Super User

Super User

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Uğur şərtləri barədə danışmaqda davam edirik. Burada, əsas yerlərdən birini də kitablar tutur.

 

Zaman-zaman ən yaxşıların seçimini etməyə ən müxtəlif mənbələr cəhd göstəriblər. Onların ən nüfuzlularını qruplaşdıranda (bu qruplaşmada tiraj, satış həcmi, yayıldığı areal, buraxdığı iz və s. əsas götürülür) kitab mağazalarındakı yüzlərlə rəngbərəng cildlərin içində azmayaraq «nəyi və niyə oxumaq» sualına mütləq cavab tapmaq mümkün olur.

Biz öncə peşə fəaliyyətində, biznesdə uğur qazanmağın yolunu göstərən ən çox tələb olunan kitablara nəzər yetirək. Bu, o kitablardır ki, onların hesabına bir neçə nəsil uğurlu mütəxəssis və iş adamı yetişmişdir.

Beləliklə ən yaxşı onluq.

10 -3-cü yerlərlə  tanış olmuşduq. Bu gün 2-ci yerlə tanış olacağıq.

 

10-cu yer:

Henri Ford. «Mənim həyatım, mənim nailiyyətlərim»

9-cu yer:

Riçard Brenson. «Çılpaq biznes»

8-ci yer:

Riçard Brenson. «Hər şey cəhənnəmə, giriş və elə!»

7-ci yer:

Robert Kiyosaki. «Varlı ata, kasıb ata»

6-cı yer:

Ayn Rend. «Atlant çiyinlərini düzəltdi”»

5-ci yer

Toni Şey. «Xoşbəxtlik gətirərək. Sıfırdan milyardadək»

4-cü yer

Qay Kavasaki. «Startap»

3-cü yer

Napoleon Hill «Düşün və varlan»

----------------

 

2-ci yer

Ceyms Allen «Düşünən insan»

Düz 116 il öncə yazılan bir kitabın hələ də populyar olması, hələ də insanlara bələdçilik etməsi, fayda gətirməsi əlbəttə ki, diqqətçəkən haldır. İnsan özünüinkişafı üzrə klassik iş hesab olunan bu kitabın əsas ideyası odur ki, insanı onun düşüncələri formalaşdırır. Yüksək, ali fikirlər insanı yüksəldir, necə deyərlər, axmaq fikirlər isə insanı alçaldır.

Həyatı faciələr içində keçən, cəmi 15 yaşında ikən atasının öldürülməsi səbəbindən təhsilini atıb ailəsini dolandırmaq üçün ağır işlərə qatlaşan Allendə kitaba sevgini Lev Tolstoyun yaradıcılığı oyadıb. Yüzlərlə kitab oxuyan bu dahi şəxsiyyət  insanın imkanlarının dəyişilməsi üçün düşüncənin gücünü ən əsas faktor hesab edir.

Allenə görə insan özü barədə nə düşünürsə, mahiyyətcə elə düşündüyünə bərabər olur.

İlk dəfə motivasiya mövzusuna toxunan Allen şəxsiyyətn inkişafını, uğur qazanma sirlərini məhz düzgün düşünə bilməkdə görməklə insanlığı düşünməyə səsləyir.

Sadəcə, düşünün, əziz oxucularım! Hər şey sizin düşüncələrinizdən asılıdır.

 

2-ci yerdəki kitabla tanışlıq da baş tutdu. Bəs 2-ci yerdə hansı kitab qərarlaşıb? Bunu sabah biləcəksiniz.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən təşkil edilmiş "Heydər Əliyev və Qarabağ" mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Baş İdarədən verilən məlumata görə, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilmiş müsabiqədə Sabunçu rayon 252, 169, 107 və 80 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.

Müsabiqədə I yerə 252 nömrəli tam orta məktəbin şagirdi Jalə Mahmudova, II yerə 107 nömrəli tam orta məktəbin şagirdi Aylin Quliyeva, III yerə isə 252 nömrəli tam orta məktəbin şagirdi Leyla Kazımlı layiq görülərək diplomlarla təltif olunublar. 

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Çərşənbə, 03 May 2023 13:00

Bu körpə o birilərindən fərqli idi…

“Ədəbiyyat və incəsənət” portalı Zahirə Cabirin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş, azyaşlı oxuculara ünvanlanan hekayələrinin dərcinə başlayır. İlk hekayə “Ana laylası” adlanır.

 

ZAHİRƏ CABİR

 

ANA LAYLASI

 

Gözəl bir yaz səhəri idi. Günəşin al şəfəqləri ətrafa səpələnmişdi. Cərgə ilə əkilmiş qızılgül kollarından günəşə boylanan qızılgüllər yorğun gözlərini açıb ətrafa boylanırdılar. Hər tərəf yaşıllığa, gül-çiçəyə qərq olmuşdu. Günəşdən savayı bir körpə səsi də açılan yaz səhərini sevindirirdi.

Bu yenicə dünyaya gələn uşaq səsi idi. Ata sevinc içində körpəsini beşiyindən götürüb doyunca üzünə baxdı. Bu körpə o birilərindən xeyli fərqli idi. Yaz rəngli ala gözləri çox mənalı, ağıllı idi. Körpə doğma nəfəsi duyan kimi səsini çıxarmadan atasına baxdı. Ata onun gözlərində bir dahilik duydu. Elə zənn etdi ki, dünyaya gəldiyi bir gün ərzində balası həyatın bütün acısını da, şirinini də dadıb, bələkdə ikən artıq böyüyüb. Gözlərini balasından ayırmadı. Xeyli fikrə getdi. “Sənin necə hökmlü, ağıllı, mənalı baxışların var. Bəlkə sən hökmdar olacaqsan?!”- gülümsəyərək söylədi. Ana: ”Gəl, uşağın adını Heydər qoyaq. Qardaşımın adıdır. O da çox ağıllı, mərd, hünərli idi. Adını qoysaq, qardaşımı yaşatmış olaram.”- dedi. Ata razılaşdı: “Oğlum, adını Heydər qoydum. Yaşını Tanrı versin. Adına layiq oğul ol. Şir, aslan hünərli, cəsur, igid ol!” –dedi.

Az sonra ana öz balasına süd verdi, laylay çaldı. Laylay oxunduqca körpənin bənizindəki sarılıq yavaş-yavaş çəkildi, simasında həyat işartıları, gülüş duyuldu. Arabir yorulub dayansa da, yenidən aramla əmməyə başladı. İzzət dünyanın ən xoşbəxt anası idi. Laylay deyirdi...  həm körpəsinə, həm də nakam qardaşına. Yadına ötən günləri saldı...

İzzət ana Zəngəzur mahalının Comərdli kəndindən idi. Bu kənd Zəngəzurun axar-baxarlı, bağlı-bağatlı, səfalı guşəsi olub, dağ kəndləri içərisində gözəlliyi ilə seçilirdi. Ulu yaradan bu kənddən heç nəyi əsirgəməmişdi. Kəndin özülünü İzzət ananın  ulu babası Comərd qoymuşdu. İzzət xanım sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan Comərdli nəslinin törəməsiydi. Comərdli kəndində yaşayanların hamısı onların tayfası hesab olunurdu. Dağlar qızı İzzət ana elə dağ kimi də uca, əzəmətli, vüqarlı idi. Füsunkar gözəlliyi, ağır təbiəti, utancaq qeyrəti ilə dövrün qız-gəlinlərindən fərqlənirdi. Erməni quldur dəstələrinin Zəngəzur torpağına olan təcavüzü  nəticəsində minlərlə soydaşı  ən qəddar üsullarla qətlə yetirilmiş, qalanları doğma torpaqlarından didərgin salınmışdı. Bu, ananın ömür kitabında gənclik xatirələrinin ən acı səhifələrindən idi. Öz dədə-baba torpağından didərgin düşənlər Naxçıvanın ətrafında olan kəndlərdə - Qazançı, İşıqlar, Cəhri və Milax kəndlərində məskunlaşmışdı. İzzət ananın çəkdiyi müsibətlərin hamısından ən dəhşətlisi ailəsi ilə Comərdlidən qaçarkən yolda gördüyü mənzərə olmuşdu. Çox sevdiyi, gözəlliyi, boy-buxunu ilə seçilən 23 yaşlı qardaşı Heydərin cəsədi... O, erməni qaniçənlərinin vəhşi qurbanı olmuşdu. Ananı qaçqın düşmək ağrısından daha çox sevimli qardaşının ölümü yandırırdı. Düz on beş il bacı-qardaşlarının sağ olub -olmamasından xəbər tuta bilmədi. Bir gün isə qardaşı övladlarının sağ olması xəbərini ona verəndə bütün dünya gözündə firlandı. Həyata elə bil ikinci dəfə gəldi. Qardaşlarının ətrini illər sonra tapdığı övladlarından aldı. Məsmə, Səkinə, Rzaqulu, Humay... Artıq yoxluğa çevrilmiş bacı-qardaş tapıntısına bərabər sevinc idi onlar... Ana xatırladığı ötən günlərin acısını unudaraq yeni doğulan körpəsinə laylay oxuyurdu.

 

Laylay beşiyim laylay,

Evim, eşiyim laylay.

Sən get şirin yuxuya,

Çəkim keşiyin laylay.

 

Laylay deyim boyunca

Baş yastığa qoyunca

Pardaxlan, qızıl gülüm

Bir iyləyim doyunca.

 

Laylay dedim yatasan,

Qızıl gülə batasan.

Qızılgül kölgəsində

Şirin yuxu tapasan.

 

Körpə sanki ananın səsindəki sehri anlamağa çalışırdı. Ətrafda hər şey susmuşdu. Elə bil təbiət də bu saf, yanıqlı səsin sehrinə düşmüşdü. Sanki pəncərədən düşən günəş şüaları altında kilimin üstündə yumurlanan pişik də, pəncərəyə qonan quşlar da ananın həzin səslə oxuduğu laylanı dinləyirdilər. Artıq körpə doymuş, yuxuya getmişdi.

Ürəkləri titrədən ana laylası tanrının xoş anında, xoş saatında yaranmış, gələcəkdə Azərbaycanın xilaskarı olan ulu öndərimiz Heydərə çalınırdı. Həqiqət budur ki, bütün dünyanı müharibələrdən cənnət ətirli ana laylası, ana nəğməsi xilas edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Çərşənbə, 03 May 2023 12:45

Bakıda “Moskva Günləri” keçiriləcək

Ukrayna müharibəsi ilə bağlı xeyli fəallaşan Rusiya MDB məkanında mədəniyyət tədbirlərini sıralayır. Sanki bununla, təcavüzkar müharibə aparan mənfi imicini gizlətməyə çalışır. 

 

Mayın 3-dən 5-dək Bakıda “Moskva Günləri” keçiriləcək. Proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir. 

Bu barədə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

“Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq. 

Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Bakı ilk səyyahların obyektivində” adlı sərgi, həmçinin “Xor Turetskoqo” art-qrupu və “SOPRANO”nun konserti keçiriləcək. 

Beynəlxalq Muğam Mərkəzində sovet və Rusiya şahmatçısı Anatoli Karpovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil ediləcək. 

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənclərin Moskva Həmvətənlər Evinin rəhbəri Dmitri Kojayevlə görüşü olacaq. 

Mədəni tədbirlər çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Müasir pyes məktəbi” teatrının “Ay işığında” tamaşası nümayiş etdiriləcək. 

Tədbirin üçüncü günündə “Moskva-Bakı: iki paytaxt arasında dialoq” konfransı, rusiyalı yazıçı Yuri Polyakov və Rusiya Federasiyasının Xalq artisti Yelena Sanayeva ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

“Ulduz" jurnalı ilə “Ədəbiyyat və İncəsənət" portalı görkəmli qələm ustası, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 85 illik yubileyinə həsr edilmiş, yaşı 35-dək gənc yazarlar arasında hekayə müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə ölkədə gənc nasirlərin nəsr nümunələrinin daha da püxtələşməsinə xidmət edir, mövzu seçimi sərbəstdir. 

Müsabiqə iştirakçıları hekayələrini öz tərcümeyi-halları və fotoşəkilləri ilə birgə iyul ayının 15-dək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.   ünavanına göndərə bilərlər. Təqdim edilmiş mətnlərin həcmi 20 min işarədən artıq olmamalı, bundan əvvəl heç bir mətbu orqanda dərc edilməməlidir. 

Müsabiqəyə sentyabr ayında yekun vurulacaq, nüfuzlu münsiflər tərəfindən ümumilikdə dörd qalib hekayə müəllifi (1-ci yer bir, 2-ci yer bir, 3-cü yer iki laureat) diplom və mükafatlarla təltif ediləcək. 

Qeyd edək ki, müsabiqə çərçivəsində  seçilmiş bəlli sayda hekayə "Ulduz"  jurnalının xüsusi nömrəsində, eləcə də

“Ədəbiyyat və incəsənət” portalında dərc ediləcək.

Qeyd edək ki, müsabiqəyə maraq böyükdür və xeyli hekayə təqdim olunub. 

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2022)

“Ədəbiyyat və incəsənət” portalının Gülüş klubu sizlərin aprel ayında ən çox dodaqlarınızı qaçıran lətifələrin reytinqini hazırlayıb. Bu gün sizlərə 3-cü yerdə qərarlaşan lətifə təqdim olunur.

 

3-cü yer

 

Temza çayının sahili ilə axşam gəzintisinə çıxan Şerlok Holmsla Doktor Vatson suların qoynunda çabalayaraq onlara əl eləyən bir qadın görürlər. 

Onlar da öz növbələrində centlimencəsinə qadına əl eləyirlər. 

 

Xatırladaq ki, 5-ci yerdə bu lətifə gedirdi:

 

Məşhur italiyalı tenor Enriko Karuzo Amerikaya qastrol səfərində olarkən bir kənddən digərinə yol alanda avtomobili xarab olur. Sürücü avtomobili təmir edəndə Karuzo yaxınlıqdakı fermer təsərrüfatına baş çəkir. Fermerlə həyat yoldaşı onu yüksək səviyyədə qarşılayırlar, çaya qonaq edirlər, maraqlı söhbətləri alınır.

Karuzo ev sahiblərinin onu tanıdıqlarını zənn edir, amma çıxıb gedəndə onu yola salan fermer belə bir sual verir:

-Bağışlayın, bizimlə bu xoş ünsiyyət quran adamın kimliyini bilmək olarmı?

Pərt olan tenor söyləyir:

-Mən Karuzoyam. Tanımadız ki məni?

Ev sahibi sevincək halda az qalır onun üstünə atılsın.

-Necə yəni tanımadıq? Biz yoldaşımla sizin haqqınızda o qədər oxumuşuq ki, - söyləyib həyat yoldaşını haraylayır:

-Monika, bu bizim sevdiyimiz səyyah Robinzon Kruzo imiş. 

 

4-cü yerdə isə bu lətifə:

 

Gənc kamança ifaçılarından biri Habil Əliyevin də olduğu xarici qastrol səfərində ustada özünü şirin salmaq istəyir. Habil Əliyev hara gedirsə düşür onun dalınca, liftə minəndə də əl çəkmir, ustadın mərtəbəsinin düyməsini özü basır. 

Bir dəfə hamının yanında həmin gənc Habil Əliyevdən soruşur:

- Ustad, mən necə kamança çalıram...?

Habil Əliyev gülümsəyərək deyir:

- Necə kamança çaldığını deyə bilmərəm, oğul, amma iki-üç gündü babat lift sürürsən.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Azərbaycanda ən çox sevilən Türkiyə müğənnisi kimdir? Ən çox Bakıda konsert verən bəs? Cavab birdir: Rafet El Roman!

 

Mayın 27-də Heydər Əliyev Sarayında məşhur türk ifaçısı Rafet El Roman növbəti dəfə konsert proqramı ilə çıxış edəcək.

Həddindən artıq çoxsaylı istəkləri nəzərə alaraq türk pop musiqisinin məşhur ifaçısı Rafet el Roman yenidən öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Mayın 27-də Bakı Konqres Mərkəzində Türkiyənin sevilən müğənnisi Candan Erçetinin konserti olacaq.

 

Fərqli, özünəməxsus ifa tərzi ilə qəlbləri fəth edən müğənni öz repertuarında olan mahnılarla ilk dəfə paytaxtımızda pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Sony World Photography Awards 2023-ün növbəti mükafatçısını təqdim edirik

 

İngiltərənin London şəhərindəki Hilton Park Lane salonu nüfuzlu Sony Dünya Foto Mükafatları (SWPA) 2023 qaliblərinin mükafatlandırma mərasiminə ev sahibliyi etdi. Mərasim barədə “Ədəbiyyat və incəsənət” portalı Photar.ru saytına istinadən məlumat verir və məlumata peşəkar fotoqraf Ceyhun Abdullanın şərhlərini əlavə edir.

 

Müsabiqəyə ümumilikdə 417000 foto daxil olub. Builki qalib fotoşəkillər əksərən sevgi və insan itkisi, müharibə və barışıq, təbiət gözəllikəri hekayətlərini əks etdirən əhəmiyyətli fotolardır. Bundan əlavə, bu il SWPA ilk dəfə ekoloji problemləri qaldıran və həll yollarını təklif edən fotoqrafların işlərini də mükafatlandırmışdır.

 

Növbəti mükafatçını təqdim edirik: ABŞ-dan Cory Arnold “Vəhşi şəhərlər" əsərinə görə "vəhşi təbiət və heyvanlar aləmi" kateqoriyasında qalib gəlib.

 

Xatırladaq ki, əsas mükafatın qalibi "Müharibəmiz"adlı fotolar seriyasına görə 25.000 dollar pul mükafatı alan portuqaliyalı fotoqraf Edgar Martins olub. Bu layihə 2011-ci ildə Liviya vətəndaş müharibəsi zamanı öldürülən, lakin cəsədi heç vaxt tapılmayan dostu və fotojurnalisti Anton Hammerə həsr olunmuşdur. Ötən gün onun barəsində sizə məlumat vermişdik.

İtaliyalı fotoqraf Alessandro Sinke daimi inkişaf nominasiyaaınd 5000 ABŞ dolları qazandı. Habelə o, SPWA-nın sərgilərində iştirak və fotoalbomlarında təmsilolunma hüququ əldə etmişdi. 

"Açıq" kateqoriyasında iştirakçılar yalnız bir şəkil təqdim edə bilər və qalib Cənubi Texasdakı bir cüt Taraklı karakarının - tutuquşusunun ağ-qara fotoşəkilini təqdim edən Meksikadan Dinora Graue Obsura  olmuşdu. 

Bu tədbir çərçivəsində tələbə və gənclər müsabiqələri də keçirilib. Yun Nan  İncəsənət Universitetinin Çinli fotoqrafı Long Jing Yun Nan opera teatrına həsr olunmuş bir sıra əsərlərinə görə Sony-nin 30.000 dollarlıq avadanlığına layiq görülmüşdür.

Bunlar barədə də məlumat almışdınız.

Çindən Fan Li, Cənubi Afrikadan Li-Ann Olvaj və Böyük Britaniyadan Hugh Kinsella Cunningham müvafiq olaraq "Memarlıq", "yaradıcılıq" və "sənədli film" nominasiyalarında qalib olublar. 

 

Şəkildə: Sony World Photography Awards 2023-ün növbəti mükafatçısı - ABŞ-dan Cory Arnoldun “Vəhşi şəhərlər" silsiləsi.

 

Növbəti buraxılışlarda “Ədəbiyyat və incəsənət” portal sizləri digər mükafatları qazanan fotoqrafların işləri ilə tanış edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Adətən kitabxanalara kitablar Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən kitab kollektoru vasitəsilə alınır. Amma Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası istisna təşkil edir. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər tutanda ki, Gənclər Kitabxanası fondunu yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə “Nəşrlərin satınalınması müsabiqəsi” elan edir, daha ətraflı məlumat almaq və sizinlə bölüşmək təşəbbüsündə buldu. 

 

Beləliklə, müsabiqənin şərtlərinin yazarlar üçün, nəşriyyatlar üçün, ümumən kitabsevərlər üçün maraqlı olacağını duyuruq. 

Öncə ondan başlayaq ki, müsabiqənin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni kitabxana tərəfindən yeni tərkibdə təsdiq olunan Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya həyata keçirəcək.

 

Şərtlər:

1.

Müsabiqə çərçivəsində Komissiya tərəfindən seçilən nəşrlərdən minimum 5 (beş) nüsxə alınacaq.

2.

İştirakçılar tərəfindən nəşrlər mayın 12-dək Komissiyaya təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

3.

Buraxılış məlumatında qiyməti göstərilməyən nəşrlərin dəyəri onun texniki göstəricilərinə, poliqrafik keyfiyyətinə görə mövcud bazar şərtləri əsasında müəyyənləşdiriləcək.

4.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 200-dən aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 200-dən aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir.

Müsabiqəyə xarici dillərdə (əsasən ingilis, rus, fransız, alman, ərəb) olan nəşrlər də təqdim oluna bilər.

5.

Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlar, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak edə bilərlər.

6.

Müsabiqədə iştirak etmək istəyən müəlliflər (müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi) olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim etməlidirlər.

7.

Aprelin 12-dən iştirakçılar tərəfindən Komissiyaya ünvanlanmış müraciət və müraciətdə satınalınması göstərilən nəşrlərdən 1 nüsxə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi 203/205) təqdim edilməlidir.

8.

Müsabiqəyə yalnız son 2 ildə çap olunan nəşrlər təqdim edilməlidir.

 

Satınalınma qaydaları:

1.

Müsabiqə başa çatdıqdan sonra Komissiya tərəfindən 1 (bir) ay ərzində təqdim olunan nəşrlərin dəyərləndirilməsi aparılır və satınalınması qərararlaşdırılan nəşrlər barədə yekun protokol tərtib edilir.

2.

Təsdiq olunmuş yekun protokola əsasən nəşrlərinin satınalınmasına qərar verilmiş iştirakçılarla satınalma müqaviləsi bağlanılır. 

3.

Satınalma müqaviləsi üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə təhvil-təslim aktı imzalandıqdan sonra həyata keçirilir.

4.

İştirakçılardan alınması nəzərdə tutulan nəşrlərin ehtimal olunan qiyməti müəyyən edilmiş minimum məbləğdən (5,0 (beş) min manat) yuxarı olduqda, həmin nəşrlərin alışı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək.

5.

Müsabiqəyə təqdim olunan nəşrlərin nümunə nüsxələri geri qaytarılmır və kitabxananın fonduna daxil edilir.

 

Beləliklə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası gözəl bir təşəbbüs irəli sürüb. Alqışlanmağa layiq bu təşəbbüs oxuculara məhz arzuladıqları, populyar, maraqlı kitabları oxumaq imkanı yaradacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(03.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.