
Super User
Azərbaycan Respublikasının mədəniyyət naziri vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyul ayının 21-də saat 10:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Ünvan: Qəbələ rayonu, Həzi Aslanov küçəsi 12) Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 17 iyul 2022-ci tarixinə qədər nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyası niyə bu gün aktualdır?
Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursuna start verilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, proqram çərçivəsində 2-ci təlim kursunun mövzusu «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr edilmişdir.
Təlim kursunun açılışını Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə edərək, Azərbaycanın sözügedən Konvensiyaya və əlavə protokollarına qoşulması tarixləri, Ermənistan tərəfindən ərazilərimizin işğalı zamanı dağıdılmış mədəni irs nümunələri və mülkiyyətinə dair məlumat vermişdir. O, həmçinin Azərbaycanın 2021-ci ildə UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni sərvətlərin qorunması Komitəsinə dörd illik müddətə üzv seçildiyini qeyd etmişdir. Çıxışında V.Eyvazzadə 2016-cı ildə Azərbaycan Respublikasının dəstəyi ilə San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən Konvensiyanın implementasiyasına yardımçı vəsait olan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Hərbi Təlimat sənədinin hazırlandığı barədə məlumat vermişdir. Konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostalı təqdim etmişdir.
Dr. Marina Lostal özünü təqdim edərək qarşıdakı 3 gün ərzində təlim planı, mövzuları, metodologiyası barədə məlumat vermişdir. O, ilk olaraq tarixi kontekstdə mədəni mülkiyyətin qorunması barədə danışmışdır, illər üzrə qəbul edilmiş beynəlxalq normativ sənədləri, eləcə də vacib Konvensiyaları qeyd etmişdir. Yerli kontekstdə milli mədəni irs nümunələri, əsasən mədəni mülkiyyət obyektlərinin zərər görməsi və buna görə hüquqi kontekstdə beynəlxalq tribunallarda tətbiq edilən cavab tədbirləri praktikalarından nümunələrlə bəhs etmişdir. İnteraktiv metodlarla icra olunan təlim kursu keyslər üzərindən praktiki çalışmalar və sual-cavab viktorinaları ilə davam etmişdir.
Təlim kursunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi numayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, AMEA-nın müvafiq institutlarının, Memarlıq və İnşaat Universitetinin və ADA Universitetinin nümayəndələri iştirak edir.
“Music of Karabakh colors” adlı xeyriyyə konserti keçirilib
Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Music of Karabakh colors” adlı layihə təşkil olunub. Layihənin müəllifi "Simurq" festivalının art-direktoru, bir sıra beynəlxalq, eləcə də respublika müsabiqələri laureatı, istedadlı pianoçu və rəssam Səidə Tağızadədir.
Bu konsertdən əldə olunan vəsaitin bir hissəsinin "YAŞAT" Fonduna köçürülməsi nəzərdə tutulub. İki hissədən ibarət olan konsertin birinci hissəsində Azərbaycan bəstəkarlarının "Qarabağ" və "4 fəsil" mövzusunda kamera əsərləri səslənib. Konsertdə diqqəti çəkən məqam isə hər musiqi əsərinin obraz xəttinə tam cavab verən müəllifin hazırladığı videoçarxlar olub. İkinci hissədə isə həm şagirdlərin, həm də professional rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub.
Qeyd edək ki, xeyriyyə konsertində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi də iştirak edib.
Berlin şəhər ratuşasında Azərbaycan bəstəkarlarının melodiyaları səslənib
Berlinin Vaysenze bələdiyyəsinin binasında Azərbaycan Respublikasının Əməkdar artisti, məşhur tarzən Sahib Paşazadənin konserti olub.
AzərTAC xəbər verir ki, S.Paşazadənin Vaysenze kamera orkestri müşayiət edib. Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Mən səni araram”, Sərdar Fərəcovun “Rondoletto”, Arif Məlikovun “Komdenin arzuları”, Azər Rzayevin “Düşüncə”, Həsən Rzayevin “Rapsodiya” əsərləri və “Segah” muğamı ifa edilib.
Bundan əlavə orkestr Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”ni və “Vals”ı ifa edib.
Konsert anşlaq şəraitində keçib.
Bu gün Şuşada “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası nümayiş olunacaq
Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşada tamaşa nümayiş etdirəcək. Belə ki, şəhərin “Tut bağı” adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacaq.
Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq.
Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Nazirlər Kabineti 1990-cı il mayın 11-də mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib. 1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cü il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub. Şuşa teatrı hazırda Bakıdakı “Savalan” kinoteatrının binasında fəaliyyət göstərir.
Yenə də Berlində “Şuşa İli” çərçivəsində muğam konserti və sərgi təşkil edilib
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində Berlində muğam konserti və sərgi, habelə ziyafət təşkil olunub. Tədbir Berlində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilib.
AzərTAC Berlindən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şuşa şəhəri və onun xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddətdən sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki ölkəmizin, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Şuşa şəhərinin mədəni irs abidələri vəhşicəsinə dağıdılaraq məhv edilib. Ramin Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə - 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistan atəşkəs imzalamağa və işğal altında olan digər ərazilərimizdən çəkilməyə məcbur edilib.
Səfir Ramin Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Şəhərin Baş planının hazırlandığı, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə ilk xüsusi nümayəndəsinin Şuşa şəhərinə təyin olunduğu, aparılan bərpa işlərinin Azərbaycan Prezidentinin daima diqqətində saxlanıldığı diqqətə çatdırılıb. O, Azərbaycan Prezidenti tərəfindən 7 may 2021-ci ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığını vurğulayıb.
Diplomat çıxışında, həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünyaşöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi ənənəsi bərpa olunub və bununla da, Azərbaycan musiqisinin ölkənin mədəniyyət paytaxtına qayıtması gerçəkləşib.
Konsert proqramında Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyev Azərbaycan muğamlarından nümunələr səsləndiriblər. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.
Tədbir çərçivəsində, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi təşkil olunub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri nümayiş olunub.
Ziyafət zamanı isə iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.
Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Günün fotosu: Böyük Yeddiliyin Sammiti yekun qərar çıxarıb
Günün fotosu: Böyük Yeddiliyin Sammiti yekun qərar çıxarıb
Almaniyada keçirilən Böyük Yeddiliyin Sammiti yekdil qərarla Ukraynanı müdafiə edib və Rusiyanın cəzalandırılmasını tələb eləyib.
Foto: Euronews
Milli Dram Teatrı 149-cu mövsümə yekun vurub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 149-cu teatr mövsümünü başa vurub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sənət ocağı 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası ilə mövsümü yekunlaşdırıb.
Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamları Azər Paşa Nemətov, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.
Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış ediblər.
Həvəskarların ifasında “Hamlet” faciəsi nümayiş olunub
Avropa Azərbaycan Məktəbinin beynəlxalq bakalavriat üzrə təhsil alan məzunlarının, eləcə də onuncu sinif şagirdlərinin iştirakı ilə Vilyam Şekspirin “Hamlet” faciəsi təqdim olunub.
Tamaşanın rejissoru və səhnəqrafiyanın müəllifi Sara Kərimli idi. Tamaşa kompozisiya formasında ingilis dilində hazırlanıb.
Və deyək ki, böyük tamaşaçı marağı qazanıb.
Azərbaycanın nümayəndə heyəti UNESCO-da müzakirələrdə iştirak edib
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə "ad hoc" alt komitənin iclasında iştirak etmək məqsədilə UNESCO Baş qərargahının yerləşdiyi Paris şəhərinə səfər edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.
İclasda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev də iştirak edib.
Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasın gündəliyində müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və təkliflər irəli sürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəyə 2021-ci ilin dekabr ayında keçirilən İkinci Protokola Tərəf Ölkələrin 9-cu iclası zamanı yekdil qərara əsasən seçilib.