Evsiz sevgilər! Featured

 

Fariz Əhmədov,

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Dönüb geriyə baxdığımızda görürük ki, tarixin müxtəlif dönəmlərində insanlar öküzü, eşşəyi, qatırı arabaya qoşub “eşşək” kimi işlədərək, onlardan müxtəlif məqsədlərlə istifadə ediblər. Sirklərdə ayını, şiri, meymunu oynadıb, bununlada yetinməyərək tülkünün, çaqqalın çəkib dərisini boğazından çıxarıblar. Elə bizdə onları bəzən əzizləyib bəzənsə nə istədiyimizi başa salamaq üçün başına min hoqqa gətirmişik. Məcbur etmişik ki, bizi başa düşsünlər. Sanki özümüz-özümüzü başa düşürmüşük kimi. Axı biz incə ruhlu heyvan sevərlərik. Bəzən innovativ söyüşlərə əl ataraq səvələyirik öz körpələrimizi. Ay meymun, ay çaqqal, ay itin balası! Bəli, bu bizim heyvan sevgimizdir. Onların dili olsa deyər ki, nə bizi belə ələ salın, nə də belə sevin.

 

Zamanla heyvanlara qarşı dünyagörüşləri dəyişən biz onlara şəfqət göstərməyə, təlim verməyə, ram etməyə və onlarla dostluq qurmağa başladıq. Pişiyi, iti, atı, qoyunu, inəyi və keçini əhliləşdirib ev heyvanı etdik. Onlar isə insanlara köməkçi olmağa başladı. Pişik evdəki zərərverici həşəratları və siçanları tutdu. İt evi yad təhlükələrdən və digər yırtıcı heyvanlardan qoruyaraq gözətçilik etdi. At, eşşək və qatır bizə yük daşımaqda, inək, qoyun və camış ət və süd verməkdə, arı bal verməkdə, öküz tarlanı şumlamaqda bizə yardımçı oldu. Biz isə sevərək tovuzquşunun rənglərinə aşiq olduq, meymunun hərəkətlərinə güldük, qəfəsdəki bülbülün cəhcəhinə valeh oduq və akvaryumdakı balıqları seyrə daldıq. Yəni ətrafımızdakı heyvanlardan birbaşa və ya bilvasitə istifadə etdik.

Heyvanlar tanrı tərəfindən yer üzünə sevgi ilə göndərilib, duyğu və hisslərlə əhatələnmiş ən gözəl varlıqlardır. İnsan kimi heyvanlarda hər daim isti ürəyə, həzin sevgiyə və nəvazişə ehtiyac duyur.  Onlar öyrətməyə çalışdığımız hər şeyi başa düşür və hiss edirlər. Bəzən fiziki və yaxud ruhi yorğun olduğumuz zaman oturub onları seyr edir,  başlarına tumar çəkirik. Onlarsa bu oxşamadan məmnun qalır qucağımıza sırmaşaraq bizi sevdiyini hiss etdirir. Unutmayaq ki, acı, kədər, günah və göz yaşı ilə baş-başa qaldığımız zaman onlar bizim ən böyük dinləyicilərimizdir. Biz saf və təmiz şəkildə onlara yaxınlaşdığımız zaman onlar həyatlarını bizə həsr edir. Başlarını ayaqlarımıza sürtüb, qucağımızda oynayaraq bizim motivatorumuza çevrilməyi bacaran bu dördayaqlı mələklər bizi qoxumuzdan tanıyır. Bizə stresdən uzaq bir həyat vəd edir, şirinlik edərək həyatımızı sevinc qəhqəhələri ilə doldururlar. Heyvanlar sevginin, məhəbbətin, qayğının, xoşbəxtliyin və həyatımızdakı rənglərin ən gözəl nümünələridir.

Onların sevgiyə ehtiyacı var!

Heyvanların dəyərini müzakirə etməkdən çox onlara düzgün davranmaq bizim borcumuzdur.  Allah tərəfindən yüksək hisslərə malik olan biz nə üçün onların yaşamağa və düzgün davranılmağa layiq olduğunu unutduq? Gəlin onların bizi sevdiyi kimi biz də onlara qayğı göstərək, incitməyək, yağışlı, soyuq və isti havalarda onlara yemək və sığınacaq axtararkən köməklik göstərək. Onları təhqir etməyək, acı içində əzab çəkərək ölmələrinə izn verməyək. Çünki insanların taleyi ilə heyvanların taleyi eynidir, biri öldüyü kimi, digəri də ölür.

Biz axı niyə təbiəti gəzintiyə çıxmayaq? Niyə quşların, dələlərin, sincabların səsinə qulaq asmayaq? Niyə təbiətin qorunması ilə məşğul olmayaq? Niyə dedi-qodudan silkinərək heyvanlarla  birlikdə keçirdiyimiz vaxt üçün ürəyimizdə sevgi və minnətdarlıqla irəliləməyək. Onlarda bizə qarşı olan təmənnasız sevgi üçün təşəkkür etməyi unutmayaq.  Yəqin ki, Yapon mədəniyyətində sədaqət və yoldaşlığın simvolu kimi təqdir edilmiş Haçiko haqqında eşitməmiş olmazsınız.

 Yapon professor Ueno “Haçiko” adlı baxıma möhtac kiçik bir it balasını sahibsiz olduğu üçün öz mənzilinə gətirir. Haçiko hər gün işə gedən sahibi Uenonu Şibayu stansiyasına qədər yola salır və axşam onu qarşılayırdı. 1925-ci ildə professor sinfdə mühazirə oxuyarkən beyin qanaması keçirir və Haçikonun gözlədiyi qatar stansiyasına qayıtmadan ölür. 4 oktyabr 1932-ci ildə Asahi Şimbunda Haçiko haqqında ilk dəfə məqalə yazdıqdan sonra insanlar ona şirniyyatlar və yeməklər gətirməyə başladılar. Növbəti 9 il 9 ay və 15 gün ərzində hər gün Uenonun qayıdışını gözləyən Haçiko 11 yaşındaykən elə həmin stansiyada sahibini gözlədiyi stansiyada ölür. İndi orada onun bürünc heykəli oturur. Bu hadisədən sonra dünyanın bir çox şəhərlərində Haçikoya heykəllər ucaldaraq “sədaqət” simvolu adı verdilər.

Qurulan bu isti münasibət insanları heyvanların qoruma mövzusuna sövq etdi. İnsanlar arasında heyvansevərlər çoxalmağa başladı. Bu insanların məqsədləri heyvanlara daha yaxşı davranmağı təmin etmək, onları qorumaq və mehriban olmaq idi. Bu düşüncəyə sahib heyvan sevənlər ilk dəfə İngiltərədə 1822-ci ildə bir araya gəldilər və Heyvanları Qoruma Birliyini qurdular. Bu hərəkət daha sonra bütün dünyaya yayıldı.

Gəlin bizdə şəhərimizdə sahibsiz, ac, susuz heyvanlar gördükdə üzümüzü yana tutub yolumuza davam etməyək. Əlimizi vicdanımıza qoyub öz büdcəmizdən, yeməyimizdən onlara pay ayırıb ruzisini təmin edək. Unutmayaq ki, diqqətdən və qayğıdan məhrum olan hər bir canlı quduzlaşır və bir gün yırtıcıya çevrilir. Unutmayaq ki, quduzlaşmış hər bir heyvana görə hər birimizi məsuliyyət daşıyırıq. Dünyamızı sevgi qurtaracaq. Sevgimizə rəng qatmaq diləyiylə…

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.