
Super User
Xalq şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzi və “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi təşkil olunacaq.
Beynəlxalq Muğam Mərkəzinin məlumatına görə, tədbirdə tanınmış ictimai xadimlər, söz adamları və incəsənət ustaları iştirak edəcəklər.
Gecənin bədii hissəsində Xalq artistləri Alim Qasımov, Mələkxanım Eyyubova, Gülyanaq Məmmədova, Əməkdar artist Elnarə Abdullayeva, fəlsəfə üzrə elmlər doktoru, aşıq Fəzail Miskinli, Əməkdar mədəniyyət işçiləri aşıq Zülfiyyə İbadova, Samirə Əliyeva, Nemət Qasımlı, Bəhmən Göyçəli, aşıq Ramin Qarayev və digər tanınmış musiqiçilər çıxış edəcəklər.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Rus Dram Teatrında Şarovski rüzgarı əsəcək
Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının inkişafı teatrın baş rejissoru Aleksandr Şarovskinin adı ilə bağlıdır. Və üzümüzə gələn ay onun 75 illiyidir.
Fevralın 10-11-də teatrda İsaak Babel və Şolom Aleyxemin əsərləri əsasında hazırlanmış “Benya “Kral” və başqaları” tamaşasının premyerası olacaq.
Tamaşanı səhnələşdirən Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, quruluşçu rejissor Xalq artisti Aleksandr Şarovskidir.
Bədii tərtibat Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorova, xoreoqrafiya Xalq artisti Fuad Osmanova məxsusdur. Geyim üzrə rəssam Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.
Tamaşaya teatrın bütün aktyorları cəlb olunub.
Premyera məhz Aleksandr Şarovskinin 75 illik yubileyinə həsr olunub.
Biletləri teatrın kassalarından, şəhərin mərkəzləşdirilmiş kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
“Külümü yellərə necə verərsən?” - Sürgün həyatı yaşayan Hadi Qaraçayın şeirləri
Güneydən gələn səslər rubrikasında “Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri Hadi Qaraçayın şeirləri ilə tanış edir.
Hadi Qaraçay öz tərcümeyi-halını belə nəql edir: 1966-cı ilin yayında, Güneyin quzeyindən, Quzeyin güneyindən gəldim... Araz qırağının bap-balaca Suyarı adlı bir kəndində doğuldum.
Araz Çayı, biz Azərbaycanlıların beyninə acını və ağrını çatdıran əsəbin adıdır. Mən bu əsəbin yanında böyüdüm. Şeir, dil, yazın və ədəbiyyatla gənc yaşlarımdan maraqlandım.
“Beçələr Banlayanda”, “Badamlıqlar”, “Tamudan Gələn Səslər”, “Tanrıya Dirəniş” və “Barışa İnanma Fərihcəm” adları ilə beş şeir toplusu mənim adımdan yayılıbdır.
1992-ci ildən bu yana sürgündəyəm, indilik Norveçdə yaşayıram.
MƏNƏ DÖN
Yollar, mənə dön deməz
Dağlar söyləməz,
Bunu yalnız qalan bir yalnız söyləyər.
Dağlarca, yollarca üzgünəm mənə dön!
Mənə dön,
Göydəki ulduzlarca üzgünəm
Ormandakı yarpaqlarca
Dənizdə dalğalarca,
Dalğalar mənə dön deməz.
Sahildəki qumlarca üzgünəm
Mənə dön!
YALNIZLIĞIN AYRISI
Hər şeyi qalan yerindən başladıq
Yoldaşlığı da!
Dəniz,
Qoyub getdiyimiz sahildə uzanmışdı.
Ağ papaqlı dağ, yekə bir yumaqdır
Düşdüyü yerdə qalıb.
Hər şeyi qaldığı yerdən başlamaq
Yoldaşlığı da.
Orman yorğun ağaclarıyla
Yaşıl gözləriylə
Balıqlı çaylara laylay oxuyar.
Mən,
Sizin qapınıza gəlləm
Döyəcini tapanmaram,
Sən bizim qapıya gələrsən, Qaraçay yoxdur!
Vikinqlərin də gözəl qızları olurmuş deyə içindən keçməsin
Mən Kamtalın qayalıqlarında qurumuş palıdam qızım.
Hər şeyi olduğu yerdən başlamaq
Qurumuş palıdları deyil ancaq,
Qurumaq,
Ağac dilində qarşı qoymaqdır
Yalnızlığa
Sahildə uzanmış dəniz olsa belə.
Ayrılığa
Dağ boyda yumaq olsa belə.
Sənsizliyə
Yaşıl gözlü bir ormanın qucağında
ağac olsa belə...
BİZİM ÖYKÜMÜZ YENİCƏ BAŞLAYIR
Sayın Səid Mətinpura sunulmuşdur.
Adını sibl edib gülüş açarlar
Gülərlər
Gülərlər
Gülərlər
Adını sibl edib güllə açarlar
Vurarlar
Vurarlar
Vurarlar
Uşaqlarını
Uşaqlarını
Uşaqlarını
Günün gün orta çağında
Tutsaq tutarlar
Üzüm bağlarına çaqqal,
Şəhərlərinə beş on əli yaraqlı kaftar buraxarlar anam.
Göylərinin aynasında leyləklərin falı var
Göllərinin gözündə sona baş ördəklərin sevgi nağılı,
Gözlərini yumma
əllərini qoltuğunun soyuğuna
dizlərini qarnının sancısına qısma
bu gecənin də qarnına bir gündüz əkən var!
Yaxın gəl
Yanıma gəl
Bir azdan günəş pıtıraq gül açacaq
Bir azdan bir xoruz adını səsləyəcək
Bir azdan
qırmızı tərliklərini tərsinə geymiş
hardasa hansıysa quzu gözləri bütün oyanmamış bir qız çocuğu
oturub qaranlığın qibləsinə şirin şirin işiyəcəkdir...
Bir azdan
Ağrın canıma gəlsin
Bir azdan
Çox şeylər dəyişəcəkdir...
YAŞAMAQ, YUMŞAQ BİR MELODİYADIR
Yaşamaq,
Yumuşaq bir melodiyadır dedi
Kürün Yevlaxdakı sahillərinə yenmişkən.
Mən onu tanımadım,
Saçları nərgiz çiçəklərinin bacısı olmalıydı
Dodaqları kəklik gözlərindən su içmişdi
Mən
Arazın Nənəm Vayındakı coşqusunun ortancıl oğluyam,
Yaşamaq Mərəkən Çayıdır güz axşamları,
Ildırım şaxdı dilimdən
O məni tanımadı!
Ona, yuxularımızın dişlərini çəkirlər dedim
İnanmadı
Köpəkləri var dedim
Bütün sözcüklərin qoxusunu çəkən
Özəlliklə də “öz” hecası içərirsə
İnanmadı!
Nənəm Vaydan yendim
Mərəkənin güz axşamında yatan havanı dərdim əllərinə
Ona röyaları acından ölmüş insanlarımı göstərdim
Və özgürlük həsrətində qalan torpağımı.
XALI ÜSTÜNDƏ YAZI
Günəşin ayıma
Suyun suyuma
Gecəm ulduzuna qarışıq ikən
Gözlərin qanıma
Odun canıma
Əllərin oduma alışıq ikən
Külümü yellərə necə verərsən?
İtburnu kolları bənək bənəkkən
Baramam odlanıb çal kəpənəkkən
Ürəyim ürəyim ələk-vələkkən
Sən məni ellərə necə verərsən?
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
YARAT-dan növbəti ustad dərsi: bu dəfə böyüklər üçün
Bu gün YARAT İncəsənət Məkanının təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün ustad dərsləri təşkil olunacaq. Ustad dərsi hazırda əsərləri "METAKOD" sərgisində nümayiş olunan rəssam Leyli Ələkbərova tərəfindən keçiriləcək.
Dərs zamanı ilk növbədə iştirakçılar tekstil dizaynının incəliklərini öyrənəcəklər, daha sonra parçalardan istifadə edərək, abstrakt kollajlar yaradacaqlar.
Yaşı 16-dan yuxarı hər kəs dərslərə qatıla bilər.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
İsraildə də Azərbaycanın turizm nümayəndəliyi açıldı
2022-ci ilin mart ayından İsraildə Azərbaycanın rəsmi turizm nümayəndəliyinin Təl-Əviv ofisinin açılışı oldu.
Dövlət Turizm Agentliyinin məlumatına görə, 2022-ci ildən etibarən aktiv bərpa fazasında olan Azərbaycan turizminin təbliğatı əsas hədəf bazarlarında - ənənəvi Türkiyə, Rusiya, İran, BƏƏ və Pakistan istiqamətləri ilə yanaşı, Almaniya, Avstriya, İsveçrə, Polşa, Böyük Britaniya kimi Avropa ölkələrində, həmçinin Cənubi və Mərkəzi Asiya, Yaxın Şərq kimi regionlarda davam etdirilir.
“Ədəbiyyat və incəsənət”
(18.01.2023)
Sübut olundu: İnsanlığın kökü bu ölkədən başlayıb
Tədqiqatçılar indiyə qədər ən böyük nəsil ağacını yaratmaq üçün insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini tərtib ediblər.
Publika.az xəbər verir ki, Oksford Universitetinin Böyük Məlumat İnstitutunun tədqiqatçıları insanlar arasındakı bütün genetik əlaqələrin xəritəsini çıxarıblar və səkkiz müxtəlif məlumat bazasından müasir və qədim insan genomu məlumatlarını birləşdirərək, nəhəng bir ailə ağacı yarada bildilər.
Tədqiqatın aparıcı müəllifi Dr Enthony Vilder Vons deyib: "Əslində biz əcdadlarımızın genomlarını yenidən qururuq və onlardan geniş əlaqələr şəbəkəsi yaratmaq üçün istifadə edirik. O zaman biz bu əcdadların nə vaxt və harada yaşadığını təxmin edə bilərik".
Dr Vons "Reuters"-ə araşdırma haqqında bildirərək vurğulayıb ki, müəyyən etdiyimiz ən qədim əcdadlar müasir Sudanda tapılan coğrafi məkana aiddir: "Bu əcdadlar, hesablamalara görə 1 milyon il əvvəl yaşayıblar. Beləliklə, genomumuzun hissələri bu fərdlərdən miras alınıb".
Tədqiqatçılar 215 populyasiyadan 3609 fərdi genom ardıcıllığından və yaşı 1000 ilə 100000 arasında dəyişən nümunələrdən istifadə ediblər. Nəticə, demək olar ki, 27 milyon əcdaddan ibarət bir şəbəkə olub.
"Məlumatlar təkcə insan geologiyasını daha yaxşı anlamağa kömək etmir, həm də tibb kimi digər tədqiqatlarda da faydalı ola bilər", - deyə Vons əlavə edib.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Bəziləri qorxulu, lakin əksəriyyəti ağlı başdan alan kəşflər
2022-ci il artıq geridə qaldı. Bu 12 ay ərzində elm adamları inanılmaz nailiyyətlər əldə ediblər, möhtəşəm kəşflər olub. Söhbəti çox uzatmadan onlardan birini sizlərə təqdim edirik:
Plastikdən yüngül, poladdan möhkəm material
Massaçusets Texnologiya İnstitutunun mühəndisləri plastikdən daha yüngül, lakin poladdan daha möhkəm olan yeni ultra nazik material hazırlayıblar.
2DPA-1 adlanan yeni material möhtəşəm xüsusiyyətlərə malikdir. Polimer çox nazik və yüngül olsa da, onun möhkəmlik həddi poladdan iki dəfə çoxdur, deformasiyası üçün isə güllə keçirməz şüşədən altı dəfə çox güc tələb olunur. Bundan başqa qaz və mayelər üçün tamamilə keçilməzdir.
Bu materialdan hətta binaların tikintisi üçün də istifadə oluna bilər.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Ötən il qazilərin mənafeyinə xidmət edən 515 layihə maliyyələşdirilib
Sitat: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci il - “Şuşa İli” çərçivəsində müxtəlif beynəlxalq tədbirlər, forumlar təşkil edib. Ötən il ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib. 2022-ci il ərzində 1000-ə yaxın QHT nümayəndəsi və blogerin Şuşaya səfərini təşkil olunub. Bundan əlavə, müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib.
Ötən il ərzində kiçik qrant müsabiqəsi, eyni zamanda, qeyd etdiyim kimi, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilib”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Şəhidlərin xatirəsi L.M.Rostropoviçlərin ev-muzeyində də anılacaq
Yanvarın 19-da Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Abdulla Şaiqin mənzil- muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “Unutmayaq, unutdurmayaq!” adlı tədbir keçiriləcək.
Tədbirdə A.Şaiqin mənzil-muzeyi yanında fəaliyyət göstərən “Vətən” yaradıcılıq dərnəyinin üzvləri “Bir eşq hekayəsi” adlı poetik-kompozisiya ilə çıxış edəcəklər. 20 Yanvar şəhidləri İlham və Fərizənin başına gələn hadisələrin canlandırıldığı kompozisiya, uşaqların səsləndirdiyi “Qərənfil”, “Səninləyəm Azərbaycan”, “Şəhidlər”, “Bayatılar” kimi şeirlərlə zənginləşdiriləcək.
Tamaşadan sonra A.Şaiq mənzil-muzeyinin böyük elmi işçisi E.Məmmədli “Qanlı yanvar hadisələri” adlı mühazirə ilə çıxış edəcək. Daha sonra M.Rostropoviçin “Şəhidlər xiyabanı” və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən ibarət videoçarx nümayiş olunacaq.
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)
Bu gün Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü tamam olur
Azərbaycan ədəbiyyatının görkəmli qadın şairlərindən olan, Cənub mövzusunda bənzərsiz poeziya nümunələri yaradan, Əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 97-ci ildönümü bu gün tamam olur.
Mədinə Gülgün ömrü boyu şair qəlbini, səmimiyyətini, insanlara sevgisini qoruyub saxlaya bilib. “Yer üzündə bir evim var, Ocağı daim yanar. Onun sönməz şöləsindən, Ürəyim işıqlanar”-, deyən şair ailəsini, balalarını, ocağını hifz eləməklə yanaşı, gözəl sənət nümunələri də yarada bilmişdi.
Sonradan Gülgün kimi şöhrət tapmış Mədinə Ələkbərzadənin ilk qələm sınaqları ötən əsrin 40-cı illərin əvvəllərindən qəzet və jurnal səhifələrində görünməyə başlayıb. Mədinə Gülgün şeirlərini 1945-ci ildə Təbrizdə “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində çap etdirib. Onun “Təbrizin baharı” adlı ilk şeir kitabı 1950-ci ildə işıq üzü görüb. Bu kitabda 1945-49-cu illər ərzində yazdığı şeirlər toplanıb.
Tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma Vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.
Onun əsərləri hələ sağlığında bir sıra xarici dillərə tərcümə olunub. Dünya xalqlarının azadlıq və istiqlaliyyət uğrunda mübarizəsini bir humanist şair kimi daim izləyən, kəsərli sözləri ilə onların səsinə səs verən şairin Bakıda və Moskvada “Təbrizin baharı”, “Savalanın ətəklərində”, “Sülhün səsi”, “Yadigar üzük”, “Təbriz qızı”, “Firudin”, “Dünyamızın sabahı”, “Durnalar qayıdanda”, “Dünya şirin dünyadır”, “Çinar olaydı”, “Arzu bir ömürdür”, “Yora bilməz yollar məni”, “Könlümü ümidlər yaşadır” və onlarca digər şeir kitabları dərc olunub. Onun lirik şeirlərinə mahnılar bəstələnib.
“Şeirdi həyatda sərvətim mənim” deyən şairin yazdığı bu kitabların başlıca mövzusu insan taleyi, azadlıq hissi, Təbriz həsrəti, övladlarını qəlbdən sevən bir ana qəlbinin arzu və istəkləridir.
Qəlbi Cənub həsrəti ilə döyünən Xalq şairi Balaş Azəroğlu ilə ailə həyatı quran Mədinə Gülgün bir şair ömrünü mənsub olduğu xalqa şərəflə, vicdanla xidmətdə keçirib.
Yaşının ağbirçək çağlarında Vətən dərdli şairin yaralı kövrək ürəyinə daha bir ağır yara dəydi. Belə ki, 1990-cı il 20 Yanvar faciəsi onun poeziyasına qəmli, kədərli sətirlərlə hopub. Şəhidlərə də ürəkdən ağlayaraq “Bu şəhid balaların ölən vaxtı deyildi!...” deyərək onların dərdini də öz dərdinə qatıb, qan-yaş töküb, fəğan qoparıb.
Mədinə Gülgün 1991-ci il fevralın 17-də Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Nə qədər ömrüm var sönməyəcəkdi,
Yaşamaq, yaratmaq həvəsim mənim!-, deyən şairin məğrur, bir az da nisgilli poeziyası heç zaman öz dəyərini itirməyəcək.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.01.2023)