
Super User
Bu gün Qazaxda Mirvarid Dilbazi anılacaq
Bu gün “Qazax" Xeyriyyə İctimai Birliyinin, Qazax Rayon İcra Hakimiyyətinin, "Mirvarid Dilbazi poeziya məclisi"nin, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Qazaxda Azərbaycanın ilk Xalq şairəsi Mirvarid Dilbazinin 110 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir iştirakçıları ilk öncə (saat 10:45-də) Mütəfəkkirlər Parkında Mirvarid Dilbazinin büstünü ziyarət edəcəklər. Daha sonra (saat 11-də) Ədəbiyyat Muzeyində tədbirin rəsmi hissəsi davam edəcək.
Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub
Bu gün Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsinin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib. Prezident İlham Əliyevin çıxışının mətnini təqdim edirik:
- Əziz dostlar, bu gün Azərbaycan xalqının böyük oğlu Müslüm Maqomayevin anadan olmasının 80 illiyidir. Bu gün Bakı şəhərinin ən gözəl yerlərindən birində Müslüm Maqomayevin abidəsi ucaldılıb. Biz bu mərasimə toplaşmışıq. Müslümü tanıyanlar, onu sevən insanlar bu gün birlikdə bu gözəl abidəni açacağıq.
Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o, həm böyük müğənni, həm də böyük bəstəkar idi. Sovet estradasında onun tayı-bərabəri yox idi və bu gün də Müslüm Maqomayevin ifasında səslənən mahnılar hər birimizi duyğulandırır. Hər birimizin Müslüm haqqında öz xatirələri var, o cümlədən mənim də. Mən yeniyetmə yaşlarımdan Müslümü və Tamaranı tanıyıram. Onlar bizim evimizin çox əziz qonaqları idi. Bir çox gözəl xatirələrim var. Əlbəttə ki, hər il avqust ayında Müslüm və Tamaranı biz öz evimizdə qarşılayaraq, Müslümün ad gününü evimizdə qeyd edirdik.
Müslüm öz doğma Vətəninə çox bağlı olan bir insan idi. Baxmayaraq ki, öz fəaliyyətini daha çox Moskvada və Sovet İttifaqının digər şəhərlərində qastrollarda keçirirdi, ancaq hər il bir neçə dəfə Bakıya gəlirdi, həm konsertlər verirdi, həm də ki, burada öz dostları ilə təmasda olurdu. O cümlədən, həm Moskvada, həm Bakıda bizim çoxlu görüşlərimiz və çox səmimi münasibətlərimiz olub.
Bildiyiniz kimi, Müslüm Maqomayevin atası İkinci Dünya müharibəsinin son günlərində qəhrəmancasına həlak olanda Müslümün hələ 3 yaşı tamam olmamışdı və o, əmisi Cəmaləddin müəllimin ailəsində böyümüşdü. Artıq gənc yaşlarında ümumittifaq şöhrəti qazananda, əlbəttə ki, atam Heydər Əliyev də onun fəaliyyətinə çox böyük diqqət yetirirdi, böyük qayğı göstərirdi. Deyə bilərəm ki, ona atalıq qayğısı göstərirdi. Çünki onu həm böyük müğənni kimi, həm də çox gözəl insan kimi tanıyırdı. Hər birimiz Müslümü məhz həm böyük sənətkar, müğənni, bəstəkar və ən başlıcası, gözəl insan, ləyaqətli insan, çox etibarlı dost kimi tanıyırdıq.
Bizim aramızda yaş fərqi böyük olsa da, bu, heç vaxt hiss olunmurdu. Çünki biz uzun illər dostluq əlaqələri saxlayırdıq və son görüşümü də Mehribanla Moskvada Müslümün və Tamaranın evində xüsusilə xatırlayıram. Artıq Müslümün səhhəti o qədər də yaxşı deyildi, problemlər var idi, ancaq buna baxmayaraq, bizi çox səmimiyyətlə qarşıladı və biz bir neçə saat onların evində olarkən çox səmimi söhbətlər etdik, keçmişi xatırladıq, atamı, rəhmətlik anamı xatırladıq, o gözəl günləri xatırladıq və Mehribanla çox duyğulandıq. Bildiyiniz kimi, son illər Müslümün ayaqlarında müəyyən problemlər var idi. Ancaq o qədər səmimi atmosfer var idi ki, hətta sonra bəlli oldu, uzun illər evdən çıxmayan Müslüm bayıra çıxdı, bizi yola saldı. Ağlımıza gəlməzdi ki, bu, bizim son görüşümüz idi.
Tamara və Müslüm - onların hər ikisi böyük sənətkar, dünyaşöhrətli müğənnilər, bir-birinə o qədər bağlı idilər ki, onların eşq hekayəsi və dostluq hekayəsi bir əfsanədir. Onların tanışlığı da Bakı şəhərində olmuşdu və mənim rəhmətlik atam həmişə o günləri xatırlayırdı.
Əlbəttə ki, bu gün Müslüm haqqında danışmaq həm asandır, həm çətindir. Çünki o qədər böyük şəxsiyyət idi, həm sənətkar kimi, həm insan kimi. Onun haqqında saatlarla danışmaq olar. Eyni zamanda, onu yaxından tanıyan, onu sevən insanlar, əlbəttə ki, onun bütün istedadlarını qeyd edərək, ilk növbədə, insan kimi onu xatırlayır. Əminəm ki, siz də eyni hisslər keçirirsiniz.
Onun böyük sənətkar olmasını təsdiqləyən təkcə iki faktı qeyd etmək kifayətdir. Hələ 30 yaşı olmadan o, Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür, 31 yaşında isə Sovet İttifaqının Xalq artisti adına layiq görülmüşdür. Estrada ifaçısı üçün bu, nadir bir hadisədir. Bütövlükdə Müslümün səsi Allah vergisi idi, özünəməxsus ifa tərzi bir fenomen idi. Nə o vaxt, nə də bu gün onun səviyyəsinə hələ ki, qalxan olmamışdır.
Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq. Müslümün bəstələdiyi son mahnı isə çox kədərlidir. Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.
“Əlvida, Bakı”, əlbəttə, o mahnıdır ki, Müslüm öz duyğularını ifa edirdi, ancaq, eyni zamanda, heç vaxt “Əlvida, Bakı” demək mümkün deyil. Çünki Müslüm bizimlədir. O, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaqdır.
Mən sizin hamınızı bu gözəl hadisə münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, əziz Tamaranı, Müslümün dostlarını, özümü təbrik etmək istəyirəm ki, bu abidəni biz ucaltdıq və bu abidə üçün, hesab edirəm ki, ən məqbul yer seçdik. Bulvar Bakının gözüdür, Bakının mərkəzidir, Bakının tacıdır və bulvarda dahi sənətkarlarımızın ruhları dolaşır, o cümlədən Müslümün. Ona görə bu abidəyə yaxınlaşan bizim vətəndaşlarımız “Salam, Müslüm” deyəcək və Müslüm əbədi yaşayacaqdır. Sağ olun.
x x x
Sonra unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış ediblər
x x x
Daha sonra Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsi üzərindəki örtüyü götürüb.
x x x
Qeyd edək ki, Prezident İlham Əliyev 2020-ci il martın 12-də Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünyaşöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən ucaldılan abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Bürüncdən hazırlanan abidənin hündürlüyü 2 metrdir. Abidənin önündə Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
x x x
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimləri ilə söhbət ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
Həyatınızda kitaba heçmi yer yoxdur?
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər şəhərlərin başçıları, icazə verin bizim də belə küçəmiz olsun. Hər şəhərdə bir kitab passajı olsa dünyamı dağılar?
Amma vətəndaşlarımız da gərək bunu istəsin. Hər yana baxsan ət bazarıdır. Həyatınızda kitaba, incəsənətə heçmi yer yoxdur?
Şahbaz Xuduoğlu
Günün fotosu: Okeanlar xilas edilməlidir
Günün fotosu: Okeanlar xilas edilməlidir
Nyu-Yorkda, Bruklin körpüsünün altında Greenpeace-in fəalları dünya okeanı üzrə Konvensiyanın imzalanmasına çağırış edən banner yerləşdiriblər.
Nəticəsiz dörd sessiyadan sonra BMT-yə üzv dövlətlər okeanların müdafiəsi haqqında müqavilənin yekun bağlanmasına yönələn danışıqları bərpa ediblər.
Foto: Euronews
Məşhur “Şantaram" kitabının serial varsiyasının premyera tarixi açıqlanıb
“Şantaram” romanını oxumayan çətin tapılsın. Apple TV+” şirkəti “Şantaram” serialının premyera tarixini açıqlayıb.
“Ədəbiyyat və incəsənət” TASS-a istinadla xəbər verir ki, rejissoru Bharat Nalluri olan, Çarli Hunnamın rol aldığı ekran əsəri 2022-ci il oktyabrın 14-də yayımlanacaq. Premyera günü ilk üç seriya nümayiş olunacaq.
Qeyd edək ki, Qreqori Devid Robertsin eyniadlı epik romanı əsasında çəkilən “Şantaram” serialının ssenari müəllifi Stiv Laytfutdur.
Maraqlıdır ki, o, peşəkar ssenariat deyil, prodüsserdir.
Monteneqrodakı kəpənəklərin göz yaşları
Siyasət və mədəniyyət xadimləri bir araya gələndə mütləq kreativ ideyalar ortaya çıxır.
Monteneqronun Fəxri Konsulluğunda Fəxri Konsul Dr. Vüqar Əliyev Azərbaycan Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın mətbuat və ictimaiyyətlə əlaqələr üzrə katibi, İki dəfə Prezident təqaüdçüsü, Gənclər Mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Müdafiə Nazirliyi ilə birgə həyata keçirdiyi "Tarixi Yaşadanlar" adlı layihənin rəhbəri, YAP-üzvü Aysel Kərim ilə görüşmüşdür.
Aysel Kərim “Ədəbiyyat və incəsənət” portalına məlumat verir ki, görüş zamanı bir çox məsələlər istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. O cümlədən Azərbaycan mədəni həyatında mühüm rol oynayan tədbir və layihələr, mədəni irsi əks etdirən mövzular ətrafında söhbətlər getmişdir.
Vüqar Əliyev müəllifi olduğu "Monteneqro- Adriatik sahilinin incisi", Aysel Kərim isə müəllifi olduğu "Kəpənəyin göz yaşı" adlı kitabını qarşılıqlı şəkildə bir-nirilərinə bağışlamışlar.
Sonda xatirə fotosu çəkdirilmişdir.
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çıxıb
“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı nəşr olunub.
Qeyd edək ki, jurnalın bu nömrəsində oxucular maraqlı mövzularla tanış ola biləcəklər.
“Xəzər”in oxucuları jurnalın bu nömrəsində “Korifeylər” rubrikasında Fyodor Dostoyevskinin “Zavallılar” romanı, “Azərbaycan ədəbiyyatı”nda Musa Yaqubun şeirləri, “Hekayə”də Nikolae Yesinenkunun “Bizim nəsil ağacımız” hekayəsi, “Slovakiya ədəbiyyatı”nda Peter Yaroşun “Ceviz” və “Ay bədirlənəndən sonra” hekayələri, “Polyak poeziyası”nda Vislava Şimborskanın şeirləri, “Türk dünyası”nda Timur Pulatovun “Mülk” hekayəsi, “Gündəlik”də Virciniya Vulfun gündəlikləri, “Memuar”da Vladimir Mayakovskinin məktubları, “Dublin mükafatı laureatları”nda Kolm Toybinin “Bruklin” romanı, “Çağdaş rus ədəbiyyatı”nda Vladimir Sorokinin “Snayperin səhəri” və “Ov mövsümünün açılışı”, eləcə də “Ağ gözlü qara at” hekayələri, “Teatr” rubrikasında isə Harold Pinterin “Mətbəx lifti” pyesi və digər əsərlərlə tanış ola biləcəklər.
Eldar Mansurovun 70 illik yubileyi möhtəşəm konsert proqramı ilə qeyd ediləcək
Oktyabrın 2-də Heydər Əliyev Sarayında bəstəkar, Xalq artisti, bıstəkar, insrtumental musiqisi ilə qəlbləri riqqətə gətirən Eldar Mansurovun 70 illik yubileyinə həsr olunan möhtəşəm konsert proqramı keçiriləcək.
Sarayın mətbuat xidmətindən mediaya yayılan məlumata görə, yubiley gecəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri, Xalq artistləri Mübariz Tağıyev, Ağadadaş Ağayev, Murad Adıgözəlzadə, Cavan Zeynallı, Faiq Ağayev, Əməkdar artist Manana Caparidze və başqaları çıxış edəcəklər.
İfaçıları səhnədə Xalq artisti Cavanşir Cəfərovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Yubileydə bəstəkarın unudulmaz “Bayatılar”, “Bakılıyam mən”, “Melody”, “Yarı məndə, yarı səndə”, “Gecələr keçir”, “Ola bilməz”, “Bu sevgi”, “Bayatı-şiraz”, “Bir daha”, “Dünya köhnə dünyadı”, “Karnaval” və s. əsərləri səslənəcək.
Qeyd edək ki, yubiley konsertinin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək mümkündür.
Bu gün İrem Derici Mərdəkanda konsert verəcək
Türk pop dünyasının məşhur ifaçısı İrem Derici bu gün - 17 avqustda Mərdəkanda, Dalğa Beach-də yerləşən Şazeli bahçe restoranında konsert verəcək.
Yeməklə birgə proqram şəklində təşkil olunan İrem Dericinin konsertinə biletlər sayılı saydadır.
Səhərə qədər davam edəcək şouya rezervasiya üçün bu nömrələrə müraciət edə bilərsiniz: 050 777 76 91 // 050 777 76 92
Ən yaxşı şeirlərini tənha və xəstə olarkən yazdı - 5 gün dalbadal yəhudi şeiri
“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.
Rahel Bluvşteyn
Xanım Rahel Bluvşteyn 1890-cı ildə Rusiyada - Saratovda anadan olub. Uşaqlığı və gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Vərəm xəstəliyinə yoluxub. Elə ən yaxşı şeirlərini bu zaman - tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.
Bu dövrdə bədii tərcümə ilə də ciddi məşğul olub. Şeirlərinə çoxlu mahnılar qoşulub. İsrailin milli şairəsi olaraq qəbul edilir.
1931-ci ildə Tel-Əvivdə vəfat edib
***
Titrək əllərinlə sığal çəkəndə
saçıma, istidən üşüdüm, dondum,
çəkilməz dərdlərin məngənəsində
qaldım, qəfil kədər ruhuma qondu.
Bizdən yer üzündə biri-birinə
göydəki ulduzlar daha yaxınmış,
içək badəmizi, enək dibinə -
tale yazısını beləcə yazmış,
Görüş, yarımgörüş, qaçaraq baxış,
asta salamlaşma...kimsə udqunur.
Hər şeyi elə bil yuyur bir yağış-
səadət dalğası, dərdin uçqunu.
Deşilib bərəsi unutqanlığın,
Dəf etməz tufanı, duruş gətirməz.
Çökürəm diz üstə, neyləyim axı,
içirəm, bu yanğı çiçək bitirməz.
***
Nə şirin misralar,
nə xoş kəlmələr
yazmadım adına
gözəl vətənim.
O çay kənarında
o palıd ki var,
mən əkdim,
o izlər mənimdir, mənim.
Bilirəm, ay anam,
yoxdur bir şübhə -
qızının sovqatı
yaman kəmdir, kəm.
Bir azca qəhqəhə-
günəş doğanda,
Bir azca göz yaşı-
bədbəxtliyimdən.
***
Qapı taqqıltısı, kilid, cingilti,
Səngiyir addımlar bu gecə vaxtı.
Neyçündür çağırış, qüssə, inilti,
Sən ki eşitmirsən...zavallı baxtım.
Hə qürur, ürəyə qoy bir işarə.
Hə kədər, qəlbimə dol, doldur məni.
Elə tənhayam ki, eh, mən biçarə-
Meydanda yol azmış kor adam kimi.
***
Qollarımda qara qandal qıvrılanda ağrılardan,
Ehtiyacın dar zamanı sızıltılar dərdli-dərdli
Boyunbağı salacaqmış vərəqlərə misralardan,
Bəyaz-bəyaz kitabları doğacaqmış fərqli-fərqli.
Sınacaqmış xəzinənin qapısı da, bacası da,
Mənim küskün ürəyimdə qövr eləyən
Yaraların - incilərin cavanı da, qocası da
Yağmalanıb köçəcəkmiş vərəqlərə.