Sən 69 uşaq anasından danış! Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Sovetlər dönəmində Azərbaycanın iki əlavə statusu var idi. Çoxuşaqlı analar və uzunömürlü qocalar diyarı. İndi ölkənin orta statistik yaş həddi deməyə imkan vermir ki, bura uzunömürlülər diyarıdır. Çoxuşaqlı analar da qeybə çəkiliblər. Dövrün tələbləri, yəni 3-cü minilliyin diktə etdiyi həyat tərzi ailələrdə bir, ya iki uşağın olmasını gerçəkləşdirib.

Azərbaycanda çoxuşaqlılıq səviyyəsinin keçmişdə yüksək olaraq, son illərdə əhəmiyyətli dərəcədə azalması dəyişiklikləri sosial və iqtisadi amillərlə bağlıdır.

Statistikaya baxaq.

Uzaq 1970-cı, 80-ci illəri bir kənara qoyub elə 1990-cı illərin əvvəllərinə baxaq. O dövrdə Azərbaycanda çoxuşaqlılıq səviyyəsi yüksək idi. 1995-ci ildə hər qadına düşən doğum sayı orta hesabla 2,5–2,7 arasında olub. Bu dövrdə kənd ərazilərində çoxuşaqlılıq daha geniş yayılmışdı.

Son 20 ildə isə doğum səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. 2023-cü ildə hər qadına düşən doğum sayı 2,1–2,2 arasında olub ki, bu da əhalinin təbii artımını təmin edən səviyyədir. Bu azalma əsasən urbanizasiyanın artması, qadınların təhsil səviyyəsinin yüksəlməsi və iş həyatına daha çox cəlb olunması ilə əlaqələndirilir.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) tərəfindən yayımlanan rəsmi məlumatlar təsdiqləyir ki, doğumların sayında azalma müşahidə olunub. Məsələn, 2023-cü ildə doğumların sayı əvvəlki illərlə müqayisədə azalıb. Ətraflı məlumatı DSK-nın rəsmi saytından özünüz əldə edə bilərsiniz əlbəttə.

Mənsə uşaq dünyaya gətirməyə - halbuki bu, qadınlığın müqəddəs borcudur – özünü hazır saymayan, bundan çəkinən, qorxan qadınlara “Bəxt üzüyü” filmindəki Söylünü xatırlatmaq istəyirəm. Bir ucdan uşaq istehsal edən Söylüylə Moşunu əlbəttə ki, əsər qəhrəmanı hesab edib onlardan nümunə götürməyin yersiz olduğunu deyəcəksiniz.

Onda bu yerdə çoxunuzu təəccübləndirən bir faktı açıqlayacağam sadəcə. Tarixə ən çox uşaq dünyaya gətirən qadın barədə danışacağam. Maraqlıdır ki, bu qadın çoxuşaqlı ailələrin çox olduğu xalqa deyil, əksinə, qadınlarının həddən artıq az uşaq dünyaya gətirməsilə seçilən rus xalqının nümayəndəsidir: Valentina Vasileva. O, 1707-ci ildə anadan olmuş və 1782-ci ildə vəfat etmişdir. Ginnesin Rekordlar Kitabına əsasən "tarixdə ən çox uşaq dünyaya gətirən qadın" kimi tanınır. Valentina Rusiyanın Şuya şəhərindən olan kəndli Fyodor Vasilevinin ilk həyat yoldaşı olmuşdur. Həmin dövrdə kontrasepsiya üsulları mövcud deyildi və uşaqların doğulması qadınlar üçün dini və sosial borc hesab olunurdu.

Valentina cəmi 27 dəfə doğuş etmişdir: 16 dəfə əkiz, 7 dəfə üçəm və 4 dəfə dördəm dünyaya gətirmişdir. Bununla da o, ümumilikdə inanılmaz sayda - 69 uşaq dünyaya gətirmişdir.

Bu nəticə nə qədər inanılmaz səslənsə də, Ginnesin Rekordlar Kitabı tərəfindən rəsmi şəkildə sənədləşdirilmiş və tanınmışdır.

Necədir sizin üçün, qadınlar?

Şəkildə: Həmin qadın və övladları. (Mənbə: Ginnesin Rekordlar Kitabı)

 

“Ədəbiyyat və incəsənət”

(11.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.