"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Bu günün rəssamı" layihəsini təqdim edib

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı ilə "Bu günün rəssamı" layihəsi çərçivəsində Nizami Kino Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş gənc rəssamların sərgisi keçirilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalına İctimai Birlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin sədri, Əməkdar artist Ramil Qasımov vurğulayıb ki, Gənclər Günü 1997-ci ildən etibarən ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq, təntənəli şəkildə qeyd edilir. O, Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq Sərəncamla ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunduğunu qeyd edib. Əməkdar artist gənc rəssamları təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb. 

Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov çıxış edərək layihənin gənc və istedadlı rəssamların təbliği və üzə çıxarılmasında böyük rol oynadığını bildirib. O, bu cür sərgilərin keçirilməsini yüksək qiymətləndirib.

Gənc və istedadlı rəssam Nərgiz Quliyeva sərgidə iştirak edən rəssamları tamaşaçılara təqdim edərək, sərginin təşkilatçılarına xüsusi təşəkkürünü bildirib.

Sərgidə Nərgiz Quliyeva, Röya Həsən, Daniela Arxangelskaya, Leyla Qurbanova, Nailə Məhərrəmova, Leyla Ağazadə, Nazilə Fərzullayevə, Nailə Aslanova, Nərmin Nəsib, Mehriban Şəmsəddinskaya, Ülviyyə Xeyrullazadə, Məryəm Qiblayeva, Kama Musa, Leyla Babayeva, Aliya Əsədullayevanın əsərləri nümayiş etdirilib.

Sonda "Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi adından iştirakçılara sertifikatlar təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(04.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.