Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Bəzən insan sevdiyini deyil, onunla yaşadığı ilk titrəyişi qoruyur. Sonra həmin titrəyişə əsir olur.
Hər siqaret kötüyünü sanki bir xatirə deyil, bir sübut kimi saxlayırdı. Bu an həqiqətən yaşandı, demək üçün. Çünki qorxurdu. Əgər sübutlar olmazsa, hiss də yox olacaqdı. O, bu hissi itirmək istəmirdi. Qadını yox… Hissi.
Sevgi iki insan arasında başlayan, zamanla bir-birinə bağlanaraq kök salan bir duyğudur. Amma bəzən insan qarşısındakı insana yox, onun özündə yaratdığı duyğuya aşiq olur. Kemalın Füsuna qarşı hiss etdiyi titrəyiş də belə başlamışdı. Hər ikisinin sevgi adlandırdığı bu duyğu zamanla başqa şeyə dönüşdü. Sevgi kimi görünən bir bağlılığa. İlk başda unudulmaz bir xoşbəxtlik kimi görünən hər şey zamanla acı gerçəkləri göstərən çıxılmaz yola dönüşdü. Artıq sevgi içində acını da bəsləyirdi. Bu sevgi gerçəklər qarşısında aciz qalmışdı. Hər ikisinin fərqli təbəqəyə mənsub olması, itirmək qorxusunun gətirdiyi yalanlar, baş qaldıran qısqanclıqlar bu sevgini parçalamış, göz yaşına, inada, hirsə çevirmişdi.
Kemalın sevgisi artıq obsesə çevrilmişdi. O, Füsunla yaşadıqlarını keçmişə həbs edərək orada qalmağı seçdi. İndini itirdi. Füsuna sahib çıxmaq əvəzinə onun toxunduğu əşyalara tutundu və bu hissin yox olmasını istəmədiyi üçün bir muzey yaratdı. Zaman keçdikcə Füsun dəyişsə də, Kemal bunu görmədi. Görmək istəmədi. Çünki o, Füsunu heç vaxt real insan kimi görməmişdi. Onun üçün önəmli olan sadəcə o xatirəni, duyğunu qoruyub saxlamaq idi. Qarşısındakının arzuları, duyğuları onun üçün heç zaman maraqlı olmadı. Füsunun arzuladığı isə sevilməklə yanaşı, azad olmaq idi. Kemal isə buna əngəl oldu. Bunu sonda başa düşən Füsun, kimsənin ona sahib çıxmayacağını bildiyi üçün ölümü seçdi.
Bu sevgi iki nəfərlik deyildi. Onun içində valideynlərin yarımçıq qalmış həyatları, arzuları da vardı.
Filmin sonunda səslənən bu cümlə isə hər şeyi alt-üst edir: “Hər kəs bilsin, çox xoşbəxt bir həyat yaşadım.”
Onun xoşbəxtlik adlandırdığı nə idi?
Bu cümlə həqiqətən xoşbəxtliyin etirafıdırmı? Yoxsa bir insanın öz ağrısını mənalandırmaq cəhdidir?
Kemal üçün xoşbəxtlik birlikdə qurulan həyat deyildi. Xoşbəxtlik — bir anı sonsuza qədər yaşada bilmək idi. O, gələcəyi yox, keçmişi seçdi.
Və burada sual yaranır: Sevgi həqiqətən məsum idimi?
Məncə, “Sevgi ən xoşbəxt olduğun an deyil; onu qoruyub saxladığın, arxasında dura bildiyin bir savaşdır.”
“Ədəbiyyat və incəsənət”
(05.03.2026)


