Heykəltəraş Hüqonun büstünü yaratdı Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Mən heykəltaraşlıq işlərini çox sevirəm. Amma nədənsə uca abidələrdən daha çox ruhuma yazın olan büstlərdir. Bəlkə ona görə ki, həcmcə kiçik olan büstlər görmə dairfəsində daha yaxşı əks edilir deyə daha yaxşı qavranır.

Bu yazını yazmağımın sabəbkarı isə bir büst oldu. O qədər canlı, o qədər əzəmətlidir, sadəcə heyran qaldım.

 

Viktor Hüqonu uşaqlığımdan sevirəm. “Səfillər”i yeniyetməliyimdə oxuyub vurulmuşam. Və əsərlərini oxuduqca mən Hüqonu öz xəyalımda canlı yarada, onunla söhbətləşə bilirəm. İndisə gördüm ki, Elxan Zeynalovun yaratdığı Hüqo eynən mənim xəyalımdakı Hüqodur, birəbir özüdür ki var.

Heykəltəraş Elxan Zeynalov Naxçıvan Dövlət Universitetinin müəllimidir. Mənimlə söhbətində dedi:

-Viktor Hüqonun büstünü təxminən bir ay ərzində işləmişəm. İşə başlamazdan əvvəl onun müxtəlif dövrlərə aid foto materiallarını, üz quruluşunu, anatomik xüsusiyyətlərini və dövrün geyim detallarını araşdırmışam ki, obrazı dəqiq və düzgün təqdim edim. Obraz üzərində işləyərkən əsas diqqətimi Hüqonun tanınan sima xüsusiyyətlərinə yönəltmişəm: alın burun xətti, yanaq sümüklərinin quruluşu, saqqal- bığın forması, göz çevrəsinin dərinliyi və ümumi ifadə plastikasının xarakterə uyğunluğu. Baxışların istiqamətini və üzdəki ciddi ifadəni seçəndə məqsədim onun xarakterini mümkün qədər dəqiq vermək olub. Geyim hissəsində qatların forması, yaxa xəttinin dövrə uyğunluğu və ümumi həcm balansını nəzərə almışam. Ümumi kompozisiyada isə obrazı sabit, təmkinli və xarakterinəuyğun ciddi təqdim etməyə çalışmışam. Hüqonun ədəbi mövqeyi və ictimai nüfuzu nəzərə alındığı üçün plastik həlli də ölçülü saxlamışam. Obrazı hazır şəkildə tam yekunlaşdırmışam.

Əziz oxucularım, buyurun. Baxın və özünüz qiymət verin. Məncə, bu büstü fransızlar görsələr, dahi yazıçıya layiq bilərək onu yazıçının doğulduğu Bezanson şəhərində pyedestala qoyarlar.

Bu yerdə mütləqdir deyim ki, Elxanın çox uğurlu işləri var, yetər ki əlaqədar şəxslər bu işləri görüb də onlara qiymət versinlər. Belə istedadlar hər zaman yetişmir.

 

“Ədəbiyyat və incəsənət”

(19.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.