İlmələrin harmoniyası Featured

HafizAtaxanlı, “Ədəbiyyat və incəsənət” üçün

 

Min illərin saxlancından qaynaqlanan, qosqoca tarixin izini yaşadan, söz olmadan belə, təhkiyəyə çevrilə bilən xalçaçılıq sənəti bu gün də şöhrət və dəyərini qorumaqdadır.

 

Xalça təkcə bədii-estetik zövqün təcəssümü deyil, həm də qan yaddaşının rənglərdə bərqi, zaman körpüsü, milli- mənəvi dəyərlərin, sosial-mədəni təfəkkürün ilmələrdə pıçıltısı, salnamə kodudur.

Xalçaçılıq – epoxanın sosial-fəlsəfi mahiyyətindən, yurdun tarixi-etnoqrafik, mədəni xəritəsindən, əsrarəngiz təbiətindən pərvəriş tapır. Ulularımızdan miras qalmış sənət nümunələri öz mükəmməl strukturunu, fəth etdiyi zirvələrlə əbədiyyətə qədər yol götürən mayak, qürur mənbəyimizdir.

Dünya mədəniyyəti inciləri sırasında mötəbər yeri olan xalçalarımız, həm də özünüdərk, mübarizə yolumuzun olmə dastanıdır.

Əməkdar mədəniyyət işçisi, xalçaçı-rəssam Fazil Abbasquluzadə ilə tanışlığımızın tarixçəsi 30 ilə təsadüf edir. Amma mənə elə gəlir ki, ruhsal dostluğumuzun 3000 il yaşı var.

İllər öncə Azərbaycan Televiziyasının Xəbər xidməti üçün Fazil haqqında xüsusi reportaj hazırlamalıydım. Doğulduğum Yardımlı rayonunda xalçaçılıq sexi açılmışdı, doğma kəndim Ostayırda da demək olar ki, hər beş evdən birində hana ağacı əskik olmazdı, o cümlədən bizim evimizdə.

Bunları söyləməkdə məqsədim budur ki, ilmənin, naxışın, çeşidin, ərişin, həvənin, kirgizin, qayçının, çevirmənin, qolun, fərməşin, kilimin, palazın, heybənin, xurcunun nə olduğundan anlayışım vardı. Üstəlik Yardımlı kimi cənnətmisal, ecazkar təbiətli bir rayonda, təbii rənglərin bolluğunda böyümüşdüm.

O vaxt Fazilin kirayədə yerləşən emalatxanasına baş çəkdim. Yaradıcılıq prosesi ilə tanışlıqdan sonra xalçaçı rəssam işinin dəyərini bütövlükdə anladım.

Sonralar bir neçə dəfə Fazil Abbasquluzadə ilə müxtəlif proqram və rubrikalarda görüşdüm. Təvazökarlıqdan uzaq olsa da, söyləyim; mənim təhlillərim rəssam dostumun xoşuna gəlirdi.

Süjetli xalça üzərində işləmək, əslində qəliz işdir. Hər süjetli xalça özlüyündə bir dünya qurmaq, ona çəki-düzən vermək, rəngləri xarakterlərə, üstəlik harmoniyaya görə bölüşmək deməkdir.

Gözündən və üzündən nur yağan akademik Zərifə Əliyevanın portreti üçün səciyyəvi olan nəciblik rəmzi, göz-işıq metaforası, zillətdə bağrı çatlayanların imdad diləyinə bir təbəssüm cavabı Fazilin seçdiyi rənglərin harmoniyasında intişar tapır. Xeyirlə Şər mübarizəsində doğru seçilmiş rənglər və ilmə kodu Xeyrin qələbə parıltısını bəlli edir.

Azadlıq təşnəsi, milli mücadilə yanğısı, Vətən eşqi ilmə-ilmə dilə gəlir, ümman-ümman qoşulur, Xəlil Rza hayqırtısının naxış portretini yaradır. Bütöv Azərbaycan sevdalı ustad Şəhriyarın həsrəti Fazilin rəng düzümlərində od tutub yanır. Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə dərdləşmələrində nisgilini toxtadan böyük şairin könlünü dalayıb keçən ayrılıq tikanları, bağrının başını yandıran yüzillik dərd tonqalı Fazil Abbasquluzadə kodlarında danışan şəkillərə dönür.

Sözü ilə işıq haləsi quran, skalperi ilə düşüncə zillətlərini yarıb söz ucalığına xidmət edən dünya şöhrətli oftalmoloq, ictimai fikir sahibi Paşa Qəlbinurun xalça portreti süjet xəttində işıq-adamın tale yollarını apaydın göstərir. Qədim Bərmək diyarının Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Cabir Novruz kimi qənimət ziyalılarına həsr olunmuş kompozisiyasında zamanın havası, bəzən də havasızlığı, istisi, soyuğu, sərt ruzgarı, ruhi sazağı duyulur. Bu – rəssam təxəyyülünün, sənətkar baxış bucağının ilmələrə, naxışlara hökm edə bilmək ustalığıdır.

Zəlimxan Yaqubun zəngin söz dünyası, içində coşub-çağlayan insanlıq sevgisi, yurd məhəbbəti, milli kolorit, saz havacatı Fazilin barmaqlarında poetik simmetriya ilə mükəmməl paylaşılıb. Ağrı-acılardan keçib bərkiyən, hər kəsə simsar Zəlimxan ömrünün çeşidli rəngləri adamı öz ahənrübasına çəkir.

Ulu öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin prezident İlham Əliyevlə qoşa portreti işıqlı sabaha yönəlik zəka mənbəyi kimi, parlaq rənglərin harmoniyasında təşəkkül tapıb.

Fazil Abbasquluzadə eyni zamanda dünya şöhrətli rəssam Tahir Salahovun 50-yə qədər əsərinin xalça versiyasını ərsəyə gətirib. Fazilin yaradıcılığının önəmli cəhəti onun süjetlərinin zənginliyinə, xalça əsərinin dramaturji strukturuna malik olmasıdır. Rəssam qəhrəmanları ilə maraqlanır, onun tarixini, düşüncə trayektoriyasını, baxış bucağını öyrənir, hadisələrə, münasibətlərə reaksiyası haqqında fundamental bilgi alır və ana xəttin rənglərinə ən incə detallarına qədər tərcüman ola biləcək, isti soyuq ayrıntısını təbii şəkildə sərgiləyəcək naxışlardan necə, hansı ölçüdə bəhrələnə biləcəyini dürüst aydınlaşdırır, ilmə sıxlığını belə, dramaturji yükə, məna, məzmun koduna uyarlı şəkildə müəyyənləşdirir.

Fazil Abbasquluzadənin hüdudsuz təxəyyülü sayəsində onun çeşidli çeşniləri taftoloji yorğunluq gətirmir, əksinə süjetə çalar qatır.

Və xalça bir az gerçəkliyin, bir az mistikanın, təxəyyül sehrinin məhsuludur, qərar tutduğumuz, hələ də Sirri-Xuda olan dünyamızın şəkilli hekayətidir. Hər ilmə, hər naxış işıqlı sabahımıza açılan aydınlıq pəncərəsidir həm də.

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

 

 

 

                                                                           

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.