Super User

Super User

Əlibala Məhərrəmzadə yazır

 

 «İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mayk Cordan

 

 Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.

İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.

İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.

Özünəinam bir görün nələrə qadirmiş!

Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.

Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.

Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!

Mən əbəs yerə yazımı ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».

Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!

Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!

 

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

 

 

Bazar ertəsi, 28 Noyabr 2022 11:30

“Hamı ölüb… torpaq sağdı…”

“Ədəbiyyat və incəsənət” portalı Ədəbi qiraət rubrikasında sizlərə Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı…” şeirini təqdim edir. 

 

O aşıq çoxdan ölsə də,

Barmağı saznan oynayır…

Söz oynayır göy üzüylə

Qələm də söznən oynayır.

 

Yol qurtardı… dayan, adam,

Sənin deyil o yan, adam.

…Qəmiylə oynayan adam

Elə bil köznən oynayır…

 

Hamı ölüb… torpaq sağdı.

Mən axsağam, yol axsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oynayır?!

 

Bu ömürdü, ya səfərdi?

Hara baxırsan- çəpərdi…

Tək o nəğmə bəxtəvərdi-

Bİr gözəl qıznan oynayır…

 

Səni sevdim, sən də uzaq…

Bəlkə bu bəxtə uduzaq?

…Üstünü çırpan bir uşaq 

Oturub toznan oynayır…

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Bazar ertəsi, 28 Noyabr 2022 16:00

“Qağayı” tamaşası maraqla izlənilib

 

Dünən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dahi rus klassiki A.Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova aiddir.

Tamaşanın əsas ideyasını ifadə edən tənhalıq, təzadlar, tərəddüdlər içərisində qalmış insanın problemi hər bir qəhrəmanın vasitəsilə qabardılıb. 

Tamaşaçılar tamaşanı alqışlarla qarşılayıblar.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

“Ədəbiyyat və incəsənət” Daycest bölümündə əməkdat artist Mətanət İsgəndərlinin fikirlərini dərc edir. Bizcə, insanları yaxşı tanımaq üçün onları dinləmək vacibdir. 

 

“İnsanlara güvənib azalıb. O qədər inanmışam, o qədər güvənmişəm, sonda da gözləmədiyim hərəkətləri onlardan görmüşəm. Ürəyi təmiz insanlar üçün bu fani dünyada yaşamaq olduqca çətindir. Qarşımdakına inanmışam. Bəzən ürəyimin təmizliyindən övladlarım da əziyyət çəkib".

Bu açıqlamasından daha sonra Mətanət İsgəndərli deyib:

"Yaxşı sənətkar olmağın hələ sənin yaxşı insan olmağın demək deyil. Özünü dağ başına qoymaq yaxşı hal deyil. İnsanlara yuxarıdan aşağı baxmaqla sən Allahı qəzəbləndirə bilərsən. Şan-şöhrətə çatdım, amma bu mənim başımı gicəlləndirmədi. Dünyadan gedəndə nə var-dövlət, nə də şan-şöhrət aparırsan. Özünü sadə, insan kimi apar, qoy öləndən sonra rəhmət oxusunlar" deyə müğənni bildirib.

Sənətçi qazancını sənətinə qoyduğunu deyir.

"Bütün qazancımı sənətimə qoymuşam. 600-ə yaxın mahnım var, hələ neçəsi var ki, heç oxumamışam. Sonuncu qəpiyim də olub aranjimana vermişəm. Gedib borc edib aranjiman etdirmişəm. Özü də ən bahalı aranjimanları mən etdirmişəm. Bu sənətə pul qoymaq lazımdır ki, pul götürəsən. Amma inanın ki, məqsədim pul götürmək də olmayıb. Heç vaxt var-dövlətimlə öyünməmişəm. Çünki əvvəlindən görmüşəm" deyə müğənni bildirib.

Müğənni son günlər daha da məşhurlaşan "Qərib payız" mahnısından danışıb.

"Müğənni o ab-havaya düşməsə ondan heç nə inandırıcı alınmaz. Bu mahnını oxuyanda çox dərdli idim, böyük haqsızlıqlar qarşısında imtahan verirdim. Kefimin kök vaxtında bu mahnını gedib oxuya bilməzdim. Mən o harayı, o dərdi bu mahnı vasitəsilə çatdırmaq istəyirdim. Səs rejissoruna dedim ki, qapını bağla, heç kimi otağa buraxma, mən istəyirəm ki, içimi bu mahnıya töküm. Hönkürtü ilə bu mahnını oxumuşam" deyə müğənni bildirib.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Rəsm qalereyası: Vinsent Van Qoq, “Çiçəkləyən şaftalı ağacları”

 

Bu gün və sabah Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq.  Gürcü teatrının kollektivi dünyaşöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək. Tamaşa gürcü dilində oynanılacaq. Burda istinad npqtəsi bu deyimdir: incəsənətin dili olmaz.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa İli”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır.

Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir.

İki il əvvəl hazırlanan maraqlı və qeyri-adi süjet xəttinə malik olan bu tamaşada Gürcüstanın tanınmış aktyorları Nika Kuçava, Ana Vasadze, Manana Kozakova-Tsuladze, Ketevan Tsxakaya, Besiki Barataşvili Georgi (Jaba) Kiladze, Maryam Tskipurişvili iştirak edirlər. 

“Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

Bu gün “Masal prodakşn"ın istehsalı olan "Sarəng" sənədli filminin təqdimat mərasimi keçiriləcək. 

 

“Ədəbiyat və incəsənət” portalı xəbər verir ki, Nizami Kino Mərkəzində reallaşacaq sənədli filmitTanınmış bəstəkar, şair, həkim, alim Mir Kazım Aslanlı Sarəngin həyat və yaradıcılığından bəhs edir.

Ekran əsəri Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin və Gözəl Yaşam Mərkəzinin dəstəyi ilə reallaşacaq. 

Ekran əsərinin ideya və ssenari müəllifi Cəfər Cəfərov, Quruluş və təsvir rejissoru Elsevər Əliyev, Montaj rejissoru Faiq Mirzə, Məsləhətçisi Nurəddin Ədiloğludur. 

Filmdə Mir Kazım Aslanlı obrazını Cəmaləddin Əliyev canlandırıb.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

Türkiyənin məşhur kardioloqu və daxili xəstəliklər üzrə professoru Canan Karatay marqarin yağı kimi qarışıq yağların xərçəng riskini artırdırdığını bildirib.

ATV kanalının səhər proqramında   qonaq olan Karatay həkimlərin standart açıqlamasına qarşı çıxaraq bütün xəstəliklərin genetik olmadığını isbatlayıb. 

 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Karatay bir çox xəstəliklərin kökünün yanlış qidalanmadan qaynaqlandığını bildirib.

"Şəkərli, qazlı içkilər çox təhlükəlidir. Xüsusən də meyvəli şirələrin tərkibin də brom adlı kimyəvi maddə var. Bu maddə zəhərdir. Orqanizmdəki bütün xəstəlikləri də o, törədir”.

Professor həmçinin vurğulayıb ki, qarpız və qovun mövsümü başlayanda, xəstələrində böyrək problemləri artır. Sidik turşusunun miqdarı çoxalır. Odur ki, qovun və qarpızı miqdarından artıq qəbul etməyin.

Əvəzində qırmızı ət, yumurta, lobya, həmçinin qurdlu almaya üstünlük verin. Qurdunu qəbul etmədən almanı yeyin. Çünki bu almalar çox faydalıdır.

Karatay həmçinin iki cür yağın xərçəngə səbəb olduğunu bildirib.

O deyib ki, 1950-ci ildən başlayaraq marqarin yağının Türkiyəyə ixrac olunması ilə ölkədə xərçəng və ürək xəstəlikləri geniş yayılmağa başlayıb. Çünki marqarinin tərkibində trans yağlar var.

Karatay onu da bildirib ki, hətta təbii yağı da çox isidəndə qarışıq yağ maddələri meydana çıxır. Odur ki, qızartmadan qaçmaq lazımdır.

Təbii ki, ölkəmizdə kərə yağının, eləcə də keyfiyyətli bitki yağlarının  qiymətlərinin ceyran belinə çıxması səbəbindən hamı ucuz marqarın yağlarına qaçır. Biz pulumuza qıymır, canımızasa qıyırıq.

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Hazırda bizə dost olmayan ölkənin ən gözəl qızı adını Gucci-nin modeli Armine Arutyan daşıyır. 

24 yaşlı bu qızı görəndə nəinki insan ona valeh olur, əksinə, ən azından, onun uzun burnundan və bol tüklü çatma qaşından diksinir. 

 

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Vogue dərgisində Arminenin fotosunu görərkən, öncə həqiqətən elə sanıb ki, dərgi ən eybəcərləri təqdim edir. Deməzsənmiş, bu idbarsifət öz ölkəsinin ən gözəli imiş. Bəli, Armine etnik erməni gözəlliyinin etalonu sayılırmış.

 

Oxucularımızdan xahiş edirik ki, gəlin milli mənsubiyyəti kənara qoyub sadəcə, estetik baxımdan bu xanıma qiymət verək. Özü də 10 ballıq şkala ilə. Nə alınır sizdə? Vallah bəndəniz elə də millətçi deyil. Amma sıfır ki sıfır! 

 

Armine Yerevanda doğulub. Onun babası məşhur rəssam Xaçatur Azizyandır. Armine özü modelliklə  yanaşı həm də dizayner və illüstratordur.  Model kimi məşhurlaşması, gedib Gucci-yə çıxması isə təsadüfən olub. Berlinin mərkəzi küçəsi ilə gedərkən brendin bir skautu onu görüb və dərhal əlaqə nömrəsini verərək sınaq podiumuna dəvət edib. 

Gucci başbilənləri ilk təqdimatda izləyicilərin təəccübünə səbəb olacaqlarını gözardına alıblar və “Hər xalqın öz kanonları var” sığortasını ediblər. 

Bizə isə belə gəlir ki, Avropa standart gözəlçələri təqdim etməkdən usanaraq ekzotika xatirinə gözəl əvəzinə bu idbarı trendə dürtüşdürüb. 

Niyə? 

Bu suala deyəsən artıq cavab verdik. 

 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

 

“Yeni adlar” layihəsi barədə sizlərə məlumat vermişik, layihənin məqsədi milli musiqimizin və mədəni irsimizin qorunması, eləcə də ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətinə töhfə verməkdir. Layihə eyni zamanda Azərbaycan ifaçılıq sənətində olan yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən və onu dərk edərək, böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün belə imkanların yaradılması onların inkişafına böyük təkandır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində konsert proqramı təşkil ediləcək. 

“Ədəbiyyat və incəsənət” gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev, solistlər qanun ifaçısı Aişə Əmrahova və tar ifaçısı Hüseyn Quliyev) çıxış edəcək.

 

“Ədəbiyyat və incəsənət” (28.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.