
Super User
Həftələrlə ac qaldı, teatrdan qovuldu, qızının ad günündə öldü…
“Ədəbiyyat və incəsənət” portalı Kulis.az-a istinadən aktyor Fazil Salayev haqqında maraqlı faktları təqdim edir.
Fazil Salayev 1931-ci il, sentyabrın 1-də Bakıda əslən Cənubi Azərbaycandan olan İdris Salayevin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazır.
*
Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir.
23 yaşı tamam olanda isə atasının dostu Nurəddin kişinin 18 yaşlı qızı Fəridəylə ailə həyatı qurur. Qəribədir ki, Fəridə xanım və Fazil Salayev ailə qurana qədər bir-birini cəmi bircə dəfə görüblər və onda da söhbət etməyə belə macal tapmayıblar.
*
Fazil sənədlərini ovaxtkı Teatr İnstitutuna verir. Deyilənə görə, Salayevin kumiri məşhur italyan aktyoru Toto idi. Çox güman ki, Fazilin bu seçimində Toto ilə zahiri oxşarlıqlarının olması da böyük rol oynamışdı. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur. İlk illərdə aktyor bu teatrın səhnəsində müxtəlif obrazlar oynayır. Ancaq bir müddət sonra dram teatrından gedir. Musiqili Komediya Teatrında işə düzəlir.
*
1966-cı ildə Həsən Seyidbəyli "Sən niyə susursan" filmində F. Salayevə kiçik bir rol tapşırır və o, bu rolun da öhdəsindən lazımınca gəlir. 1969-cu ildə Şamil Mahmudbəyovun çəkdiyi "Şərikli çörək" filmindəki Qırçı Məhəmməd rolu isə onun aktyor kimi məşhurlaşmasında xeyli rol oynayır.
Həyat yoldaşı Fəridə Salayeva 2009-cu ildə verdiyi müsahibədə Fazil Salayevin son günlərini belə xatırlayırdı:
"Ölümündən bir qədər əvvəl veriliş efirə getmişdi. Orada Həsən Seyidbəyli onun haqda danışmışdı. Fazil öləndən sonra verilişi yenidən efirə verdilər. Söz-söhbət gəzirdi ki, guya Fazil bizimlə yola getmirmiş. Təsəllim qızlarım olub. Axı onlar rəhmətliyin ən qiymətli yadigarlarıdır. Üç qız zarafat deyil. Fazil rəhmətə gedəndə hamısı evdəydi. Onun pianino çalmağı, oxumağı aləmiydi. Hədsiz istedadlıydı. Açıq-saçıq danışan, əhlikefiydi, Bakının yarısı da dostları. Mənsə ciddi, qısqanc... Bir az da cavanlığıydı, indiki ağlım hardanıydı. Necə deyərlər, çox fərqimiz vardı".
*
Xalq artisti Yaşar Nuri müsahibələrinin birində aktyor haqqında deyir:
"Fazilin çox böyük istedadı var idi. Nadir hallarda olur ki, aktyorun adını bilmirsən, amma oynadığı obrazlarla tanıyırsan. İndiyə qədər də onun adını bilmirlər, amma obrazlarını tanıyırlar, o, "filan roldakı aktyor" kimi yaddaşlarda qalıb. Heç bir fəxri adı olmayan Salayevin fəxri adı "filan aktyor" idi. "Muskomediya"da bir tamaşada montyoru oynayırdı. Guya çayniki düzəldəndə tok vurur bunu, ölür. Zal onun "ölməyinə" iki dəqiqə əl çalırdı. Fazil hərtərəfli istedad idi, amma bəxt, tale, alın yazısı... Onun "Şərikli çörək" filmində çörək yediyi epizod xəlvət çəkilib. Mahmudbəyov operatoru çağırıb ki, bu kadrı xəlvət çək. Amma yenə də şans... O filmə görə hamı dövlət mükafatı aldı, Fazil almadı".
Deyilənlərə görə F. Salayev istedadı qiymətləndirilmədiyindən sınır, həyatın dibinə yuvarlanaraq, meylini içkiyə salır. Hətta sonradan Salayev ağır xəstəliyə tutulur və içki içməsə, qida qəbul edə bilmir, həftələrlə dilinə çörək vurmur, ac qalır. Teatrşünas İsrafil İsrafilov Fazil Salayev haqqında deyir:
"Salayevin başlıca səhvi isə, heç şübhəsiz ki, içkiyə meyilli olmasıydı. Məsələn, tamaşalara, məşqlərə sərxoş gəlirdi. Tofiq Kazımov da onu çox sevirdi, orijinal istedad sahibiydi. Azərbaycan teatrında ikinci belə təbiətdə və istedada malik aktyor yox idi. Ancaq teatrın daxilindən bir neçə dəfə onun içməyini rəhbərliyə çatdırmışdılar və rəhbərlik fakt qarşısında qalaraq onu "Azdrama"dan uzaqlaşdırmışdı. Vəziyyət o həddə çatmışdı ki, Fazilin ağzından iy gələn kimi rejissor köməkçisi, rekvizit sexində işləyənlər dərhal xəbərçilik edirdilər. Fazil akademik teatrdan uzaqlaşan kimi "Muskomediya", necə deyərlər, onu göydə tutdu. Orada cəmi üç il işlədi və bizim onunla bulvardakı söhbətimizdən sonra "Azdrama"ya qayıtdı. Tofiq Kazımov inanmırdı ki, Fazil Salayevi yola gətirə bilmişəm. O, teatra qayıtdı".
*
Fazil Salayevin küsülü olduğu həmkarı olmasa da, "Azdrama"da xoşu gəlmədiyi bir nəfər varmış. İsrafil İsrafilovun dediklərindən:
"Heç kimlə küsülü deyildi, ancaq xoşu gəlmədiyi adamlar var idi. Məsələn, teatrın rekvizit sexində işləyən bir nəfərin Fazilin "Azdrama"dan getməyində böyük "rolu" olmuşdu. O, təkcə Fazili yox, Səməndər Rzayevi də rəhbərliyə "satırdı". Çünki hər ikisi tamaşalara içkili gəlirdilər. Aktyorların əksəriyyətinin belə qüsurları olub".
*
Fazil Salayev 1978-ci il iyunun 20-də kiçik qızı Ofeliyanın doğum günündə dünyasını dəyişir.
Görkəmli bəstəkar Emin Sabitoğlunun 85 illiyi qeyd ediləcək
Oktyabrın 15-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.
Sarayın mətbuat xidmətiin yaydığı məlumata görə, gecədə bəstəkarın unudulmaz nəğmələrini tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.
Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” layihəsində Mehmandarovların malikanəsi
"Şuşa İli" elan edilməsi haqqında Sərəncama əsasən, Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən "Şuşa - Qarabağın dünəni, bu günü, sabahı" adlı layihə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, layihə çərçivəsində təqdimatlardan biri Şuşa şəhərində yerləşən Mehmandarovların malikanəsinə həsr olunub.
Şuşada yerləşən, XVIII əsrə aid Mehmandarovlar ailəsinə məxsus malikanə kompleksi böyük yaşayış binası, kiçik yaşayış binası və ailə məscidindən ibarətdir.
Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb. Bina sovetlər dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.
1987-ci il mayın 19-dan vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb. 1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.
Müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərib. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilib və Geologiya Muzeyinə çevrilib.
İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Hazırda Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır. Prezident İlham Əliyevin göstərişi ilə bərpa olunan Mehmandarovların evi şəhərin tarixi ünvanlarından biri kimi keçmiş şöhrətini tezliklə özünə qaytaracaq.
Parisdə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi açılıb
Parisdə “Village Suisse” incəsənət şəhərciyində tanınmış rəssam, “Toile d’Or” (Qızıl kətan) mükafatçısı Nigar Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların əsərlərindən ibarət “Xəyal tətili” adlı sərginin açılışı olub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Village Suisse” incəsənət şəhərciyinin “İnternational Art” qalereyasında təşkil olunmuş sərgidə Nigar Nərimanbəyovanın cari ilin iyul və avqust aylarında Bakıda xalqımızın, qəhrəman hərbçilərimizin və vətənimizin kompozisiya və simvolik obrazının yaradılmasına həsr edilmiş “44 günlük Vətən müharibəsində Qələbə”, “Doğma diyarın peyzajı”, “Azərbaycan qadınlarının portreti” və “Nizami Gəncəvi İli”nə həsr edilmiş ustad dərslərində iştirak etmiş şagirdlərinin əsərləri nümayiş olunub. Mədinə Abbaslı, Mədinə Qarayeva, Məryəm Qarayeva, Tahir Qarayev, Əli Həşimli, Cavad Həşimli, Fərəh Hacızadə, Əfruz Rəhimova kimi azərbaycanlı rəssamların əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Kiçik rəssamlar rəngli dünyalarını və arzularını fırça dili ilə kətan üzərində əks etdiriblər.
Nigar Nərimanbəyova bildirib ki, əsərlərinin Parisdə nümayiş olunması kiçik rəssamlar üçün böyük stimuldur.
“Belə istedadlı uşaqların əsərlərini geniş auditoriyaya təqdim etmək, beynəlxalq aləmdə tanıtmaq vacibdir. Burada nümayiş olunan əsərlərdə kiçik rəssamlarımızın duyğularını görürük. Nümayiş olunan əsərlər fərqli və təkrarsızdır. Hər bir əsər uşaqların rənglərə çevirdikləri duyğu və hisslərini təqdim edir. Əsərlərin mövzuları da rəngarəngdir.
Əminəm ki, bu sərgi rəssamlarımız üçün motivasiya mənbəyi olacaq, onları daha da ruhlandıracaq”, - deyə N.Nərimanbəyova bildirib. Qeyd edib ki, bu rəssamların əsərləri sentyabrın ikinci yarısında Luvr muzeyinin Karusel salonunda da nümayiş olunacaqdır.
“Business Art Fair” Salonunun komissarı, “La Gazette des Arts & Livre d’art” jurnalının naşiri Jorj Levi azərbaycanlı uşaqların istedadından söz açaraq, onların əsərlərini yüksək qiymətləndirib. Azərbaycanlı rəssamlara sertifikatlar təqdim olunub.
“İnternational Art” qalereyasında təşkil olunmuş “Xəyal tətili” sərgisi sentyabrın 12-dək davam edəcək.
Azərbaycan Haaqada səfirliklər festivalında təmsil olunub
Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 50-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.
“Ədəbiyyat və incəsənət portalı AzərTAC-a istinadən xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.
Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları - şahı olan plov, dolma, kabablar, şirniyyatlarımız və içkilərimiz təqdim edilib.
Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri festivala qatılaraq, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verib, broşürlər paylayıblar.
Ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Azərbaycan pavilyonunda həmkarlarının, eləcə də pavilyonumuzun ziyarətçilərinin ölkəmiz haqqında olan suallarını cavablandırıb.
Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb, onlarla festival haqqında fikir mübadiləsi aparıb, ölkələrin milli mədəniyyəti və mətbəxi ilə tanış olub.
Festival hər il on minlərlə ziyarətçini qəbul edir. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.
Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Rəngarəng rəqslər təqdim edən qrupun təqdimatı alqışlarla qarşılanıb.
Corce Enesku festivalına start verilib
Rumıniyanın paytaxtı Buxarestdə nüfuzlu Corce Enesku adına Beynəlxalq Musiqi Festivalı başlayıb.
Festival sentyabrın 18-dək davam edəcək. Bu festivalda dünyanın 37 ölkəsindən ifaçılar iştirak edir. İki həftə ərzində tamaşaçılar dünya klassiklərinin əsərlərini gənc istedadlı pianoçu, violonçel və skripkaçıların ifalarında dinləyə biləcəklər.
Corce Enescu Festivalı Avropa mədəniyyəti aləmində hər il keçirilən ən böyük tədbirlərdən biridir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Corce Enescu məşhur rumın bəstəkarıdır və Bakıda, Binəqədi rayonunda ona abidə də ucaldılıb. (Şəkildə)
Nəhayət, “Youth ArtCamp Shusha and Baku” layihəsinə yekun vuruldu
Sentyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində “Youth ArtCamp Shusha and Baku” (Şuşa və Bakı Gənclər İncəsənət Düşərgəsi) adlı beynəlxalq layihənin bağlanış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, layihə çərçivəsində Muğam Mərkəzində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən 16 gənc rəssamın çəkdikləri rəsmlər əsasında sərgi açılıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov layihənin Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, ölkəmizin İspaniyadakı səfirliyi və Andorranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə ərsəyə gəldiyini bildirib: “Biz çalışırıq yaradıcı düşərgəni dünyanın bütün bölgələrində gerçəkləşdirək. Bu dəfə layihə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirildi. Ağdam Şuşa və digər bölgələrdə tarixi abidələrimiz dağıdılsa da, biz, Qarabağı yenidən quracağıq. Biz çalışırıq bu bölgədə sülhün yaradıcısı olaq. Şuşa və Qarabağın digər bölgələrini ziyarət edən rəssamlar təbiətdən ilhamlanaraq öz təəssüratlarını kətan üzərinə köçürən zaman bir növ Azərbaycanın mədəniyyət elçisinə çevrilir. Əminəm ki, burada olarkən gənc rəssamlar Azərbaycan xalqının sülhsevər və qonaqpərvər bir xalq olduğunu görüb. Şadam ki, UNESCO tərəfindən yaradılan bu layihə gələcəkdə Şuşanı dünya mədəniyyətinin böyük bir mərkəzinə çevirəcək”.
UNESCO-nun mədəni diplomatiya üzrə xoşməramlı səfiri Hedva Ser gənc rəssamları Azərbaycanda görməkdən məmnun olduğunu söyləyib. O deyib: “Mən Şuşanın müharibədən əvvəlki və sonrakı vəziyyətini şəkillərdə görərkən çox təsirləndim. Rəssamların gördüyü işlər mənim çox xoşuma gəldi. 2012-ci ildən başlanan layihə incəsənət nümayəndələrini tək bir araya gətirmək üçün deyil, həmçinin dünya xalqları arasında mədəni körpünün qurulmasına xidmət edir”.
Əməkdar rəssam Əsmər Nərimanbəyova sərginin layihədə iştirak edən rəssamlar üçün çox əhəmiyyətli olduğunu deyib. Bildirib ki, bu rəsmlər Ağdam, Füzuli, Cəbrayıl və Şuşanın bir güzgüsüdür. Rəssamlar Qarabağdan ilhamlanaraq onu olduğu kimi əks etdiriblər.
Sonra layihədə iştirak edən rəssamlara sertifikatlar təqdim olunub.
Layihə çərçivəsində gənc rəssamların çəkdiyi rəsm əsərlərindən ibarət kataloqun hazırlanması və xarici ölkələrdə yayımlanması, həmçinin rəsm əsərlərindən ibarət sərginin təşkili nəzərdə tutulur.
Ən çox oxunan: Azərbaycanlı musiqiçi, Vətən müharibəsi iştirakçısı evində ölü tapılıb
Azərbaycanlı DJ Murad Pikanın (Murad Abbaslı) vəfat etməsi xəbəri yayılıb. “Ədəbiyyat və incəsənət” portalı olay.az-a istinadən xəbər verir ki, bu barədə Muradın "beatmaker"i olduğu "Destroy" leyblı məlumat yayıb.
Murad Pikanın avqustun 29-u evində ölü tapıldığı qeyd edilir. Məlumata görə, 27 yaşlı M. Pika yuxudan oyanmayıb.
Qeyd edək ki, Murat "Rock", "Jazz" və "Blues" qruplarının aparıcı üzvü olub. O, gitarist, pianist, bəstəkar, beatmaker, DJ olmaqla yanaşı, həm də İkinci Qarabağ müharibəsi veteranı idi və iki medal ilə təltif edilmişdi.
Romada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olub
Prezident İlham Əliyev Romada Azərbaycanın İtaliya Respublikasındakı səfirliyinin yeni binasında Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə tanış olub.
Ölkəmizin rəsmi mənbələrinin yaydıqları xəbərə görə, sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə Roma şəhərində səfirliyimiz və onun tabeliyində Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olub, binanın əsaslı təmiri ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.
Bildirilib ki, ötən əsrin 40-cı illərində inşa edilmiş bina diplomatik nümayəndəliklərin yerləşdiyi Nomentano-Villa Torlonia ərazisindəki Via Giovanni Battista De Rossi 27 ünvanındadır.
Binanın 1-ci və 2-ci mərtəbələri Azərbaycan Mədəniyyət Mərkəzi, 3-5-ci mərtəbələri isə səfirlik üçün nəzərdə tutulub.
Dünyanın ən zəngin tarixi irsinin yerləşdiyi Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin təbliği istiqamətində atılan ən mühüm addımlardan biridir və dünyada multikulturalizmin beşiyi sayılan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdiyi ölkələr arasında İtaliya xüsusi yerə malikdir. Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlaması ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılmasına, Azərbaycan və İtaliya arasında mədəniyyət, elm, təhsil, humanitar sahələrdə daha səmərəli fəaliyyətin həyata keçirilməsinə geniş imkanlar açacaq.
Mədəniyyət Mərkəzinin daxili tərtibatında Azərbaycanın dövlət rəmzlərindən, milli sənətkarlıq elementlərindən, o cümlədən şəbəkədən istifadə edilib. Mərkəzin müxtəlif ekspozisiya zallarında Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Qədim silahlar, misgərlik məmulatları, xalça sənətinin nümunələri, zinət və bəzək əşyaları, milli geyim və aksessuarlar da daxil olmaqla bütün eksponatlar Azərbaycanın qədim, zəngin tarixindən və mədəniyyətindən xəbər verir. Mərkəzdə müxtəlif tədbirlərin və görüşlərin keçirilməsi üçün hər cür imkan yaradılıb.
Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın müxtəlif məktəblərinin nümunələrinin təqdim edildiyi mərkəzdə qədim xalça və xalça məmulatlarının geniş çeşidi sərgilənir. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə italyan dilində məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri, ölkəmizdə qədimdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verilir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir.
Azərbaycan Mədəniyyət Mərkəzində Heydər Əliyev Fondu tərəfindən italyan dilində nəşr olunmuş Azərbaycanın mədəniyyəti, incəsənəti, sənətkarlığı, qayaüstü rəsmlər, miniatür sənəti, milli musiqimiz, zərgərlik məmulatları, xalçalar ilə bağlı kitablar nümayiş etdirilir. Mərkəzdə, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, xarici siyasəti ilə bağlı son illər İtaliyada nəşr edilmiş kitablar da təqdim olunur.
Prezident İlham Əliyev mərkəzin açılışı münasibətilə təşkil edilən “Mənim Azərbaycanım” adlı rəsm sərgisi ilə də tanış olub. Sərgidə realizmdən tutmuş modernizm və postmodernizmədək Azərbaycanın təsviri sənətinin nadir nümunələri nümayiş etdirilir.
Mərkəzdə iki ölkə arasında elm-təhsil mübadilələri çərçivəsində onlayn dərslərin keçirilməsi, Azərbaycan dilinin tədrisi üçün xüsusi avadanlıqlarla təchiz olunmuş otaq da vardır. Burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Qədim musiqi alətlərimizin sərgisi təşkil olunub və bütün musiqi janrlarımızla bağlı CD-lər və italyan dilində nəşrlərdən ibarət guşə də yaradılıb. Bundan başqa, mərkəzdə Azərbaycanın milli mətbəxinin nümunələrinin hazırlanması və müvafiq master-klasların və təlimlərin keçirilməsi üçün şərait var.
ƏSA Teatrı bu gün 6 yaşını qeyd edir
Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının fəaliyyətə başlamasının bu gün 6-cı ili tamam olur. Əlilliyi olan və olmayan aktyorlardan ibarət bu teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.
ƏSA Teatrı yarandığı gündən bu günədək 6 il ərzində böyük uğurlara imza ataraq, dünya və Azərbaycan ədəbiyyatının ən sevilən əsərlərinə quruluş verib, eləcə də vacib layihələr həyata keçirib.
Gənc olmasına baxmayaraq, teatr U.Şeksprin, C.Steynbekin, M.F.Axundzadənin, M.Meterlinkin, J.B.Molyerin, J.P.Sartrın, P.Turrinin əsərləri olmaqla 10 tamaşa və üç performans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması üçün sosial çarxlar ənənəsinin əsasını qoyub, həmçinin çox sayda rəqəmsal layihələr həyata keçirib. 2016-cı ildən bu günədək ƏSA Teatrı yerli və xarici, dövlət və qeyri-dövlət qurumları ilə yaradıcı əməkdaşlıq edib.
ƏSA Teatrı öz fəaliyyəti ilə Azərbaycan mədəniyyətini dünyada uğurla təmsil edir. Teatrın təsisçisi Nihad Qulamzadə 2018-ci ildə ABŞ-da “Açıq Dünya” Proqramında ölkəmizdəki inklüziv incəsənətin, teatrın fəaliyyəti və inkişafı haqqında ətraflı məlumat verib. 2021-ci ildə Rusiya Federasiyasının “Sosial-Mədəni Təşəbbüslər Fondu” tərəfindən “İsti ürək” beynəlxalq mükafatına layiq görülüb. Həmçinin Azərbaycan bölgələrini qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan ƏSA Teatrı Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. Ötən il respublika üzrə keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nda “Qonşu” tamaşası ilə birinci yerə layiq görülüb.
Qeyd edək ki, 7-ci mövsümə başlayan ƏSA Teatrı sentyabr ayından etibarən tamaşaçıların görüşünə gələcək.
Bu gün 6 yaşını qeyd edən ƏSA Teatrında 20-dən çox əlilliyi olan və olmayan istedadlı aktyor heyəti fəaliyyət göstərir. ƏSA Teatrına ən böyük arzusu qarşıdakı teatr mövsümündə kollektivin məkanla təmin olunmasıdır.