“Səfərnamə” silsiləsindən – Hayat Hocanın Tokat səfəri Featured

 

Dr. Həyat Şəmi, şair-yazar. “Ədəbiyyat və incəsənət” üçün.

 

Evliyalar və şairlər şəhəri Tokatda 15-16 yanvar 2025 tarixində Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin anısına “Türk Dünyası Şeir Şöləni” düzənlənirdi. Mən də bu tədbirə dəvət aldım və təyyarəylə yola düzəldim. Yola düzəlməzdən öncə, elə havalimanındaca bu qədim şəhərin, Tokatın qısaca tarixinə göz atmaq istədim. Tokatın, Anadolunun ən köklü məskunlaşma mərkəzlərindən biri olaraq tarix boyunca “mədəniyyətlərin qovuşduğu yer” adını qazanmış bir şəhər olduğuna əmin oldum.

 

2003-cü ildə Türkiyəyə ilk səfərim zamanı (Sivasda keçirilən TÜRKSOYun hazırladığı Türk Dünyası Şairlər Buluşmasında Azərbaycanı təmsil edirdim) Ankara havalimanından Sivasa qədər avtobusla yol getmişdim. O zaman avtobusumuz Tokatdan keçmişdi. Mən də gözlərimlə Tokata toxunmuşdum. Bu təması nəzərə almasaq, bu səfər Tokata ilk səfərim idi.

Tokatın keçmişi mis dövrünə qədər uzanır. Bölgə tarixən hititlər, firqlər, parslar və makedoniyalıların hakimiyyəti altında olmuşdur. Roma dövründə önəmli bir ticarət mərkəzi olan şəhər o vaxtlar Comana Pontica antik şəhəri kimi bilinirdi. Bunu da bilirdim ki, Tokat tarixi İpək Yolunun üzərində yerləşir. Azdan-çoxdan bir şeylər oxuya-oxuya Tokata vardım. Bizi havalimanından qarşılayıb qalacağımız Osman Ağa Konağına apardılar. Axşam saat 17:30-da tədbirimiz başlayacaqdı. Otağımın pəncərəsindən baxanda möhtəşəm Tokat qalasını gördüm. Bu gün şəhərin hansı nöqtəsindən baxırsansa bax, görünən Tokat qalası Bizans imperiyası dövründə strateji bir savunma nöqtəsi halına gəlmiş bir qaladır. Bu qala əsrlərin sınağından keçərək bu günə qədər varmış və möhtəşəm görkəmiylə min illərdir qüdrətini qoruyub saxlamışdır. Tokat qalası Kont Draculanın (Kazıklı voyvoda) həbs edildiyi yer olaraq da bilinir. Eflak prensi III Vlad, digər adı Cont Dracula  XV əsrdə Fatih Sultan Mehmet tərəfindən əsir alınanda Tokat qalasında 7 illik məcburi həbs həyatına məhkum edilmişdi. Bu gün qalanın zindanları bu səbəbdən dünya miqyasında bir məşhurluğa sahibdir. Qaladan şəhər mərkəzinə enən “Ceylan Yolu” adlandırılan 362 pilləkəndən ibarət gizli bir dəhliz olduğu söylənilir. Mühasirə zamanları qalaya su və ərzaq daşımaq üçün istifadə olunan bu yol qalanın stratejik zəkasını göstərir. Xalq arasında qalanın altında böyük bir “İlan”ın, başqa sözlə “Əjdaha”nın yatdığına dair Anadolu əfsanəsi də dolaşmaqdadır.

VII əsrdən etibarən Əməvilər və sonra da Abbasilərin orduları ilə tanış olur Tokat qalası. 

Tokat əsil kimliyini 1071-ci il Malazgirt zəfərindən sonra qazanmış. O zamanlar Danişməndli bəyliyi  Tokatı öz mərkəzlərindən biri edərək bölgəyə ilk Türk damğasını vurmuşdur. Türkiyənin ilk tibb fakültəsi sayılan Yağıbasan Mədrəsəsi də bu dönəmdə tikilmişdir  (Bizim qatıldığımız “Türk Dünyası Şiir Şöləni” də həmin bu tarixi mədrəsədə gerçəkləşdi). Yağıbasan Mədrəsəsi Anadolunun ilk qapalı mədrəsəsi sayılır. Tokat XII və XIII əsrlərdə Anadolunun “Oxfordu” kimi idi, deyirlər. Şəhərdəki memari əsərlər sadəcə ibadət üçün deyil, elm üçün də inşa edilirmiş. “Sulu Sokak”da (Sulu küçə) yerləşən  Yağıbasan Mədrəsəsi (1151-ci ildə tikilmişdir) Anadolunun ilk tibb məktəbi olaraq qəbul edilir. Qübbəsindəki açıqlıq (aydınlıq fənəri) o dönəmdə göyüzü müşahidələri və astronomiya məqsədilə tikildiyinə bir işarədir.  

Tokatda bir “Ballıca mağarası” var ki, dünyanın ən görkəmli mağaralarından biri hesab edilir. Tokat bir çox ilklərin vətənidir. O ilklərdən biri də diqqətimi çəkən maraqlı bir fakt oldu. İndi onu sizə danışacağam: 

Tokatın ən məşhur və bir o qədər də dodaqlarımıza təbəssüm qonduran tarixi tikililərindən biri “Sık dişini halesi” dir. Oxuyanlara daha da aydın olsun deyə Azərbaycan türkcəsində adını yazacam: “Sıx dişini ayaqyolusu”... ümid edirəm ki, gülümsədiniz. Bu tikili və ya kültür yapısı Anadolunun sosial tarixi yönündən, zənn etdiyinizdən də çox daha böyük bir önəmə sahibdir. Beləcə bu maraqlı adın hekayəsi və Anadolunun ilk ümumi tualeti haqqında bildiklərim: xalq arasında istifadə edilən “sıx dişini” təbiri, əslində o dövrdəki uzun növbələrin bir əlamətidir. Dediyimiz kimi, XV əsrdə Tokat İpək Yolu üzərində çox önəmli bir ticarət mərkəzi idi. Xüsusilə də, Sulu Sokak bazarı ətrafında yüzlərlə tacir, sənətkar, yolçular olurdu. O dövrdə tək ümumi tualet bura olduğu üçün qapısında uzun növbələr yaranırdı. Növbədəkilərin bir-birlərinə zarafat edərək səbir diləmək məqsədiylə “Sıx dişini, az qaldı” demələri zamanla tikilinin rəsmi olmayan adını meydana gətirdi. Beləcə bu tikili Anadoluda və Türkiyədə bir ilkdir və Türk-islam memarlığında cami və mədrəsələrdən ayrı, sadəcə “ümumi tualet” olaraq tikilmiş ilk və ən son qədim müstəqil tikili olaraq qəbul edilir.

2017-ci ildə restavrasiya işləri zamanı tikilidən içərisində 400 ədəd qızıl sikkə olan bir kisə tapılmışdır. Bu da tikilinin o dövrkü ticarət yollarının tam mərkəzində olduğunu sübut edən faktlardandır. Bu tikili Tokat Bələdiyyəsi tərəfindən incəliklə restovrasiya edilmişdir. 19 noyabr 2025-ci ildən “Dünya tualet günü”nə ithafən “Təmizlik və Su Klütürü” muzeyi adıyla qapılarını yenidən açdı. Anadolunun ilk ümumi tualetinin Tokatda olması təsadüf deyildir. Tokat Osmanlı dönəmində gömrük mərkəzinin olduğu, vergi gəlirlərinin ən yüksək olduğu və gigiyenaya, şəhərləşməyə (urbanizasiyaya) çox önəm verilən bir “əyalət mərkəzi” idi.

Anadolu Səlcukluları zamanında Tokat şəhəri Konyadan sonra dövlətin ən önəmli ikinci və ya üçüncü mərkəzi halına gəlir. Gök Mədrəsə (1277-ci ildə inşa edilmişdir)  kimi əsrarəngiz əsərlər də bu dövrdə inşa edilmişdir. Qəribə bir atmosferi var Tokatın. Hələ gəzinti əsnasında Gök Mədrəsə (Göy mədrəsə) adlandırılan o tikiliyə girərkən özümü Səlcuklular dövründə hiss etdim. Çini daşlarla bəzədilmiş göy rəngli mədrəsə adını da Çindən gətirilmiş o daşların rəngindən aldığını biləndə bəzi suallarımın cavabını almış oldum. Göy mədrəsə turkuaz çiniləriylə ünlüdür. Anadolu Səlcuklu sənətinin ən zərif nümunələrindən biridir bu mədrəsə. Bu gün muzey olaraq istifadə edilməkdə və bölgənin bütün arxeolojik zənginliyini daşımaqdadır.

“Sulu Sokak” isə Tokatın “açıq hava muzeyidir”. Tək bir küçə üzərində Danişməndi, Səlcuklu və Osmanlı əsərlərini (camilər, hamamlar, örtülü bazarlar) bir arada görə bilərsiniz.

1392-ci ildə Yıldırım Bəyazid tərəfindən Osmanlı torpaqlarına qatılan Tokat imperiyanın ən önəmli kültür, sənət və ticarət mərkəzlərindən biri olur. İpək Yolu üzərində olması səbəbindən karvansaralar və Hanlar adlanan tikililərlə zənginləşdirilir. Biz Tokat gəzintisi zamanı Taşhan (Daşxanə) adlandırılan o karvansaraylardan birində olduq. Dördbucaqlı şəklində olan Taşhana bir böyük qapıdan giriş vardı. İkimərtəbəli olan tikili müasir Türkiyə dizilərində gördüyüm (məsələn, “Asmalı Konak”) konak deyilən imarətlərə bənzəyirdi.

Yavuz Sultan Səlim və Qanuni Sultan Süleyman kimi padşahlar səfərləri əsnasında bu Taşhanda qonaqlamış, gecələmişlər.

600 illik keçmişi olan Osmanlı tekstil mərkəzlərindən biridir Tokat şəhəri. Tokatda Yazmacılık tekstili çox məşhurdur. Tokat bizim də ruhumuza əlvan-əlvan işlənən bir yazma (yaylıq, şal) kimi toxundu. Hər küçəsi bir motiv, hər insanı bir beyt kimidir Tokatın. Tokatın yazmalarına hörülən o səbirli əl işləri, biz şairlərin də misralarına işlədiyi sancı və sevgiylə eyni idi. 

Məşhur səyyah Evliya Çələbi Tokat üçün “alimlər və şairlər şəhəri” ifadəsini işlətmişdir. O, Tokata gələndə şəhərin zənginliyindən və insanlarının nəzakətindən çox təsirlənmiş və qeydlərinə bunları əlavə etmişdir: “Havası lətif, suyu ləzzətli, xalqı qərib dostudur. Bağ və bağçaları elə çoxdur ki, meyvələri dərya kimi axar”... Evliya Çələbinin yazdıqlarının eynisini gördüm Tokatda. Suları zamanı yuyan, sahilləri şeir qoxuyan bu şəhərə Yeşilirmak kimi əsrlərdir usanmadan axan bir sevda ilə getdim. Ordakı qonaqpərvərliyi, insanlarının qəlbə xitab edən davranışları, biz şairlərə isti və səmimi münasibətləri məni duyğulandırdı. Hələ “Kargülü” deyə xitab etdiyim Kumrugülü Türkmen Akın xanımın bizimlə bərabər Tokat tarixi yerlərini gəzinti zamanı göstərdiyi qayğı və nəzakət tam bir Anadolu xanımına yaraşırdı. Xas xanım-xatun bir müəllimə, sevgi dolu ana, şeir misrası kimi şair gördüm qarşımda. Tokata təkcə ayaqlarımla deyil, ürəyimlə də toxunurdum...

Qurtuluş Savaşı illərində Tokat mili mübarizəyə tam dəstək vermişdir. Mustafa Kamal Atatürk şəhəri bir neçə dəfə ziyarət etmiş və “Tokatlıların göstərdiyi vətənpərvərliyi əsla unutmayacağını” bildirmişdir. 1923-cü ildə Cümhuriyyətin elanıyla birlikdə vilayət statusu almışdır Tokat şəhəri və ətrafı.

Beləcə, evliyalar və şairlər şəhəri Tokatda 15-16 yanvar tarixlərində Azərbaycanın ölməz şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş “Türk Dünyası Şeir Şöləni”ni düzənləndi. Suyu zamanı yuyan, sahilləri şeir qoxuyan Tokata ilk səfərim idi. Yeşilirmak kimi ərslərdir durmadan axan bir sevda ilə getdim Tokata. Tokat tarixiylə, doğasıyla, mədəni dərinliyiylə tam bir şairlər şəhəridir. Mövlananın huzur tapdığı bu iqlimlərdə biz də şeirlərlə huzur tapdıq.

Tokat İl Milli Egitim Müdürlüyü (müdir: Hüseyin Kır) və Türkiyə Dil və Ədəbiyyat Dərnəyi (TDED) Tokat şöbəsinin (başkan: Ali Bal) iş birliyi ilə hazırlanan Şeir proqramına 15 yanvar saat 17:30-da, Tokat Yağıbasan mədrəsəsində start verildi. Proqram koordinatorları İbrahim Yıldırım, Ahmed Polad, Hatice Uçar Cansız, Melek Çelebi kimi isimlər bizimlə maraqlanır, qonaqpərvərliklərini əsirgəmirdilər. Proqrama təkcə Tokatdan deyil, Türk dünyasından bir çox ədib, şair və akademisyenlər: bəndəniz – Doç.Dr. Həyat Şami (Azərbaycan), Kadriyə Cəsur (Bolqarıstan), Mustafa Ziya (Kərkük), Nurala Göktürk (Doğu Türküstan), Türkiyənin ayrı-ayrı şəhərlərindən və Tokatdan isə Ahmet Karpinar, Ali Bal, Altan Serim, Kənan Çağan, Kumrugül Türkmən Akın, M.Sinan Kökçü, Mustafa Uçurum, Şenol Korkut, Yasemin Kuloğlu, Yunus Yılmaz qatıldı. Proqramda Türk dünyası ezgilərindən əsintilərlə Murat Ağıl və onu müşayiət edən musiqiçilər də səhnə aldı.

B.Vahabzadənin anısına ithaf edilən proqram qatılımçılara duyğusal və mədəni bir ziyafət təqdim etdi.

Proqramda Fən-Ədədiyyat fakultəsi dekanı Prof. Dr. Alpaslan Dəmir, Tokat İl Kültür və Turizm müdiri Abdi Dölek, Tokat İl Milli Egitim müdiri Hüseyn Kır başda olmaqla çox sayda dəvətli iştirak edirdi. Protokol üzvləri bu cür tədbirlərin Türk dünyası arasındakı könül bağını gücləndirdiyini vurğuladılar. Şair və müəllim Altan Serimin həm aparıcısı olduğu, həm də yorumlarıyla rəngləndirdiyi gecədə bir-birindən dəyərli şairlər səhnə aldı: Ahmet Karpınar, Ali Bal, mən, Kadriye Cəsur, Kumrugül Türkmən Akın, Muhammet Sinan Kökçü, Mustafa Uçurum, Mustafa Ziya, Nurala Göktürk, Şenol Korkut, Yasemin Kuloğlu və Yunus Yılmaz oxuduqları şeirləriylə dinləyiciləri Türk dünyasının fərqli coğrafiyalarında ədəbi bir yolçuluğa çıxardılar.

Şeirlərin ruhuna uyğun səhnə performanslarıyla musiqiçilərin çıxışları gecəyə unudulmaz rəng qatdı: Murat Ağıl, Murat Kadakoğlu, Bahadır Can Demirkayalı, Barış Başcıoğlu və Başar Başçıoğlu öz musiqiləri ilə proqrama fərqli bir dəyər qatdılar.  

Tokatdan içimdə şeirsel insanların səmimiyyəti və sevgisiylə dolu İstanbula döndüm. Döndüm və Tokatı darıxdım, özlədim... Tokatda olduğum 2 gün çox dar gəldi mənə. Ən azı Tokatda bir həftə qalmaq lazımdır ki, şəhərin bütün gözəlliklərini hiss edib yaşayasan. Bu da  Hayat Hocanın növbəti Tokat səfərində reallaşar, inşallah, deyib təsəlli etdim... Tokatı bir daha qucaqlamaq, hiss etmək diləyimlə, xoşca qalın...

 

“Ədəbiyyat və incəsənət”

(20.01.2026)

 

 

\

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.