Super User

Super User

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 67 hərbi qulluqçudan biri Azad Kərimovdur.

Şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə aparılıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Daş Salahlı kəndində rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin izdihamlı vida mərasimi keçirilib. Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər Xiyabanında dəfn olunub.

Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib. O, ailəli idi, iki övladı yadigar qalıb.

Və bir məlumatı da diqqətinizə çatdıraq ki,  Azad Kərimovun həyat yoldaşı da şəhid qızıdır. O, Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.

Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı.

Azərbaycan qadınları üçün müharibə xüsusən dəhşət saçır. Həyat yoldaşı şəhid olan qadınlar var ki, sonradan övladları da şəhid olur. Bizim əhvalatımızda isə atasının şəhidliyinin acılarını yaşamış xanım indi də həyat yoldaşının şəhidliyinin sarsıdıcı zərbəsini aldı. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Rəsm qalereyası: Ruslan Smorodinov, “Dəniz dalğalanır”

Günün fotosu: Dövlət Departamenti Ruisyanı xarici siyasətçiləri satın almaqda ittiham edir

 

ABŞ Dövlət Departamemti məlumat yayıb ki, Rusiya xarici məmur və siyasətçiləri satın almaq üçün 2014-cü ildən bəri 300 milyon dollardan artıq pul xərcləmişdir. Bu pullar Mərkəzi Amerikada, Şimali Afrikada, Asiyada və Yaxın Şərqdə təsir gücünü artırmq üçün nəzərdə tutulurdu.

Mənbə: Euronews

Cümə axşamı, 15 Sentyabr 2022 11:00

Bir xalqın yaddaş ritmi olan Dombra

Aida Eyvazlının Qazaxıstandan yazır

 

Dünya Liderlərinin və Ənənəvi Dinlərin Qurultayında ali qonaq qismində iştirak edən Roma Papası daim diqqət mərkəzindədir. Çoxsaylı müxbirlər onu bir an da tək buraxmır, ondan fikir almağa çalışırlar. Budur, Papadan növbəti çıxış. O, Qazaxıstandakı müxtəlifliyi və harmoniyanı milli musiqi aləti dombraya bənzətdiyini qeyd etdi:

-Mən bu ölkədə olmağımdan çöx şadam, bu ölkə böyük olduğu qədər də qədimdir,  bu ölkədə dialoqun və birliyin yolunu tapmaq üçün dünyanın bir zəvvarı kimi ziyarətə gəlmişəm. Bizim dünyamızda təcili olaraq harmoniyanı bərpa etməyin zamanı yetişib. Harmoniya. Ölkənizə məxsus ənənəvi və xüsusi musiqi aləti vardır, artıq onunla tanışam. Adı Dombradır. O, Qazaxıstanın mədəni simvoludur, o qədər vacib bir alətdir ki, hətta onun adına xüsusi gün də təyin etmisiniz. Ona görə də mən öz çıxışımı elə bu sirli musiqi alətinin üzərində qurmaq istəyirəm. Buraya gəlməzdən əvvəl, öyrəndim ki, hələ orta əsrlərdən başlayaraq  insanlar bu musiqi alətində ifa ediblər, onun sədaları altında şeir deyib, dastanlar danışıblar. Bununla da keçmişi bu günlə bağlayıblar. Müxtəlifliklə davamlılığın simvolu bütöv bir ölkənin  ritm yaddaşıdır və bu bizdən əvvəlki  həyat ilə, keçmiş ilə bağlarımızı unudulmamağa qoymur. Həmçinin əcdadlardan qalmış ənənələr keçmişi xəzinə kimi qorumağı öyrədir, bu da ki, sizdə vardır. Burada sizin gözəl bir adətinizi xatırlamaq istəyirəm: həftənin cümə günləri səhər tezdən əcdadlarınızın adına 7 çörək bişiririsiniz.

Pantifik eyni zamanda qeyd etdi ki,  “dombra iki simə toxunaraq çalınır. Qazaxıstan həm də “iki paralel sim” arasında harmoniya yaradaraq irəli getmək qabiliyyətini xarakterizə edir: qışda şiddətli şaxtaları və isti yayı, qədim şəhərlərin yeni müasir şəhərlərlə görüşməsi ilə simvollaşdırılan ənənələr və tərəqqi də bu ölkənin bəzəyidir.

O dedi:

-Bu ölkə bir də ona görə gözəldir ki,  burada  iki qəlbin – Asiya və Avropanın melodiyaları səslənir, bu da iki kontinenti birləşdirmək missiyasını yaradır. Dombranın simləri  buradakı digər mədəniyyətlərə məxsus  musiqi alətlərinin simləri ilə eyni musiqini ifa edir.Bu simlərdən axan səslər süzülərək özlüyündə  ümimi xor , ümumi harmoniya yaradraq, həyatın nəbzini tutur. Dombta  bizim üçün də bir stimuldur. O ilk növbədə , xalq çalğı alətidir, onun musiqisində bu xalqın ruhu və gücü yaşayır. Mən çıxışımın sonunda yenə dombradan danışmaq istəyirəm.  Siz yəqin ki, deyəcəksiniz ki, Papa- musiqiçidir! Dombra həm Qazaxıstanı və bu regionun digər ölkələrini bir-birinə yaxınlaşdırır. Bu da  dünyanın  mədəni mənzərəsinin genişlənməsinə böyük  töhfə verir. Mən arzu edirəm ki, bu ölkənin adı hər zaman harmoniya və sülhlə sinonim olsun.

 

 

“Ədəbiyyat və incəsənət” portalı şair Musa Ələkbərlinin “Analar, şəhidlər…” şeirini təqdim edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

 

 

Dərdin paylanıbdır obaya, elə,

Tarix bu yaranı unudan deyil.

Bu günün qələbə sevinci belə

Gözünün yaşını qurudan deyil.

 

Batdı gözlədiyin nişanı, toyu

Bir daha sən onu görməyəcəksən.

“Anan ölsün” deyib bir ömür boyu

Məzarı üstündə göynəyəcəksən.

 

Nələr çəkdiklərin Tanrıya bəlli,

Qaysağı yaranın dərini verməz.

Nə mahnı, nə şeir, heç bir təsəlli

Sənə öz oğlunun yerini verməz.

 

Qəlbiniz həsrətdən oda düşəndə

Gedin Qarabağa siz axın-axın.

O şəhid oğlunuz yada düşəndə

Murova boylanın, Şuşaya baxın.

 

Silinməz bu ağrı, bitməz bu səfər,

Yolun çox uzundur şəhidim, sənin.

İki min səkkiz yüz səksən bir nəfər

Şəhid anası var indi Vətənin.

 

Qəlbindən silinməz getməz bu kədər

Sizi zaman-zaman anacaq onlar.

Şəhid balasına yandığı qədər

Doğma Vətəninə yanacaq onlar.

 

İgidlər önünü kəsdilər şərin

Açıldı Vətənin qolu, qanadı.

İki min səkkiz yüz səksən bir nərin

İndi bir kəlmədə boy verir adı!

 

Şəhidlər – nur verən Günəşə, aya,

Şəhidlər, tarixə dönən şəhidlər.

Şimşək yanğısıyla gəlib dünyaya,

Şimşək alovutək sönən şəhidlər!

 

Yarımçıq ömürlə bütöv getdiniz,

Bu yurdda günəşlə, ayla tənsiniz.

Siz canı Vətənə fəda etdiniz,

İndi hər biriniz bir Vətənsiniz.

 

Sizə ağı deyib öyən analar,

Qəlbimi yer-yerdən qanadır indi.

“Oğul, anan ölsün” deyən analar

Anamız Vətənə anadır indi!

Cümə axşamı, 15 Sentyabr 2022 13:00

Ən çox oxunan: Dünyanın ilk sualtı göydələni

 

Belçikalı memar Vinsent Kallebot 20 min nəfər üçün nəzərdə tutulmuş sualtı göydələnlərə konsept dizayn hazırlayıb. 

Və bu konsepsiyada bəyan edilən ekoloji cəhətdən təmiz strukturlar lazımi enerji və istiliyi özləri istehsal etdikləri üçün qalıq yanacaqlardan istifadəyə ehtiyac duymayacaqlar. 

 

Memarın fikrincə, layihə həyata keçirildikcə atmosferə atılan zərərli qazların səviyyəsi durmadan azalacaq.

Sualtı okean göydələni daxili quruluşuna görə meduzaya bənzəyir, spiral şəklində olan sualtı hissəsi isə 1000 metr dərinliyə gedir. Sualtı evin içərisində ofislər, emalatxanalar, elmi laboratoriyalar, dəniz təsərrüfatları, məhsul yetişdirmək üçün yerlər və qazon parkları olacaq.

İçməli suya olan tələbatın öz elektrik stansiyası hesabına ödənilməsi nəzərdə tutulur. Havanın yenilənməsi yuxarıda yerləşən külək boruları vasitəsilə oksigen stansiyasının köməyi ilə həyata keçiriləcək. Mərcan rifləri, balıqçılıq və öz təsərrüfatları sualtı göydələnlərin sakinlərini qida ilə təmin edəcək.

 

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda V Beynəlxalq Sənədli Filmlər Festivalı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Al Jazeera Balkans”ın təşkil etdiyi və bu il “Ağ göyərçin” şüarı ilə keçirilən festivalda insan hekayələrindən bəhs edən filmlər nümayiş olunub. Festival çərçivəsində dünyanın müxtəlif yerlərindən və region ölkələrindən 12-si müsabiqə kateqoriyasında olmaqla 25 sənədli film təqdim edilib.

Münsiflər heyətinin qərarına əsasən, “Baş mükafat” Qorki Qlazer Müllerin “Düşmənin uşaqları” sənədli filminə verilib. Sənədli film 7 nəvəsini həbsdə olduqları İŞİD terror təşkilatının Suriyadakı düşərgəsindən xilas etməyə çalışan bir adamın hekayəsindən bəhs edir.

Julie Bezerra Madsenin “Görməli hər şey” sənədli filmi isə münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb.

 

Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar 18 Sentyabr - Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Musiqi Günü çərçivəsində keçiriləcək festivalın proqramında olunan dəyişikliklərə əsasən, yalnız elmi-nəzəri konfrans, ustad dərsləri və akademik musiqi tədbirləri saxlanılır.

Həmçinin teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır.

 

Sentyabrın 12-də gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribat nəticəsində baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimizin olması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir sıra tədbirləri təxirə salıb.

Bu barədə Qoruq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

 

“Şuşa İli” ilə əlaqədar Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa Qarabağın dünəni, bu günü, sabahı” adlı layihəsi çərçivəsində təqdimatlardan biri azərbaycanlı yazıçı və dramaturq Nəcəf bəy Vəzirova həsr edilib.

 

AzərTAC xəbər verir ki, təqdimatda görkəmli yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilir. 

Nəcəf bəy Vəzirov 1854-cü il aprelin 2-də Şuşa şəhərində anadan olub. Nəcəf bəy ilk təhsilini dini məktəbdə alıb. Burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir. Təhsilə, elmə böyük maraq göstərən Nəcəf bəy 1868-ci ildə təhsilini davam etdirmək məqsədilə Bakıya gəlir və burada Realnı Gimnaziyaya daxil olur. 

Gimnaziyada oxuyarkən Nəcəf bəy Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına güclü təsir edir.

Nəcəf bəy Vəzirov 1874-cü ildə gimnaziyanı gümüş medalla bitirib və ali təhsil almaq üçün Peterburqa gedib.

Onun dramaturgiyası tənqidi realizmin estetik prinsipləri ilə xüsusi səciyyə daşıyır. O, dram əsərlərində maarifçilik hərəkatının ictimai-sosial məzmununu, həmin dövrün insanlarının psixoloji həyat tərzlərini təsvir etməyin bariz nümunələrini yaradıb, faciəvi obrazlar silsiləsi gətirib. 

Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərib.

Nəcəf bəy Vəzirov 1926-cı ildə təcrübə məşğələləri aparmaq üçün tələbələr ilə birlikdə Şamaxıya gedir və iyul ayının 12-də orada ürək çatışmazlığından vəfat edir. Yazıçının cənazəsi Bakıya gətirilərək Fəxri xiyabanda dəfn olunub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.