Parisdə azərbaycanlı pianoçunun konserti maraqla izlənib Featured

 

Fransanın paytaxtı Parisdə tanınmış azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti keçirilib. Konsertdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Fransada yaşayan soydaşlarımız və yerli ictimaiyyətin çoxsaylı üzvləri iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səhnədə gənc pianoçu Eldəniz Ələkbərzadəni saksofonçu Dmitry Uvarov müşaiyət edib. Onlar Amerika bəstəkarları – Corc Gerşvin (George Gershwin), Leonard Börnstayn (Leonard Bernstein) və Con Vilyamsın (John Williams) əsərlərindən parçalar səsləndiriblər. İfaçıların yüksək peşəkarlığı, texniki ustalığı və incə musiqi zövqü böyük maraqla qarşılanıb, tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb.

Konsertdə soydaşlarımızla yanaşı, fransızların da çoxluq təşkil etməsi, musiqili proqramı zövqlə izləmələri Fransada yaşayan azərbaycanlıların yerli cəmiyyətə uğurla inteqrasiya olunduğunun daha bir göstəricisidir. Tamaşaçılar səsləndirilən əsərlərin zəngin melodiyası, emosional təsiri və milli çalarlarını xüsusi vurğulayaraq, bu cür tədbirlərin mədəniyyətlərarası dialoqun inkişafında xüsusi rol oynadığını bildiriblər.

Məlumat üçün bildirək ki, Eldəniz Ələkbərzadə 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci ildə isə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildən etibarən Parisdə yerləşən “École Normale Alfred Cortot” məktəbində təhsilini davam etdirir. O, həmçinin Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Natəvan” həftəsonu Azərbaycan məktəbinin musiqi müəllimidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.