Aysel Fikrət, Azərbaycan Milli Konservatoriyanın mətbuat katibi, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Milli Konservatoriyası həyatımda və yaradıcılığımda iz qoydu. Çətinliklərim olsa da, burada tanıdığım işini, sənətini sevən sənətkarlar qazancım oldu. Sənət elə bir gözəllikdir ki, o, hər yerdə, hər yanda özünü biruzə verir. Onu gizlətmək, torpaqlamaq olmur. Əslində sənət, həyatın mənası, özü deməkdir. Əlbəttə, sənətkarlar da...
Bizim ali təhsil ocağımız sənət məbədidir. Bu yoldan çıxmış hər bir tələbəyə gələcəyə ümidlə baxmağa, bu yolda ürəklə irəliləməyə zəmanət verir.
Bu günkü müsahibim də instrumental muğam ifaçımız, kamança ustası Pərviz Fərhadovdur. Onu konsertlərdə müşahidə etmişəm və daim ölkədən kənarda olduğu səfərlərdən sevincli dönərkən həmişə mövzusu və ürəyi dolu bir əməkdaşımız olub. “Sənətkarla Müsahibə” layihəmdə onunla da həmsöhbət olmaq istədim.
Beləliklə, müsahibim Azərbaycan Milli Konservatoriyasının müəllimi Pərviz Fərhadovdur — sənətini sevən bir gənc, gözəl müəllim, istedadlı həmkarımız.
-Pərviz müəllim, bilirəm ki, əsliniz Füzulidəndir, düzdürmü? Demək ki, vətən acısını siz daha yaxşı bilirsiniz. Ona görə də bütün yaradıcılığınızı bir sözlə ifadə etsək, elə onun da adı “Vətən” olardı.
-Düzdür, Füzulidə anadan olmuşam, daha sonra Bakıya köçüb 45 saylı Nərimanov rayon məktəbində orta təhsil almışam.
-Necə oldu, kamançanı seçdiniz, bu sənətə necə gəldiniz?
-O zaman qardaşım Qara Qarayev adına musiqi məktəbinə daxil olmuşdu, tar sinfinə gedirdi, deyə mən də bu həvəsə düşdüm. O zamanlar Xalq artisti Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovu çox izləyirdim, həmişə də elə bilirdim ki, qardaşdırlar. Bu təsirlə mən də bu sənətə gəlmək, qardaşımla birgə ifa etmək istəyirdim. Qardaşımın həvəsinə əlindən tutub onunla gedirdim, hazırlığa qoşulurdum. Amma evdə deməmişdim. Axırda evə zəng edib demişdilər ki, hazırlıq ödənişini edin. Uşaq ağlımla bu tərəfini düşünməmişdim. Valideynlərim məni ilk müəllimim Sahnaz Muradovanın yanına apardılar və birinci sinfə – kamança sinfinə yazdırdılar. Mən həmişə kamançaya maraqlı idim. Bax, bu sevgi belə yarandı.
2007-ci ildə orta məktəbi bitirdim, Asəf Zeynallı adına Musiqi Kollecinə sənədlərimi verdim, lakin daxil ola bilmədim. Elnur Əhmədovun mənə dərs deməsini arzulayırdım, amma təəssüf ki, 1,6 bal çatmadı. Qismət elə gətirdi ki, Azərbaycan Milli Konservatoriyasına daxil oldum.
Bəli, arzuma da çatdım — Elnur Əhmədov mənə dərs dedi. Afət Kazımova isə not ifaçılığı müəllimim olub. Artıq xoşbəxt idim. Elnur müəllim bizə bəzən qardaş, bəzən də valideyn kimi yanaşırdı. Afət müəllimə də ailənin bir üzvü kimi qayğımı çəkirdi. Mən də öz tələbələrimə qayğı göstərməyi onlardan öyrənmişəm.
- Pərviz müəllim, bizim gözəl xanəndəmiz Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və siz — bu sizə nə deyir?
- “Aypara” muğam qrupu. “Aypara” muğam qrupuna bəzən “Muğam üçlüyü” də deyilirdi. Bu qrupu biz yaratdıq, birgə bir çox uğurlu konsertlərimiz və səfərlərimiz oldu. Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov və Əməkdar artist Elnur Əhmədovun “Gəncləşən Muğam” layihəsi çərçivəsində bir çox səfərlərdə iştirak etdik. Azərbaycanın bölgələrində, Sumqayıtda, Gəncədə, Respublika Sarayında və digər yerlərdə konsert proqramları ilə çıxış etdik.
2019-cu ildə “Aypara” Muğam Qrupunu rəsmi şəkildə yaratdıq. Bu ad altında iki albom ərsəyə gətirdik, onlardan biri Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yazılıb. 2011-ci ildə Respublika Muğam Müsabiqəsinin qalibi olduq. Azərbaycan Milli Konservatoriyasının bu yolda bizə böyük dəstəyi oldu. Həmin il Beynəlxalq Muğam Müsabiqəsində də iştirak etdik. Hərçənd, nəticə əldə edə bilmədik, sonradan hazırlaşdıq və məqsədimizə çatdıq. 2015-ci ildə artıq Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olduq.
“Aypara” Muğam Qrupu ilə xarici ölkələrdə də konsertlərimiz oldu. Ulu öndər Heydər Əliyevin 88 illiyinə həsr olunmuş Füzuli rayonunda, Beynəlxalq Muğam Mərkəzində solo konsert verdik. Xanəndə Vüsal Zamanovla, həmçinin “Qarabağ canım mənim” adlı konsert proqramında birgə çıxış etdik. Muğam Televiziya Müsabiqəsinin “Qran-pri” mükafatçısı Elməddin İbrahimovla bir çox ölkədə solo konsertlərimiz olub.
Sonra “Vətən” Qrupunda fəaliyyətə başladım. Naxçıvan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Latviya və Litva kimi ölkələrdə konsert proqramları ilə çıxış etdik və dövlət tədbirlərində iştirak etdik. “Vətən” qrupu Azərbaycan musiqisini təbliğ edən, ölkə-ölkə, oba-oba dolaşan bir musiqi karvanıdır.
Ruslan Zərbəliyev – Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi və xanəndə Səfalı Mirzəliyevlə birlikdə bu üçlüyü yaratdı və adını “Vətən” qoydu. O gündən bəri vətənimizi təmsil edirik.
Polşada beynəlxalq festivalda “Xarı Bülbül” və milli musiqi alətlərimizin simvolları ilə bəzədilmiş geyimlərimiz böyük maraq doğurdu. Polşanın dövlət televiziyası bizə sual verdi, biz isə onlara Xarı Bülbül haqqında məlumat verdik və “Qarabağ Azərbaycandır” fikrini dolayı yolla çatdırdıq. 2016-cı ildən TÜRKSOYbizi rəsmi şəkildə öz ansamblının tərkibinə dəvət etdi. TÜRKSOY ansamblının üzvü olaraq, UNESCO-nun baş mənzil qərargahında — Fransada keçirilən təqdimatda 30 illik yubiley medalı ilə təltif olunduq. Bizim Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası ilə memorandumumuz mövcuddur. Onun bir bəndində qeyd olunur ki, “Vətən” qrupunun əsas məqsədi milli musiqimizi dünyaya tanıtmaqdır.
Litvada 41 ölkə arasında keçirilən beynəlxalq festivalda iştirak etdik. Konsertdən öncə 4 kilometrlik yürüş təşkil olundu və biz də Azərbaycan bayrağı ilə bu yürüşdə iştirak etdik. Sözlə ifadəedilməz hisslər idi. Həmişə bayrağımızı sevdim və qürurla daşıdım.
Mən çox sevinirəm ki, mənə müəllimlik etmiş sənətkarlarla bu gün eyni müəssisədə müəllim yoldaşıyam. Həyatda vətəni təmsil edib musiqimizi tanıtmaqdan daha böyük hədəfim yoxdur. Azərbaycan musiqisini dünyada tanıtmaq məni yaşadır.
Atam birinci Qarabağ müharibəsi veteranıdır. Mən birinci sinifdə oxuyanda o, müharibədən qayıtdı. Babam Füzulidə şəhid olub. Əlbəttə, ağır idi, amma bu odun-alovun içindən keçib sınmamaq mənim üçün həyat dərsi oldu. Sənət yolu bəzən çətin olur, amma mən tələbələrimə həmişə deyirəm: “Əgər istedadın varsa, o, bir gün parlayacaq. Yoxdursa, özünü bu yolda yorma.”
Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan muğamına böyük diqqət göstərirlər. Bizim borcumuz musiqimizi təbliğ etmək və bayrağımızı ucalarda saxlamaqdır. Zəfər günündən iki gün əvvəl mən televiziya kanalında idim. Dedim ki, babam şəhid olub, amma atama qismət olacaq bu günü görmək. Və dediyim kimi, Füzulinin azad olunması xəbərini aldıqda atam bayrağı evin damına sancdı. Əlbəttə, şəhidlər verdik, amma vətən sevgisi insanın taleyini müəyyənləşdirir. Azərbaycan Milli Konservatoriyasında təhsil almaq, öz müəllimləri ilə həmkar olmaq və vətəni təbliğ etmək mənim üçün həm missiya, həm də həyat tərzidir.
Pərviz müəllim tələbələrinə qarşı da eyni qayğını göstərir. Onlarla dost kimidir, çünki belə görüb. Bu günlərdə isə “Vətən” Qrupu ilə yeni səfərə hazırlaşır. Pərviz Fərhadov — Azərbaycan Milli Konservatoriyasının konsertmeyster müəllimi, “Vətən” qrupunun üzvü, ölkəmizi milli musiqi sərvətimizlə tərənnüm edən gənc sənətkar. Əlbəttə, bu cür vətən eşqi və sənət sevgisi olan gənclərlə həmsöhbət olmaq insana ruh verir, yaşadır.
Pərviz müəllimə uğurlar diləyirəm. Çünki musiqi insan ruhunun sözdən öncə yaranmış ifadəsidir. İnsan ruhu, orqanizmi, sevgisi özü də eşidilməyən bir musiqidir — ruhun qoruyucusudur. Öz ifalarında bu hissləri dilə gətirən sənətkarlar isə yer üzünə dağılmış mələklərdir. Söhbət əsl sənətçilərdən gedir. Missiyası — milli musiqimizi qoruyub gələcək nəsillərə çatdırmaq olan Azərbaycan Milli Konservatoriyasının daha bir əməkdaşı ilə müsahibəmi təqdim etdim və bu görüş bir daha sübut etdi ki, sənətə sevgi ilə bağlı qəlblər heç vaxt sönmür.
“Ədəbiyyat və incəsənət”
(27.10.2025)


