Şanə Məmmədova,
Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru.
“Ədəbiyyat və incəsənət”
Azərbaycan musiqi mədəniyyətinin çağdaş dövrünün bəstəkarı Ayaz Qəmbərli fortepiano üçün yazdığı “Altı uşaq pyesi” silsiləsi üzərində 2021-2023-cü illərdə çalışmışdır. Əsərin adından da göründüyü kimi, bəstəkar uşaq dünyasının incə, rəngarəng və emosional çalarlarını musiqi dili ilə əks etdirir.
Ümumiyyətlə, musiqi tarixində uşaq mövzusu hər zaman xüsusi yer tutmuşdur. Bəstəkarlar üçün uşaq dünyası təkcə sadəlik, təmizlik, məsumluq rəmzi deyil, həm də ən səmimi və təhrif olunmamış duyğuların mənbəyidir. Bu mövzu vasitəsilə onlar həyatın ən saf, ən təbii halını ifadə etməyə çalışmışlar. Lakin müasir musiqidə uşaq mövzusu artıq yalnız sadə təsvirlərlə məhdudlaşmır. Burada uşaq psixologiyası, daxili aləm, incə emosional keçidlər və hətta müəyyən fəlsəfi çalarlar da öz əksini tapır. Yəni, uşaq dünyası artıq həm də dərin bədii düşüncənin bir forması kimi təqdim olunur.
Silsiləyə daxil olan hər bir pyesdə uşağın daxili aləmini, onun duyğularını, təsəvvürünü, hərəkətini və təbiətlə əlaqəsini poetik şəkildə musiqiyə çevrilir. Bir məqamı da vurğulamaq lazımdır ki, əsər avtobioqrafik səciyyə daşıyır, bəstəkar silsiləni öz oğluna həsr edib. Məhz bu məqam pyeslərə əlavə emosional dərinlik və səmimiyyət qazandırır. Burada artıq tək bəstəkarın deyil, eyni zamanda bir atanın baxışını, duyğularını, övladına olan incə münasibəti hiss olunur. Bu səbəbdən silsilədə səslənən obrazlar yalnız musiqi təsvirləri deyil, həm də canlı, hiss olunan və daxildən gələn duyğuların təzahürüdür.
1.
Silsilənin ilk pyesi - “Kövrək addımlar” zərif lirizm və incə psixoloji çalarla seçilir. Əsərin fakturası olduqca şəffafdır. Pyesdə müşahidə etdiyimiz legato xətti və yumşaq harmonik keçidlər uşağın ilk addımlarının qeyri – müəyyənliyini və ehtiyatlı olmasını simvolizə edir. Musiqi dili minimalist elementlərə yaxınlaşır və hər bir səs xüsusi semantik yük daşıyır.
2.
İkinci pyes “Qatarla səyahət” tamamilə fərqli obraz aləmini ehtiva edir. Burada ritmik ostinatlılıq və motoric inkişafın ön plana çıxdığı müşahidə olunur. İkinci pyesdə dinləyici artıq kinetic enerji hiss edir: təkrarlanan ritmik struktur qatarın hərəkətini imitasiya edir, inkişaf isə gərginlik yaradır.
3.
“Göy qurşağı” adlı növbəti pyes son dərəcə rəngarəng harmonik palitra ilə seçilir. Burada leqato və yumşaq faktura vasitəsilə rənglərin bir- birinə qarışması, işıq və incəlik hissi yaradılır. Bu pyes sanki visual, zahiri təəssüratın necə formalaşdığını göstərir.
4.
“Nəbatət bağında” silsilənin dördüncü pyesidir. Təbiət obrazları ilə zəngindir. Musiqi sanki bu misilsiz bağda bitən bitkilərin, yarpaqların, təbiətin sakit nəfəsini təsvir edir. Burada melodik xətt daha sərbəst inkişaf edir, təbiətin canlılığı hiss olunur.
5.
“Kiçik nəğmə” pyesi sadə, lakin olduqca ifadəli melodiyaya malikdir. Bu pyesdə əsas diqqət səsə, kantilenaya yönəlmişdir. Sanki balaca uşaq öz daxilində bir mahnı zümzümə edir və bu, musiqidə səmimi şəkildə ifadə olunur.
6.
“Qar dənəcikləri” silsilənin sonuncu pyesidir. Yüngül və şəffaf faktura ilə seçilir. Tez-tez təkrarlanan səslər qarın sakit, fasiləsiz yağmasını xatırladır. Musiqi burada həm static, həm də hipnotik təsir bağışlayır.
Ümumilikdə, “Altı uşaq pyesi” silsiləsi sadəliklə dərinliyin vəhdətidir. Bu əsərlərdə Ayaz Qəmbərli uşaq dünyasının saf duyğularını peşəkar və müasir musiqi dili ilə təqdim edərək, həm ifaçı, həm də dinləyici üçün bədii təcrübə yaradır. Bu pyesləri dinlərkən, sanki hər kəs öz daxilində gizlənən bir uşaq obrazı ilə qarşılaşır. Çünki bu musiqidə əks olunan hallar – ilk addımların kövrəkliyi, kəşf sevincinin həyəcanı, təbiətə heyranlıq, sadə bir mahnının istiliyi – bütün bunlar hər birimizin yaşadığı, yaxud xatirəsində duyğulardır. Bu mənada musiqi yalnız uşaqlara aid deyil. Bu, həm bizim keçmişimiz, həm bu günümüz, həm də bəzən övladlarımızda, yaxud sevdiklərimizdə gördüyümüz o saf, təmiz başlanğıcın təzahürüdür. Hər birimiz yaşımızdan asılı olmayaraq, daxilimizdə bir usağı yaşadırıq- və bu əsərlər həmin uşağın səsini oyadır.
Ümumiyyətlə, belə aydın, sabit, obrazlı mövzuların seçilməsi, bu günün mürəkkəb və qloballaşan dünyasında əhəmiyyət kəsb edir. Çünki sürətlə dəyişən, bəzən gərgin və ziddiyyətli siyasi-sosial fon qarşısında bu cür musiqi dinləyicilərə sakitlik, saflıq, mənəvi dayaq hissi aşılayır.
Sonda Con Kehonun bir fikrini xatırlatmaq istərdim: “Uşaqlıq hər günün içində gözəlliyi görə bildiyin zamandır”. İnsan yaşa dolduqca o gözəllikləri görməyi unudur. Məhz belə xırda toxunuşlu, incə yanaşmalı, həssas mövzulu əsərlər təkcə pyeslər toplusu deyil, insanın özünə, xatirələrinə və ən saf duyğularına bir qayıdışdır.
“Ədəbiyyat və incəsənət”
(20.04.2026)


