"Bülbülün qonaqları" layihəsində Xalq şairi Səməd Vurğun yad edilib

Bülbülün Memorial Muzeyinin təqdim etdiyi "Bülbülün qonaqları" layihəsində Xalq şairi, şeirləri dillər əzbəri olan Səməd Vurğun yad edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Bülbülün Memorial Muzeyindən verilən məlumata görə, museydə baş tutan tədbiri giriş sözü ilə açan muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq, Səməd Vurğunun yaradıcılığının XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və təkrarsız səhifələrindən birini təşkil etdiyini qeyd edib.

 

Səməd Vurğunun nəticəsi, Prezident mükafatçısı, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov tədbir iştirakçıları ilə öz təəssüratlarını bölüşüb.

 

Xalq şairinin nəticəsi Vurğun Vəkilovun müşayiəti ilə Əməkdar artist Ramil Qasımov "Şair, nə tez qocaldın sən", gənc və istedadlı vokalçı İslama Abdullayeva "Aygün", "Bir diyarın eşqinə" romanslarını, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin üzvü Aşıq İlqar Qələmçəli "Dağlar" şeiri, Baş dübeyti havası, "Danışaq" şeiri, Ağır şərili havasını səsləndirib. 

 

Həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əsəd Cahangir, Güləmayıl Murad şairin həyat və yaradıcılığından bəhs ediblər.

 

Tədbirdə qiraətçi Mircabir Cavadzadə Səməd Vurğunun "Ana" və "Azərbaycan" şeirləri ilə çıxış edib. 

 

Qeyd edək ki, "Bülbülün qonaqları" layihəsi çərçivəsində 1937-1961-ci illərdə Bülbülün evində onun qonağı olmuş dahi şəxsiyyətlərimiz yad edilir.

 

“Ədəbiyyat və incəsənət”

(14.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.