Super User

Super User

Çərşənbə axşamı, 29 Noyabr 2022 12:36

Tarkan heyvanları heyvanxislətli insanlardan üstün tutdu

 

Türkiyənin Konya şəhərindəki heyvanların öldürülməsinə görə paylaşım edən müğənni Tarkanı heyvansevərlər tənqid atəşinə tutub.

 

Türkiyə mediasının yazdığına görə, dəhşətli hadisənin diqqət mərkəzində saxlanmasını istəyən pop ulduz sosial media hesabında bu sözləri yazıb:

"Bu qorxunc görüntüləri üzüntüdən izləyə bilmədim. Bu necə bir canilikdir? Bu vəhşətə şahidlik edənlər nə vicdansızdırlar ki, "dayan" demirlər, önünə keçirlər bunun? 

İnsanlığımdan bir daha utandım. Heyvanlara işgəncə edən bu canilərin cəzası verilməlidir. Halbuki həmişə deyirik bunları, amma sözüm səlahiyyətli şəxslərədir. Bilsinlər ki, onlar da susduqları üçün bu canilər qədər günahkardırlar".

Bu paylaşımdan sonra bəzi kütlələr Tarkanı hədəf alıblar. Onlara cavab verən ifaçı başqa bir paylaşımında "Söz gümüşdürsə, sükut qızıldır. Mən özümü bilirəm. Məni tanıyanlar da yaxşı bilir, o da mənə bəsdir. Susuram ona görə. Mən susaram, amma mahnılarım rahat dayanmaz", - yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Konyada itləri bel ilə vurub öldürən şəxslər həbs olunub.

 

“Ədəbiyyat və incəsənət” (29.11.2022)

Bazar ertəsi, 28 Noyabr 2022 18:07

Günün fotosu: Çində etirazlar dalğası

Günün fotosu: Çində etirazlar dalğası

 

Çin Xalq Respublikasının əsas şəhərlərində kovidlə bağlı məhdudiyyətlər əleyhinə kütləvi narazılıqlar başlayıb. 

Urumçu şəhərindəki etirazlar sonda yaşayış binasında güclü yanğına səbəb olub, onlarca ölən və yaralanan var.

 

Foto: Euronews

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Az öncə Nizami Kino Mərkəzində "Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimatı keçirilib.

Tanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edən sənədli filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru Faiq Mirzə, məsləhətçisi Nurəddin Ədiloğludur. 

Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.

Film Masallı Rayon İcra Hakimiyyəti, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib.

Ekran əsrində Xalq artisti Flora Kazımova, Xalq şairi Sabir Rüstəmxanlı, şair-həkim Paşa Qəlbinurun Sarənglə bağlı fikirləri yer alıb. 

Qeyd edilib ki, şair, alim, həkim, müəllim və bəstəkar Mir Kazım Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olub. O, doğulduğu il atası vəfat edib. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb, boya-başa çatdırıb. 

XX əsrin 60-cı illərində İstisuyun, həqiqətən də, müalicəvi olmasını Mir Kazım Aslanlı sübut edib. O, həmçinin Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadların və bir çox xəstəliklərin müalicə olunmasını sübut edib.

K.Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat edib, doğulduğu İsi kəndində dəfn olunub.

Qeyd edilib ki, o, çoxlu sayda peşəkar həkimlər yetişdirib. İbrahim bəy Topçubaşov, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər çətin vaxtlarda ona dəstək olublar. Üzeyir Hacıbəyli ona fortepiano hədiyyə edib. O, “Sarəng” təxəllüsü ilə şerlər yazıb. Mir Kazım Aslanlı həm də gözəl tərcüməçi olub. Bir çox dillər bilən bu şəxs, dünyaşöhrətli yazarların əsərlərini dilimizə çevirib. 

Tədbirdə çıxış edənlər "Sarəng" sənədli filminin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürlərini bildiriblər.

Heç kim unudulmur, heç nə yaddan çıxmır. Həqiqətən də belədir. 

 

“Ədəbiyyat və incəsənət”

(28.11.2022)

 

 

Dekabrın 1-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin 85 illiyinə həsr olunmuş tədbir keçiriləcək. 

Milli Kitabxanada qeyd olunacaq tədbir çərçivəsində görkəmli alimin “Seçilmiş əsərləri”nin 11 və 12-ci cildlərinin, “Azərbaycanda və İraqda Bayatlar” və “Xilaskarlar” kitablarının, habelə Sərvaz Hüseynoğlunun “Ömrün Qəzənfər Paşayev modeli” kitabının təqdimatı da olacaq.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

Bu gün Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Mingəçevir şəhərinə səfər edib. Nazirin səfəri Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış müvafiq plana uyğun olaraq gerçəkləşir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Anar Kərimov və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əvvəlcə şəhərdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Səfər çərçivəsində mədəniyyət naziri bir sıra mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin ümumi fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alıb.

Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və müxtəlif eksponatlar nümayiş olunur.

Mingəçevir Dövlət Rəsm Qalereyasına gələn nazirə məlumat verilib ki, 1987-ci ildə yaradılan mədəniyyət ocağında hazırda 231 eksponat mühafizə edilir.

Səfər çərçivəsində Mingəçevir Şəhər Tarix Muzeyinə baxış keçirilib. Qeyd olunub ki, 1968-ci ildə yaradılan muzeyin əsas fondunda 15561 eksponat saxlanılır. Burada e.ə. III-I minilliklərə aid maddi mədəniyyət nümunələri də qorunur. 2009-cu ildə istifadəyə verilən binada 2017-ci ildə cari təmir işləri həyata keçirilib.

Mingəçevir şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası ilə tanışlıq zamanı kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib. Qeyd olunub ki, Mərkəzi Kitabxana 1956-cı ildən oxuculara xidmət göstərir.

Anar Kərimov mədəniyyət müəssislərində fəaliyyətin daha da canlandırılması, işin müasir tələblərə uyğun qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Səfər davam edir.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

 

Dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert təşkil olunacaq. Həmin gecədə orkestrin (dirijor Yusif Axundzadə) ifasında yerli və dünya musiqisindən nümunələr səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlının ideyası ilə və “Qazax” Xeyriyyə İctimai Birliyinin  sədri İlham Pirməmmədovun dəstəyi ilə ərsəyə gəlmiş, xarı bülbül elementləri ilə bəzədilmiş nəfis  kəlağayı şəhid Əlizamin Mustafalının anasına hədiyyə olundu. Bu, tədbirin kulminasiyası hesab oluna bilərdi. Həm milli mənəvi maddi irsimizə, həm də şəhidlərimizə ehtiram daim bizimlədir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun madii irs siyahısına düşmüş kəlağayı gününə həsr edilmiş mərasim və konsert proqramı təqdim edilib. 

Konsertdən öncə müxtəlif növ kəlağayıların yer aldığı sərgiyə baxış keçirilib. Sərgidə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəzdində yaradılan “Kəlağayı muzeyi”nin kəlağayıları, İB-nin tərtib etdiyi "Azərbaycan kəlağayısı min illərin yadigarı" adlı kitabı, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompozisiyası, eləcədə rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Basqal ustalarından olan Mürşüd Talıbovun kəlağayı üzərində işlənmiş əl işləri sərgi iştirakçılarına nümayiş etdirilib.

Konsertdə tanınmış müğənnilər, aşıqlar, saz-söz adamları Azərbaycan kəlağayısını vəsf edən ifalar dinlənilib, şeirlər səsləndirilib. 

Konsert zamanı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, konsertin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib. Medal Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim olunub. 

Tədbir çərçivəsində kəlağayı ustası Mürşüd Talıbov Güllü Eldar Tomarlıya Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin rəsmi işlənmiş kəlağayını muzeyə hədiyyə edib. Eyni zamanda rəssam Gülnarə Məmmədovanın kəlağayılı qızlar çəkilmiş rəsm əsərləri də muzeyə təqdim olunub. 

Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri də iştirak ediblər. 

Kəlağayı bir gözəllikdir. Gözəllik yetərincə bu tədbirdə vəsf olunub.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

Cümə günü tizeri təqdim olunan ilk tarixi serialımız “Atabəylər: Şəmsəddin Eldəniz” sosial şəbəkələrdə müzakirə yaradıb. Ekran işinin fraqmenti bəzi  istifadəçi tərəfindən tənqidlərə məruz qalıb.

 

Çoxu serialı Türkiyədə yayımlanan “Diriliş: Ertuğrul”, “Uyanış: Büyük Selçuklu”, “Alparslan: Büyük Selçuklu” kimi tarixi layihələrə bənzədib. Geyimlər və döyüş səhnələrinin oxşarlığına görə “Atabəylər: Şəmsəddin Eldəniz”in sadalanan serialların təkrarı, plagiatı olduğu iddia edilib. 

Bundan əlavə, fraqmentdə “Bütöv Azərbaycan” ifadəsinin səslənməsi də müzakirə yaradıb. İddia olunur ki, tarixi həqiqətlər, o dövrdəki geyimlər və digər mövzular düzgün əks olunmayıb.

“Ədəbiyyat və incəsənət” portalı məsələ ilə bağlı ekran işinin ssenari qrupunun rəhbəri, yazıçı Varis Yolçuyevdən rəy alıb. 

“Bəzi azərbaycanlılarda bir inkarçılıq var. Yaxşı təşəbbüslərə heç vaxt xoş söz demirlər, həmişə pisləyirlər. Gülünc iddiadır ki, deyirlər, “Diriliş: Ertuğrul”, “Alparslan” və sairə kimi seriallara bənzəyir. Bu, savadsızlıqdır. Serial 12-ci əsrdən bəhs edir. Həmin vaxtlarda Azərbaycan elə deyilən layihələrdəki Səlcuq İmperiyasının tərkibində idi. Yəni Səlcuq dövləti olub, o dövrdə geyimlər də, döyüş taktikası da eyni idi.

Ona görə səlcuqlara oxşamalıdılar da, kimə oxşayacaqlar? O ki qaldı Bütöv Azərbaycan ifadəsinə... Bədii filmlər, həm real tarixi hadisələrə, həm də yaradıcı heyətin təxəyyülünə əsaslanır. Bütün filmlərdə, bədii və musiqi əsərlərində, teatrda müəllifin hüququ olur ki, hansısa tarixi hadisəni  müəyyən bir dövr ərzində kontekstdən çıxarıb, müasir mesajlar versinlər. Çünki incəsənət tək nəyisə göstərmək üçün xidmət etmir, həm də tərbiyələndirir, didaktik, əxlaqi-mənəvi dəyərlər aşılayır.

Bütün bunlara görə biz Bütöv Azərbaycan ifadəsini serialda vermək istədik. İnanın, tarixi faktların özündə də var ki, o dövrdə “Bütöv Azərbaycan” ideyası olub. Bütöv Azərbaycan deyiləndə təkcə Cənubi və Şimalı Azərbaycan nəzərdə tutulmur. O dövrdə Azərbaycanın bir hissəsi - Şirvanşahlar dövləti ayrı, Dərbənd ayrı idi, digər ərazilər isə Arran və Azərbaycan atabəyliyi adı altında Səlcuqlu imperiyasının tərkibində idi. Eldəniz məhz bu konteksdə Bütöv Azərbaycan qurmaq istəyirdi. Ermənilər özlərinə saxta tarix yaradır, biz əlimizdə olanları da itiririk. Mən 1 milyon işarəlik tarixi faktları öyrənmişəm. Ərəb, türk, ingilis və öz mənbələrimizdən araşdırmışam. Məsələn, həmin dövrü Ziya Bünyadov Sovet ideologiyasına, Əkbər Nəcəf isə müasir  milli ideologiyamıza uyğun araşdırıb. Başda Kərim Şükürov olmaqla bütün Tarix İnstitu bizim ssenari qrupumuzun içindədir, dəstək verirlər. Biz hər şeyi araşdırırıq. Kimlərsə, durub boş-boş deyir ki, tarixdən xəbərləri yoxdur. Bu, gülüncdür. Bir onu deyim ki, Şəmsəddin Eldəniz öz dövlətini qurana qədər Azərbaycan Səlcuq dövlətinin tərkibində olub. Bu tənqidlərin əsası yoxdur.”

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Bazar ertəsi, 28 Noyabr 2022 16:30

Peterburqda Nizami barədə kitab təqdim olunacaq

 

Dekabrın 3-ü Peterburqda Şahnaz Kamalovanın “Nizami Gəncəvi-880” kitabının təqdimatı olacaq. Bakıdan, Moskvadan, Peterburqdan çoxlu qonaqların olacağı gözlənilir. 

Ünvan: Fontanka, 44. Mediaholl. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına müəllif məlumat verib və arzularını da ifafə edib: “Çox istərdim tədbirimiz haqqında Azərbaycan mətbuatında və televiziyasında məlumat verilsin, süjet olsun.

Etdiklərinə diqqətin olduğunu görəndə adam ruhlanır.”

Təbii ki, qeyd ediləsi hadisədir.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

Kinomuz barədə daha bir şad xəbər: Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafata layiq görülüb. Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafatlandırılıb.

O ki qaldı filmin mövzusuna, süjet uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata müxtəlif yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır. Bu, bəzın əndazəsini aşaraq xoşagəlməz hallara da gətirib çıxarır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, quruluşçu rəssam Rafiq Nəsirovdur. Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.