
Super User
Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 85 illiyi qeyd olunub
Aprelin 29-da Üzeyir Hacıbəylinin ev-muzeyində “Şuşa İli” çərçivəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operasının 85 illiyinə həsr olunan tədbir keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri, ziyalılar, eləcə də media nümayəndələri iştirak ediblər.
Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov 1937-ci il aprelin 30-da ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası barədə məlumat verib. O qeyd edib ki, “Koroğlu” operası Üzeyir Hacıbəyli yaradıcılığının şah əsəri, ən yüksək zirvəsidir. Əsər milli opera sənətimizin ən dəyərli nümunələrindən biri kimi yarandığı gündən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında öz layiqli yerini tutur: “Bu opera həm Üzeyir bəyin, həm də Azərbaycan bəstəkarlarının yaradıcılığında bir zirvə, dünya musiqisinə ən qiymətli bir töhfədir. Üzeyir Hacıbəylinin ən böyük arzusu dünyanın ən böyük operaları sırasına yer tuta bilən bir opera yaratmaq idi. Böyük bəstəkar “Koroğlu” operasını yazmaqla ilə bu arzusuna çatdı. Operanın premyerasında tamaşaçı qismində iştirak edən 20 yaşli bəstəkar Qara Qarayev öz təəssüratını bölüşərək demişdi ki, bu, təkcə bir operanın təntənəsi deyildi, böyük bir millətin bir möhtəşəm sənət əsərinə olan sevgisi, sevinci idi”.
Xalq artisti Əflatun Nemətzadə “Koroğlu” operasının möhtəşəmliyi və onun dünya miqyasında böyük maraqla qarşılandığını qeyd edib.
Tədbirin davamında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin həyatı və yaradıcılığı və eləcə də onun “Koroğlu” operası haqqında digər iştirakçıların da məruzələri dinlənilib.
Qeyd edilib ki, Azərbaycanın mədəniyyət tarixində misilsiz xidmətləri olan Üzeyir bəyin ana yurdu musiqi-sənət beşiyi Şuşa şəhəridir. Dahi bəstəkar Üzeyir Hacıbəylinin, eləcə də onun qardaşlarının musiqi istedadı Azərbaycanın ən qədim və gözəl guşələrindən olan Qarabağın, Şuşa şəhərinin zəngin musiqili mühitində formalaşıb. Üzeyir Hacıbəyli bütün ömrünü, bilik və bacarığını müasir mədəniyyətin, musiqi elmi və musiqi sənətinin inkişafına sərf edib. Dahi bəstəkar Üzeyir Hacıbəyli bənzərsiz yaradıcılığı ilə adını Azərbaycanın musiqi mədəniyyəti tarixinə əbədi yazdıran böyük sənətkardır. Onun yaratdığı bəstəkarlıq məktəbi gələcəkdə də yeni musiqiçi nəsillərin yetişməsinə öz töhfəsini verəcək.
Tədbir bədii hissə ilə davam edib.
“Mən indi səngərdən boylanan əsgər...” (Həsən Kür) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə bu gün start verilir.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.
Zeynallı Həsən Hakim oğlu (Həsən Kür)
1996-cı il 17 mart tarixində Salyan rayon, Sarvan kəndində dünyaya gəlib.
Şeir yazmağa 15-16 yaşlarında başlayıb.
Şeirləri mütəmadi olaraq antologiyalarda, qəzet, jurnal və saytlarda dərc olunur. Türkiyə, İran, Türkmənistan və Qazaxıstanda bəzi şeirləri çap olunub.
"Xalqın şairi" telelayihəsinin, "Nəsimi ili" və "Nizami ili" şeir müsabiqələrinin qaliblərindəndir.
2019-cu ildən Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.
2020-ci ildə 30 illik qisasımızın alındığı Böyük Vətən müharibəsinə könüllü olaraq yollanıb.
"Boyat dərdin üstündə" , "Tikanlı məftillər" və "Döyüş və Dönüş" kitablarının müəllifidir.
Vətən müharibəsi iştirakçıları - qazi şairlər. Poeziyamızda yeni status. Onların şeirləri qan-qada görüb deyə sərtdir, mübarizdir. Onların şeirləri ağlatmır, sısqamır, nifrətə kökləyir, mətinləşdirir.
Son döyüş
İsmayılov Raqil Rafiq oğlu və Əzizov Sübhan Elşad oğlu Salyan rayon, Dayıkənd kənd orta məktəbinin məzunlarıdır. Hər ikisi könüllü olaraq yollandıqları 2-ci Qarabağ müharibəsində birlikdə şəhid olublar. Şeir onlara həsr olunur.
-Raqil eşidirsən? Mənə cavab ver!
-Sübhan, mən deyəsən yaralanmışam.
Tərpədə bilmirəm heç bir yerimi,
Elə bil ölmüşəm, cansız bir daşam.
-Yox , ölməyəcəksən, yaşayacaqsan
İndi harda olsa gələr uşaqlar.
Qardaş, ürəyini buz kimi saxla
Onlar gəlib bizi aparacaqlar.
-Sübhan, sən necəsən? Yaran dərindi?
-Bilmirəm, amma bərk ağrıyır başım.
-Özünü qorxutma, bir az möhkəm ol
Sən sağ qalacaqsan, əziz qardaşım.
-Komandir! Komandir! Yoldaş leytenant!
-Dayan Sübhan, dayan yorma özünü.
Deyəsən komandir şəhid olubdur
Həyata əbədi yumub gözünü.
-Yazıq... yetim qoydu uşaqlarını
Canını tapşırdı Ana Vətənə.
Dünən gecə yarı bir az dərdləşdik
Qızının şəklini göstərdi mənə.
-Danışma qardaşım, taqətdən düşmə
Mənim indi səndən bir istəyim var.
Götür bu məktubu, mən şəhid olsam,
Verərsən anama açıb, oxuyar.
Bilsin ki, içimdən nə hisslər keçib,
Bilsin ki, Vətəni necə sevirdim.
Təsəlli tapsın ki, mən şəhid oldum,
Sevinə-sevinə məzara girdim.
-Sən ölməyəcəksən, belə danışma!
Anan qalmayacaq gözləri ağlar.
Bütün qohumların, bütün dostların,
Gələn il toyuna yığılacaqlar.
Birlikdə gəlmişik cəbhəyə, Raqil
Kəndə də, birlikdə qayıdaydıq kaş.
Əgər yolumuzu ölüm kəsdisə
Sən ölmə, yerinə mən ölüm, qardaş.
-Ay Sübhan, bədənim oldu buz kimi,
Gözüm heç bir yeri görmür elə bil...
-Dayan... bir az dayan, ölmə qardaşım
Raqil... ölmə Raqil... cavab ver Raqil...
Xəzan səsi
Gözümün işığı, burda payızdı
Hər kəs yığışıb öz gödəkcəsinə
Bircə sevincini görəydin onun
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə
Gözümün işığı, burda payızdı
Burdakı yarpaqlar payıza kölə
Zavallı ağaclar payıza əsir
Baxçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir
Mən indi payızın çiyinlərində
Yazın gəlişini gözləyən bağam
Mən indi səngərdən boylanan əsgər
Ayaq səslərindən qorxan torpağam
Dişimi dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur, qadası
Tək qalan adamlar özündən küsür
Getməyə bir qucaq yer tapmayanda
Yıxılır bir küncdə qalır, qadası
Bəs ora necədi? Havası, suyu?
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
Neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?
Yox, sən dəyişilmə, özünü qoru
Aldanma küçənin xəzan səsinə.
Kaş ki, illər sonra bir yaz səhəri
Birgə oyanaydıq azan səsinə.
Xəmiri Əllər
Bir səhərin sübh çağı
Hamı əl-ələ verib
yuxuna haram qatar-
Katibə zəng vurar ki,
İşdən çıxarılmısan.
Nişanlın, mesaj-mesaj
Başının ətin yeyər:
-Səninləyəm, cavab ver!
Axşam harda olmusan?
Anan girər otağa,
Pəncərəni açar ki,
boğulmasın tüstüdən..
Araq şüşəsi tapar
Döşəyinin üstündən.
Cırıldayan yatağı
Əsəblə silkələyər-
"Ay alkaş oğlu, alkaş
yenə içmisən?" deyər..
Qışqırar əsəbindən,
Xəmirli əlləriylə
Sinəni yumruqlayar.
İçini çəkə-çəkə,
Uşaq kimi ağlayar.
Qaçasan otağından,
Hirs soyutmaqdan ötrü
Qapını bərk vurasan,
Küçənizdə can verən
itə təpik vurasan.
Qaçasan, sən qaçdıqca
Uzaqlaşa yol hələ.
Aclıq vurar təpənə
Dönərçiyə deyəsən-
"Zəhərini bol elə".
Bədbəxtlikdən içindən
İynə çıxmaz çörəyin.
Kredit şöbəsindən
Bahar xanım zəng edər:
"Müəllim, sağsınızsa,
Borcunuzu ödəyin!"
İri-iri addımlar
Ata səni sahilə.
Yerdən bir daş götürüb
Keçirəsən boynuna,
Qulağına səs gələ...
Bu yaşlı kişi kimdir?
Kövrək səslə qışqırır:
"Etmə, qurbanın olum
Əgər pulun yoxdursa,
Gəl, mən sənə verim, var.
Əgər evin yoxdursa,
Bir nəfərlik yerim var.
İş də taparam sənə
Köhnə bir tanışım var,
hamıya iş düzəldir.
Ölmə, qurbanın olum,
Axı həyat gözəldir!"
O yaşında adamın
Yaşamaq məhəbbəti
Sanki güc verər sənə.
Çıxarıb boynundakı
yarım kiloluq daşı
Qayıdasan evinə.
Anan qaça qapıya
Daş izi qalan yerdən
Boynunu qucaqlayıb
Deyər: "yaxşı ki, varsan.
mən səni bağışladım,
sən də bağışlayarsan..."
Qadın
Haçansa hardasa görmüşəm səni,
Amma ki, üzündə ləkən yox idi.
Sən ki, çiçək kimi təravətliydin,
Üstündə bir dənə tikan yox idi .
Sən həmin qadınsan, sən o qadınsan
Yuxudan hamıdan əvvəl oyanıb,
Hamıdan axırda yuxuya gedən.
Namərd sərvətinə boyun əyməyib,
Bir tikə çörəkçün qonşuya gedən.
Hər gün döyülmüsən, tapdalanmısan,
Nişan üzüyünə əsir düşmüsən.
Uşaq qucağında evdən qovulub,
Hərənin dilinə bir cür düşmüsən.
Sən həmin qadınsan, ağlın kəsəndən,
Belini bükmüsən qar, qış demədən.
Bütün küçələri təmizləmisən,
Bir sarı yarpağa qarğış demədən.
Sənin zərifliyin, qadın olmağın
Doğmanın, ogeyin yadından çıxıb.
Süpürgə çəkmisən bütün yollara,
Bircə öz taleyin yadından çıxıb.
Gizlətmə üzünü, utanma məndən
Qoy dünya utansın, bəşər utansın!
Sənə qalxan yerdə əllər qırılsın,
Sənə qalxdığına əllər utansın!
Bu gün Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək
Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır.
Əlamətdar gün hər il dünyanın 190-dək ölkəsində qeyd edilir. Bu tarixi gün UNESCO-nun sülhməramlı səfiri Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis edilib.
Azərbaycanda da cazı çox sevirlər. Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Bunu ölkəmizdə keçirilən Beynəlxalq caz festivallarına olan maraq bir daha sübut edir. 2017-ci ildən etibarən Azərbaycan Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.
Bu il də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında aprelin 29-dan mayın 2-dək Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək.
Bu gün Beynəlxalq Rəqs Günüdür
Aprelin 29-u peşəkar və ya həvəskar rəqslə məşğul olan, rəqsi sevən hər kəsin bayramıdır. Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Bu əlamətdar tarix fransalı baletmeyster, balet nəzəriyyəçisi və islahatçısı Jan Jorj Noverrin (1727-1810) anadan olduğu gündə qeyd olunur. Günün təsis olunmasında məqsəd ictimaiyyətin diqqətini rəqs sənətinə cəlb etməkdir.
Hazırda dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Kökləri eramızdan əvvəlki minilliklərə gedib çıxan milli rəqslərimiz tariximizlə ayrılmaz surətdə bağlı olub, xalqımızın milli xüsusiyyətini, həyat və məişətini əks etdirir. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir.
Azərbaycan xalq rəqsləri olduqca rəngarəngdir. Onlar quruluş, süjet və mövzu baxımından biri-birindən çox fərqlənir. Bu gün məşhur olan milli rəqslərimizə – “Azərbaycan”, “Heyvagülü”, “Uzundərə”, “Toy rəqsi”, “Turacı”, “Tərəkəmə”, “Cəngi”, “Şalaxo”, “İnnabı”, “Qızılgül”, “Qazağı”, “Qaytağı”, “Qoçəli”, “Lalə”, “Misri”, “Naznazı”, “Vağzalı”, “Yallı” və digərlərini misal gətirmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən yaradılmış Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı bu gün tamaşaçılara bir-birindən gözəl rəqslər və xoş ovqat bəxş edir.
Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Təranə Muradova, Tamilla Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov, Böyükağa Atababayev və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsimizi inkişaf etdirərək yeni çalarlarla zənginləşdiriblər.
Azərbaycan Respublikası Prezidentinin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında 2014-cü il 30 aprel tarixli Sərəncamı isə müvafiq sahəyə olan diqqət və qayğının daha bir nümunəsidir. Belə bir akademiya həm də Şərq aləmində ilk dəfə bizim ölkədə yaradılıb.
Almaniyada keçirilən Jazzahead Beynəlxalq sərgi və festivalda Azərbaycan cazı da təqdim olunub
Aprelin 28-dən mayın 1-dək Bremen şəhərində keçirilən Jazzahead-2022 caz üzrə ən mühüm və geniş beynəlxalq platformadır. Buraya dünyanın bir çox ölkəsindən 15 minə yaxın ziyarətçinin gəlməsi gözlənilir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu ilki sərgidə iki istedadlı ifaçı – pianoçu Əfqan Rəsul və vokalçı Diana Hacıyeva duetini təqdim edir. Peşəkar pianoçu, Montrö Caz Festivalı gənc caz musiqiçilər müsabiqəsinin iştirakçısı Əfqan Rəsul tanınmış gənc vokalçı Diana Hacıyeva ilə birlikdə qısa müddət ərzində həm dinləyicilərin, həm də bu janrın peşəkar bilicilərinin sevdiyi tandem yaradıb və bu duet ilk dəfə Bakı Caz Festivalı 2021-in səhnəsində təqdim olunub.
Jazzahead beynəlxalq caz sərgisində ölkəmizin iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Aprelin 27-də Almaniyanın Bremen şəhərində keçirilən Deutche Jazz Preis - Alman Caz Mükafatlarının təqdim edilməsi mərasimində tanınmış gənc ifaçı, Əməkdar artist İsfar Sarabski də iştirak edib. İ.Sarabskinin "Planet" albomu "İlin ən yaxşı xarici debüt albomu" nominasiyası üzrə təqdim olunub. Albom Mükafata təqdim olunmuş yüzlərlə yeni layihələr arasından münsiflər heyəti tərəfindən 3 nominantdan biri kimi seçilib.
Qənirə Paşayeva Zaməddin Ziyadoğlunu təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu 75 illik yubileyi münasibətilə təbrik edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Qənirə Paşayeva Zaməddin Ziyadoğlunu ilə görüşdə ürək sözlərini bölüşüb:
“Hörmətli Zaməddin müəllim. Sizi 75 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!
Siz zəngin ədəbi ənənələri olan Qazax rayonunun Xanlıqlar (keçmiş Musaköy) kəndində doğulmusuz.
Oxucular sizi daha çox neftçi-şair və “Həncərisən?” şeirinin müəllifi olaraq tanıyır. Vurğulamaq istərdim ki, sizin yaradıcılığınızda neftçilərimizin gərgin əməyi, alın təri ifadə olunub. – Siz doğma Xəzəri, Neft daşlarını, paytaxt Baknı, ümumən Azərbaycanı tərənnüm edirsiz. “Həncərisən?” şeirinizin dillər əzbəri olması isə etnoqrafik yaddaşı, epos təfəkkürünü bir şeirə sığdıra bilməyinizlə, el-oba doğmalığı ilə bağlıdır.
Siz 8 kitabın müəllifisiz. Azərbaycanda Jurnalistlər Birliyinin, Yazıçılar Birliyinin üzvüsüz.
Azərbaycan Prezidenti sizi “Tərəqqi” medalı ilə təltif edib.
Sizi 75 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm!”
MM Mədəniyyət Komitəsi sədri “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri Zaməddin Ziyadoğlunu Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. “Neftçi Ədəbi Məclisi”nin yaradıcısı və rəhbəri
Zaməddin Ziyadoğlunu səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.
Musiqili Teatr yeni tamaşanın premyerası oldu
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli ispan yazıçısı Migel de Servantesin “Don Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olub.
Dahi bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən istifadə edilib premyerada.
18 yaşından yuxarı tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru və səhnələşdirəni rejissor Ər-Toğruldur.
Bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan tamaşanın musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.
Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edib. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxıblar.
“Mən gedəndə yuxudaydın, oyatmadım...” (Günel Balakişi) - SW ekspertlərinin seçimi
Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsinə sayılı günlər qaldı.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən və devizi “Sonda ədəbiyyat qalib gələcək” olan festivalın əsas favoritləri ilə oxucuları tanış etməkdəyik.
Günel Balakişi qızı Ağayeva (Günel Balakişi)
1986-cı ildə Sumqayıt şəhərində anadan olub. 2004-cü ildə Nizami Gəncəvi adına Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyini bitirib. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində bakalavriat, 2010-2012-ci illərdə isə Sumqayıt Dövlət Universitetində magistratura pilləsi üzrə ali təhsilə yiyələnib.
Şeir yazmağa orta məktəb illərində başlayıb. İlk şeiri 3-cü sinifdə oxuyarkən məktəbin həftəlik divar qəzetində yer alan “Ana laylası” olub.
“Ulduz” jurnalında, “Manera.az” ,”Adalet. az” portallarında, “Ədəbiyyat” qəzetində şeirləri yayımlanıb.
Sevgi lirikası... Əbədiyaşarlıq qazanmış janr... Güneldə ayrılıqlar yarası hələ qaysaq bağlamamış ayrılıqlardır, oxuduqca sənə də siyarət edir, səni də göynədir.
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi? –deyir o. Çox içdən deyir özü də.
Uzaqlar
Bilsəydim, çoxdan gedərdim.
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Deyirdin, qiymətli olur ara-sıra, qəfil gəlib,
qəfil gedən qonaqlar.
Sözünü yerə salmadım,
səssiz olur, əziz olur sözə baxan uşaqlar.
Mən də getdim, elə getdim...
Barmağımın uclarında hələ də küt ağrı var.
Səs etmədən, ayrılıqdan söz etmədən, gurultusuz:
Qırıb-töküb yox etmədən,
nəyim var ki, o komada mənim səndən başqa onsuz...
Uşaqlardan söz açmışkən, sən mənimlə çox oynadın...
Gah oynatdın, gah da atdın...
Daha sənlə oynamıram.
Oyun bitib, mən getmişəm.
Mən gedəndə yuxudaydın, oyatmadım...
Oyananda ağlamısan,
Oyuncağı axtarmısan...
Sinəmdədir, gizləmişəm,
Mən hamıdan, mən hər şeydən gizlənmişəm...
Bilsəm elə, ən birinci elə səndən gizlənərdim.
Bilsəydim, çoxdan gedərdim.
Ən azından bilərdim ki, məni gəzən,
Mənim üçün qəribsəyən bir uşaq var...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar...
Nə gözəlmiş, məni sənə yaxın edən uzaqlar!
Sənsiz olmur
Darıxıram, sənsiz olmur.
Olur, amma, sən, bilmirsən
Sənsiz olmaq necə olur...
Necə deyim, anlayarsan?!
Bax, məsələn, yağsız, duzsuz yemək kimi.
Susuz balıq,
Labirint yol,
Tərk edilmiş yaşlı, qoca...
Yetim qalmış uşaq kimi -
Belə olur sənsiz olmaq.
Bax, məsələn, bu aralar, aynadan da yan gəzirəm -
Utanıram, gözlərimlə üzləşməyə.
Mən o qədər sən olmuşam:
Gec qalmışam, səni mənə dəyişməyə
Nə gülüşüm həmin deyil,
Nə yerişim həmin deyil -
Səmtimi də itirmişəm,
Hara gedim, kimə gedim?
Əynim nazik dolaşıram
küçələri sabah-axşam veyil-veyil...
Qollarını aparmısan,
Qoy üşüyüm.
Yatağı da yığmamışam -
səndən sonra buzdur yorğanım, döşəyim.
Hər gecənin sabahı var...
İstəmirəm!
Sənsiz gələn sabahları, istəmirəm.
Sevdiyimlə sınamağı, savabları istəmirəm...
Günahları istəyirəm,
Yetər ki, gəl...
Günahınla, savabınla, yetər ki, gəl...
Darıxıram!
Sənsiz olmur...
Olur, amma...
İndi, bildin sənsiz olmaq necə olur?
Belə olur, sənsiz olmaq,
Olsa, olsa belə olur!
Dərdin varsa
İnsan kimi sürünmədən yaşamaqmı istəyirsən?
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək....
Başa gələn başmaqçıyam, dərdin varsa, qol-qanad aç
Misal üçün: dur, rəqs elə....
Bacarmırsan, bir şeir yaz,
Yaz dərdini kağız elə.
Vərəq-vərəq yaz, sonrasa, elə cır ki,
taleyinin yazısını
Tikə -tikə, xırda-xırda....
Dərdini çox böyütməye,
Keçmişinin tozu kimi, üfür yelə...
Suallar ver öz-özünə, öz-özünə müsahib ol,
Pıçıldama ürəyində, çölünə tök içindəkin,
Utanmadan, çəkinmədən, lap ucadan...
Hünərli ol, demə baxan dəli deyər
Sənin dərdindən, mənə nə?
Mənim dərdimdən, sənə nə?
Baxana nə?
Görənə nə?
Kənara nə?
Kənar gəzsin kənardakı....
Büdrəsən də, zəifləmə, zəif olma,
Suçlayacaq "yanındakı".
Qalx ayağa, dərdin varsa, mahnı oxu
Fırça götür, çək dərdini rəsm elə....
Nə edirsən elə,
Amma.........
Aman-aman, yıxılma ha
Sən həmişə belə oldun,
Əyrisən də....
Düzəlməzsən, nə edirsən səhv edirsən
Düz etmirsən,
Rəzilsən də.....
Ahlarınla, ohlarınla, yorucusan
Məsum rolu oynama heç,
Əkdiyini biçirsən, sən
Doğru mənəm, yalnış sənsən
Bilirsənmi, kim deyəcək, bax, bunları?
Kim daha çox baltalayar, yorulanı, yıxılanı?
Sənin canın, qanın olan yaxınların......
Güldün, elə?
Güldün, elə?
Əhsən sənə.....
Dərdin varsa, dərdini də sevəcəksən,
Əyləncəyə çevirərək, gülə-gülə...
Bax, belə...
Bax, belə!
Bizim üçün darıxmışam
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar...
Duysan....
Görsən.... Dönərsənmi?!
Elə yorub həyat məni...
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Göz yaşımı silərsənmi?
Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?
Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam...
Dağılmışam....
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?
Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin...
İndi, hər yeməkdən əvvəl… Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?
Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan....
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam....
Yenə məni əvvəlkitək sevərsənmi?
Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Anar Kərimov Vidadi Babanlıya “Şərəf” ordenini təqdim etdi
Ötən gün mədəniyyət naziri Anar Kərimov Əməkdar incəsənət xadimi, tanınmış yazıçı Vidadi Babanlını evində ziyarət edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Vidadi Babanlını 95 illik yubileyi, həmçinin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.
Onun Azərbaycanın ədəbi ictimai həyatında fəal iştirakının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini bildirib. Daha sonra Anar Kərimov tərəfindən Vidadi Babanlıya "Şərəf" ordeni təqdim olunub.
Vidadi Babanlı ona qarşı göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda nazir Anar Kərimov Vidadi Babanlı ilə xatirə şəkli çəkdirib.
Azərbaycan rəqqasları Xivədə keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalında çıxış ediblər
Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalının üçüncü günü Azərbaycan rəqqasları da çıxış edib.
AzərTAC Özbəkistandan xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə festivalda ölkəmizi Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə rəqs qrupu təmsil edir.
Azərbaycanın rəqs qrupu bugünkü konsertdə “Cəngi” (solistlər Əməkdar artistlər Elnur Süleymanov və Nigar Şahmuradova), xalq rəqsi “Yüzbiri” (solist Əməkdar artist Günel Şeyxova), xalq rəqsi “Ay ləli” (solist Əməkdar artist Viktoriya Şahmuradova) və “Yallı” xalq rəqslərini ifa ediblər. Ansamblın baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.
Konsertdə Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin musiqi qrupu da tamaşaçı kimi iştirak edib. Qrup bu festivala Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə qonaq kimi qatılıb.
Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam festivalın qala-konsert proqramında iştirak edəcək.
Festivala dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.
Festival aprelin 30-dək davam edəcək.