Tanrısı gözəllik, sevdası Turan, nisgili Azərbaycan şair – Hüseyn Cavid Featured

Şərəf Cəlilli,

Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin hər iki mərhələsi milli mənlik, milli kimlik uğrunda mücadilə, yaddaşa qayıdış ideologiyası ilə bağlı çoxsaylı fərman və sərəncamlarla müşayiət olunur. Onun 1972 və 1982-ci illərdə Mərkəzi Komitənin adından aldığı iki qərar Sovet İttifaqının üstünə yerimək, gəmidə oturub gəmiçi ilə savaşmaq deməkdi. İlk qərar Nəriman Nərimanovun Bakıda , Azərbaycanın qatili Sergey Mironoviç Kirovun abidəsinin ucaldıldığı ərazidə, elə onun əzəmətində ucaldılaması ilə bağlı idi. Digər qərar isə daha dəhşətli idi. Ulu Öndər 1982-ci ildə yenidən Bolşevik Rusiyasının üstünə yerimiş Hüseyn Cavidin nəşini Sibir çöllərindən Bakıya gətirmiş, Naxçıvanda ata yurdunda torpaq müqəddəsliyinə qovuşdurmuşdu.

 

Siyasi hakimiyyətinin ikinci mərhələsində aldığı 5 tarixi qərar isə onun qüdrətli Sərkərdə-Xaqan əzəmətini dünyaya yenidən sübut etmişdi. Böyük Qayıdışından sonra “Atəşkəs” müqaviləsinə imza atıb mənsub olduğu millətin genefondunun xilaskarına çevrilən Ulu Öndər, “ Əsrin müqaviləsi” ilə Müasir Azərbaycanın Memarına çevrilib Tarixi Zəfərin Vizit kartına döndü. Ulu Öndərin Zərifə xanım Əliyevanın nəşinin Moskvadan Bakıya köçürülməsi, Fəxri Xiyabanda atasının, qüdrətli dövlət xadimi, polkovnik-komissar  Əziz Məmmədkərim oğlu Əliyevin yanında torpağa verilməsi ilə bağlı aldığı qərar isə ailəni dövlətin mikromodeli hesab edən millətin yaddaşına verdiyi dəyər idi.

Ulu Öndərin Şəhid analarının gözyaşının, al-qanı ilə tarix yazan  Şəhidlərin sonsuz Vətən sevgisinin adına Şəhidlər xiyabanında ucaldılan Əbədi Məşəl abidəsi, eyni zamanda Naxçıvanda Hüseyn Cavid məqbərəsinin ucaldılması ilə aldığı qərarlar da onun Sərkərdə-Xaqan ucalığının əzəməti olmaqla yanaşı, həm də Hüseyn Cavidin irsinə, ailə faciəsinə və kədərinə etiramının göstəricisi idi. Məhz o məqbərənin ucaldılması ilə Çırağı söndürülən, pərən-pərən düşən Cavidlər eyni məqamda , məkanda torpaq müqəddəsliyinə qovuşdular.

 

Siyahıda olanlardan birinə daha çox diqqət yetirilir

XX yüz ilin əvvəlində İsmayıl bəy Qaspıralı İstanbula gedir. Əli bəy Hüseynzadə ilə görüşür. Əli bəydən onu dostu Rza Tevfiklə görüşdürməyi xahiş edir. Görüş zamanı Qaspıralı Rza Tevfikdən xahiş edir ki, Qafqazdan, Çar Rusiyasından, Türküstandan seçilmiş gənclər gələcək onlara xüsusi dərslər keçsin. Siyahıda Azərbaycandan 11 nəfər var idi. Onlardan birinə daha çox diqqət yetirilir. Həmin gənc sonralar Cavid Əfəndi olaraq tanınan Azərbaycan romantizminin banilərindən biri, Azərbaycanda ilk mənzum faciə və dramın müəllifi, bir sıra ədəbi janrları, xüsusən də sonet, marş və türküləri Azərbaycan poeziyası tarixinə ilk dəfə gətirən Hüseyn Cavid idi.

 

Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır

Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda, Nuhun çıxdığı torpaqda, Əshabi-Kəhf müqəddəsliyinin, Haçadağın, İnandağın ətəyində, Gilan məbədinin, İbn Küseyr və Möminə xatun türbəsinin yaxasında dünyaya gəldi. İbtidai təhsilini burada, orta təhsilini isə Məhəmməd Tağı Sidqinin üsuli-cədid yolu ilə qurduğu “Məktəbi-tərbiyə”sində aldı.  Ruhani ailəsində doğulan Hüseyn Cavidin ilk müəllimi ətinin və sümüyünün yiyəsi, eyni zamanda ruhunun atası Abdulla Əfəndi olmuşdu. 1896-1898-ci illərdə “Məktəbi-tərbiyə”də Məmməd Tağı Sidqidən dərs alan Cavidi Əfəndinin təhsilinin Təbriz dövrü, “Talibiyyə” mədrəsəsində keçən illər  onun klassik ədəbiyyatı, Qurani-Kərimi mənimsəməsinə, eyni zamanda ərəb, fars dillərini mükəmməl şəkildə öyrənməsinə təsir etmişdi. Təbrizdən sonra İstanbula gedən, Rza Tevfikdən dərs alan, Hüseyn Cavid 1906-cı ildə İstanbul Darülfününü – Universitetini qazanır. Türkiyə Cümhuriyyətinin himninin müəllifi, istiqlal şairi Mehmet Akif Ərsoydan, Xalid Ziya Uşaqlıgildən, Rza Tevfikdən dərs alır. İstanbul mühiti, türk-islam düşüncəsi Hüseyn Cavidin mənəvi dünyasının formalaşmasına təsir edir. Həyatının dönüş nöqtəsinə çevrilir. 1909-ci ildə İstanbul Universitetinin ədəbiyyat bölməsini bitirir. Təhsilini başa vurduqdan sonra doğulduğu Naxçıvanda, daha sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildə isə Bakıda müəllimlik edir. 1909-1910-cu ildə “Ana” pyesini, “Məsud və Şəfiqə”ni yazır. 1913-cü ildə isə “Keçmiş günlər” adlı ilk şeir kitabı nəşr edilir. 1914-cü ildə Azərbaycan ədəbiyyatı tarixində hadisə sayılan,  ilk mənzum faciə - “Şeyx Sənan”ı, 1918-ci ildə isə “İblis” dramını qələmə alır.

 

Milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən biri

Bu dövrdə Azərbaycan ədəbiyyatında iki mühit var idi: romantiklər və realistlər. Onlara “Füyuzatçılar” və “Molla Nəsrəddinçilər” də deyirdilər. “Molla Nəsrəddin” sərt tənqidlə maarifçiliyin tərəfdarı idi. “Füyuzat” isə ənənəni qorumaqla onun mümkün olacağına inanırdı. Hüseyn Cavid isə “Füyuzatçılar”ın – Əhməd bəy Ağaoğlunun və Əli bəy Hüseynzadənin düşüncəsini müdafiə edir, “Füyuzat”da çap etdirdiyi məqalələrlə ümummilli maraqlara töhfədə bulunurdu. Bu səbəbdən də istər “Füyuzat” ədəbi məktəbinin, istərsə də Hüseyn Cavid irsinin tədqiqatçısı olan alimlər Cavid Əfəndi ilə “Füyuzat”ı milli düşüncənin və romantizm ədəbi cərayanının öndərlərindən hesab edir.

 

Bakı əsilzadələri onun Təbrizdən Naxçıvana keçməsi xəbərini alıb rahatlandılar

1918-ci ilin mart ayında erməni daşnaklarının Bakıda törətdiyi soyqırım onların vəhşiliyinin göstəricisi olmaqla yanaşı minlərlə soydaşımızın qanına qəltan edilməsi ilə nəticələndi. Bu qanlı günlərdə Cavid Əfəndi Bakıda  Səfa Məktəbində və Səadət Ruhani Məktəbində müəllim işləyir, “Təbriz” otelində qalırdı. Qanlı terror gecəsində ermənilər otelə hücum çəkir, 60-dan çox insanı əsir alır. Onların içərisində Hüseyn Cavid də olur. Ermənilər qarşılarına çıxan hər kəsə atəş açır, müqavimət göstərənləri yerindəcə güllələyirdilər.

Belə bir dəhşətli məqamda ölümlə pəncəyə-pəncəyə olan Cavid Əfəndi məqamdan istifadə edib gözdən yayınır, gecə ilə limana gəlir və o taya soyqırımı qurbanlarına qoşulub Təbrizə keçir. Bu dövrdə erməni daşnakları Qərbi Azərbaycanda, Zəngəzurda, Naxçıvanda, Təbrizdə, Mərənd, Xoy, Ərdəbil, Urmiya istiqamətində də soyqırımlar törədirlər. Təbrizdən sonra Araz çayı vasitəsi ilə Naxçıvana keçən Hüseyn Cavid nəhayət ki, öz ata-baba yurduna qovuşur. Cavidi soyqırımı qurbanlarının sırasında görməyib nigaran olan Bakı əsilzadələri onun Bakıdan Təbrizə, Təbrizdən Naxçıvana keçməsi xəbərini alanda rahatlanırlar.

 

Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur

Hüseyn Cavidin Naxçıvana dönüşü Naxçıvan Milli Şurasının və Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirovun Osmanlıya, Atatürkə müraciəti, Naxçıvanın erməni daşnaklarından – Ozanyan və Andranikin dəstəsindən təmizlənməsi üçün yardım istəməsi, Kazım Qarabəkir Paşanın rəhbərlik etdiyi IX Qafqaz İslam Ordusunun Naxçıvana gəlişi ilə üst-üstə düşür. İstanbul Universitetində təhsil alarkən Cavid Əfəndinin himayədarı kimi onun bütün məsrəflərini, təhil haqqını, kirayə xərclərini üzərinə alan Naxçıvan Qızlar Seminariyasının, Naçıvan Milli Şurasının və Naxçıvan Müdafiə Komitəsinin sədri, Araz-Türk Cümhuriyyətinin qurucularından biri Mirzə Nəsrulla bəy Əmirovun istəyi ilə Hüseyn Cavid Seminariyada və IX İslam Ordusunun Komandanı Kazım Qarabəkir Paşanın təməlini qoyduğu Hərbi Rüşdiyyədə dərs deyir. İki tarixi şəxsiyyətin Kazım Qarabəkir Paşa ilə Cavid Əfəndinin dillərə dastan dostluğunun təməli belə qoyulur, hər iki qüdrətli şəxsiyyət Naxçıvanın sevimlisinə, gözdə nuruna, döyünən qəlbinə çevrilir. Onun biri Süngünün, digəri Qələmin simgəsi, bəlgəsi kimi tarix yaradır. Bu gün nəinki Naxçıvanda, Odlar Yurdu Azərbaycanda, Osmanlıda, Türkiyə Cümhuriyyətində dostluğun, qardaşlığın, əbədi sevginin, birliyin, bütövlüyün rəmzinə çevrilən hər iki qüdrətli Türk ehtiramla anılır.

 

Qurani-Kərimi Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə ərməğan edir

Kazım Qarabəkir Paşanın “Mənim tanıdığım Naxçıvan fədakardır, mərddir!” deyib dəyər verdiyi qədirşünas naxçıvanlılar Ali Gildiyalı tacir Mirzə Nəsrulla bəy Əmirovun sərmayəsi, Kazım Qarabəkir Paşanın iradəsi ilə qurulan Naxçıvan Rüşdiyyəsinə sonralar Naxçıvanın xilaskarının, IX İslam Ordusunun komandanın adını verir. Rüşdiyyənin fəxri müəllimi kimi tələbələrə mühazirələr oxuyan Kazım Qarabəkir Paşanın istəyi ilə burada poeziya, ədəbiyyat gecələri keçirilir, Kəlamla Qələmin, Qələmlə Süngünün vəhdətində sərkərdə-xaqanlarımızın ruhu ehtiramla yad edilir. Naxçıvanın elmi-mədəni elitasının nümayəndələri, şair, yazıçı və rəssamları, incəsənət xadimləri həmin gecələri öz əsərləri ilə rövnəqndirirlər. Cavid Əfəndinin rəhbərliyi ilə təşkil edilən konsert proqramlarının, teatr tamaşalarının daha mükəmməl şəkildə alınması üçün Kazım Qarabəkir Paşa ona yardımda bulunmaqda çəkinmir.

I Dünya müharibəsindən sonra bağlanan müqavilələrə əsasən Osmanlı Hərbiyyə Nazirliyi Kazım Qarabəkir Paşanı geri çağırmalı olur. Paşanın “Əgər ordum buradan çıxarsa, burada bir türk, bir müsəlman qalmayacaq, hər birini qətl edəcəklər!” deməsinə baxmayaraq geri dönmək məcburiyyətində qalır. Getmədən öncə isə iki dostuna  Qarsı işğaldan azad etdikdən sonra Ocaqlı köyündə üzünü söykəyib  namaza getdiyi Qurani-Kərimi Naxçıvan Müdafiə Komitəsinin sədri Mirzə Nəsrulla bəy Əmirova, “Öyüdlərim” adlı şeirlər kitabının əlyazmasını isə Hüseyn Cavidə  təqdim edir. Rüşdiyyənin tələbələrinə isə son sözü belə olur: “Sevimli yavrularım! Bu kitabı sizin üçün yazdım. Bu əlyazısı kitabımı sizə təlim edəcək çox dəyərli hocam, hocamız, mənim əziz dostum, qardaşım Hüseyn Cavid bəy Əfəndilərinə ərmağan edirəm...”

Bu hadisənin üstündən 3 il keçdikdən, Hüseyn Cavid Naxçıvandan Bakıya döndükdən sonra 1921-ci ildə həmin əlyazmasını Kazım Qarabəkir Paşanın imzası ilə nəşr etdirir. Nəşrin himayədarı Paşanın digər dostu Mirzə Nəsrulla bəy Əmirov olur. Deyilənə görə, o bunun üçün qızıl cib saatını bağışlayır. Kitab 1925-ci ildə Maarif Komissarlığı tərəfindən yenidən çap edilir.

 

“İblis”in, “Peyğəmbər”in qələmə alınması dar ağacına qalxmaq, ölüm fərmanını öz əlinlə vermək idi

1918-ci il sentyabr 15-də Bakı işğaldan azad edilir. Tiflisdə elan olunub 10 gün sonra Gəncəyə köçürülən Cümhuriyyətin nəhayət ki, sentyabrın 17-də Bakı mərhələsi başlayır. Seyid Mirbabayevin malikanəsindən qaldırılan Bayraq Bakının tarixi sakinlərinin və sahiblərinin ünvanını dünyaya nümayiş etdirir. Məclisi Məbusan Tağıyevin Qız Məktəbinin binasında fəaliyyətə başlayır. Quruluşun, zamanın sərt diqtəsinə baxmayaraq Cümhuriyyətin rəsmi qurumları formalaşdırılır. “İstiqlal Bəyannaməsi”ni qəbul edən tarixi şəxsiyyətlər, Əlimərdan bəy Topçubaşovun simasında Azərbaycanın İstiqlalının Versal Sülh Konfransında  tanınmasına nail olur. 1919-cu ildə Cavid Əfəndi Naxçıvandan Bakıya, paytaxta dönür. Fətəli xan Xoyski və Nəsib bəy Usubbəylinin rəhbərlik etdiyi hökumətdə məktəb və maarif məsələlərinin təşkilində yardımçı olur. Hazırlıq kurslarında ədəbiyyatdan, Tağıyevin Qız məktəbində şəriətdən dərs deyir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının idarə heyətinin üzvü, Azərbaycan Müəllimlər Konfransından Təlifat-Nəşriyyat heyyətinin sədri seçilir. Həmin ildən o, həm də Bakı Müəllimlər Seminaryasında müəllim kimi fəaliyyətə başlayır. 1937-ci ilə, repressiya qurbanına çevrilənə qədər burada çalışır. Tağıyevin Qızlar Məktəbinin binası kimi təməli qoyulan, Məclisi Məbusanın ilk iclasının çağrıldığı müqəddəs məkan kimi yaddaşlara yazılan, indi Cavidin Ev Muzeyini və Əlyazmalar İnstitutunun binası kimi tanınan binada yaşamağa başlayır.

 

Quran nədir anlamazdıq, Vətən nədir bilməzdik

Həmin il “İblis” əsəri səhnəyə qoyulur. Hüseyn Cavidin sənətkar taleyini həll edən “İblis”  zamanın aynasına çevrilir. Bütün dövrlərin şah əsəri kimi quruluşun, zamanın üstünə yeriyir.

1922-ci ildə “Peyğəmbər”i, 1925-ci ildə Osmanlı sevgisindən adında qüsura yol verdiyi, dünya fatehinin ruhunu incitdiyi “Topal Teymur”u qələmə alır. Allahsızlar cəmiyyətinin qurulduğu, ciblərə Allahsız knişkasının qoyulduğu, “Molla Nəsrəddin” jurnalının “Allahsız” adında nəşr olunduğu, dini etiqad azadlığının ləğv edildiyi, Şura hökumətinin pantürkizm, panislamizm adında fırtınalar qopardığı ərəfədə “Peyğəmbər”in , “Topal Teymur”un qələmə alınması başını kötüyün üstünə qoymaq, dar ağacına qalxmaq, ölüm hökmünü, fərmanını öz əlinlə vermək idi. “Quran nədir anlamazdıq, tən nədir bilməzdik. Qarşımızda yetimlərin göz yaşını silməzdik. Ağlanacaq bir hal idi. Özümüzə güldürdük. Dilimizin, dinimizin getməsinə gülürdük...” nidası ilə al bayraqlı, oraq-çəkicli quruluşun, Şərqin Demokratik Cümhuriyyətini qan gölündə boğan Qızıl Ordunun, Şura hökumətinin üstünə yeriyən Cavid Əfəndi sükutu, poeziyası, nəsri, dramaturgiyası ilə İstiqlalın boğulduğu, mücahidlərin susdurulduğu, ölümün, mühacirətin ağuşuna atdığı bir dövrdə üsyan edirdi. Darülmüəllimin auditoriyalarını Salman Mümtaz, Hənəfi Zeynallı, Bəkir Çobanzadə kimi Əbədi İstiqlalın şərbət camına çevirir, Şeyx Cəmaləddin Əfqani, Əhməd Rasim Əfəndi, Namik Kamal, Rza Tevfik, Mehmet Akif Ərsoy, Ziya Göy Alp, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi ruhunu, duyğusunu, sonsuz millət, məmləkət sevgisini tələbələrinin, yetirmələrinin, ardıcıllarının beyninin şırımlarına köçürürdü.

 

Nə öncə öylə səadət, nə böylə zillət olaydı!

Elmi-irfan bulağından içən, ruhunun davamçılarına da türkçülük adında müqəddəsliyin bulağından içirən Cavid Əfəndinin bütün yaradıcılığı iki dövrə bülünür. Cümhuriyyətə qədərki, Cümhuriyyətdən sonrakı dövr. Dəyişən quruluş, zaman, iflasa uğradılan Cümhuriyyət Hüseyn Cavidin taleyində kədər dolu səhifələrin yazılması ilə davam edir. Üzüntülü, üzgün taleyi, üzülən ürəyi ilə onu imtahana çəkir. Əslində o, yer üzü ilə Cümhuriyyətdən sonra vidalaşıb qutarmışdı. Sadəcə Cəfər Cabbarlı, Bəkir Çobanzadə, Salman Mümtaz kimi “Dan Ulduzu!”nun yenidən doğacağı, zülmətləri nura qərq edəcəyi məqamı gözləyir, son ümidin işartısının sönməməsi üçün qələmini süngüyə çevirib deyirdi: “Tükəndi taqəti-səbrim! Ədalət, ah, ədalət! Nə öncə öylə səadət, nə böylə zillət olaydı!”

Cümhuriyyətə qədər sonetləri, marşları, pyesləri, dram əsərləri, “Həyat”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”,  “Açıq söz” kimi qəzetlərdə işıq üzü görən publisistik yazıları ilə mənəvi əzəmətini sübut yetirən Hüseyn Cavid Cümhuriyyətdən sonra qələmə aldığı misraları ilə fırtınalı dənizi xatırladır, üsyan dolu hayqırtıları ilə millətinin istiqlal badəsinə zəhər süzənləri inkar etməkdən çəkinmirdi. 1926-cı ildə Türkaloji Qurultaydan sonra onu qorumaq istəyən dostları tərəfindən müalicə adı ilə Almaniyaya göndərilən Cavid Əfəndi ilk mühacirətini yaşasa da, böyük dönüşü ilə Sarı Aşığın “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır!” nidasını gerçəyə çevirir. Türkçülük, Turançılıq dolu düşüncəsinin aynası olan əsərlərini qələmə alır, mücahid ömrü sürür. Şəhid olacağı günə müntəzir olur. Cümhuriyyət sevdasının son anda onunla, o müqəddəs adla – Şəhidliklə bağlı olacağını qəbul edir.

 

İki il Keşlə və Bayıl həbsxanalarında işgəncə verdikdən sonra Sibirə, Moqadana sürgün edilir

1928-ci ildə “Azər”, 1929-cu ildə “Səyavuş”, 1935-1936-cı illərdə “Xəyyam” əsərlərini qələmə alır. “İblis”in intiqamı ilə mənfur quruluşun, rejimin iç üzünü, mahiyyətini, batini eybəcərliyini insanlığa təqdim edir. “İblis”dən sonra İblisin, Mərkəzdəki qaniçənlərin iç üzü açılır. Artıq onlar Cavid Əfəndinin əsərlərini Sovet teatrlarının səhnəsindən görmək istəmirlər. Bakı, Tiflis, Təbriz səhnələrini fəth edən   əsərlərin müəllifinə , millətin müəlliminə millətçi damğası vurub hədəfə gətirirlər.

1937-ci ildə ona pantürkist və panislamist damğası vurub 2 il Keşlə və Bayıl həbsxanalarında işgəncə verirlər.1939-cu il iyulun 4-də isə “ Anti-Sovet təbliğatında iştirakına görə həbs cəzasına məhkum edir,  Sibirə, Moqadana sürgün edirlər. Cavid Əfəndinin, daha doğrusu “Peyğəmbər”in qapısını gecə gələn qara maşınlardan düşən cəlladlar sonuncu dəfə döyür. çırağını söndürür. Müşkünaz xanımın, Ərtoğrulun, Turan Cavidin sinəsinə dağ çəkir. 8 il həbs cəzasına məhkum edilən Cavid Əfəndi  1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonun Şevçenko kəndində dünyaya vida nəğməsi oxuyur.

 

Allahım, o biri gözümün nurunu alma,  Cavidin işlərini bitirim!

Hüseyn Cavid 1918-ci ildə Müşkünaz xanımla nigaha getmiş, onu könlündə sultana çevirmişdi. 1919-cu il oktyabrın 22-də unudulmaz, həm də nakan bəstəkar Ərtoğrul Cavid, 1921-ci ildə isə Şura hökumətinin qılıncının dalının, qabağının kəsdiyi ərəfədə ikinci övladı Tomris, 1923-cü il oktyabrın 2-də isə  TURAN adı verdiyi Turan Cavid doğulmuşdu. Oğlu Tomris ağır xəstəlikdən 10 gün sonra vəfat etmişdi. O müthiş günlərdə 1942-ci ildə Ərtoğrul  ordu sıralarına, II Dünya müharibəsinə çağrılır. Ancaq xalq düşməninin – Hüseyn Cavidin oğlu olduğu üçün ön cəbhəyə deyil, Gürcüstana, arxa cəhbəyə, islah əmək kolonyasına bərabər yerə daha ağır işləri icra etmək üçün göndərilir. Bu ağır, dözülməz şəraitə ciyər ağrısından – daha doğrusu vərəmdən əziyyət çəkən Ərtoğrul Cavid cəmi bir il tablayır. 1943-cü il noyabrn 14-də ağır xəstəlikdən dünyasını dəyişir, ruhu atasının nigaran ruhuna qovuşur. Qızı Turan xanım isə Turan Cavid imzası ilə onun irsinin qoruyucu mələyinə, sönmüş çırağının pərvanəsinə çevrilir. Cavid Əfəndinin nur və həsrət qoxuyan köksünü kimsəyə dəyişmir. Təkliyi, tənhalığı seçir. Əlyazmalarını bərpa edir, onların üzünü köçürür, bu yolda gözünün birinin nurunu bütünlüklə itirən Turan Cavid deyirlər, hər gün üzü qibləyə durub dua edərmiş: “Allahım, o biri gözümün nurunu alma,  Cavidin işlərini bitirim!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısında yer alan Hüseyn Cavid irsinin ən qüdrətli tədqiqatçısı, təbliğatçısı da varisi Turan Cavid olur. Məhz onun toplayıb, tədqiq edib bir araya topladığı, üzünü köçürdüyü əlyazmaları sistemli şəkildə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində nəşr edilir. Abidələri ucaldılarkən, portretləri çəkilərkən, yubiley mərasimləri təşkil edilərkən onun tövsiyyəsi, istəyi, arzusu nəzərə alınır.

 

Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi...

Sovet sürgün düşərgəsindən bəhs edən xatirələrdə Hüseyn Cavidlə bağlı kədərli bir məqam var: “Sürgün düşərgəsində hər gün onlarla adam ölür və heç kim buna fikir vermirdi. Hər kəs öz həyatını düşünürdü. Ancaq bir gün hər kəs dayandı və heç kəs işləmədi. Bu indiyədək görülməyən bir hal idi. Hər kəs bir nəfərin ətrafına toplaşmışdı. Hər kəs kədərli idi. Ölən Cavid Əfəndi idi!”

Bu ağrılı xatirə ruhumu tarıma çəkdi. Son anda əcəl şərbəti ilə deyil, zalımların zəhər camı ilə müjdələnən, varlığı ilə dünyanın dizini titrədən, qüdrətli imperiyalar, dövlətlər quran sərkərdə-xaqanlarımızı – Atillanı, Alp Arslanı, Çingiz Xaqanı, Fateh Mehmeti, Nadir şah Əfşarı gözümün qabağına gətirdi. İçimə qəribə bir kədər, kədərqarışıq sükut doldu. Pantürkizmin, panislamizmin meydan suladığı illərdə Hüseyn Cavid “Turana qılıncdan daha kəskin ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət!” dedi. “Mənim Tanrım gözəllikdir, sevgidir” söyləməkdən çəkinmədi”. Kəssə hər kim tökülən qan izini, Qurtarın dahi odur, yer üzünü!” nidası ilə tarix yaratdı.

 

İçdikcə yandıran əcəl şərbəti

Qızıl Ordunun Qırmızı Terrorundan, 37-ci ilin dəhşətli repressiyalarından, 20 yanvar dəhşətlərindən, Xocalı soyqırımından, Qarabağın, Şərqi Zəngəzurun 30 illik işğalından, intizarından sonra Xudafərin körpüsündə, Şuşa qalasında, Murovun zirvəsində Bayrağa dönmək “Ağla gəlməyən, görülməyən hal idi”. O gün, 300 ildir Odlar Yurdu Azərbaycanın sinəsinə “Gülüstan”, “Türkmənçay” dağını çəkən, Cümhuriyyəti yarı yolda qoyan, Cavidlərə qıyan imperiyaların çökdüyü, öldüyü gün idi! O gün, həm də Hüseyn Cavidin dirildiyi, Dirilik suyunu yenidən içdiyi gün idi. Bəlkə kimsə barışmayacaq: “Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı! Nə xəlq olaydı, nə xaliq, nə əski həsrət olaydı! Nə dərd olaydı, nə dərman, nə sur olaydıq, nə matəm! Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı!” deyəcək. Amma, kimin necə düşünməsindən asılı olmayaraq “Yanlış da, bir naxışdır!”

Donunu Şura hökumətinə, Bolşevik Rusiyasına dəyişən Çar Rusiyasının yanlışların diyarı olmasına ən kəsərli dəlillərdən biri Hüseyn Cavidin içdikcə yandıran əcəl şərbəti, ailə faciəsidir. Stalinin ölümündən sonra, 1956-cı ildəki bəraəti, 1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iradəsi ilə Vətənə çiyinlərdə dönən nəşi, doğulduğu torpaqda-Naxçıvanda ucalan Cavidlər Məqbərə Kompleksi ilə O, sübut etdi ki, Odlar Yurdu Azərbaycanın Hüseyn Cavid adlı Haqqdan yanan Çırağını kimsə söndürə bilməz. “Hər kəsə xain olan insan İblis! Cümlə xəyanətlərə bais olan iblis də bir “mələk” olsa belə!

 

“Ədəbiyyat və incəsənət”

(08.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.