Super User

Super User

Cümə axşamı, 06 Aprel 2023 10:30

Saz ilə, söz ilə…

Muğam Mərkəzində Əkbər Qoşalının 50 illik yubileyi qeyd edildi

 

Dünən axşam Beynəlxalq Muğam Mərkəzində şair Əkbər Qoşalının 50 illik yubileyi qeyd olundu. Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə keçirılən yubileydə iştirak etmək istəyənlər o qədər çox idi ki, qapı ağzında çox sayda adam qalmışdı. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley törənində Milli Məclisin Mədəniyyət Komitəsinə rəhbərlik edən Qənirə Paşayeva ilk olaraq çıxış etdi, Əkbər Qoşalını türk dünyasına körpü salan şəxs adlandırdı. 

Daha sonra məşhur alim Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev eləcə də xarici qonaqlar çıxış etdilər, yubilyara ürək sözlərini çatdırdılar. Bu yubiley törənlərində iştirak etmək üçün ölkəmizə türk dünyasının ünlü söz adamları, nüfuzlu diaspor nümayəndələrimiz təşrif buyurmuşdular. 

Malik Otorbayev – Qazaxıstan Prezidentinin müşavirinin, Rkail Zəydullanın – Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Millət vəkilinin, Şemsettin Kuzecinin - İraq Türkmanlarının tanınmış nümayəndəsinin, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadimin çıxışları xüsusi alıqşlarla qarşılandı. 

Xarici qonaqlar və diaspora nümayəndəıərimiz arasında digərləri də vardı:

Murat Toylu – “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist,

 Aygiz Baymuxammet – Başqurdistan Yazıçılar Birliyinin başqanı, Dövlət Gənclər Mükafatı laureatı,

 Qavril Androsov – Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini,

 Tanagöz Tolkınkızı – Qazaxıstanda ABAY TV-nin prodüsseri, şair,

Janargül Kadırova – Qazaxıstanın Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru,

Janayım Auğanbaykızı – Qazaxıstan yazarı, teleaparıcı,

Batırxan Sersenxan – “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı;

 Nurlan Kalıbekov – Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi, şair,

 Marina Karyagina – Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair, rejissor;

 Əliş Məmmədov – Saxa-Yauyita İl Tüməninin  (Parlamentinin) deputatı, “Saxa-Yakutiya Azərbaycan diasporu" ictimai təşkilatının sədri,

Tərlan Qasımov – “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri,

Aqil Əliyev – “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı;

Yılmaz Okuklu – Türkiyədən nüfuzlu işadamı,

Selim Yuhay – Türkiyə telejurnalisti, rejissor, ictimai xadim.

Çıxışçılar həm də yubilyarı təltif etdi, Əkbər Qoşalı Qazaxıstanın, Qırğızıstanın, Tatarıstanın medallarını, AYB-nin Diplomunu qazandı.

Aşıq musiqisi, “Folklor” ansamblının çıxışı, qiraətçinin səsləndirdiyi şeirlər isə gecəyə xüsusi gözəllik verdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Cümə axşamı, 06 Aprel 2023 10:00

Qısa fikirlər xəzinəsində Herman Hesse

 

“Ədəbiyyat və incəsənət” portalı çox sevilən “Qısa fikirlər xəzinəsi” rubrikasında bu gün sizlərə Herman Hessenin qiymətli fikirlərini çatdıracaq.

 

 

***

 

Təbiətə yaxın olduqca Tanrının sədasını da duyursan...

 

***

...Mən bilməmişəm, inanclı olmaq elə sağlam və sevincli olmağın özüymüş...

 

***

Təhlükəsiz yolla bir tək zəifləri göndərirlər.

 

***

Hər insanın yeganə gerçək bir işi var: özünə aparan yolu tapmaq...

 

***

İçində kitablar olmayan bir ev – yerinə nə qədər qiymətli xalı sərilə, divarları nə qədər bahalı rəsmlərlə bəzədilə, yenə yoxsuldur ki, yoxsul.

 

 

 “Ədəbiyyat və incəsənət”

(06.04.2023)

 

 

Cümə axşamı, 06 Aprel 2023 09:30

Nisgiləm, Harayam, Bağrı qarayam…

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikaaından ən yaxşı şeir seçmələrini sisin diqqətinizə çatdırırıq. Sırada Arğın Paşadır. 

 

 

AVTO BİOQRAFİ

 

1989-am; 1368

Nisgiləm

Harayam

Bağrı qarayam;

İnsanam və özgürlüyün özü;

Yəni öz kefimin paşası!

 

İgid babamın adını seçdim.

"Paşa"-yam;

Yam-yaşıl muğanda doğuldum;

Xəzəlin göbəyində.

 

Kiçik yaşlarımdan şeirlə boy atdım.

Əzbərlədim qəbir şeirlərini!

Atamın söylədiyi nağılları,

Anamın nisgilli bayatılarını və

Sevdim anamı; dilini daha artıq.

 

Onsəkkizimdə dil açdım.

Ondoqquzmda əsgərliyə getdim

Gənc qardaşımla birlikdə.

Bu anlar şeir içimi döydü.

Çəkib canımdan dağıtdım varaqlara

İçimdəki darıxma qasırğasın...

 

Bitirib gəldim və son günündə gəldi əsgər qardaşım;

Amma əllərdə!..

Bu çağlar sevgi də məndə güllələndi və dağıldım...

 

Bitki ozmanlığı bitirdim bilim yurdunda.

 İyirmi ikimdə ədəbi dərnəklərlə tanış oldum.

Az sonra muğanın şeir dərnəyində,

Yazıçılar birliyində birinci səsi qazandım.

 

Şeir və hekayə oxudum dünya yazarlarından və yazıldım neçə ölkədə.

 İyirmi üçümdən uşaqlar üçün yazdım.

Kitab etdim neçə dönə.

 İyirmi səkkizimdə məzar şeirim doğuldu;

Doğum günümdə!

 İyirmi doqquzumda işimdən atıldım...

 Yalqızlığımda yalqız olmayanda darıxdım.

Darıxmalarımı Nəsimidə yaşadım

Füzulinin dərdli sətirlərində;

Ramizdə, Xəlil Rzada, Bəxtiyarda

O tayda, bu tayda;

Arazda yaşadım, yaşa doldum aramızda

Yəni yaşamadım yaşam boyu...

 Bu an

Otuzumdayam;

Və hələ də iyirmi birimdə!..

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

İlin əsas kino hadisələrindən birinə - 76 –cı “Kann” Beynəlxalq Film Festivalına sayılı günlər qalır. Biz sizə müntəzəm olaraq festival çərçivəsində təqdim olunacaq filmlərdən nəhs edirik. Daha bir xəbərimiz var: Hollivud ulduzu Harrison Fordun baş rol ifaçısı olduğu rejissor Ceyms Menqoldun “İndiana Cons və taleyin məbədi” filminin dünya premyerası da Kann festivalında olacaq.

 

Festivalın sosial media hesabları xəbər verirlər ki, on beş ildən sonra rejissor Ceyms Menqoldun çəkdiyi ekran əsərinin ilk təqdimatı Kannda mayın 18 –də gerçəkləşəcək. Film daha sonra iyunun 28-də Fransa kinoteatrlarında, iyunun 30-da isə ABŞ-də nümayiş olunacaq.

Film müsabiqədənkənar nümayiş ediləcək və ekran əsərinin süjet xətti barəsində hələ heç bir açıqlama verilməyib.

Xatırladaq ki, əfsanəvi macəraçı İndiana Cons haqqında təqdim olunmuş sonuncu film rejissor Stiven Spilberqin 2008-ci ildə çəkdiyi "İndiana Cons və Kristal kəllə krallığı" adlı ekran əsəri olub.

 

“Ədəbiyyat və incəsənət”

(06.04.2023)

Çərşənbə, 05 Aprel 2023 18:30

Sinoptiklərdən xəbərdarlıq edib

 

Bu gün axşam şimal və qərb rayonlarından başlayaraq aprelin 7-si gündüzədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, aprelin 8-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal edilir.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

 

“Startup school”da ideya yarışı keçirilir

 

Səmərələşdiricilər və ixtiraçılar cəmiyyətdə daim lazımlı adamlar sayılırlar. Bir vaxtlar ölkəmizdə kəşflər, ixtiralar və səmərələşdirici təkliflər üç kateqoriya üzrə mükafatlandırılırdı və bu işlə məşğul olanlar babat qazanc əldə edirdi…

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, hazırda KOBİA (Kiçik və orta biznesin inkişafı agentliyi) ən müxtəlif startUp layihələrini - müasir təbircə ixtira və kəşfləri, daha dəqiq isə ideyanı maliyyələşdirir. Özəl qurumlar da bu yöndə fəaliyyətdədirlər. Növbəti söhbətimiz bu barədədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School” bu cür bir platformadır və orada ideya yarışı keçirilir.

“Enterprise Azerbijan” portalının rəhbəri Mətanət Musayevanın bildirdiyinə görə, “StartUp School”a müraciət edən 200 layihə arasında startap layihələri ilə yanaşı ideyalar da üstünlük təşkil edib.

Bu ideyalar arasından ekspertlərin ən yaxşı hesab etdiyi 21 layihə “Ən yaxşı ideya” nominasiyasında yarışmaq üçün vəsiqə qazanıb. 

M.Musayeva məlumat verib ki, qalib ideyalardan 8-i xanım startapçılara məxsusdur. Müsabiqədə 15-25 yaş həddi arasında 16 nəfər qalib olub ki, bunlardan 2 nəfəri 15 yaşlı Azərbaycan vətəndaşları Ruslan Nəbili və Rəna Məmmədlidir. “StartUp School”a yeni ideyaları ilə müraciət edənlər arasında gənclər üstünlük təşkil etsə də, müsabiqədə yaşı 25-45 arası olan 4 nəfər də iştirak edib. Qalib ideya startapları arasında 4 nəfər Türkiyə vətəndaşı var. 

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

 

Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək. 

 

Bu barədə AzərTAC TASS-a istinadla xəbər verir. Məlumatda deyilir ki, pandemiya səbəbindən 2022-ci ildə qəbul edilən festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.

Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Moşu obrazı ilə sevilən Xalq artisti Valeh Kərimovun Moderator.az saytına verdiyi müsahibəsindən 4 maraqlı məqamı “Ədəbiyyat və incəsənət”in oxucularına təqdim edirik.

 

1-ci məqam

 

Uzun illər teatrda çalışmışam, indi də Mingəçevir Dövlət Dram Teatrında çalışıram. Ömür boyu ona pis baxmışam ki, evdə olan qan qaralığı teatra gətirəsən. Çox xırda şeylər məni əsəbləşdirir. O vaxt universitetdə dərs deyəndə tələbələrə əsəbləşirdim. Çünki bu sənətə laqeyd baxırdılar. Mən elə bilirdim ki, incəsənət sahəsində gəlib Cəfər Cabbarlının qəhrəmanları ilə, Şekspirin əsərləri ilə tanınacam. "Moşu" obrazı ilə tanındım. Amma bu rola qədər mən teatrda çox dramatik rollar oynamışam. Bu rollarımı sayanda bir çoxları deyir ki, xəbərsizik. Axı tamaşaları televiziyada göstərmirdilər.

 

2-ci məqam

 

"Bəxt üzüyü" filmindəki Moşu obrazı məni həm qabağa saldı, həm də arxaya atdı. Hətta bir dəfə filmə dəvət etmişdilər, rejissorlar öz aralarında söhbət edirdilər ki, "Vallah bu Moşu olacaq, sifət Moşudur da". Yaxşı pyesdir, Vaqif Səmədoğlu yazıb, ürəyini, əziyyətini bura qoyub. Bu obraz elə-belə yaranmadı. Müşahidə etdim. "Moşu"-nun pijamasını teatrın içindəki bir aktyordan götürdüm. Hərədən bir şey götürdüm. Allah rəhmət etsin, böyük şairimiz Zəlimxan Yaqub həmişə mənimlə görüşəndə deyirdi ki, "Moşu mənəm". "Bəxt üzüyü" filminə bəlkə də heç 5 dəfə baxmamışam. Həmişə göstərəndə deyirəm ki, kanalı dəyişin. Mən özümə niyə baxım ki? Mənim üçün maraqlı deyil, oldu keçdi.

 

3-cü məqam

 

Gəncliyimdə evlənmək istəmirdim, anam fikir edirdi. Evdə də qadağan etmişdim mənə evliliklə bağlı sual verməyi. İşə gedirdim, görürdüm ki, bacım axşamdan məktub yazıb, cibimə qoyub. O da deyirdi ki, anam fikir edir, Valeh evlən. 32 yaşında evləndim. Azad olmaq, azad yaşamaq istəyirdim. Mən cavanlıqda çox xanımlara vurulmuşam, amma heç kim mənə vurulmayıb. Çünki gənc qızlar gözəllik, yaraşıq axtarırdılar. O da məndə yox idi. Nəyimə vurulsunlar? Şükür Allaha, 3 övladım var. İki oğlan, bir qız.

 

4-cü məqam

 

1975-ci ildə Afaq Bəşirqızı Sumqayıt Dövlət Dram Teatrına gəldi. İlk tamaşası da "Komsomol" tamaşasında Humay obrazı oldu. Mən də Gəray bəyi oynayırdım. Bu tamaşadan sonra dostluğumuz yarandı. "Lənkəran xanının vəziri" tamaşasında da birlikdə oynayırdıq. Mən vəziri, Afaq xanım isə vəzirin arvadlarından biri olan Şölə xanımı oynayırdı. Tamaşada belə bir səhnə var ki, vəzirin arvadları savaşır. Mən də o vaxt arıq, çəlimsiz oğlan idim. Afaq xanım savaşa-savaşa birdən məni qucağına alıb, aparıb səhnənin kənarına qoydu. Afaq xanım səhnədə həqiqətən də çevik və enerjili idi.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

 

Mədəniyyət Nazirliyində idarə rəisi işdən çıxarılıb. “Ədəbiyyat və incəsənət” Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini Adil Kərimli müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Hüseynov vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir ay əvvəl Vüsal Hüseynova işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.

Mədəniyyət Nazirliyi məlumatı  təsdiqləyib. Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Fərid Beybala oğlu Musayevə aprelin 4-dən üç ay müddətinə həmin idarənin rəisi vəzifəsi üzrə əmək funksiyalarının icrası müvəqqəti olaraq həvalə edilib.

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Çərşənbə, 05 Aprel 2023 15:45

Dünyanın ən əntiq üç kitabı

“Ədəbiyyat və incəsənət” portalı Səidə Sübhinin köşəsini təqdim edir. 

Bu dəfə dünyanın ən əntiq sayılan kitabları barədə söz açmaq istəyirəm. Onların sayı 3-dür:

Ptolomey, “Coğrafiya”

Artur Rembo, “Səhənnəmdə mövsüm”

Leonardo da Vinçi, “Lesterin məcəlləsi”

Marağınız üçün onu deyim ki, “Lesterin məcəlləsi” kitabından cəmi bir nüsxə var. O da Bill Qeytsdədir. Milyardçı bu kitabı 30,8 milyon dollara alıb. 

 

“Ədəbiyyat və incəsənət”

(05.04.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.