Cəlilabadda qədim hamam binası – tarixi abidə dağılmaqdadır Featured

 

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Müasir Cəlilabad 1967-ci ilə qədər Astraxanbazar kimi adlansa da məhz 1967-ci ildən etibarən tanınmış yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlanmışdır. Rayonda minilliklərdən yadigar qalmış çoxsaylı tarixi abidələr mövcud olduğundan, onu həm də "Qədim abidələr diyarı" adlandırırlar.

 

Həmin abidələrdən XX əsrin ilk illərinə aid olan nümunələrindən biri də bu gün Cəlilabad şəhər Şah İsmayıl Xətai küçəsində yerləşən qədim Hamam binasından ibarətdir. Bu hamamın əsası 1926-cı ildə o vaxtkı Astraxanbazarın üç tanınmış şəxslərindən olan Qurban Nuriyev (Astraxanbazarın ilk generalı Mustafa Kamal Nuriyevin qardaşı), Kərim Vəlizadə və Musavat Partiyasının Lənkəran qəzası üzrə gizli koordinatoru mərhum Məmmədəli Əlizadənin şərikliyi ilə qoyulmuş, 1927-ci ildə istifadəyə verilmişdir.

Mərhum Məmmədəli Əlizadə bu hamamın planını 1928-ci ildə İranın Meşkinşəhər tabeliyində olan Lahrud şəhərinə mühacirət edərkən özü ilə aparmış və həmin şəhərdə bu plana uyğun olaraq hamam tikdirməyi qərara almışdır. Sovetlər İttifaqı dağıldıqdan sonra isə mərhum Çingiz Ağasıyev İrana gedərək uzun illər boyu sandıqda saxlanılan və sıradan çıxmaq üzrə olan həmin planı özü ilə yenidən Azərbaycana gətirmişdir.

Meydan araşdırmaları zamanı, xüsusilə də rayon sakini Fariz Çüngiz oğlu Ağasiyevin təqdim etdiyi məlumatlara əsasən, hamam tikillib istifadəyə verildiyi gündən sonra dəfələrlə öz fəaliyyətini dayandırmış və bizə məlum olmayan səbəblərə görə tətil olmuşdur. Belə ki, 1927-ci ildən etibarən fəaliyyətə başlasa da, 1928-ci ilin mart ayında fəaliyyəti dayandırılmış, təxminən 20 ildən sonra yəni, 1947-ci ildən 1949-cu ilə qədər fəaliyyət göstərmişdir. Daha sonra 1956-1957-ci illər ərzində yenidən fəaliyyət göstərmiş, sonuncu dəfə isə 1964-1968-ci illər ərzində əhalinin xidmətində ola bilmişdir. Həmin vaxtlarda Bikə nənə adlı xanım bu hamamın rəisi olmuşdur.

Hamam inşa olan zaman burada saxsı borularla divarda və yerdə xüsusi kanalizasiya sisteminin işləndiyi və bir yük odunla səhərdən axşama qədər hamamın həm içi, həm də suyunun qızdırıldığına dair məlumatlar mövcuddur.

Hamamın bu günkü Heydər Əliyev prospektinə olan hissəsi illər öncə uçub dağılsa da onun zahiri görüşünü (fasadı) və xüsusilə də günbəzi olduğu kimi qalır. Hamamın içi daha çox həmin günbəzdən düşən günəş işığının hesabına işıqlanırdı. Bu tarixi abidə nümunəsi "Yenidənqurma" illərindən sonra müxtəlif obyektlər kimi fəaliyyət göstərdiyi üçün onun içərinsində yerləşən hovuz və digər imkanları dağıdılmışdır. Uzun illər xarabalıq və zibilliyə çevrilmiş bu qədim abidə təəssüflər olsun ki, hal-hazırda da baxımsız haldadır.

Bu gün həmin hamamın 99 yaşı olsa da əfsuslar olsun ki, diqqət mərkəzindən kənarda qalmışdır. Belə ki, bu məkan bir vaxtlar restoran və daha sonra çörək sexi kimi fəaliyyət göstərmiş, hal-hazırda isə onun bir hissəsi "Qazdoldurma" məntəqəsi, digər hissəsi isə avtomobillərin təkər təmiri sexi kimi fəaliyyət göstərir.

2024-cü ilin sentyabr ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilən məlumata görə,bərpa olunması üçün hamam investisiya planına daxil edilib. Lakin bu bərpa işinin nə zaman həyata keçəcəyi hələ ki, məlum deyil...

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.