Xalq rəssamlığından haqq rəssamlığına: şəhid Rauf İbadovun rəsm sərgisi Featured

Murad Vəlixanov,

“Ədəbiyyat və incəsənət” portalının İncəsənət şöbəsi

 

Şəhidlərimiz arasında müxtəlif incəsənət sahəsində parlayanlar da az olmayıb. Onlardan biri barədə söz açmaq istəyirəm.

 

Şəhid haqqında məlumat

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan qəhrəmanların sayəsində bərpa olundu. Belə cəsur və mərd oğullardan biri də Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal seçən, fırçası ilə vətənpərvərlik, silahı ilə dastan yazan şəhid Rauf İbadovdur.

 

Gənclik illəri, ali təhsili və yaradıcılığı

Rauf Məhərrəm oğlu İbadov 4 may 1996-cı ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. 2002–2013-cü illərdə qəsəbədəki 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Elmə və sənətə olan marağı onu ali təhsil almağa yönəldib və o, 2013–2017-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat Texnologiyası fakültəsində təhsilini uğurla başa vurub.Rauf uşaq yaşlarından rəsm çəkməyə böyük maraq göstərib, İncəsənət məktəbində bu sahənin sirlərinə yiyələnib. Onun daxilindəki vətən sevgisi çəkdiyi tablolarda, mənzərə və kompozisiyalarda hər zaman öz əksini tapıb. Tələbəlik illərində rəsm əsərlərindən ibarət sərgiləri təşkil olunub, müxtəlif yaradıcılıq müsabiqələrində iştirak edərək 15-ə yaxın Fəxri Fərmanla təltif edilib.

 

Hərbi xidmət və könüllü cəbhə yolu

Ali təhsilini bitirdikdən sonra 2017–2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. Nümunəvi xidmətinə görə hərbi hissə komandirliyi tərəfindən fəxri fərmanlarla və qol saatı ilə mükafatlandırılıb. Hərbi xidmətdən qayıtdıqdan sonra da rəssamlıq fəaliyyətini davam etdirib.2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri və general Polad Həşimovun şəhadəti Raufu dərindən sarsıdır. O, dərhal Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək könüllü olaraq qeydiyyata düşür. Sentyabrın 21-də isə Vətən qarşısındakı borcunu yerinə yetirmək üçün böyük fərəhlə cəbhəyə yola düşür.

 

Füzulidən Laçın dəhlizinə uzanan qəhrəmanlıq

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan ilk gündən Rauf İbadov ən qaynar nöqtələrdə döyüş tapşırıqlarını yerinə yetirir. Füzuli, Cəbrayıl, Hadrut və Qubadlı cəbhələrində gedən ağır döyüşlərdə yüksək çevikliyi, kəşfiyyat və taktiki bacarıqları ilə fərqlənir. Göstərdiyi şücaətə və döyüşçü yoldaşlarını arxasınca apara bilmək qabiliyyətinə görə o, manqa komandiri təyin olunur. Döyüş meydanında yalnız düşməni məhv etməklə kifayətlənməyən Rauf, yaralı və şəhid olan əsgər yoldaşlarını da öz çiyinlərində təhlükəsiz ərazilərə daşıyır.

 

Son əlbəyaxa döyüş və şəhadət

23 oktyabr 2020-ci ildə Laçın dəhlizi istiqamətində Raufun idarə etdiyi bölmə düşmənin qəfil mühasirəsinə düşür. Ağır və üzbəüz atışmada manqa üzvlərinə rəhbərlik edən Rauf, patronu bitdikdən sonra geri çəkilmir, düşmənlə əlbəyaxa döyüşə girir. Bu ölüm-dirim savaşında təkbaşına bir neçə düşmən əsgərini məhv edir və qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.Şiddətli döyüşlər səbəbindən şəhidlərimizin nəşi bir neçə gün neytral zonada qalır. Atəşkəs elan olunduqdan sonra ərazidən çıxarılan Rauf İbadov, 30 oktyabr 2020-ci il tarixində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında böyük izdihamla torpağa tapşırılır.

 

Dövlət təltifləri və unudulmaz irsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, əsgər Rauf Məhərrəm oğlu İbadov göstərdiyi rəşadət və igidliyə görə ölümündən sonra yüksək dövlət mükafatları ilə təltif edilib:

Vətən uğrunda medalı

Cəbrayılın azad olunmasına görə medalı

Füzulinin azad olunmasına görə medalı

Bu gün onun vaxtilə yaşadığı evdə çəkdiyi rəsm əsərlərindən ibarət ev-muzeyi xarakterli guşə qorunur, yaradıcılığına və şərəfli həyatına həsr olunmuş kitablar nəşr edilir. Rəssam şəhidimizin adı həm kətan üzərində buraxdığı izlərlə, həm də Vətən torpağına yazdığı qəhrəmanlıq dastanı ilə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Bu gün isə şəhidimizin əl işlərindən ibarət sərgi keçirildi. Sərgidə media nümayəndələri və yazıçılar iştirak edirdi. Hər kəs Raufun həm incəsənətə, həmdə vətənə olan sevgisindən danışdı, onu yad etdi.

 

“Ədəbiyyat və incəsənət”

(06.07.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.