Ordubaddan Amerikaya. Bir ovuc torpaq Featured

Fariz Əhmədov

“Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

Naxçıvan Televiziyası efirində nümayiş olunan “Əxtər: Sidqinin arzusu” sənədli filmi sadəcə bir ekran əsəri deyildi. Bu film, Azərbaycanın maarifçilik tarixində iz qoymuş, milli təhsilin təməlini atan, öz dövrünü qabaqlayan bir ziyalının - Məhəmməd Tağı Sidqinin ruhuna ehtiram idi. Filmin nümayişinin məhz 22 marta - Sidqinin doğum gününə təsadüf etməsi isə onun ömür yoluna işıq tutan təsadüfi bir tarix yox, seçilmiş bir taleyin təcəssümü idi.

 

Xatırlatma üçün qeyd edim ki, Məhəmməd Tağı Sidqi yalnız ilk ana dilli milli məktəbin deyil, eyni zamanda ilk qız məktəbinin də yaradıcısı olub. Bu iki təməl addım onun sadəcə müəllim yox, maarif inqilabçısı olduğunu təsdiqləyir. Sidqinin yaratdığı “Əxtər” məktəbi (Əxtər ulduz deməkdir) adından da göründüyü kimi, zülmətdə işıq saçan bir mədəniyyət ocağı idi. Bu məktəbdə ilk dəfə şagirdlər parta arxasında əyləşib mütəşəkkil şəkildə təhsil almağa başladılar. İlk dəfə olaraq müəllim-şagird-valideyn üçbucağı formalaşdı. Sidqi məktəbi sadəcə elm deyil, cəmiyyət quruculuğu üçün əsas sütuna çevirdi.

Təsadüfi deyil ki, Sidqi təhsil almadan təhsil verən yeganə müəllim kimi tanınırdı. Daima cəhalətə qarşı dirayət göstərən Sidqi təqiblərə məruz qalsa da, amalından bir anda olsun dönmədi. Diplomdan yoxsul olsa da, fitri zəkası və daxili maarif ruhu ilə o, zamanının ən qabaqcıl pedaqoqlarından biri oldu.

O, sadəcə dərs deməklə kifayətlənmədi riyaziyyat, ədəbiyyat, əxlaq, qayda, coğrafiya və digər fənləri özü öyrənib, özü tədris etdi. Təhsil sistemində ilk dəfə olaraq təkcə informasiyanı ötürən yox, şəxsiyyət yetişdirən bir model qurdu. Həm də bunu çar üsul-idarəsinin, molla təfəkkürünün ən sərt dövründə, 1892-ci ildə, Ordubad kimi bir bölgədə həyata keçirdi.

Sidqinin Ordubadda işlətdiyi çayxana isə ayrı bir maarif mərkəzi idi. O illərdə elə bir adam yox idi ki, Sidqinin dediyi şeirləri, verdiyi məsləhətləri eşitməyə axın etməsin. Çayxana bir tribuna, bir səhnə, bir məktəb idi. Məhz çayxanadan sonrakı dönəmdə Ordubadda “Əxtər”in açılması formalaşan fikir mühitini yaratdı və bu işin davamı olaraq Sidqi Naxçıvana dəvət edildi və burada “Məktəbi-Tərbiyə” adlı yeni bir maarif ocağı təsis olundu.

Bu gün Sidqinin maarifçilik irsi təkcə onun əsərlərində və məktəblərdə yox, yaddaşımızın özülündə yaşayır. Filmin çəkiliş prosesi zamanı yaşananlar bu sözün canlı sübutudur. Çəkiliş zamanı və film nümayiş olunduqdan sonra Sidqinin oğlu Məmmədhəsən Səfərovun nəticəsi Nurcahan xanım mənimlə telefon əlaqəsi yaratdı və ömründə bircə dəfə də olsun Naxçıvana səfər etmədiyini  lakin qəlbinin və ruhunun bu torpaqlarla döyündüyünü dilə gətirdi. Məndə öz növbəmdə izah etdim ki, dünya balacadır və bir gün bir enerji sizi mütləq bu diyara gətirəcək. Elə də oldu. Nurcahan xanım keçən həftə mənə zəng etdi ki, biz artıq ailəmizlə Naxçıvana gəlirik!

Sevincimin həddi-hüdudu yox idi. İlk dəfə bu nəslin nümayəndəsi ilə üzbəüz görüşəcək, Sidqiyə verə bilmədiyim bütün sualları bəlkə də ona verəcəkdim. Nurcahan xanımın Amerikadan Naxçıvana səfəri bu irsin coğrafiya tanımadığını sübut etdi. Nurcahan xanımın ailəsini Naxçıvanda olduğu iki gün müddətində bu ulu diyarı qarış-qarış gəzdirdim. Ordubadın tarix qoxan dolanbac küçələrində saatlarca söhbət etdik. Sanki tarix təkrarlanırdı. O an hiss edirdim ki, Sidqi müəllimin ruhu çox şaddır.

 O, babasının məktəbindən bir ovuc torpaq götürərək, Amerikadakı evində ən dəyərli guşədə saxlayacağını söylədi. Bu həm simvolik, həm də emosional bir an idi. Torpaq sadəcə fiziki deyil, həm də ruhani bir bağın göstəricisidir.

Filmi ərsəyə gətirmək isə mənim üçün şəxsi bir borc idi. Mən bu ekran işini çəkərkən təkcə bir film yaratmadım, həm də Sidqinin arzularına bir addım daha yaxınlaşdım. Bu film yalnız mənim yox, Naxçıvan Televiziyasının qürurudur. Sidqinin nəslinin nümayəndəsi olan Nurcahan xanımla görüşmək isə mənə elə bil onun öz ruhu ilə təmasda olmaq kimi təsir etdi. Çünki inam və fitri istedad, Sidqidə olduğu kimi, genetik olaraq da yaşaya bilir.

Əslində Sidqi mollaxana təhsili almadığı üçün uğurlu oldu. O, düşünən, sorğulayan, yaradıcı bir insan idi. Onun yolu Axundov, Zərdabi, Şirvani kimi maarifçi nəhənglərin yolu ilə birləşdi. Bu yol təkcə məktəb tikmək deyil, cəmiyyət formalaşdırmaq yolu idi. Sidqi zülmətdə yanan bir çıraq, xalqın içindən çıxan bir maarif işığı oldu. Elə bir məktəb qurdu ki, onun işığı bu gün də sönməyib və sönməyəcək də.

Məhəmməd Tağı Sidqinin həyat yolu bir daha sübut edir ki, təhsilə olan sevgi, xalqına olan inam və maarifə verilən dəyər zamanın, məkanın fövqündə dayanan bir dəyərdir. Sidqi yalnız bir müəllim yox, bir epoxanın daşıyıcısı, maarifin simvolu idi. Bugünkü təhsil sistemimizin ideoloji bünövrəsində məhz Sidqi kimi şəxsiyyətlərin izi var. Onun “Əxtər”i bir məktəbdən çox, bir ümiddir, işığa doğru, elmə doğru, sabaha doğru.

Onun ruhu bu gün də yaşayır. Onun məktəbindən torpaq götürən nəticə onun ideallarını gələcək nəsillərə daşıyır. Bu, sadəcə bir ailə yaddaşı deyil, milli yaddaşdır. Sidqinin işığını yaşatmaq isə bizim hamımızın borcudur. Çünki bu işıq sönərsə, biz də zülmətə qərq olarıq.

 

“Ədəbiyyat və incəsənət”

(08.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.