Super User

Super User

 

Arxeoloji nümunələr tariximizə işıq salan, mədəni irsimizin mühüm elementlərindən biridir. Tez-tez müxtəlif təsərrüfat fəaliyyətləri nəticəsində vətəndaşlarımız tərəfindən də arxeoloji nümunələrin aşkar olunması halları ilə rastlaşırıq. Vətəndaşların bir qismi tapıntıları dərhal aidiyyəti qurumlara təhvil versələr də, bəzi hallarda tapılan artefaktları özlərində saxlayırlar.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bölgələrdə mədəni irs nümunələrinin toplanması istiqamətində yeni təşəbbüsə start verir. Belə ki, mədəni irs nümunələrinin toplanaraq qorunması, gələcək nəsillərə ötürülməsi üçün tarix-diyarşünaslıq muzeylərinə təhvil verilməsinə başlanılır.

Artıq bu istiqamətdə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin əməkdaşları tərəfindən yerli sakinlərin köməyi ilə tapılan mühüm arxeoloji nümunələr tarix-diyarşünaslıq muzeylərinə təhvil verilib.

Vətəndaşlardan belə arxeoloji nümunələri olan hər kəs həmin artefaktları təhvil verməklə xalqımızın mədəni irsinin qorunmasına öz töhfələrini verə bilər.

 

Azərbaycan Respublikası Prezidentinin elan etdiyi “Şuşa ili” ilə əlaqədar tədbirlər planına müvafiq olaraq Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan doktor Mixail Hessin “Şuşanın irsi” kitabının (Michael Reinhard Heß «Schuschas vermachtnis geschichte und werdegang der kulturhauptstadt Aserbaidschans», München, 2022) və Peter Tibor Veresin “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” («Caucasian Albania: a country from the depths of the centuries», Budapest, 2021) adlı kitab dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir.

Michael Reinhard Heß «Schuschas vermachtnis geschichte und werdegang der kulturhauptstadt Aserbaidschans» (München, 2022) adlı kitab 17 ölkəyə - Almaniya (Franfurt, Leypsiq və Drezden ), Avstriya, İsveçrə, Lüksemburq Milli Kitabxanalarına, ABŞ Konqres Kitabxanasına, Berlin Humboldt Universiteti kitabxanasına, Lixtenşteyn Dövlət Kitabxanasına, Belçika Kral Kitabxanasına, Roma Milli Mərkəzi Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanasına və digər ölkələrin kitabxanalarına göndərilmişdir.

Peter Tibor Veresin «Caucasian Albania: a country from the depths of the centuries» (Budapest, 2021) adlı kitabı isə ABŞ Konqres Kitabxanasına,  Los-Anceles Universitet Kitabxanasına, Fransa, Britaniya, İsveç, İspaniya, İsrail, Estoniya, Belarus, Bolqarıstan, Çexiya, Çin, Qətər, Latviya, Litva, Macarıstan, Moldova, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Rusiya Milli və Dövlət, Pakistan Milli Kitabxanalarına, eləcə də Roma Milli Mərkəzi Kitabxanasına, Kanada Milli Elmi Kitabxanasına, Makedoniya Kliment Ohrid Universitet və Milli Kitabxanasına, Danimarka Kopenhagen Kral Kitabxanasına, Serbiya Matice ad. Elmi İnstitutunun Kitabxanasına, Yaponiya Milli Parlament Kitabxanasına və s. göndərilmişdir.

Son iki il ərzində Milli Kitabxana “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində “Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru. 27 sentyabr-10 noyabr 2020-ci il” (rus dilində), Y.Bertelsin “Böyük Azərbaycan şairi Nizami” (ingilis və ərəb dillərində), Z.Göyüşovun “Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlərarası dialoqda rolu” (yunan dilində), Çingiz Qacarın “Köhnə Şuşa” (ingilis və rus dillərində), Kərim Şükürovun “Azərbaycan millətlərarası münasibətlər sistemində 1648-1991 (rus dilində), “İrəvan xanlığı” (ingilis dilində), Mustafa Topçubaşovun “Paris arxivi: 1919-1921” (rus dilində) kitablarını və Azərbaycan tarixinə dair digər kitabların dünyanın bir çox milli və universitet kitabxanalarına göndərilməsini təmin etmişdir.

Günün fotosu: Ukrayna torpaqlarının anneksiyasına Vaşinqton imkan verməyəcək! 

 

Kreml Ukraynanın şərq və cənub regionlarının" Krım ssenarisi "üzrə ilhaq edilməsi üçün"bünövrə" hazırlayır. Bunu ABŞ rəsmiləri bildirirlər: Amerika Təhlükəsizlik Şurasının məlumatına görə, Rusiya hökuməti bütünlükdə Donetsk və Luqansk vilayətlərini, qismən də Xerson və Zaporojye vilayətlərini birləşdirməyi düşünür. 

Con Kirbi - ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi məsələyə belə reaksiya verib:  “Vaşinqtonda bu cür hərəkətlərə dərhal reaksiya veriləcək”

 

Foto: Euronews

 

Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində “Dədə Qorqud türk dünyasının mənəvi mirası” mövzusunda panel müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, birinci panelə professor Alpaslan Ceylan, ikinci panelə isə professor Zakir Avşar sədrlik ediblər.

Türk dünyasının tanınmış alimləri Firudin Ağasıoğlu, Nailə Əskər, Ahmet Bican Ercilasun, Mətin Əkici, Mutlu Türkmən, Fatih Kirişçioğluna və Kənan Çarboğa Dədə Qorqudun tarixi şəxsiyyət kimi türk xalqlarının dəyərlərinin qorunmasına və inkişafına təsiri, ona aid hadisələrin coğrafiyası, bu sahədə qədim irsin tədqiqi, Dədə Qorqud dastanlarında adı çəkilən şəxslər və coğrafi adlar barədə fikirlərini bölüşüblər.

Professor Alpaslan Ceylan diqqətə çatdırıb ki, Dədə Qorqud hadisələri ilə əlaqədar Azərbaycan başda olmaqla, bütün türk dünyasında ortaq tarixi irsimizin dərindən araşdırılmasına ciddi ehtiyac var. 

Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar Fərman imzaladığını xatırladan professor Zakir Avşar bu istiqamətdə görülən bütün işlərin ortaq türk tarixinə və mədəniyyətinə misilsiz töhfələr verdiyini ifadə edib.

Dədə Qorqud irsinin türk xalqlarının müasir düşüncəsinə təsir imkanlarının geniş olduğunu ifadə edən natiqlər indiki Ermənistan ərazisindəki yerlər və tarixi mədəniyyət abidələri ətrafında geniş müzakirələr aparıblar. Bildirilib ki, bu coğrafiyadakı bütün tarixi və mədəni izlər, insan amili ilə bağlı irs türk mənşəlidir. 

Alimlər Azərbaycanda Dədə Qorqud irsinin tədqiqini, bu mövzuda əsərlərin yazılmasını, kitabların nəşrini bütün Türk dünyası üçün böyük töhfə kimi dəyərləndiriblər. Qeyd olunub ki, Türk dövlətləri arasında bu sahədə daha sıx əməkdaşlıq ortaq tariximizin və mədəniyyətimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirovun 100 illiyi ilə əlaqədar tədbir keçirilib. 

 

Baş İdarədən AzərTAC-a bildirilib ki, kitabxananın əməkdaşı Günay Süleymanova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. 

“Musiqidə elə bir janr yoxdur ki, bəstəkar ona müraciət etməsin. F.Əmirov operanın, baletlərin, simfoniyaların, simfonik muğamların, simfonik poemaların, süitaların, kapriççionun, fortepiano üçün konsertlərin, musiqili komediyaların, mahnı və romansların müəllifidir. İncəsənətimizin nəcib ənənələrinə əsaslanan vətəndaşlıq pafosu, eləcə də humanizm ruhu, həmçinin incə lirizm, səmimilik və emosionallıq onun musiqisinin gözəl xüsusiyyətidir”, - deyə G.Süleymanova bildirib.

Tədbirin bədii hissəsində F.Əmirovun bəstəsi olan "Gülüm" mahnısı səsləndirilib və "Min bir gecə" baletindən qısa fraqmentin əks olunduğu videoçarxlar nümayiş etdirilib.

 

Türkiyənin Bayburt şəhərində davam edən Beynəlxalq 26-cı Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Türk Dünyası Yazıçılar və Sənətçilər Fondu (TÜRKSAV) tərəfindən mükafatlandırma mərasimi keçirilib.

 

AzərTAC xəbər verir ki, TÜRKSAV-ın 24-cü Beynəlxalq Türk Dünyası Xidmət Mükafatlandırma mərasimində Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi ehtiramla yad edilib, Türkiyənin Dövlət Himni səsləndirilib.

Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, TÜRKSAV-ın Baş katibi Yavuz Gürlər çıxışlarında ənənəvi Dədə Qorqud festivallarının, eləcə də türk dünyası qarşısında böyük xidmətləri ilə seçilən elm adamlarının davamlı olaraq mükafatlandırılmasını yüksək dəyərləndiriblər. 

Laureatların həyat və fəaliyyətini əks etdirən fotoslaydlar göstərilib.

Sonra türk dünyası qarşısında xidmətlərinə görə, tanınmış alimlər Firudin Ağasıoğlu, Ahmet Bican Ercilasun, Alpaslan Ceylan və Fatih Kirişçioğluya mükafatlar təqdim olunub.

Bundan başqa, Bayburt Bələdiyyəsinin sədri Hükmü Pekmezci və TRT AVAZ telekanalı da mükafata layiq görülüb

Günün fotosu: Meşə yanğınları Avropanı çökdürür

 

Anomal istilərin 40-42 dərəcəyə çatması İspaniya və Fransanı meşə yanğınlarına təslim edib. Fransanın Bordo ətrafında yanğınlar ətrafı külə döndərib. Ürəkdağlayıcı mənzərədir. 

 

Foto: Euronews

Şəhidlərın xatirəsinin əbədiləşdirilməsi amalı son vaxtlar yazıçıları, bəstəkarları, rejissorları əsl səfərbərliyə alıb. Növbəti belə iş sənədli-bədii filmin çəkilməsi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Gənclər Mərkəzində “Kitab yayımı işinin inkişafına dəstək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə rejissor Ötkəm İskəndərovun “Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin təqdimatı olub. Təqdimatda Vətən müharibəsi qaziləri, şəhid ailəsinin üzvləri, hərbçilər, mədəniyyət işçiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Dövlət Himni səsləndiriləndən, Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunandan sonra çıxışlar dinlənilib. Filmin ssenari müəllifi Sənan Əlibəyov Vətən müharibəsi döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Babək Ramaldanovun həyat və döyüş yolundan bəhs edən qısametrajlı sənədli-bədii filmin əsas məqsədinin gənclərin vətənpərvərlik tərbiyəsini gücləndirmək, xalqımızın haqq işinin təbliği, erməni vandalizminin ifşa edilməsi olduğunu bildirib. 

Filmin təqdimatından sonra Babək Ramaldanovun həyat yoldaşı Aygün Ramaldanova və ailə üzvləri, eləcə də Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın üzvü və sədr müavini Şahin Qədirov, Sabunçu rayon Qazilər Birliyinin sədri Sadiq Quliyev, Sabunçu rayon Şəhid ailələri, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Çingiz Tağıyev, “Vətəndaşların sosial rifahı naminə” İctimai Birliyin sədri İradə Rzazadə, “Qarabağ əlilləri və veteranları” İctimai Birliyin sədri Növrəstə Yusifova, “Milli mədəniyyətin təbliği” İctimai Birliyin sədri Jalə Cəfərova və başqaları film haqqında təəssüratlarını bölüşüblər. 

“Döyüşə gedirəm mən” qısametrajlı sənədli-bədii filminin layihənin rəhbəri Afət Alışova, operatoru Rais Bəhramidir.

 

MDB məkanının ən böyük kitab satışı platforması olan LitRes portalı ötən ay ən çox satılan kitabların siyahısını dərc edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, siyahıda konveyer kimi kitab nəşr etdirən Violetta Romanın dörd yeni kitabı da yer alıb. Bunlar “Sənin deyil”, “Mənə inan”, “Yaxşısı budur, gizlən” və “Mənim ağrımı götür” kitablarıdır. 

Növbəti buraxılışlarda bu kitabların qısa məzmunları ilə sizləri tanış edəcəyik.

 

Bu anı kinosevərlər səbirsizliklə gözləyirdilər. 6 dəfə “Oskar” mükafatı qazanan “Dyunlar: Səhra planeti” ekran əsərinin davamının çəkilişlərinə başlanılıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, TASS agentliyi bu barədə məlumatı filmin rəsmi tviter hesabından götürərək açıqlayıb.

Filmin rejissoru Deni Vilnevin həm vizual ekstroordinal, həm də emosional-cəlbedici film çəkdiyini bəyan edən Warner Bros. Pictures Group.-un nümayəndəsi Tobi Emmerix filmin kassa mədaxili üzrə rekord qıracağına arxayınlığını bildirmişdir. 

Aktyorlar Timotey Çalamet, Rebekka Ferqyuson, Zendaya, Josh Brolin, Xavyer Bardem, Dave Bautista və Stellan Skarsqard birinci çəkilişində olduğu kimi, bu çəklişlərdə də iştirak edəcəklər.

“Dyunlar 2” filminin aktyor heyətinə qatılan yeni adlar arasında "Elvis" filmindəki performansı ilə yaddaşlarda iz buraxan Ostin Batler, "Qara dul" və "Kiçik qadınlar" kimi filmlərdə gördüyümüz Florens Pyu, son olaraq rejissor David Cronenbergin "Gələcəyin cinayətləri" filmində rol alan Lea Seydoux və “Oskar” mükafatlı aktyor Kristofer Uolken yer alırlar.

Filmin 2023-cü ilin noyabr ayında nümayiş olunacağı gözlənilir. Necə deyərlər, yaşayarıq, görərik.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.