Fədai obraz - ELEGİYA Featured

 

Hafiz Ataxanlı, “Ədəbiyyat və incəsənət” üçün

           

Fədaini uşaqlıqdan tanıyırdım. Eyni küçədə olurduq, qardaşı Çingizlə bir sinifdə oxuyurduq. Rəhmətlik anası Cəvahir bibi bizim nəsildəndi.

Onun yerişi, duruşu, romantik tövrü, danışıq üslubu,  intonasiyası hər şeyə "mız" qoymağı bacaran biz uşaqlara qəribə gəlirdi o vaxt.

 

Aktyorluq sənəti haqqında təsəvvürümüzün olmadığı o illərdə, hər gün nimdaş ekranından hind  kinosu göstərən köhnə kənd klubunun oturacaqlarının mismarı çıxıb paltarlarımızı xarab etdiyi günlərdə Fədaini həmin kinolardakı obrazlara bənzədirdik.

Sonralar sənət eşqinin iç dünyamı burulğana saldığını duyanda Fədaiyə təkcə qohum kimi yox, həm də mənəvi-ruhi, ədəbiyyat, incəsənət sarıdan qan çəkdi. Məndən 8 yaş böyük idi. Orta  məktəbdə oxuyanda qonşu qadınların mütəmadi təəssüf nidalarını eşitdim.

   -- Fədai yenə artistlikdən kəsilib.

Əslində ixtisasdan qiymət  alırdı, xətti çox pis olduğu üçün yazıdan keçə bilmirdi.

Sonralar Yardımlı rayon Mədəniyyət şöbəsində işləyə-işləyə İncəsənət İnstitutunda qiyabi təhsil aldı. O vaxtlar rayonda bir incəsənət bumu vardı.

Ansambllar fəaliyyət göstərirdi. Təqvim günlərində konsert verilirdi. Fədai ssenari yazırdı, quruluş verirdi, aparıcılıq edirdi, baş rolda oynayırdı. Arada bədii qiraəti də vardı. Xarakterik aktyor idi. Yumoristik səhnəciklərdə də məharətlə oynayırdı. Bir ara əmioğlu Fikrət Hacəliyevlə, həmkəndlimiz Alyar Məstiyevlə çıxış etdiyi intermedialar populyarlıq qazanmışdı. Səhnəciklərdən ifadələr yardımlıların dilinin əzbəri idi.

   Bir müddət sonra onu kəndimizə klub müdiri göndərdilər.

   Fədai sənət eşqi ilə alışıb yanırdı. Aktyorluq imkanları geniş idi, meydan darısqal.

Səhnə plastikası, daxili coşqu, gərəkli improvizə, tərəf müqabillə düzgün ünsiyyət, obrazı duyaraq, onun mənəvi psixoloji halı ilə fizioloji davranış tərzini vəhdətdə təqdimat Fədaiyə böyük səhnələrdə oynamaq imkanı verirdi. Fəqət bir gün Fədai ilə adını çəkmək istəmədiyim məmur -rejissorun yanına getdik. Ən ağır, psixoloji rolların da öhdəsindən gələrəm, - dedi Fədai.

   Məmur rejissor birdən qayıdasan ki, a qardaş, nə var e, şəhərdə?  Get kəndinə, yer şumla, soğan ək, sarımsaq ək.

   Hər ikimiz tutulduq. Açığı, mən belə qarşılanma gözləmirdim.

   Fədai ayağa durdu, rejissorun gözlərinin içinə baxdı:

 - Müəllim, çox sağ olun. Dəyərli məsləhət verdiniz.

   Sonra üzünü mənə tutdu:

 -Hafiz, dur, gedək. Bazardan bir az sarımsaq toxumu alım, aparıb əkim.

   2003-cü ildə Fədainin arzusu qismən reallaşdı.

Lider televiziyasında Dövlət Sərhəd Xidmətinin sifarişi ilə "Dumanlı keçid" sənədli filmini çəkirdik. Ssenari müəllifi Seymur Şahbazov, quruluşçu rejissor Akif Arif oğlu, quruluşu operator Sərvər Rəşid oğlu idi. Hadisələr cənub sərhəd dəstəsində cərəyan etdiyindən layihə rəhbəri kimi bədii epizodların çəkilişini öz kəndimizə saldım.

Fədai narkobaron Qara Hüccəti canlandırırdı. Rejissor onun oyun tərzinə, tapşırıqları dürüst yerinə yetirdiyinə heyran qalmışdı. Film çox populyarlıq qazandı. Hər il sərhədçilərə aid bayramlarda bütün televiziya kanalları  "Dumanlı keçid"i göstərirdi.

Son illər Pirşağıya - oğlanlarının yanına köçmüşdü. Rəhmətlik zəng vururdu ki, Hafiz, məni işə salmısan. Film o qədər populyardır ki, küçədə məni görəndə nifrətlə baxırlar. İllah da yaşlılar  obrazla  gerçəkliyin  fərqinə varmırlar. Dalımca "utanmır, xalqın balasını zəhərləyir, hələ bir şəstlə gəzir də" deyə söylənirlər.

  Fədainin təbi də vardı. Şeirlər yazırdı. Yardımlının dağı-daşı, sərt qayaları, buz kimi bulaqları, kəndimizin kosmoqonik görünüşü, qayım-qədim kişilərin, ağbirçək nənələrin obrazları onun poeziyasında ahənrübasına çəkən çalarlı tabloydu. Arada bibisi oğlu, şair Kəramət Əmirli ilə deyişirdi də. Vur-tut bir kitabını çap etdirə bildi.

Ötən il, dekabrın 3-də ad günü ilə bağlı təbrik mesajı yazmışdım.

Zəng vurdu ki, təbrikə baxıram, fikirləşirəm, görəsən, Hafiz nəyə görə məni təbrik edir? Birdən xatırladım ki, ad günümdür axı.

Sən demə, canı ağrıyırmış rəhmətliyin.

Atamın dayısı arvadı, sinif yoldşım, dostum Telman Nağıyevin bibisi Anabəyim xalanın dəfnində olsam da, üç mərasiminə qala bilmədim. Üç mərasiminin səhərisi Telmanla zəngləşdik, dedi, yola çıxırdım, Fədainin ölüm xəbərini eşitdim, dəfndə iştirak üçün qalası oldum.

... Demək, son ad günüymüş.

... Son şeirini yazıb, ruhunu götürüb, gedib bu fani dünyadan.

   Bəzən adlar da mistik bir güclə insan taleyini bəlli edir. Fədainin arzusunda olduğu obrazlar çox idi. Fəqət, ən böyük rolu fədai oldu. İnsanlığın, dostluğun, atalığın, xeyirxahlığın, sənətin fədaisi.

  Ruhun şad olsun, Fədai.

40 gündür oğlanların acı həsrətlərini statusa qoyduqları şeirlərdə, sənin foto-video arxivlərində ovudurlar.

... Qardaş, oğlanlarının yuxusuna gəl, onlara toxtaqlıq ver, sənsizliyi çox ağır keçirirlər.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.