İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
İdmanla rəqs əslində eynimənşəlidirlər. Elxan Qasımovun fəaliyyəti buna əyani sübutdur. Orta məktəbin 4-5-ci siniflərindən pionerlər evində rəqs dərnəyinə gedib, basketbolla, voleybolla məşğul olub. Naxçıvanın gənclərdən ibarət voleybol komandasında çıxış edib. Bakıda rəqqas kimi festival laureatı olub...
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. İl yarım Naxçıvan Dövlət Mahnı və Rəqs Ansamblında peşəkar rəqqas, solist olan Elxan M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962–1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində (1973–1978) təhsil alıb. "Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyib. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 2023-cü ilin may ayında səhhətində problemlər yaranıb. 29 may 2023-cü ildə aorta anevrizmasının partlaması səbəbi ilə vəfat edib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Filmoqrafiya
1. 777 №-li iş
2. Aşıq Ələsgər
3. Əhməd haradadır?
4. Əlavə təsir
5. O qızı tapın
6. Gözlə məni
7. İnsan məskən salır
8. Axırıncı aşırım
9. Köhnə bərə
10. Ay çox, il çox
Vasif Ayan yazır:
“Elxan Qasımovla tanışlığım 2007-ci ilə təsadüf edir. O zaman o, bir neçə dəfə Space Tv-də "Bizim Kino" verlişinin qonağı olmuşdu. Hətta yadımdadır, onunla görüşmək üçün Kinostudiyaya getmişdim. Məni görən kimi çöhrəsinə təbəssüm qondu, görüşmək üçün əlini uzatdı, əlindəki telefon yerə düşdü.
Telefon balaca "nokia"lardan olduğudan bir neçə hissəyə bölündü. Tez aktyora telefonun hissəciklərini toplamaqda kömək etməyə başladım. O dedi: "Bax, Vasif, səni görcək telefonum da özünü itirdi."
Telefonun hissələrini birləşdirdik, yenidən qaydasına düşdü.
Elxan Qasımovla mütəmadi olaraq "Dövlət Film Fond"unda, digər məkanlarda tədbirlərdə də rastlaşırdıq. Həmişə də ağac kimi yanında bitirdim ki, sənətkar yorğun olarsa əlimdən tutsun, qoluma girsin.
Yadımdadır illər öncə dostum, böyük sənətkar Yaşar Nuri xəstə olanda da belə edirdim. Həmişə onun yanında olmağa çalışırdım. Rüstəm İbrahimbəyovun dəfnində, anım günündə, eləcə də digər sənətkarların dəfn və xatirə günlərində də Elxan Qasımovun nitqinin dəfələrlə şahidi olmuşuq. Deməli, aprel ayında, kinorejissor Eldar Quliyevin vəfatının ildönümündə Elxan Qasımov mənə zəng elədi:
“Hardasan Vasif?” Dedim, “Elxan müəllim, Ayanı hazırlığa qoymuşam, ancaq indi boşam, nə olub ki?” Dedi, “Sən mənim gənc dostumsan, həm də kino adamısan, səhifəndə mədəniyyəti işıqlandırırsan. İşin yoxdursa dur gəl Fəxri Xiyabana, Eldar Quliyevi ziyarət edirik. Sənin belə yerlərdə olmağın vacibdir. Bizləri təbliğ edən sənsən. Yaxındasansa gəlim səni götürüm?” Dedim, “Elxan müəllim, o nə söz, böyük məmuniyyətlə. Yox, mən elə ora yaxınam, özüm gələcəm, narahat olmayın.” Elxan Qasımov dedi “yaxşı, gəl, orda görüşərik”. Təsəvvür edin, o qədər diqqətimdən çıxıb ki, elə bilirəm Eldar Quliyevin məzarı I Fəxri Xiyabandadır. Bütün məzarları ziyarət etmişəm. Saata baxıram, düşünürəm ki, nə əcəb Elxan müəllimgil hələ gəlməyiblər. Gəlib mühafizədən, xadimələrdən Eldar Quliyevin məzarıının yerini soruşuram.
Onlar da deyir: “burda yoxdur, bəlkə sənə o biri Xiyaban deyiblər?”. Qəfil barmağımı dişlədim, tez, qaça-qaçla özümü çatdırdım, o biri xiyabana, Yaşar Nuri və digərləri olan məzarlığa. Qapıda iki mühafizəçi kişi vardı, başqa heç kəs. Onlara sənət adamlarnın bura, Eldar Quliyevi ziyarətə gəldiklərini soruşuram. Mühafizəçi böyük təəccüblə mənə baxır və bura heç kimin gəlmədiyini söyləyir.
Dəhşət yorğun idim. Artıq Ayanı götürmə saatı da yaxınlaşırdı. Başa düşdüm ki, yenə səhv etmişəm. “Qurd Qapısı” məzarlğını Elxan müəllim nəzərdə tuturmuş. Tez Elxan Qasımova zəng etdim. Dedim, “Elxan müəllim, siz o biri xiyabandasız?” Dedi: “Bəs sən hardasan ki, Vasif?” Dedim, “Səhv gəlmişəm, Yaşar Nuri olan xiyabandayam”. Dedi: “Yox, Qurd Qapısına gəlməli idin. İndi Ordasansa gözlə, gəlirəm səninn dalınca. Gəlib ordan götürəcəm səni. Gəlirəm…”
Dedim, “Elxan müəllim, yox, xahiş edirəm gəlməyin, narahat olmayın vallah. Artıq uşağın dərsdən çıxma vaxtıdı, gec olacaq. Başqa bir zaman görüşərik yenə”. Sağollaşdıq. Sonra bu haqda ona son görüşümüzdə taksidə danışdım. Dedim, “Elxan müəllim, yadınızdadır Eldar Quliyev söhbəti? Sizin sayənizdə 3 xiyaban gəzdirdiniz mənə, bütün ölülərə rəhmət oxutdurdunuz. Xeyli savab qazandınız, siz də mən də”. Ucadan güldü”.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


