Almaniyada əcnəbi solistlər xalq mahnılarımızı ifa ediblər

 

Almaniyanın Bad Pyrmont şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin beşilliyi münasibətilə konsert təşkil olunub. Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəstəkar Xədicə Zeynalova çıxış edərək ölkəmizin mədəni irsi, musiqi ənənələri və xalqımızın şanlı Zəfəri haqqında geniş məlumat verib.

Konsert proqramında Xədicə Zeynalovanın yaratdığı və müxtəlif ölkələrdən musiqiçi və solistlərdən ibarət beynəlmiləl tərkibli “Bridge of Sound” ansamblının üzvləri — Alexey Moos (skripka və konsertmeyster), Vsevolod Khuotarinen (akkordeon ifaçısı), Maciej Włodarski (violonçel), Xədicə Zeynalova (orqan ifaçısı), eləcə də vokal solistlər soprano İrina Trutneva, mezzo-soprano Marina Paşinskaya və tenor Peng Tian çıxış ediblər. Xarici solistlərin ifasında “Ay Laçın”, “Qaladan qalaya”, “Ay Dilbər” və digər xalq mahnılarımızın bəstəkarın yeni aranjemanında səsləndirilməsi sürəkli alqışlara səbəb olub. Xədicə Zeynalovanın yeni monumental “Ave Maria” əsərinin ifası böyük maraqla qarşılanıb.

Konsertin sonunda izləyicilər Azərbaycan xalq mahnılarının Almaniyanın digər şəhərlərində də ifa olunması və musiqimizi daha yaxından tanımaq istəklərini dilə gətiriblər.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.