İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Rzayev Tofiq Qafar oğlu (Tofiq Oğuz) 19 yanvar 1945-ci ildə Oğuz (keçmiş Vartaşen) rayonunun Yaqublu kəndində anadan olmuşdur. İlk təhsilini kənddəki natamam orta məktəbdə almışdır. Orta təhsilini isə Padar kənd məktəbində başa vurmuşdur. Uşaqlıqdan idmana sonsuz sevgi bəsləyirdi...
1962-ci ildə Sumqayıt Texnologiya Texnikumuna daxil olmuş və buranı uğurla bitirmişdir. 1965 – 1968-ci illərdə Leninqradda (Sank-Peterburqda) hərbi xidmət keçmişdir.
1963-cü ildə sambo üzrə Azərbaycan, 1965-ci ildə isə SSRİ çempionu olmuşdur. Hərbi xidməti başa vurandan sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 1972-1974-cü illərdə Kuybışev şəhərində Politexnik İnstitutda idman müəllimi işləmişdir. Sambo üzrə SSRİ idman ustası olmuşdu.
1974-cü ldə Azərbaycana qayıtmış və Azərbaycan Dövlət Tibb İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Sumqayıt Texnologiya İnstitutunda baş müəllim işləmişdir. Artıq sambo üzrə Respublika və Beynəlxalq dərəcəli hakim idi.
1987-ci ildə isə doğma kəndi Yaqubluya qayıtmışdı. Bir müddət buradakı Üzümün İlkin Emalı zavodunda işləmiş, 1989-cu ildə Oğuz Rayon İdman Komitəsinə sədr təyin olunmuşdur. Oğuz rayonunda idmanın inkişafında böyük əməyi olmuşdur.
Nankor ermənilərin təcavüzkar fəaliyyətlərinə biganə qala bilməyən T.Rzayev (T.Oğuz) 1989-cu ildə Oğuzdan Qubadlı rayonunun sərhəd kəndlərinin müdafiəsinə yollanan könüllülər dəstəsinə rəhbərlik etmişdi.
20 Yanvar hadisələri zamanı əsl həqiqəti “Azadlıq” radiosu ilə bütün dünyaya çatdıranlardan biri olmuşdur. Qırğından sonra baş verənlərə etiraz edərək Oğuz Rayon İdman Komitəsinin sədri vəzifəsindən istefa etmiş və qalan həyatını torpaqlarımızın erməni işğalçılarından qorunmasına həsr etmişdir.
1991-ci ildə 60 nəfər oğuzlu gənclə birlikdə Şuşanın müdafiəsinə yollanmışdır. Orada könüllülər batalyonunun komandiri təyin olunmuşdur. 1992-ci ilin may ayının 3-də isə briqada komandiri E.Orucov tərəfindən briqadanın qərargah rəisi təyin edilmişdir.
T.Rzayev 7-8 may tarixlərində Şuşada “Zapravka”, “Kolxozstroy”, “Qaraj”, “Tar sexi” ətrafında gedən qanlı döyüşlərin iştirakçılarından olub.
Döyüşçü yoldaşlarının dediyinə görə, ağır yaralı olan Tofiq onların atəş altından
çıxmasına kömək edərkən başından da ağır yara alıbmış. Dostlarını təhlükədən xilas eləsə də, onların təklif və təkidlərinə baxmayaraq özü döyüş meydanını tərk etməmişdi. Araşdırmalar göstərir ki, o, Şuşanın son döyüşçülərindən biri olub, axır nəfəsinə kimi vuruşmuşdur.
T.Oğuzun dostu və əqidədaşı, bir müddət Oğuz Rayon İcra Hakimiyyətinin Başçısı olmuş V.Davudov sonralar öz qeydlərində yazırdı:
“Elə Şuşanın işğal olunması xəbərini alan kimi rəhmətlik İlkin və Qəriblə Yevlağa getdik. Burada olan R.Qazıyevlə görüşmək cəhdimiz baş tutmadı. Bildirdilər ki, əks-hücum əməliyyatı hazırlandığından görüşməyə vaxt yoxdu. Şuşa istiqamətində getmək qərarına gəldik.
Qubadlıdan keçərək Laçına qədər getdik.Yol boyu hərəkət etməkdə olan silahlı döyüşçülərlə dolu avtomaşınlarla qarşılaşırdıq. Laçında bir neçə oğuzlu döyüşçü ilə qarşılaşdıq. Aldığımız məlumat üzücü idi. Tofiq bəyin son döyüş yeri Şuşada “kolxozstroy” və “tar sexi” adlı yerlər olub. Yanında Qax rayonundan olan iki polos işçisi və Hindarxı kəndindən Mubariz adlı döyüşçü olub. Tofiqə buranı tərk etməyi təklif etsələr də, o qalıb döyüşərək ermənilərin qarşısını kəsəcəyini bildirib. Döyüşçü yoldaşlarının uzaqlaşmasını əmr edib və onların salamat çıxmaqlarını təmin edib. Tofiq bəyin Şuşada qaldığını dəqiqləşdirdikdən sonra geri qayıtdıq.
Elə səhəri günü Fikrət bəylə Qaxa getdik. Polisləri tapıb hadisə ilə ətraflı tanış olduq... Növbəti gün Ağcabədiyə, Hindarx kəndinə yollandıq. Mübarizlə görüşüb bir daha baş verənləri dəqiqləşdirdik... Durumla heç cür barışa, sakitləşə bilmirdim. Ən yaxın dostumun, əqidədaşımın itkisini ağlıma belə sığışdıra bilmirdim. O əsil cəngavər idi. Elə adamlar necə məhv ola bilər, deyə düşünürdüm.
Ağdama gəldik. Rəhmətlik Allahverdi Bağırovla görüşdük. Ermənilərlə əlaqə saxlayıb nəyin bahasına olursa-olsun Tofiq bəyin öldüsü-qaldısı haqqında məlumat almağını və bu iş üçün hər şeyə hazır olduğumuzu bildirdim. Təəsüf ki, bir neçə gündən sonra Allahverdi bəy bildirdi ki, bütün cəhdləri boşa çıxıb, Tofiq bəy haqqında heç bir məlumat əldə edə bilməyib...
Tofiq bəyi sonrakı dönəmdə də çox axtardım... Məlum olduğu kimi, hadisələrə qədər Oğuzda da ermənilər yaşayıb. Onlar oğuzlularla xeyir, şər qonşuları olublar.
Qəşəm kişi də onlarla qonşu olanlardan biri idi. Onunla görüşdüm. Xahiş etdim ki, Sadaxlıya (Gürcüstan) gedərək, keçmiş Oğuz ermənilərindən biri ilə görüşsün. Ona tapşırsın ki, Ermənistanı başdan-başa gəzərək əsirlərlə görüşsün,Tofiq bəyi axtarsın. Qəşəm kişi Sadaxlıya gedib-gəldikdən sonra bildirdi ki, o Sadaxlıda köhnə erməni qonşusuyla görüşə bilib. Fikrini açıqlayıb. Erməni bildirib ki, o, can-başla bu işi görə bilər. Lakin bunun üçün benzin və bir qədər pul lazımdı... Tələb olunanları təmin etdik. Bir neçə ay keçdikdən sonra Qəşəm kişi bizimlə bir daha görüşdü. Bildirdi ki, erməninin dediyinə görə, o hər şeyi etsə də, Tofiq bəy haqqında heç bir məlumat əldə edə bilməyib...
Sağdırsa, Allah yolunu, qapısını açsın; həlak olubsa, Allahdan rəhmət diləyək. O, əsil cəngavər və vətən fədaisi idi...”.
Təəssüf ki, biz hələ də Tofiq Oğuzun son taleyi haqqında heç nə bilmirik. Amma inanırıq ki, onun ruhu şaddır, çünki uğrunda şəhid olduğu Şuşa azaddır.
Həm də oğlanları Polad və Qafar 44 günlük Vətən müharibəsində igidlik göstərərək atalarının qisasını erməni işğalçılarından artıqlaması ilə alıblar. Atalarına layiq övlad olduqlarını sübut ediblər.
T.Oğuzun böyük oğlu P.Rzayev Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Cəbrayıla ilk qələbə bayrağını sançanlardan biri olmudur. “Azərbaycan bayrağı” ordenli P.Rzayev həm də “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına” görə medalları ilə təltif olunmuşdur.
Şuşanın son müdafiəçilərindən olan Tofiq Oğuzun ikinci oğlu Qafar Rzayev isə göstərdiyi qəhrəmanlıqlara görə “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Tofiq bəyin son taleyi haqqında məlumatın olmaması bu gün də onun əzizlərinin və bütün onu tanıyanların gözünü intizarda qoymaqdadı.
“Ədəbiyyat və incəsənət”
(21.05.2025)