
Super User
“Adajio, Adajio, birdən Alleqro” – Varis yazır
“Ədəbiyyat və incəsənət” portalı Varisin 2014-cü ildə qələmə aldığı “Adajio, Adajio, birdən Alleqro” yazısını təqdim edir.
Payız
Biz hamımız küt rejissor, yarıkor operator, zövqsüz dekorçu və əbləh prodüserlərik. Ancaq bununla belə, biz hamımız mahir aktyorlarıq.
***
Zəiflər həyatda buraxdıqları səhvlər üçün daim əzab çəkirlər. Güclülər isə səhvlərini unudurlar.
***
İdarənin giriş-çıxış qapısına «Gedərkən işıqları söndürməyi unutmayın!» sözləri yazılmış kağız vurulub. Əslində, bu adi sözlər olduqca böyük məna kəsb edir: Siz gedirsinizsə, işıqları da ardınızca söndürün! Qoy sizdən sonra dünya zülmətə bürünmüş olsun!
***
Yaradıcı insan beyni ilə söhbət edəndə nəsr yaradır, ürəyi ilə söhbət edəndə nəzm.
***
Qonaq otağımızdakı divar saatı həmişə geri qalırdı. Atamın qol saatı isə saniyəbəsaniyə dəqiqliklə işləyirdi.
Yəni, sahibiylə birgə gəzən, daim hərəkətdə olan qol saatı zamanla ayaqlaşa bilirdi, ancaq sükunət içində olan hərəkətsiz divar saatı isə zamandan geri qalırdı.
***
“Heç vaxt öz hisslərinizi naməlum adamlara açmayın. Tanımadığınız adama min dollar etibar edərsinizmi? Yox. Məgər hissləriniz bunca ucuzdur?”
Marqaret Kent
***
Məktəbli ikən Pionerlər sarayında musiqi dərnəyinə gedirdim. Fəridə müəlliməmiz solfecio dərslərində əlindəki dəmir xətkeşi masanın üstünə vura-vura bir ifadə işlətməyi xoşlayırdı:
- Adajio, Adajio, birdən Alleqro!
O deyirdi ki, sonadək Adajio – ağır temp musiqini ürəksıxıcı edir. Eləcə də sonadək sürətli Alleqro tempində qalmaq da başağrıdıcıdır. Odur ki, uğurun formulası belədir: Adajio, adajio, birdən Alleqro!
Eynən həyatda da mütləq əksəriyyətimiz Adajio sürətiylə barışmışıq, ağır-ağır yaşamaqdayıq, heç nəyi çatdıra bilmirik. Bir ovucumuzsa Alleqroda həyat ritmimizi itirmişik, hey tələsərək, nəfəsimiz təntiyə-təntiyə gücümüzü sərf edib qurtarmaq üzrəyik.
İndi bizlərə bir həyat müəllimi lazımdır ki, dəmir xətkeşiylə əllərimizin üstünə döyəcləyərək: - Adajio, adajio, birdən Alleqro!, - söyləsin.
***
Müasir dünya nəsrinin ən böyük nümayəndələrindən biri, əsl virtuoz və əsl yaradıcı, zəmanəmizin ən sonuncu panteisti, bəşəriyyətin xaosla dolu bu gününə və müəmmalı gələcəyinə hamıdan çox narahat olan ən böyük skeptik və pessimist, öz qəhrəmanları ilə birgə özü də qurduğu xəyali dünyada yaşayan Joze Saramaqo. Postmodernizmin sonuncu bastionu. (Allah rəhmət eləsin – red.)
Onun «Korluq» adlı hələ ki, əlimə keçən ən axırıncı romanını təəccüb və heyrətlə oxudum. Uzun müddət qapı-pəncərəni açmadım ki, birdən özüm də müdhiş korluq epidemiyasına yoluxaram.
***
Vəzifəli və hədsiz imkanı olan bir tanışım elə beləcə də söylədi: İmkansıza əl tutmaq Allaha qarşı üsyan etmək, ona qarşı çıxmaq deməkdir. Çünki Allah məsləhət bilsəydi, onu imkansız etməzdi.
***
Həyat – ölümə qədər aldığımız bir möhlətdir, vəssalam.
***
Kimlərinsə köksündə ürək yerləşir, kimlərinsə – ət parçası.
***
Baharı sevdiyim qədər də payızı sevmirəm. Əslində, payız hiss və həyəcanı oyadan, ruhun ən ac olduğu, qida tələb etdiyi bir fəsildir. Onu sevdikcə sevmək olar. Doymadan, usanmadan...
Amma payızın rəngi sanki ayrılığın rəngiylə eynidir: Qısa – beş-on günlük ayrılıqlar açıq-sarı rəngdə olurlar. Uzun ayrılıqlar nisbətən tünd-qəhvəyi rənglidir. Əbədi ayrılıqlar isə lap tünd rəngdədir, qaraya çalırlar...
Necədir, payız meşəsinin nəm torpağı və xəzəl yarpaqları üzəriylə torpaq-yarpaq qarışığının qoxusunu uda-uda lap dərinliklərə gedəsən və azaraq orada qalasan, bir də geri qayıtmayasan?
(“Son məktub” romanından)
Qış
Zahirimizi gizlətmək üçün divarlar ucaldır, daxilimizi gizlətmək üçünsə yalanlar uydururuq.
***
Birinin taleyi 5 min manatlıq «Parker», birininki isə 20 qəpiklik Çin qələmiylə yazılıb. Fərqi duyursunuzmu?
***
Dünyaya gəlməyimiz – həyat adlı idarədə işə düzəlməyimizdir.
İşimizin adı isə yaşamaqdır. Bir gün müqavilə müddətimiz bitəcək və işdən azad ediləcəyik.
Bu, ölümdür.
Ola da bilsin, işin ağırlığına tab gətirməyib özümüz öz xahişimizlə işdən getdik.
Bu isə intihardır.
***
Necə ki, klassik ədəbi aşiq etalonu kimi ilk öncə yadıma Füzulinin Məcnunu düşür, eləcə də müasir ədəbi aşiq kimi dərhal Anarın Zaurunu və Elçinin Baladadaşını xatırlayıram.
***
Ötən əsrin əvvəllərində müğənnilik etmiş Seyid Mirbabayev sonradan neft kəndxudasına çevriləndə və zənginləşəndə müğənnilik dönəmindən utanırmış, harada valını görürmüşsə alıb sındırırmış.
Amma indi siyasi arenada əqidəsini dəyişənlər keçmişləri üçün əsla utanmırlar.
***
Ürək o qədər dərdlə yüklənəcək ki, bir gün ağırlığa tab gətirə bilməyib bədənin dərinliyində qərq olacaq...
***
Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir. Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.
“Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı, Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar, ölü kətanı xatırladan səma, ətrafdakı yad və laqeyd insanlar toplusu, həyatdan öldürücü dərəcədə yorulmaq və şirin həblər udmaq təsəllisi...”
Osip Mendelştamdam.
“Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi, işığa, hərarətə olan həsrət, çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı, küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort, ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar, axının əksinə getmək istəyən su damlası...”
İosif Brodskidən.
Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları...
Silentium!!!
***
Bəzən qorxu, bəzən həyəcan, bəzən ümidsizlik. Sabahı düşünmənin kardioqramı...
***
Məmməd Əmin Rəsulzadə söyləmişdi: «Bir millətin yeni nəsli əskisinə nəzərən daha az kültürlü və daha az təcrübəli olarsa, o millətin varlığı və istiqbalı təhlükəyə məruz qala bilər».
Bu gün bu fikir xüsusən aktual olmalıdır.
***
Madridi açıq səma altında muzey adlandırdım ilk dəfə görəndə. Burada o qədər tarixi abidə, arxitektura şedevri var ki, baxdıqca gözlərin alacalanır. Xüsusən, məni abidələr təsirləndirdi. Bir şəhərdə nə qədər abidə ola bilərmiş. Az qala hər tində, hər küçə qovşağında monumental abidəyə rast gəlirsən. Ən müxtəlif ölçüdə, ən müxtəlif yaşda, təyinatda olan bu abidələr həm ölkənin, şəhərin tarixini ortaya qoyur, həm də bir füsunkarlıq, gözəllik gətirir.
Puerto del Sol meydanında şəhərin simvolu sayılan çiyələk kolunun yanında dayanmış ayı abidəsinə rast gəlirsən. Bir addım aralıda əsatirə görə səmadan enmiş şeytanın – Lüsiferin abidəsi ucalır. Palas-de-Torosda – öküz döyüşü sarayının qarşısında öküzlə döyüşən qoleadorun əzəmətli əksi göz oxşayır.
«Real» fanlarının klub qələbələrini qeyd etdikləri eyniadlı meydandakı Sibelis fontanında şir qoşqusunda əyləşmiş əfsanəvi Sibelisin abidəsi öz misilsiz heykəltəraşlıq həlli ilə seçilir. Palas-Mayorda Kral III Filippin at belində möhtəşəm tunc abidəsinə rast gəlirsən. Oturaraq qarşısında dayanmış Don Kixotla Sanço Pansonu seyr edən məşhur ispan yazıçısı Migel de Servantesin mürəkkəb kompozisiyalı abidəsi isə İspaniya meydanına yaraşıq verir.
Mən yüzlərlə abidədən öz təsnifatıma görə bir neçəsini sadaladım – şəhər rəmzi, dini obraz, maraq və əyləncə obyekti, əfsanəvi qəhrəman, hökmdar, mədəniyyət xadimi...
Madriddə hətta sərnişinə, tələbəyə, dalandara da abidə qoyulub, biləsiniz.
Ən əsası, bu şəhərdə abidə qoymaq ənənəsi çiçəkləndiyi halda abidə dağıtmaq ənənəsi yoxdur. Nə formasiya dəyişikliyi, nə hakimiyyət çevrilişləri, nə mədəni inqilablar özündən əvvəlkiləri düşmən elan edib abidələrini aşırmayıb.
Hətta qəddar Franko rejimi, daxili vətəndaş müharibələri, millətçilik dalğalı terror aktları belə bu ölkədə bir abidənin «burnunu qanatmayıb».
***
Tarın simlərini qırıb onu adi taxta parçasına çevirmək – dəyərli olanı dəyərsizləşdirmək...
***
Həmişə özümü uçuşu təxirə salınan təyyarənin pilotu kimi hiss etmişəm. Bu gözlənti bir anlıq, bir müddətlik olur. Ünvana, məqsədə çatmaq sevinci təxirə salınma vaxtı qurtarıncaya qədər yubansa da, içində bir əminlik olur ki, bu üzücü müddət tezliklə bitəcək. Və sən mavi səmalara – öz xoşbəxtliyinə qovuşacaqsan. Amma indi uçuşu ləğv edilən təyyarənin pilotu kimiyəm.
(«Son məktub» romanından)
Yaz
Görəsən plastik cərrahiyyə əməliyyatına gedib alın yazımızı dəyişə bilərikmi?
***
Yaxşıları təltif etmək – heç də pisləri cəzalandırmaq demək deyil.
***
Bir eyvan qonşumuz var idi, Cəlil dayı. O vaxt «Neftçi» SSRİ çempionatında çıxış edirdi, güclülər dəstəsinin 16 komandasından biri idi. Məktəbli olsam da qatı futbol azarkeşi idim.
Bakıdakı bütün oyunlar bitəndə təqvimi əzbər bilən Cəlil dayı eyvanı taqqıldadıb məni çağırtdırar və «Neftçi neynədi?» soruşardı. Hesabı öyrənər, əgər qollar vurulmuşdusa kimin vurduğunu, ümumən oyunun necə keçdiyini soruşardı.
Evlərində televizorları var idi, televizorları işlək vəziyyətdəydi, evlərində televizora baxmaq uğrunda rəqabət-filan da yox idi. Amma nədənsə Cəlil dayı heç vaxt matça baxmazdı...
Sən bu cür dəqiqliklə çempionatın təqvimini biləsən, bu cür incəliklərinə kimi hər bir oyun barədə soruşasan, ancaq özün oyunlara baxmayasan?
Əfsus ki, bu sualı təxirə sala-sala çox-çox sonra, artıq tələbəykən verməyi qərarlaşdıranda Cəlil dayının vəfatı xəbərini eşitdim, sualım cavabsız qaldı.
İndi hər «Neftçi» oynayanda Cəlil dayı yadıma düşür, yenə həmin sualın cavabını axtarıram.
Bəzən xırda sirləri vaxtında öyrənməyi lüzumsuz sayıb Sirlər xəzinəsi yaradırıq.
***
Heç vaxt «Bundan pisi daha mümkün deyil» dərəcəsində pis olmur. Odur ki, pisi çox da pisləmək lazım deyil.
***
Sözləri yanaşı düzüb heca və qafiyə qayda-qanununa riayət etməklə şairlər diyarında minlərlə insan şeir yazmaqda, on minlərlə insan da bu söz yığınına şeir söyləməkdə, onları da şair adlandırmaqdadır.
Belədə, bəs hərfin, səsin, sözün, ifadənin, cümlənin məna çalarlılığından, sehrindən, sirrindən, gözəllik və dərinliklərindən çələng toxuyaraq fikir imperiyası yaradan Ramiz Rövşən, Vaqif Səmədoğlu kimdir?
Qəfil gün doğsa bir gecə,
Min-min gizli günah görsək,
Üstünü örtə bilməsə,
Bu dünyanı çılpaq görsək,
Başımıza hava gələr,
Ağlımız çaşar bəlkə də.
Hamı birdən baş götürüb
Dünyadan qaçar bəlkə də.
Ramiz Rövşəndəndir.
Nə varım var, nə barxanam,
Ömür yükü bağlamağa.
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
Bu da Vaqif Səmədoğlunundur.
***
Baharda təbiət oyanacaq. Görəsən ümidlər də oyanacaqmı?
Moskva üçün Kreml, Paris üçün Yelisey çölləri, İstanbul üçün Taksim, Kiyev üçün Xreşşatik, Bakı üçün Torqovı nədirsə, Sumqayıt üçün də «Karvan» Ticarət Mərkəzi o idi. Bura ətraf küçəsiylə birgə alış-veriş anlamından çıxmış, kütləvi gəzinti, ünsiyyət məkanına çevrilmişdi.
Üstəlik də minlərlə insan buradan evinə çörək aparırdı. (Şəhər əhalisinin yarısı Bakıdan, yarısı da ticarətdən dolanır).
«Karvan»da baş vermiş dəhşətli yanğın şəhər üçün böyük itki oldu. Bankdan kredit götürüb mal almış yüzlərlə insan yanmış mallarına baxıb göz yaşı axıdır, nəsə bir salamat şey tapmaq üçün külün içində eşələnirdi.
Mənə ən çox təsir edən isə ticarət mərkəzinin bazarında üç kisə kartofu yanmış məcburi köçkün oldu.
O, qapqara közə dönmüş kartofların salamat yerini axtarır, tapan kimi qoparıb yeyirdi...
***
Eyni sözü qətiyyətlə də, adi qaydada da, qorxa-qorxa da söyləmək olar. Hər birində bu söz bir başqa təəssürat oyadacaq.
İntonasiya - sözün libasıdır.
***
Dünyaya yüzlərcə məşhur mütəfəkkirlər, rəssamlar, bəstəkarlar, yazıçılar, alimlər, dövlət xadimləri, komandanlar gəlib gediblər. Ancaq onların heç birinə şəkli 100-lük ABŞ dollarına həkk olunmuş və bütün dünyada balacadan böyüyədək hamı tərəfindən tanınan Bencamin Franklinin xoşbəxtliyi nəsib olmayıb.
***
SSRİ-nin rəhbərlərindən biri olmuş Nikita Xruşşovdan sitat: «Xoşbəxtlik var-dövlətdə deyildir. Dahi Vladimir Lenin demişdir ki, ən qiymətli şey qızıl deyil, insandır. Lenin deyirdi ki, insanlar kommunizm qurduqda ictimai ayaqyollarına qızıldan naxış vuracaqlar».
Yaşlı insanların əksəriyyətində bir SSRİ nostalgiyası duyulur. Əlbəttə, ictimai ayaqyollarına qızıldan naxış vurmağı qaçırmaq çox üzücüdür.
***
Sən demə, dünyada müvəqqəti qədər daimi olan heç nə yox imiş...
***
Ən başda insanların şax gəzənləri, ortada büdrəyənləri, ən aşağıda isə yıxılmışları dayanır. Biz – səninlə büdrəyənlərik, ortadayıq. Güc tapsaq, qayıdıb əvvəlkitək şax gəzəcəyik, tapmasaq, yıxılacağıq.
(«Son məktub»dan)
Yay
İnsanlar iki yerə bölünür – səninlə birgə gülənlər və sənə gülənlər.
***
Biz hamımız susmağa məhkumuq. Ancaq bəzilərimizin müticəsinə, qorxaqçasına susması fonunda bəzilərimizin yeganə təsəllisi mərdliklə, cəsarətlə susduğunu düşünməsidir.
Razılaşın ki, zəif təsəllidir.
***
Memuar yazanlar heç vaxt səmimi olmurlar. Axı keçirdiyin bütün hissləri kağıza köçürmək mümkünsüzdür. Hansı yazıçı öz qibtə və paxıllığını, qəzəb və nifrətini, şəhvəti hisslərini olduğu kimi kağıza köçürər?
Başqalarının taleyini yazarkən tam səmimi ola bilsələr də, öz talelərini yazanda yazıçılar büsbütün qeyri-səmimi olurlar.
Mən memuarlara inanmıram.
***
Ha boylan, ha barmaqlarının üstündə dur, ha hoppan, yenə də dənizin əks sahilini görə bilməyəcəksən.
***
Məşhur ispan filosofu Baltazar Qrasian söyləyib: “Elə et ki, ətrafının həmişə sənə ehtiyacı olsun. Sıxılıb şirəsi çıxarıldıqdan sonra meyvə ən yaxşı halda zibil qabının qonağı ola bilər. Yanğısını söndürdükdən sonra insan bulağa arxa çevirib gedər”.
Biz azərbaycanlılarda da buna uyğun məsəl var: “Bağda ərik var idi, salam-məlik var idi...”
Demək, bu dönəmdə bizim üçün ən əsas məsələ bağımızdakı əriyimizin qurtarmasına imkan verməməkdir. Hər halda qurtaranda isə, budaqdan süni ərik - butafora asmaq lazımdır.
***
«Peterburqda ilk dəfə fil XVIII əsrin 30-cu illərində peyda olub. Onu imperatriça Anna İvanovnaya İran şahı Nadir şah hədiyyə edib. Hazırkı mühəndis qəsrinin yerində əzəmətli Fil sarayı tikilib, orada fillərlə yanaşı Nadir şahın göndərdiyi fil təlimatçısı da yaşayıb. Təlimçi fil üçün illik 365 pud buğda unu, 28 pud şəkər və 100 vedrə araq-çaxır tələb edirmiş...»
«Qolos Ryazani» №12, 1991.
P.S. Kim istəyər ki, ona fil bağışlansın?
***
Uşaq dünyası çox maraqlıdır. 2 yaş yarımlıq qızıma ötən gün gözoxşayan bir gəlincik alıb vermişdim. Yatanda da bu gəlinciklə yatırdı. Bütün günü əlindən yerə qoymurdu.
Dünən bir qohum bizə gələndə qızıma ucuz, keyfiyyətsiz gəlincik gətirdi. Qızım bahalı gəlinciyini tullayıb dərhal bu təzədən yapışdı.
Uşaq üçün yaxşı-pis, bahalı-ucuz fərqlənməsi yoxdur, yalnız təzə-köhnə fərqlənməsi var.
***
Düşüncə qərar verəndə səhv etmək ehtimalın cüzi olur. Ancaq qəlb qərar verəndə əksər halda yanlışlığa yol verirsən.
***
Yayda Kuşadasında dincələndə oradakı azərbaycanlı ailələrinin öz aralarında rusca danışmasına diqqət etdim.
Bir türk öyrətmən dedi ki, bizlər də ingiliscə rahat danışırıq. Amma öz aramızda nədən yabançı dildə danışmalıyıq? Sizsə bununla fəxr edirsiniz ki, dilinizə həqarət göstərirsiniz.
***
Biz it hürən tərəfə deyil, işıq gələn tərəfə getdik. Nə yazıq ki, işıq gələn tərəfdə bizə it hürdü.
***
Qəm etməyək!
Birtəhər güc, iradə, dözüm toplasaq, bu kədəri də ram edər, bu dərddən də üzülüşərik.
Yetər ki, inanaq və sınmayaq!
(Yenə də «Son məktub»dan)
P.S. Hər kəsin içində bir yanğın var. Bəzilərinin yanğını öz içini yandırır. Belələri əksəriyyətdir. Ancaq bəziləri də var ki, onların yanğını ətrafı yandırıb kül edir.
Günün fotosu
Vaşinqton. BBC.
Amerika senatorları Rusiyanı Ukraynaya müdaxilə etdiyi halda sanksiyalarla hədələdilər.
Kukla Teatrı bu gündən maraqlı tamaşalar nümayiş etdirəcək
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yanvar ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.
Teatrın repertuarını təqdim edirik:
14 yanvar – “Oyaq gözəl”
15 yanvar – “Göyçək Fatma”
15-28 yanvar – “Qoğal” (rus dilində)
16 yanvar – “Cırtdan”, “Üç cəsur” (rus dilində)
21 yanvar – “Gözəl və bədheybət”
21-29 yanvar – “Çippolino” (rus dilində)
22 yanvar – “Turp”, “Durna balığı”
23 yanvar – “Maşa və ayı”
28 yanvar – “Qızıl balıq”
29 yanvar – “Tıq-tıq və taq-taqın nağılı”
30 yanvar – “Əlibaba və qırx quldur”
Rəsm qalereyası
Günay Əfəndiyeva “Çingiz Aytmatov medalı”na layiq görülüb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstanın və bütün türk dünyasının böyük yazıçısı “Çingiz Aytmatov medalı” ilə təltif olunub.
Fonddan AzərTAC-a bildirilib ki, Günay Əfəndiyeva bu medala Çingiz Aytmatov irsinin, Qırğızıstanın və bütövlükdə, türk dünyasının zəngin mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində çoxşaxəli fəaliyyətinə görə layiq görülüb. Medal Fondun prezidentinə Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmanaliyev tərəfindən təqdim olunub.
Qeyd edək ki, ötən illər ərzində Fond ilə təşkilatın qurucu üzv dövlətlərindən olan Qırğızıstan arasında əməkdaşlıq çərçivəsində müxtəlif səviyyəli görüşlər baş tutub və Qırğızıstanın mədəni irsinin təbliği ilə bağlı layihələr həyata keçirilib.
Fond tərəfindən Azərbaycanda görkəmli yazıçı Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş tədbir təşkil edilib, ədibin “Cəmilə” povesti əsasında qırğız dilində hazırlanmış tamaşa nümayiş olunub.
Həmçinin Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmanaliyev Fondu bir neçə dəfə ziyarət edərək, təşkilatın kitabxanasına ölkəsinin mədəniyyətini, tarixini və adət-ənənələrini əks etdirən kitablar, Fondun muzeyinə isə - qədim qırğız musiqi aləti komuz bağışlayıb.
KION platformasında “İlbizlərin qaçışı” serialının premyerası keçiriləcək
Yanvarın 19-da KION platformasında zorakılıq və uşaq travmaları ilə mübarizə mövzusundan çəkilən “İlbizlərin qaçışı” serialının premyerası keçiriləcək.
TASS agentliyi xəbər verir ki, rejissor Devid Linçin müəllif üslubundan ilhamlanaraq ekranlaşdırdığı filmdə əsas rolları Daria Ursulyak və Lyubov Tolkalina ifa ediblər.
Süjetə görə, iki qəhrəman - böhran mərkəzinin əməkdaşı və araşdırmaçı jurnalist – başına gələn zorakılıqdan sonra mərkəzə düşmüş Lera adlı qızın tarixçəsini öyrənirlər. Hər iki rolu Ursulyak ifa edib. Müəllifin Linç üslubuna istinad edərək hadisələri ardıcıl formada düzməsi sayəsində tamaşaçı mistik atmosferə qərq olur. Layihənin rejissoru Stas İvanovdur.
“KIMI” filminin treyleri yayımlanıb
Amerika rejissoru Steven Soderberghin çəkdiyi “KIMI” filminin treyleri yayımlanıb.
Məşhur aktrisa Zoe Kravitzin baş rolu ifa etdiyi film detektiv bir hekayədən bəhs edir.
Filmdə aqorafobiyadan əziyyət çəkən bir texnologiya şirkətinin əməkdaşı, yeni layihə üzərində işləyərkən şiddətli cinayətin qeydə alınmış sübutlarını aşkar edir.
Nə edəcəyini bilməyən gənc qadın, öz şirkətinin rəhbərlərinin ətaləti qarşısında qətlin sahibini tapmaq qərarına gəlir.
İtə 75 min funt xərclənirsə, bu, azı 7500 insanın çörəyinin kəsilməsi bahasına başa gəlir
14-15 yanvarın təqvimi Varisin təqdimatında
14 yanvar
Ümumdünya Məntiq Günü
Hər vaxtınız xeyir! Məntiqlə başlayaq. Çünki dünyada hər bir şeyin öz məntiqi olmalıdır.
YUNESKO ilə Beynəlxalq Humanitar Elmlər və Fəlsəfə Şurasının təşəbbüsü ilə təqvimə daxil edilən bu gün 2019-cu ildən qeyd edilir. Bu günü qeyd etməkdə məqsəd beynəlxalq elmi birliklərin və cəmiyyətlərin diqqətini məntiqin praktik tətbiqinə, intellektual tarixinə, konseptual əhəmiyyətinə yönəltməkdir.
Nədir məntiq? Məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. İnsan hər bir şeydə məntiq axtarmalıdır, məntiqsizlik – xaos və anarxiya deməkdir.
Evdə rahatçılığın təşkili günü
Biz günlərin axarına o qədər alüdə olmuşuq, o qədər qaça-qovda yaşayırıq ki, bəzən öz evimizdə elementar rahatçılığı belə qurmağa əhəmiyyət vermirik. Kimsə narahat nimdaş divanını yenisi ilə əvəzləmək, kimisi kiçikekranlı televizorunu böyükekranlısına dəyişmək, kimisi qızdırıcı quraşdırmaq, kimisi mətbəxdəki qaz plitəsinin nazaslığını düzəltdirmək, kimisi adicə yanmış lampanı dəyişmək kimi işləri hər gün təxirə sala-sala öz rahatçılığını təmin etmir, bu sıraya ağrıyan dişinin müalicəsini, yaxşı getməyən avtomobilinin təmirini yubatmağı və digər bu sayaq işləri də əlavə etsək mənzərə tam aydın olar. Bu günün işini sabaha qoymaq bir vərdişdir, hamını özünə yoluxdurub. Bu 14 yanvar günündə hamı dəyişməli, ilin bu bircə gününü öz rahatçılığının qeydinə qalmalıdır.
Ev heyvanlarına ecazkar libas almaq günü
Mən bu günü gərək qeyd etməzdim, bizim xalq ev heyvanlarına paltar geyindirən əndrəbadi xalqlardan deyil, amma bizdə elə əndazəsini aşmışlar var ki, çapıb-taladıqları korrupsiya pulu ilə ev heyvanlarını bəzəyib-düzəmək işində ən cəfakeş əcnəbini belə kölgədə qoyurlar.
Bir dəfə xarici ölkələrin birində bir marketdən itinə 75 min funtluq əyin-baş alan bir azərbaycanlı aşkar ediləndə bütün dünyanın təəccübdən gözləri bərəlməmişdimi? Bu cür tələbxərc həmyerlilərimiz bayramdan xəbər tutsalar heyvanlarını lap qızıl-qumaşa bürüyəcəklər.
Onu da nəzərə alaq ki, kimsə itinə 75 min funt xərcləyirsə, bu, azı 7500 insanın çörəyinin kəsilməsi bahasına başa gəlir.
Uikend Çellenc – Bermud Üçbucağı Marafonu
Bu cümə-bazar günlərində ekstrim gəzən insanlar ekstrimin ən ideal məkanı sayılan Bermud adalarına gedib orda aktiv turizmlə məşğul olacaqlar. Dünyanın hər yerindən gənclər adalara toplaşacaq, bir-birinin bəhsinə müxtəlif təmrinlər yerinə yetirəcəklər.
Təbii ki, bu zövqü ancaq varlı insanlar yaşaya bilirlər, kasıbın nə işi var bahaçılıqda ad çıxarmış Bermud adalarında?
Uzunqulaq bayramı
İlk dəfə 11-ci əsrdə qeyd edilən bu bayram Məryəmlə balaca İsanı belində Misirə aparan uzunqulağın şərəfinədir.
Heyvanların ən zəhmətkeşi olan yazıq uzunqulağı nədənsə insanlar həmişə aşağılayırlar, ən mənfur saydıqları insanlara “eşşək oğlu eşşək” deyə söyüş edirlər.
Molla Nəsrəddinin eşşəyi, yaxud Məhəmmədhəsən əminin eşşəyi istər folklordan, istərsə bədii ədəbiyyatdan bizlərə yaxşı tanışdır, yəni “nümunəvi eşşək” obrazına hətta qələm əhli də biganə qalmayıb, xaçpərəstlərin onun ayrıca bayramını keçirməsini də bura əlavə etsək, heyvanlar arasında gülümsəməyi bacaran bu yeganə canlıya simpatiya yaranmazmı, yaranar. Odur ki, bu bayram günündə barı bu yazıq heyvanları incitməməliyik.
İş yerlərini sahmana salmaq bayramı
Bu günə təqvimyazanlar evdə rahatlıq yaratmaq barədə bayram salmaqla kifayətlənməyiblər, iş yerlərinin də qeydinə qalıblar. Bu gün həm də İş yerlərini sahmana salmaq bayramıdır.
Qonşu Gürcüstanda milli bayraq günüdür, 2004-cü ilin bu günündə onlar “Beş xaçlı” bayrağı rəsmən qəbul ediblər. Qardaş Özbəkistanda Vətən müdafiəçiləri günüdür. Tunisdə iki bayramdır, İnqilab günü və Gənclər günü. Venesuelada bu gün Deva Mariya günüdür, hər kəs Santa-Roza ibadətgahını ziyarətə gedəcək. Tailandda meşələrin mühafizəsi günüdür, bu gün bir adamın ağzı nədir, gedib meşədən bir budaq qoparsın, yaxud bir quş vursun.
Militarlaşdırılmış Rusiyada ayrıca boru-kəmər qoşunları da var ki, bu gün onların günüdür. Şri-Lankada və Hindistanda müvafiq olaraq Ponqal və Makara-sankranti adında məhsul bayramlarıdır. Üstəlik, Hindistanda həm də Hava ilanları festivalı başlayacaq. Yəqin hava ilanı uçuranınız olub. Maraqlı əyləncədir.
Deməyin ki, ABŞ unudulub. Xeyir. Mətbəxsevər amerikalılar bu gün Milli isti pastroma gününü qeyd edəcəklər. Qoyun ətindən olan bu delikatesi amerikalılar yəhudi mətbəxindən götürüblər. Amma sizi əmin edirəm ki, söhbət türk mətbəxindən, bizim basdırma adlandırdığımız yeməkdən gedir.
Lakoon və onun oğulları
1980-ci ilin bu günündə BMT SSRİ-ni Əfqanıstana silahlı müdaxilə etdiyi üçün ittiham etmişdi, dərhal ərazidən çıxmasını tələb etmişdi. Və təbii ki, SSRİ bu çağırışı qulaqardına vurmuşdu.
1953-cü ildə əfsanəvi yuqoslav lider – İosif Tito Yuqoslaviyada ilk kommunist lider kimi hakimiyyətə gəlmişdi.
1814-cü ildə Sankt-Peterburqda imperatrisa 2-ci Yekaterina tərəfindən ilk kütləvi kitabxana yaradılmışdı, hazırda həmin kitabxana Rusiya milli kitabxanası adlanır.
1506-cı ildə Romada tapılaraq Vatikan kilsəsinə “Lakoon və onun oğulları” adlanan heykəltaraşlıq incisi aparılmışdı. Bildiyiniz kimi, bu şedevrin günümüzdə bərpasında Azərbaycan da əhəmiyyətli rol oynayıb.
Xoşbəxt Xoşbəxt müəllim
1965-ci ilin bu günündə əfsanəvi çeçen səhra komandanı, başına ruslar milyonlarla pul qoymuş Şamil Basayev doğulub.
14 yanvar bir çox tanınmış azərbaycanlıların ad günüdür, biləsiniz. Bir neçəsini mütləq qeyd edək. 1960-cı ildə Naxçıvanda Vasif Talıbov dünyaya gəlib. Vasif Talıbov Naxçıvan Ali Məclisinin sədridir. Prezident onu “Şərəf” və “Şöhrət” ordenləri ilə təltif edib.
1951-ci ildə Tovuzda İlham Rəhimov dünyaya gəlib. 1988-ci ildə Leninqrad Dövlət Universitetində doktorluq dissertasiyası müdafiə edərək tarixə postsovet məkanında cinayət hüququ sahəsində ən gənc elmlər doktoru kimi düşmüş, 1996-cı ildə isə professor elmi titulunu almış İlham müəllim həm də “Cinayət və cəzanın fəlsəfəsi” kimi çox dəyərli kitabın müəllifi kimi, üstəlik, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və yaxın dostu kimi də tanınmaqdadır. Təbrik edirik İlham müəllimi!
Niyə də unudaq? Qorbaçov perestroykası zamanı tarixin ağ ləkələrini üzə çıxaran “Dalğa” verilişinin müəllifi və aparıcısı Nadejda İsmayılova çox məşhur idi, bu gün onun da doğum günüdür, 1936-cı il təvəllüdlü Nadejda xanımın 86 yaşı tamam olur. Gəlin bu tanınmış televiziya və kino mütəxəssisini də təbrik edək.
1930-cu ilin bu günündə isə Azərbaycanın görkəmli neft mütəxəssisi, Dövlət Neft Şirkətinin vitse prezidenti Xoşbəxt Yusifzadə dünyaya gəlib. Xoşbəxt müəllim həm olduqca əvəzedilməz kadr kimi xoşbəxtdir, həm də əməyinə dəyər verildiyi üçün. Onun əməkhaqqı bir neçə rəqəmlə ölçülür, təsəvvür edə bilməzsiniz. 92 yaşı tamam olan Xoşbəxt müəllimi təbrik edək, yüzə bir şey qalmadı, 100 illiyini gözləyək.
Keçək yenidən əcnəbilərə. “Nina Riççi” brendini kim tanımır ki. Xüsusən kübar xanımlar öz qarderoblarında mütləq bu brenddən əntiq bir libasa malik olurlar. 1883-cü ilin bu günündə italyan mənşəli məşhur fransız modelyeri Nina Riççi dünyaya gəlib. 1932-ci ildə onun oğlu ilə açdığı Riççi moda evi hazırda dəbli paltarla yanaşı parfümeriya, kosmetika, aksessuarlar da istehsal edir.
Bizim eradan əvvəl 83-cü ildə isə Roma sərkərdəsi və dövlət xadimi Mark Antoniy dünyaya gəlib.
“Əsir Azərbaycan”
1999-cu ilin bu günündə Azərbaycanın məşhur teatr və kino aktrisası, xalq artisti Barat Şəkinskaya 50 yaşında haqq dünyasına qovuşub, ruhu şad olsun.
1952-ci ildə Türkiyənin Elazığ şəhərində mühacir Azərbaycan şairi, vətənin qırmızı istibdadı ilə sonadək barışa bilməyən istiqlal mücahidi Almas Yıldırım 45 yaşında gözlərini əbədi olaraq yumub.
Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nedəm qürbət eldə günü mən,
Sənsiz nedəm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım, oy!
Oyanmazmı kor olası baxtım, oy?!.
“Əsir Azərbaycan” kimi şedevr yaradan Almas Yıldırımın didərgin ruhuna şad olsun deyək.
Və ən nəhayət, 1898-ci ilin 14 yanvarında ingilis riyazıyyatçısı Lyuis Keroll dünyadan köçüb. Amma onun tarixdə qalmasına riyaziyyat yox, ədəbiyyat səbəb olub. Belə ki, bu dahi şəxsiyyət dünyaca məşhur olan “Alisa möcüzələr ölkəsində” əsərinin müəllifidir.
15 yanvar
Vikipediya günü
Internet hələ yaranmamışdan ensiklopediya deyilən bir kitab var idi, orada hər şeydən və hər kəsdən yazırdılar, o vaxtlar bu bahalı kitablara hələm-hələm adamın əli çatmazdı, ona görə də hər kəs və hər yer barədə hər adam xəbərdar ola bilmirdi. Amma indi internet Vikipediya deyilən virtual ensiklopediya yaradıb, 2001-ci ilin 15 yanvarından fəaliyyətdə olan viki-ensiklopediya saytı indi hər kəsə istədiyi məlumatı girib asanca tapmağa imkan yaradır. O cümlədən Azərbaycanda da Vikipediya – çağdaş dövrümüzün ən yeni trendi aktualdır, yüzlərlə fədakar həmyerlimiz yorulmadan tariximiz, görkəmli şəxsiyyətlərimiz barədə məqalələr yazlb onları Vikipediyada yerləşdirir. Viki könüllülərindən ən fəalı fədakar dostumuz, ictimaiyyətçi, vətənpərvər Elnur Eltürkdür. Gəlin onun timsalında Azərbaycanımızın bütün Vikipediya könüllülərini bayramları münasibəti ilə təbrik edək.
Şlyapa, yaxud baş geyimi günü
Dərhal yadıma Azərbaycan kinematoqrafiyasının incilərindən biri olan “Papaq” filmi düşdü, rəhmətlik Kamil Məhərrəmovun canlandırdığı obraz düşdü.
17-ci əsrdə otuzillik müharibə zamanı bütün Avropada qəribə bir baş örtüyü geyinmək dəbi yarandı, yüngül parçadan tikilmiş enli, quş lələyi ilə bəzənən şlyapa adını alacaq həmin nəsnədən Azərbaycanda yalnız 19-cu əsrdə - milli burjuaziya formalaşanda istifadə olunmağa başlanıldı. Amma ümumilikdə baş geyimindən söhbət gedirsə, bizdə papağın məna yükü daha dərindir, papaq – kişilik rəmzi hesab olunur. Qoyun dərisindən, qaragüldən hazırlanan papaq ta ki 20-ci əsrə qədər kişi başının dəyişməz atributu olub, motal papaqlar, şiş papaqlar, qoçu papaqları, şələ papaq, buxara papaq kimi müxtəlif papaq növləri kişiləri bir növ qruplaşdırıb, kimin hansı təbəqədən olmasını ələ verib.
Hazırda yalnız çox az yerlərdə, Xınalıq, Kiş, Qırız, Lahic, Talıstan kimi el adətlərinin qorunub saxlandığı qədim yurd yerlərində kişilərin papaq geymə məcburiyyəti qorunub saxlanılmaqdadır.
Azərbaycanda məşhur bir qarğış var, deyirlər, papağın boş qalsın. Gəlin bu papaq günündə bütün kişilərin papaqlarının boş qalmamasını arzulayaq.
Amerikada bayram bayrama qarışıb
Hindistanda Callikattu günüdür. Motodorla öküzün savaşını görmüsünüz? Təqribən o cür bir tamaşa günüdür. Buynuzuna bayraq keçirilmiş öküz insanların arasına buraxılır, bir neçə nəfər də belindəki donqarlardan yapışmaqla onun qaçmasına, buynuzunu azad etməsinə imkan vermir.
Zambaqlar ölkəsi hansıdır? Əlbəttə ki, Niderland. Bu gün Niderlandda ən əziz bayramlardan biridir, Zanbaq günüdür. İndoneziyada okean, Misirdə ağacəkmə, Kubada elm, Koreyada əlifba, Meksikada bəstəkarlar, Nigeriyada silahlı qüvvələr günüdür.
Amerikada isə Milli çay göbələyi içkisi günüdür. Tək elə bu? Əlbəttə ki yox. Milli çiyələkli dondurma günüdür həm də. Vəssalam? Yenə də yox. Milli yeni çəkilmiş meyvə şirəsi günüdür üstəlik. Kefdədirlər e, vallah.
Pentaqonun və “Le Figaro”nun ad günü
1994-cü ilin 15 yanvarında “demokratiya carçısı” sayılan Türkmənistanda keçirilən “şəffaf“ referendum nəticəsində Türkmənbaşı Saparmurad Niyazovun prezidentlik müddəti 5 ildən 10 ilə artırılıb. 1993-cü ilin 15 yanvarında kişilərin qulağı dincəlib, yazıqlar rahat nəfəs ala biliblər. NBC telekanalı ilə yayımlanan “Santa Barbara” serialının sonuncu – 2137-ci seriyası efirə gedib.
1970-ci ildə Liviyada kral İdrisi devirərək 28 yaşlı polkovnik Muammar Qəddafi hakimiyyətə gəlib. 1943-cü ilin bu günündə Vircinya ştatında Pentaqonun – ABŞ Müdafiə Nazirliyinin binası tikilib istifadəyə verilib. 1920-ci ildə Rusiyada admiral Kolçak həbs edilib. 1892-ci ildə doktor Ceyms Neysmit ABŞ mətbuatında basketbolun qaydalarını açıqlayaraq yeni idman oyununun yaranışını rəsmiləşdirib. 1826-cı ilin bu günündə Fransanın məşhur “Le Figaro” qəzetinin ilk sayı işıq üzü görüb. 1776-cı ildə Lvovda “Gazette de Leopol” adlı Ukrayna ərazisində ilk qəzet işıq üzü görüb. 1759-cu ildə Britaniya muzeyi qapılarını tamaşaçıların üzünə açıb. 1700-cü ildə 1-ci Pyotr dvoryanlara uzun və rahatsız xələtlərini Avropasayağı kostyumlarla əvəzləməyə icazə verib.
Osip Mendelştamın silentiumu
1981-ci ilin 15 yanvarında Pitbull ləqəbli populyar ispan müğənnisi Armando Peres doğulub. 1963-cü ildə ən məşhur Amerika kriptoqrafı Brüs Şneyder, 1945-ci ildə populyar rus bəstəkarı Maksim Dunayevski, 1929-cu ildə qaradərilərin məşhur hüquq müdafiəçisi Martin Lüter Kinq, 1891-ci ildə ən sevdiyim rus şairlərindən biri, yəhudi əsilli Osip Mendelştam (o birisi də, yenə də yəhudi əsilli İosif Brodskidir), 1794-cü ildə məşhur rus yazıçısı, “Ağıldan bəla” əsərini yazmış Sergey Qriboyedov dünyaya gəliblər.
İstədim Mendelştamdan azərbaycanca bir bənd şeir də verim, “Mendelştam” yazıb google-da axtarış verdim, 7 yanvar 2014-cü ildə yazdığım və Kulis portalında dərc edilən yazım çıxdı. Orda belə yazmışam:
“Rus poeziyasında xüsusi yeri və çəkisi olan iki şairi – Osip Mendelştamla İosif Brodskini bir çox şeylər birləşdirir. Ən əsası isə 60 ildən sonra birincinin nisbətən sadə həyat fəlsəfəsi ikinci tərəfindən nisbətən mürəkkəb şəkildə inkişaf etdirilib.
“Soyuq, fənərlərin verdiyi azacıq işığin darıxdırıcı qaranlığı, Yeni il küknarlarını bəzəyən oyuncaq canavarlar, ölü kətanı xatırladan səma, ətrafdakı yad və laqeyd insanlar toplusu, həyatdan öldürücü dərəcədə yorulmaq və şirin həblər udmaq təsəllisi...”
Osip Mendelştamdan.
“Tutqun payız və qış mənzərələrinin daimi növbələşməsi, işığa, hərarətə olan həsrət, çiçəyin üstünün tozu anlamında insanın çiyninin ağırlığı, küləkdən, nəmişlikdən və donmuş dənizin əksindən ibarət natürmort, ərzaq növbəsinə dayanmış qəzəbli və ac insanlar, axının əksinə getmək istəyən su damlası...”
İosif Brodskidən.
Və hər ikisinin daxili üsyanı, harayı, sonra pıçıltıları və son anda susmaları...
Silentium!!!”
“Buhenvald ifritəsi”nin taleyi
2010-cu ilin 15 yanvarında ABŞ biokimyaçısı, genetiki, genetik kodu deşifrə etdiyinə görə Nobel mükafatı qazanmış Nirenberq vəfat edib.
2007-ci ildə Azərbaycan ədəbiyyatı xalq şairi Nəbi Xəzrini itirib. 83 il ömür sürmüş şair 1-ci Fəxri Xiyabanda uyuyur, Allah rəhmət eləsin!
1919-cu ilin 15 yanvarında isə almanların marksizm ideoloqları Roza Lükdemburq və Karl Libknext öldürülüblər.
15 yanvardan danışırıqsa mütləq bir ibrətamiz hadisəyə də toxunmalıyıq. 1951-ci ilin bu günündə faşistlərin məşhur Buhenvald konslagerinin komendantının həyat yoldaşı, “Buhenvald ifritəsi” ləqəbi ilə tanınan, məhbuslara qarşı görünməmiş vəhşiliklər edən, yüzlərlə insanı şəxsən öldürən İlza Kox (belə zərif məxluqmu olar, Tanrım?) məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum olundu. Sonra həbsxanada bu insan elədiyi günahlara görə vicdan əzabı çəkəcəkdi, rahatlıq tapa bilməyəcəkdi və 16 il keçəndən sonra yataq mələfəsi ilə özünü asıb öldürəcəkdi.
Çoxlarına qan udduran hakimi-mütləq mütləq sonda öz cəzasını almalıdır. Allah zülmkarları cəzasız buraxmır heç zaman.
“Baby Shark” mahnısına çəkilmiş klip Youtube-da 10 milyard baxış toplamış ilk videoçarx oldu
“Baby Shark” (“Balaca köpəkbalıqlarının rəqsi” ) adlı mahnıya çəkilmiş klip Youtube şəbəkəsində 10 milyard baxış toplamış ilk videoçarx olaraq tarixə düşüb.
“Ədəbiyyat və incəsənət” portalı “NTV” telekanalının saytına istinadla xəbər verir ki, animasiya elementləri olan bu videoçarxda balaca oğlan və qız rəqs edə-edə mahnı oxuyur. Bu klipdə digər dəniz canlıları ilə birlikdə yosunlar və mərcanlar arasında yaşayan balaca köpəkbalığının həyatından bəhs edilir.
Videoçarx Cənubi Koreyanın “Pinkfond” şirkətində istehsal edilib. Şirkətin verdiyi məlumata görə, bu klipə dünyada baxış sayı planetmizin əhalisinin sayından çoxdur. Klipin müəlliflərin fikrincə, Yer kürəsinin bütün sakinləri azı bir dəfə “Balaca köpəkbalıqlarının rəqsi” videoçarxına baxıblar.
2016-cı ilin yayında meydana gəlmiş “Baby Shark” kompozisiyası öz melodiyasının yaddaqalan olması sayəsində qısa müddətdə inanılmaz dərəcədə populyarlıq qazanıb, dünya musiqi çartlarına düşüb, hətta Youtube-da ən çox baxılan videoçarx kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib. 2020-ci ilin noyabr ayında bu klipə baxış sayı 7 milyarda çatmışdı.
Xatırladaq ki, Cənubi Koreya öz musiqi hitləri ilə Youtube-da rekordlar qırır. Yadınlzdadırsa, 2019-cu ilin qışında reper PSY-nin “Gangnam Style” klipi ən populyar kliplərin ilk onluğuna 2 milyard baxışla başçılıq edirdi.
“Sotheby's” hərrac evi “İşıq imperiyası” əsərini 60 milyon dollara satışa çıxaracaq
Belçikalı sürrealist rəssam Rene Maqrittin (1898-1967) “İşıq İmperiyası” tablosu 60 milyon dollara hərraca çıxarılacaq.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Londonda martın 2-də müasir incəsənət əsərlərinin hərracında bu əsəri təqdim edəcək “Sotheby's” hərrac evi məlumat yayıb.
1961-ci ildə çəkilmiş mənzərə hərrac evində şəxsi əllərdə saxlanılan müasir incəsənətin ən çox arzulanan əsərlərindən biri kimi dəyərləndirilib. Rəsmdə sübh alatoranında malikanə təsvir edilib. Evdə işıq, binanın qarşısında isə parlaq səma ilə ziddiyyətdə olan fənər yandırılıb.
Xatırladaq ki, belçikalı rəssamın heç bir əsərinə indiyə qədər belə yüksək qiymət qoyulmamışdı.