Super User

Super User

Çoxdandır ki, kinoindustriya kuluarlarında, kino dərgilərində və kinosevərlərin arasında bir ad dolaşır: “Killers of flower the Moon” -  dilimizə tərcümədə “Çiçəkli Ayın killerləri”. 

Rejissoru dünyaşöhrətli Martin Skorseze olan və Hollivud ulduzları Leonardo Di Kaprionun baş rol aldığı filminin premyera vaxtı və yeri nəhayət ki, məlum olub: Mayın 20-də Kann şəhərində təşkil olunacaq Beynəlxalq Kann Film Festivalı çərçivəsində Lumier Böyük Teatrında!

 

“Ədəbiyyat və incəsənət” portalı film.ru saytına istinadən xəbər verir ki, triller və vestern janrında olan filmin premyerasında  rejissor Martin Skorseze və aktyor Leonardo Di Kaprio ilə yanaşı filmdə yer alan daha bir ulduz - Robert De Niro, eləcə də Cessi Plemons və aktyor heyətinin digər üzvlərinin qırmızı xalçadan keçməsi gözlənilir.

Ekran əsəri Kann Film Festivalının rəsmi proqramında iştirak edəcək, lakin onun əsas müsabiqədə iştirakı hələlik bəlli deyil. Bu barədə aprelin ortalarında keçiriləcək ən nüfuzlu Avropa kinoforumunun təşkilatçılarının mətbuat konfransında açıqlama veriləcək.

Qeyd edək ki, filmin hüquqları “Apple” şirkətinə məxsusdur. “Paramount Pictures”la əməkdaşlıq edən “Apple” şirkəti “Çiçəkli Ayın killerləri” detektiv dramını cari ildə oktyabrın 6-da kinoteatrlarda kütləvi nümayişə buraxacaq. Ekran əsərinin geniş formatda nümayişinə isə Şimali Amerikada oktyabrın 20-dən etibarən başlanılması planlaşdırılır. Kinoteatr nümayişlərindən sonra film bütün dünyada “Apple TV+” videoyayım platformasında yayımlanacaq. 

İndi isə oxucularımızı maraqlandıran əsas sual: film nə barədədir? 

 

“Ədəbiyyat və incəsənət”in əldə etdiyi bilgilərə görə, film Devid Qranın elmi populyar “Çiçəkli Ayın killerləri. Neft. Pul. Qan” romanının motivləri əsasında çəkilib. Filmin ssenari müəllifləri rejissor Skorzese özü, habelə Erik Rotdur. 

Ekran əsərindəki hadisələr ötən əsrin 20-ci illərində Oklahomada baş verir. Süjetin mərkəzində məskunlaşdığı ərazidə neftin aşkarlanması səbəbindən yerli Oseyc tayfasının məhvi dayanır. ABŞ tarixində ən dəhşətli cinayətlərdən biri hesab edilən məsələ FTB detektivləri tərəfindən araşdırılır.

Xatırladaq ki, rejissor Martin Skorseze üçün Kann kinifestivalı doğmadır və o özü Franaanın kəhraba sahilini çox sevdiyini dəfələrlə dilə gətirib. 1976-cı ildə müsabiqə proqramında təqdim olunan "Taksi sürücüsü" filminə görə Skorzese “Qızıl palma budağı" mükafatına layiq görülüb. Sonradan o, müntəzəm olaraq kinofestivalda iştirak edərək "İşdən sonra" filminə görə ən yaxşı rejissor mükafatını alıb.

Və heç şübhəsiz, tam əminliklə deyirik, əgər Skorzesenin Killers of flower the Moon  şedevri Kann festivalının müsabiqə proqramına daxil edilsə, qalibiyyət əldə edəcək. Zira, belə filmlər on ildə bir dəfə çəkilir.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Tural Atəşin hekayəsi ilə tanışlıqdır.

 

 

NƏSR

                                                                            

 

Tural ATƏŞ

 

SƏRHƏD UZAQDAYDI...

 

 

İnsanın özünə təsəlli verməsi qədər acınacaqlı bir səhnə yoxdur...

 

 

Sərhəd uzaqdaydı...

         Yaralı bir ayaq, hiss etmədiyin əl, boynunda can verməkdə olan adam... “Çata bilməyəcəksən...” deyən məntiqimi dinləyə bilməzdim, məni irəli dartan tək şey ümid idi... Başımı qaldırıb “yaxınlaşdıqmı” deyə baxsam da, fərq yox idi. Sanki yerimdə sayırdım. Mən getdikcə sərhədi əvəz edən sıra dağlar uzaqlaşırdı.

         İyirmi dəqiqə olardı ki, fasiləsiz addımlayırdım. Geriyə dönüb baxmaq zamanım belə yox idi. Hər an arxadan açılan atəş səsi, ardınca köksümü dəlib keçən istilik, üz üstə yerə yıxılmaq, isti qan... Belə bir şey olacağını düşünür, bütün gücümlə irəli dartınırdım. Buradan mümkün qədər uzaqlaşmalı idim.

Leytenant boynumda arada nəsə deyir, tərpənməyə çalışırdı. Ayağımın altında xırçıldayan qar, təngnəfəsliyin gətirdiyi xışıltı onun zəif pıçıltısını eşitməyə imkan vermirdi. Nə danışdığını başa düşmür, “hardayıq?”, “çatmadıqmı?” soruşduğunu düşünürdüm. Yalandan ümid vermirdim, sadəcə, “hələ var”, “möhkəm ol!” deyib davam edirdim.

Qar bəzi yerlərdə dizimi keçirdi. Hər yan ağappaq idi. Arada qarın altından boylanıb qaralan qayalar, başındakı ağ yükdən xilas olmuş ağaclar bu sonsuz ağlığın sərhədsiz olmadığını deyirdi. Relyefin kələ-kötürünü itirən bu ucsuz-bucaqsız hamarlığı arabir rastlaşdığım heyvan ləpirləri pozurdu. Ətraf qorxunc dərəcədə səssiz idi. Bu sükutu, sadəcə, bir az aralıdan axan, üzü donmuş çayın zəif şırıltısı qismən pozurdu. Soyuq idi, çox soyuq...

Boynumda yaralı bir adam, zorla yeriyirdim... Arada o qımıldanıb dikəlməyə çalışanda tarazlığım pozulur, hərəkətsiz qalmağını xahiş edirdim. Bəzən səssiz qalırdı, “yəqin, huşunu itirib” düşünürdüm, öldüyünü fikirləşmək istəmirdim. Onu torpağa vermək haqsızlıq olar. Leytenant elə-belə adam deyil...

         Qarın içi ilə çox gedə bilməyəcəyimin fərqində idim, sürətimi azaldırdı. Dərə ilə axan çaya doğru irəlilədim. Açıqlıqda hərəkət etmək peşəkarlığa zidd olsa da, başqa yolum yox idi. Buzun üstündə daha sürətlə gedirdim. Arada suyun daşlara çırpıldığı yerlərdə buz olmurdu, yenidən qara bata-bata getməyə məcbur olurdum... Taqətim tükənirdi. Lakin dayanmaq olmazdı, buralardan mümkün qədər aralanmalı idim. Bir azdan hava da qaralacaqdı. Canavarların, çaqqalların qan iyinə gələcəyi bəlli idi...

         Hazırlıqsız yaxalanmışdıq. Yoxsa bizə heç nə edə bilməzdilər. Bir hərbi hissəni belə qıracaq qədər peşəkar taqım idik. Leytenant da bizimlə idisə, vəssalam... O, elə-belə adam deyildi. İndiyə qədər tanıdığım kəşfiyyatçılar içində o qədər cəsarətli, taktikalı, sərrast birini görməmişdim. Taqımda hamıdan cüssəsiz olsa da, həmişə bizdən bir addım öndə olurdu.

Hazırlıqsız yaxalanmışdıq... Bizim işdə təsadüf deyilən bir şey yoxdur, gəldiyimizdən öncədən xəbər tutmuşdular... Əməliyyatı yerinə yetirə bilməmişdik... Güman ki, taqımdan, yalnız ikimiz həyatda qalmışdıq. Onlardan da geriyə kiminsə sağ qaldığına inanmıram, yoxsa çoxdan arxamızca gələrdilər. Amma bu, mənim şansımı artırmırdı. Ən qısa vaxta hadisə yerinə gələn dəstək izlərimizi aşkarlayacaqdı. Qarın örtmədiyi bir parça ərazi də yox idi ki, izimizi itirək... Şaxta iliyimə işləyirdi. Soyuq havanın yeganə avantajı oksigen bolluğu idi. Yoxsa çiynimdə snayper, boynumda leytenant, heç iki kilometr gedə bilməzdim...

         Sərhəd uzaqdaydı...

Başqa yolum yox idi. Dayana bilməzdim. Aldığımız təlimlər sayəsində ayaqda dura bilirdim. Normal bir adam bu şəraitdə çoxdan yerə yıxılıb donub ölməyini gözləyərdi. Bizə ölmək belə qadağan idi. Hər şəraitdə sağ qalmaq öhdəliyimiz idi...

         Birdən-birə həngamənin içinə düşmüşdük. Özümüzü toplayana qədər bizdən iki adam vurulmuşdu. Leytenant necə vuruldu, anlamıram. O, ruh kimi bir adam idi. Qumbaralar olmasa, bizə heç nə edə bilməzdilər. Leytenanta silah ver, dünyanı qırıb qurtarsın. Adam silahla bütünləşirdi sanki. O həngamənin içində gözünü belə qırpmırdı. Qorxu hissi ona yad idi, savaş başlayanda o sakit, daim gülümsəyən, mədəni adamın içindən elə bil bir canavar çıxırdı...

         Letenantın həyatda qalacağına ümidimi itirmişdim artıq... Ailəsinə ölümünün necə deyiləcəyini düşünürdüm. “Oğlunuz bir qəhrəman idi...” Bu onlar üçün nəsə ifadə edəcəkdimi? Atasının, anasının, bacısının necə haray çəkib ağladığı gözümün önündə gələndə bədənimdən gizilti keçdi. Ən dəhşətlisi isə, atası gəlib məndən “oğlum necə öldü?”, “son nəfəsində səninlə idi, nə dedi?” desə, nə cavab verəcəkdim?... Ağlımdan keçənlərdən dəhşətə gəldim. Əllərim boş olsa, başıma bir yumruq atardım! “Düşünmə, davam et, enerjini başına deyil, ayaqlarına sərf et!”

Qulaqlarım hələ də güyüldəyirdi. Bu qarşılaşma onlar üçün də ağır olmuşdu. Hər tərəf cəsədlərlə dolmuş, qar tala-tala qırmızıya boyanmışdı. Yaraladıqlarım bir yana, dörd adamı tək mən öldürmüşdüm. Leytenantın məndən ən az iki-üç dəfə çox adam vurduğuna əmin idim. Qumbaralar... Zibilə qalsın qumbaraları. Çox xain, mənasız şeydirlər...

Görəsən, öldürdüklərimiz hara gedəcək? Cənnətəmi, cəhənnəməmi? Biz ölsək, hara gedəcəyik? Onlarla eyni yerə? Lap deyək ki, hamımız cənnətə getdik, orada qarşılaşdıq? Cənnətdə də atışacağıq? Tanrı buna nə deyəcək? Yəqin, yetərli bir izahı olacaq. Ağlımdan keçənlərə bax! Bunlar mənim işim deyil, molla deyiləm. Cənnət də, cəhənnəm də rədd olsun. Dayanmamalıyam... Boynumu zorla dikəldib irəli boylanıram.

Sərhəd uzaqdaydı...

Atəş səsləri kəsiləndən sonra özümü topladım. Leytenant yanımda qıvrılırdı. Qanım süzülə-süzülə onu zorla sürüyüb bir az hadisə yerindən uzaqlaşdırdım. İkimizi də qan aparırdı. Sol əlim parçalanmışdı, barmağımın biri üzülüb sallanırdı. Barmaqsız əlcəyimi belə çıxarmadım. Qış geyiminin üzərindən geydiyim nazik, ağ kamuflyajı bir zülmlə cırıb barmağımı yerinə qoyub əlcəkqarışıq sarıdım. Sonra baldırımı da... Leytenantın gicgahının qanı dayanmırdı. İlk onu sarıdım. Sol tərəfini deşib keçən güllə yarasını sarımağın bir mənası yox idi, daxili qanaxma olacaqdı. Amma birtəhər sarğı qoyub onu boynuma aldım. Ağrı belə hiss etmirdim. Yaralarımdan çox şalvarın üzərindən baldırıma qoyduğum sarğı məni narahat edirdi, hər addım atdıqca dartılır, sanki nəyəsə ilişmişəm kimi ayağımı çəkişdirirdi.

Leytenantın gicgahından boynuma damlayan qanın istiliyini daha hiss etmirdim. Ya qan dayanmışdı, ya da şaxtadan elə sarğıdaca donurdu... Artıq qımıldanmırdı. Ölmüşdü? Bir anlıq bu ucsuz-bucaqsız dərələrdə yalnız və yaralı olmağın vahiməsi çökdü canıma. Sürətimi artırmağa çalışsam da, olmurdu. Olmurdu... Bayaqdan boynumda daşıdığım Leytenantı tutduğu üçün hərəkətsiz qalan əllərim keyimişdi. Yavaşca qollarımı yanıma salıb silkələdim. Bir az keyi açılsın. Belimi bir az irəli əyib leytenantı tutmadan əllərimi oynada-oynada yeriyirdim. Heç on addım getməmişdim ki, sürüşüb tappıltı ilə boynumdan yerə düşdü. Yüngülləşdim. Dərindən bir nəfəs alıb başının üstündə yerə çökdüm. Qımıldanmırdı. Çox zəif nəfəs alırdı. Əlimi üzünə qoydum, az qala buzlamışdı... Çağırdım... Cavab yox idi.

Hava toranlaşırdı. Səma aydın olsa da, günəş görünsə də, elə bil alov şəkli idi; görüntü var, istilik yox... Onu boynuma qaldırmağa çalışdım... Mümkün olmayacağını anlayıb yenidən dizlərim üstə çökdüm... Sanki yerdən qaldıra bilmədiyim üçün sevinmişdim. Bu fikirdən səksəndim, bədənimə, ruhuma yad bir düşüncə idi... “Daşımamaq üçün bəhanə axtarırsan, əclaf?!”

Onu apara bilməyəcəyimi anlayırdım... Artıq mənası da yox idi. Leytenant ölürdü...Yaşam instinkti onu qoyub getməyi hökm edir, məntiqim, iradəm buna tabe olurdu... Başqa yolum yox idi... Ətrafa boylandım. Onu gizləmək üçün yer axtardım. Sürüyüb bükəkdəki kolun dibinə gətirdim. Bura qoyub getməyi düşünürdüm. Bir anlıq onu canlı-canlı parçalayan canavarlar gəldi gözümün qabağına. Vicdanım sızladı. Müharibəyə lənət oxudum. Hönkürmək istədim... Ağlamağı unutmuşdum. Bu necə bir peşədir, İlahi, insani duyğuları belə zamanla unudursan... Hər öldürdüyün adamla bir az ölürsən...

Gücümü topladım. Qaldırıb kolun başına qoymaq istəyirdim. Heç olmasa insan kimi... “Ölsün” deməyə dilim gəlmədi. Ona elə dərin bir sayğım var idi ki. Gözünü qırpmadan hamımız üçün ölümə gedərdi... Əlində-ovcunda nə olsa, bizimlə paylaşırdı. Bəzən mənə elə gəlirdi ki, ona “ömründən iki il mənə ver” desəm, adəti üzrə, səssiz-səssiz gülümsünüb “yaxşı” deyərdi. Heç vaxt anlamırdım: peşəsi adam öldürmək olan birində bu qədər böyük ürək necə ola bilər?

Əllərim tutmurdu daha. Taqətim yox idi. Onun hərəkətsiz, arıq bədənini kolun başına qaldıra bilmədim... Yenə zülüm-zülüm ağlamaq istədim. Çarəsizlik ölümdən dəhşətli imiş... Kaş ki, möcüzə baş verəydi... Bizim işdə möcüzələr yox idi, möcüzəyə inanmaq da. Bizim işdə möcüzə özünsən, dəstək özünsən.

Onu kolun dibinə uzatdım. “Barı bir şey olardı, üstünü örtərdim... Görəsən, yerimdə olsaydı, məni qoyub gedərdimi? Getməzdi! Bəlkə də, yanımda dayanıb, elə özünü də mənimlə ölümə tərk edərdi.

Kaş ki, leytenant həkim olardı... Bir cərrah. Pasiyentləri üçün əlindən gələni edərdi. Təmənnasız. Kaş ki o, öldürməyi deyil, yaşatmağı özünə peşə seçərdi, hamıdan uzaqda, bir dərədə, kolun dibində təkcə ölməzdi...

Son sözlərini demədən getməyi də ağır gəlirdi. Yanında eləcə dayanmışdım. Üzünə baxmağa ürəyim gəlmirdi. Ölüb-ölmədiyini belə yoxlamağa cəsarətim çatmırdı. Gözünü qırpmadan insanları qıran, nə qədər cəsəd görən biri qarşısında hərəkətsiz duran adamın üzünə baxa bilmirdi...  Qalmağın mənası yox idi. Getməli idim. “Bağışla, qardaş, bağışla” deyib yalvardım. Dikəldim. Həm bir az dincəlmişdim, həm də dik gedə bilirdim. Daha sürətlə addımlayırdım, daha ümidlə... Qorxa-qorxa baxışlarımı üfüqdə dolandırdım.

Sərhəd uzaqdaydı...

Qaçmağa çalşsam da, alınmır. Üstəlik, buzun üstündə sürətli gedəndə daha çox sürüşürəm. Susuzluq da bir yandan. Bu soyuqda nə susuzluqdur gəlib, anlamıram. Dodaqlarım quruyub. Dilimi çıxarıb islatmaq belə istəmirəm. Ağzım donur. Dodaqlarımı kip sıxmışam... Özümə “dayanmaq olmaz” deyə təlqin edirəm. Leytenantsız daha çox yol qət etsəm də, itirdiyim qan, yorğunluq, gərginlik nəfəsimi kəsir. Snayper də bir yandan çiynimi salır. Başqa vaxt əlimdə diş çöpü kimi sərbəst oynatdığım sevimli silahım belə yükə dönüb...

Silahların içində ən sevdiyim elə snayperdir. İncə, füsunkar, qəmzəli... Onu sevirəm. Bir-birimizə bağlanmışıq. Onun nazı ilə oynamaq mənə zövq verir. Tətiyini belə həmişə yumşaq sıxmışam. Bir ad da vermişəm – "Mjolnir!"

Yunan mifolojiyasında tufan tanrısı Torun çəkicinin adı olub. Ordan götürmüşdüm. Mənası “dağıdıcı”, “ildırım” deməkdir. Onu Tora sirli-sehrli sənətkarlığı ilə məşhur olan ustalar – mağaralarda yaşayan cırtdanlar düzəlmişdi. Torun çəkici sahibinə bağlı idi, hara atsa da, düşməni öldürdükdən sonra yenidən Tora qayıdırdı. Həm də Mjolnir yalnız öldürücü silah deyildi, o həyat da verə bilirdi. İkili xüsusiyyətinə görə o çəkicə heyran olmuşdum. “Kaş elə bir silahım olardı” deyə arzulayırdım uşaq vaxtlarımda. Mənim snayperim də mənə bağlı idi. Üstəlik, təkcə məhvedici silahı deyildi, düşmənlərə ölüm, dostlarıma isə həyat idi. O qədər adamı qoruyub ki mənim Mjolnirim...

Məncə, silahların içində qadına bənzəyən bircə snayperdir. İşini uzaqdan, hay-küysüz görür. Sakitcə dayanıb lazım olan anda ortaya çıxmağı yaxşı bacarır. Zərif, lakin güclü, qadınlar kimi həssas.

Mjolniri düşmən torpağına atıb getmək ağır gəlirdi. Xainlik idi. Amma təsəllim var idi yenə; mənsiz bir heçdir, özümü xilas etməliyəm... Onu çayın kənarında iri daşın altına soxdum. Silahsız özümü çılpaq hiss edirdim. Bir-iki addım getməmiş yazda sel gələndə qumun altında qalacağını düşündüm. Qayıdıb daşın altından çıxardım. Çaydan bir az aralıda kolun içinə soxdum. “Mütləq, geri gələcəyəm Mjolnir, gələcəyəm” – dedim... Deyəsən, bu təsəllini ondan çox özümə edirdim, qurtulacağıma dair bir ümid verirdim özümə... İnsanın özünə təsəlli verməsi qədər acınacaqlı bir səhnə yoxdur...

Çayın bitdiyi yerə çatmışam. Yolun ən çətini burdan sonra başlayır. Sərhədə qədər dağa dırmanmaq... Oradan sonra necə olacağını da bilmirəm. Ancaq ümidliyəm... Yamaca dırmanmağa başlayıram. Buz parçasına dönən ayaqlarım bədənimi saxlaya bilmir. Addımlarımın arası 20-25 santimetr ancaq olar. Özümə hökm etməyə çalıram. Bu addımlarla sərhədə çatmağım mümkün deyildi ki. Dırmanmağa davam edirəm. Dərədən uzaqlaşdıqca küləyin gücünü də hiss edirəm. Qarı sovurub üzümə çırpır. Kirpiklərimdən, qaşlarımdan qırov sallanır. Önümü görmək çətinləşir... Ayaqlarım sözümə baxmır. Büdrəyirəm. Əllərimi havaya atsam da, dayana bilmirəm. Donmuş barmaqlarım kol-kosdan tutub məni saxlaya bilmir. Dərəyə yuvarlanıram. Gözlərim yumulu, donmuş əllərimi sağa-sola atıram... Tappıltı ilə dərəyə düşürəm... Dağın, qarın, küləyin, müharibənin  var-yoxunu söyürəm yana-yana. Yıxıldığı üçün torpağa qəzəblənib ağlayan uşaq kimi hiss edirəm özümü. Hər şeyi güllələmək istəyirəm. Boğazımdan içəri dolan qarı keyimiş əllərimlə təmizləmək olmur. Az-az əriyib bədənimə axır...

Zorla dırmandığım 20-30 metr məsafə mənə ekvator qədər uzun görünür. Köpək kimi əllərim yerdə, dizlərim üstə başımı aşağı sallayıb dayanıb dincəlirəm. “Yaxşı ki, suya düşmədim. Bu şaxta ilə elə burdaca donardım...”

Dizlərim üstə dayanmışam. Sakitləşmişəm bir az. Hər şey elə qəribə gəlir ki... Nədir insanların dərdi? Nəyin davasıdır axı? Niyə sülh içində yaşaya bilmirik? Ağızdolusu “müharibə”, “müharibə” deyənlər, görəsən, heç savaş görüblərmi? Sevdiyin insanların  gözünü önündə parça-parça olmasını, qiymətli adamları ölümə tərk etməyin dəhşətini dərk edirlərmi? Mərminin bədənini dəlib keçməsini, sümüklərinin parçalamasının necə hiss etdirdiyini bilirlərmi? Ya da bədəninə bitişik olmalı olan ayağının səndən üç metr aralıda necə göründüyünü, “bu, mənim ayağımdırmı?” deyə dəhşətlə özünü yoxlamağını anlayırlarmı? Məncə, müharibəyə can atan adamların çoxu şüuraltı olaraq hesab vermədən, həbs olunmadan adam öldürmək arzusunda olanlardır. Adam öldürmək asandır, əsas məsələ bununla yaşaya bilməkdir. İnsanlar dəhşətli canlılardır...

         Sərhəd uzaqdaydı...

Məsafə azalsa da, yolum çətinləşmişdi. Hava qaralırdı. Çovuyan qardan ətrafı görə bilmirdim. Artıq yerimək mümkün deyildi. İməkləyə-iməkləyə dırmanırdım. İndi daha diqqətli idim, bir səhvlə dərəyə yumbalanacağımı öyrənmişdim. Bəzən qarın xırçıltısını eşidəndə diksinirdim. Bura qədər canavarların arxamca gəlməməsi şansım idi... Şans?! Dediyim sözə gülməyim gəldi. Bu gün şans sərhəddən daha uzaqda idi... Tapançamı yoxladım. Üzərimdə idi...  Canavarlar gəlsə... Axmaqlayıram. Donan barmaqlarım tətiyi sıxa bilməz. Canavarlar gəlsə, bədənimi necə parçaladıqlarına, ətimi didikləyib acgözlüklə udmaqlarına şahid olmaqdan başqa yolum olmayacaqdı... Üstəlik, burada atəş açmaq diri-diri gömülmək demək idi. Silahın gurultusundan o dəqiqə qar uçqunu başlayardı. Bu nəhəng kütlənin altında diri-diri gömülərdim. Canavarlar yaxşı idi. Açıq səmaya baxaraq ölmək diri-diri gömülməkdən daha ləyaqətli, daha asan ölümdür...

Ümidim də donur, deyəsən... Acınacaqlıdır, az öncə leytenantın öldüyünü ailəsinə necə deməyi düşünmüşdüm. İndi öz ölümüm... Təntənəli bir dəfn mərasimi, bütün qohumlar, yaxınlar doluxsunub... Evimizdəki ah-nalə ətrafa yayılır... Hamı dalımca ağızdolusu danışır, uşaqlıqda necə qanacaqlı, ürəkli olduğumu deyir. Qısası, adamın ölümə tamahı düşür. Amma anam... İnanmıram məndən sonra yaşaya bilə. “Hərbiyə gedirəm” deyəndə əlini dizinə çırpıb bircə dəfə “eləmə, qurbanın olum...” demişdi. Dirəşməmişdi. Bilirdi ki, dedimsə, edəcəyəm. Dikbaş, saymazyana olmuşam. Kaş ki olmazdım...

Görəsən, bir mühəndis, ya da şöhrətli idmançı olsam, ölümüm necə olardı? Hərbçi olmasaydım, insanlara daha faydalı nə ola bilərdim? Uşaqlarımla, qadınımla bir evdə yaşlanmaq, qışda qonşularla, dostlarla yığışıb domino oynamaq...

Sürünürəm. Heyrətə gəlirəm, bu qədər yolu necə dırmandım, anlamıram. Həyat eşqi necə bir gücdür, necə bir sirdir ki, insanı ölməyə belə qoymur?! Başqa vaxt kiminsə belə şərtlərlə bu qədər yolu gəldiyini desəydilər, bircə kəlmə “basıb bağlamayın” deyərdim...

         Şaxta şiddətlənib. Dodaqlarım, deyəsən, donub bir-birinə yapışıb. Aralamaq istəyirəm, ağzım açılmır... Gücüm tükənib. Sərhədə çox yaxınlaşdığımı bilirəm. Çünki nisbi maili yerdə olduğumun fərqindəyəm. Başımı qaldırmağa heyim yoxdur. Son gücümü ancaq irəli dartınmağa sərf edirəm... Artıq iməkləmirəm, sürünürəm. Ya da süründüyümü, davam etdiyimi düşünürəm. Fərqində deyiləm. Üzüm soyuq qara dirənsə də, heç nə hiss etmirəm. Beynimin əllərimə, ayaqlarıma “irəli” deyə verdiyi komandanı bədənim yerinə yetirirmi? Ayaqlarımı, əllərimi, həqiqətən, tərpədirəmmi? Bəlkə, mənə elə gəlir? Bəlkə, bayaqdan donmuşam, bilmirəm? Ölmüşəm, bəlkə, xəbərim olmadan? Ölmüşəmsə, deməli, ölüm o qədər də əziyyətli, çətin deyilmiş. Əksinə, çox rahat... Nə düşünürəm-düşünüm, fərqi yoxdur, beynim “dayanmaq olmaz!” deyə əmr edir, irəli dartınıram...

         Yerdən qaldırıldığımı hiss edirəm. Zorla gözümü açıram, qarın içindən dik götürüb sürətlə aparırlar. Nə danışdıqlarını, kim olduqlarını,  hara apardıqlarını bilmirəm. Dostmu, düşmənmi, anlamıram. Səslər eşidirəm, lakin qavraya bilmirəm eşitdiklərimi. Hər yer yenə qaranlıqlaşır, gözlərim yumulur... Anlamıram, qaralan mənim həyatımdırmı, yoxsa gecə düşüb...

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

 

 

 

Türkiyənin tanınmış aparıcısı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran Esra Gezginci “Əsrarəngiz Azərbaycan” adlı sənədli film ərsəyə gətirib. Film aprelin 2-də Azərbaycan İctimai Televiziyasının efirində yayımlanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sənədli filmin əsas mövzusu Azərbaycanın mədəni irsi, folkloru, xüsusilə Qarabağın tarixi, həmçinin Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətləridir. 

Esra Gezgincinin sözlərinə görə, “Əsrarəngiz Azərbaycan” filmində Bakıdan Türk dünyasının paytaxtı Şuşaya qədər uzanan səyahəti əks etdirən ümumilikdə 10 veriliş çəkilib.

Qeyd edək ki, sənədli film daha öncə Türkiyənin NTV kanalında izləyicilərə təqdim edilib. Verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışan E.Gezginci Şuşanın önəmi barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Nəcəf bəy Vəzirovun doğum gününə

 

 

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Nəcəf bəy Vəzirovun anadan olmasının 169-ci ildönümü tamam oldu. Azərbaycan ədəbiyyat tarixinə bələd olan çox az adam tapılar ki, ona “Yağışdan çıxdıq yağmura düşdük”, yaxud “Müsibəti–Fəxrəddin” adları tanış olmasın. 

Nəcəf bəy Vəzirovun dramaturgiyamızın inkişafında, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır. Bütün ictimai fəaliyyəti və ədəbi yaradıcılığı ilə milli özünüdərk hərəkatına yaxından kömək göstərən Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub, feodal–patriarxal quruluşa qarşı çevrilmiş maarifçilik hərəkatının genişlənməsində yaxından iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Nəcəf bəy Vəzirov 1854–cü il aprelin 2-də Azərbaycanın dilbər guşəsi olan Şuşa şəhərində, evin tək oğlu olaraq dünyaya göz açıb. Yazıçının uşaqlığı fərəhsiz keçib, atası Fətəli bəy xəstə olduğundan ailənin çətinliyi anası Mina xanımın üstünə düşüb. Nəcəf özü də təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olub. Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin. Lakin Nəcəfin səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı. Özünün yazdığına görə, o, on iki yaşında məktəbə gedib və tez bir zamanda oxuyub–yazmağı öyrənib.

Nəcəf ilk təhsilini dini məktəbdə alıb. O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyə məktəbinə gedir. Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir. Bəli, elə buradanca qabardaq ki, ermənilərin xalqımıza qarşı öz torpaqlarımızdakı basqısı hələ o vaxtlardan mövcud idi. Mülkiyə məktəbində erməni müəllimin amansız rəftarı, uşaqları yerli–yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşmağa məcbur edir. 

O, 1868-ci ildə Şuşadan ayrılıb Bakıya gəlir. Burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur. Öz bacarığı və biliyi ilə tezliklə müəllimlərin rəğbətini qazanır. Gimnaziyanın sonuncu sinfində oxuyarkən artıq əlaçı şagird kimi tanınır, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.

Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi, o zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir. H.Zərdabi şagirdlərdə təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi. O çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün anlasınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizlər kimi yetişsinlər. Məhz Zərdabinin məsləhəti ilə N.Vəzirov təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tanış olur. Yazıçının teatrla tanışlığı da bu zaman başlanır. 

O xatirələrində yazır: “1873–cü ildə altıncı sinifdə oxuduğum halda birinci dəfə rus teatrına getdim. Bu gecə mənə nəhayət dərəcədə təsir elədi. Onun necə bir şey olduğunu başa düşdüm”.

N.Vəzirov 1874–cü ildə real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün Rusiyaya gedir. O əvvəlcə Moskvada olur, sonra dostu Ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olunmaq istəyir. Lakin attestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəmədiyindən Moskvaya qayıdır və sentyabrda Petrovski–Razumovski Meşə və Təbiətşünaslıq Akademiyasının Meşəçilik şöbəsinə daxil olur.

Onun Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir. Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli–azadlıq ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilabi mühitə düşür. O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, təhsil aldığı akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir. Hətta 1878–ci ildə H.Zərdabinin təşəbbüsü ilə “İmdadiyyə” adlı dərnək təşkil edir. 1878–ci ildə N.Vəzirov Petrovski–Razumovski Akademiyasının Meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir. O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur. 1880–ci ilin iyul ayına qədər burada çalışır. Daha sonra ikinci dərəcəli meşəbəyi kimi İrəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur. 1887–ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir. 1890–cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi–azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski–Razumovski akademiyasının məzunlarını təqib edirlər. Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər. Bundan sonra sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır. Əvvəlcə İrəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonra isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir. Lakin bu işlərin heç biri N.Vəzirovun xoşuna gəlmir.

Nəcəf bəy Vəzirov 1895–ci ildə Bakıya köçür. Burada lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır. O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını davam etdirir, “Yağışdan çıxdıq yağmura düşdük”, “Müsibəti–Fəxrəddin”, “Pəhləvanı–zəmanə” kimi klassik əsərlərini yaradır. N.Vəzirov 1903–cü ildə Bakı Dumasına katib seçilir. Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.

1905–ci il inqilabı N.Vəzirovun ədəbi–ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır. Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan “Həyat”, “İrşad”, “Təzə həyat”, “Açıq söz” və s. qəzetlərində “Dərviş” imzası ilə “Balaca mütəfərrəqələr” başlığı altında burjua–mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetişməsi üçün yorulmadan fəaliyyət göstərir.

1913–cü il noyabrın 15–də “Şəfa” maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir. Bu gecə böyük bir mədəni bayrama çevrilir. Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə-oçerk, məlumat dərc edirlər. Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər. Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışıb. Bu illərdə o, “Pul düşkünü Hacı Fərəc” komediyasını, “Təzə əsrin ibtidası” dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin “Xəsis” komediyasını “Ağa Kərim xan Ərdəbili”, fransız məzhəkəsi “Vəkil Patelen”i isə “Dələduz” adı ilə təbdil edib. Azərbaycanda aprel istilasından sonra N.Vəzirov Bakıda Kənd Təsərrüfatı texnikumunda müəllim işləyib.

Nəcəf bəy Vəzirov 1926–cı ilin yayında təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya – Çuxuryurda gedib və iyulun 13–də orada ürək çatışmazlığından vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Mayın 20-də “Baku Crystal Hall” səhnəsində Türkiyənin sevilən müğənnisi, "İmperator” ləqəbli sənətçi İbrahim Tatlısəsin "Əfsanə geri dönür!" adlı konserti təşkil olunacaq.

 

Öz bənzərsiz ifaları ilə milyonların sevgisini qazanan məşhur müğənni illər sonra yenidən Bakıda öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edəcək.

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Bazar ertəsi, 03 Aprel 2023 10:30

Varlanmaq formulunda biznes-planın rolu

 

Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Bu dəfə bu barədə danışacağıq.

 

Biznes-plan nədir

 

 Biznes-plan sizin biznesinizi, onun istiqamətini, sizin bütün məqsədlərinizi və sizin şirkət üzrə prtnyorlarınıza təklif etdiklərinizi dəqiq müəyyən etməyə imkan verir. Onun baza komponentinə cari və gələcək balanslar, gəlir və ziyanlar haqqında hesabatlar və nağd pul vəsaiti axını daxildir. O, resursların dəqiq müəyən edilib paylaşdırılmasında, risklərin yaranma imkanlarının nəzarətdə saxlanılmasında və düzgün qərarların qəbulunda sizə yardımçı olacaq.

 

Biznes-plan sizin kompaniya, onun təşkilinin prinsipləri, borc götürülən vəsaitin necə qaytarılacağını əsaslandıran hesablamalar haqqında müəyyən və xüsusi məlumatlar daşıdığından, yaxşı tərtib edilmiş biznes-plan kredit və investisiyaların alınması üçün təqdim olunan sənəd paketinin həlledici komponentidir. Paralel olaraq o, sizin personala, təchizatçılara və digər partnyorlarınıza məqsədlərinizin mahiyyətini və kompaniyanızın əməli strategiyasını izah edə bilər.

 

Mövzudan daha geniş bəhs etmək zərurəti duyduğumdan, bundan sonrakı günlərdə biznes-plan barədə daha geniş danışacağam.

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(03.04.2023)

 

 

 

 

Parisdə Luvr muzeyinin Karusel (Carrousel) qalereyasında beynəlxalq incəsənət festivalı təşkil edilib. Azərbaycan festivalda Heydər Əliyev Fondun təşkilatçılığı və Fransadakı səfirliyimizin dəstəyi ilə yaradılan pavilyonla təmsil olunur. Pavilyon Azərbaycan mədəniyyətinin ölkə xaricində tanıdılması, onun ənənəvi dəyərlərinin qorunması ilə yanaşı, müxtəlif müasir istiqamətlərdə inkişafını əks etdirir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, Azərbaycan ilk dəfə Luvr Karusel “Art Shopping” Salonuna qoşulub. Festivalda Azərbaycan incəsənət nümayəndələrinin əsərlərindən ibarət pavilyon fransız, eləcə də müxtəlif ölkələrdən olan sənətsevərlərin diqqət mərkəzində olub.

Azərbaycan pavilyonunun təqdimatında Fransadakı səfirimiz Leyla Abdullayeva, “Carrousel” İncəsənət Salonunun direktoru Miryam Annone Kastane (Myriam Annonay Castanet) və Salonun kommersiya direktoru Stefan dö Boyson (Stephane de Boysson) çıxış edərək, Azərbaycanın mədəniyyəti, incəsənəti haqqında danışıblar.

Karusel incəsənət Salonunun direktoru Miryam Annone Kastane Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, Heydər Əliyev Fonduna “Art Shopping” Salonu ilə əməkdaşlıq təşəbbüsünə, heykəltəraş Elvin Nəbizadəyə və rəssam Anar Hüseynzadəyə möhtəşəm əsərlərinə görə təşəkkür edib.

Səfir Leyla Abdullayeva Azərbaycanın yerləşdiyi geosiyasi məkan haqqında məlumat verib. Avropa və Asiya arasında yerləşən Azərbaycanın zəngin mədəni irsindən söz açıb. Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınması istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi böyük layihələrdən danışıb. Fondun Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında böyük rolu olduğunu vurğulayıb. Bildirib ki, məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu gün iki azərbaycanlı incəsənət nümayəndəsinin əsərləri Karusel “Art Shopping” festivalımda nümayiş olunur.

Karusel “Art Shopping” Salonunun kommersiya direktoru Stefan dö Boyson Azərbaycanın müasir incəsənətindən söz açaraq, Bakıya səfərindən danışıb. Ölkəmizdə sənətə yüksək qiymət verildiyini bildirərək, istedadlı azərbaycanlı rəssamlar, nadir müasir incəsənət əsərləri haqqında məlumat verib.

Azərbaycan pavilyonunun ziyarətçiləri heykəltəraş Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Bienalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən Parisdə Luvr Karusel “Art shopping” festivalında nümayiş olunmaq üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalasiyasını heyranlıqla seyr ediblər.

Müəllif ziyarətçilərin suallarına cavab olaraq bildirib ki, göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycanda multikulturalizmin – ölkədə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin, onlara qarşı tolerantlıq və hörmətin simvolu olduğu bildirilib. 

Azərbaycan pavilyonunun ziyarətçiləri rəssam Anar Hüseynzadənin tablolarını seyr ediblər. Xarici ziyarətçilər azərbaycanlı rəssamım əsərləri vasitəsilə qədim İçərişəhər, onun özünəməxsus dar küçələri, doğma Abşeronla tanış olublar.

A.Hüseynzadənin simvolizm qrupundan olan rəsm əsərləri qeyri-adi yanaşmada olan natürmort və portretlərlə təqdim olunur. Onun “Kosmos” seriyasından olan əsərləri ilk dəfə bu Salonda tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, Azərbaycanın Karusel “Art Shopping” festivalında iştirakı çərçivəsində instaqram sosial şəbəkəsində “Fransada Azərbaycan müasir incəsənəti” mövzusuna həsr olunmuş səhifə yaradılıb. Həmçinin, rəssam Anar Hüseynzadə tərəfindən ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. 

“Art Shopping” festivalı bu gün yekunlaşacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ekspress-sorğu” rubrikası növbəti dəfə görüşünüzə gəlir.  Rubrikanın aparıcısı Habil Yaşar bu dəfə kitabsevərlərdən “Bir gün bir kitab yazmaq istəsəniz, mövzusu və adı nə olardı?” sualına cavab alıb.

 

İradə Allahverdiyeva, müəllimə

Məni nədənsə əkizlər çox maraqlandırır. Bənzərlikləri, fərqlilikləri nələrdir, həqiqətənmi bir-birilərini tamamlayırlar, güclü olanının güc səbəbi hansılardır və s. Odur ki, əkizlər barədə yazardım. Adı da elə “Əkizlər” olardı.

 

Ceyran Məmmədova, hal-hazırda işsiz

Öz keşməkeşli həyatımı qələmə alardım. "Xatirələr" adı altında.

 

Tural Nəbiyev, müəllim

Bir gün kitab yazmaq istəsəm, elə yaxın tariximizdən - 44 günlük VƏTƏN MÜHARİBƏSİndən yazmaq istərdim. Başqa xalqların qəhrəmanlıq tarixində həsəd apardığımız hadisələrin bilavasitə özümüz şahidi olduq. Və indi başqaları bizə həsəd aparmalıdır. Bunları qələmə alıb dünyanın bilməsini istərdim...

 

Mətanət Məhərrəm, müəllimə

Kitab yazsa idim, mövzusu əbədi mövzu olan sevgi olardı.

 

Lətifə Abbasova, yazar

Bir gün kitab yazmaq istərsəm, hərçənd bu, məni hər zaman düşündürən bir mövzudur, təsəvvürümdəki bir həyatı qələmə alardım. Adını isə “Uçub gedən xəyallarım” qoyardım.

 

Səadət Qənbərova, yazar

Hətta bir kitab yox, ikisini birdən yazar, öz həyatımı qələmə alardım. "Üşüyən xəyallarım", "Sahilsiz gəmiyəm" – kitabların adlarını da bu cür qoyardım.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

 

 

 

 

 

Ədəbiyyatımızla bağlı regionlarda keçirilən istənilən tədbir diqqət mərkəzinə gəlməlidir. Çünki ədəbiyyat paytaxt despotunda qaldıqca inkişafını itirmiş olur. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yardımlıda yaşayan şairlərlə görüş təşkil edilib. Öncəsdən qeyd edək ki, Cənub bölgəsinin baş şəhəri olan Lənkəranın bölgənin digər guşələrinə bu qayğısı təqdir olunmalıdır. 

Görüşə yardımlıdan olan şairlərdən Sakit Ilkin, Mərdan Dadaşlı, Pənah Dumanoğlu, Guloglan Imanov, Səfail Aqiloğlu, İqbal Nəhmət və saz ifaçısı Çingiz Əhmədov qatılaraq Lənkəran oxucularına xoş ovqat bəxş ediblər.

İqbal Nemət portalımlza açıqlama verərək söyləyib: “Möhtəşəm təşkilatçılığa görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərliyə, dostumuz, görüşün baş tutmasında böyük zəhməti olan Cəfər Fətullayevə, görüşdə iştiraklarına  görə başımızın tacı olan şəhid analarına, Lənkəran ədəbi mühitinin görkəmli nümayəndələrinə, məktəblilərə, ziyalılarımıza, oxucularımıza, şairlərin şeirlərini ifa edən qiraətçi dostlara ürəkdən təşəkkür edirik! Davamlı olsun, gələn ayaqlar, görən gözlər, duyan urəklər var olsun!”

 

“Ədəbiyyat və incəsənət”

(03.04.2023)

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının “College Awards” – Gənclər Emmisi mükafatının təqdimat mərasimi keçirilib. 

 

Mərasimdə ölkəmiz də təmsil olunub, “Real” Televiziyasının Proqramlaşma Departamentinin rəhbəri, Real FM-də yayımlanan “Cinema Radio” Kino Radio Kanalının rəhbəri, Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü, mükafatının builki münsiflər heyətinin üzvü Kamran Qasımovun timsalında. 

 

“Ədəbiyyat və incəsənət” portalı Kamran Qasımova istinadən məlumat verir ki, mərasimdən sonra o, Amerika Televiziya Akademiyasının vitse-prezidenti Laurell Vitmkob, Akademiya Fondunun sədri Kris Abrego, Akademiyanın qubernatorlarından olan Skot Frimanla müzakirələr aparıb. 

Qeyd edək ki, bu il Akademiya Fondu Gənclər Mükafatını “Ən yaxşı dram”, “Ən yaxşı komediya janrında serial”, “Ən yaxşı animasiya”, “Ən yaxşı qeyri-oyun serialı”, “Ən yaxşı sənədli film” nominasiyaları üzrə təqdim edib. Münsiflər heyəti 1 ay ərzində filmlərin səsverməsində iştirak edərək nominantları müəyyən ediblər. 1977-ci ildən etibarən keçirilən “College Awards” kino və televiziya sahəsinə üz tutan gənclərin yaradıcılığını stimullaşdırmaq, yeni istedadların üzə çıxarılması məqsədini daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(03.04.0223)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.