
Super User
Dünya Gənc Türk Yazarlar Birliyi yeni nəşrini təqdim edəcək
Dekabrın 3-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunmuş "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabının təqdimat mərasimi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Gəncliyə Yardım Fondunun konfrans zalında (Cəfərov qardaşları küçəsi 16, Tarixi Təzəbəy hamam kompleksinin yaxınlığı) düzənlənəcək tədbirin proqramı aşağıdakı kimi olacaq:
1. Kitabın təqdimatı, müzakirələr.
2. Təltiflər.
3. Kofe-çay fasiləsi.
Kitablar tədbir iştirakçılarına hədiyyə olunacaq.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
17 rəssamımızın əsəri ABŞ-da nümayiş olunacaq
Mədəni əlaqələrimiz durmadan genişlənməkdədir. Növbəti manşet xəbərimiz Mayamidəndir. Azərbaycanla ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə sözügedən şəhərdə gənc rəssamlarımızın əsərlərindən ibarət qrup sərgisi açılacaq.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən xəbər verir ki, sərgi səfirliyin “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi ilə birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərginin açılmasında məqsəd mədəniyyət və incəsənətimizi yerli ictimaiyyətin diqqətinə çatdırmaq, onları yaxından tanış etməkdir.
Dekabrın 15-də təşkil olunacaq sərgi 22-dək ziyarətçilər üçün açıq qalacaq.
Sərgidə 17 rəssamın 71 rəsm əsəri nümayiş ediləcək.
Vyanada Tofiq Quliyev və Emin Sabitoğlunun xatirə konserti keçirilib
Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli bəstəkarlarımız, Xalq artistləri, Dövlət Mükafatı laureatları Tofiq Quliyevin 105 və Emin Sabitoğlunun 85 illik yubileylərinə həsr olunmuş konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” AzərTAC-ın xüsusi müxbirinə istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova başa çatmaqda olan ilin yubiley və əlamətdar hadisələrin ildönümü ilə yadda qaldığını bildirib. Qeyd edilib ki, Tofiq Quliyev və Emin Sabitoğlunun yubileylərinin birgə keçirilməsinin səbəbi onların bir çox cəhətdən oxşar xüsusiyyətlərə malik olmaları ilə əlaqədardır. L.Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə bu tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Universitetin rektoru, professor Ceyran Mahmudova bəstəkarların həyat və yaradıcılığından söz açıb. Qeyd edilib ki, klassik musiqi janrlarından sanballı əsərlər bəstələyən hər iki bəstəkarı ölməz mahnıları və filmlərə bəstələdikləri musiqi əsərləri daha da məşhurlaşdırıb və sevdirib.
C. Mahmudova Emin Sabitoğlunun yaradıcılığına həsr olunmuş kitablarını Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.
Sonra 40-dan çox bədii film üçün musiqi bəstələmiş Emin Sabitoğlunun ən tanınan melodiyalarından ibarət videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət Universitetinin Estrada sənəti kafedrasının tələbələri Türkay Məlikova və Xasay Şıxıyev ölməz bəstəkarların mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər. Onları fortepianoda həmin kafedranın konsertmeysteri Rəcəb Zeynalov müşayiət edib. Konsertdə bəstəkarların dillər əzbəri olan mahnıları və bədii filmlər üçün bəstələnən əsərləri ifa edilib.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Aktyorlarımızın menyüsünə: 8 milyonluq qonorar müqaviləsi
Əlbəttə, Qərb sənətçilərlə bağlanan başgicəlləndirici müqavilələrlə, fantastik məbləğlərlə həmişə bizi təəccübləndirib. Xüsusən, teleseriallarda günlük 20 manata çalışan (halbuki qul bazarında günlük haqq 30 manatdır) məzlum aktyorlarımız bu rəqəmlərə qibtə və həsədlə baxıblar.
Amma indi qardaş Türkiyə də həmin sıraya yüksəlməkdədir. Baxın, ünlü aktrisa Məryəm Üzərli siması olduğu "Blue diamond" markasıyla müqaviləsini yeniləyib. Bu barədə Türkiyə telekanalları vurhavur özəl xəbərlər yayınlayırlar. Beləcə, aktrisa bir il də brendlə çalışmağa davam edəcək. Və bunun müqavilində ona 8 milyon TL veriləcək.
Aktyorlarımıza valeryanka tövsiyyə edirik.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Klarens Gilyard vəfat edib
Kinosevərlər üçün üzücü bir xəbər var. Hollivud aktyoru, “Yaxşı Uolker", "Möhkəm adam" və "Yaxşı nişançı" seriallarının ulduzu Klarens Gilyard vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı Qərb mediaslna istinadla xəbər verir ki, Gilyard 66 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Klarens son dəfə "Həyat faktları", "Ördək fabriki" kimi layihələrdə rol almışdı, xəstəliklə mübarizə apara-apara daha bir neçə layihəyə qoşulmaq fikrindəydi. Amma qismət olmadı.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
“Bağışla Tanrı, sənin yazdığın ömrü yaşamağa hövsələm çatmadı...”
“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında Tural Turanın “Ölümdən sonra... “ adlı şeirini təqdim edir
Fevraldan bəri bu gün ilk şeirimi yazdım... Əslində neçə illər idi ki, beynimdə idi, tamamlana bilmirdi. Bu gün son sancını çəkdim və axır ki, doğdum...
Pianonun dillərindən asdılar alın yazımı,
bütün dar ağacları oxuyub utandı.
Utandı, oğlumun gözündəki tənha işıq da,
utandı corab satan körpənin
üşüyən yanaqlarındakı noyabr küləyi də.
Utandığından əllərini üzünə tutdu başdaşım!
Ardınca
kölgəmdən üzr istədi bütün lal notlar.
Əslində, nə alnım var, nə də yazım!
Mən doğulduğum gün ölümlə boyandım...
Son dəfə yazdığım məktubu da
payızın cümə günü əlindən salaraq itirmişdi...
...İllər sonra,
yuxusu qaçmış küçələrin birində
tapdım öldüyüm günə yazdığım məktubu.
Tanrının tabutunu çəkmişdim, son cümlədə:
-Gəl, bir yerdə,
Elə əl-ələ ölək, sevgilim,
Əvvəl sən məni basdır,
Sonra son duam səni...
Beləcə, sağollaşmışdıq.
İndi həmin pianoya toxunuram,
Toz basıb alın yazımı,
Hərfləri saralıb...
Bağışla Tanrı,
sənin yazdığın ömrü
yaşamağa hövsələm çatmadı...
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun beynəlxalq əməkdaşlıq çərçivəsində atdığl növbəti addım Macarıstanla bağlı olub. Belə ki, fondun
prezidenti Günay Əfəndiyeva Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı Fonda istinadən xəbər verir ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən çoxəsirlik türk mədəniyyətinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstan ilə mümkün yeni əməkdaşlıq istiqamətlərindən bəhs edib.
Səfiri Tamaş Yojef Torma Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Macarıstanın Vezprem şəhəri və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı olan Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib, həmçinin Fondu bu proseslərə dəstək verməyə dəvət edib.
Bununla yanaşı, görüşdə Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Və xeyli faydalı olub bu müzakirələr.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
YARAT-da performans üzrə ustad dərsi keçirildi
YARAT Müasir İncəsənət Mərkəzində türk rəssam Nezaket Ekicinin iştirakı ilə “Qısa, lakin intensiv” adlı performans üzrə ustad dərsi keçirilib.
“Əsəbiyyat və incəsənət” portalı xəbər verir ki, dərslər zamanı rəssam, bəzi əsərlərini performansın fraqmentləri kimi nümayiş etdirib və iştirakçılarla birgə çıxış edib. Performansda diqqət konsentrasiyası üzrə tapşırıqlar iştirakçılara məkanda mövcudluğu inkişaf etdirməyə kömək edib. İştirakçılar öz bədənlərinin köməyi ilə diqqət konsentrasiyasını artırmaq və onu hərəkətə çevirməklə bağlı strategiyaları öyrəniblər. Performans vasitəsilə öz ideyalarını təqdim etməyi və müəyyən mənada, sənət əsərini həyata keçirməyi öyrəniblər, çünki performans, mahiyyət etibarilə, bir fikrin zamanla idarə edilməsi və bir sənət əsərinin "hərəkətə gətirilməsini" ehtiva edir.
Nezaket Ekici Berlin, Ştutqart və İstanbulda yaşayır və fəaliyyət göstərir. Lüdviq Maksimilian Universitetində incəsənət təhsili üzrə magistr dərəcəsinə yiyələnib, eyni zamanda, Təsviri İncəsənət Akademiyasında heykəltaraşlıq üzrə incəsənət təhsili alıb. O, 4 qitənin 60-dan çox ölkəsində 300-dən çox performans əsəri təqdim edib. Braunşveyq Təsviri İncəsənət Universitetində Marina Abramoviçdən performans sənətini öyrənən Nezaket Ekici öz çıxışları ilə fiziki baxımdan mümkün olan sərhədləri aşır. Onun performans və instalyasiya kimi təqdim olunan əsərlərində yerdəyişmə, məkan, material, vücud, hərəkət, qarşılıqlı təsir kimi cəhətlər mühüm rol oynayır.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
Musiqi xəzinəmizdən bir iz
Beynəlxalq Muğam Mərkəzində “Salam, Məşədi” kitabının təqdimatı keçirilib. “Ədəbiyyat və incəsənət” portalı Gülhüseyn Kazımova istinadən xəbər verir ki, mərkəzin nəşrləri seriyasından növbəti kitab əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilib.
Təqdimatdan əvvəl iştirakçılar BMM-nin foyesində xanəndənin büstü önünə tər çiçəklər qoyaraq xatirəsini yad ediblər.
Kitabın “Ön söz” müəllifi, Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, kitabda tarixi faktlar, qədim fotolar, dövrümüzün muğam ustadlarının fikirləri, daş valların surətləri səliqəli şəkildə əks olunub. Xanəndənin “Sport-Rekord”, “Pate” firmalarındakı ifalarının 1912-ci ildəki kataloqu elmi məziyyəti daha da artırır. Bu kataloq xanəndənin repertuarı haqında böyük təəssürat yaradır.
Professor Abbasqulu Nəcəfzadə, Əməkdar artist, tarzən Valeh Rəhimov, kitabın redaktoru Kənan Hacı muğam irsimizin öyrənilməsində kitabın dəyərli mənbələrdən biri olduğunu söyləyiblər. Çıxışçılar “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyan xanəndənin irsinin araşdırılmasının önəmini vurğulayıblar.
Ədəbiyyatşünas Əsəd Cahangir, şair, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar.
Bildirilib ki, kitabda muğam tariximizlə maraqlanan oxucular tədqiqatçı Dilqəm Əhmədin xanəndəyə aid Türkiyə arxivlərində aşkar etdiyi sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında yazdığı düşüncələri ilə tanış ola biləcəklər.
Qeyd edilib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.
Sonra xanəndənin Azərbaycan Dövlət Səs Yazıları Arxivində tapılan ifaları səsləndirilib. Tədbir musiqiçilərin ifaları ilə davam edib.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)
“TEAS Press” gənclərin roman müsabiqəsinin II seçim mərhələsinin nəticələrini açıqlayıb
Naşir-yazar münasibətlərinin formalaşmasını prioritet hesab edən
“TEAS Press” nəşriyyat evi növbəti addımı ataraq gənclərin roman müsabiqəsini elan etmişdi ki, bu günlərdə müsabiqənin ikinci seçim mərhələsinin nəticələri bəlli olub.
Təfsilatı “Ədəbiyyat və incəsənət”in nəşriyyat evinə istinadında.
Münsiflər heyəti ikinci mərhələnin qısa siyahısını müəyyənləşdirib. İlk beşliyə Əfrail Abbaszadənin “Mənguberdi”, Əşrəf Əşrəfovun “Gecənin ən qaranlıq anı”, Seymur Həmzəyevin “Nikolas Bonnet – Şərqə aparan hekayə”, Elay İsmayılovun “Günah kolleksioneri” və Pərvin İsmayılovun “Xanədan” əsərləri daxil edilib.
Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaq. Birinci yerin sahibinə 2000 (iki min) AZN məbləğində pul mükafatı veriləcək, müəllifin əsəri “TEAS Press” nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində həmin kitabın təqdimatı keçiriləcək. İkinci yerin sahibinə 1500 (min beş yüz), üçüncü yerin sahibinə isə 1000 (min) AZN məbləğində pul mükafatı veriləcək.
Müsabiqənin nəticələri dekabrın 15-də təşkil olunacaq mükafatlandırma mərasimində açıqlanacaq.
Qeyd edək ki, “TEAS Press” nəşriyyat evinin bu layihəni həyata keçirməkdə əsas məqsədi yeni imzaların üzə çıxarılmasına və gənc yazıçıların tanıdılmasına dəstək olmaqdan, həmçinin ümumbəşəri dəyərləri təbliğ edən mövzuları roman janrı vasitəsilə oxuculara çatdırmaqdan və ədəbi rəqabət mühitinin inkişafına töhfə verməkdən ibarətdir.
“Ədəbiyyat və incəsənət” (30.11.2022)