Super User

Super User

Çərşənbə axşamı, 08 Avqust 2023 14:30

Fidlerin şərait liderliyi modeli

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk.

 

Dərhal bildirim ki, şərait liderliyi təliminin banisi Amerika psixoloqu Fred Fidler hesab olunur, bu təlim dünyada praktik baxımdan kifayət qədər uğur qazanıb və bu səbəbdən, Fidler modeli üzərində nisbətən əhatəli dayanacağam.

Ötən əsrin 60-cı illərində üzərində çalışmağa başlanılan bu model liderin tabeçiliyində olan işçi qrupunun effektivliyini müəyyənləşdirə bilmək imkanı yaradır. Modeldə hər hansı liderlik stilinin müvafiqliyi və şəraitə uyğun nəzarət edilməsinin üç dəyişik situasiya vəziyyəti əsas götürülür.

Lider stilinin ölçülməsi və təyin edilməsi üçün Fidler səkkizballıq şkalalarda işləyib hazırladığı «ən az üstünlük verilən işçi» (ƏÜİ) xarakteristikasını təklif edir. Bu şkalaya uyğun olaraq liderlər arasından seçilmiş respondentlərə hər şkala mövqeyində cavaba görə müəyyən ballar verilir. Respondent uğur gətirən və heç bir vəclə uğur gətirməyəcək xüsusiyyətlərini vurğulayır, tabeçiliyindəki işçiylə münasibətlərini aydınlaşdırır, arzuladığı qipotetik şəxsiyyətin obrazını yaradır.

Şkalanın bütün mövqeləri üzrə ballar hesablanandan sonra liderin stili müəyyənləşdirilir.

Belə ki, öz ƏÜİ əmsalı çox pozitiv xarakterizə edilən və yüksək ballar qazanan lider-respondentlərin şəxsi münasibətlərə yönəli stilə malik olmaları bəlli olur, əksinə, öz ƏÜİ əmsalı çox neqativ xarakterizə edilən lider-respondentlərin isə iş prosesinə yönəli stilə malik olmaları bəlli olur. Müvafiq olaraq bu iki lider tipinə də Fidler «ƏÜİ əmsalı yüksək olan lider» və «ƏÜİ əmsalı aşağı olan lider» adlarını verir. Fidlerin qənaətinə görə, liderlik stili nisbətən daimi qalır və situasiyadan situasiyaya demək olar ki, dəyişilmir. Fidler bunu bu stillərdə individin şəxsi münasibətə motivasiyalaşması və işə motivasiyalaşmasından ibarət olan ən əsas motivasiya növlərinin olması ilə izah edir.

Modeldə şəraitin nəzarətedilən və əlverişli olması liderə şəraitə nəzarət etməklə ardıcıllarına təsir edə bilmək dərəcəsi kimi izah olunur. Bu dərəcə yuxarı və aşağı ola bilir ki, birinci halda liderin işlərin gedişinə təsir edə bilmək üstünlüyü nəzərə alınaraq onun qərarlarının proqnozlaşdırılan nəticələr verəcəyi gözlənilir, ikinci halda isə liderin qərarının arzuolunan nəticə verməyəcəyi də göz altına alınır.

Fidlerin dəyişkən şəraitlər modelində ƏÜİ əmsalı yüksək və ƏÜİ əmsalı aşağı olan lider stillərinin fəaliyyətindəki effektivlik yüksək, orta və aşağı həddə olan görülən işlərin həcmindən asılı olur ki, bunları da

a) kollektivdə münasibət;

b) işdə strukturlaşma;

c) vəzifəlilik hakimiyyəti kimi bəndlərdən ibarət şərait dəyişiklikləri şərtləndirir.

Model birmənalı olaraq ƏÜİ əmsalı yüksək olan liderin ƏÜİ əmsalı aşağı olan liderdən daha effektiv olmasını, daha yüksək nəticələr əldə etməsini təsdiqləyir. Modelin şərait kontiniumunda «işçilərlə münasibət, işdə strukturlaşma və liderin mövqeyi» şəraitləri əsasında formalaşan əlverişli şərait «yarışmasında» işin nəticəsinə meyilli olan ƏÜİ əmsalı aşağı liderin işçilərlə münasibətə meyilli olan ƏÜİ əmsalı yüksək liderə rəğmən məğlub duruma düşməsi izah olunur, rəqibinin olduqca əlverişli şərait yüksəkliyinə öz az əlverişli şərait aşağılığından baxması əks olunur.

Bu model xüsusən böyük korporasiyalarda rəhbərlərə effektiv liderliyin sirlərini öyrətməkdə köməklik edir.

Fidlerə görə, təlim-tədris və təcrübə vasitəsi ilə liderin hakimiyyətdən istifadəetmə və şəraitin bütün rifahlarından mənimsəmə qabiliyyətlərini yaxşılaşdırmaq mümkündür. Fidlerin metodu dönə-dönə xəbərdarlıq edir ki, mənəvi faktora söykənən, yəni tabeçilikdə olan insanlarla münasibətə söykənən konsepsiya lideri uğura aparan yol olduğu halda maddi faktora söykənən, yalnız işin keyfiyyətinə, məhsuldarlığa istinad olunan konsepsiya lideri tənəzzülə aparır.

Və oxucularıma onu da bildirim ki, Fidlerin şərait liderliyi modeli təkcə iqtisadiyyata şamil edilməklə məhdudlaşmır, xüsusən 3-cü minillikdə bu modelin siyasi çalarları da ayrı-ayrı dövlət liderlərinin tətbiqi sayəsində özünü büruzə verməkdədir.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

 

Çərşənbə axşamı, 08 Avqust 2023 13:00

“Hörüksüz qızın imtahanları” - Alpay Azərin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Nəsr bölümündə Alpay Azərin “Hörüksüz qızın imtahanları” hekayəsini təqdim edirik.

 

 

 

 

1

  

Nisə müəllim nəşr etdirdiyi dərs vəsaitindən otuz dənəsini  sevimli tələbəsi Nahidəyə verib potokdakı tələbələrə beş şirvandan (1)[i] satmağı tapşıranda demişdi: “Amma mütləq hamıya çatdır ki, bu kitab birinci sizin özünüzə lazımdı, yəni minnətlə, qarğışla pul verib almasınlar”. Dərs vəsaiti isə Azərbaycan tarix elminə o qədər də tanış olmayan rus müəllifdən tərcümə idi. Nisə vəsaiti pulla tərcümə etdirib öz adıyla nə gəldi çap eləyən nəşriyyatlardan birində çıxartdırmışdı. Nahidə üçcə günə kitabların hamısını potokdakı tələbələrə satmışdı. Müəllimi o puldan dörd şirvan verəndə Nahidə etiraz etmişdi: “Yox, nə danışırsız, ömründə götürmərəm”. – “Suss, halal pulundu, dinməz-söyləməz götür. Gedib özünə xoşuna gələn ayaqqabı alarsan”. Təzəcə tanış olanda mehrini Nahidəyə salan Nisə müəllim ona demişdi ki, hansı müəllimlə problemin olsa, çəkinmə, mənə yaxınlaş. Tarix fakültəsinin qiyabisində oxuyan, anasının uzaq qohum olan bir tələbəyə görə yaxınlaşıb utana-utana: “Mümkünsə, kəsilməsin deyə, üç yazardız. Gecələr işləyir, evə ancaq o, pul gətirir” xahişi etmişdi. Nisə müəllim onun beş sualdan birinə zorla cavab verən qohumuna dörd yazmışdı və Nahidə potokda əməlli-başlı məşhurlaşmışdı. “Qaçqın olasan, dünən Bakıya gələsən, amma belə fərasətli olasan,” – tələbələr öz aralarında pıçıldaşmışdı.

          Laçından olan Nahidəgil qaçqın düşəndə Bakıdakı yataqxanalardan birində boş otaq tapıb üç ay orda yaşamışdılar. Sonra əllərindəki pulla Əhmədlidə ikiotaqlı ev almışdılar. Hələ sovetin dinc vaxtında uzun illər rayonda mağaza müdiri işləmiş atasının pulları hesabına Moskvadan, Leninqraddan özünə bahalı paltarlar, ayaqqabılar, ətirlər gətizdirən Nahidə məktəbin ən forslu, dəblə geyinən qızlarından biriydi. Atası qaçaqaç vaxtı Laçındakı evlərindən son lazım olan şeyləri götürəndə qızının ayaqqabılarını paketə taykeş yığıb Bakıya gətirmişdi. Bunları görən Nahidə hamama qaçmışdı, güzgünün qabağında dayanıb xısın-xısın ağlayaraq demişdi: “Çox demirəm, heç olmasa bir cüt ayaqqabım gəlmədi”.

          “Özünə ayaqqabı alarsan” sözlərini eşidən Nahidə əmin olmuşdu ki, taykeş ayaqqabılar məsələsini rəfiqəsi sevimli müəlliminə çatdırıb. Ürəyində “xəbərçi” rəfiqəsini söysə də, Nisə müəllimə xeyli təşəkkür edib dörd şirvanı götürmüşdü. Həmin gün dərsdən çıxan kimi yaxınlıqdakı komisyon mağazaya gedib qazandığı pulla çoxdan gözaltı etdiyi sarı dikdaban ayaqqabıları almışdı.

          Nahidə imtahandan əvvəl saçlarını kare kəsdirib sarı rəngə boyadı, makiyaj elədi, ilk dəfə semestr imtahanında sevimli müəlliminin gözündə fərqli görünmək istədi.

          “Hörüklərin hanı, ay qız? – Nisə müəllimin onu görən kimi yerində qurcuxub gözlərini bərəldərək dediyi ilk sözlər bu oldu. – Kəsməyin bir yana, sarıya boyamısan?” Nahidənin sanki dili tutuldu, bilmədi nə desin, heyrətlə müəllimin üzünə baxdı. “Bilirsən kimlər saçını sarıya boyayır?” – Nisə müəllimsə dayanmaq bilmirdi. Bunları eşidəcəyini ağlının ucundan belə keçirməyən Nahidəyə elə gəldi, bu dəqiqə “küçə qızı”, ya da ondan betərini eşidəcək. Bilmədi necə reaksiya versin, ürəyi bərk-bərk döyünməyə başladı. Nisə müəllim “Zaçotkanı bəri ver görüm,” – deyib məzəmmətqarışıq təbəssümlə ona baxanda qızın ürək döyüntüləri səngiməyə başladı, anladı ki, sevimli müəllimi bayaqdan ərk etdiyindən onu bu cür danlayır, ürəyində “Şükür Allaha, sakitləşdi” dedi. Həm də ona elə gəldi ki, müəllim özü danlamaq məsələsində barıtı çox etdiyini anlayıb, indi aranı yumşaltmaqçün gülümsəyir. “Nisə müəllimə, saçdı da, bir ay sonra uzanar, yenə qaraya boyayaram,” – nazla dedi. “Bir aya o uzunluqda saç yerinə qayıdar? Məni dolamısan? Ay qız, mənim altmış üç yaşım var, uşaq-zadam səninçün?” – “Yox, Allah eləməsin. Yəni siz heç vaxt saçlarınızı kəsdirməmisiz?” Nisə müəllim məzəmmətlə başını bulayıb qələmi götürdü: “Vallah, sən artıq nə danışdığını bilmirsən. De görüm, evdəkilər səni bu viddə görüblər?” Nahidə tutuldu, güclə özünü “Bütün nəslimiz məni belə görüb, sonra?” deməkdən saxladı. Gördü müəllimi gözləri onda cavab gözləyir, özünü məcbur edib dedi: “Axı burda nə pis şey...” – “Pis şey var, öz də yekəsindən. Bura ali məktəbdi e. Ali məktəb tələbə üçün müqəddəs ocaqdı, anlayırısan bunu?” – “Anlıyıram,” – deyib Nahidə başını aşağı saldı. “Anlamırsan, hələ durub söz qaytarırsan,” – deyib Nisə müəllim onun qiymət kitabçasına 3 (kafi) yazdı. “A-a, siz neynədiz?” – Nahidə ağlamsına-ağlamsına auditoriyadan çıxanda gücü ürəyində bunları deməyə çatdı: “Axtarsan nəslində əlli dənə saçını sarıya boyayan qız, arvad taparsan. Buna sual verəsən ki, sənə görə ucdantutma hamısı qəhbədi?”

          Nahidə auditoriyadan çıxan kimi, Nisə müəllim yanında oturan laborant qıza dedi: “Özün də görmüşdün, – baş və şəhadət barmağını bir-birindən aralayıb qalınlıq işarəsini göstərərək, – belə qalın hörükləri varıydı. Hələ sifətinə vurduğu iki kilo kraskanı demədim özünə. Eləbil küçə qızıdı”.

 

2

 

          Cəllad ləqəbli Cavad imtahanda hətta pul verənləri belə kəsməkdə, ağlaşan, göz yaşlarını silən, auditoriyadan çıxan tələbələr müəllimin yeddi arxa nəslini söyməkdə, pul verməyib kəsilənlərsə bir-birinə təsəlli verməkdəydi: “Əgər bunlar üç şirvan verib kəsilirsə, Cavadın bizə iki yazmağı normaldı”. Sonralar bilinəcəkdi ki, Cavad üç şirvana qane olmadığından o pulu verənləri kəsibmiş...

          İlk dərsdə tələbələrə demişdi: “Bax indidən deyirəm, imtahan vaxtı nəbadə üstümə adam göndərəsiz ha, nə də pula-zada baxanam. Canınız çıxar, oxuyub cavab verərsiz”.

          İlk dəfəydi öncədən kəsiləcəyini əmin olan Nahidə rəfiqəsinə dedi: “Bir azdan bu alçaq məni də kəsəcək. İnan, bir qram vecimə deyil”. Hərçənd vecinəydi, təkrar imtahanda beş şirvanla dörd alacağına ümidliydi.

          Bilet çəkib oturandan sonra laqeydcəsinə suallara göz atdı, hamısının cavabını bilirdi, “Noolsun,” – mızıldandı, əsəbi-əsəbi bir neçə dəfə çiyinlərini çəkdi. Cavad əlaçı Aybənizə üç yazıb onu ağlada-ağlada yola salandan sonra növbə Nahidəyə çatdı. ”Üç yox e, iki yazsa belə, gözümdən bir damcı yaş çıxsa, atamın qızı deyiləm” düşünə-düşünə həvəssiz, ümidsiz addımlarla gedib komissiyanın qarşısında oturdu. “Birinci Dünya müharibəsinin səbəbləri. Hə, başla görək,” – Cavad biletə baxıb dedi. Nahidə donuq səslə elə üç cümlə demişdi, müəllim onu saxladı: “Bilmirsən”. Nahidə istədi soruşa, nəyi səhv deyirəm, anladı ki, nə desə, xeyri olmayacaq. “Keç o biri suala,” – Cavad əmr tonunda dedi. “Bilmirəm,” – Nahidə nifrətlə cəlladın sifətinə baxıb dedi. “Üçüncünü də bilmirsən?” – Cavad sırtıq təbəssümlə soruşdu. “Üçüncünü də, dördüncünü də, beşincini də,” – Nahidə gözünü masaya zilləyib sakitcə cavab verdi. “Bilirsən axı”. – “Bilməyinə bilirəm, amma ağzımı açmamış deyirsiz, bilmirsən”. – “Həə, bax indi xoşum gəldi səndən, – Cavad sırtıq-sırtıq güldü.  – Haralısan?” – “Laçınlı”. – “Rayonun özünnən, yoxsa kəndindən?” – “İşğala qədər rayonda qalırdıq. Atam Oğuldərə kəndinnəndi”. – “Oğuldərə? Familyan... – qiymət kitabçasını açıb ilk səhifəsinə baxdı. – Mustafayeva Nahidə Mahmud qızı... Mustafayeva... Dayan görüm, sən təsadüfən Əhliman kişinin qohumlarından deyilsən?” – “Hə, nəvəsiyəm. Hardan bildiz?” – Nahidə təəccüblə soruşdu. Cavad müəllimin gözləri doldu, dərindən köks ötürüb danışmağa başladı.

          Məlum oldu ki, əslən Kəlbəcərdən olan Cavadgil (ata-ana, yeddi uşaq) İkinci dünya müharibəsində aclıqdan əziyyət çəkən vaxt, Laçının Oğuldərə kəndində kolxoz sədri işləyən Nahidənin babası Əhliman ayda, iki ayda bir dəfə onlara un, qənd, çay, düyü göndərirmiş. “Baban olmasa, külfət ajından qırılardı,” – deyib Cavad müəllim danlaq tona keçdi. – Bə indiyə qədər niyə mənə deməmisən ki, Laçınnansan, üstəlik, Əhliman kişinin nəvəsisən?” Utana-utana “Vallah, ağlıma gəlməmişdi” – deyən Nahidə Cavad müəllimin ilk dərsdə “Üstümə adam göndərməyin” sözlərini xatırladı. “Rəhmətlik atamla rəhmətlik baban vaxtilə bir kolxozda işliyiblər, bunu da biləsən”. – “Bibimin yoldaşı kəlbəcərridi,” – Nahidə sevincək dedi. “Nəçidi bibinin yoldaşı?” – “Məktəbdə dil-ədəbiyyat məllimi işliyir, Geşdəhdəndilər”. – “Onların kəndi bizdən çox uzaxdı. Geşdəhlilər dəli-dolu olur, bibinin yoldaşı necə məllim olub, çox maraqlıdı. Atan məni tanısaydı, yüz faiz məni tapıb tapşırtdırardı səni. Salam deyərsən”. – “Mütləq, mütləq,” – Nahidə səsi titrəyə-titrəyə dedi. “Görürsən, heç ağlıma gəlməzdi ki, nə vaxtsa Əhliman kişinin nəvəsi qabağıma çıxajax,” – yanında oturan laborant qıza dedi, qələmi götürüb Nahidənin qiymət kitabçasına “əla” yazdı. “Onu bil ki, sən bu gün rəhmətlik babanın hesabına beş aldın, yoxsa mənnən ömründə beş alammazdın. İndinin özündə babandan söz düşəndə bütün nəslimiz ruhuna rəhmət oxuyur. Hə, bir də atana deyərsən, Laçın azad olanda Sarıbabada mənə quzu kababı qonaqlığı verər,” – deyib qiymət kitabçasını Nahidəyə uzatdı. – “Mütləq deyəcəm”.

 

3

   

Oğlanlı-qızlı tələbələrin çoxu “qızıl xasiyyəti”nə görə fəlsəfədən dərs deyən Sevda müəllimi sevirdilər, imtahanda onları yola verdiyinə görə. Sevda müəllimin hər qrupda bir-iki sevimli tələbəsi olurdu, Nahidənin də bu sarıdan bəxti gətirmişdi.

          Bir gün o, Nahidəyə Elmlər Akademiyasında keçiriləcək beynəlxalq konfransda iştirak üçün dəvətnamə verib dedi: “Bunu güclə tapmışam. Mütləq gedərsən ha”.

          İlk dəfəydi təzəlikcə oxuduğu “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” kitabını yazan akademik Ziya Bünyadovu, türkiyəli məşhur tarixçi, oğuzlardan yazan, haqqında çox eşitdiyi Faruk Süməri yaxından görən Nahidə sevindiyindən uçurdu. O biri tərəfdənsə həyəcan imkan vermirdi bu alimlərə yaxınlaşıb istədiyi sualları versin.

          Çay fasiləsində arıq, balaca sifətinə yaraşmayan yekə, qalın şüşəli gözlük taxmış gənc oğlan Nahidənin həndəvərində gəzir, tanış olmaqçün fürsət axtarırdı, qıraqdan baxan görərdi ki, tərəddüd içindədir. Axırı, gənc oğlan özünü məcbur edib Nahidəyə yaxınlaşdı. “Salam. Adım Malikdi, burda Tarix İnstitutunda, orta əsrlər şöbəsində işləyirəm. Bilirəm, adınız Nahidədir, bibim Sevda müəllimə sizə dərs deyir...” Nahidə o dəqiqə müəlliminin indiyə qədər ona xüsusi diqqət göstərməsinin, onunla şəkil çəkdirməsinin səbəbini, bu oğlanı heç vaxt sevməyəcəyini anladı və qəti qərara gəldi ki, yaxın günlərdə Sevda müəllim “Qardaşım oğlu Malikin səndən xoşu gəlir” desə, sakitcə “Mənim beş il ərə getmək planımda yoxdu” reaksiyası verəcək.

          Ayaqüstü söhbət Nahidənin Malikin suallarına quru cavablar verməsiylə bitdi. “Ən çox hansı fənləri sevirsiz?” – “Orta əsrlər Şərq tarixi”. – “Gələcəkdə aspiranturaya daxil olmaq fikriniz var?” – “Hələ bilmirəm”. – “Təhsilinizi Türkiyədə davam etdirmək istərdiniz?” – “Elə bir fikrim yoxdu”.

          Konfransdan üç gün sonra, dərsdə Sevda müəllim zəng çölə vurulan kimi Nahidəyə yaxınlaşıb əliylə işarə etdi ki, durmasın, oturmağa davam etsin. “Qardaşım oğlu Malikin səndən xoşu gəlib. Səninçün çox yaxşı namizəddi, əzizim”. – “Sevda müəllim,  başa düşürəm sizi. Amma mənim ən azı beş-on il ailə qurmaq fikrim yoxdu”. – “Nə? Anlıyırsan ki, universiteti qurtarandan sonra beş demirəm, dördcə il bu işi gecikdirsən, peşman olassan?” Əlavə etdi ki, qardaşı oğlu olduğu üçün onu tərifləmir, ideal xasiyyəti var, bu bir, ikincisi, onu Türkiyənin Səlcuq Universitetinə yaxşı maaşla dərs deməyə dəvət edirlər. “Nə bilmək olar, bəlkə, orda sənə də iş tapılar. Bir yerdə yaxşı pul qazanarsız, evdəkilərə də kömək edərsən”. – “Evdəkilər, şükür, dolanırlar”. Sevda əl çəkmədi: “Əzizim, sənə bəzi şeyləri danışacam, amma öz aramızda qalsın. Tələbə olanda elə bu universitetdə oxuyan bir oğlanla bir-birimizi dəlicəsinə sevirdik. Çox imkanlı ailədəniydi, ata-anası bizi kasıb hesab edirdilər deyə, evlənməyimizə imkan vermədilər. Məni sevən, amma mən sevmədiyim birisinə ərə getdim. İndi ərim professordu, bu ölkədə öz sahəsini dərindən bilən on alimdən biridi, şükür, normal dolanırıq. Sevdiyim oğlan biznesmendi, pulunu balta kəsmir, öz həyatını qurub, uşaqları var, bəlkə də, xoşbəxtdi, bəlkə də yox, bilmirəm, heç mənə maraqlı da deyil. Peşmanammı ərə getməyimə? Zərrə qədər yox. Sözümün canı odur ki, xoşbəxt ailə üçün qarşılıqlı sevgi mütləq şərt deyil. Malik səni çox bəyənib, səni də elə mən ona məsləhət bilmişəm. Bəlkə, arıq olmağı xoşuna gəlmir?” – “Yox, ona görə...” – “Türkiyədə işə düzələndən sonra iki aya kökələcək”. – “Yox, siz məni düz başa...” – “Nə isə, tələsmə. Get evdə dediklərimi yaxşı-yaxşı fikirləş, ata-ananla da məsləhətləş”.

          Həmin gün Nahidə məsələni ata-anasına danışdı, “O oğlana heç vaxt ərə getməyəcəm” dedi, valideynləri də “Nə təhər istəyirsən, elə et” dedilər.

          Sonrakı günlərdə də Nahidədən “yox” cavabı alan Sevda başladı onu hər yerdə görməzliyə vurmağa. Görəndə isə salamını elə tonda aldı ki, Nahidə qayıdıb ona “Necəsiz?” sualını verməsin. Seminarlarda Nahidə “Mən cavab vermək istəyirəm” deyəndə soyuq tonda “Gəl, danış”, ya “Keçən dəfə danışmısan, imkan ver başqaları da qiymət alsın” reaksiyası verdi.

          İmtahan günü Nahidə köhnə şalvar, qara kofta geyindi, kosmetika vurmadı ki, müəllimini qıcıqlandırmasın, bircə istəyi var idi, dörd almaq. Sevda öncə gözlərini qıyıb sirli-sirli onu süzdü, sonra çöhrəsinə acı ironik təbəssüm qondu, açıq mesaj var idi baxışlarında: bu görkəmdə gəlmisən ki, sənə yazığım gəlsin, aşağı qiymət almayasan? Bu suala Nahidə cavab tapmadığından lap həyəcanlandı.

          Nahidə beş sualın dördünə çox yaxşı, beşinciyə zəif cavab verəndən sonra Sevda monoloquna başladı: “Nahidə, cavabların barədə axırda öz fikrimi deyəcəm. Amma bilməlisən ki, həyat tək indi verdiyin imtahanla bitmir. Hələ qarşıda səni çoox ciddi imtahanlar gözləyir”. Nahidə qıpqırmızı oldu, Sevdanın solunda laborant Elnarə, sağında baş müəllim Firuzə oturmuşdu. Fikirləşdi, çox güman, onların da məsələdən xəbəri var, Elnarənin birinin üstünə beş qoyub söz yaymaqdan ötrü ürəyi getdiyini bilirdi. “Vəssalam, fakültədə biabır oldum,” – Nahidə fikirləşdi.

          “Bəzən insan etdiyi bir səhvin acısını illərlə çəkir, ömrü boyu peşmanlıq hissindən qurtula bilmir. – Sevda monoloquna davam edirdi. – Elə səhvlər olur, adam onları bir saatın içində unudur. Səncə, elə deyil?” – “Elədi,” – Nahidə özünü məcbur edib dilləndi. “Yaxşı ki, bunu etiraf etməyə özündə cəsarət tapdın,” – Sevda özündən razı halda dedi, qələmi götürüb düz Nahidənin gözlərinin içinə baxaraq dedi: “Sən bir dəyqə çıx dəhlizə, mən həmkarlarla məsləhətləşməliyəm”. Nahidə auditoriyadan çıxanda “Nə məsləhətləşirsən? Nə yazırsan, yaz da, – fikirləşdi. – Qardaşı oğlunu bəyənməmişəm deyə, kişinin qızı düz beş aydı prinsip aparır mənlə. Sonra da deyirlər, şəhər adamları səviyyəli olur”.

          Az sonra laborant onu içəri çağırdı, Sevda müəllim üzünə baxmadan, heç nə demədən qiymət kitabçasını Nahidəyə uzatdı. Auditoriyadan çıxan kimi rəfiqəsi ona yaxınlaşıb soruşdu: “Beş?” – “Hə, bu dəyqə,” – cavab verib qeyri-iradi qiymət kitabçasını rəfiqəsinə uzatdı. Rəfiqəsi qiymət kitabçasını açıb baxdı. “Beş almısan da, mısmırığını niyə sallamısan?”

 

4

 

Diplom müdafiəsində dövlət imtahan komissiyasının sədri atasının əmisi nəvəsi, nəslin fəxri, ağsaqqalı professor Akif Mustafayev idi. “Məndən salam deyərsən” – atası bir gün öncə tapşırmışdı. “Papa, bəlkə, zəng eliyib özün...” – “Ehtiyac yoxdu,” – “Xəyişin nişanı...” – “O məsələnin sənin müdafiənə heç bir dəxli yoxdu,” – atası söhbətə nöqtə qoymuşdu.

          Akif müəllimin oğluyla beş ay nişanlı olan Nahidənin əmisi qızı Xəyalə oğlanın qadağalarına dözəmmirdi, tez-tez “Nişanı qaytarıram” deyirdi.

          Akif müəllim Nahidəni görən kimi gülümsədi, salam-kəlamdan sonra “Atan nətəərdi?” – soruşdu. “Şükür, yaxşıdı. Sizə salam-duası var,” – Nahidə son iki sözü vurğuyla dedi. Akif yanında oturan komissiya üzvünə tərəf çöndü: “İdris məllim, atası qohumumdu, həm də bizim Laçının hörmətli kişilərindəndi. Eyni vaxtda Bakıda oxumuşuq, mən tarixdə, o, maliyyə texnikumunda”. Bunları eşitmək Nahidənin ürəyincə olmadı. “Universitet qutarmağını deməklə atamdan üstün olduğunu gözə soxur” fikirləşsə də, məcburən gülümsəməli oldu. “O, Laçına qayıtdı, mən burda qalası oldum”. Nahidənin sifətindəki süni təbəssüm daha qabarıq forma aldı. “Sonrası da ki, məlum. Alçaq ermənilər Şuşanı, dalınca Laçını işğal elədilər,” – Akif müəllim dərindən köks ötürdü. Vaxtilə qaçqınçılıq əzabları yaşayan Nahidə bu dəfə söhbətin mövzusuna uyğun süni kədər maskası taxası oldu. “İdris müəllim, mən buna birinci kursdan Naxış deyirəm, Nahidə uzundu deyə, adını qısaltmışam. Özü də bundan razıdı. Heylə dəyil, Naxış?” – “Elədi,” – Nahidə gülə-gülə cavab verdi. Akif müəllim qələmi götürdü, Nahidə sevindiyindən uçurdu, Akif müəllimin diplom müdafiəsində tələbələrin öz çıxışlarını kağızdan oxumalarını sevmədiyini bilirdi. Son bir həftə evdə güzgü qabağında nə qədər çalışsa da, kağızsız çıxış alınmamışdı, həyəcandan əzbərlədiyi cümlələr yadından çıxmışdı. Akif müəllim qələmi götürəndə Nahidə fikirləşdi ki, atası zəng edib tapşırtdırmamaqda haqlıymış.

          Akif müəllim yenə İdris müəllimə tərəf çönərək dedi: “Birinci kursda bunun rəhmətlik Fatma nənəsi kimi iki uzun hörüyü varıydı. Kəsmişdi deyə, Nisə üç yazmışdı buna. Hələ maa da şikayət eləmişdi ki, qohumun saçlarını dibdən kəsif, bəs ata-anası hara baxır”. Gülüşdülər. Nahidə qiymət kitabçasında “4 (yaxşı)” görəndə dedi: “Aa, dörd nədi? Mən beşə hazırlaşmaşdım”. – “Beş? Düzünü de, sənə də beş, İlqara da?” – “İlqarın mənim diplom işimə nə dəxli var?” – “O dəxli var ki, İlqarın beş ildə yeddi məqaləsi çıxıb, sənin beş ildə bir məqalən belə çıxmayıb. Səhv deyirəm?” – “Əlbəttə, səhv deyirsiz. Sizin ixtiyarınız yoxdu tələbə çıxış etmədən dörd yazasız”. Bir az da sözləşdilər, Nahidə istədi “Papamın o vaxt sənə Laçın yaylaqlarında verdiyi kabab qonaqlıqları burnundan gəlsin” deyib auditoriyadan çıxsın, özünə sığışdırmadı.

          Universitetdən başılovlu çıxıb telefon köşkünə girdi. “Mama, təcili əmimgilə zəng elə, öyrən gör, Xəyalə nişanı qaytarıb, ya yox?” – “Xəyaləyə nə olub?” – anasının səsi titrədi. “Heç nə! Olan mənə oldu. Alçaq Akif dörd yazdı mənə.” – “Nə?! Döörd?! Bıy səni ilan vursun, Akif. Səni görüm...” – “Hə, elə bu dəyqə ilan yeddinci mərtəbəyə qalxıb vuracaq Akifi. İndi qarğış yeridi, ay maa? Dərd ondadı ki, apelyasiyaya da vermək olmur, – ağlamağa başladı. – Sən zəng elə, dediyimi öyrən,” – dəstəyi yerinə çırpdı. Metro stansiyasına tərəf gedə-gedə öz-özüylə danışırdı: “Apelyasiya alınmayandan sonra, Xəyalə nişanı qaytardı, ya qaytarmadı, bundan sonra nə dəyişəsidi. Ay papa, əsas günah səndədi...”

          Evdə bilindi ki, Xəyalə iki gün əvvəl nişanı qaytarıbmış. Nahidə atasını görən kimi başladı “Ay papa, axı sənə o gün dedim, zəng elə, tapşırt məni. Tərsliyinə saldın, dedin, lazım deyil”. – “Ay qızım, Xəyalə nişanı qaytarandan sonra mən neyniyə bi...” – “O gün zəng eliyib soruşmalıydın vəziyyət necədi, bilinsəydi ki nişanı qaytarırlar, xahiş etməliydin, bir həftə gecikdirsinlər. Dünya dağılmazdı bir həftə gecikdirsəydilər. O gün sözümü kəsməsəydin, bunları deyəcəydim də sənə”. – “Ay Xəyiş, canın çıxardı ikicə gün dözsəydin,” – anası donquldandı. “Az, nə Xəyiş, Xəyiş salmısız! – atası qışqırdı. – Arvad, sən də elə qohumlarımı qaralamağa bəhanə axtarırsan. Az qala bütün nəsil bilirdi, qız nişanı qaytarır”. – “Günah məndədi. Mən özüm Xəyişə zəng eliyib vəziyyəti başa salmalıydım,” – hirsindən pörtən Nahidə dedi. – İlahi, deyirəm, insanlar necə ikiüzlü olarmış. Sevda onun qardaşı oğlunu bəyənmədiyimə görə mənə bütün semestri zülm verdi, imtahanda əsəblərimlə oynadı, amma axırda kişi qızı kimi, – şəhadət barmağını göyə qaldırdı, – beş yazdı. – Amma bu alçaq qohumumuz beş ildə üzümə gülə-gülə, atana salam deyərsən, – ağzını əyərək, – deyə-deyə mənə axırda dörd yazdı. Nə var, nə var, əmim qızı bunun gij oğluna ərə getmədi”. – “Bəli, –  özünü hardasa günahkar bilən atası dilləndi. – Akif vaxtında oğlunun başına ağıl qoymalıydı, deməliydi ki,  a bala, indiki zamanada qız aşağı düşüb duz almağa görə nişanlısından icazə almalı dəyil. Məni yandıran odu ki, qəddar kəlbəjərli, yad adam, qohum olmuya-olmuya çörək itirmədi, amma Akif əmioğlu belə alçaqlıq elədi. Dədəm o müharibədə Akifgilin də külfətini aclıqdan qurtarmışdı. Haram olsun dədəmin sizə elədikləri, Akif, haram olsun”.

 

20 oktyabr, 2022 – 14 may, 2023

Bakı – Mingəçevir – Bakı



[i] (1) Əlli min manat. 1990-2000-ci illərində əvvəllərində on min manatlıq əsginazın üstündə Şirvanşahlar sarayının şəkli əks olunduğundan bu pullara xalq arasında “şirvan” deyirdilər.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Çərşənbə axşamı, 08 Avqust 2023 14:00

Tarkan Bakıda konsert verəcək

Noyabrın 25-də “Baku Crystal Hall” səhnəsində türk pop musiqisinin ən məşhur və sevilən sənətçilərindən biri, möhtəşəm ifaları, eləcə də hərarətli səhnə performansı ilə bir çox ölkələrdə milyonlarla insanın qəlbini fəth etmiş, həmçinin yüzlərlə yerli, beynəlxalq mükafatlara layiq görülmüş Tarkan konsert proqramı ilə çıxış edəcək. 

AZƏRTAC xəbər verir ki, meqastar enerji dolu möhtəşəm atmosfer yaratmaq üçün öz repertuarında olan unudulmaz mahnıları ilə yenidən pərəstişkarları qarşısına çıxacaq. 

 

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə Yuli Solomonoviç Qusman “Şərəf” ordeni ilə təltif edilsin.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2023-cü il

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilsin.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 avqust 2023-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub.

 

AzərTAC xəbər verir ki, ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına Qazax Müəllimlər Seminariyasının tarixi və Mərkəzdə yaradılan şərait barədə məlumat verdi. 

Bildirildi ki, Qazax Müəllimlər Seminariyasının tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Səfərəli bəy Vəlibəyov, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli Qori Seminariyasını bitirib. 

1918-ci ildə çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1999-cu ildə Qazax Müəllimlər Seminariyasının 80 illik yubileyinin keçirilməsi haqqında göstəriş verib və bu məqsədlə təşkil olunmuş ümumrespublika elmi-praktiki konfransının iştirakçılarına təbrik məktubu ünvanlayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il noyabrın 3-də Qazax Müəllimlər Seminariyasının 100, 2013-cü il fevralın 14-də isə Firidun bəy Köçərlinin 150 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. 

ADA Universiteti Seminariyanın tarixi binasının və onun maarifçi missiyasının bərpası təşəbbüsü ilə çıxış edib. 2021-ci ilin oktyabrında başlanılan bərpa işlərinə Heydər Əliyev Fondu, Azərbaycan Sahibkarlar Konfederasiyası, Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. Cari il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Qeyd olundu ki, Qazax Müəllimlər Seminariyasının tarixi binasında 2022-ci ilin oktyabrından ADA Universiteti Qazax Mərkəzi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilindən Mərkəzdə təhsillə bağlı iki magistr proqramı həyata keçirilir. Təhsil üzrə menecment, təlim və tədrisin təşkili metodikası üzrə proqramlarda 33 tələbə magistr dərəcəsi almaq üçün tədrisə cəlb olunub və birinci kursu bitirib. 2023-2024-cü tədris ilindən Qazax Mərkəzində bu ixtisaslarla yanaşı, dövlət idarəetməsi magistr proqramı tədris olunacaq. Yeni dərs ilindən bu üç ixtisasa 94 tələbə qəbul edilib. Beləliklə, Mərkəzdə ümumilikdə 127 tələbə təhsil alacaq. 

Qeyd olundu ki, ADA Universiteti tərəfindən 2022-ci ildən etibarən müəllimlər üçün “Bir müəllimin manifesti” birillik üçmərhələli ixtisasartırma proqramı həyata keçirilir. Proqram çərçivəsində bölgələrdən müsahibə yolu ilə seçilmiş müəllim və direktorlar birinci mərhələdə Qazax Mərkəzində, ikinci mərhələdə ADA Universitetində, üçüncü mərhələdə isə ADA Vaşinqton Mərkəzində tədrisə cəlb olunurlar. Bu proqram vasitəsilə ötən il 38, bu il isə 20 müəllim və məktəb direktoru ixtisasartırmaya cəlb edilib. Proqramın ilk 38 iştirakçısı arasından 4 nəfər seçilərək ADA Universitetinin Qazax Mərkəzində əməkdaş olaraq fəaliyyətə başlayıb. Bu proqramın əsas məqsədi seçilmiş təhsil işçilərini gücləndirilmiş ingilis dili dərslərinə cəlb etmək, inkişaf etmiş ölkələrin təhsil sistemi ilə yaxından tanış olmaq məqsədilə Amerika məktəbləri ilə əyani təcrübə əlaqəsi yaratmaqdır. 

Gələcəkdə ADA Universiteti tərəfindən Qazax Mərkəzində 10-11-ci siniflərin təhsil alacağı müasir tipli Yeni Məktəbin qurulması, bir neçə bakalavr ixtisasının açılması və kollecin təsis edilməsi nəzərdə tutulur.

Hazırda Mərkəzdə fəaliyyət göstərən magistr proqramlarının tədrisinə ADA Universitetinin müəllim və professor heyəti cəlb olunub. Onlar mütəmadi olaraq Qazax şəhərinə ezam edilirlər. Bu məqsədlə Mərkəzin tədris kompleksində Universitet tərəfindən Müəllimlər Evi tikilir. Tikintisi başa çatmaqda olan Müəllimlər Evi ADA Universitetinin Mərkəzdə çalışan bölgələrdən olan daimi əməkdaşları və ezam edilən müəllim heyəti üçün nəzərdə tutulub.

Məlumat verildi ki, Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.

ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

AZƏRBAYCAN PREZİDENTİ ORA BAŞ ÇƏKİB

 

 

 

 

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samuxda Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunan Sərkar kənd uşaq musiqi məktəbinin yeni binasının açılışında iştirak edib.

 

AzərTAC xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına binada yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Sərkar kənd musiqi məktəbi 2002-ci ildən 1935-cu ildə inşa olunmuş kolxoza aid birmərtəbəli tikilidə fəaliyyət göstərib. Məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşüb.

Üç yüz şagird yerlik yeni məktəbin inşasına Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin iyulunda başlanılıb. Tikinti işləri həmin ilin noyabrında yekunlaşıb.

Məktəbin ümumi ərazisi 0,5 hektar, üçmərtəbəli korpusun sahəsi isə 2500 kvadratmetrdir. Bina səkkiz ballıq zəlzələyə davamlıdır.

Məktəb binasında 29 dərs otağı, orkestr, xor və tibb otaqları, qarderob, kitabxana, yeməkxana və akt zalı var. Təhsil ocağı zəruri mebel, avadanlıq və əyani vəsaitlə tam təchiz edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevə Heydər Əliyev Fondu tərəfindən Samux rayonunun Sərkar kəndində görülmüş digər işlər barədə də məlumat verilib.

Qeyd edilib ki, burada yeni salınmış park istifadəyə verilib. Parkın ərazisində yaşıllıq zonası salınıb, uşaq əyləncə və idman meydançası quraşdırılıb. Açıq havada idmanla məşğul olmaq üçün əlverişli imkan yaradılıb, ərazidə müxtəlif trenajorlar qoyulub. Heydər Əliyev Fondunun dəstəyi ilə Sərkar kəndində altı min nəfərə yaxın sakinə xidmət göstərəcək yeni tibb məntəqəsi də fəaliyyətə başlayıb. Həkim otağı, sarğı otağı və texniki otaqdan ibarət olan tibb məntəqəsi zəruri tibbi avadanlıqla təmin edilib.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda Samux şəhərində Heydər Əliyev Fondu tərəfindən 3 saylı körpələr evi-uşaq bağçası üçün də yeni bina inşa olunur.

Xatırladaq ki, Heydər Əliyev Fondu Samux rayonunda bu günədək bir sıra layihələr həyata keçirib. Fond tərəfindən Sərkar kəndində 800 şagird yerlik tam orta məktəb və körpələr evi-uşaq bağçası yenidən inşa edilərək 2020-ci ildə istifadəyə verilib. Eləcə də həmin il rayonun Ziyadlı kəndində 523 şagird yerlik orta məktəb əsaslı təmir olunub, körpələr evi-uşaq bağçası üçün bina inşa edilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Çərşənbə axşamı, 08 Avqust 2023 13:00

Rəsm qalereyası: Abbas Məmmədov, “Venesiya”

Rəsm qalereyası: Abbas Məmmədov, “Venesiya”

Çərşənbə axşamı, 08 Avqust 2023 12:45

Palitrası günəşdən güc alan rəssam

Rəssam Abbas Məmmədovun yaradıcılığı barədə Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi Nigar Hətəmovanın məqaləsini təqdim edir. 

 

 

İncəsənət sivilizasiyanı zirvəyə daşıyan nərdivandır. Kətan üzərində usta fırçası ilə  həkk olunan rənglər həyatımızın ən dərin məqamlarına nüfuz edən, həyati funksiyamızı vizual sənət ilə birləşdirən fenomendir. Rəssam Abbas Məmmədov da bunu əsərlərində məharətlə ifadə edir.

 

Realist və modern baxış tərzinə sahib rəssam bu gün milli rəngkarlığımızı bacarıqla təmsil edən istedadlar sırasındadır. Deyirlər ki, rəsm instinktiv emosional vəziyyətin ən dolğun ifadəsidir. Öz bədii zövqünə, perspektivinə, mövzunu idarə etmə tərzinə, lirik münasibətlərinə inanan Abbas Məmmədovun kompozisiyalarında cizgilər harmonik aura ilə kombinə olunur. Orijinal, yaradıcı, dinamik, zəruri və sərbəst ifadənin izində irəliləyən peşəkar rəssamın rəng-forma ilə işıq-kölgə balansı kətan üzərində əksini tapır.

Abbas Məmmədov 1986-cı ildə Bakıda anadan olub. O, 2001-2005-ci illərdə Əzim Əzimzadə adına Rəssamlq məktəbində (indiki İncəsənət Kolleci), 2005-2009-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

İnsan asanlıqla öz peşəsinin ustası olmur. Oxumaq, araşdırmaq, öyrənmək həvəsini itirməmək püxtələşmək üçün zəruri şərtlərdir. Bundan başqa, rəssam Abbas Məmmədovun istedadının irsi-mənəvi kökləri də mövcuddur. O, dəyərli rəssam Şahpələng Məmmədovun davamçısıdır.

Realist rəssamlar təbii işıqlandırma, dəqiq proporsiyalar və real həyat obyektlərinin ətraflı təsviri kimi üsullardan istifadə edərək dünyanı mümkün qədər dəqiq əks etdirməyə çalışırlar. Abbas Məmmədovun da üslubunun özəyində təntənəli bir “sadəlik” dayanır. Həddindən artıq bəzək, pafos və yaxud sünilikdən qaçan rəssamın kətan üzərində əks etdirmək istədiyi əsas nüans təbii gözəlliyin tərənnümü və gerçəkçiliyə xas xüsusiyyətlərdir.

Bilirik ki, realist rəssamlar adətən dünyəvi mövzular ilə maraqlanırlar. Bu da həmin üslubu təkcə bədii yox, həm də ictimai xarakterə bürüyür. Abbas Məmmədovun da mövzulara yanaşma tərzi dünyəvi və obyektiv səciyyə daşıyır. O, təfərrüata böyük diqqət yetirir, dəqiq rənglərdən, işıqlandırmadan və perspektivdən istifadə edir. Qədimi ab-havanı hər bir xırdalığında hiss etdiyimiz kompozisiyaların müəllifi olan rəssam soyuq və isti rənglərin ahəngini kətanda məharətlə təqdim edir. Fərdi və orijinal dizayn anlayışını özü ilə tamaşaçı arasında körpüyə çevirən müəllif canlı və enerji dolu kompozisiyalar yaradır.

Rəssamın əsərlərində həm ənənələrə, həm Şərq sənətinə, həm də Qərb təsviri sənətinə marağı özünü büruzə verir. Onun maraqlı kompozisiyaları arasında “Payız nemətləri”, “Yazın nəfəsi”, “Liliyaların simfoniyası”, “Üzüm və narlar”, “Avqust”, “Sehrli musiqi”, “Mis qablarla natürmort”, “Üzüm və xrizantemalarla natürmort”, “Keçmişdən gələcəyə”, “Muğam”, “Naxışlar”, “Abşeron yayı”, “Əcdadlarımızın mirası”, “Muğam”, “Tariximizin sədası”, “Yasəmənlər və poeziya”, “Musiqi”, “Sehrli çıraq”, “Güllərin alleqoriyası” və s. əsərləri qeyd edə bilərik.

Rəssamın realizm cərəyanında icra etdiyi kompozisiyalarda holland rəssamlığının “qızıl çağı” və barokko dövrünə xas xüsusi xarakteristika vardır. Bu tərz kompozisiyalara adətən qara və yaxud da qəhvəyi arxa fonlar xas olsa da, Abbas Məmmədovun əsərlərində arxa fonda müxtəlif çeşnilərlə bəzənmiş xalça nümunələri və yaxud yurdun və tarixin əzəmətini özündə əks etdirən memarlıq tikililərini görmək mümkündür.

Memarlıq tikililəri, şəhər mənzərəsi, marina janrında mövzulara da müraciət edən rəssamın “Bakı panoramı”, “Şirvanşahlar sarayı”, “Bulvar”, “Bakının işıqları” və s. əsərləri təqdirəlayiqdir.

Abbas Məmmədovun yaradıcılığında bir başqa aspekt isə abstrakt üsluba müraciət etməsidir. Rəssamın realizmdən abstrakta keçid etməsi olduqca diqqətəlayiqdir. Modern kompozisiya düzümünü rəssam xüsusi kolorit həlli və həndəsi düzüm ilə icra edir. Kətan üzərində yağlı boya ilk baxışda sanki pastel boyanı və yaxud flamasteri xatırladır. Lakin harmonik rəng keçidləri və əsəri ritmik edən cizgilər müəllifin məharətini göz önünə gətirir. Peşəkar fırça ustasının palitrası sanki günəşdən güc alır, al-əlvan çalarlarla çulğalanır. İncə və şux çalarlar rəssamın aspektindən gördüyümüz qədim dünyanı işıqlandırır. Bununla belə, rəssamın düşüncələrinin lövhəsində cızılan hər bir mənzərə kətan üzərində müasir kontekstdə həll olunur. “Şirvanşahlar ansamblı”, “Aşağı Gövhər ağa məscidi. Şuşa”, “Rənglər şəhəri”, “Abşeron motivi”, “İpək Yolu” kimi tablolar bu qəbildəndir.

İncəsənətin formalaşmasında müəllimlərin rolu danılmazdır. İncəsənətin gələcəyi üçün gənc sənətkarların yetişməsinə töhfələr verən Abbas Məmmədova bədii yaradıcılığı ilə bərabər, bu fəaliyyətində də uğurlar diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Çərşənbə axşamı, 08 Avqust 2023 12:30

Getdi o qatar…

Bu ilin ilk 7 ayında sərnişindaşımada 51 faiz artım olub

 

Növbəti Açıq Portfel xəbərini diqqətinizə çatdırırıq. Xəbərin mənbəyi “Azərbaycan Dəmir Yolları” QSC-dir. 

 

Bu ilin ilk 7 ayında dəmir yolları ilə sərnişindaşımada 51 faiz artım olub. Beləliklə, ilin əvvəlindən bu günə kimi qatarlarımızla 3 milyon 753 min 456 insan səyahət edib.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.