi, 150000.

 

3.”Satranc” , Stefan Sveyq, 148500.

 

4.”Heyvan çıftlığı”, George Oruel, 141000

 

5.”Şəkər portağal”, Jose Mauro Vasconselos, 139500

 

6.”Dönüşüm”, Frans Kafka, 138700

 

7.”Kimyagər”, Paulo Koelyo, 130500

 

8.”Bilinməyən bir qadının məktubu”, Stefan Sveyq, 128900

 

9. “Çərpələng uçuran”,  Xalid Hüseyni, 110200

 

10.”Quyurcaqlı Yusif”, Səbahəddin Ali, 106700

 

11.”İnsan nəylə yaşar?”, Lev Tolstoy, 104200

 

12.”İçimizdəki şeytan”,  Səbahəddin Ali, 101 200

 

13. “Siçanlar və insanlar”,  Jon Steynbek, 99300

 

14.”Cinayət və cəza”, Fyodr Dostoyevski, 96400

 

15.”1984”, George Oruel, 95900

 

16. “Serenada”, Zülfü Livaneli, 84600

 

17. “Olağanüstü bir gecə”, Stefan Sveyq, 83900

 

18. “Bir qadının yaşamından 24 saat”, Stefan Sveyq, 74700.

 

19. “Yabançı”, Albert Kamyu, 74000.

 

20.”Yeraltından notlar”, Fyodr Dostoyevski, 69900

 

20. “Çalıquşu”, Rəşad Nuri Güntəkin, 69900.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.